ŞAHNAZ ŞAHİN – AZƏRBAYCAN ƏSGƏRİ – SİLSİLƏ YAZILAR

Şahnaz Şahin – yazar.

BABƏK KİMİ BABƏK

…dördüncü yazı…

   Yollar uzun və qısa, çətin və dolanbac, arzular sonsuz, ümidlər isə həmişəyaşıl olur. Bir əzizinin yoxluğuna nə qədər çalışsalar da inandıra bilməzlər səni. İynədimi, sapdımı düşə itə, yox ola, gözünün qabağından birdən-birə qeybə çəkilə… Amma demə olurmuş…

    Ənnağıyev Babək Oktay oğlunun evindəyəm, atası qarşılayır, elə həyət qapısındaca görüşüb evə dəvət edir. Kür daşqınından sonra FHN tərəfindən tikilən evin pilləkənlərini qalxdıqca təsəlli üçün söz axtarıram, otaqda iki azyaşlı qız uşağı heç nəyi dərk etməyən baxışlarını üzümə dikir… Gözlərim önündən atamı itirdiyim gün film kimi gəlib keçir, mən də heç nə başa düşmürdüm onda…

   Babək Qasımbəyli kəndində, 28 aprel 1994-cü ildə doğulub böya-başa yetib, orta məktəbi də bu kəndin H.Ənnağıyev adına tam orta məktəbində oxuyub. Elə Hilal Ənnağıyev də Birinci Qarabağ müharibəsində canından keçən şəhidlərimizdən biridir. Sonra Vətənə həqiqi hərbi borcunu vermək yaşı çatanda-2012-ci ildə yollanıb əsgərliyə, Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Musaköy, Balacəfərli, Kəmərli kəndlərində, düşmənlə üzbəüz səngərdə olub. Ağır silahlardan istifadə etməyi öyrənib, qaranatamyotçu olub, əli bir dəfə də titrəməyib…

    2014-cü ildə hərbi xidmətdən evə, doğmalarının yanına qayıdan Babək elə təsərrüfat işlərində atasına kömək edib, halal ruzisini qazanıb. Sonra ürəyi, gözü tutan Rəmziyyə ilə ailə qurub, bu izdivacdan iki gül kimi qız balası dünyaya gəlib, atalıq hissini fərəhlə, sevinclə yaşayıb, həyata daha çox bağlanıb bundan sonra…

    Müharibə başlayanda o da doğma vətənin hayına hay verərək cəbhəyə yollanıb, öldürməyə, erməni vandallarına Qarabağın Azərbaycana məxsus tarixi ərazi olduğunu sübut etmək üçün gedib döyüşməyə. Gedib ki, gələcək nəsillərə torpaq dərdi qalmasın, gedib ki, bundan sonra daha şəhid verməsin Azərbaycan…

…Damarında qeyrət axan igidim,

Yağı gözə oxtək batan igidim.

Döyüşlərdə polad kimi bərkidin,

Üzə gülən növrağına qurbanam,

O, üçrəngli bayrağına qurbanam!…

    Döyüş yolu 29 sentyabrdan başlanıb, elə başlanğıcdan erməni fəndgirlərinin viran qoyduğu Füzuli uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub, ürəklə döyüşüb, burda da qranatamyotdan od yağdırıb düşmənin üzərinə. Amma özü də düşmən gülləsinə tuş gəlib, oktyabrın 7-də Füzuli ətrafında döyüşlərin birində ağır yaralanaraq döyüşçü yoldaşlarından ayrılıb. İlk tibbi yardım göstərilsə də qospitala çatdırmaq mümkün olmayıb, elə yoldaca gözlərini həyata əbədi yumub…

Babək Ənnağıyev ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.

   Atası Oktay göz yaşını saxlaya bilmir, kim deyir kişi ağlamaz, kişi ağlayanda həm də ağladır… Dəsmalını çıxarıb gözlərini silərək oğlundan söz açır:

-Dörd övladım vardı, deyirdim mən onun çiynində gedərəm dünyadan, amma əksinə oldu…Babək ağıllı, söz eşidən, böyük-kiçik yeri bilən bala idi. Məşhəd və Kərbəla ziyarətlərində olmuşdu, həm dinimizə, həm də vətənimizə bağlı idi. Uşaq vaxtı çılğın olsa da sonralar daha səbirli idi, yaşı az idi amma dünyagörmüş kişilər kimi müdrik düşünürdü. Daim əsir torpaqlarımızı düşünür, dözə bilmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci özüm gedəcəyəm. Ali Baş Komandan İlham Əliyevin müharibəyə başlaması elə ürəyindən oldu ki!.. Dərindən köks ötürüb əlavə edir: Vətən sağ olsun…

Həyat yoldaşı Rəmziyyə xanım :

-Son dəfə oktyabrın 3-də danışdıq, döyüşə gedəcəkdilər, qələbəyə ürəkdən inanırdı…Çox razı idim Babəkdən, ailəsini çox sevirdi, dəyər verirdi, ailəcanlı və mehriban idi…

    İndi kənd qəbristanlığı bir məzar boyu da vətənləşib, dəyərli olub, çünki burda şəhid uyuyur… Rahat yat, deyirəm, şəhidim, sənin yarımçıq işini Müzəffər Ordumuzun cəsur əsgərləri tamamladılar, yağını torpaqlarımızdan qovub çıxardılar. Bu gün Qarabağ Azərbaycandır, vətəndaşlarımız isə hər biri qarabağlı… Sənin canını verdiyin torpaqlarda balaca qızların azad gəzəcək və səninlə həmişə fəxr edəcəklər…




Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.