Etiket arxivi: ŞƏHİD

MƏN BU DÜNYAYA ZƏFƏR ÜÇÜN GƏLMİŞDİM… – SEVİNDİK NƏSİBOĞLU

3 ayın cəngavəri, 18 yaşlı qəhrəman – Vətən müharibəsinin ən gənc şəhidi Vüsal Novruz oğlu Allahverdiyevin Cənnətdən yazdığı dastan…

Ölümlərdən saqınma, məyus olmaqdan utan!

Bir dəfə düşün səni nədir dünyada tutan?

Məfkurəsindən başqa hər varlığı unudan

Qəhrəmanlar kimi sən əbədi qalmalısan…

“Türk Gənclərinə” şeirindən bir bənd. Müəllifi;  Hüseyn Nihal Atsız.

                   MƏN BU DÜNYAYA ZƏFƏR ÜÇÜN GƏLMİŞDİM…

İndi cənnətdə, cənnətin ən gözəl guşəsindən böyük sevinclə, qürur hissi ilə Sizə öz həyat hekayəmi danışıram. Bu hekayəni 6 noyabr 2020-ci ildə, Xocavənd istiqamətində şəhid olduqdan sonra ruhum digər şəhidlərimizin ruhu ilə azad etdiyimiz Qarabağ səmalarında cövlan edən vaxt yazmağa başlamışam. Yəqin ki, Siz də bu dastanı heç vaxt unutmazsınız və oxuyarsınız… Məndən Sizə qalan vəsiyyət və miras elə budur…

Mən Allahverdiyev Vüsal Novruz oğlu 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşam. Ailəm məni orta məktəbə də, əsgərliyə də neçə-neçə arzular və ümidlərlə yola salıb… Qəlblərindəki bu arzuların və ümidlərin içərisində  torpaqlarımızın düşmən tapdağından azad olunması arzusu da var idi… Ancaq məni, hələ də körpələri kimi sandıqları övladlarını bəlkədə  silahla, topla, tüfənglə təsəvvür etməyiblər… Necə etsinlər, axı, mən körpə idim, uşaq idim…

Orta məktəbdə aşağı siniflərdə oxuyanda bir Qəhrəmanın taleyi hamının taleyini dəyişdirdiyi kimi, mənim də taleyimi, dünyagörüşümü tamamilə  dəyişdi. Tariximi yenidən yazdı, məni yeni tarix yazanlardan etdi. Mən həmişə ana dilimizlə bağlı olan dərslikləri mükəmməl oxumuşam, mütaliə etmişəm. Əlimdən kitab düşməyib. Elə adaşım Vüsal Allahverdiyevlə danışanda o da mənə dedi ki, mən də mütaliələr edirdim, Nihal Atsızın kitablarını oxuyurdum, onun bozqurdla bağlı olan kitabları əlimdən düşmürdü. Mən də eyni etdiyimi bildirərdim. O mənə deyərdi ki, yəqin, elə Allah Səni dünyaya bəxş edən andan Vətən üçün, vətənsevər  yaradıb.  Doğulduğun ilk andan Vətən oğlu olmusan. Elə həmin günlərdən Vətən yoluna ömrünü həsr etməyə hazırlaşmısan, bunu həyata keçirmək üçün yolçuluğa başlamısan.

Lap kiçik yaşlarımda, orta məktəbə gedənə qədər tariximizi öyrənməyə görə məktəb yaşım çatmadığı üçün mən atamdan, anamdan tariximizi, tarixin bizə verdiyi dərsini öyrənirdim. Nəslim, nəcabətim, soyum, boyum haqqında atam, anam məni məlumatlandırırdı. İlk olaraq Ulu Öndərimizi, onun Azərbaycan xalqına miras qoyduğu cənab Prezidentimizi öyrəndim, sonra başladım tarix yoluna… Ancaq, 2010-cu ildə, yay tətilinin ilk günlərində bir qəhrəmanın dillərdə əzbər olan adı qulaqlarımda əks-səda verdi, verdi : MÜBARİZ!  22 yaşında, yaşına, gəncliyinə  önəm verməyib, Vətəninə önəm verən, düşmənin qəddarlığına, haqsızlığına dözməyib vulkan kimi püskürən, zamanın haqsızlığına üsyan edən bir Qəhrəman və onun yaddaşlardan silinməyəcək mübarək adı… O, Tərtər istiqamətində, Çaylı kəndi yaxınlığında düşmənləri lərzəyə salmış, gecə vaxtı danüzünə qədər onların qorxulu röyaları, kabusları olmuşdu. Neçə-neçə erməni dığasını qırıb məhv etdikdən sonra Şəhadətə doğru mübariz, mərd, cəsur addımlarla  addımlamışdı həmin qəhrəman… O vaxtdan sonra daha çox anladım Şəhadət nə olmasını, Şəhidliyə necə addımlayırlar, o yol necə keçilir və o yolu keçmək kimlərə, necə nəsib olur… Ondan sonra bütün yay tətili boyu o qəhrəmanın mübarək adı dilimin əzbəri olmuşdu.  Yay tətilinin yarısını onun nurlu nəşinin təhvil verilməsini gözləməklə keşirdim. Nəhayət Onun mübarək nəşi təhvil verildi və o, uğrunda canını sevə-sevə fəda etdiyi vətən torpağında dəfn olundu. Bütün Azərbaycan xalqı ayağa qalxmışdı. Dövrümüzün, zəmanəmizin yeni bir xalq qəhrəmanını hamı ayaq üstündə qarşılayırdı, alqışlayırdı… Qəhrəmanın nur üzlü anasının-atasının əllərini öpmək istəyənlər çox idi… Ancaq, ana həm çox gərgin, eyni zamanda həm də qürurlu  idi… Onun naləsi hamının ürəyini sızladırdı. Bu vəziyyətdən mənim anam da çox təsirlənmişdi. Ömrünün baharını payıza, qışa çevirməklə  Vətəninin qışını yaza, bahara çevirən bir Qəhrəmanın yoxluğu hamının ürəyini parça-parça edirdi… Mənə nə isə qaranlıq qalırdı… Mən də çox təsirləndim, ancaq ağlaya bilmirdim… Düşünürdüm ki, axı Mübariz ölməyib, Şəhid olan necə ölə bilər? Şəhidə ölü kimi baxırlarsa və ağlayırlarsa… Bu, necə ola bilər? Dözmədim və valideynlərimdən soruşdum:

  • Mübariz İbrahimov ölüb ki, hamı onun yoxluğuna ağlayır?
  • O nə sözdür, oğul, təbii ki, ölməyib, heç ölməyəcək də. – Atam doluxsunaraq sualıma cavab verdi.
  • Bəs niyə ona görə ağlayırlar, axı, deyirlər ki, Şəhidə ağlamaq olmaz, o, ölməyib, Şəhiddir… Allah yolunda Şəhid olanlar ölmürlər axı… Bunu Siz də mənə demişdiniz…
  • Düz deyirsən, oğul, düz deyirsən… Ancaq, bir Ana fəryadı elə acıdır ki, onu ölçmək üçün bir acıölçmə aləti, cihazı yoxdur. Bunu ifadə etmək üçün dil də acizdir, ruh da. Nə qədər çalışırıq, ağlamayaq, ağlayırıq, özümüzdən asılı deyil. Sənin sözün mənə həm də bu cümləni xatırlatdı: Şəhidlər bizim ağlamağımız üçün deyil, Zəfəri qeyd edib sevinməyimiz üçün getdilər…
  • Ata, indi Mübariz İbrahimovun qisası alınıb?
  • Mübariz İbrahimovun qisası alınıb deyirlər…
  • Yox, ata, məncə alınmayıb. Bunu hiss edirəm. Mübarizi Şəhid edən alçaq qorxduğundan qaçıb, gizlənib…
  • Sən indi Şəhidliyi də hamıdan doğru anladın, qisası da… Afərin, oğul… Səni, sənin kimi oğulları Mübarizin qisasını alan görüm, oğul…
  • Elə də görəcəksən, atacan… – Atamın dediklərindən güc alırdım. Özümü heç də 8 yaşlı bir uşaq kimi təsəvvür etmirdim. – Bundan sonra mən Mübariz kimi olacağam!..

Atam elə bil baxışları ilə, gözləri ilə danışırdı, elə bil o baxışları ilə  deyirdi ki: “Səninlə fəxr edirəm, oğul…” Atam həqiqətən də, mənə bildirməsə də hiss edirdim ki, o,  istəyir ki, mən böyüyüm, Mübariz kimi olum və Mübarizin qisasını alım, ancaq, ürəyi bir az ehtiyat edirdi… Sonrakı illərdə daha çox ehtiyat edəcəkdi… “Bəs Şəhid olarsa?!… Bəs Şəhid olsa!?” deyəcəkdi… Valideynlərim doğulduğum andan qoymurdular ki, velosiped sürəndə yıxılım, ya da qaçanda ayağım daşa dəysin. İndi də cənnətdən onları izləyirəm, heç biri barışmır, 18 yaşlı bir gəncin sinəsinin güllələrə sipər olmasıyla… Övladının ayağına daş dəyməsin deyə ürəyini daşlara sipər  edən bir ana indi oğlunun yoxluğu ilə barışmırdı… Özü də 18 yaşında olan oğlunun… Ancaq, yanımda durub o biri dünyaya baxan şəhid qardaşlarıma da deyirəm ki, mən cənnətdə sizinlə birlikdə olduğuma görə çox şadam…

Bura 18 il yaşayıb gördüyüm işıqlı dünya kimi iki üzlü deyil. Bu cənnətin hər üzü, hər guşəsi gözəldir. Düşünürəm ki, göylərdən gördüyüm Şuşa cənnətin o biri dünyadakı oxşarıdır. Mövzudan kənara çıxmayıb onu da deyirəm ki, valideynlərim, məni sevənlər, uğrunda can verdiyim Vətənim mənə görə göz yaşı töksə, bu cənnətin hər qarışı mənim üçün əzab olar… Bilirəm ki, bunu  onlar da istəməzlər… Ancaq neyləyəsən, qismət belə gətirdi də… Bəxt… qismət… 18 il bir üzü kirli dünyada, dünya dağılana qədər isə hər üzü cənnətməkan olan o biri dünyada yaşamalı, ancaq yenə də sevdiklərimdən ayrı qalmalı imişəm… Yenə də Vətən sağ olsun…

O yay günündən min qərinə boyda olan 10 il keçdi gözümün qabağından. Hər gün atəşkəs pozulurdu, hər dəfə şəhidlər verirdik… İndi Cənnətdə bir yerdə qaldığım bir şəhid var… Adı Sərxan , soy adı Qasımovdur… Sən demə, şəhid olanda onun heç 18 yaşı da yox imiş… Şəhadətindən bir gün sonra 18 yaşı olacaqmış… O da mənə öz dastanını danışdı… Vətən övladlarından  təvəqqəmdir ki, onun da qəhrəmanlıq dastanını dinləsinlər. Təsəvvür edin ki, oğlunun ad gününü təbrik etmək üçün ona zəng vuran ana bir komandirin onun oğlu barədə qara xəbər verməsi ilə ani olaraq buz heykələ çevrilir… Düşünürəm ki, ailəmin acısı Sərxanın ailəsinin acısı ilə eynidir, ancaq, onun ailəsinin acısı mənim ailəmin acısından bəlkə də bir qədər fərqlidir… Çünki hər ailənin öz çəkə bildiyi qədər dərd yükü var.

Of… (Bir Şəhid anası acı çəkəndə özümdən asılı deyil, cənnətdə belə ufuldayıram…) Harada qalmışdıq? Mübarizə ruhumun dirilişindən 10 il keçmişdi… Mən 2-ci sinif şagirdi, 8 yaşlı bir məktəbli uşaq deyildim… Bir azdan Azərbaycan Respublikasının əsgəri olaraq vətənə xidmət andı içəcəkdim…

2020-ci ilin iyul ayında baş vermişdi həmin hadisə. Anam hər əsgər anası, müvəqqəti də olsa ciyərparasından ayrı düşən varlıq kimi  özünü narahat hiss edirdi. Deyəsən, məndən gizli-gizli ağlayırmış da. Hər bir əsgər anasının ürəyi həmin vaxt yuxa kimi nazik  olur. Mən o vaxt bir günlük əsgər idim, başa düşmürdüm. Şəhid oldum, Anamı cənnətdən görərək… anladım… Anladım ki, Ana üçün oğlundan ayrı qalmaq canın bir parçasından ayrı qalmağı kimidir. Anam hətta, mənim əsgər olmağımla da barışmaq istəmirdi ki axı hələ bu mənim körpəciyimdir… Ürəyinə nə isə dammışdı elə bil. Ana ürəyidir də… Dolaşıq fikirlər beyninə hakim olmaq istəyirdi. Bəzən də özünə təskinlik verirdi ki, nədir ki, il yarım, bu il yarımda nə olasıdı ki, olsaydı yəqin 30 ilə yaxın müddətdə olardı… Ancaq cən saydığını say..İlk 3 aydan sonra nələr olmadı ki…

Çoxları kimi anam da elə düşünürdü ki, mən sadəcə əsgər gedib ümumi qaydada vətənə xidmət edəcəyəm, daha heç bir şey, yəni müharibə olmayacaq. Axı ermənilərin havadarları çoxdur, onlar sülh yolu ilə torpaqların qaytarılmasını uzatdıqca uzadacaq, ermənilərin hegemon havadarları isə Azərbaycana torpaqlarını müharibə yolu ilə qaytarmağa imkan verməyəcək, 200 ildən çox müddətdə olduğu kimi…Əsgərliyimin ilk günlərində Zəfər tariximizin ön sözü yazılırdı elə bil. Tovuz döyüşləri başlamışdı… Cəbhə xəttində qanlı döyüşlər gedirdi. Bir gün içərisində bütün Azərbaycan bu döyüş barədə olan xəbərləri izləməyə başladı… Hamının tərəzi gözü dörd olmuşdu. Təbii ki, biz də olanları izləyirdik. Anamın nələr hiss etdiyini, hansı hissləri keçirdiyini təsəvvür edə bilmirəm. Ancaq ana ürəyinin çırpıntılarından eşidirdim ki, içində deyir: “Gəncliyinə doymayan balamı indi yola salsam, görəsən, Tovuzda döyüşməyəcək? Allahım Sən saxla balamı, balalarımızı!”.

Və sonra Xalq üçün elə bil bir anlıq həyat dayandı… Döyüşlər davam etsə belə… İnsanlar nəyin baş verdiyini təsəvvür belə edə bilmirdilər… Heç kəs bu halı qəbul, həzm edə bilmirdi… Hələ səhər saatlarında günümüz zil qara rəngə boyanmışdı… Qırmızı qanlı Tovuz döyüşlərində arasında özümün də olduğum 2855 cənnət Şəhidlərinin əlini yumruq edəcək an gəlmişdi… General Polad Həşimov qəhrəmancasına şəhidlik zirvəsinin fatehlərindən biri olmuşdu… Gözünü xalqın sabahına dikərək qatil gülləsinə, namərd gülləsinə qurban getmişdi generalımız… Gözünü sabaha dikdi deyirəm, çünki, O, hər şeyi bilirdi… Heç bilməzdim ki, adını belə eşitmədiyim bir generalımız şəhid olacaq, öz şəhadəti ilə hamını Zəfərli döyüşə hazırlaşdıracaq, haraylayacaq, birləşdirəcək, Mübariz və mübarizlərdən sonra bir anda onun da adı dillər əzbəri olacaq… Heç bilməzdim ki, əvvəllər adını eşitmədiyim həmin generalla cənnətdə qonşu olacağam…

Anam əvvəlcə qardaşımı, sonra məni əsgərliyə yola saldı… Mən dostlarla əsgərliyi düşünəndə, xeyli müddətlik ayrılıq, həsrətdən bəzən doluxsunub, bəzən gülümsəyəndə anamın gözləri dolmuşdu. Çox qorxurdu mənim üçün… Bu, adi bir təlaşlanma deyildi… Axı mən onun üçün hələ də körpə idim. Elə bil anamın ürəyinə  dammışdı mənim şəhadətim… Elə bil əvvəlcədən bilirdi ki, bizi qanlı  döyüşlər gözləyəcək,  bundan sonra da… Zəfər.  Ana ürəyidi də… Anam eyni vaxtda canından iki parçanın həsrətini, ayrılığını daşıya bilməyəcəyini, gücsüz olacağını elə bil hiss etmişdi, ona görə də ikimizin bi vaxtda getməyimizi heç istəmirdi… İçində ağlayırdı için-için, dua edirdi Allaha, bizi qoruması üçün Ona yalvarırdı anam… Anamı gör neçə dərd-bəlalar gözləyirmiş… Of…

Andiçmə mərasimim olanda da anam özünü güclə saxlayırdı… Özünü mənə gülə-gülə oğlunu yola salan bir ana kimi göstərirdi… Mən elə bil anlayırdım onu… Bilirdim ki, qəlbi qan ağlayır, qəlbi qan-yaşdır… Nə edə bilərdim ki, axı, vətəni müdafiə etmək mənim ən müqəddəs borcumdur. Mən artıq daha çox “Vətən sağ olsun” deməliydim və için-için deməyə başlamışdım… Qarşıda məni çətin, lakin olduqca şərəfli günlər gözləyirdi…

3 ay içərisində nələr olmadı ki… Əsgərlikdə olanda eşidirdim xəbərləri… Xalq ayağa qalxmışdı bütün vətənimdə. Haqq, ədalət tələb edən, işğalçılığa son qoyulması üçün mitinq keşçirən bütün dünya azərbaycanlıları xarici ölkələrdə təzyiqlərə məruz qalır, təhdid edilir,  döyülürdü… Onlara hücumlar olurdu… Bütün bu olanlardan sonrakı döyüş Tovuzdakı kimi dörd gün-beş gün çəkməməli idi… Artıq hamı Zəfərli müharibəyə hazır idi! Dişimizi qıcaya-qıcaya, yumuruğumuzu sıxa-sıxa qisas vaxtının gəlməsini gözləyirdik…

Nəhayət həmin vaxt gəldi, ilk Zəfərlər bizi qucaqladı! 27 sentyabr 2020-ci ildə artıq biz “vaxtı”nın gəlməsini gözləmirdik, çünki, qisas vaxtı gəlmişdi. Biz ilk zəfərlərimizi elə həmin gün, həmin andan qazanırdıq! Düşməni biçə-biçə, qıra-qıra, məhv edə-edə irəli gedir, torpaqlarımızı onların murdar tapdağından azad edirdik. Ölüm-qalım savaşında olan heç kim bir addım belə geri çəkilməyi düşünmürdü. Hamı şəhidliyi gülüşlə, sevinclə, zəfərlə qarşılamaq istəyir, qarşılayırdı, irəliləyirdi… Düşmənlər qorxaq, namərd və cəsarətsiz olduqlarından hətta, şalvarlarını belə qoyub qaçırdılar. Azad etdiyimiz torpaqlarımızda düşmənin şalvarını, paltarını görəndə gülməkdən özümüzü saxlaya bilmirdik… Onda bilirdik ki, ilk həmləqən qarşımızdan qaçan düşmən bizim yanımızda heç kimdir… Azərbaycan 90-cı illəri yaşamırdı… Mən də 90-cı illəri yaşamadığım üçün yeni reallığı yaratmağa çalışırdım… Döyüş yoldaşlarım ilə birgə… Onlar mənim yanımda, gözümün qabağında  şəhid olurdular… Şair deyib ki, “yanında boş yerə tamahım düşüb”. Mən də istəyirdim ki, onlarla bir yerdə şəhid olum, lakin onların qisasını alandan sonra…

Beləcə, erməni də olsa tək bir nəfər də olsun mülki şəxsə zərər vermədən, sadəcə düşmən “hərbçiləri”ni qova-qova, məhv edə-edə vurub Füzulidən, Cəbrayıldan çıxardıq… O torpaqların azad olunması yolunda çox şəhidlər verdik, çox qazilərimiz oldu… İndi burada həmin şəhidlərlə hər gün görüşür, söhbətləşirəm… Cənnətdə gördüklərim və eşitdiklərimdən böyük bir kitab yazardım… Ancaq, bu yazdıqlarım yəqin ki, oxunulacaq… Oxudulacaq… Mən özümü düşünmürəm, bütün şəhid dostlarımı düşünürəm… İstəyirəm, bütün şəhidlərin qəhrəmanlıq dastanları tanınsın, oxunsun… İnnən belə çox dastanlar yazılacaq, bilirəm… Onu da deyim ki, var gücümlə heç nəyi düşünmədən, sadəcə, Qarabağı düşünərək yaşadığım o şanlı 40 günü, o döyüş yollarını heç nəyə dəyişmərəm… Bütün günü Allaha şükür edirəm ki, Vətən müharibəsini yaşamışam, döyüşmüşəm, düşməni məhv etmişəm, şəhid olmuşam… Şükür demişkən, şəhid Şükür Həmidov da şəhid döyüş yoldaşlarımın yanındadır… Cənnətdə şəhid yoldaşlarımla danışanda cənab polkovniki də onlardan xəbər alıram… Ümumiyyətlə, Cənnətdə mənimlə bir yerdə olan şəhidlərin hər birisi bir dastandır… Biz hamımız o şanlı, şərəfli 44 gündə sona qədər döyüşdük və şəhid olduq, dastana döndük…

Onu da deyim ki, qardaşım da Vətən müharibəsində iştirak edirdi. Onun dilindən də döyüş yolu haqqında sözlər eşidirdim… Zəngləşirdik arada bir… Elə istəyirdim ki, ağız dolusu danışsın. Ancaq döyüşdə olduğumuz üçün bu da ola bilməzdi… İndi cənnətdə onun şəhid olan döyüş yoldaşlarından qazi olan qardaşımın hünərləri barədə eşidib sevinirəm…

6 noyabr 2020-ci il… Dastanın əvvəlində demişdim ki, cənnətə daxil olduğum ilk gündür… O günü heç bir zaman unuda bilmərəm… Ailəmin acısı, Vətənimin qüruru olmuşdum o gün… O gün min aya dəyərdi mənim üçün… 8 Noyabr Zəfər günümüzdürsə, 6 Noyabr da şəhadət günümdür…

Həmin gün eşitmişdik ki, əsgərlərimiz Şuşa istiqamətində gedən döyüşlərdə daha çox üstünlük qazanıblar. Fikirləşirdim ki, daha bu düşmənin sonudur. Elə həm özümün, həm erməni zülmünün, həm də müharibənin sonudur. Müharibə bitəcəkdi, Zəfər qazanacaqdıq. Şuşa mütləq bu günə-sabaha azad olunacaqdı… Bir də… Mənim üçün bu bir son idi…Həmdə başlanğıc.. Şəhid olacaqdım… Şəhidlik Zirvəsi məni gözləyirdi…

Xocavənd istiqamətində şiddətli döyüşlər gedirdi. Düşmən azğınlaşmışdı. Bizdən böyük bir dərs almaq istəyirdilər. Ona görə də, onlar bir dəfə atırdılarsa, mən min dəfə qarşısını alırdım və əks zərbə endirirdim o cəlladlara. Biz öz dəyanətimizlə düşməni təəccübləndirirdik. Onlar çaş-baş qalmışdı. Sərt qayaya çırpıldıqlarını bilirdilər. Xilas ola da bilmirdilər. Hirslərindən quduz it kimi daha çox kortəbii hücum edirdilər. Onların postlarını dağıdıb keçə-keçə irəliləyib gedirdik. Bura qədəri mənim üçün çox asan idi. Ancaq, bundan sonra işlər çətinləşirdi. Düşmən hər tərəfdən güllələri yağış kimi yağdırırdı. Hamımız daha çox qorunurduq. Həm də daha çox hücuma keçirdik. Atəş səsləri kəsmək bilmirdi. Elə bil güllələrin arası  bu gün ərzində heç kəsməyəcəkdi…

Sağımda, solumda döyüş yoldaşlarım şəhid olurdu… Özümdən asılı olmayaraq mənim gözümdən yaş axmağa başlayırdı. Lakin göz yaşlarımı gizlədirdim, gizlətməyə çalışırdım. İçimdə hirsimi boğub hayqırırdım: “Yox! Ola bilməz! Siz məndən ayrıla bilməzsiniz! Bir döyüş yoldaşı, bir can qardaşı öz can qardaşından ayrılıb gedə bilərmi? Sizin qisasınızı mütləq alacağam!” Artıq mənim üçün bu bir son idi və bunu mənliyimlə qəbul etmişdim. Anamdan üzr istəyirdim, atamdan üzr istəyirdim. Bu ayrılıq çox acı olacaqdı, onlar üçün, bilirdim. Ancaq, mən ölməyəcəkdim ki… Dostlarımın qisasını aldıqdan sonra mən əbədiyaşar, şəhid olacaqdım…

Və son… Bir namərd gülləsi bədənimdən keçdi… Yaramı Allah nuru sarıdı… Torpağa düşdüm… Döyüş yoldaşlarımın qanları ilə birgə qanımız torpağın rəngini dəyişdirdi… O tərəflərdə kül olmuş güllər, çiçəklər görünürdü. İndi hamısı çiçək açır, elə bil, onlara biz can vermişdik, qanımızla, şəhid qanı ilə… Onlara can vermək üçün… can vermişdik…

Mən öz gücümü toplayıb qırıq-qırıq bu sözləri dedim:

  • Müba… riz…! Po…lad!.. Mən Sizlərin qisasınızı… aldım… aldım… Ya Allah! Qəbul et məni! Haqqını halal et, Azərbaycan! Bir az da gözlə, gəlirəm, Cənnətim!..

Və… 6 noyabr 2020-ci ildə Şəhidlik zirvəsini fəth edənlərdən biri oldum… Həm sevinir, həm doluxsunurdum. Artıq bədən deyildim, bədəndən çıxan bir nur saçan ruh idim və azad etdiyimiz vətən torpağının səmalarında uçurdum, hey uçurdum, ənginliklərə yüksəlirdim… O vaxtdan da göylərdə qaldım. Səma şahinlərinə salam verdim. Cənnətdəki bütün şəhidlər mənə salam verdi, salamlaşdıq… Xudayar mənim dastana döndüyümü söylədi… Onu qucaqladım… Yaşıdım olan bütün şəhidlər analarından nigaran olduqlarını bildirdilər, çünki, onların da yaşı hələ 18 idi… Buna baxmayaraq hamısı bir ağızdan,  ürəkdən söyləyirdilər: “VƏTƏN SAĞ OLSUN!”…

Bu da mənim qəhrəmanlıq dastanım… Mən 18 yaşlı, Vətən müharibəsinin ən gənc şəhidi, Ana vətəninə görə gəncliyindən doymayan, ancaq gəncliyindən tez doyub Zəfərli müharibəni sevə-sevə, ürəkdən, candan seçən Vüsal Novruz oğlu Allahverdiyev… Mən siz olan dünyada cəmi 18 il yaşadım. Bunun 8 ilini necə yaşadım, bilmədim. Ancaq, qalan 10 ili düşmənlə mübarizə üçün yaşadım, əzm ilə yaşadım, hər gün yuxumda bir şəhidi görərək yaşadım… Mühitimdəki müharibə əzablarına sinə gərərək yaşadım… Vüsal adına layiq olmağa çalışdım… Sonda da cənnətdə, Şəhadətlikdə vüsalım gerçəkləşdi…

Bu həyatım üçün Allahıma minnətdaram və Şükürlüyəm… Şükürlüyəm, Poladlıyam, Babəkliyəm, Zaurluyam, Xudayarlıyam, Cəbrayıllıyam… Mən şəhidəm… Bu da mənim yazdığım dastanımdır… Azərbaycanimın hər səhifəsinə nurlu əlinin dəyməsi üçün yazılıb…

Allah bütün Şəhid yoldaşlarıma rəhmət eləsin!.. Qazi qardaşlarıma şəfa versin, müqəddəs vətənimin, torpaqlarımızın müqəddəs keşiyində dayanan qəhrəman əsgərlərimizin ayağına daş dəyməsin…! Allah uğrunda canımızı verdiyimiz Vətənimizi qorusun! Amin!

Və bu da dastanın son sözü… Vətən sağ olsun! Vətənin bütövlüyü dünya durduqca əbədi qalsın!

Müəllif:Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL – QISA VƏ MƏNALI ÖMÜR


QISA VƏ MƏNALI ÖMÜR

Vaxt gəldi, vədə yetişdi. Eldar hərbi xidmət yaşına çatdı. O zaman Avtomobil İstismarı Kollecində təhsil alsa da Eldar təhsilini yarımçıq dayandırıb silaha sarılmağı üstün tutdu.

Eldar bir gün hərbi geyimdə anasının qarşısında durub dedi:

-Ana, Vətən məni səsləyir. Mən də bir oğul kimi Vətənin keşiyində durmalıyam.

…… ananın gözləri doldu. Bəlkə də canından çox sevdiyi balasından ayrılacağını düşünüb kövrəldi, bəlkə də oğlunu hərbi libasda görüb qürurlandı. Onu bilmirəm.

Ananın bulud gözləri Eldarın gözündən yayınmadı:

-Ana, niyə kədərləndin? Sən daha da qürurlu olmalısan, çünki sən bu gündən əsgər anasısan. Əsgər anası məğrurluğu, əzəməti, vüqarı ilə hər kəsə örnək olmalıdır.

Eldar anasının gözlərini sildi.

Ana:

-Oğul, gözlərimin dolması kədərdən deyil, elə qürurlandığımdandır. Hər bir Vətən oğlunun borcu Vətənə layiqincə xidmət etməkdir. Mənim xeyir-duam daim səninlədir. Səngərdə məğrur dayan! Çünki, bütün xalqımız sənin kimi igidlərə güvənərək rahat yaşaya bilir. Sən də çalış bu güvəni heç bir zaman sarsıtma!

Eldar anasının xeyir-duasını aldıqdan sonra döyüş bölgəsinə yola düşdü. İlk gündən kəşfiyyat bölüyündə xidmət edən Eldar qısa zamanda əsgər yoldaşlarının, eləcə də komandir heyətinin dərin hörmətini qazandı. Çünki o verilən tapşırıqları vaxtından əvvəl yerinə yetirməklə yanaşı, cəsarəti, təpəri, səbri və təmkini ilə silahdaşlarından seçilirdi.

Komandir Sübhan Abdulrəhmanlının da Eldara xüsusi rəğbəti, inamı və güvəni vardı. Eldar hər kəsdən cılız görünsə də diribaşlığı və qorxmazlığı ilə bir çoxlarına örnək idi. Odur ki:

-Eldar sən mənim körpə balam – əsgərimsən. Vətənə layiqincə və sevərək xidmət edirsən. Mənim sənə güvənim sonsuzdu. Amma yenə də ehtiyatlı ol, özünü qabağa atma…

Eldar dilləndi:

– Komandir, mənə olan güvəninizi sarsıtmamaq üçün sizə və Vətənə layiqli bir əsgər kimi xidmətimə davam edəcəyəm, təki siz hər tapşırığa məni göndərin. İnanın ki, düşmənin içinə girsəm belə yenə də əliboş qayıtmayacağam, – deyir.

Beləcə günlər bir-birini əvəz edir.

Bir gün komandir mühüm xəbəri demək üçün əsgərlərə “düzlən!” əmri verir. Hər kəs öz sırasını tutduqdan sonra, uca səslə…

-Azərbaycan ordusunun şanlı əsgərləri, bildiyiniz kimi xain düşmən yenə də öz mənfur əməllərindən əl çəkmir. Atəşkəsi pozur, dinc əhaliyə qarşı təxribatlar törədir. Artıq gözünüz aydın, Ali Baş Komandan əks hücum əməliyyatına başlanması əmrini verdi. İgid əsgərlərim, döyüşə hazır olun! Qarabağ torpağı bizi gözləyir.

Bu xəbəri eşidən əsgərlər sevincdən atılıb-düşür, bir-birini qucaqlayırdılar. Axı onlar döyüş əmrini çoxdan gözləyirdilər. Mənfur düşməndən Xocalı faciəsinin, Ballıqaya, Ağdaban, Qaradağlı qırğınının qisasını almaq, Qarabağı düşmən tapdağından xilas etmək üçün səbirsizlənirdilər.

Nəhayət, 27 sentyabr günü dan yeri ağarar-ağarmaz ordumuz düşmən üzərinə yeridi. Müharibənin ilk günündən Eldar döyüşlərə qatıldı. Azərbaycanın igid əsgərləri xain düşməni məğlub edib, torpaqlarımızı azad etdikcə qürur hissi insana qol-qanad verirdi. Ordumuz kənd və qəsəbələri azad etdikcə, mənfur və hiyləgər düşmən silahlarını ataraq geri çəkilir, əsgərlərimiz qarşısında nə qədər aciz olduqlarını sanki yenicə dərk edirdilər.

Döyüş şiddətləndikcə ölü və yaralıların da sayı artırdı. Düşmənin itkisi isə dəfələrlə çox idi. Əsgərlərimiz xeyli sayda ağır texnikanı qənimət olaraq ələ keçirmişdi. Belə bir vəziyyətdə namərd gülləsi Eldarı yaxaladı. Silahdaşları nə qədər təkid etsə də Eldar hospitala getməkdən imtina etdi. “Əsgər yarasını torpaq sağaldar” deyib döyüşünə davam elədi. Eldar onu da dedi ki, Vətənin bizə ehtiyacı olan zaman onu kiminsə ümidinə buraxmaq olmaz, sonu ölüm olsa belə son damla qanımıza qədər qorumalıyıq. Bu yolda öldü var, döndü yoxdu! – deyib, haydı, irəli, səsini bir qədər də ucaltdı. Döyüş yoldaşları Eldar üçün narahat olsalar da, Eldarın bu hərəkəti onları qürurlandırdı.

Artıq demək olar ki, Cəbrayılın bütün ərazisi işğalçılardan təmizlənmiş, digər istiqamətlərdə də ordumuz strateji yüksəklikləri ələ keçirmişdi. Eldarın daxil olduğu dəstə isə Füzuli şəhərinə doğru irəliləməkdə idi. Amma düşmənin ən güclü müdafiə olunan səngərlərindən biri məhz həmin istiqamətdə qurulmuşdu. Qızğın döyüş gedirdi. Tankın, topun səsi qulaq batırırdı. Əsgərlərin sıraları seyrəlsə də düşmənin leşləri ayaqlar altında qalaqlanmışdı. Şəhidlərin qisasını almaq üçün hər kəs irəli atılır, sanki öldürmək, ölmək uğrunda mübarizə gedirdi. Eldar da komandiri ilə çiyin-çiyinə əzmlə vuruşur, səngərdən-səngərə atılırdı. Namərd gülləsi Eldarı yaxalamasaydı hələ neçə-neçə döyüşlərdən zəfərlə çıxacaqdı. Şəhidlərin qanını almaq, hansısa bir zirvəyə bayraq taxmaq üçün fürsət gözləyirdi. Axı həm də hərbi xidmətə yola düşəndə anasına söz vermişdi. Söz vermişdi ki, Qələbə bayrağını dalğalandırmadan geri dönməyəcək. O gün oktyabrın 6-sı günü idi. Şəhidlik şərbətini içmək Eldara həmin gün qismət oldu. Beləcə o, ruh olub göylərə çəkildi – Tanrı dərgahına sarı…

Eldar qısa və mənalı həyat yolu keçdi. Və nə yaxşı ki, bu qısa zamanda qanı ilə – qızıl hərflərlə adını tarixə yazmağı bacardı. Gələcək nəsillər üçün ibrət, örnək ola bildi Eldar.

Müəllif: Aysu TÜRKEL 

AYSU TÜRKELİN DİGƏR YAZILARI


AYSU TÜRKEL DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ…

– deyə fəryad edirdi Ağabəyim ağa…

Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… 

Qarabağ ağrı idi…

Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…

Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu…  körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…

Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.

Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.

 Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.

Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini qanıyla yudu Vətən oğulları… bu qazanılan zəfərlə təkcə torpağın üstündəkilərə azadlıq bəxş etmədilər, eyni zamanda birinci Qarabağ savaşında canından keçən öz silahdaşlarının, qan qardaşlarının narahat ruhlarını şad etdi Vətən oğulları…

Bu gün təkcə əsarətdən xilas olan, torpağına Azadlıq günəşi  doğan Kəlbəcər, Şuşa, Laçın, Ağdam… sevinmir, bu gün həm də Vətən deyə-deyə Vətən olan Oğullar – Şəhidlər xiyabanındakı müqəddəs ünvanlarımız da sevinir…

Bu ana torpağın köksündəki ən doğma, ən əziz, müqəddəs ünvanlardan biridir Yalçın…

Azad Kəlbəcərin aydın səmasında ucalan bayraqdı…

Nisgilli bir ananın and yeri, məbədi, piridi Yalçın!…

Qoşa qanadı olan iki oğuldan biridi… Yalçın!…

Cismi torpağın bağrında olsa da, könlümüzdə hər daim diridi, Yalçın!…

******

Mustafayev Yalçın Əkbər oğlu… 30 may 1975-ci ildə Kəlbəcərdə ziyalı bir ailədə dünyaya gəlmişdi. Vətən sevgisi Yalçının ürəyinə ata nəvazişi, ana şəfqəti ilə bərabər hopmuşdu sanki…

Bu həyatda Ana olmaq ən çətin peşədir. Çünki şəxsiyyət yetişdirirsən. Yalçının anası ali təhsilli həkim, təbib Rəhimə xanım həm də oğlunun həyat müəllimi olmuşdu. Yalçın kimi əqidəli, sağlam düşüncəli, ləyaqətli bir övlad nümunəsi Rəhimə xanımın necə ana olmağının örnəyi idi…

1993-cü ildə Kəlbəcər rayonu işğal olunanda ailə məcburən Bərdədə məskunlaşmalı olmuşdu. Torpağına, yurduna anası kimi bağlı olan Yalçın ailəsinin xəbəri olmadan 18 yaşında döyüşə yollanmışdı… Qısa müddətdə tank sürməyi öyrənmiş, ən çətin strateji mövqelərdə və döyüşün ən qaynar nöqtələrində əzmlə vuruşmuşdu… Dəfələrlə düşmənin onlarla tankını, hərbi-zirehli texnikasını və canlı qüvvəsini məhv etmişdi… Beş ay gecə-gündüz bilmədən Vətən torpağının azadlığı uğrunda mübarizə aparmış, son nəfəsinə qədər döyüşmüşdü… 1994-cü ildə mayın 8-də yaralı döyüş yoldaşını neytrala çıxararkən düşmən həmlələrinə qarşı qəhrəmanlıqla mücadilə etmiş və ağır yaralanmış, mayın 9-da isə  şəhadətə ucalmışdı…

Kəlbəcərin uşaq gözü kimi tərtəmiz bulaqlarından su içən, Dəlidağın əzəmətinə baxıb dağ vüqarlı dayanmağı öyrənən 18 yaşlı dağlar oğlu… döyüşlərdə belə saz çalarmış, sanki Dədəm Qorqud qopuzu misalı… çaldığı sazın sarı simində silahdaşlarına məğrurluq, döyüş ruhu ərməğan edərmiş…

Ondan yadigar qalan qara köynəkli sazı  həyat yoldaşımın nənəsi Xırda xanımın evində müqəddəs kitab kimi Nənənin vətən həsrətli köksünün ən mərhəm yerində görmüşəm… Yaşadıqlarımız bizi nə qədər ağrıtsa da, bunlar tarixdir, yazmaq vəfa borcumuzdur.

*****

27 ildir Əkbər kişinin ocağında Yalçın adı nisgilə dönüb…

27 ildir Rəhimə ananın “Oğul!” deyən dili hicran odunda kösöv olub…

27 ildir O uca Qadın qoşa qanadının birini itirib, daha uça bilmir…

Uçmaq nədi, yaşamaqdan ötrü birtəhər tutunur həyata…

Vətən deyə-deyə Vətən olan övladının həsrətinə nə müddətdir ki, vətənsizlik həsrəti şərik idi…

Bir ananın içində qaysaq tutmayan, bağrının başında qübar eyləyən övlad yarasını heç nəylə sarımaq mümkün olmasa da, heç olmasa, bu gün Vətən yaramızı bayraqla sarıyıb Azərbaycan əsgəri!

Bu gün Yalçının müqəddəs ruhu azad Kəlbəcərin aydın səmasında bayraq kimi ucalır!

*****

İllər öncə bu günkü gün Tanrıdan bir Nur parçası qopmuşdu…

Yaşasaydı Bu gün 46 yaşını tamamlayacaqdı…

Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi…

Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı…

Üzü Haqqa sarı yola çıxmışdı. Sazını Vətən boyda ürəyinə sıxıb bir yanıqlı nəğmə ifa edirdi… Vətən şərqisi… sinəsi çalın-çarpaz dağlanmış, övladları tərki-diyar olmuş, ocağı sönmüş, varlığı çarmıxa çəkilmiş yaralı bir Vətənin şərqisini…

Yurd həsrəti ilə yaşayırdı… Ruhunda yurd salmış həsrəti nəğməyə köçürürdü…

Böyük bir dünya daşıyırdı içində… Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri…

Hələ “Sevirəm!” deməyə macal tapmamışdı…

Hələ diplomunun mürəkkəbi qurumamışdı…

Ürəyinə sığmayan sevda dolu xəyalları göyün üzündə fırlanırdı hələ…

Dünya boyda ürəyində bir dünya arzuları vardı…

18 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı…

19 yaşına varmamış gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı…

Tanrıdan qopan o Nur parçası Ona qayıtdı…

Bu, Allahın Yalçın Əkbər oğlu Mustafayev adına yazdığı ömrün ssenarisi idi… Bizə görə yarımçıq ola bilər, amma Tanrıdan ötrü tam və uca bir ömür idi…

Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…

Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi…

Yalçın bu gənc ömründə şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü… Gənc ömrünü Ucalan bayrağın və  Azadlığın ömrünə calayıb könüllərdə unudulmayan bir nəğməyə – dillərdə dastana döndü…

Haqq savaşının fədaisi kimi – müqəddəs cihadın şəhidi kimi üz tutdu Göylərə…

Tanrıdan qopan Nur parçası Tanrıya döndü… Ondan gələn Ona qayıtdı!…

Tanrı Dərgahında doğum günün – Əbədiyyətdəki Doğuluşun, Mövludun, Ucalığın mübarək, Yalçın Qardaşım!

31 may 2021-ci il

Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN – AZƏRBAYCAN ƏSGƏRİ – SİLSİLƏ YAZILAR

Şahnaz Şahin – yazar.

BABƏK KİMİ BABƏK

…dördüncü yazı…

   Yollar uzun və qısa, çətin və dolanbac, arzular sonsuz, ümidlər isə həmişəyaşıl olur. Bir əzizinin yoxluğuna nə qədər çalışsalar da inandıra bilməzlər səni. İynədimi, sapdımı düşə itə, yox ola, gözünün qabağından birdən-birə qeybə çəkilə… Amma demə olurmuş…

    Ənnağıyev Babək Oktay oğlunun evindəyəm, atası qarşılayır, elə həyət qapısındaca görüşüb evə dəvət edir. Kür daşqınından sonra FHN tərəfindən tikilən evin pilləkənlərini qalxdıqca təsəlli üçün söz axtarıram, otaqda iki azyaşlı qız uşağı heç nəyi dərk etməyən baxışlarını üzümə dikir… Gözlərim önündən atamı itirdiyim gün film kimi gəlib keçir, mən də heç nə başa düşmürdüm onda…

   Babək Qasımbəyli kəndində, 28 aprel 1994-cü ildə doğulub böya-başa yetib, orta məktəbi də bu kəndin H.Ənnağıyev adına tam orta məktəbində oxuyub. Elə Hilal Ənnağıyev də Birinci Qarabağ müharibəsində canından keçən şəhidlərimizdən biridir. Sonra Vətənə həqiqi hərbi borcunu vermək yaşı çatanda-2012-ci ildə yollanıb əsgərliyə, Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Musaköy, Balacəfərli, Kəmərli kəndlərində, düşmənlə üzbəüz səngərdə olub. Ağır silahlardan istifadə etməyi öyrənib, qaranatamyotçu olub, əli bir dəfə də titrəməyib…

    2014-cü ildə hərbi xidmətdən evə, doğmalarının yanına qayıdan Babək elə təsərrüfat işlərində atasına kömək edib, halal ruzisini qazanıb. Sonra ürəyi, gözü tutan Rəmziyyə ilə ailə qurub, bu izdivacdan iki gül kimi qız balası dünyaya gəlib, atalıq hissini fərəhlə, sevinclə yaşayıb, həyata daha çox bağlanıb bundan sonra…

    Müharibə başlayanda o da doğma vətənin hayına hay verərək cəbhəyə yollanıb, öldürməyə, erməni vandallarına Qarabağın Azərbaycana məxsus tarixi ərazi olduğunu sübut etmək üçün gedib döyüşməyə. Gedib ki, gələcək nəsillərə torpaq dərdi qalmasın, gedib ki, bundan sonra daha şəhid verməsin Azərbaycan…

…Damarında qeyrət axan igidim,

Yağı gözə oxtək batan igidim.

Döyüşlərdə polad kimi bərkidin,

Üzə gülən növrağına qurbanam,

O, üçrəngli bayrağına qurbanam!…

    Döyüş yolu 29 sentyabrdan başlanıb, elə başlanğıcdan erməni fəndgirlərinin viran qoyduğu Füzuli uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub, ürəklə döyüşüb, burda da qranatamyotdan od yağdırıb düşmənin üzərinə. Amma özü də düşmən gülləsinə tuş gəlib, oktyabrın 7-də Füzuli ətrafında döyüşlərin birində ağır yaralanaraq döyüşçü yoldaşlarından ayrılıb. İlk tibbi yardım göstərilsə də qospitala çatdırmaq mümkün olmayıb, elə yoldaca gözlərini həyata əbədi yumub…

Babək Ənnağıyev ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.

   Atası Oktay göz yaşını saxlaya bilmir, kim deyir kişi ağlamaz, kişi ağlayanda həm də ağladır… Dəsmalını çıxarıb gözlərini silərək oğlundan söz açır:

-Dörd övladım vardı, deyirdim mən onun çiynində gedərəm dünyadan, amma əksinə oldu…Babək ağıllı, söz eşidən, böyük-kiçik yeri bilən bala idi. Məşhəd və Kərbəla ziyarətlərində olmuşdu, həm dinimizə, həm də vətənimizə bağlı idi. Uşaq vaxtı çılğın olsa da sonralar daha səbirli idi, yaşı az idi amma dünyagörmüş kişilər kimi müdrik düşünürdü. Daim əsir torpaqlarımızı düşünür, dözə bilmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci özüm gedəcəyəm. Ali Baş Komandan İlham Əliyevin müharibəyə başlaması elə ürəyindən oldu ki!.. Dərindən köks ötürüb əlavə edir: Vətən sağ olsun…

Həyat yoldaşı Rəmziyyə xanım :

-Son dəfə oktyabrın 3-də danışdıq, döyüşə gedəcəkdilər, qələbəyə ürəkdən inanırdı…Çox razı idim Babəkdən, ailəsini çox sevirdi, dəyər verirdi, ailəcanlı və mehriban idi…

    İndi kənd qəbristanlığı bir məzar boyu da vətənləşib, dəyərli olub, çünki burda şəhid uyuyur… Rahat yat, deyirəm, şəhidim, sənin yarımçıq işini Müzəffər Ordumuzun cəsur əsgərləri tamamladılar, yağını torpaqlarımızdan qovub çıxardılar. Bu gün Qarabağ Azərbaycandır, vətəndaşlarımız isə hər biri qarabağlı… Sənin canını verdiyin torpaqlarda balaca qızların azad gəzəcək və səninlə həmişə fəxr edəcəklər…




Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LAÇIN KİMİ OĞLAN – BAXŞƏLİYEV QƏRİB

Şəhid polkovnik-leytenant Baxşəliyev Qərib.

Bu gün Baxşəliyev Qəribin anadan olduğu gündür.

Qərib İnqilab oğlu Baxşəliyev 22 may 1977 Bakı — 3 noyabr 2020 Zəngilan rayonu — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi.

BAXŞƏLİYEV QƏRİB HAQQINDA


Qərib Baxşəliyev 1977-ci mayın 22-də Bakı şəhərində anadan olub.1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.


Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.

Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002-2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.

2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından açdığı atəş nəticəsində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bu gün şəhid qardaşımızın doğum günündə Cənnət adlı yeni doğulmuş qızı anası ilə xəstəxanadan evə yazılıb. Hər şey öz qaydasındadır. Allah Qəribə rəhmət eləsin. Ruhu şad olun…

Hazırladı: Zaur USTAC

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN – AZƏRBAYCAN ƏSGƏRİ – SİLSİLƏ YAZILAR

Şahnaz Şahin – yazar.

ANALAR AĞLAMASIN

…ikinci yazı…

    Dərdi içində məğrurcasına  çəkənlər da var, dərd altında düz qaməti əyilənlər də. Dərdin arasına bükülənlər də, dərdi başından kal-kal tökülənlər də… İçib gedənlər də var, uçub gedənlər də… Ölüb ölməyənlər, ölə bilməyənlər, ölməyənlər və gözgörəti ölənlər də… Dərd ağır yükdür, onu kişicə daşımaq var bizim millətin qanında, canında… Şəxsi dərdini bürüb büküb bir küncə qoymağı və dar ayaqda vətən dərdinə şərik olmağı bacarır bizim xalqımız!…

    Aliyev Asim Asəf oğlu Əsədli kəndində doğulub, 17 sentyabr 1998-ci ildə. 2005-2016-cı illərdə Əsədli kənd tam orta məktəbində təhsil alıb. Ailədə bir bacı və bir qardaş olublar, sevgi görüb, qayğı görüb ailəsində, qarşılığını da valideynlərinə ötürməyi bacarıb. Həqiqi hərbi xidmət vaxtı çatanda sevinə-sevinə xidmətə yollanmış, Sanqaçalda yerləşən “N” saylı hərbi hissədə, Azərbaycan Daxili Qoşunların tərkibində vətənə xidmət etmişdir. 2018-ci ildə də hərbi xidmət vaxtını başa vurub ailəsinin yanına dönsə də, hərbi sahəyə olan həvəsi onu təzədən geriyə qayıtmağa məcbur etmiş, elə xidmət etdiyi hərbi hissədə də MAXE kimi işləməyə başlamışdır…

    Müharibə başlayanda Asim üç ay idi ki, artıq Sanqaçaldakı “N” saylı hərbi hissədə xidmət edirdi. İşğal altında olan doğma dorpaqlarımızın azad olunması fikri onu da gecə-gündüz rahat buraxmırdı. Ali Baş Komandanın əmri Asimin qisas hissilə alışan qəlbinə sanki su çilədi…

   Təlim məqsədilə irəlicədən Füzuli bölgəsinə gələn Asim müharibə başlyayandan döyüşlərin qaynar yerində olmuşdur. O, zirehli maşın idarə edirdi, vətən borcunu layincə ödəməyə çalışıdı. Son dəfə anası Nurxanım ilə oktyabr ayının 13-də telefon əlaqəsi saxlayan Asim ürək-dirək verib anasına, tezliklə müharibənin Azərbaycan dövlətinin qələbəsi ilə sona yetəcəyinə əmin olduğunu bildirb və vidalaşıb…Cəmi bir gün sonra, 14 oktyabr 2020-ci ildə  Füzuli uğrunda gedən çətin döyüşlərin birində snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir…

 Asim Asəf oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.

      Anası Nurxanım yeganə oğlunun ölümünə için-için ağlayır, amma bir təsəllisi var, o da qazandığımız qələbədir… Vətən sağ olsun deyir şəhid anası…

   Subay idi Asim, həyatı hələ irəlidə idi, amma o, öz ömrünü sevdiyi Vətən üçün qurban verdi, qurban verdi ki, bir də nahaq qan tökülməsin, torpaqlarımız rahat nəfəs alsın, uşaqlarımız azad səma altında yaşasın, analar bir daha ağlamasın…

   Hər gün qulağımı bir səs oxşayır,

Könlümə yüz boya çəkən çağırır.

Ruhunu Vətənin ruhuna qatan,

Canını bayrağa bükən çağırır…


Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahnaz Şahin – Azərbaycan əsgəri – silsilə yazılar

Şahnaz Şahin – yazar.

BEŞ AY KOMADA QALAN ŞƏHİD ZAMİN BALAKİŞİYEV

…birinci yazı…

     Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olar deyiblər. Xalqımız bu həqiqəti 2020-ci il 27 sentyabr günü işğalçı ermənistan dövlətinə qarşı haqq savaşına başlayarkən artıq sübuta yetirdi. Uzun illər doğma Qarabağdan ayrı düşən xalq, yad ayaqlar altında ruhu tapdalanan torpaqlar nəhayət gözlədiyi azadlığına qovuşdu… Tarixə “dörd günlük müharibə “kimi düşən 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq, bu 44 günlük müharibə artıq nə təpə, nə yüksəklik, nə də hansısa kənd və ya qəsəbə uğrunda döyüş deyildi. Böyük tarixi olan, qədim və tarixi torpaqlara malik Azərbaycan xalqının pozulmuş ərazi bütövlüyünün bərpası uğrunda cihad idi. Azərbaycan dövləti uzun illər ölkə Başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, Ali Baş Komandan ətrafında sıx birləşmiş xalqın və güclü ordumuzun sayəsində öz qalibiyyət himnini yaza bildi…

     Müharibə başlanması xəbərini alan oğullar bir nəfər kimi səfərbərliyə qoşulur, düşməndən intiqam almaq, torpaqlarımızı əsarət altından azad etmək üçün cəbhəyə yollanırdılar. Sabirabad rayonunun Qaralar kəndindən olan Balakişiyev Zamin Dadaş oğlu da belə oğullardan biri idi…

Zamin 27 aprel 2001-ci ildə, baharda dünyaya gəlmişdi. Ailə onun gəlişini uzun zaman gözləməli olmuşdu. İlk övladından sonra doğulan dörd uşağın heç biri yaşamamışdı. Ailə intizar və təşviş içində idi. Həkimdən əli üzülən valideynlər adətlərimizə uyğun ailədə çox uşaq olması tərəfdarı olduqlarından müqəddəs ocaqlara üz tutur, nəzir-niyaz verir və nəhayət Zamin sağ-salamat dünyaya gəlir… Gəlişi ilə ailənin üzü də gülür, ata-ana bir-birinə arxa olacaq iki oğul sahibi olduqlarından Allaha şükür edir, Zamini xüsusi istək və arzu ilə böyüdürdülər. Onun nəsə başqa keyfiyyətləri olduğunu da fəhmlə hiss edirdilər. Vlideynləri hələ 12 yaşı olarkən yatdığı yerdə üstündə uzun və qara bir ilanın yatdığını görmüş və təşvişə düşmüşdülər. Lakin uşağın qorxu hissi keçirməməsi onları heyrətə salmış və sonralar da Zaminin qorxmaz, ürəkli, cəld və daxilində hansısa xüsusi gücün olduğunu hiss etmişdilər…

    2008-2018-ci illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alan Zamin, 2019-cu ilin yaz çağırışında hərbi xidmətə çağırılır və Tərtər rayonundakı “N” saylı hərbi hissədə, Quru Qoşunların sıralarında xidmət etməyə başlayır. Son vaxtlar cəbhəyanı zona və sərhəddən xeyli uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tütülması və bu zaman əsasən dinc əhalinin hədəf seçilməsi hər bir vətəndaş kimi Zamini də narahat edirdi. Onun düşmənə qarşı nifrəti artır, qisas hissi güclənirdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi başlanarkən Zamin Balakişiyev də elə xidmət etdiyi hərbi hissədən döyüşlərə qatıldı…

…Azərbaycan əsgəri,

Cəbhənin köz yerində…

    ZaminTərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak etmiş, düşmən istehkamlarının dağıdılmasında igidlik göstərmişdir. 2020-ci il sentyabr ayının 10-da uzaq məsafədən açılan snayper atəşi ilə başından ağır yaralanaraq Gəncə Şəhər Mərkəzi Xəstəxanasına gətirilmişdir. Burada ilk əməliyyat keçirən Zamin, oktyabr ayının 30-da Bakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdir. Lakin koma vəziyyətində olan Zaminin vəziyyəti aradan keçən beş aya yaxın müddətdə dəyişməz qalmış və o, 8 mart 2021-ci ildə şəhidlik məqamına yetişmiş və doğulub boya-başa çatdığı Qaralar kəndində dəfn edilmişdir…

    Bir zaman ana qəlbinə sevinc, ata ürəyinə təpər gətirən Zamin, şəhidliyi ilə də anasının xüsusi gününü yaddaqalan etdi. Anası “oğlum mənim 8 Mart Beynəlxalq Qadınlar Bayramı üçün ən qiymətli hədiyyəm oldu. O, ölümü ilə də başımızı uca elədi, uşaq vaxtı çöldən gətirdiyi bir çiçəyi arxasında gizləyib utana-utana mənə verərdi, indi də gücü özünə çatdı, analar günündə özünü hədiyyə elədi..”-deyir…

      Bu gün Azərbaycanın üçrəngli bayrağı Qarabğda dalğalanır və dövlətimiz artıq orada quruculuq işlərinə başlamışdır. Şəhidlərimizin qanı və canı bahasına azad olunan torpaqlarda erməni vandallar tərəfindən yerlə yeksan edilən kənd və şəhərlər yenidən tikilib abadlaşdırılacaq və bu yurdun əsil sahibləri orada rahat yaşayacaqdır…

Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÜQƏDDƏSLƏR – ZAUR USTAC

Şəkil MəzarSız şəhid İsmayılov İsmayıl Barat oğlunundur.

MÜQƏDDƏSLƏR
(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin…
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin…
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin…
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin…
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin…
09.05.2021. – Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏHİD İLQAR MİRZƏYEVƏ HƏSR OLUNMUŞ ŞEİRLƏR

Şəhid İlqar Mirzəyevin məzarı başında.

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
(Poladla, İlqarın məzarı başında)
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

8 8 8

TORPAQ BİZİ GÖZLƏYİR…
(…şəhid İlqar Mirzəyev in xatirəsinə…)

Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…

23.08.2020. – Bakı. (II F.X.)

8 8 8

VARMIŞ

Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020. Bakı.

8 8 8

DAHA TƏK DEYİLSİNİZ
(Şəhid İlqar Mirzəyevin ziyarətində)
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
* * *
Qəribə bir hüzur çuğlayır məni,
Yanında hər nəfəs ruha töhfədir.
Vətən kitabını vərəqləyirəm,
Burada hər məzar bir səhifədir…
* * *
İgid, ər oğullar toplanıb bura,
Bütün çöhrələrdə, təbəssüm, qürur…
Tək-tək sıralanan bu baxışların,
Hər biri özünə bir dastan qurur…
* * *
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
29.12.2020. – Bakı ş. II FX.

8 8 8

SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR
Xoşbəxtlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu arzuladı, o yetən oldu,
Vətən torpağında o, bitən oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021 – Bakı.



Şeirlərin müəllifi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

8 MAY İLQAR MİRZƏYEVİN AD GÜNÜDÜR!

İlqar Anzor oğlu Mirzəyev

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, şəhid İlqar Mirzəyevin doğum günüdür! Allah rəhmət eləsin, ruhu şad olsun… Amin.

QISA ARAYIŞ

İlqar Anzor oğlu Mirzəyev (8 may 1973; Qardabani rayonu, Gürcüstan — 14 iyul 2020; Tovuz rayonu, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi (2019—2020-ci illərdə).

Tovuz döyüşləri (2020-ci il iyulun 12-16-da baş verən döyüşlər) zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandiri müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.

HƏYATI
İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi.

İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur və 1995-ci ildə oranı hərbi “Artileriya Qoşunlarına Taktiki Komandanlıq” və mülki “Artileriya Silahlarının İstismarı üzrə mühəndis” olmaqla iki ixtisas üzrə bitirmişdir.

2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.

AİLƏSİ
İlqar Mirzəyev Güllü Mirzəyeva ilə ailəli idi. Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qaldı.

İlqar Mirzəyevin ailəsi.

HƏRBİ XİDMƏTLƏRİ
İlqar Mirzəyev 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Tağımının Komandiri vəzifəsində xidmət eləmişdir.

Daha sonra o, 1997-ci il martın 3-dən 1998-ci il yavarın 20-nə qədər Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Tağım Komandiri, 1998-ci il yanvarın 20-dən 1998-ci il noyabrın 11-nə qədər isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Komandiri vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə ona Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən “baş leytenant” hərbi rütbəsi verilmişdir.

İlqar Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri vəzifəsində xidmət eləmişdir və xidməti zamanı Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən “kapitan” hərbi rütbəsi almışdır.
2001-ci ildən başlayaraq isə İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət eləmişdir. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər “N” saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu Komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, Azərbaycan Respublikası Müdafiə Nazirinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən “mayor” hərbi rütbəsi almışdır.

İlqar Mirzəyev 2003-cü ilin avqustunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilmişdir. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.

Təhsilini başa vurduğdan sonra mayor İlqar Mirzəyev, 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər “N” saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət eləmişdir. Daha sonra isə o, 4 il ərzində – 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər “N” saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi – Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət eləmişdir.

2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər “N” saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər “N” saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona “polkovnik – leytenant” hərbi rütbəsi verilmişdir.

Daha sonra İlqar Mirzəyev 2012-ci il iyulun 7-dən 2013-cü il iyulun 4-nə qədər “N” saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində, 2013-cü il iyulun 4-dən 2013-cü il dekabrın 28-nə qədər isə “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət eləmişdir.

Növbəti 2 il ərzində o, xidmətini Müdafiə Nazirliyində davam eləmişdir. İlqar Mirzəyev 2013-cü il dekabrın 28-dən 2015-ci il avqustun 8-nə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət eləmişdir.

2 il ərzində Müdafiə Nazirliyində xidmət edəndən sonra o, 2015-ci il avqustun 14-dən 2015-ci il oktyabrın 28-nə qədər “N” saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.

İlqar Mirzəyev 2015-ci il oktyabrın 28-də isə “N” saylı hərbi hissənin Komandiri idi.

APREL DÖYÜŞLƏRİ
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı “N” saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan səddi” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmişdir və 7 strateji nöqtə işğaldan azad edilmişdir.

İlqar Mirzəyev Aprel döyüşlərindən sonra “polkovnik” hərbi rütbəsi almış və 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

TOVUZ DÖYÜŞLƏRİ
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu.

Döyüşlərin ilk saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.

İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov və Artilleriya rəisi İlqar Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib.

İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib.

Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusu]]na məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

ÖLÜMÜ VƏ DƏFN MƏRASİMİ
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu.

Həmin gün saat 13:00-da Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verdi:
”Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdu. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbr diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimiz, yaralıların qanı yerdə qalmayacaq.’‘— ”Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev”

Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olmuşdur. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Komandir müavini olan general-mayor Polad Həşimov, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olmuşdur.

İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə gətirilmişdir. Axşamüstü İlqar Mirzəyevin nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilmişdir.

Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutmuşdur.

II Fəxri Xiyabanda baş tutan vida mərasiminə Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənov, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, məhrumun xidmət yoldaşları şəhidlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı vermişdir.

Dəfn mərasimində çıxış edən Abdulla Qurbani Polad Həşimov və İlqar Mirzəyevin həyat və döyüş yolları barədə məlumat vermişdir. Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları ilə Polad Həşimov və İlqar Mirzəyev hərbi ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınmışdır.

Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Polad Həşimov və İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı vermişdir. Sonda müdafiə naziri şəhidlərin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim etmişdir.

İRSİ VƏ XATİRƏSİ
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi

2021-ci ilin aprel ayında İlqar Mirzəyevin Xətai rayonu]]nda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulmuşdur və binanı həyəti abadlaşdırılaraq orada bağ salınmışdır.

2021-ci il mayın 7-də İctimai TV-də İlqar Mirzəyevə həsr olunan sənədli filmi təqdim olunmuşdur. 22 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.

Ruhuna Fatihə: (Fatihə surəsini oxumaq) Amin…



Tərtib etdi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru