Etiket arxivi: SƏLİM BABULLAOĞLU

“Ərənlərin nəğməsi” (Çeçen şeirindən seçmələr) kitabı və kitabda toplanmış nümunələr haqqında.

ƏRƏNLƏRİN NƏĞMƏSİ

(Çeçen şeirindən seçmələrə tərtibçidən son söz)

2023-cü ilin aprel ayının 5-i idi. Yazıçılar Birliyindəki iş otağımdan çıxıb yuxarı, redaksiyaların yerləşdiyi çardağa qalxmalıydım, indi yadımda deyil hansı iş üçün. İkinci mərtəbədə, Səməd Vurğunun böyük rəsmi önündə dağlı üsulu başı yaylıqlı iki xanım gördüm. Sual dolu nəzərlərlə qarşılaşdım, ayaq saxladım, kim olduğumu dedim və onlara necə kömək edə biləcəyimi soruşdum. Məlum oldu ki, qonaqlar Çeçenistan Dövlət Pedaqoji Universitetinin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, biologiya elmləri namizədi, dosent Tamara Avtayeva, universitetin rus dili və rus dilinin tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Raisa Buralovadır. Azərbaycanın ən sevilən yazıçısı Anarla (elə belə də dedilər və əlavə elədilər ki, bunu Bakıya ilk gəlişlərində kitab sərgisində keçirdikləri “sorğu” nəticəsində müəyyənləşdiriblər, sonra da “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni sevə-sevə oxuyublar) görüşmək, ünsiyyətdə olmaq istəyirlər. Anar müəllimin otağına keçdim, qonaqlar barədə məlumat verdim və 2-3 dəqiqə sonra o xanımları qəbul elədi. 10-15 dəqiqəlik mehriban söhbətin sonunda şəkil çəkməyim də xahiş olundu. Zaraftla “bahalı fotoqrafam” deyib, məmnuniyyətlə bir neçə şəkil çəkdim.

Görüşdən sonra qonaqları öz iş otağıma dəvət etdim. Çay təklif eləsəm də, Ramazan ayı olduğunu, oruc tutduqlarını xatırlatdılar.

Ramazanın 14-cü günüydü.

Düzü, sıxıldım və təəssüflə bildirdim ki, ikinci ildi səhhətim üzündən oruc tuta bilmirəm.

Söhbət zamanı qonaqlar bizim Dillər Universiteti ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında sıx əməkdaşlığın, elmi və tədris mübadiləsinin olduğundan, Bakıya universitetin rektoru, akademik Kamal Abdullanın dəvəti ilə gəldiklərindən, Kamal müəllimin əsərlərindən, Bakıya sevgilərindən səmimiyyətlə və ağızdolusu danışdılar. Mən də, öz növbəmdə, onlara Yazıçılar Birliyi, birliyin tarixi, indiki vəziyyəti, nəşrlər və ayrıca olaraq “Dünya ədəbiyyatı” dərgisi, çap etdiyimiz kitablar barədə məlumat verdim. Dərginin Türkiyə, Rumıniya, Pakistan, İsrail ədəbiyyatına həsr olunmuş xüsusi saylarını, bir neçə kitabı onlara göstərdim (sonradan bəzilərini istədilər deyə hədiyyə də elədim).

Söhbətin ortasında Tamara Andıyevna qəfil soruşdu: – Dərginin çeçen ədəbiyyatı sayını da nəşr etmək olarmı? Tərəddüdsüz: – Əlbəttə, olar, – dedim. – Hətta çox yaxşı olar. Çox vaxtı biz üzümüzü uzaqlara, Qərbə, Avropa ədəbiyyatına tuturuq, daha çox qərbli müəllifləri tərcümə edirik. Halbuki əvvəl yaxın qonşularımızı, dostlarımızı, bizə yaxın olan xalqların ədəbiyyatını tanımalıyıq. Amma köməksiz olmur. Xüsusən, müəllif və mətn seçimində.

Beş gün sonra biz qonaqlarla yenə görüşdük. Bu dəfə onların təklifiylə və məqsədli. Azərbaycan Yazıçılar Birliyi ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında Azərbaycan, çeçen və rus dillərində hazırlanmış əməkdaşlıq memorandumu imzaladıq. Bir müddət sonra mən çeçen dostların dərgimizin xüsusi sayı ilə bağlı, janrlar, növlər, bölmələr, rubrikalar, həcm barədə sorğularını, əsasən, texniki səciyyə daşıyan suallarını cavablandırdım və qarşı tərəf də Çeçenistan Yazıçılar İttifaqı ilə birlikdə bizimçün müəlliflərin, bədii və elmi mətnlərin seçilməsinə (seçim vaxtı bizim tələblər, əlavələr nəzərə alınır, suallarımız cavablandırılırdı), bioqrafik arayışların hazırlanmasına və tərcümə işinə başladı. Yazışma və münasibətlərimiz beləcə mütəmadi xarakter aldı.

Üzü payıza doğru çeçen həmkarlarımız hazırladıqları mətnləri bizə göndərdi və biz də, öz növbəmizdə, tərcümə prosesinə başladıq.

İndi ötənilki ilk görüşdən 10 gün əskik, düz, 1 il keçib. Bütün işlər bitib. 80-ə yaxın çeçen müəllifinin əsəri, proza və poeziya nümunələri, elmi məqalələrin toplandığı dərgi, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbiyyatı “xüsusi sayı”, yəqin 10-15 gün sonra çapa gedər, bir 10-15 gün sonra isə əlimizdə olar, inşallah.

Və mən də elə bu gün dərginin xüsusi sayı üçün 41 şairdən etdiyim poetik tərcümələrin (aşağı-yuxarı, üç min misraya yaxın poetik mətnin) hər şairdən yalnız bir şeir olmaqla, şeçdiyim hissəsini  – “seçmələr”i ayrıca toplu kimi çapa göndərməyə hazırlaşır, kitab üçün yazdığım Son söz yazısını bitirməyə, onu artıq səhifələnmiş kitabın axırına qoyulsun deyə mətbəəyə göndərməyə hazırlaşıram.

Hazırlaşıram və anlayıram ki, bu gün, martın 24-ü, yenə də Ramazanın 14-cü günüdür.

Həyatın qəribə qafiyələri var.

Hazırlaşıram və ötən ilin iyun ayının 21-də Çeçenistana, Qroznıya ilk qısamüddətli səfərimi xatırlayıram: Çeçenistan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərə dəvət olunmuşdum. İş elə gətirmişdi ki, həmin tədbirlərə Dillər Universitetinin prorektoru Jalə Qəribova, pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və “Təhsil-1” fakültəsinin müdiri Fikrət Cahangirovdan ibarət bizim nümayəndə heyəti ilə birgə və birbaşa Bakı-Qroznı təyyarə reysiylə deyil, 5 gün əvvəl getdiyim, Beynəlxalq Mihay Eminesku Akademiyasının təşkilatçılığıyla Rumıniyada, Krayova şəhərində keçirilən şeir festivalını 2 gün tez tərk edib Krayovadan Buxarestə yol maşını, Buxarestdən İstanbula və İstanbuldan Mineralnı Vodıya təyyarə, Mineralnı Vodıdan Qroznıya isə məni gözləyən taksi ilə bütövlükdə 16 saat çəkən yolçuluqdan sonra qatıla bilmişdim. Əslində səfərin 1 saatını özüm uzatmışdım. Məni Qroznıya aparacaq çeçen sürücü Lemadan xahiş eləmişdim ki, öz E 005 KX 134 RUS nömrəli “Hundai Solaris”ini Pyatiqorskdan sürsün. Lema xahişimi yerə salmamışdı və üstəgəl, bu plansız səfər üçün ona vermək istədiyim “qonorar”ı da axırda, nə illah eləsəm də götürməmişdi. İlk dəfə 34 il əvvəl rəhmətlik atamla bərabər gəzdiyimiz həmin şəhərə bir də ayaq basmaq, birgə qalxdığımız Maşuk dağına təkrar, kənardan da olsa baxmaq, Lermontovun dueldə öldürüldüyü yeri (çeçen poeziyasını tərcümə prosesində bir daha anladım ki, çeçenlərdə Lermontova da Tolstoy qədər dərin sayğı var) görmək istəmişdim. Atamın Lermontov və Axundovun ona bağışladığı saz barədə danışdıqları indiyə qədər yadımdadır; yalnız bir misrasını dumanlı xatırladığım ilk şeirimi o gecə “yazmışdım”, Yessentukidə kirayə tutduğumuz evdə rəhmətlik anamı oyadıb demişəmmiş ki, mən şeir söyləyəcəm sən yaz; onda yazmağı bacarmır, hələ məktəbə getmirdim. Xalqlar da uşaqlar kimidi. Əvvəl danışır, sonra yazmağı öyrənirlər. Və hələ bilmək olmaz ki, danışılanlarmı qiymətlidir, yazılanlarmı; nitqmi vacibdir, dilmi; folklormu, yazılı ədəbiyyatmı?!

Hər necəsə, hurrit-urart, sarmat-alan, süryani-nəsturi və qədim arami tayfa, dövlət, dil və əlifbalarının çeçen dilinin (və yazısının) tarixində izləri haqqında qafqazşünas alimlərin, tarixçi və dilçilərin çox müxtəlif elmi iddiaları, yozumları var. O da məlumdur və təsdiqini tapıb ki, çeçenlər tarixin fərqli dövrlərində gürcü, ərəb, latın və kiril əlifbasından istifadə ediblər; sonuncu bu gün də davam edir.

Şimali Qafqaz xalqlarının yeni yazılı ədəbiyyatları sırasına aid edilən hazırkı çeçen ədəbiyyatının tarixi son iki yüz ili əhatə eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi, sistemli öyrənilməsi əsasən, son yüz ildə baş verib. Hərçənd elə həmin o son yüz il də, əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın hər bir xalqın dili və ədəbiyyatı üçün, yumşaq desək, nə qədər böyük çətinliklər yaratdığını biz azərbaycanlılar pis bilmirik; üstəgəl, bütün bu əlifba dəyişiklikləri məlum tarixi hadisələrin, təlatümlərin, qanlı savaşların, repressiya və təqiblərin, sürgün, terror və vətəndaş qarşıdurmalarının təzahürü olub; növbəylə biri digərini doğurub, tətikləyib.

Folklorun, şifahi xalq ədəbiyyatının bir xalqın yazılı ədəbiyyatına böyük, danılmaz təsiri barədə xüsusi danışmağa ehtiyac yoxdur: biz yazmağı danışmaqdan öyrənmişik və bir tərəfdən, dilin (=nitqin), deməli, düşüncə tərzinin də saxlancı olan folklor nümunələri, eyni zamanda sonradan formalaşmış yazılı ədəbiyyatın bünövrəsini təşkil edir; bəzən əsas və əbədi ideya-məzmun istiqamətlərini, təbii, qismən vacib süjetləri, üslubi-estetik nüansları təyin edir; hökmən deyil ki, bunu həmişə birbaşa hiss edəsən.

Ədəbiyyatşünaslar tərəfindən yaşı 600 deyə təsbit edilən (bu dartışıla da bilər) çeçen qəhrəmanlıq nəğmələrinin, dastanların  – “illi”lərin də bu baxımdan maraqlı xüsusiyyətləri var. Nəql olunan hadisələr bir qayda olaraq bəlli bir mövsümdə, bir fəsildə, hətta günün konkret anında, məqamında baş verir (yapon haykularını xatırlamamaq mümkün deyil), bu da oxucu üçün süjeti bədii cəhətdən daha inandırıcı və dürüst edir. Adətən, qəhrəmanlar səfərə sübhdə çıxır, “düşmənlər”in (qarşı tərəf də demək olar) sadalanan eyib və pis keyfiyyətləri yalnız qəhrəman obrazının, onun xeyirxah amalının oxucu üçün “avtomatik” olaraq təqdimatına xidmət edir. Səfərə çıxan qəhrəmana anasının öyüdü, alqışı – monoloq, qəhrəmanın da, öz növbəsində, anaya xitabı, doğma aulu, kəndi ilə vidalaşması, öz vəfalı atına müraciəti, Tereki öyməsi “illi”lərin vacib elementlərindən sayılır. Əksər “illi”lər real tarixi hadisələrdən, xalqın yaşadığı həqiqi iztirablardan qaynaqlanır, işğalçılara və ədalətsizliyə qarşı mübarizədən, feodallarla savaşdan, öz sevgisi, sevgilisini müdafiədən danışır, dağlıların, xüsusən, islam qanunları əsasında formalaşan şərəf kodeksi, qonağa münasibəti, xüsusən, vətən və ana-övlad sevgisi sərgilənir, bu yolda məşəqqətlərdən söz edilir. Elə bu sətirləri yaza-yaza bir yandan, “Cəsur Çeq və Tayma oğlu Bəypolad” “illi”sini, bizim qəhrəmanlıq dastanlarını, sonra da böyük Səməd Vurğunun “Ananın öyüdü” şeirini xatırlayıram.

“İlli”lərin girişi, başlanğıcı da çox maraqlıdır. İlk “cümlədəncə” oxucu “hadisənin içinə daxil edilir”, həm nəql edənin qulaq yoldaşına, eyni zamanda “sonradan baş verəcək hadisələrin şahidinə” çevrilir.

Xatırlayıram və keçmiş tarixlə anlayıram ki, sən demə, çağdaş çeçen şeiri nümunələrini dilimizə çevirərkən (bu kitaba isə az əvvəl dediyim kimi, hər müəllifdən bir şeir olmaqla tərcümə edilmiş mətnlərin yalnız dörddə biri daxil edilib), demək olar, 41 müəllifin hər birinin poetik mətnində süjet xətti, mövzu, leytmotiv, janr xüsusiyyətləti, estetik nüanslar, kompozisiya modelləri baxımından “illi”lərdən miras qalan həmin bütün o sadaladığım bədii məziyyətlərlə, onların nişanələri ilə birbaşa ünsiyyətdə olmuşam. Şeirlərə varmış diqqətli oxucu mütləq əksəriyyəti intizamlı, qafiyəli, heca şeirlərindən ibarət olan poetik mətnlərdə az əvvəl yazdığım kimi və “illi”lərdə olduğutək mövzuların dəyişmədiyini, əsas mövzuların yenə də vətən eşqi, ana dominant olmaqla, valideyn sevgisi, sevgi, təbiətə və doğma yerlərə vurğunluq, dağlıların şərəf kodeksi olduğunu artıq bilir.

Görünür, müxtəlif xalqların tarixi və ədəbi proseslərinin sinxronlaşıb-sinxronlaşmamasından asılı olmayaraq (yəni ümumdünya ədəbiyyatı prosesi kimi təşkili nəzərdə tutulur), elə bir xalqın öz içində də tarix və ədəbiyyat hər nə qədər sinxronlaşsa, yaxud sinxronlaşmasa belə, nitqin və dilin ali hadisəsi olan şeir öz vacib mövzularını, lüğət tərkibini daim saxlayır; ilk növbədə, “vətən”, “ata-ana”, “günəş”, “dağ”, “övlad”, “çay”, “şərəf” kimi həqiqi sözləri, anlayışları qorumağı özünə borc bilir; çünki şair öz intuisiyası ilə nitqin və dilin, sözün və yaradılışın potensialına müraciət edir, ideal insanın mövcudluğunu bir an olsun belə gözdən qaçırmır. Bir az da böyük Avstriya şairi R.M.Rilkenin (1875-1926) “IX Düin elegiyası”nda yazdığı kimidir hər şey: “Bəlkə biz bu dünyaya ona görə gəldik ki, “quyu”, “darvaza”, “ev”, “ağac”, “pəncərə”, ya da uzağı, “qüllə”, yaxud “sütun” söyləyək. Amma elə söyləyək ki, həmin əşyalara indiyə qədər xəbərsiz olduqları xislətlərini də xatırladaq”.

Abad, əmin-aman, yaşıllığı və işıqları sayrışmaqla göz oxşayan Qroznını təkrar xatırlayıram. Şəhərin elə hissəsi var ki, həmin yeri asanlıqla yeni Astana, yaxud Dubayla qarışıq sala bilərsən.

Axşamüstüdü. Mərkəzdə türk ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi” məscidinə tərəf addımlayıram. Görüşdüyüm universitet müəllimlərinin və gənc tələbələrin, gün ərzində üz-üzə gəldiyim insanların elə yolboyu da təkəmseyrək qarşılaşdığım adamlar kimi sarışın, ağbəniz, işıqlı simaları, ağıllı baxışları təkrar-təkrar gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb, sağaldır.

Qoy Allah bu mərd xalqa bir də savaş, qırğın nəsib eləməsin:

“Səslərini dinləyib

artır təlaşım gecə,

Naməlum ulduzlara

uzanır gecə necə?

Uzanır gozləntiylə,

arzu, ümidlə dolu,

Gizlin sevinclə dolu…”

(M.Mamakayevin (1910-1973) “Bahar gecəsi” şeirindən fraqment)                                                                           

24 mart 2024-cü il.

Müəllif: Səlim BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr – toplusu işıq üzü görüb.

“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr – toplusu işıq üzü görüb

“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr– toplusu “Mücrü” nəşriyyatında çapdan çıxıb. Topluya XX-XXI əsr çeçen şeirinin bütün ədəbi nəsillərini təmsil edən, hər bir müəllifdən bir şeir olmaqla 41 şairin əsəri daxil edilib. Şeirlərin dilimizə tərcüməçisi, eyni zamanda antologiyanın tərcüməçisi və son sözün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğludur. O bildirib ki, toplu Azərbaycan Yazıçılar Birliyinin nəşridir, Birliyin Çeçenistan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı çərçivəsində hazırlanıb: “Məryəm İsayeva, Məhəmməd-Salah Qadayev, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Arbi Mamakayev, Məhəmməd Sulayev, Əhməd Süleymanov, Zayndi Mütəllibov, Xasməhəmməd Ədilov, Raisa Əhmədova, Şayxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Səid Qatsayev, Adiz Kusayev, Eduard Mamakayev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev, Əlvədi Şeyxiyev, Qafur Əliyev, Elman Yusifov, Tovuz İss, Albert Məhəmmədov, Əbdülhəmid Xatuyev, Leça Abdullayev, Yusif Yarəliyev, Ruslan Yusifov, Xocbaudi Borhacıyev, Süleyman Hacı-Autayev, Bana Qaytukayeva, Ömər Saiyev, Adəm Əhmətukayev, Şərif Suruyev, Sulim Mahəmmədov, Aslambek Tuquzov, Lyuba Arsaliyeva , İnqa Hayauri və Əsəd Xaliqova kimi tanınmış çeçen şairlərinin müxtəlif mövzulu şeirləri topluya daxil edilib. Kitabın redaktoru “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli, naşiri Müşfiq Xan, dizayneri Cavid Kişiyev, məsləhətçilər tanınmış çeçen alimləri Tamara Avtayeva və Raisa Buralova, korrektoru Gülzar Vaqifqızıdır. Mətnlərin nəşrinə icazə və müəlliflik hüququ ilə bağlı məsələlər Çeçenistan Yazıçılar İttifaqı tərəfindən həll edilib. Biz kitabın hazırlanmasında istedadlı çeçen rəssamları Ruslan Yakixanovun, Məhəmməd Zakriyevin işlərindən istifadə etmişik. Mən bu əməkdaşlığa görə, universitetin rektoru cənab İsmayıl Bayxanova və İttifaqın sədri cənab Aləməhəd Yelsayevə, rəssamlara, bütün yaradıcı heyətə, eləcə də kitabın redaktoruna, məsləhətçilərə, naşirə, zəhməti keçən hər bir şəxsə təşəkkür edirəm. Və əlbəttə ki, kitabın nəşrindəki dəstəyinə görə iş adamı Süleyman Muradlıya xüsusi minnətdarlığımı çatdırıram, çox sağ olsun.
Poeziyadan danışarkən şeirin xalqın mənəvi tarixi olduğunu deyirlər. Onda bu toplu Azərbaycan oxucusuna çeçen poeziyası və çeçen xalqının mənəvi tarixi ilə tanış olmaq üçün bu həcmdə ilk fürsət olacaq…”

YAZARLAR.AZ olaraq,  SƏLİM müəllimi, eyni zamanda bütün kitabsevərləri bu mühüm ədəbiyyat hadisəsi münasibətilə təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYB-nin yeni üzvünün təəssüratları – Sevinc!

AYB-nin yeni üzvü Mirnəzər Mirkazımlı: – “Doğrusu, tələbəlik dövründən üzübəri, çox sayda yazarlarla salam-kalamım olsa da, Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq heç yadıma düşməmişdi, üzv olub-olmamaqda əlahiddə fərq də hiss etmirdim. Fəqət, bir təsadüf nəticəsində ərizə verdim.
Qəbul olunduğumu çoxdan bilirdim, AYB Qəbul komissiyasının katibi Məlahət xanım məlumat vermişdi. Dünən komissiyanın sədri, sevimli şair-tərcüməçi Səlim Babullaoğlu ilə görüşdüm, xatirə şəkli çəkdirdik.
Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllim başda olmaqla, qəbul üzrə komissiya üzvlərinə təşəkkür edirəm.”

“Yazarlar” olaraq, təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu: Qəşəm Nəcəfzadənin portreti üçün abzaslar…


Qəşəm Nəcəfzadənin portreti üçün abzaslar…

15-16 il bundan əvvəl idi, qarışıq vaxtlardı. “Zaman” qəzeti Bakı bürosunun əməkdaşı kimi İmişliyə ezam olunmuşdum, qaçqın şəhərciyindən reportaj hazırlamalı, Çardaqlıdan Türkiyədəki fotosərgi üçün fotolar çəkməliydim. Mənə, adını təəssüf ki, unutduğum bir cavan adamı təhkim etdilər, yaddaşım məni aldatmırsa o vaxtkı komsomol sistemində çalışmışdı, rayonu yaxşı tanıyır, hadisələrin xronologiyasını yaxşı bilirdi. İcra hakmiyyətinin qonaq evindəki bir axşamüstü baş tutan söhbəti xatırlayıram. Dedi ki, sizi (yəni, məni) iki yerə aparmaq istəyirəm. Seyid Nəsihət Ağa ocağına və şair Qəşəm Nəcəfzadə ilə görüşə. Əlavə elədi ki, Qəşəm Nəcəfzadə onun müəllimi olub. Sonra da bir az Ağa ocağının və onun övladlarının kəramətindən, bir də Qəşəm Nəcəfzadənin sevdiyi şeirlərindən danışdı. Mən onun təklifini qəbul eləyə bilmədim, o gün gecə geri qayıtmalıydım…

Üstündən illər keçəndən sonra mən bu hadisəni niyə xatırladım? Yəqin ona görə ki, bu şair həmkarımız Qəşəmə olan hörmətin nişanəsi kimi görünür mənə. Yəqin ona görə ki, xalqımız (bu sözün bütün plakat tərəfini kənara atın, lütfən) bütün dövrlərdə dinini və ədəbiyyatını ən qiymətli hesab edib, onlara bağlılığını və hörmətini məhz bu cürə sadə şəkildə büruzə verib. Və bir də yəqin ona görə ki, böyüklərin dediyi kimi, həqiqi ədəbiyyat dini tərkibli olmalıdır, danışdığım hadisədə buna balaca bir eyham vardı.

Qəşəm Nəcəfzadə maraqlı şairdi. Lirik-sentimental ovqatlı şeirlərində (“Sənin dərsin”) o tamam başqa bir poetika sərgiləyir, estetik gözdən məhrum olsa da onun bu şeirləri bəzən ziyadə uşaq sadəlövhlüyünün, təxəyyül və təmizliyinin əksi kimi görünür adama. Amma publisistik və ictimai motivli, içrikli şeirlərində(“Xocalı mövsümü fevral”, “ 8 a” sinif jurnalının arxasında yazı”, “Amerika”, “Aritmiya”) onun poetikası, dili çox soyuq təsir bağışlasa da, hədəfi çox aydın, problemə yanaşması çox dəqiq baş verir. Adi bir məqam: təsəvvür edin, Azərbaycanın yaxın tarixi, mənzərəsi, insanlarının ruhi vəziyyəti və ovqatı haqqında yalnız poeziya vasitəsilə məlumat almaq istəyən olsaydı, Qəşəmin adlarını ikinci çəkdiyim şeirləri məlumat verə bilərdimi? Fikirləşirəm ki, hə, özü də dolğun məlumat verərdi. Görünür məhz bu keyfiyyətləri,belə şeirləri onun yazdıqlarını bəzən böyük poeziya ilə qohum edir. Rotterdam poeziya festivalına onun gedişi, əlbəttə ki, çoxlarının hesab etdiyi kimi təsadüf, yaxud da ki, yalnız uğurlu tərcümə ola bilməzdi…

Qəşəm həm də olduqca maraqlı hekayələrin müəllifidi. Məsələn, bizim polyak antologiyası üçün çevirtdirdiyimiz hekayələrin arasında redaktor, tərcüməçi və oxuculardan müsbət rəy alan, diqqət çəkən əsərlərdən biri də məhz onun “Bənövşə” hekayəsi idi, halbuki onlar indiyə qədər milli ədəbi tənqidimizin diqqətindən, təəssüf ki, yayınıb…

Qəşəm aktiv kreativ potensiala malik, olduqca çalışqan adamdı, bu onun portretini tamamlayır, o gah “Pərvanə”nin təşkilatçısıdı, gah auditoriyalara çağdaş ədəbiyyatımızı və həmkarlarını təqdim edən pedaqoqdu, gah sayt yaradır, gah da hər gün onlarla əcnəbi həmkarı ilə yazışır…

Mən Qəşəmin öz kəndləri ilə bağlı şeirlərini – təpələr (Aranda dağ olmur), çəmənlər, otlar, itlər, çəpərlərin aydın, gözəl təsvir olunduğu şeirlərini sevirəm. Onların təsvirində Qəşəm poetik imkanlarının ən yuxarı plankasına qalxır. Düşünürəm ki, vaxt gələcək, bizim bir-birimiz haqqında “ya zəlzələdən, ya vəlvələdən” söz demək istəmədiyimiz dövr ötüb keçəcək, bax, onda bütün digər dəyərli həmkarlarının yazdıqları ilə yanaşı Qəşəmin şeirləri öz həqiqi, ehtirassız yerini tutacaq…

“525-ci qəzet” 25 yanvar 2010.

Səlim Babullaoğlu,
şair, Azərbaycan Yazıçılar Birliyinin katibi.

Dumas, Natavan, le poignard, l’arkhalig et le jeu…

Düma, Natəvan, xəncər, arxalıq və oyun…

Дюма, Натаван, кинжал, архалук и игра…

“YAZARLAR” – SİFARİŞ ET

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu.

Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu

24.01.2024-cü il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində AYB-nin “Natəvan” zalında Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat mərasimi baş tutub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğunda Azərbaycan – Özbəkistan arasındakı mövcud və genişlənməkdə olan mədəni əlaqələr üzrə maraqlı diskusiya şəraitində keçən tədbirdə həm özbəkistanlı, həm də azərbaycanlı yazarlar Xasiyyət Rüstəmin yaradıcılığı ilə barabər ümumi faydalı əməkdaşlıq kontekstində də yaddaqalan təkliflərlə çıxış ediblər. Hər iki tərəfdən alimlərin, yazarların, ictimaiyyət nümayəndələrinin, oxucuların iştitak etdiyi tədbirdə yazarlar adından xanım Xasiyyət Rüstəmə “Ziyadar” mükafatı, cənab Səlim Babullaoğluna isə “Kitab dünyası” qəzetinin Diplomu təqdim olunub. Bundan əlavə Azərbaycan – Özbəkistan mədəni əlaqələrin inkişafına göstərdiyi misilsiz xidmətlərinə görə azərbaycanlı tanınmış türkoloq alim Ramiz Əsgərə xüsusi hədiyyə verilib.

İki qardaş ölkənin yazarları bu tədbiri keçirməklə gözəl bir nümunə göstəriblər. Tədbirdən fotolar:

“Yazarlar” jurnalı

XASİYYƏT RÜSTƏMİN YAZILARI

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Düma, Natəvan, xəncər, arxalıq və oyun…

Düma, Natəvan, xəncər, arxalıq və oyun…
Bəyanata “söz ardı”

Bu gün Azərbaycan Yazıçılar Birliyi, Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə, “Azərbaycan Bağı”na qarşı nümayiş etdirilən aşağılayıcı münasibəti, rəftarı pisləyən KİV və media nümayəndələrinin iştirakı ilə əsaslı bəyanat yaydı. Telekanallara verdiyim bir açıqlamanı burdan da, yazılı şəkildə bölüşməyi doğru hesab edirəm.

Bilirsiz ki, fransız yazıçısı Aleksandr Düma Bakı polismeysteri Piqulevskinin evində Xasay bəy Usmiyevlə görüşmüş, bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, kimi tanınan, bu gün əsərləri Azərbaycanda dövlət varidatı elan olunmuş Xan qızı Natəvanla və digər ailə üvləri ilə tanışlığı barədə sonradan “Qafqaz səfəri” əsərində yazmışdı.
Dümanın “Qafqaz səfəri”ndəki o görüşdən bəhs edən üç məqam ilk oxuduğumdan bəri diqqətimi çəkmişdi, təkrar oxu zamanı isə bəzi məqamlar bu günümüzlə səsləşən daha aydın rəmzlər kimi görünmüşdü.
Xasay bəy, Natəvan xanım, onların uşaqlarından bəhs edən Düma yazır ki, nənəsinin qucağında beş-altı yaşlı oğlan uşağı (söhbət həmin görüşdə iştirak edən Xasay bəyin anasından, Xasay bəyin və Natəvanın oğlu kiçik Mehdiqulu xandan gedir) hər iki tərəfi ülgüc kimi iti xəncərin dəstəyindən tutmuşdu; həqiqi bir xəncəri fransız qadını heç vəchlə uşağının əlinə verməzdi, ancaq bu bir azərbaycanlı qadının öz uşağına verdiyi oyuncaq idi.
İkinci məqam, görüşdən bir saat sonra Xasay bəyin mükəmməl bir fransızca ilə Dümaya məktubuyla bağlıdır, Xasay bəy yazırdı ki, sizin çox gözəl silahlarınız vardır, odur ki, kolleksiyanıza nəsə əlavə etmirəm, sizdən xanımımın əl işi olan pul kisəsini (həm də mahir nəqqaş və tikişçi idi Xan qızı) və iki arxalığı qəbul etmənizi xahiş edirəm.
Üçüncü məqam, hədiyyələrin qarşılığında Dümanın Xasay bəyə və Natəvana fiqurları fil sümüyündən hazırlanmış şahmat hədiyyə etməsiydi.
Qəribə rəmzlərdir: yazıçı olsa belə bir avropalını (əslində əsərlərində uşaqdan böyüyə əksər personajlarının əlində qılınc-xəncər, şpaqa əskik olmayan bir yazıçını) bizim əlimizdəki silah narahat edirdi; bunu hiss edən Xasay bəy “sizin çox gözəl silahlarınız var” deyə yazıçıya və avropalıya arxalıq və pul kisəsi (əslində xeyir-bərəkət, əmin-amanlıq) hədiyyə edir, eyni zamanda deyir ki, sizi silahla təəccübləndirnək olmaz; qarşılığında da yazıçı və avropalı, ağıllı olsa belə bizə şahmat kimi oyun təklif edirdi- fiqurları, çox güman, Afrikanın çöllərində, Fransanın koloniyalarında öldürülmüş heyvanın sümüklərindən hazırlanmışdı.
Qəribədir, elə bil ən yaxın tarixmizdi. Son 30-35 ildə baş verənlərin öncədən hazırlanmış konspektidi. Yəni, yenə biz Avropaya xeyir-bərəkət əta edir, yenə onlar bizi oyuna salır və əlimizdə yalnız öz haqqımızı müdafiə etmək üçün gərəkli silahın olmamasını istəyirlər.

Səlim Babullaoğlu,
şair, Azərbaycan Yazıçılar Birliyinin katibi.

Dumas, Natavan, le poignard, l’arkhalig et le jeu…

Düma, Natəvan, xəncər, arxalıq və oyun…

Дюма, Натаван, кинжал, архалук и игра…

“YAZARLAR” – SİFARİŞ ET

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İyulun 15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

Vaqif Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri – Qazağın Yuxarı Salahlı kəndindən start götürüb.

İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.

Mənbə: Çingiz Abdullayev

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BU AXŞAM XEYRİYYƏ TƏDBİRİ VAR

Səlim Babullaoğlu : “Toplanan vəsait zəlzələdən əziyyət çəkənlərə yardım fondlarına yönəldiləcək…”

Martın 4-də Azərbaycan Yazıçılar Birliyi Beynəlxalq Muğam Mərkəzində “ Bir yumruq, bir ürək, bir can!” devizi ilə xeyriyyə tədbiri keçirəcək. Tədbirdə tanınmış şairlər öz şeirlərini səsləndirəcək, milli və klassik musiqi ifa olunacaq.

Tədbirin təşkilatçılarından olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu bildirib ki, bu ideya Birliyin sədri, Xalq yazıçısı Anara məxsusdur: ” Bu tədbir daha əvvəl planlaşdırılsa da Muğam Mərkəzinin qrafikinə uyğunlaşdıq. Təklifi zəlzələnin ilk günlərində Anar müəllim verdi və biriliyin rəhbər heyəti ilə başsağlığı üçün Türkiyə səfirliyini ziyarət edəndə cənab səfirə də bildirdik. Əslində Yazıçılar Birliyi ölkəmizdəki bir çox təşkilatlar kimi zəlzələdən zərər çəkənlərə maliyyə yardımı elədi. Amma qərara alındı ki, belə bir tədbirin də keçirilməsi yaxşı olardı. Bu ilk növbədə qardaşlıq borcumuzdur.

Tədbirə giriş pulsuzdur. Foyedə qutu qoyulacaq. Kimin ürəyə nə qədər istəyir yardım edəcək. Və bu vəsait Türkiyənin ölkəmizdəki səfirili vasitəsilə ,onların nümayəndəsi tədbirdə iştirak edəcək, zəlzələdən əziyyət çəkənlərə yardım fonduna yönəldiləcək. Belə ənənələr olub. Bu gün də olması vacibdir…”

Qeyd: Giriş sərbəstdir – Sizi gözü yolda qalan gözlər gözləyir…


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şair və ictimai xadim Babulla Səlimov vəfat edib.

1945-ci ildə anadan olmuş Babulla Səlimov Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib.

Uzun illər neft sənayesində çalışıb, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin sədr müavini, sədri, Əli Bayramlı Şəhər Sovetinin sədri, icra başçısının müavini kimi bir çox məsul vəzifələrdə çalışıb. Şəhərin quruculuğunda yaxından iştirak edib, milli memarlıq ənənələrinin təbliğinə və tətbiq edilməsinə xüsusi qayğı göstərib. Onun “Səməd Vurğun dühası xalqa məxsusluğun abidəsidir” layihəsi əsasında 1987-ci ildə Əli Bayramlı şəhərində Səməd Vurğun parkı salınıb, şairin abidəsi ucaldılıb.

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə onun işlədiyi layihə əsasında Əli Bayramlı şəhərində “Dədə Qorqud meydanı” salınıb, Dədə Qorqud abidəsi ucaldılıb, dastanın motivləri və coğrafiyasını özündə əks etdirən abidələr kompleksi tikilib.

Babulla Səlimov, eyni zamanda, neft-mədən avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı 42 səmərəli təklifin müəllifi olub.

Ötən əsrin 70-ci illərindən başlayaraq o, respublikanın dövri mətbuatında Babulla imzası ilə həm elmi-publisistik, həm bədii yazılarla çıxış edib, hər yazısında xalqımızın tarixi ilə bağlı taleyüklü problemlərə toxunub.

Onun 20 Yanvar şəhidlərinə həsr olunmuş “Xiyabandan gələn səslər” şeirlər kitabı 1991-ci ildə, “Yaddaşın abidəsi” fəlsəfi-publisistik kitabı 2000-ci ildə, “Sonam” xatirat kitabı isə 2013-cü ildə nəşr edilib.

B.Səlimov bir çox dövlət təltifləri ilə, medallarla mükafatlandırılıb, “Yaddaş” Milli Mükafatına layiq görülüb.

Qeyd edək ki, Babulla Səlimov tanınmış şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun atasıdır.

Allah rəhmət eləsin!


“YAZARLAR” JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.YAZARLAR.AZ    VƏ    WWW.USTAC.AZ

BU GÜN SƏLİM BABULLAOĞLUNUN DOĞUM GÜNÜDÜR!

Zaur USTAC və Səlim BABULLAOĞLU (Şuşa şəhəri, 9 sentyabr 2022-ci il.)

Harada kitab, ədəbiyyat, incəsənət, mədəniyyət adına bir layihə varsa, Səlim Babullaoğlu imzası mütləq orada var! Mənə görə bunlardan ən möhtəşəmi, hələ də sönməz ulduz kimi parlayanı (bu layihənin bəhrələrini hələ uzun illər çoxlu nəsillər dadacaq və bərəkətindən faydalanacaq) “Atv kitab” – “Parlaq imzalar” olub… Bu gün əlavə təqdimata ehtiyacı olmayan Səlim Babullaoğlunun doğum günüdür! Şad gününüz mübarək, əziz və gözəl insan! Hər yeni saat, yeni gün, yeni il, uğur gətirsin inşəAllah! Başdan ayağa söz adam, şeir adam, kitab adam! Allah can sağlığı versin!!!

Hörmətlə: Zaur Ustac

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru