Əziz Siyamək, həmin gün, ATV-nin, “El içində” verilişinin ədəbiyyatla bağlı texniki nöqteyi-nəzərdən uğursuz çəkilişi günü, o gün ki mən sizi, adınızı eşitsəm də ilk dəfə görəcəkdim, “Norveç yazıları” kitabınızı mənə verəcəkdiniz, həmin gün Günel Mövlud Aqil Abbasa nəsillərin bir-birlərinə münasibətləri müsətəvisindən “O nə deməkdi e, çadırda Üzeyir Hacıbəyov niyə doğulmur ki? Günel Mövlud doğulur, Üzeyir bəy doğulmur?” deyə irad edəcəkdi və bu mənə yersiz görünəcəkdi, indi bütün bunlar, baş verənlərin hamısı mənə bir qanunauyğunluq kimi görünür. Çünki həmin gündən etbarən sizin qiymətli əsərinizi oxudum və kitabınız həmin qaçqın mövzusunun davamı kimi göründü mənə sonradan. Fikirləşirəm ki, çadırda Üzeyir də, Günel də doğula bilər, amma onların hər biri bizim hər birimiz olmaq şanslarını saxlayılarsa da Üzeyir bəy olmaq imkanların itirmiş olacaqlar. Bilirsiz niyə? Çünki çadır (alaçıqdan danışmıram) vətənin olmadığına, onun itirildiyinə layiqsiz bir töhfə, parodiyadır. Onun altına məcburən qısılmış qaçqın başının üstündə dam olmadığını axıradək anlamır, çadır onu aldadır. Təsəvvür edin ki, döyüşə gedən əsgərə oyuncaq silah verirsən. Eyni zamanda, çadır həmin qaçqına həqiqi vətəninin onun elə özünün-öz bədəninin olduğunu da anlada bilmir, yenə çadır ona mane olur. Və bu kədərli kuryoz adamı-qaçqını qəzəbləndirir. Qəzəblə isə Üzeyir bəy olmaq mümkün deyil. Güneli bilmirəm, amma mən nə felyetonlarında, nə “bədii yaradacılığında” Üzeyir bəyin qəzəblə təsvir etdiyi bir personaja rast gəlmədim. Mən Məşədi İbadı mənfi personaj olaraq qəbul etdimsə də ona nifrət edə bilmədim, hesab edirəm ki, bu Üzeyir Hacıbəyovun böyük sevgisinin ifadəsi idi. Bütün insanlara. Amma çadırda, konslagerdə doğulmaq və yaşamaq olar, hətta Paul Selan da, Gunel də olub bəzən qəzəbli, bəzən kədərli təcrübəni uğurla fiksə edib onu şeirə də çevirmək, onu təssüf ki, saf-çürük eləmədən həmişə oxuculara ötürmək də olar-bu isə başqa mövzudur artıq.
Qaçqın- vətənini itirmiş adamdır. Könüllü ya könülsüz, təbii ki, fərqi varsa da bu indiki yazının predmeti olmayacaq. Qaçqının vətəni öz canı, bu vətənin sərhəddi onun öz bədənidir, çadır aldatmasın gərək. Və bu səbəbdəndir ki, yəqin qaçqın şəxsiyyətinə aid ən kiçik anlaşılmazlığı vətənə təcavüz qədər şişirtməyə meyllidir. İfrat həssasdır, baş verən ən adi hadisə həmişə onun sərhədləri yanında baş verir, onun qiymətləndirməsi çox subyektivdir. Əziz Siyamək, insanlar bir an ərzində yalnız bir yerdə olmaq, bir şey demək, bir şeyi düşünmək, bir şeyi görmək imkanındadırlar deyə subyektivlik qaçılmazdır və mən sizi qətiyyən subyektivlikdə suçlamaq istəmirəm. Digər tərəfdən, bu həm də yaxşıdır, çünki “hər şeyi itirmək- heç nəyi olmamaq azadlığın nişanlarından biridir”. Məhz azad adamlar öz subyektivliiklərində təmənnasızdılar. İnsanlar qaçqınlıq halını daim hiss etsəydilər, yəni onları çadır deyilən yalançı dam, yaxud da ki, fərq etməz elə dam aldatmasaydı, bir qədər də anlsaydılar ki, biz geç-tez öz böyük vətənimizdən könüllü ya könülsüz köçəcəyik, yaşadıqları cəmiyyətlərin eyibləri daha asan gözə çarpar, onları aradan qaldırmaq daha tez mümkün olardı məncə.
Hər şeyini itirmiş bir adamın yad bir ölkədə yaşaması və yaşam təcrübəsini dəqiqliklə və həssalıqla qeydə alması çox unikal hadisədir. Bizim cəmiyyət üçün olduqca vacibdir. Niyə? Çünki qədim dünyaya yenicə açılmış bir dövlətin insanları kimi biz “filan yerdə belədir, biz də isə başqa cürdür, pisdir” deməyə meylliyik. Yeri gəlmişikən, yenicə mütaliəsinə başladığım- həm də Siyamək kimi həmvətənlərinin və özünün yeni Amerika şəraitindəki vəziyyəti haqqınında yazdığına görə Dovlatovun “Əcnəbi qadın” (“İnostranka”) romanından bir misal gətirmək istəyirəm : “Mənə bir amerikalı belə deyib…Biz (qaçqınlar, emiqrantlar -S.B.) bu frazanı qəti qərar, qarşısıalınmaz arqument intonasiyası ilə söyləyirik. Misalçün: mənə bir amerikalı deyib ki, nikotin sağlamlığınıza ziyandır..” Düşünürəm ki, bizim də belə bir kompleksimiz var. Amma mən bu dünyada, hamımızın qaçqın və köçkün statusu ilə yaşadığımız bu maddi dünyada «cənnət axtarışlarını yersiz və təhqiramiz bir şey hesab edən» adam kimi sizin «Norveç yazıları» (Norveçdə bir Azərbaycanlının başına gələnlər) kitabınızı dediyim kompleksdən yaxa qurtarmaq baxımından yüksək dəyərləndirirəm. Və başqa nöqtələrdən də. Siz əsərə Norveç tarixi və reallıqları, bu haqda BMT rəyləri və statistikası ilə başlayırsınız. Məsələ də budu ki, əsər turist qeydləri deyil; burda coğrafiyanın özəllikləri, flora və fauna, muzeylər, konsert salonları haqqında cibi dolu turistin vəcd dolu cümlələri yoxdur. Digər tərəfdən bu bayaq dediyim qaçqının- hər şeyini indiki halda könüllü də olsa itirmiş bir adamın- azad və deməli həssas birinin qeydləridir.
Şərhsiz olaraq əsərdən bəzi seçmələrə diqqət yetirin: «Bu günkü dünyada statistikaya söykənən bilgilər bir toplumu tanıyıb və tanıtmasında nə qədər önəmli rol oynasa da, bir o qədər də toplumun zəif səmtlərini basdırmaqda (ört-basdır eləməkdə- S.B.) rol oynayır» «Norveçli öz mediasında yayınlamayan bilgilərə şübhəli yanaşır» «Bir çox norveçlinin düşüncəsində üçüncü və ikinci dünyadan olan yabançının ölkəsində heç nə yoxdur. Cibləri və başları boş insanlardılar ki, ölkələrinin təbiəti də kasıdır…»
«Xaricilər 2 dəstəyə bölünməyə başladı: müsəlmanlar və qalan xaricilər» «Norveç standartlarını öyrəndikdən sonra başa düşdüm ki, bizim aramızda olan ilişgi şefimçün çox dərin dostluq hesab olurdu. Bizlərin arasında səmimi və normal dostluq adlanan ilişgi, məncə Norveçdə eşq səviyyəsində dəyərlənə bilər və bu üzdən bəlkə bizim eşq adlandıdığımız duyğu bunlar üçün dəlilikdən başqa heç nə deyil.» «Kişilər qadınlardan, körpələrdən, qaçqınlardan, heyvanlardan sonra gəlir…»
Əziz Siyamək, «Norveç yazıları» nda çoxlu maraqlı məqamlar var. Misal üçün statistika və BMT-ni dəyərləndirmə çox maraqlıdı . Metafizik çalarlarıyla əlbəttə. Vətənini itrmiş adam və BMT. Heç nəyi olmayan qaçqın və dünya evi. Reallıq əvəzinə rəqəmlər. Sizi bilmirəm, amma BMT-ni ümumən küncsüz masalar ətrafında vecsiz dialoqlar aparan lazımsız təşkilat hesab etmişəm. Əlbəttə soruşsalar ki, olmamağımı yaxşıdır, olmağımı, ikinci variant üzərində dayanmağım qaçılmazlıqdı. Qaldı statistikaya- bir yerdə ki, ölən adamların iniltiləri kar rəqəmlərdə eşidilmir , yandırılan ərazilərin acı doğuran təsvirləri kor ədədlərin simasında görünmür, bu haqda nə demək olar. Amma əlbəttə yenə də statistikanın olmaması daha pisdi sanıram. Və əsərinizdəki altı illik ağır təcrübəniz bu qənaətlərimi təsdiqləyir deyə məmnunam. Ümumiyyətlə əsərinizi bu qənaətinizlə başlamanız, yəni o şey ki, sonda qazanılıb, nəticəyə gəlinib- əvvəldə səslənir, bu təhkiyə nöqteyi-nəzərincə daha doğrudur məncə. Burda elə cümlələr var ki, onlar bəzən aksiomadır təssüratı yaradır və Norveçi əsərlərdən və bir az da mətbuatdan tanıyan bir adam kimi məndə qətiyyən şübhə doğurmur. Digər tərəfdən öz ölkələrini bir çox parametrlərinə görə Avropanın birincisi edən, üstəlik on minlərlə başqalarını da qəbul etməyə imkanı çatan dövlətin vətəndaşları əlbəttə əsla ağılsız deyil, əksinə işgüzar və ağıllıdırlar. Amma onların da öz kompleksləri var. Əsər elə məhz bu (!) baxış açısından maraqlıdır. Yəni Azərbaycan oxucusu bir Avropa xalqının komplekslərindən və reallıqlarından bəhs edən çox qiymətli əsəri oxumaq imkanı qazanmışdır.
Bu əsər məncə müstəqillik dövrümüzün çoxlu keyfiyyətlərinə görə müstəsna bir əsəridir. Digər tərəfdən dil nöqteyi-nəzərindən bir çox vərdiş etdiyimiz normativlər pozulubdusa da elə məhz həmin keyfiyyətlərinə görə kitabın oxusu asanlaşır. Çünki müəllif şifahi nitqinin çalarlarını yazıya gətiribdi. Üsətəgəl, nəzərə alsanız ki, müəllif cənubi Azərbaycanlıdır, məhz dilimizin cənubdakı nüanslarının, şirinliyinin bizimlə bu sayaq qaynayıb-qarışması da gözəldir zənnimcə. Sonda böyük məmnuniyyətlə kitabın müəllifi ilə yanaşı onun naşirinə, sonra isə əlbəttə onun redaktoruna- Rasim Qaracaya də təşəkkür etmək istərdim.Hesab edirəm təsis etdiyi seriyanın növbəti və həqiqi dəyərli əsərini çap etməyə nail olub. Kitab həm də əmtəədi. Bu əmtəənin isə dizaynı gözəl (Rəssamı Ayxanın zəhmətidi), vərəqləri sarı (göz üçün yorucu deyil), çəkisi yüngül (kitab oxuyan daş daşımadığının fərqində olmalıdı), qiyməti münasibdi. Bu isə «Jalə» şirələrinin havadarlığı olmadan yazılan yazıda sonuncu reklam arasında səslənən sözlər idi.
Bu esse 18 il əvvəl görkəmli televiziya ustası, diktor Rafiq Hüseynovun 60 illiyi münasibətilə tərtib etdiyim kitab üçün son söz əvəzi olaraq yazılıb. Bu gün Rafiq müəllimin doğum günüdür.
Bu kitabı iki tip oxucu əlinə alacaq: Rafiq Hüseynovu tanıyanlar və onu heç tanımayaraq kitabdan tanımaq istəyənlər. Rafiqi tanıyanlar, onun həyatına bələd olanlar heç nəyə təəccüblənməyəcək və bu kitab onlar üçün uzun müddət tanıdıqları, yüksək qiymətləndirdikləri adamın – dostlarının- enişli-yoxuşlu, iztiarblı, sevinclərlə və zərbələrlə eyni qədər zəngin həyat yaşamaqda olan Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı və professorun 60 illik yubileyi üçün hazırlanmış xatirat təəssüratı yaradacaq, buna sevinəcəklər. Rafiqin haqqında dost sözlərini, kitab içindəki kitabı- Rafiq Səməndərin qələmə aldığı və yubilyarın həyatını müfəssəl şəkildə göstərən «Salam,əziz tamaşaçılar» kitabını, onun haqqında yazılan bəzi məqalələri, Rafiq Hüseynovun müxtəlif illərdə verdiyi müsahibələrini oxuyan ikinciləri isə bir şey hökmən təəccübləndirəcək: təkrar. Rafiqin düşüncələrində, onun haqqında deyilən fikirlərdə və yazılan yazılarda özünü göstərən, ilk baxışdan adı təkrar olan şey əslində Rafiq müəllimin öz ömür yoluna sədaqətinin, öz əqidəsində və düşüncəsində, sözlərində, peşəkarlığında sabitliyin, birliyin, dəyişməzliyin təzahürüdü. * * * Ətrafımızda gördüyümüz hər şey əslində bizi əhatə edən əşyaların əks edib geri qaytardığı şüalardan başqa bir şey deyil. Ona görə də əks olunmaq üçün işıq şüuaları yoxdur deyə qaranlıq otaqda biz heç nə görmürük. Əşyanın əks etdiyi müxtəlif spektrli və intensivliyə malik şüalar həmin əşya haqqında informasiya daşıyır. Bu informasiyanı elektrik siqnalları kimi ( radiosiqnallar qismində ötürülən səs kimi) uzaq məsafələrə ötürmək olar. Elə məhz bu düşüncə də televizorun, televiziyanın yaranması üçün əsas ideya rolunu oynadı. Həmin siqnalları sonradan nazik horizontal zolaqlara- sıx sətirlərə çevirmək mümkün oldu ki, bu da artıq kadr deməkdi; sonradan bir nöqtəyə cəmlənən elektrik siqnalları həmin nöqtədən milyonlarla nüsxələrlə paylanmağa başladı; kameranın ehtirassız gözü də hamını olduğu kimi gösətərirdi. Əslində adamların bir- biri ilə münasibəti də bu prinsiplə «işləyir» desəm yanılmaram. Və Rafiq Hüseynov da bəzi prinsipial məqamları çıxmaq şərtilə başqa aparıcılar kimi (mən müəllif proqramlarını və aparıcılıq edərkən improvizələrini nəzərdə tutmuram) adətən ona təqdim olunmuş mətni oxuyurdusa, bəs necə olurdu ki, bizim ona göndərdiyimiz, horizontal sətirlərdən ibarət yazı, mətn şəklində verdiyimiz ruhi-mənəvi enerji onun qiraətində sanki başqalaşır, zənginləşir və estetik tərəfdən daha dolğun şəkildə geri qayıdırdı ? Demək fiziki prosesi adekvat metafiziki prinsipə çevirməklə o, «Rafiq Hüseynov televiziyanın özü idi» deyənləri haqlı çıxarmışdı. * * * Görkəmli italyan yazıçısı Dino Buzzati yazır «Məşhur (populyar – S.B.) adam kimdir? O kəsdir ki, küçəyə çıxanda sən çevrilib ona baxırsan və yanındakına deyirsən :- Bax, bu odur… Vəssalam». İndi bir çoxları yalnız ona görə məşhurdular ki, iş prinsipi bir təsviri çoxaltmaq olan televiziya vasitəsilə onları əksəriyyət görə bilir. Sonradan bu prinsipi gerçəkləşdirməyə imkan verən, 1843-48- cı illərdə bütün televiziya cihazlarının sələfi olan «surətçıxaran teleqrafı» kəşf edən Ben və Bekuel güman etməzdilər ki, onların əsasını qoyduqları televiziyada görünmək ehtirası bir çox adamların gözünü kor edəcək; onlar səhv və ya düz danışmaqlarını, çılpaq və geyimli olmalaqlarını belə düşünməyəcəkdilər. Əsas odur ki, onları görsünlər; onlar mantar kimi çəkisiz olsalar belə suyun üzündə qalmağa üstünlük verəcəkdilər. Bu indi də belədi. Amma Ben və Bekuelin kəşfindən 100 il sonra, 1946-cı ildə bir uşaq doğulacaqdı ki, sonradan o məşhurluq haqda düşünmədən məşhur olacaqdı. Və həm də bu günün ən təsirli vasitəsi olan televiziyada davranışı, danışığı, sifəti ilə normaya çevriləcəkdi. İllər sonra ondan soruşanda « necə bilirsiniz, bu populyarlığı və hörməti sizə televiziyamı qazandırıb», cavabında deyəcəkdi ki, mən altı ay Daşkənddə film çəkilişlərində olmuşam; orda da təbii , məni tanımırdılar, amma qəribədi, hiss edirdim ki, adamlar mənimlə ünsiyyətə can atır, mənə tərəf gəlirlər. Bu çox sonra olacaqdı. Hələliksə altmışıncı illər idi.Və atasının ölümündən sonra yalnız ailələrinə kömək etmək düşüncəsində olan bir gənc, adi bir işə girmək üçün o vaxtlar nə qədər böyük qüvvəyə malik olduğu inidiki kimi sezilməyən televiziyaya üz tutur. İşıqçı kimi işə düzəlir. Verilişə çəkilən insanların, diktorların üzünə işıq tutmağa başlayır, əslində özü demişkən öz həyat yoluna işıq salır. Az keçməmiş diktorlar müsabiqəsi. Uğursuzluq. Növbəti cəhd. Və o artıq diktordu… İlk çıxışları birmənalı qarşılanmasa da sonradan hamının-aşağıların da, yuxarıların da qəbul etdiyi diktor olur. Kimdi diktor? Peşənin izahı ilə bağlı dərsliklərdə belə yazılıb: inofrmativ, siyasi, reklam materiallarını, habelə rəhbərliyin qərarlarını efirdə mikrofona oxuyan adam. Bilməli olduğu şeylər isə jurnalistlik və akyor ustalığıdır. Vacib peşəkar keyfiyyətlərinin qarşısına gözəl nitq bacarığı, yaddaş, emosianallıq, bədii zövq, məntiqi mühakiməlilik qeyd olunub. Təbii ki, Rafiq Hüseynovun keyfiyyətləri sırasında həm bunlar, həm də o vaxtkı siyasi sistemin arzulamadığı şeylər də vardı: əqidəlilik, prinsipallıq, vicdanlılıq. Amma elə şey vardı ki, onu yazmasan belə görməmək mümkün deyildi: bu sonradan o vaxtkı televiziyanın özü ilə belə identifikasiya olunan, televiziyanın özünün simasına, üzünə çevrilən Rafiq Hüseynovun xarici görkəmi idi. Və bu görkəm televiziyanın o vaxta qədər qəbul olunmuş qadın simasını dəyişdi, ilk dəfə və üç onillikdən artıq bir müddətə onun simasını kişiləşdirdi. Özü də bu sözün bütün mənalarında və çalarlarında. Ucaboylu, olduqca yaraşıqlı, xarizmalı, səsi ilə danışdığı dilin arasında əlahiddə dərəcədə uyarlıq, harmoniya olan, savadlı, azərbaycan və rus dillərində eyni qədər uğurla danışan, yəni bunu efirdə edə bilən bir adam, özü də mənşəcə iki qalanın (o Şuşada anadan olmuş, İçərişəhərdə böyümüşdü) yəni, bəlkə də «iki dəfə xalqın oğlu olan adam» – diktor Rafiq Hüseynov, böyük sovet dövlətinin heç də sevilməyən bir hissəsində hələ on yaşı tamamlanmamış bir televiziyada sistemlə xalqın arasında körpü olmalı idi. Bu həm təbii idi, həm də bir qədər parodoksaldı: sadalanan keyfiyyətlərilə bunu Rafiqdən daha yaxşı kimsə edə bilməzdi; hərçənd ki, ilk dövrlərdə onun efirdən vərdiş olunan pafosla heç bir əlaqəsi olmayan tərzdə danışması qəbul olunmurdu, bu imperiyanın kənarlarında mərkəzin xofunu azaldır kimi görünürdü nəzarətçi məmurlara. Niyə? Bunun üçün sovet televiziya tipini faş edən məşhur iki cümlə yadıma düşür: «Sovet televiziyalarında reklam yoxdu; pauzalarda Leninin fotoşəkillərini və portretlərini, bir də belə desək, “Yaz”, “Payız” mövzusunda fotoetüdlər göstərilirdi. Üstəgəl, müəllifi heç vaxt olmayan, səsgücləndiricinin özünün bəstələdiyi “yüngül” vızıltıyabənzər musiqi.» Amma hər kəs yalnız öz işini gördüyünü və ümumi səhnənin isə məhz gördüyü işdən ibarət oluğunu zənn etdiyi halda, son nəticə elə görünür qabaqcadan müəyyənləşən kimi idi: bu hamını razı salmasa da başqa variant yoxuydu. Sistem Rafiq Hüseynovun şirin və ürəyəyatımlı ləfziylə həm kökündə ədalətsiz olan ( bunu isə siyasi sistemə inanmasa belə nə total hipnoz altında olan fərdlər , nə də inandığından alternativi olmayan xalq anlaya bilərdi) qərarlarını, həm sosializm yarışmalarının statistikasını səsləndirirdisə, xalq da (=adi teleseyçilər) özünün düşünən və çalışan fərdlərinin elm, ədəbiyyat, musiqi, kino, idman və bütün digər sferalardakı həqiqi uğurları haqda informasiyanı yenə də məhz Rafiq Hüseynovun dilindən eşitmək istəyirdi. Əslində onun diliylə yuxarıdakılar aşağıdakılara mesaj göndərmək istəyəndə bu Rafiq Hüseynovun xalqayaxın diliylə çox qorxulu olmur, aşağılar milli nailiyyətləri və irsini öz içindən çıxan oğlunun diliylə yuxarılara çatdıranda bu çox təsirli olurdu. Rafiq Hüseynovun xalq arasındakı hədsiz böyük hörməti və populyarlığı da məhz bununla bağlı idi. Xalq onun dilindən zələzələdə ölən adamlar ( sovet dövründə belə rəqəmlərdən daha çox «qardaş» respublikaların köməyi haqda sicilləməyə üstünlük verilirdi), hətta sabahın necə ola biləcəyi və bütün gizlinlərlə bağlı ən düzgün informasiyanı ala biləcəyini sanırdı. Belə olmasaydı onillər sonra, Rafiq Hüseynov televiziyanı atıb gedəndə qoca bir qadın onun qarşısını kəsib «Sən heç bilirsən neyləmisən, oğul ? Sən bizi tək qoymusan…» deməzdi. Bəlkə elə bu söz üçün işləmişdi Rafiq Hüseynov. Rafiq Hüseynov anlayırdı ki, diktator kəlməsi ilə eyni kökdən olan bu latın kəlməsi- diktorluq xisləti etibarilə qədim carçılardan az fərqlənir, ona görə o potensialında olan yaradıcılıq qabiliyyətini aparıcı kimi, müəllif proqramlarında, onlarla xalqalazım mədəni, ictimai proqramlar vasitəsilə reallaşdırmağa can atır və buna müvəffəq olurdu. Təbii ki, xarici görkəmi ilə yanaşı diktorluq fəaliyyətinin,illərin onda aşıladığı peşəkar vərdişlər həmin proqramlarda özünü yeni keyfiyyətlərdə biruzə verirdi. * * * Rafiq Hüseynovun müəllifliyi, quruluşu və aparcılığı ilə 18 il bundan əvvəl çəkilmiş, efirə getmiş «Televiziyanın qonaq otağı»na baxandan sonra- Rafiq Hüseynovun müsahibi böyük bəstəkarmız Tofiq Quliyevdi- düşündüm ki, qəribədi, elə bil «kamernı» filmə tamaşa eləyirsən , baxmayaraq ki, bu qədər vaxt keçib, müasir televiziya indi başqa keyfiyyətdə təsvirlərlə işləyir, üstəgəl müsahibə verən adam da artıq yoxdur, amma bu verilişi elə indi, bu dəqiqə efirə vermək olar- sonuncunu dostuma dedim; və bu veriliş aktuallığını zərrə qədər itirməz ; dostum cavabında dedi ki, bu klassikadı… Yəni, haqlı olaraq «Rafiq Hüseynov klassikdi» anlamına gəlirdi bu cavab. Bir dəfə ağlıma gəlmişdi ki, əgər bütün dillərdəki lüğətlərdən və yaddaşlardan hər hansı bir sözü silmək mümkün olsaydı- tutalım, bütün sinonimləri ilə birlikdə dava sözünü- həmin hadisə (akt; əşya və s.) mütləq itməliydi. Yəni, insanlar davanın nə olduğunu unutmalı, bir daha müharibə etməməliydilər. Sonra, bu düşüncənin qat-qat əvvəl Borxesin ustalıqla yazdığının şahidi oldum; eyni məntiqi nəticəyə gəlmək üçün dini kitablarda xeyli əsaslar var. Rafiq Hüseynovun altmış illik yubileyi üçün hazırlanan kitaba «son söz yerinə» yazısını yazamağa başlayar-başlamaz nədən bunları düşündüyümün fərqindəyəm. İyirminci əsri nə cür adlandırmayıblar, bir düşünün: atom əsri, kosmos əsri, kibernetika əsri, müharibələr əsri, terror əsri və s. Məncə bütün bunlar təyiniedici kateqoriyalardan daha çox, belə deyək, «otağa açar deşiyindən baxaraq» yazılan publisistikadı. Əslində bütün bəşər tarixini «anlaşılmazlıq», «anlamazlıq», «sözlərin mahiyyətinə varmamaq» tarixi adlandırmaq daha düz olardı. İndi biz «Sülh naminə müharibə (?) və bombardman (?)» və « sağlam uşaqlara tibbi sığorta lazım deyil» kimi məntiqsiz hökmlərin, cümlələrin tüğyan etdiyi dövrdəyik. İndi biz – ən adi fakt, «Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuşdur» cümləsinin müasiriyik və bir kimsə «qanunvericiliyin» bu halda nə demək olduğunu soruşmur, niyə «Azərbaycan qanunlarında…» yazılmasın, axı. Məncə bütün pisliklər sözlərin yalnış istifadəsindən başlayır … Ötən il «Respublika sarayında» İlyas Əfəndiyevin yubiley tədbirində idim. Çıxışçılar böyük ədib haqqında danışarkən məndən arxa sırada oturmuş Rafiq Hüseynovun Elmira Şabanova ilə əsəbi danışığınının istər-istəməz dinləyicisinə çevrilirdim : «Niyə axı «Efendiyiev» kimi rus vurğusu ilə tələffüz edirlər soyadı? Axı, əsas olan «əfəndi» sözüdü, soyadda da vurğu «i» yə düşməlidi». Bir neçə çıxışçı eyni səhvi edir, Rafiq müəllim də hər dəfəsində əsəbiliyini ifadə edirdi. Çıxışçılardan yalnız biri böyük yazıçımızın familini doğru tələffüz elədi və onda da mən arxa sıradan uşaq tövrülə deyilmiş sözləri eşitdim: «Ay, səni sağ olasan!» Bu sözü o adam deyirdi ki, onillər əvvəl keçmiş SSRİ-nin böyük studiyalarında, mərkəzi telekanallarda rus dilində verilişlər apararkən, danışarkən rus həmkarları «davayte pobolşe aksenta, nado çtob poçuvtsvovali vı iz Kavkaza…». O yaraşıqlı simasının Qafqazdan oluğunu bildirəcəyinə əminliklə – bunu onlara sözlə də deyirdi, səlis, savadlı rus dilində çıxışını davam eləyirdi. Və tamaşaçı məktublarının birində «…bilmirsən ona ədəbiyyatçı deyəsən, iqtisadçı deyəsən, yaxud da ki, siyasi icmalçı…» yazılması təsadüfi deyildi. . Azərbaycan Dövlət Televiziyasının 1980-cı illərin sonuna doğru hazırladığı yeni il proqramından fraqmentlərə baxıram. Rafiq Hüseynov və yanında daha bir aparıcı. Birlikdə dayanıb danışırlar. Növbə ilə. Hiss edirəm ki, Rafiqin danışığının fonunda(=yanında) həmin aparcının nitq qüsurları , daha doğrusu aktyorluqla oynanılmağa çalışılan emosiyaların gətirdiy yersiz, saxta vurğular gözə girir. Sonra aparıcılar ayrılırlar, ayrı-ayrılıqda, yaxud söhbətə çəkmək istədikləri öz yeni il qonaqlarının yanında danışırlar. Təklikdə o biri aparıcının qüsuru hiss olunmur, düzü müqayisə imkanı olmadığından. Həmin aparıcı qonaqla söhbət edir, qəribədi, bu dəfə qonaq onu söhbətə çəkən diktorun yalançı pafosu ilə danışmağa başlayır. Sonra Rafiq tək danışır. Üz- gözündən görmədiyi tamaşaçısna sevgi və sayğı tökülür. Sonra Rafiq müəllim öz qonağını söhbətə çəkir. Bu dəfə isə geyimindən əyalətdən gəldiyi o dəqiqə hiss olunan qonaq ləhcəsinin qarşısını almağa cəhd edərək, Rafiq Hüseynovun ədaları ilə qüsursuz danışmağa çalışır. «Niyə belədi?»-deyə düşündüm. Yəqin ona görə ki, Rafiq Hüseynov öz qonağına, həmsöhbətinə səmimiyyət və hörmətlə yanaşırdı. Müqayisə olmasın, «Məşədi İbadın» mənfi personaj olduğunu hamı yaxşı anlasa da, inanmıram ona nifrət edən bir adam tapılsın, çünki böyük Üzeyir bəy özü öz personajına nifrət eləmirdi, əksinə bəlkə ona sevgiylə yanaşırdı. « Sizin istəyinizlə» verilişində Vaqif Səmədoğlu ilə Rafiq Hüseynovun söhbəti. Söhbətə aparıcı başlayır. Elə girişdəcə adi bir məqam: Rafiq Hüseynov həmsöhbətinə siz deyə müraciət edirsə, Vaqif Səmədoğlu iyirmi ildən artıqdı tanış olduğu dostuna siz deyə müraciət edərək danışa bilməyəcəyini, bununla da Rafiqə «sən» deyə müraciət eləmək üçün sanki icazə istəyir. Rafiq Hüseynov icazəni təbəssümü ilə verir və çox mərhəm səslə, «nə deyirəm ki…» kimi qısa, amma zərgər dəqiqliyi ilə ölçülüb- biçilmiş kəlmələr əlavə edir. Bu söhbətdə diqqətimi çəkən pauzaların sözlər və replikalar qədər maraqlı olması, birinin digərini gücləndirməsini müşahidə eməkdi. Eyni adlı proqramda Rafiq Hüseynovun qonağı Bəxtiyar Vahabzadədi. İlk sual. Mövzu muğamla bağlıdı. Sual axıra qədər verilmir. Bəxtiyar müəllim təbəssümlə « yəni, demək istəyirsən ki, …» deyib Rafiq Hüseynovun ona ünvanladığı sualı axıra çatdırır. Analyırsan ki, aparıcı bilərəkdən sualı axıra qədər vermir, sözə ifrat həssas olan böyük şairin «lüğət ehtiyatını» beləcə fəndlə silkələyir, «böyük söz mexanizmini» hərəkətə gətirir…. «Dalğa» verilişi. Başqa bir qonaq. Söhbət rus dilində aparılır. Nadejda İsmayılova ilə Rafiq Hüseynov çox maraqlı tandemdədirlər. Peşəkar futbolçular kimi söhbətin ümumi qayəsinin doğurduğu törəmə mövzuları bir-birilərinə ustalıqla ötürürlər. Nadejda İsmayılovanın sualları daha çox mövzunun faktoqrafik tərəfi ilə bağlıdı. Rafiq Hüseynov isə «həqiqi təmas ustası» kimi sualın özünün doğurduğu digər sualları ustalıqla tapır, cavab verənin az əvvəl gizlətməyə- bəlkə də sadəcə olaraq unudub demədiyi məqamları qabardır, həmsöhbətini bacardıqca açılmağa təşviq edir. Yaxud yenə «Dalğa» verilişi. Veriliş Nəriman Nərimanova həsr olunub. Fotokinosənədlərdən ibarət təsvir sırasının üzərində Nadejda İsmayılova Nərimanovun həyatının o vaxta qədər bəlli olmayan məqamları ilə bağlı kadrarxası mətni oxuyur. Sonra kadrda Rafiq Hüseynov Nəriman Nərimanovun oğlu Nəcəfə yazdığı məktubu səsləndirir. Səsin tembri, ahəngi və musiqisində, üctəgəl vurğularda oxunan sözlərin həm böyük mütəfəkkirə və siyasət adamına aid olduğu, həm də sevən atanın oğula yazdığı hiss olunur. Məhz bu qiraəti dinləyə-dinləyə anladım ki, səs-sözün əvvəli beləcə sözün özünə çevrilir, sözünə özünə qədər böyüyür, əslində Rafiq Hüseynovun qiraətində yazılı söz ilkin diriliyinə beləcə qayıdırdı ki, bu yazılı sözün şifahi nitqə həmişə uduzduğu düşüncəsini birdəfəlik yox edirdi. İstənilən söz, xüsusən köməkçi sözlər, «bəli»lər, «xeyr»lər bir cür yazılsa da min cür oxuna bilər, Rafiq müəllimin ifadəsiylə desək, yalnız «sözə səthi yanaşmayanlar» bunu məqamında və ən düz şəkildə ifadə edə bilərdilər. Bu səmimiyyət tələb edirdi. Səmimi olmaq, səmimiyyət isə əslində sevgiylə yanaşmaq , sevgiylə yanaşmaq fitrətə qoyulmuş niyyətdi. O yalnız sonra yaddaşlarda uzun müddət yaşayacaq doğrucul, düzgün sözə çevrilirdi. Rafiq Hüseynovun təcrübəsində danışmaq və söz demək həm də əməldi. Təkrar «Televiziyanın qonaq otağı»nın fraqmentlərini seyr edirəm. Bu dəfə sözlər yox, Rafiq Hüsenovun bütün söhbət boyu şahanə şəkildə dik saxladığı beli, danışarkən biləyinin «oxu» ətrafında ehmalca qövslər cızan əlləri, sahmanlı, cəlbedici jestləri diqqət çəkir. Onlar sözlər qədər əhəmiyətlidi. Öz-özünə söylənən «yanıltmaclar» düzgün nitqi formalaşdırdığı kimi fitrətdə olsa belə bu keyfiyyətlər də ekrandakı uzun illərdən və pərdə arxasındakı üzücü məşqlərdən sonra oturuşmuşdu. Rafiq Hüseynov isə bu dövrdə artıq öz imkanlarının o vaxta qədər olmadığı zivəsindəydi ki, indi burdan o illərə baxanda anlayırsan ki, o bəlkə özü də bilmədən normalar diqtə edirdi. Efir davranışı diktatoruna çevrilmişdi diktor, klassikə. Klassik- danışmaq sözünün «qiraət», «söhbət», «mütaliə», «ünsiyyət» və başqa bu kimi bütün təzahürləri zamanı həm də artıq danışmayan adam deməkdi. Artıq sözlər olmayanda, artıq hərəkətlər də olmur, ən azı ona görə ki, hər bir hərəkətin adı kimi söz qarşılığı vardır. Düzgün olan hərəkət isə elə düzgün olan sözdür. * * * Rafiq Hüseynov televiziyaya gəlişi haqda yazır: «Elə mənim televiziyaya gəlişim təsadüfi olub, həyat təsadüflər üzərində qurulub …»- mən Rafiq müəllimin fikrini bura qədər oxuyandan sonra duruxmuşdum, çünki dəfələrlə müxtəlif müsahibələrində o, «mən Allaha inanıram», «həmişə məni qoruyan gözəgörünməz qüvvənin varlığına inanmışam və onu hiss etmişəm» deyirdi, axı. Allaha inamla, təsadüfü bir araya necə gətirirdi Rafiq müəllimin məntiqi? Fikri bir daha davamı ilə birgə oxuyuram: «Elə mənim televiziyaya gəlişim təsadüfi olub, həyat təsadüflər üzərində qurulub. Əgər insan tale yazısından xəbərdar olsaydı, həyat mənasız olardı…»… Yəni, təsadüf bizim tale yazımızdan xəbərsizliyimizin təzahürüdür, daha doğrusu bizim həmin xəbərsizliyimizə verdliyimiz addır. Rafiq Hüseynov mənim üçün bundan sonra həm də təsadüf kateqoriyasına verdiyi ən doğru təriflə yadda qalacaqdır. «O qəlbini bir ev kimi daima səliqə-sahmanlı saxlayır »- bunu 4 yaşlı gözəl Leylinin anası Səbinə xanım deyir, Rafiq müəllimin həyat yoldaşı. Bəlkə də bu günkü sahmanı sabahkı sahmanına təminataçı olanı yeganə və həqiqi ev elə insan qəlbidir. Bu ifadələr də mənim üçün unikaldı. Həm də bir qadının sevgisinin dərəcəsini göstərmək baxınmından yeniydi. Rafiq müəllim 1946-cı ildə anadan olub. Yəni 1+ 9+4+6= 20 = 2+0= 2. 1966-cı ildə televiziyaya işə girib.1+9+6+6= 22=4. 1979-cu ildə əməkdar artis adını alıb.1+9+7+9=26=8. Fikir verirsiz: cüt rəqəmlər və hər sonrakı rəqəm əvvəlkindən iki dəfə böyükdü. 1991-ci ildə Rafiq müəllim televiziyadan gedib. Ədəd onun təşkil edən rəqəmlərilə simmetrikdi. Elə bil kimsə güzgüdə özünə baxır, özünə hesabat verir . Cəm isə ikiyə bərabərdi: çünki Rafiq müəllim televiziyadan gedib və hər şey yenidən başlamalıdı. Rafiq müəllimin həyatında belə pozitiv və neqativ simmetriyalar çoxdu. Misalçün, 17 yaşındaykən oğlu Rövşəni itirib (Allah rəhmət eləsin!), 17 il sonra qızı anadan olub. Yaxud başqa cüt rəqəmlər: 1961 (=4) və 1984 (=8) ; birinci tarix atası Əyyub kişinin dünyadan köçdüyü ili göstərir, ikinci tarixdə rəqəmlərin cəmi iki dəfə böyüyür və bu il Rafiq Hüseynov iki ən əziz adamını son mənzilə yola salır- anasını və oğlunu. Düşünə bilərsiniz ki, bu rəqəmpərdazlıqdı və təsadüfdü. Təsadüf haqqında isə biz az əvvəl danışmışdıq. Rafiq müəllimin həyatındakı ən böyük simmetriyası və harmoniyası onun sifətininin düzgün cizgilərindən, doğru, səlis danışığından gözə dəyir. Bir də həyatından. Adından. Bizdə «Rafiq» kimi işlənən, əslində «Rəfiq» olan bu ərəb kəlməsi «dost, yoldaş» anlamına gəlir. Rafiq Hüseynovun həyatında dostları bəlkə də ən (!) əhəmiyyətli yer tutur. Ən çətin günlərində həyat eşqini ölməyə qoymayan dostları. Dostluq isə Nütonun ikinci qanunu ilə işləyən yeganə metafizik hadisədir bəlkə: sən nə qədər verirsənsə o qədər də alırsan. Kim bilir bəlkə də tərsinədi, yəni fizika metafizik qanunların təzahürüdü. … Həyatı boyu təkcə dostlarının deyil, həm də dilində danışdığı xalqının dostuna çevrilən Rafiq Hüseynovun ən böyük uğurlarından biri də elə ona verilən adı dolğrultması idi; çünki bizim adımızı Dədə Qorqud dastanındakı kimi qoymurlar. * * * Öz çevrəmizdə tez-tez misal gətirdiyimiz bir ifadə var: «Yaxşı şeir ucadan və gözəl oxunmağı tələb edir. Çünki şeirin yadındadı ki, onun əvvəli nəğmə olub». Bunun belə olub-olmadığını bir şairlər və yazıçılar, bir də Rafiq Hüseynov kimi nitq ustaları hiss edə bilərlər. Bəlkə bu hiss Rafiq Hüseynovun öz həyat hadisələrini mahnıya, nəğməyə çevirmək, ifa eləmək zərurətini də doğurmuşdu. Digər tərəfdən sənət faktına çevrilən təcrübə, hisslər-hətta ağrı-acı belə, sənətə çevrilmək, yaşandığı anda hətta «bizi öldürəcək», «bu dərdlə yaşaya bilmərik» deyə düşündüyümüz olayları sonradan həyatın özüylə müqayisədə çox «yüngül» , daha doğrusu olan «çəkidə yüngül, qiymətlə ağır» bir şeyə çevirmək bacarığı insandan alicənablıq və mətinlik tələb edir. Təxminən belə də demək olar ki, bəzən «Hamlet»ə tamaşa etmək bir ömür yaşamaq qədər faydalı olur. Rafiq Hüseynov öz ifasında oxuduğu mahnıları «Sevərəm təzədən səni» adlı diskə topladı və arxasında bu sözləri yazdı: « Mən bu nəğmələri <…> ona görə oxudum ki, ekrandan tanıyıb sevdiyiniz Rafiq Hüseynlinin ürəyinin səsini eşidəsiniz. İnanıram ki, bu nəğmələri dinləyəndən sonra məni göründüyüm kimi yox, olduğum kimi tanıyacaqsınız…» Qoy bu da Rafiq müəllimin hələlik sonuncu müəllif proqramı olsun, axı o deyirdi ki, veriliş mahnı kimi olmalıdı. * * * Kitaba daxil edilmiş müsahibələri bir dəfə də vərəqləyirəm. Sonra nədənsə müsahibələrindən oxuduğum bir fikri sanki mənimlə üzbəüz oturub danışırmış kimi, yəni Rafiq müəllimin öz səsi lə eşidirəm: « Mən bir dəfə öz xatirələrimi yazmaq fikrinə düşmüşəm. Hətta bir qədər yazmışam da. Amma ilk cümlələrdən anladım ki, özümü tərifləməklə məşğulam…». Rafiq müəllimin elə yazılmış bir kitab qədər əhmiyyətli olan bu etirfından sonra rejissor Konçalovskinin memuarlarının ilk cümləsi yadıma düşdü: mən özümü çox sevirəm. Şəxsən mən indiyə qədər bu kitabın mütaliəsini yalnız bu sözə görə davam etdirə bilmirəm… Tərtib olunmuş bu kitabın ən dəyərli hissəsi Rafiq Hüseynovun müsahibələridir. Burda onun maraqlı həyaın təcrübəsi, yenicə fəaliyyətə başlayan telejurnalistlərə hədsiz gərək ola bilən fikirlər var: «Aparıcı tamaşaçının gözü qarşısında qocalmalıdır». «Sözə səthi yanaşmaq olmaz». «Veriliş mahnı kimi olmalıdı». «Hər bir verilişə həm görmə, həm eşitmə qavrayışlarına əsaslanan kiçik bir sənət əsəri kimi baxmaq lazımdır». « Məncə ağır dövrdə sənətkarın özünü göstərmək imkanı daha böyük olur». «Hər dəfə kamera qarşısına çıxanda ekrana baxan tamaşaçıları gözlərim önünə gətirirəm». * * * Rafiq Hüseynovun «Televiziyanın qonaq otağı» müəllif proqramında böyük bəstəkarmız Tofiq Quliyevlə müsahibəsinin fraqmentlərinə bir də baxıram. Tofiq müəllim şəhərə gəzməyə tez-tez çıxa bilməməsindən şikayətlənir, «günahı» televiziyadakı onu maraqlandıran yaxşı verilişlərlə bağlayır. Qəribədi, indi bizim telekanallar bolluğunda eyni şeyi deyərdimi Tofiq müəllim ? Şəxsən mənim televiziyada görmək istədiyim və məni gəzməkdən saxlaya biləcək proqram və sima çox təssüf ki, yoxdu. Bəlkə elə yenə bu verilişin özü… Yenə, dostum Rafiq Həşimovun «bu klassikadı» sözünü xatırlayıram; yəni Rafiq Hüseynov klassikdi. Rafiq müəllimin Emin Eminbəyliyə verdiyi müsahibəsindən bir fraqment:
-Sizin fikrinizcə vəzifənizdən kənarlaşdırılmanıza əsas səbəb nə olub?
-Bilmirəm.
-Bəlkə Respublikanın Xalq artisti, Dövlət Mükafatı laureatı olmanız və öz şəxsi nüfuzunuz?
-Bilmirəm.
-Bəlkə sədr müavini Rafiq Hüseynovun daim sıravi işçilərin arasında olması, özünü sədr müavini kimi aparmaması, yəni çox sadə aparması? -Bilmirəm. -Bəlkə rəhbərlikdə sizdən başqa peşəkar televiziya işçisinin qalmaması? -Bilmirəm. (bu Rafiq Hüseynovun sualları cavablandırmadığı yeganə müsahibəsi idi) Rafiq müəllimin ən yaxın dostu, görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovun özünəməxsus dəqiqliklə söylədiyi həqiqət təssüf doğurur: «Və əgər onu son on-on beş ildə televiziyadan ayrı salıblarsa, bu təxminən o deməkdi ki, yaxud o demək olardı ki, Rəşid Behbudova, və ya Bülbülə oxumağı qadağan edirsən, Qara Qarayevə musiqi yazmağı qadağan edirsən. Mən bilərəkdən bu böyük adları götürürəm. Çünki bu böyük adlar, adamlar öz sahələrində hansı yerləri tuturdularsa, Rafiq Hüseynov da televiziya üçün həmin adamdı». * * * Şərq hakimlərindən biri (bəzi mənbələrə görə Sultan Mahmud) səfərdən qayıdırmış. Bu sultanın ilk müstəqil yürüşüymüş. Xarabazar kəndlərin birindən keçən sultanın diqqətini kasıb və nimdaş geyimdə, amma simaca çox gözəl və düz qamətli bir uşaq (sonradan uşağın gözəl səsi olduğu və avazla Quran oxumağı da bəlli olacaqdı) özünə cəlb edir. Hətta vəzirinə bu uşağı sanki bir daha xatırlamaq istəmədiyi yuxusunda da gördüyünü deyir. Yusif üzlü uşağın sifətinə baxan kimi sultan ruhunda bir təlatüm, içində ilıq-isti duyğular hiss edir. Atasının öldüyünü, anasının isə burdan uzaqda olduğunu öyrənib uşağı özüylə saraya götürməyi əmr edir vəzirə. Yeni həyat, təmiz əlbisələr uşağın gözəlliyini birəmin artırır. Bu vaxta qədər işi-gücü yalnız avazla Quran oxumaq olan uşağın saraydakı yeganə vəzifəsi hər gün səhər sultan oyanandan sonra onun otağına gəlmək, salam vermək, üzünü göstərib hal-əhval tutub bir-iki kəlmə kəsdikdən sonra getmək olur. Bu uşaq (sonradan gənc və dəliqanlı) uzun illər sultanın hər səhər ilk gördüyü simaya çevrilir. Ən vacib qəbullar, hərbi yürüşlərlə, xanimanın taleyi ilə bağlı bütün ən vacib məşvərətlərdən əvvəl sultan onu görməyi, kəlmə kəsməyi arzu edirmiş. Saray əyanlarının bir çoxunun xoşuna gəlməyən bu iş illər uzunu davam edir, deyilənə görə onların arasından elələri olur ki, uşağın danışığı və qiraəti yanında öz nitqlərini kəkələməyə oxşadır, onun işıq saçan üzünə baxanda gözlərini gizlətməyə çalışır, qəzəblənir, gecə kimi qaralırlarmış. Onu da deyirlər ki, sultan hökmlərini canişinlərə, vassallara, xalqa çatdırmaqla məşğul olan qasidlər və carçılar tapşırıq dalınca getməmişdən əvvəl həmin gənci görməyə çalışır,onun simasının əksini öz üzlərində olmasını istəyirmişlər. Deyilənə görə bir səhər sultanın otağına gecikən gənc onun qəzəbli sözlərinin müqabilində özünü itirmir, susmaq yerinə isə tövrünü pozmadan məntiqli cavab verir. Hər vacib qərardan və görüşdən əvvəl gözəl üzünü görməklə ruhunu təzələyən, bu gözəl üzün Böyük Müəllifini xatırlamaqla içini ədalət və xeyirxahlıqla dolduran sultan yalnışını anlayır deyirlər. Digər tərəfdən camaat da o gözəl simanın bəhrəsini görmüşdülər: hər halda carçılar ən acı xəbərlərini belə onlara çatdıranda o gözəl üzün hesabına niqtlərinə şəkər qatmış kimi davranmış, elə Sultanın özü də carçıların səsləndirəcəyi qərarlarını katiblərinə oxuyanda hökmünü dəfələrlə yumşaltmış, kəsməyi düşündüyü başları çiynində saxlamışdı. Müdriklər deyir ki, o gözəl sima qocanı gəncə, gənci uşağa, uşağı mələyə çevirir; gözəl üz, gözəl xasiyyət sahibini həm Allah sevmiş, həm bəndələr sevərmiş. Amma saraydakı paxıllar sultana təlqin etməyə çalışırlarmış ki, rəiyyət o gənci daha çox sevir, iş-gücünü atıb onun səninlə tez-tez görüşməsini, şəhərə tez-tez çıxmasını arzulayır, dua edirlər; qəbul edilən qərarlara görə sənə yox, ona borclu olduqlarını sanırlar; hətta onu sultan görmək istəyirlər deyənlər də vardı. Sultan bunun belə olmadığını gözəl bilirdi, amma bir vaxtlar qayıtmaq istəmədiyi yuxusunda gördüyü və ona xoş təsir bağışlayan, sonra isə xarabazar kənddən götürüb saraya gətirdiyi uşağı ona cavab qaytardığına görə bağışlamadı. Bəziləri isə əksinə danışırlar ki, sultan gənci nəinki bağışlayır, hətta ona bəylik də verir. Hər halda onların münasibətlərinin gerçək tarixçəsi naməlumdu. Yalnız nağılçıların, aşıqların bizə ötürdüyü əhvalatda o «gözəl sima»nın indi çoxlu yozumu, çoxlu cizgiləri var, hətta onu görməyənlər belə onu xatırlayırmışlar kimi davranırlar.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütövlükdə Çeçenistana həsr edilib.
525.az xəbər verir ki, bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, nəşrin “Çeçenistan” sayında fərqli ədəbi nəsillərə mənsub sanballı imzaların seçmə proza və poeziya nümunələri toplanıb. Nəşrdə Çeçenistanın tarixinə və bugününə, çeçen dili və ədəbiyyatına dair məqalələr də öz əksini tapıb.
SEYFƏDDİN HÜSEYNLİ qeyd edib ki, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair SƏLİM BABULLAOĞLUnun rəhbərliyi və təşkilatçılığı ilə gerçəkləşən bu yaradıcılıq layihəsi Azərbaycan-Çeçenistan ədəbi əlaqələrinə böyük töhfədir: “Fikrimcə, dərgimizin “Çeçenistan” sayı çeçen ədəbiyyatının Azərbaycan dilinə sistemli tərcüməsi, bizim ədəbi mühitdə layiqincə tanıdılması yolunda ilk mühüm addım kimi də əlamətdardır!”
Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla nəşrdəki “Qafqaz dağlarıtək məğrur çeçen ədəbiyyatı” adlı təqdimat yazısında qeyd edir ki, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbi cameəsinə həsr olunmuş bu sayında təqdim olunan klassik və müasir nümunələrdə çeçen həyatı, xalqın quruculuq və mübarizə tarixi boy göstərir: “Bu yazılarda çeçen xarakteri, xalqın gələnəklərini ortaya qoyan qəhrəmanlıq motivləri, çeçenlərin bugünkü həyatı öz əksini tapıb”. Akademikin fikrincə, “çeçen ədəbiyyatı mənsub olduğu xalqla eyni taleyi yaşayıb, dəfələrlə repressiyalarla üz-üzə qalıb, lakin sınmayıb, tarix səhnəsini tərk etməyib, çətinliklərdən keçərək, sınaqlardan çıxaraq öz bədii mövcudluğunu qoruyub saxlamağı bacarıb, xalqın taleyini, özünəməxsus mədəniyyətini bugünümüzə daşıyıb”.
Şair və tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu “Ən vacib mövzularda çeçen ruhu ilə yazmaq…” essesində həm bu sayın ərsəyə gəlməsinə yol açan hadisələr, həm də çeçen xalqının tarixi, ədəbiyyatı və bugünü ilə bağlı düşüncələrini, təəssüratını qələmə alıb. Onun qənaətinə görə, Şimali Qafqaz xalqlarının yeni yazılı ədəbiyyatları sırasına aid edilən hazırkı çeçen ədəbiyyatının tarixi son iki yüz ili əhatə eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi, sistemli öyrənilməsi əsasən son yüz ildə baş verib: “Hərçənd elə həmin o son yüz il də əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın hər bir xalqın dili və ədəbiyyatı üçün yumşaq desək, nə qədər böyük çətinliklər yaratdığını biz azərbaycanlılar pis bilmirik; üstəgəl, bütün bu əlifba dəyişiklikləri məlum tarixi hadisələrin, təlatümlərin, qanlı savaşların, repressiya və təqiblərin, sürgün, terror və vətəndaş qarşıdurmalarının təzahürü olub…”
S.Babullaoğlu essesini Çeçenistanın paytaxtı Qroznıya səfərindən bir xatirə və çeçen xalqının gələcəyinə dair çox mühüm diləklə tamamlayır: “Axşamüstüdür. Mərkəzdə türk ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi” məscidinə tərəf addımlayıram. Görüşdüyüm universitet müəllimlərinin və gənc tələbələrin, gün ərzində üz-üzə gəldiyim insanların elə yol boyu da təkəmseyrək qarşılaşdığım adamlar kimi sarışın, ağbəniz, işıqlı simaları, ağıllı baxışları təkrar-təkrar gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb, sağaldır. Qoy Allah bu mərd xalqa bir də savaş, qırğın nəsib eləməsin!”
Dərginin bu sayı AYB ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Nəşrin hazırlanmasında Çeçenistan DPU-nun rektoru İsmayıl Bayxanovun, əsərlərin tərcüməsi üçün hüquqların təmin olunmasında Çeçenistan Yazıçılar İttifaqının sədri Aləməhəd Yelsayevin xüsusi rolu var. Layihənin koordinator və məsləhətçiləri Tamara Avtayeva və Raisa Buralovadır.
Nəşrin “Proza” bölümündə Səidbəy Arsanov, Xalid Oşayev, Səid Budayev, Məhəmməd-Salah Qadayev, Umar Qaysultanov, İsa Zakriyev, Səid-Həmzət Nunuyev, Musa Əhmədov, Əminət Tapalayeva, Asya Umarova və başqa müəlliflərin yaradıcılığından nümunələr var.
“Poeziya” bölümündə Məryəm İsayeva, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Əhməd Süleymanov, Raisa Əhmədova, Şeyxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev və digər şairlərin əsərləri verilib.
Çeçen poeziyası nümunələri Azərbaycan oxucusuna Səlim Babullaoğlunun tərcüməsində təqdim olunub. Bədii nəsr və ədəbiyyatşünaslıq materiallarını isə Seyfəddin Hüseynli, Azad Yaşar, Dürdanə İbrahimova-Hüseynbəyli, Şəfiqə Şəfa, Səadət Sultan və Həmid Piriyev tərcümə ediblər.
Mövsur İbrahimovun “Çeçen Respublikası: tarix və çağdaş dövr” məqaləsini S.Hüseynli, Aysa Xalidovun “Çeçenlərin yazı mədəniyyəti: tarixi keçmiş və müasir vəziyyət” yazısını A.Yaşar, Zarema Çukuyevanın “Çeçen ədəbiyyatı: inkişafının əsas mərhələləri və tendensiyaları” məqaləsini Ş.Şəfa çevirib.
Nəşrin bədii tərtibatında Çeçenistanın tanınmış rəssamlarından Məhəmməd Zakriyev və Rüstəm Yaxixanovun təsviri sənət nümunələrindən istifadə olunub.
Dizayneri Emil Camalov, korrektorları Gülzar Vaqifqızı və İbrahim Cəfərov olan dərginin bu sayı “Mücrü” nəşriyyatında çap edilib.
“Günaydın” üçün bədii dürüstlük haqqında yazı (10 il əvvəl yazılıb…)
“Əgər ərimə paltar göndərsəm, o evə dönməyə bilər. Göndərməsəm, çox güman soyuqdan donub ölər. Bəlkə ərimə don göndərim? Hər gün elə bu cürə çək-çevir eləyirəm və taqətdən düşürəm…” Bu oxuduğunuz sətri tərcümələr XIII əsrdə yaşamış Çin şairəsi Yao Suyun şeiridir.
Diqqət yetirin, əvvəl “paltar”dan söhbət gedirsə, sonradan “don” dan danışılır. Yəni, belə anlaşılır ki, qadın ondan uzaqda olan ərinə əvvəl paltar göndərmək arzusunu bildirir: göndərərsə gəlməyəcəyini, göndərməzsə soyuqdan öləcəyini düşünür; amma hər necəsə narahat olur, bütün hallarda ərinə sevgisini bildirir. Sonra isə xanımı kişisinə qadın paltarı göndərmək arzusunu biruzə verir, yəni, oxucuya (əri də oxucudur, daha doğrusu həmin bir oxucu vahidinin içərisindədir) fikrən işarə vurur ki, bəlkə sənin başqa qadının var; yəni, mən bunu da ehtimal edirəm; kişiyə qadın paltarı göndərməyin bir ənənəvi yozumu da “kişi ol” deməkdir ki, adətən bunu kişi kişiyə edir deyə, bu indiki kontekstdə istisna deyilsə də zəif ehtimaldır. Hər halda qadın bütün bunları düşünə bilər, düşünür və yəqin şübhələrdən başını itirir… Amma şeirin başqa yozumu da var…Bəlkə o ərinə öz “donu”nu göndərməklə ona öz qoxusunu yollayır, özünü xatırlatmaq istəyir. Səxsən mən daha çox bu ehtimala üstünlük verirəm. Zərif eyhamlar və çoxyozumluluq üstündə qurulan vəfadar Şərq qadınının sevgi dolu gözəl şeiri gözləri yaşarda bilər. Burda bədii dürüstlük şəxsi sədaqət və etik ağırlıqlıdır…
Bəzən süjetə, kompozisiyaya sədaqətin diqtə elədiyi bədii dürüstlük lə rastlaşırsan. Müşfiqin dillər əzbəri olan “Yenə o bağ olaydı” şeirindən bu yeri xatırlayırsız:
“Əllərində əllərim, gözlərində gözlərim… Asılaydı sözlərim. Könlünün qulağından bir qızıl tana kimi, Günəş doğana kimi.”
Görəsən Müşfiq niyə “günəş batana” kimi yazmamışdı? Əgər yazsaydı “tana- batana” kimi dəqiq qafiyə yaranacaqdı. Amma yaza bilməzdi. Çünki bəndin az əvvəlində bu sətirlər vardı:
“Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini. Gecələr darayaydı saçlarını ay gözəl!”
Çünki şeirin həmin bəndində hələ “gecə idi”, “günəş doğamışdı ki, batsın”. Və Müşfiq bütün böyük, usta şairlər kimi dürüst davranmalı idi, əksəriyyətin gözlədiyi, etdiyi kimi məzmunu nə qədər gözəl olsa belə qafiyəyə qurban verə bilməzdi. “Ədəbiyyat qəzeti” qəzetinin baş redaktoru, dostum Elçin Hüseynbəyli məndən “Günaydın” rubrikası üçün yazı istədi. Məmnuniyyətlə yazacağımı dedim. Düzdür, ümumi sözlərdən, ümumi və yayğın mətləblərdən ibarət bir “Günaydın” yazmaq olardı: məsələn, sabahınız xoş olsun və sair və başqa cürə… Bəs onda “Ədəbiyyat (+qəzeti)” nolacaqdı?
Deyirlər ki, ədəbiyyat detallar və təfərrüatdı. Bu fikri bölüşən bir adam kimi, köşə üçün son cümləmi yazım, bitsin: Gününüz dürüst olsun və günaydın dostlar!
Tanınmış şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun Tatarıstan Yazıçılar Birliyinin yubiley tədbiri zamanı çəkdirdiyi maraqlı fotolar:
Qeydlər:
Səlim Babullaoğlu: “Tatarıstan Respublikasının Baş nazirinin müavini hörmətli Leyla Fazleyeva Muhammədyar adına Beynəlxalq Türk Ədəbiyyatı Festivalının iştirakçılarını qəbul etdi. Hörmətli xanım vitse-premyerə Azərbaycanda nəşr olunmuş Quran hədiyyə etdim. Kitabın hər səhifəsində 2 qr code vardı ki, onların vasitəsi ilə ərəb və Azərbaycan dillərində Quranın dörd müxtəlif qiraətini dinləmək olar. Əziz dostum Rəşid Çolaka bu nəfis və orijinal nəşrə görə təşəkkür edirəm…”
Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu.
Bu haqda məlumatı Azərbaycan Yazıçılar Birliyinin katibi, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu öz izləyiciləri ilə bölüşüb: “Həmid Herisçi müstəqillik illəri poeziyamızın, bütövlükdə ədəbiyyatımızın bənzərsiz nümayəndəsidir. I naşirlər forumunda görüşdük, Birliyə üzv olması təklifini verdim. Bu haqda danışdıq, xeyli məsələləri müzakirə elədik. Düşünürəm ki, Həmidin Birliyə üzv olması hökmən ədəbi iş baxımından maraqlı, ciddi və fərqli, ortaq layihələrlə nəticələnək. Birliyin sədri, Xalq yazıçısı Anarla görüşdük, çox maraqlı yaddaqalan söhbət elədik, çox maraqlı fikir mübadiləsi oldu onların arasında həm də.
Yeri gəlmişkən məhz Yazıçılar Birliyinin xətti ilə dəfələrlə xaricdə yeni ədəbiyyatımız müxtəlif dillərə tərcümə edilərək çap olunub. Həmid əksər vaxtlarda bizim hazırladığımız siyahılarda təqdim və təmsil olunub, Anar müəllim həmişə buna təbii və geniş ürəklə yanaşıb. AYB nəşrlərinin qapıları həmişə onun üzünə açıq olub. Deməyim odur ki, Yazıçılar Birliyi milli ədəbiyyatımızı təmsil edən ən mötəbər, ən yaşlı və dövlətin də etibar etdiyi ən təcrübəli qurumdur, bir növ institusional klassikadır. Mənim fikrimcə Həmid də yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir. Odur ki, onun üzvlüyü hətta gecikmiş olsa da təbiidir. Yaxın günlərdə, həftə sonu Həmid Herisçinin öz gəlişi və görüşü ilə bağlı yazısı “Ədəbiyyat qəzet “ndə çap olunacaq. Bu gün vəsiqəsini aldı. Necə deyərlər xeyirli olsun. Ad günü münasibətiylə əziz Həmid Herisçini də ayrıca təbrik edirəm…”
Mövzuya uyğun fotolar:
YAZARLAR.AZ olaraq, HƏMİDbəyi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
2023-cü ilin aprel ayının 5-i idi. Yazıçılar Birliyindəki iş otağımdan çıxıb yuxarı, redaksiyaların yerləşdiyi çardağa qalxmalıydım, indi yadımda deyil hansı iş üçün. İkinci mərtəbədə, Səməd Vurğunun böyük rəsmi önündə dağlı üsulu başı yaylıqlı iki xanım gördüm. Sual dolu nəzərlərlə qarşılaşdım, ayaq saxladım, kim olduğumu dedim və onlara necə kömək edə biləcəyimi soruşdum. Məlum oldu ki, qonaqlar Çeçenistan Dövlət Pedaqoji Universitetinin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, biologiya elmləri namizədi, dosent Tamara Avtayeva, universitetin rus dili və rus dilinin tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Raisa Buralovadır. Azərbaycanın ən sevilən yazıçısı Anarla (elə belə də dedilər və əlavə elədilər ki, bunu Bakıya ilk gəlişlərində kitab sərgisində keçirdikləri “sorğu” nəticəsində müəyyənləşdiriblər, sonra da “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni sevə-sevə oxuyublar) görüşmək, ünsiyyətdə olmaq istəyirlər. Anar müəllimin otağına keçdim, qonaqlar barədə məlumat verdim və 2-3 dəqiqə sonra o xanımları qəbul elədi. 10-15 dəqiqəlik mehriban söhbətin sonunda şəkil çəkməyim də xahiş olundu. Zaraftla “bahalı fotoqrafam” deyib, məmnuniyyətlə bir neçə şəkil çəkdim.
Görüşdən sonra qonaqları öz iş otağıma dəvət etdim. Çay təklif eləsəm də, Ramazan ayı olduğunu, oruc tutduqlarını xatırlatdılar.
Ramazanın 14-cü günüydü.
Düzü, sıxıldım və təəssüflə bildirdim ki, ikinci ildi səhhətim üzündən oruc tuta bilmirəm.
Söhbət zamanı qonaqlar bizim Dillər Universiteti ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında sıx əməkdaşlığın, elmi və tədris mübadiləsinin olduğundan, Bakıya universitetin rektoru, akademik Kamal Abdullanın dəvəti ilə gəldiklərindən, Kamal müəllimin əsərlərindən, Bakıya sevgilərindən səmimiyyətlə və ağızdolusu danışdılar. Mən də, öz növbəmdə, onlara Yazıçılar Birliyi, birliyin tarixi, indiki vəziyyəti, nəşrlər və ayrıca olaraq “Dünya ədəbiyyatı” dərgisi, çap etdiyimiz kitablar barədə məlumat verdim. Dərginin Türkiyə, Rumıniya, Pakistan, İsrail ədəbiyyatına həsr olunmuş xüsusi saylarını, bir neçə kitabı onlara göstərdim (sonradan bəzilərini istədilər deyə hədiyyə də elədim).
Söhbətin ortasında Tamara Andıyevna qəfil soruşdu: – Dərginin çeçen ədəbiyyatı sayını da nəşr etmək olarmı? Tərəddüdsüz: – Əlbəttə, olar, – dedim. – Hətta çox yaxşı olar. Çox vaxtı biz üzümüzü uzaqlara, Qərbə, Avropa ədəbiyyatına tuturuq, daha çox qərbli müəllifləri tərcümə edirik. Halbuki əvvəl yaxın qonşularımızı, dostlarımızı, bizə yaxın olan xalqların ədəbiyyatını tanımalıyıq. Amma köməksiz olmur. Xüsusən, müəllif və mətn seçimində.
Beş gün sonra biz qonaqlarla yenə görüşdük. Bu dəfə onların təklifiylə və məqsədli. Azərbaycan Yazıçılar Birliyi ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında Azərbaycan, çeçen və rus dillərində hazırlanmış əməkdaşlıq memorandumu imzaladıq. Bir müddət sonra mən çeçen dostların dərgimizin xüsusi sayı ilə bağlı, janrlar, növlər, bölmələr, rubrikalar, həcm barədə sorğularını, əsasən, texniki səciyyə daşıyan suallarını cavablandırdım və qarşı tərəf də Çeçenistan Yazıçılar İttifaqı ilə birlikdə bizimçün müəlliflərin, bədii və elmi mətnlərin seçilməsinə (seçim vaxtı bizim tələblər, əlavələr nəzərə alınır, suallarımız cavablandırılırdı), bioqrafik arayışların hazırlanmasına və tərcümə işinə başladı. Yazışma və münasibətlərimiz beləcə mütəmadi xarakter aldı.
Üzü payıza doğru çeçen həmkarlarımız hazırladıqları mətnləri bizə göndərdi və biz də, öz növbəmizdə, tərcümə prosesinə başladıq.
İndi ötənilki ilk görüşdən 10 gün əskik, düz, 1 il keçib. Bütün işlər bitib. 80-ə yaxın çeçen müəllifinin əsəri, proza və poeziya nümunələri, elmi məqalələrin toplandığı dərgi, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbiyyatı “xüsusi sayı”, yəqin 10-15 gün sonra çapa gedər, bir 10-15 gün sonra isə əlimizdə olar, inşallah.
Və mən də elə bu gün dərginin xüsusi sayı üçün 41 şairdən etdiyim poetik tərcümələrin (aşağı-yuxarı, üç min misraya yaxın poetik mətnin) hər şairdən yalnız bir şeir olmaqla, şeçdiyim hissəsini – “seçmələr”i ayrıca toplu kimi çapa göndərməyə hazırlaşır, kitab üçün yazdığım Son söz yazısını bitirməyə, onu artıq səhifələnmiş kitabın axırına qoyulsun deyə mətbəəyə göndərməyə hazırlaşıram.
Hazırlaşıram və anlayıram ki, bu gün, martın 24-ü, yenə də Ramazanın 14-cü günüdür.
Həyatın qəribə qafiyələri var.
Hazırlaşıram və ötən ilin iyun ayının 21-də Çeçenistana, Qroznıya ilk qısamüddətli səfərimi xatırlayıram: Çeçenistan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərə dəvət olunmuşdum. İş elə gətirmişdi ki, həmin tədbirlərə Dillər Universitetinin prorektoru Jalə Qəribova, pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və “Təhsil-1” fakültəsinin müdiri Fikrət Cahangirovdan ibarət bizim nümayəndə heyəti ilə birgə və birbaşa Bakı-Qroznı təyyarə reysiylə deyil, 5 gün əvvəl getdiyim, Beynəlxalq Mihay Eminesku Akademiyasının təşkilatçılığıyla Rumıniyada, Krayova şəhərində keçirilən şeir festivalını 2 gün tez tərk edib Krayovadan Buxarestə yol maşını, Buxarestdən İstanbula və İstanbuldan Mineralnı Vodıya təyyarə, Mineralnı Vodıdan Qroznıya isə məni gözləyən taksi ilə bütövlükdə 16 saat çəkən yolçuluqdan sonra qatıla bilmişdim. Əslində səfərin 1 saatını özüm uzatmışdım. Məni Qroznıya aparacaq çeçen sürücü Lemadan xahiş eləmişdim ki, öz E 005 KX 134 RUS nömrəli “Hundai Solaris”ini Pyatiqorskdan sürsün. Lema xahişimi yerə salmamışdı və üstəgəl, bu plansız səfər üçün ona vermək istədiyim “qonorar”ı da axırda, nə illah eləsəm də götürməmişdi. İlk dəfə 34 il əvvəl rəhmətlik atamla bərabər gəzdiyimiz həmin şəhərə bir də ayaq basmaq, birgə qalxdığımız Maşuk dağına təkrar, kənardan da olsa baxmaq, Lermontovun dueldə öldürüldüyü yeri (çeçen poeziyasını tərcümə prosesində bir daha anladım ki, çeçenlərdə Lermontova da Tolstoy qədər dərin sayğı var) görmək istəmişdim. Atamın Lermontov və Axundovun ona bağışladığı saz barədə danışdıqları indiyə qədər yadımdadır; yalnız bir misrasını dumanlı xatırladığım ilk şeirimi o gecə “yazmışdım”, Yessentukidə kirayə tutduğumuz evdə rəhmətlik anamı oyadıb demişəmmiş ki, mən şeir söyləyəcəm sən yaz; onda yazmağı bacarmır, hələ məktəbə getmirdim. Xalqlar da uşaqlar kimidi. Əvvəl danışır, sonra yazmağı öyrənirlər. Və hələ bilmək olmaz ki, danışılanlarmı qiymətlidir, yazılanlarmı; nitqmi vacibdir, dilmi; folklormu, yazılı ədəbiyyatmı?!
Hər necəsə, hurrit-urart, sarmat-alan, süryani-nəsturi və qədim arami tayfa, dövlət, dil və əlifbalarının çeçen dilinin (və yazısının) tarixində izləri haqqında qafqazşünas alimlərin, tarixçi və dilçilərin çox müxtəlif elmi iddiaları, yozumları var. O da məlumdur və təsdiqini tapıb ki, çeçenlər tarixin fərqli dövrlərində gürcü, ərəb, latın və kiril əlifbasından istifadə ediblər; sonuncu bu gün də davam edir.
Şimali Qafqaz xalqlarının yeni yazılı ədəbiyyatları sırasına aid edilən hazırkı çeçen ədəbiyyatının tarixi son iki yüz ili əhatə eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi, sistemli öyrənilməsi əsasən, son yüz ildə baş verib. Hərçənd elə həmin o son yüz il də, əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın hər bir xalqın dili və ədəbiyyatı üçün, yumşaq desək, nə qədər böyük çətinliklər yaratdığını biz azərbaycanlılar pis bilmirik; üstəgəl, bütün bu əlifba dəyişiklikləri məlum tarixi hadisələrin, təlatümlərin, qanlı savaşların, repressiya və təqiblərin, sürgün, terror və vətəndaş qarşıdurmalarının təzahürü olub; növbəylə biri digərini doğurub, tətikləyib.
Folklorun, şifahi xalq ədəbiyyatının bir xalqın yazılı ədəbiyyatına böyük, danılmaz təsiri barədə xüsusi danışmağa ehtiyac yoxdur: biz yazmağı danışmaqdan öyrənmişik və bir tərəfdən, dilin (=nitqin), deməli, düşüncə tərzinin də saxlancı olan folklor nümunələri, eyni zamanda sonradan formalaşmış yazılı ədəbiyyatın bünövrəsini təşkil edir; bəzən əsas və əbədi ideya-məzmun istiqamətlərini, təbii, qismən vacib süjetləri, üslubi-estetik nüansları təyin edir; hökmən deyil ki, bunu həmişə birbaşa hiss edəsən.
Ədəbiyyatşünaslar tərəfindən yaşı 600 deyə təsbit edilən (bu dartışıla da bilər) çeçen qəhrəmanlıq nəğmələrinin, dastanların – “illi”lərin də bu baxımdan maraqlı xüsusiyyətləri var. Nəql olunan hadisələr bir qayda olaraq bəlli bir mövsümdə, bir fəsildə, hətta günün konkret anında, məqamında baş verir (yapon haykularını xatırlamamaq mümkün deyil), bu da oxucu üçün süjeti bədii cəhətdən daha inandırıcı və dürüst edir. Adətən, qəhrəmanlar səfərə sübhdə çıxır, “düşmənlər”in (qarşı tərəf də demək olar) sadalanan eyib və pis keyfiyyətləri yalnız qəhrəman obrazının, onun xeyirxah amalının oxucu üçün “avtomatik” olaraq təqdimatına xidmət edir. Səfərə çıxan qəhrəmana anasının öyüdü, alqışı – monoloq, qəhrəmanın da, öz növbəsində, anaya xitabı, doğma aulu, kəndi ilə vidalaşması, öz vəfalı atına müraciəti, Tereki öyməsi “illi”lərin vacib elementlərindən sayılır. Əksər “illi”lər real tarixi hadisələrdən, xalqın yaşadığı həqiqi iztirablardan qaynaqlanır, işğalçılara və ədalətsizliyə qarşı mübarizədən, feodallarla savaşdan, öz sevgisi, sevgilisini müdafiədən danışır, dağlıların, xüsusən, islam qanunları əsasında formalaşan şərəf kodeksi, qonağa münasibəti, xüsusən, vətən və ana-övlad sevgisi sərgilənir, bu yolda məşəqqətlərdən söz edilir. Elə bu sətirləri yaza-yaza bir yandan, “Cəsur Çeq və Tayma oğlu Bəypolad” “illi”sini, bizim qəhrəmanlıq dastanlarını, sonra da böyük Səməd Vurğunun “Ananın öyüdü” şeirini xatırlayıram.
“İlli”lərin girişi, başlanğıcı da çox maraqlıdır. İlk “cümlədəncə” oxucu “hadisənin içinə daxil edilir”, həm nəql edənin qulaq yoldaşına, eyni zamanda “sonradan baş verəcək hadisələrin şahidinə” çevrilir.
Xatırlayıram və keçmiş tarixlə anlayıram ki, sən demə, çağdaş çeçen şeiri nümunələrini dilimizə çevirərkən (bu kitaba isə az əvvəl dediyim kimi, hər müəllifdən bir şeir olmaqla tərcümə edilmiş mətnlərin yalnız dörddə biri daxil edilib), demək olar, 41 müəllifin hər birinin poetik mətnində süjet xətti, mövzu, leytmotiv, janr xüsusiyyətləti, estetik nüanslar, kompozisiya modelləri baxımından “illi”lərdən miras qalan həmin bütün o sadaladığım bədii məziyyətlərlə, onların nişanələri ilə birbaşa ünsiyyətdə olmuşam. Şeirlərə varmış diqqətli oxucu mütləq əksəriyyəti intizamlı, qafiyəli, heca şeirlərindən ibarət olan poetik mətnlərdə az əvvəl yazdığım kimi və “illi”lərdə olduğutək mövzuların dəyişmədiyini, əsas mövzuların yenə də vətən eşqi, ana dominant olmaqla, valideyn sevgisi, sevgi, təbiətə və doğma yerlərə vurğunluq, dağlıların şərəf kodeksi olduğunu artıq bilir.
Görünür, müxtəlif xalqların tarixi və ədəbi proseslərinin sinxronlaşıb-sinxronlaşmamasından asılı olmayaraq (yəni ümumdünya ədəbiyyatı prosesi kimi təşkili nəzərdə tutulur), elə bir xalqın öz içində də tarix və ədəbiyyat hər nə qədər sinxronlaşsa, yaxud sinxronlaşmasa belə, nitqin və dilin ali hadisəsi olan şeir öz vacib mövzularını, lüğət tərkibini daim saxlayır; ilk növbədə, “vətən”, “ata-ana”, “günəş”, “dağ”, “övlad”, “çay”, “şərəf” kimi həqiqi sözləri, anlayışları qorumağı özünə borc bilir; çünki şair öz intuisiyası ilə nitqin və dilin, sözün və yaradılışın potensialına müraciət edir, ideal insanın mövcudluğunu bir an olsun belə gözdən qaçırmır. Bir az da böyük Avstriya şairi R.M.Rilkenin (1875-1926) “IX Düin elegiyası”nda yazdığı kimidir hər şey: “Bəlkə biz bu dünyaya ona görə gəldik ki, “quyu”, “darvaza”, “ev”, “ağac”, “pəncərə”, ya da uzağı, “qüllə”, yaxud “sütun” söyləyək. Amma elə söyləyək ki, həmin əşyalara indiyə qədər xəbərsiz olduqları xislətlərini də xatırladaq”.
Abad, əmin-aman, yaşıllığı və işıqları sayrışmaqla göz oxşayan Qroznını təkrar xatırlayıram. Şəhərin elə hissəsi var ki, həmin yeri asanlıqla yeni Astana, yaxud Dubayla qarışıq sala bilərsən.
Axşamüstüdü. Mərkəzdə türk ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi” məscidinə tərəf addımlayıram. Görüşdüyüm universitet müəllimlərinin və gənc tələbələrin, gün ərzində üz-üzə gəldiyim insanların elə yolboyu da təkəmseyrək qarşılaşdığım adamlar kimi sarışın, ağbəniz, işıqlı simaları, ağıllı baxışları təkrar-təkrar gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb, sağaldır.
Qoy Allah bu mərd xalqa bir də savaş, qırğın nəsib eləməsin:
“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr – toplusu işıq üzü görüb
“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr– toplusu “Mücrü” nəşriyyatında çapdan çıxıb. Topluya XX-XXI əsr çeçen şeirinin bütün ədəbi nəsillərini təmsil edən, hər bir müəllifdən bir şeir olmaqla 41 şairin əsəri daxil edilib. Şeirlərin dilimizə tərcüməçisi, eyni zamanda antologiyanın tərcüməçisi və son sözün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğludur. O bildirib ki, toplu Azərbaycan Yazıçılar Birliyinin nəşridir, Birliyin Çeçenistan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı çərçivəsində hazırlanıb: “Məryəm İsayeva, Məhəmməd-Salah Qadayev, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Arbi Mamakayev, Məhəmməd Sulayev, Əhməd Süleymanov, Zayndi Mütəllibov, Xasməhəmməd Ədilov, Raisa Əhmədova, Şayxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Səid Qatsayev, Adiz Kusayev, Eduard Mamakayev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev, Əlvədi Şeyxiyev, Qafur Əliyev, Elman Yusifov, Tovuz İss, Albert Məhəmmədov, Əbdülhəmid Xatuyev, Leça Abdullayev, Yusif Yarəliyev, Ruslan Yusifov, Xocbaudi Borhacıyev, Süleyman Hacı-Autayev, Bana Qaytukayeva, Ömər Saiyev, Adəm Əhmətukayev, Şərif Suruyev, Sulim Mahəmmədov, Aslambek Tuquzov, Lyuba Arsaliyeva , İnqa Hayauri və Əsəd Xaliqova kimi tanınmış çeçen şairlərinin müxtəlif mövzulu şeirləri topluya daxil edilib. Kitabın redaktoru “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli, naşiri Müşfiq Xan, dizayneri Cavid Kişiyev, məsləhətçilər tanınmış çeçen alimləri Tamara Avtayeva və Raisa Buralova, korrektoru Gülzar Vaqifqızıdır. Mətnlərin nəşrinə icazə və müəlliflik hüququ ilə bağlı məsələlər Çeçenistan Yazıçılar İttifaqı tərəfindən həll edilib. Biz kitabın hazırlanmasında istedadlı çeçen rəssamları Ruslan Yakixanovun, Məhəmməd Zakriyevin işlərindən istifadə etmişik. Mən bu əməkdaşlığa görə, universitetin rektoru cənab İsmayıl Bayxanova və İttifaqın sədri cənab Aləməhəd Yelsayevə, rəssamlara, bütün yaradıcı heyətə, eləcə də kitabın redaktoruna, məsləhətçilərə, naşirə, zəhməti keçən hər bir şəxsə təşəkkür edirəm. Və əlbəttə ki, kitabın nəşrindəki dəstəyinə görə iş adamı Süleyman Muradlıya xüsusi minnətdarlığımı çatdırıram, çox sağ olsun. Poeziyadan danışarkən şeirin xalqın mənəvi tarixi olduğunu deyirlər. Onda bu toplu Azərbaycan oxucusuna çeçen poeziyası və çeçen xalqının mənəvi tarixi ilə tanış olmaq üçün bu həcmdə ilk fürsət olacaq…”
YAZARLAR.AZ olaraq, SƏLİM müəllimi, eyni zamanda bütün kitabsevərləri bu mühüm ədəbiyyat hadisəsi münasibətilə təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!