Etiket arxivi: Seyfəddin Hüseynli

Seyfəddin Hüseynli – 50

Yaddaqalan ADAM

Seyfəddin Hüseynli – 50

Bəzən illərlə bir yerdə çalışdığın və hər gün ünsiyyətdə ollduğun bir adam haqqında nəsə yazmaq zəruriyyəti yaranır. Ha vurnuxsan, ha düşünsən də yazmağa söz tapa bilmirsən. Amma elə adam da var ki, onunla bir neçə saat birlikdə olmaq kifayət edir ki, oturub barəsində böyük bir yazı işləyəsən. Bizim- jurnalist, yazıçı, filoloq Seyfəddin Hüseynli kimi…

Deyir ki:- “Son illər bizdə ədəbiyyat, kitab, kitabçılıq işində ciddi hərəkətlənmə var. Yaxşı haldır ki, bu hərəkətlənmə daha çox praktikdir. Yəni daha nələrinsə vacibliyindən, zəruriliyindən danışılmaqdan çox, o yöndə konkret iş görülür. Nəşr sahəsindəki aktivlik kitabı cəmiyyətin bəlli bir çevrəsində önə çıxardır. Ancaq istənilən sahədə olduğu kimi ədəbiyyat sahəsindəki aktivlik də bir qədər işin ziyanına ola bilər. Yəni elə bir məqam gəlib çatar ki, bu dinamizm, fəallıq bir yandan da cəmiyyəti bezdirə bilər. Əks-effekt gözlənilən haldır, xüsusən də, işlər keyfiyyət yox, kəmiyyət hegemonluğu altında görülürsə, “sayı çox, sanbalı yox” düsturu özünü doğruldursa, çoxlu neqativ nəticələr qaçılmaz olur. Yəni indiki gedişlə günün birində ayılıb görərik ki, bütün uğur hesab etdiklərimiz hay-küydən başqa bir şey deyilmiş. Görünür, bu məsəldə yeri gələndə geri çəkilmək, özünü bir guşəyə vermək, səbirlə işləmək lazımdır. Elə bilirəm, biz özümüzə kənardan baxmağı da öyrənməliyik, ancaq ortada laqeyd, mövqesiz, hərəkətsiz dayanmaq da olmaz.”

Seyfəddin Hüseynli uzun illərdir ki, “525-ci qəzetin” redaktoru vəzifəsində çalışır. Mətbuatda peşəkar tərcümələr, esselər və tənqidi yazılarla çıxış edir…

“Bir dəfə tanınmış yazıçılardan biri demişdi ki, “525-ci qəzet” qapısını ədəbiyyatın üzünə aralamaqla düz elədi, ancaq taybatay açanda vəziyyət qəlizləşdi. Bu baxımdan uzun illərdir ki, çalışdığım “525-ci qəzet”də cəmiyyətimiz, ədəbi mühitimiz mətn seçimində bizi yaman sıxışdırır. Bu qəzeti uzun müddət ədəbiyyatla bağlı yeganə ünvan kimi tanıyıblar. Bir xeyli yazar, müəllif çap edilib. Bəzilərinin üzündən keçilməyib, bəzilərinin rəhbərliklə yaxşı münasibətləri olub, haqlı olaraq ərk edənlər tapılıb. Ancaq təsəllimiz bundan ibarət olub ki, hər nömrədə ən azı bir neçə yaxşı mətn çap edə bilmişik. Çox sayda yaxşı müəlliflər və mətnlərlə işləmişik ki, bunun da nəticəsində bu gün ədəbiyyatın hörmətli ünvanlarından biri “525-ci qəzet”dir. İmzasını təsdiq eləmiş onlarla yazar saya bilərəm ki, ilk dəfə “525-ci qəzet”də çap olunublar. Bizim üçün bədii mətnin əlahiddə seçim meyarları yoxdur, yaxşı bədii mətn, əsl ədəbiyyat nümunəsi deyilən nədirsə, biz onlara üstünlük verməyə çalışırıq.”- söyləyir.

Bizi Səlim Babullaoğlu tanış edib. İllər öncə Şabrana birlikdə səfər etmişdik. Elə o vaxtdan da aramızda salam əleykum yaranıb. Sadə, təvazökar, məntiqli və təmkinli adamdır. Heç vaxt lazımsız söz deməz, artıq-əskik danışmaz. Ədəbiyyata, ümumiyyətlə həyata yanaşma tərzi də çox fərqlidir…

Deyir ki:- “Bu gün təkcə ədəbiyyatımız yox, ümumən həyatımız, təfəkkürümüz də dünyadan geri qalır. Həyata ədəbiyyatçı, romançı gözüylə baxmayana qədər, təfəkkürümüz tam yenilənməyincə, nə haqqında yazmağınızdan aslı olmayaraq, arzulanan səviyyədə əsərlər meydana gəlməyəcək. Şeir daha çox intuitivdir, spontandır bəlkə, ancaq roman rasional məsələdir. Əslində, çoxdandır ki, dünya poeziyasında fərqli proses gedir, yəni qəlblə, duyğuyla yanaşı ağlın, məntiqin də iştirakı ilə yaranır poetik nümunələr. Biz bəzən şeirin konstruksiya tərəfini dünyadan götürüb mənimsəyirik, belə olanda da şeirin emosional tərəfi yaddan çıxır. Halbuki şeirimizin həm konstruktiv, həm də intuitiv qollarının uzlaşdığı vaxtlar olub. Eləcə də bizdə postmodernist mətnlər az-çox yaranıb artıq, ancaq bütövlükdə biz o düşüncədən doğan həyatı yaşamamışıq deyə, vəziyyət birtərəflidir. Deyəsən, heç yaşamağa meylimiz də yoxdur o düşüncəni və elə həyatı. Fərd olaraq, ayrı-ayrı imzalar olaraq irəliyə gedənlər, indi hardasa ədəbiyyatda mistikanın əhəmiyyətinə vurğu salanlarımız ola bilər, amma ümumən postmodern düşüncəni köhnəltmədən, tükətmədən yeni bir mərhələyə keçmək inkişafı axsadar, yarımçıqlıq duyğusu yaradar.”

Bu gün-avqustun 15-i Seyfəddin Hüseynlinin 50 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram!

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səlim Babullaoğlu – Aprel

Aprel
(Melanxolik zümzümələr)

Seyfəddin Hüseynliyə

Aprel bir az nisandır,
Çünki hər şey sözdür, söz.
Yağış bir az leysandır,
Qaçanlar da təpəgöz.

Yağmur yuyur vitrini,
Hava palçıq qoxuyur.
Yaddaşımın çətrini
Onun ətri saxlayır.

Qafamda həmin sükut,
Yenə həmin avazdır.
Göy üzü tutqun bulud,
Əcaib bir qapazdır.

Susur mənasız hay-küy,
Peyzaj boş və sürüşkən.
Ya əruz, ya da hayku –
Fərq etməz – sanki rişxənd.

Heç nə məni ovutmur,
Küçəboyu gəzirəm.
Çölümdə paşa qürur,
İçim məğlub gizirəm.

Yağış durur, dayanır,
Küçə dolur adamla.
Ağaclar sırğalanır
Ağappaq, damla-damla.

Aprel bir az nisandır,
Çünki hər şey sözdür, söz.
Hamı bir az insandır:
Həm Basat, həm Təpəgöz.

Müəllif: Səlim BABULLAOĞLU


SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Seyfəddin Hüseynlinin yazıları

Sevil Azadqızı “Aprel”dən yazır

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

27 iyun 2025-ci il tarixində Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib

27 iyun 2025-ci il tarixində Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib. Nəticədə Səfərov Ziyəddin Mehdi oğlu və Səfərov Hüseyn Mehdi oğlunu işgəncə ilə öldürülüb. Üçüncu qardaş isə naməlum istiqamətdə aparılıb. Qeyd edək ki, öldürülənlər tanınmış ədəbiyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır. Yazarlar cameəsi adından Azərbaycan dövlətindən, aidiyyəti qurumlardan bu məsələyə dərhal münasibət bildirməyi və tədbir görməyi xahiş edirik!

Seyfəddin Hüseynliyə və doğmalarına Böyük Allahdan səbr diləyirik.

YAZARLAR.AZ

Oxudum, oxudum, gözlərim doldu

Oxudum, oxudum, gözlərim doldu

(ibrətamiz əhvalat)

Gec bildim. Özü çoxdan getmişdi artıq…
Bugünlərdə “Tərcümə təcrübələri”ni imzalı almağa gələn gənc Oxucum kitab üçün pulu, zərf əvəzinə, niyyəti kimi pak bir vərəqə büküb gətiribmiş.
Adi ağ vərəq indi məndən ötrü bu vaxtacan gördüyüm ən incə naxışlı, nəfis bir zərfdir…
Yəqin, əlbəəl almağa utandığımı sezdiyi üçün, bükülünü kitab imzaladığım masadakı nüsxələrdən birinin altına qoyub.
Cizgilərinə körpə məsumluğu hopmuş munis xətt – sonsuz şəfqət, nəvaziş qaynağı: “Gözünüzün nuru azalmasın…”
Oxudum, oxudum, gözlərim doldu. Cib dəsmalımı kipriklərimə çəkdim. Yorğunluq dumanı seyrəldi gözlərimin, baxışım durulub-aydınlandı. Gözyaşlarım yumuşdu, əlbəttə, burası öz yerində. Amma o aydınlığın, əslində, məhz sidqlə yazılmış bu xeyir-duadan gəldiyinə inancım qat-qat üstündür. Bunun tərs üzünə məni kimsə inandıra bilməz.
…Bu lətif zərfi bayaq Özündən almağa utanmışdım. İndi daha çox utanırdım: bükülünü əlbəəl almadığım, üstünə yazılanı o an oxumadığım, üz-üzə ikən layiqincə təşəkkür etmədiyim üçün… Bir də, hədiyyə qəbulu ədəbincə, zərfi onu gətirənin qarşısında açmadığıma görə: içindəki məbləğin artıqlığını bilər, uyğun davranardım.
Ancaq yox! Xırdaçılıq çıxardı, bu nəcib rəftarın sehri zədələnərdi…
Kövrəlib-doluxsunmağımda isə utanmalı bir cəhət görmürəm: Sentimentallıq, istənilən yaşda, Simmentallıqdan çox-çox yaxşıdır!
…İmkanım buna çatdı ki, öz xeyir-duasını mən də onun ünvanına, artıqlamasıyla pıçıldayım: “Sənin də, çox güman, bütün gün ya ekrana, ya kağıza zillənən gözlərinin (hərdən yorğun düşüb dumanlansa belə!) nuru, aydınlığı ömrün uzunu zərrəcə azalmasın, əzizim Oxucu! Bu xeyir-duanın qopub gəldiyi saf ürəyinin taqəti bircə misqal da əksilməsin!”
O ki, qaldı mənə…
Belə gözəl xeyir-dua ilə naxışlanan bu zərfi, onunla gətirdiyin bütöv bir sərvət dəyərində bu banknotu özümdə saxladıqca, inşallah, hələ uzun zaman nə gözlərimin nuru azalar, nə qazancımın bərəkəti çəkilər!

Mənbə və müəllif: Seyfəddin Hüseynli

Seyfəddin Hüseynlinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Seyfəddin Hüseynli ilə imza günü keçirildi

Seyfəddin Hüseynli ilə imza günü keçirildi

26 noyabr 2024-cü il tarixində “Papillon” kitab evinin təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas, tərcüməçi – yazar Seyfəddin Hüseynli ilə imza günü keçirildi. Təşkilatçı kimi “Papillon”unun adından Əlisoy Tarıyel bildirdi ki, Seyfəddin Hüseynlinin yeni nəşr olunmuş “Tərcümə təcrübələri” kitabı oxucular tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Bir qisim oxucuların – daimi müştərilərin israrlı tələbi üzrə imza günü təşkil etmək qərarına gəlib. Seyfəddin müəllimə təklifi operativ şəkildə dəyərləndirdiyinə görə təşəkkürünü bildirdi. Tədbir zamanı Seyfəddin Hüseynli bütün arzu edən oxucular üçün çoxlu sayda kitablar imzaladı.

Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.

Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.

“Yazarlar”  olaraq, bu münasibətlə Seyfəddin Hüseynlini təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!

Seyfəddin Hüseynlinin yazıları

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Seyfəddin Hüseynlinin yeni kitabı işıq üzü görüb

Tanınmış tərcüməçi, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri” adlı kitabı çapdan çıxıb. “1-ci kitab: dünya ədəbiyyatından hekayələr, esselər və söhbətlər” kimi təqdim olunan, 424 səhifəlik bu nəşrdə S.Hüseynlinin anadilimizə çevirdiyi ədəbi mətnlərin bir qismi yer alıb. 

525.az  xəbər verir ki, kitaba dünya ədəbiyyatının ayrı-ayrı ölkələri və dövrləri, fərqli ədəbi cərəyanları və estetik təmayülləri təmsil edən, bioqrafiyası, yaradıcılıq dəsti-xətti, mədəni-ictimai mövqeyi etibarilə ciddi şəkildə seçilən nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilmiş hekayələri, esseləri və söhbətləri daxildir. Bu mətnlərdə həyata, insana, ədəbiyyata, incəsənətə münasibətdə maraqlı yanaşmalar, müxtəlif tarixi, ictimai, ədəbi-mədəni məsələlərlə bağlı diqqətəlayiq düşüncə və mülahizələr əks olunub. 

Ümumilikdə 18 ölkədən 56 imzanı əhatə edən, 3 bölümdən ibarət kitabda 42 hekayə, 46 esse, 4 ədəbi söhbət var. 

Hekayələr və esselər sırasında Amerikadan Riçard Brotiqan, Kurt Vonnequt, Corc Feyfer, Argentinadan Xorxe Asis, Avstriyadan Tomas Bernhard, Çexiyadan İvan Kraus, Çindən Li Fu-yan, Xuanfu Şi, Fransadan Anatol Frans, Anna Qavalda, Mişel Turnye, İngiltərədən Cerom Klapka Cerom, Gilbert Kit Çesterton, Artur Konan Doyl, Piter Smit, İsraildən Etqar Keret, İtaliyadan Luici Pirandello, İtalo Kalvino, Canni Rodari, Alessandro Piperno, Renzo Olivanın əsərləri verilib. 

Bu iki bölümdə Macarıstandan Dördi Şpiro, Perudan Mario Varqas Lyosa, Polşadan Yanuş Qlovatski, Suriyadan İbrahim Samuel, Ukraynadan Kost Moskalets, Uruqvaydan Mario Benedetti, Yaponiyadan Akutaqava Rünosukenin də uyğun mətnlərinə yer ayrılıb. 

Türkiyə ədəbiyyatı bu bölümlərdə Xalidə Ədib Adıvar, Rıfat Ilqaz, Ercan Kesal, Onat Kutlar, Hüseyn Su, Ahmet Cemal, Cengiz Güleç, Semih Gümüş və Nihat Ziyalanın, Rusiya isə Mixail Bulqakov, Fazil İskəndər, Sergey Lukyanenko, Yuri Mamleyev, Oleq Pavlov, Zaxar Prilepin, Roman Sençin, Aleksey Varlamov, Gözəl Yaxina, Mixail Yelizarov, Mixail Zoşşenko, Dmitri Merejkovski, Aleksandr Soljenitsin, Vladimir Krupin, İqor Yevdokimov və Larisa Obaniçevanın yaradıcılığı ilə təmsil olunur. 

Qabriel Qarsia Markes və Mario Varqas Lyosanın “Latın Amerikasında roman”, Macarıstandan İmre Kertesin “Ömrümü mütləq bir yanlışlıq içində yaşamışam”, İsraildən Etqar Keretin “Hekayə yazmaq hədiyyə gözləmək kimidir”, Türkiyədən İskəndər Palanın ”Divan ədəbiyyatı və eşq haqqında” başlıqlı söhbətləri kitabın müvafiq bölümündə öz əksini tapıb. 

Mətnlərin düzülüşündə ölkə adlarının və ayrı-ayrı ölkələrə mənsub ədiblərin soyadlarının Azərbaycan əlifbası üzrə sıralanması əsas götürülüb. 

Çapını Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Mətbuat Şurası dəstəkləmiş kitabın redaktoru Südabə Ağabalayeva, korrektoru Gülzar Səfərova, dizayneri Azər Aydın, üz qabığının tərtibatçısı İlham Əhmədov, mətbəə rəhbəri Elman Qasımovdur.

Müəllif: Sevinc MÜRVƏTQIZI

SEVİNC MÜRVƏTQIZININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Dünya ədəbiyyatı” dərgisinin “Çeçenistan” sayı nəşr olunub

Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütövlükdə Çeçenistana həsr edilib.

525.az    xəbər verir ki, bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, nəşrin “Çeçenistan” sayında fərqli ədəbi nəsillərə mənsub sanballı imzaların seçmə proza və poeziya nümunələri toplanıb. Nəşrdə Çeçenistanın tarixinə və bugününə, çeçen dili və ədəbiyyatına dair məqalələr də öz əksini tapıb.

SEYFƏDDİN HÜSEYNLİ qeyd edib ki, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair SƏLİM BABULLAOĞLUnun rəhbərliyi və təşkilatçılığı ilə gerçəkləşən bu yaradıcılıq layihəsi Azərbaycan-Çeçenistan ədəbi əlaqələrinə böyük töhfədir: “Fikrimcə, dərgimizin “Çeçenistan” sayı çeçen ədəbiyyatının Azərbaycan dilinə sistemli tərcüməsi, bizim ədəbi mühitdə layiqincə tanıdılması yolunda ilk mühüm addım kimi də əlamətdardır!”

Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla nəşrdəki “Qafqaz dağlarıtək məğrur çeçen ədəbiyyatı” adlı təqdimat yazısında qeyd edir ki, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbi cameəsinə həsr olunmuş bu sayında təqdim olunan klassik və müasir nümunələrdə çeçen həyatı, xalqın quruculuq və mübarizə tarixi boy göstərir: “Bu yazılarda çeçen xarakteri, xalqın gələnəklərini ortaya qoyan qəhrəmanlıq motivləri, çeçenlərin bugünkü həyatı öz əksini tapıb”. Akademikin fikrincə, “çeçen ədəbiyyatı mənsub olduğu xalqla eyni taleyi yaşayıb, dəfələrlə repressiyalarla üz-üzə qalıb, lakin sınmayıb, tarix səhnəsini tərk etməyib, çətinliklərdən keçərək, sınaqlardan çıxaraq öz bədii mövcudluğunu qoruyub saxlamağı bacarıb, xalqın taleyini, özünəməxsus mədəniyyətini bugünümüzə daşıyıb”.

Şair və tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu “Ən vacib mövzularda çeçen ruhu ilə yazmaq…” essesində həm bu sayın ərsəyə gəlməsinə yol açan hadisələr, həm də çeçen xalqının tarixi, ədəbiyyatı və bugünü ilə bağlı düşüncələrini, təəssüratını qələmə alıb. Onun qənaətinə görə, Şimali Qafqaz xalqlarının yeni yazılı ədəbiyyatları sırasına aid edilən hazırkı çeçen ədəbiyyatının tarixi son iki yüz ili əhatə eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi, sistemli öyrənilməsi əsasən son yüz ildə baş verib: “Hərçənd elə həmin o son yüz il də əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın hər bir xalqın dili və ədəbiyyatı üçün yumşaq desək, nə qədər böyük çətinliklər yaratdığını biz azərbaycanlılar pis bilmirik; üstəgəl, bütün bu əlifba dəyişiklikləri məlum tarixi hadisələrin, təlatümlərin, qanlı savaşların, repressiya və təqiblərin, sürgün, terror və vətəndaş qarşıdurmalarının təzahürü olub…”

S.Babullaoğlu essesini Çeçenistanın paytaxtı Qroznıya səfərindən bir xatirə və çeçen xalqının gələcəyinə dair çox mühüm diləklə tamamlayır: “Axşamüstüdür. Mərkəzdə türk ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi” məscidinə tərəf addımlayıram. Görüşdüyüm universitet müəllimlərinin və gənc tələbələrin, gün ərzində üz-üzə gəldiyim insanların elə yol boyu da təkəmseyrək qarşılaşdığım adamlar kimi sarışın, ağbəniz, işıqlı simaları, ağıllı baxışları təkrar-təkrar gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb, sağaldır. Qoy Allah bu mərd xalqa bir də savaş, qırğın nəsib eləməsin!”

Dərginin bu sayı AYB ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Nəşrin hazırlanmasında Çeçenistan DPU-nun rektoru İsmayıl Bayxanovun, əsərlərin tərcüməsi üçün hüquqların təmin olunmasında Çeçenistan Yazıçılar İttifaqının sədri Aləməhəd Yelsayevin xüsusi rolu var. Layihənin koordinator və məsləhətçiləri Tamara Avtayeva və Raisa Buralovadır.

Nəşrin “Proza” bölümündə Səidbəy Arsanov, Xalid Oşayev, Səid Budayev, Məhəmməd-Salah Qadayev, Umar Qaysultanov, İsa Zakriyev, Səid-Həmzət Nunuyev, Musa Əhmədov, Əminət Tapalayeva, Asya Umarova və başqa müəlliflərin yaradıcılığından nümunələr var.

“Poeziya” bölümündə Məryəm İsayeva, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Əhməd Süleymanov, Raisa Əhmədova, Şeyxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev və digər şairlərin əsərləri verilib.

Çeçen poeziyası nümunələri Azərbaycan oxucusuna Səlim Babullaoğlunun tərcüməsində təqdim olunub. Bədii nəsr və ədəbiyyatşünaslıq materiallarını isə Seyfəddin Hüseynli, Azad Yaşar, Dürdanə İbrahimova-Hüseynbəyli, Şəfiqə Şəfa, Səadət Sultan və Həmid Piriyev tərcümə ediblər. 

Mövsur İbrahimovun “Çeçen Respublikası: tarix və çağdaş dövr” məqaləsini S.Hüseynli, Aysa Xalidovun “Çeçenlərin yazı mədəniyyəti: tarixi keçmiş və müasir vəziyyət” yazısını A.Yaşar, Zarema Çukuyevanın “Çeçen ədəbiyyatı: inkişafının əsas mərhələləri və tendensiyaları” məqaləsini Ş.Şəfa çevirib.

Nəşrin bədii tərtibatında Çeçenistanın tanınmış rəssamlarından Məhəmməd Zakriyev və Rüstəm Yaxixanovun təsviri sənət nümunələrindən istifadə olunub.

Dizayneri Emil Camalov, korrektorları Gülzar Vaqifqızı və İbrahim Cəfərov olan dərginin bu sayı “Mücrü” nəşriyyatında çap edilib.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru