Etiket arxivi: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızı – KEÇMİŞDƏ QALAN EV


KEÇMİŞDƏ QALAN EV

Gecə şəhərin üstünə elə çökmüşdü ki, küçə lampaları belə yorğun görünürdü. Balkonda oturub boşluğa baxan qadın saatın neçə olduğunu bilmirdi. Vaxtın onun üçün mənası yox idi. Çünkü bəzi günlər saatın əqrəbinə ilişib qalır. Bəzi saatlar isə sadəcə insanın içində dövrə vurur. Qadının saatı da sadəcə içində dövrə vururdu. O, çayını soyumağa qoymuşdu. İsti içkiləri sevmirdi. Yeməyi də, çayı da ilıq xoşlayırdı. Divardakı saat tıqqıltı ilə işləyirdi — sanki evin içində qalan tək canlı o idi. Onun da səsi qadının başını, qulağını yormaqdan başqa bir işə yaramırdı. Saat yaşayırdı, Çiçək isə yox…
Bu qadının adı vaxtilə çox çəkilirdi. Çox hörmət olunurdu, çox tanınırdı. İndi isə daha çox özü çəkirdi öz adını. O da kim olduğunu unutmamaq xatirinəydi sanki. Çiçək masaya yaxınlaşdı, əlini stəkanın kənarına toxundurdu. Çayı həmişəki kimi soyumuşdu. O da bu çay kimi unudulduqca soyuyurdu ətrafından, tanışlardan, qohumlardan. Masada köhnə bir dəftər vardı. Açıq idi, amma boş. Çünki yazmaq üçün söz tapılmırdı. Əslində söz çox idi, amma hamısı eyni yerdə ilişib qalmışdı. — Boğazında. Bəzən insan ağlamaqdan da, danışmaqdan da yorulur. Bəzən də danışmağa söz çox olur ancaq danışılacaq, səni dinləyəcək insan olmur. Çiçəyin də onu dinləyəcək kimsəsi yox idi. Çiçək əlini dəftərin yazılmamış vərəqinə qoyub fikirə getmişdi. Küçədən keçən bir maşının siqnal səsi onu diksindirdi. “Həyat əlamətim var – deyə dülümsədi öz-özünə.- Deməli tam daşlaşmamışam”. Həyat onu qırmışdı, amma hələlik dağıtmamışdı. O, qalxıb pəncərəni azca araladı. Soyuq hava içəri doldu. Nəfəsi ağırlaşdı, amma ürəyi yüngülləşdi. Elə o anda, heç gözləmədiyi bir fikir gəldi ağlına:
“Bəlkə də itirmək həyatın qanunu olduğu üçün, bu yolu keçməyən qalmadı”.
Bu fikir onu qorxutmadı əksinə, sakitləşdirdi. Tək deyildi, onun kimi neçə-neçə yarımçıq taleli insan vardı bu dünyada. Tək qalmaq — hər şeyin bitdiyi yer deyildi, bəzən bir şeyin başladığı yerdir.

    Çiçək əvvəllər güclü görünürdü. Hətta güclü olduğuna özü də inanmışdı. İnsan bəzən güclü olmağı seçmir, sadəcə başqa yolu qalmır. Güclü olmağa məcbur olur. Çiçək də məcburdu. Dostuna, düşməninə güclü görünmək şərtdi. Keçmişində hər şeyi vardı. Və o hər şey sadəcə ona tabe idi. İndi isə nə ona tabe olan vardı, nə də o tabe idi...

Keçmişində gözəl bir ev vardı bir də. Həmişə işıqlı. Pəncərələri səhərlər tez açılan, axşamlar gec bağlanan bir ev. O evdə səs vardı: danışıq, gülüş, bəzən də mehribancasına edilən uzun söhbətlər. Və bir kişi vardı — adını xatırlamaq istəmədiyi. Çünki bəzi adlar xatırlananda insanın içi titrəyir. O kişi onun həyatına qəfil girməmişdi. Yavaş-yavaş olmuşdu hər şey. Əvvəl söhbət, sonra öyrəşmək, sonra “olmazsa olmaz” dediyin hiss. Ən təhlükəli hiss də elə budur. Çünki insan birini həyatının mərkəzinə qoyanda, əslində özünü kənara çəkir.
Onlar böyük xəyallar qurmamışdılar. Sadə şeylər istəmişdilər: eyni süfrə, eyni yorğunluq, eyni sakitlik. Amma həyat sadə arzuları daha amansız sınağa çəkir.
Bir gün o evdə sükut başladı. Əvvəl hiss olunmurdu. Sadəcə suallar cavabsız qalırdı, baxışlar yarımçıq. Qadın əvvəlcə özünü günahlandırdı. Çünki qadınlar adətən belə olur: “Bəlkə bezdirirəm, bəlkə diqqət, qayğını az göstərirəm, bəlkə onu başa düşmürəm…?” Sualları cavabsızdı. O kişi isə sanki qapının astanasında dayanıb hər dəqiqə getməyə hazır idi. Ya da Çiçəyə elə gəlirdi. Hər gün aralarında bir tel qırılırdı. O kişi getməyi planlaşdırmırdı əslində. Bir müddət idi ki, içində qəribə bir yorğunluq vardı. Adını qoya bilmirdi. Qadın ona nə pis davranmışdı, nə də ondan nəsə istəmişdi. Bəzən məhz bu insanı daha çox qorxudur.
Çünki qadın onu olduğu kimi qəbul edirdi. Təssüf ki, hər insan buna hazır olmur. Səhvləri deyilməyən, günahları bağışlanan, “qüsursuz” kimi görünən insanlar özlərini “yamaq” hiss edirlər bəzən. O kişi güclü görünmək istəyirdi. Həyatında nəyəsə nail olmaq, kiməsə varlığını sübut etmək ehtiyacı vardı. Amma evə qayıdanda (o işıqlı evə) artıq sübut etməyə ehtiyac qalmırdı. Orada o, sadəcə özü idi. Bu rahatlıq zamanla ona yük kimi gəlməyə başladı. O, qadının gözlərində bir şey görürdü:
“Qal.”
Bu söz deyilmirdi, amma hər baxışda vardı. Və kişi başa düşürdü ki, qalsa, dəyişməli olacaq. İnsan bəzən sevgidən qaçır, çünki sevgi onu böyüməyə məcbur edir.
Bir axşam qadın ona adi bir sual verdi:
_ “Yorğunsan?”
Bu sual onun içində nəyisə qırdı. Sanki yoruldu. Canındakı qəribə süstlüyü hiss etdi. Çünki o, yorğun olduğunu bilmirdi. Amma o sualla birdən-birə hiss etdi yorulduğunu. Və başa düşdü ki, bu yorğunluq keçici deyil. Bu, onun özündən yorulması idi.
_Yox deyiləm- dedi. Ancaq səsində də bir yorğunluq hiss olunurdu. Onlar yenə susdular. Son zamanlarda danışmağa söz tapmırdılar sanki. Bir-birləri üçün adiləşmişdilər. Əvvəlki həyəcan, əvvəlki təlaş qalmamışdı.

               ***
  Çiçəyin heç yadından çıxmırdı ilk tanış olduqları gün. "Sevgililər günü" deyilən 14 fevral günü idi. Çiçək hər günkü kimi səhər hazırlaşdı işə getdi. İşdən qayıdanda ətrafında sanki bir canlanma vardı. Sevgilisiylə qol-qola gedənlər. Əlində gül dəstəsi, hədiyyələrlə görüşdən gələnlər... Hamı harasa tələsirdi elə bil. Çiçək isə yorğun evə dönürdü. Qapını açdı, içəri girdi. Üstünü dəyişib çay isitmədən divana uzandı. Bu günkü ağır iş, ətrafdakı canlanma gözünün önündən keçdi. Qeyri- ixtiyari əlini telefonuna uzatdı. Telefon susurdu... Susacaqdı zatən. Zözlədiyi heç nə, heç kim yox idi. "Allahdan bir sevgilim də olmadı. Bu gün məni təbrik etsin"- ağlından keçirtdiyi bu fikrə özü də gülümsədi. Ayağa qalxıb mətbəxə keçdi. Çayını, çörəyini yeyəndən sonra qonaq otağına qayıtdı. Telefonun ekranında bir mesaj işarəsi vardı. Telefonu açdı. Tanımadığı bir nömrədən mesaj gəlmişdi: 

” Salam gözəlim necəsən? Mən gəlmişəm Azərbaycandayam”. Mesajı oxudu xeyli fikrə getdi. Nə nömrə tanış deyildi, nə də onun Azərbaycandan kənarda tanıdığı bir kimsəsi yox idi. Bəs bu kim idi? Maraq Çiçəyi mesaja cavab yazmağa məcbur etdi. ” Kimsiz? Mən sizi tanımadım?”
” Moskıvadakı sevgilin”. Çiçək mesaja baxa-baxa qaldı. Əvvəl dondu, sonra güldü. Bu qədər təsadüf ancaq filimlərdə ola bilərdi. Yarım saat bundan öncə bir sevgili istəmişdi. İndi tanımadığı biri “sevgilinəm” deyib ona mesaj yazmışdı. Ancaq Çiçəyin bu günə qədər sevgilisi olmamışdı. Bu nömrə səhv düşmüşdü, Çiçək buna əmin idi. Bir mesaj da gəldi: “Niyə cavab vermədin? Bu gün gəlişimi sənə sürpriz elədim. Bəyənmədinmi yoxsa? .”
“Səhv düşmüsünüz- Çiçək yenə də cavab yazmağa məcbur oldu- mənim Moskıvada tanıdığım biri yoxdu”- dedi. ” Necə yoxdu? Sən Ulduz deyilsən? Məhz bu gün səninlə görüşək deyə mən dünən o qədər yolu gəlmişəm.”
Çiçək hər zəngə, hər mesaja cavab vermirdi. Bu mesajlara da cavab verməyəcəkdi. Ancaq yaranan şərait sanki onu məcbur edirdi cavab verməyə.
“Xeyir mən Ulduz deyiləm. Məni narahat etməyin”- deyə yazdı. Cavab: ” İndi dostlarımla bir yerdəyəm. Bir saata kimi zəng vuracam danışarıq. Zəngimi gözlə”.
Telefon susdu. Ətrafda hər şey susdu. Çiçək hələ də sevgililər günündə sevgilinəm sözünün təsirində qalmışdı…
Çiçək saata baxdı. Oğlanın dediyi vaxtdan on dəqiqə keçirdi. Çiçək sanki özünü tanımadı. Bu nədir yoxsa o bir saatdır oğlanın zənginimi gözləyir? İçində qəribə bir “danışmaq” marağı yaranmışdı. Telefon isə hələ susurdu…
Nəhayət gözlədiyi zəng gəldi. Çiçəyin içində bənövşələr açdı sanki. Çünkü illərdi içində bir qış soyuğu vardı. Bu naməlum zəngə qarşı özündə bir doğmalıq hiss edirdi. “Moskvalı sevgilidə” Çiçəyin diqqətini çəkəcək nəsə vardı. Bayaqdan səbirsizliklə gözlədiyi zəngi indi bilərəkdən açmırdı:
_ Qoy bir az çox çalsın. Deyəcək elə zəngimi gözləyirmiş- deyə düşündü Çiçək. Beşinci zəngdə nəhayət açdı telefonu:
-Alo
-Alo, niyə açmırsan? Axşamın xeyir. Hazırsanmı? Hara gəlim?- telefondakı səs sualları yağış kimi yağdırdı. Səsində bir cəsarət, bir özgüvən vardı. İllərin tanışı ilə danışırdı sanki.
-Siz nə danışırsız? Nə görüşməsi? Mən sizi tanımıram. Siz də məni tanımırsız. Mən siz axtardığınız deyiləm- dedi Çiçək. Daha sonra: Məni narahat eləməyin- deyə əlavə etdi. Ancaq onu çox yavaş və qorxaq səslə əlavə etdi. Dili dedi, ürəyi demədi. Səbəbini özüdə bilmədən zəng marağını çəkmişdi.
_ Doğurdan sən Ulduz deyilsən?
_ Deyiləm
_ Bəs bu nömrə məndə hardandı?
Səndən soruçmaq lazımdı _Bu nömrəni mənə “email poçtamda” yazışdığım qadın vermişdi.- oğlan ciddiləşdi.- Demişdi ki, nə vaxt ölkəyə gəlsən mənimlə əlaqə saxla görüşək. Oğlan adına Ulduz dediyi qadınla uzun müddət kompyuterde yazışırmış. Nömrəni də qadın veribmiş ona. Niyə məhž Çiçəyin nömrəsini? Niyə məhz bu günlərdə? Onlar uzun uzadı danışdılar. Kontur qurtardı kontur aldılar yenə danışdılar. Sevgililər günündə görüşə getməsə də gecə yarısına qədər Allahın göndərdiyi ” Sevgilisi” ilə danışdı Çiçək. Bir-birinin üzünü görmədən sözləri tutmuşdu. Təsadüflərə inanmayan, qismətdən qaçan Çiçək yaxalanmışdı. İllərlə axdardığı, gözlədiyi bu imiş sanki. Artıq hər gün danışmağa davam edirdilər. Çiçək adını da demisdi oğlana, ev ünvanını da. Oğlan hər gecə gəlib onun pəncərəsinin önündə maşında yatırdı səhərə qədər. Çiçək də oğrun- oğrun pərdənin arasından izləyirdi bu mənzərəni. Çiçək artıq könlünü oğurlatmışdı oğlana. Etməyəcəm dediyi çox şeyi bir-bir quzu kimi edirdi. Oğlan artıq yaralamışdı bu dəli ceyranı. Nəhayət saqqızıni da oğurladı bir aydan sonra ilk görüşə çıxdılar və Çiçəyin çiçək kimi üzünü görmək məsib oldu oğlana… Bir gün görüşlərinin birində: _Mən bilet almışam iki gün sonra Moskvaya qayıdıram- dedi oğlan Çiçəyin daxilində tufan qopdu sanki. Gözləri tərəddüddən böyüdü, ürəyi tez-tez döyündü, bədəninə isti tər gəldi. Bu nə həyacan idi bilmədi. Hətta gözləri də doldu. Gözünü gizlətmək üçün özünü məşğul göstərdi. Oğlan yenidən: Çiçək duydunmu məni? – deyə təkrar soruşdu.
Çiçək duyduğunu duymuşdu. Nə deyə bilərdi, getmə qal demək istəsə də deməzdi. Qüruru qoymazdı.
_ Yaxşı yol- dedi. Boğazdan yuxarı, dil ucu. Çiçəyin ağ-qara həyatına rəng qatmışdı “Moskvalı sevgili”.
Yoldaşı onunla evli olduğu halda başqa bir qadını alıb evə gətirib:
” Onu da saxlayacam, səni də” dediyi gündən bu yana kişilərə qarşı içində cücərən qorxunu, nifrəti silib süpürmüşdü Moskvalı oğlan. İndi isə gedirdi… Susdu Çiçək. Göydən nə gəldi ki, yer onu qəbul etmədi? Çiçək də qəbul edəcəkdi. _Gəl bərabər gedək. Sənə də bilet alım – deyə ağır, dərin bir az da bulannıq sükutu pozdu oğlan. _Yox sən get. Mən uşaqları qoyub gedə bilmərəm. _Onlar da bizimlə getsinlər. Orda oxuyar _Sən get Mənimlə mütləq danış. Sənsiz qala bilməyəcəm. Səni sevirəm Çiçəyim, göyçəyim.- Adəti üzrə əzizləməyə başladı Çiçəyi. Bu görüş son görüş idi. Bir daha görüşəcəklərinə əmin deyildi Çiçək. Bəzən insan kükrəyib axan çaya düşər, ancaq çıxmaq üçün çabalamaz. Sakitcə axar çayla bərabər. Sular öz qoynunda hara apararsa ora da gedər. Çiçək də o selin qabağına qatıb apardığı bir cismə çevrildi… Heç nə düşünə bilmədi. Sözlər yadından çıxdı, heç nə danışa bilmədi. O anı yaşadı sadəcə. Evə gəldi başının bir tərəfində səs- küy, həyəcan, o biri tərəfində boşluq, səssizlik vardı. Nə yata bilmirdi, nə də oyaq olduğunu demək olmazdı. Beləcə varla yox arasında gecəni keçirtdi səhər oldu. Adəti üzrə hazırlaşıb işə getdi. Telefonu çantasından çıxartmadı. O oğlandan başqa heç kim iş saatında ona zəng vurmurdu (Qohumlar, tanışlar). Oğlan da getdiyinə görə telefonu artıq susacaqdı demək ki. Gününü yarı peşmançılıq, yarı təssüflə keçirtdi. Keşkə “qal” desəydim… Keşkə “əvvəldən tanış olmasaydım”…keşkə…keşkə… Keşkələr yıxdı sürüdü Çiçəyi. O gün telefonu susdu. Oğlan heç işdən sonra da zəng vurmadı. Sabah səhər tezdən təyyarəsi uçacaqdı. Səhər açıldı. Çiçək telefonun saatına baxdı. Artıq “göydədir” dedi öz-özünə. İki gün idi çox yuxusuzdu. Gözləri şişmişdi, üzü solmuşdu. Güzgüyə baxdı, ancaq hara baxdı, kimə baxdı özü də bilmədi. Bəzənmədi, sadəcə saçlarını daradı çıxdı evdən. İşdə hər kəs: “Çiçək xəsdəsən?”, “Çiçək nəsə olub?” kimi müxtəlif suallar verdilər. Cavabı qısa idi:- Yox.
İşdən çıxıb avtobus dayanacağına tərəf getdi Çiçək. Dayanacağa çatmağa bir az qalmış yerində dayandı. Yuxusuzluqdanmıydı, yorğunluqdanmıydı bilmədi. Gözlərini ovxaladı:
“hər yerdə gözümə görünəcək”-deyə pıçıldadı öz-özünə. Qarşısında oğlanın maşını dayanmışdı. Oğlan maşından düşüb maşının qabağına söykənmişdi. Qollarını da ayaqlarını da bir birinə çarpazlamışdı. Çiçək xəyal görmürdü, oğlan tam qarşısında durmuşdu. Sanki hava işıqlandı, günəş daha çox parıldadı, ağacların yarpaqları daha da yaşıl oldu. Əslində bunların heç biri olmadı. Olan bir tək şey vardı o da Çiçəyin baxışları idi. Bu yaşına qədər belə sevindiyi olmamışdı. Bir insanın varlığı ilə yoxluğu bu qədərmi dəyişərdi insanı. Suyu belə üfürüb içən Çiçək harda olduğunu unutdu. Oğlana tərəf qaçıb boynuna sarıldı: _Nə yaxşı getmədin? _Gedə bilmədim. Aeroportdan geri döndüm. _Yaxşı eləmisən Səni sevirəm- oğlan hələ də boynuna sarılı olan Çiçəyin qulağına pıçıldadı.
Mən də səni…-adəti üzrə yarımçıq bitirdi Çiçək cümləsini. Niyəsə bir şeyi etiraf eləmək çox çətin idi Çiçək üçün. Onlar maşına əyləşdilər. Yolun apardığı yerə getdilər… *** Oğlan bir ay idi ki, Moskva səfərini dayandırmışdı. Onlar bir yerdə yaşamağa qərar verdilər… Bu minvalla düz on beş il yaşadılar. Əvvəl qısqanclıqları olurdu, mübahisələri olurdu. Amma kişi heç vaxt küsmürdü. Aralarında qəribə bir anlaşma vardı. Baxışlarından anlayırdılar bir-birini. Bir gün kişi gecəni evə gəlmədi. Səhəri Çiçək soruşdu: Harda idin gecə?
_ Dost uşaqlarla rayona getmişdik.
Söhbət uzanmadı. Çiçək qəbullandı, kişi isə daha emosiyalı, daha mübahisəli bir dialoq gözləyirdi. “Daha məni əvvəlki kimi sevib, qısqanmır” deyə düşündü. Zaman -zaman gecə gəlməməzliklərin sayı çoxalmağa başladı. “Yoxsa bezdirirəm? Yoxsa məndən qaçır?” Çiçək belə düşündüyü üçün bəzən niyə evə gəlmədiyinin səbəbini də soruşmurdu.
Bir səhər kişi bir neçə paltar götürdü. Özünə kiçik bir çanta hazırladı. Harasa getməyə hazırlaşdı. Otaqdan otağa keçdi, nə isə fikirləşdi. Sanki, bir sual gözləyirdi, bir açıqlama üçün özünü hazırlayırdı. Çiçək isə susaraq kənardan izləyirdi. Çöl qapısının ağzında dayandı:
_ Çiçək əzizim mən bir həfdəlik başqa şəhərə gedirəm. Bir az işlərim var.- dedi nəhayət.
_ Gedir­sən?- Çiçək bildiyi sualı yenidən verdi.
_ Hə
_ Nə vaxt qayıdacaqsan?
_ Bir həftə falan çəkər.
_ Get.
_ Bu qədər?
_ Bu qədər.
_ Heç nə deməyəcəksən?- Kişi özüylə bir xatirə, bir “son söz” aparmaq isdəyirdi sanki.
_ Səni unutmayacam. Həyatımı dəyişən, mənə sevməyi öyrədən yeganə insan sənsən- dedi Çiçək. Sanki vidalaşırmıs kimi. Ürəyinə bir şeylər dammışdı Çiçəyin. İnsan bəzən fəlakəti öncədən hiss edərmiş.
_ Sağ ol.
_ Sağ ol. Getdiyin üçün yox. Uzun illəri mənimlə qaldığın üçün- dedi Çiçək.
Kişi vidalaşmadı. Könlündən keçənləri də demədi. Əlində kiçik bir çamadan, ürəyində isə ağir bir yük aparırdı. İllərlə susduğu, özünü ifadə edə bilmədiyi, vaxtiylə sevinib, güldüyü evdən.
— …
Son dəfə qucaqlaşdılar. Qapı yavaşca örtüldü. Aralarında sədd yarandı sanki. Bir vaxt səadətə açılan qapı indi ayrılığa açıldı. On bes ildən sonra ilk dəfə oğlanı basqa ölkəyə yola saldı. Kişi pilləkənləri ağır-ağır düşdü. Həyətdən başını qaldırıb pəncərəyə baxdı. Bəlkə Çiçək arxasınca baxar deyə. Ancaq nə pəncərənin, nə də pərdənin bu ayrılıqdan xəbəri yox idi. Çünkü Çiçək hələ də qapının ağzında donub qalmışdı…
* * *
Kişi gedəndən sonra Çiçək əvvəlcə hər şeyi olduğu kimi saxladı. Evin yerini, əşyaların düzülüşünü, hətta axşamlar içdiyi çayın saatını belə. Sanki nəyisə dəyişsə, onu tam itirəcəkdi. İnsan bəzən ağrı ilə yaşamağı öyrənməyə çalışır. Bir həftə bir ay cəkmisdi. Ayrılığın müddəti uzanırdı. Telefon susurdu… Qapının zəngi esidilmirdi…
Sonra günlər uzandı. Çiçək başa düşdü ki, ayrılığa təslim olmağın vaxtı çatıb. Əgər bir hadisə yasanacaqsa o mübahisə, dava-dalas olmadan, qapı çırpilmadan da yaşanırmış demək ki.
Artıq Çiçək səhərlər pəncərəni açmaq üçün tələsmirdi. Axşamlar işıqları gec yandırırdı. Evin içində addımlarının səsi yad gəlirdi ona. Elə bil bir başqasınin evində qonaq qalırdı. Bir müddət insanlardan qaçdı. Zənglərə cavab vermədi, dəvətlərdən imtina elədi. Çünki kimsə “necəsən?” deyəndə, hansı halını deyəcəyini bilmirdi. “Yaxşıyam” yalan idi. “Pisəm” isə izah tələb edirdi. Çiçək yavaş-yavaş daşqalaşdı sanki. Bir gün fərqinə vardı ki, artıq ağlamır. Bu onu qorxutdu. Çünki ağlamaq hələ də hiss etmək demək idi. Ağlamamaq isə… boşluq. Həmin gün Çiçək uzun müddətdən sonra güzgüyə baxdı:
_ Hanı əvvəlki dözümün, gücün?- deyə sual verdi öz-özunə. Bu cümlə onun dönüş nöqtəsi oldu.
O, yavaş- yavaş yaşamağa başladı. Səhərlər pəncərəni öz istədiyi qədər açdı. Evdə əşyaların yerini dəyişdi. Köhnə dəftəri açdı, yazdı…yazdı…! Yazmağa alışdı. Çünki yazmadığı hər şey artıq içində onu daha çox sıxırdı. Çiçək əvvəlki qədər güclənmədi. Nəyə dözə bilməyəcəyini, nədən vaz keçəcəyini, hansı sükutun ona aid olmadığını anladı.
O tək qaldı. Artıq kimsənin gəlişi ilə tamamlanmaq istəmirdi. Xatirələrlə dostluq edirdi. Hər gün gəlirdi onlar da. Bəzən gecələr pəncərənin qabağında dayanır, amma artıq kimisə gözləmirdi. Sadəcə baxırdı. Şəhərə yox — özünə baxırdı, keçmisinə baxırdı, keçmisdə qalan o işıqlı evin işıqlarına baxırdı. Yaşadıqlarına peşman deyildi. Adını çəkmək isdəmədiyi o kişi nə yaxşı ki, onun qismətinə yazılmışdı. Yoxsa Çiçəyin xatırlanacaq başqa maraqlı xatirəsi belə olmayacaqdı.
* * *
O kişi isə gedəndən sonra düşündüyü kimi azad olmadı. Əvvəl elə bildi ki, yüngülləşib. Daha hesabat vermir, daha izah etmir, daha məsuliyyəti yoxdu. Bu hiss bir müddət xoşuna gəldi. İnsan məsuliyyətdən qaçanda bunu azadlıqla səhv salır. Sonra günlər keçdi. Bir axşam təsadüfən Çiçəyin sevdiyi çayı gördü marketdə. Dayandı. Almadı. Amma uzun müddət baxdı. Və xatırladı. İşıqlı evi, evdəki qayğını, diqqəti xatırladı.
Zaman keçdikcə hər şey dəyişdi. Kişi daha da çox yoruldu. Artıq onu sevən bir qadın yox idi. Və ən ağırı da buydu: onu itirdiyini gec başa düşdü. Bəzən gecələr özü-özünə dedi:
_ Kaş ki, qalsaydım.
Amma bu cümlə artıq heç nəyi dəyişmirdi. Çünki Çiçək onu gözləmirdi. Və insanı ən çox məhv edən şey də budur — geri dönəcək yerinin qalmaması.
* * *
Kişinin əlində bir təyyarə bileti vardı. On beş il bundan əvvəlki kimi səhər tezdən Moskvaya uçacaqdı. Yol onu çəkə- çəkə Çiçəyin evinin yanına gətirmişdi. Bir kənarda dayanıb yola baxdığı neçə saat idi unutmuşdu. Çiçəyi gözləyirdi, son dəfə uzaqdan görsün deyə. Bəlkə bir də heç vaxt görməyəcəkdi. Yaxınlıqdakı mağazaya girdi. Susuzlamışdı. Çiçək kassada pul ödəyirdi. Kisinin ürəyi titrədi. Həyəcanlandı. Hələ də içində o böyük sevgi yaşayırdı. Əlindəki biletə baxdı, sonra Çiçəyə baxdı…baxdı. Öz-özündən utandı. Böyük səhv eləmişdi o evdən çıxanda. Geri dönsə bağışlanarmıydı bilmirdi. Ancaq üzü yox idi dönməyə. Çiçəyin əlində bir çörək, bir də yağ vardı. Kassir başını qaldırmadan:
_Kartla?- dedi
_Xeyir, nəğd
Çiçək mağazadan çıxdı. Kişi bir xeyli onun arxasınca baxdı. Çiçək bunu bilmədi. Çünkü Çiçək kişini görmürdü. Hava qaralırdı. Çiçək evə çatanda işığı yandırmadı. Pəncərənin qabağında dayandı. Şəhər yenə də öz bildiyini edirdi- tələsirdi, səs salırdı, yaşayırdı. O isə bu səs-küyün içində özünü itmiş hiss edirdi. Telefonuna baxdı. Ekran boş idi. Nə mesaj vardı, nə də gözlənilən zəng. Pəncərədən əksinə baxdı. Orada yorğun və sakit bir qadın vardı:
_Getdin – dedi asta səslə- məni yalqız qoydun.
Qapıya tərəf getdi. Bir anlıq dayandı, sanki kiminsə gələcəyini yoxladı. Sonra açarı fırlatdı. Qapını yox, keçmişini bağladı. İşığı yandırdı. Masaya yaxınlaşdı. Sabah üçün plan qurmadı. Sadəcə stula oturdu və dərin bir nəfəs aldı. İçindəki intizarı, həsrəti çıxartmaq isdədi. Ancaq o həsrəti çıxartmağa nəfəsi çatmadı.
Onların birləşməyi də, ayrılmağı da qeyri- adi idi. Gəlişində qapını döymədiyi kimi, gedişində də qapını çırpmamışdı kişi. Bu daha pis idi. Çünki səs olsaydı, qəzəb olardı. Qəzəb isə ağrını yüngülləşdirərdi. O isə səssiz getdi — qadının içində böyük bir boşluq buraxaraq. Həmin gündən sonra qadın bir şeyi itirdi:
Gözləməyi. Artıq heç nəyi, heç kimi səbirsizliklə gözləmirdi. Nə zəngi, nə səsi, nə sabahı. Və insan gözləməyi itirəndə, həyat da onu itirir yavaş-yavaş.
***
…İndi o balkonda oturub boşluğa baxan qadın elə həmin qadındır Çiçək… Sadəcə artıq keçmişdə qalmış o işıqlı ev yoxdur. Adını çəkmək isdəmədiyi kişi yoxdur. Və bir də əvvəlki özü yoxdur. Qalan bir tək şey var: Xatirələr. Onlar isə heç vaxt getmirlər… Çiçək masaya yaxınlaşdı açıq, köhnə dəftərə yazdı:

UNUDAM

Könlümü ram etdi bir vəfasız yar,
Sığmadım dünyaya, oldu mənə dar,
Qəlbimə gömülmüş xatirəsi var,
Gərək ürəyimi kəsəm, unudam.

Bu eşqin qədrini biləmmədik biz,
Bağlanıb qəlbimə gedən cığır, iz
Gərək yaddaşımı süpürəm təmiz,
Dəli külək kimi əsəm, unudam.

Yəqin ki, sevəndə olmuşam naşı,
Mamır bağlayıbdı gözümün yaşı,
Söykəyib bağrıma qara bir daşı,
Hər kəsdən, hər şeydən küsəm, unudam.

Dəftər, qələm verin sirrimi yazım,
Dolaşıq hislərin qoynunda azım,
Bəlkə unutmağa bir ömür lazım…
Yalan olar sözdə desəm, “unudam”…!

Kisi isə hələ də əlində təyyarə bileti küçədə dayanmışdı…!

Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Vilayətqızı – Baharın

BAHARIN

Dağların başından çəkilir duman,
Gülüşü yayılır düzə baharın.
Çəmənlər geyinir yaşıl bir tuman,
Sürməsi çəkilir gözə baharın.

Bülbüllər oxuyur verib səs-səsə
Düşür insan ruhu yeni həvəsə
Əngin səmalarda parlayır “nəsə”
Günəşi bənzəyir közə baharın.

Qəlblərə bir sevda toxumu əkir
Hər səhər doğulur yepyeni fikir
Təbiət ən gözəl rəsmini çəkir.
Tərifi sığmayır sözə baharın.


Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Vilayətqızı

ÜMÜDÜM VAR

Gecə gəlib pəncərəmə söykənib,
Ulduzlar da yorğun baxır üzümə.
Bu günədək qoymadığım adını,
Həsrətim var, başın qoyub dizimə.

Kirpiklərim gözlərimə tor atıb,
Dalğalarım arzuları batırır.
Ay ilahi, gör nə günə qalmışam,
Dərdim mənə lay-lay çalıb yatırır.

Yollar uzun, addımlarım səssizdi,
Yorğun-yorğun hara gedir xəyalım?
Ümüdlərim incə ipə çevirib,
Cəllad kimi boğur məni ay zalım!

Dindirməsən aylar ilə dinmərəm,
Mən özünə düşmən olan biriyəm.
Külə dönmüş xatirələr içində,
Göz yaşımı gərək boğam, kiriyəm.

Ümüdüm var səhər yenə gələcək,
Qaranlıqlar gün gölündə batacaq.
Bu gün mənə üsyan edən duyğular,
Sakitləşib qucağımda yatacaq…

Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Vilayətqızı

SUSAN VAXTIMDI

Oturmuşam sakitcə qara daşımın üstə,
Həsrət öz mahnısını hey oxuyur ahəstə,
Yollar da göz önündə uzandıqca uzanır,
Elə bil intizarım qalmağa vaxt qazanır.
Nə ağ atlı oğlan var, nə də bir ağ göyərçin,
Nə də səbəb tapmıram danışıb gülmək üçün.
Yolları gözlərimə çəkməyə gücüm çatmır,
Nə xəyallar, nə də ki, zaman başımı qatmır.
Fikirlər var gəl edir, o tərəf, bu tərəfə,
Dolaşmışam kələfə.
Həyəcan asılıbdı qəlbimin hər telindən.
Can qurtara bilmirəm, sualların əlindən.
Qəm tutub qollarımdan, çarmıxa çəkmiş kimi,
Nə düşünür görəsən bu cəzanın hakimi?
Otağımın cibinə bənzəyən pəncərəmdən ümüd dolu boxçamı,
Külək alıb, qaçıbdı
Vüsal bir ağ bayrağı ürəyimə sancıbdı.
Ayağımın dibində ümüdlərim oturub,
Sükutun uğultusu qulağımı batırıb.
Dodaqlarım açılmır, ağzıma su almışam,
Tənhalıq heykəlitək elə donub qalmışam…
Hər kəsin bir susan vaxtı, hər kəsin bir susan baxtı var!
Sükutun öz taxtı var!
Bu gün susan vaxtımdı,
Qoy sevinsin intizar…!

Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I