Azər Qismətin “Ana söyüşü” hekayəsinin psixoloji qatları
Hekayədə gənc nəsillə yaşlı nəslin psixologiyası qarşılaşdırılır. Metroda cavan oğlan ona toxunan müəllimin anasını söymüşdü. Halbuki, müəllim bunu bilmədən etmişdi, çünki metroda adam çox idi. Bu, onun qüruruna toxundu. O çalışırdı ki, buna görə oğlan ondan üzr istəsin, oğlansa ona kobudluq etməkdə, onu təhqir etməkdə davam edirdi. Bizim müəllimimiz isə öz mədəniyyətini, sakitliyini qoruyub saxlamağa davam edirdi. Müəllimin psixologiya müəllimi olması da təsadüfi deyildi. Bəs bir gənc niyə bu qədər kobud idi? Niyə tanımadığı insanın anasını söyməkdən çəkinməmişdi? Onu buna hansı yaşantıları vadar etmişdi?
– Ma, nə tez gəldin?
– Bu kişi kimdir?, – anası aldığı kartofun ağırlığını sol əlindən sağ əlinə saldı.
Oğlanın psixoloji dünyasına bu cümlə ilə daxil ola bilərik. O, anasının əlindəki kartofu götürməmişdi, yəni ona kömək etməmişdi. Ana qədri bilinmədiyi buradan sezilir. Belə olan halda öz anasına hörmət etməyən başqalarının anasına hörmət edər? Bəlkə də “ana söyüşü”nü ilk dəfə psixologiya müəlliminə qarşı işlətməmişdi.
– Yox-yox, siz gedin evə, mən də oğlunuzla insani münasibətlər barədəki yeni monoqrafiyamdan danışacağam.
Doğurdan da gəncə insani münasibətlər haqqında “dərs” keçmək lazım idi. Görəsən, indiki gənclərin çoxu niyə belə kobudlaşıb? Aqressivdir, o qədər basdırılmış duyğuları var ki, hər an “pusquda” durub silahları ilə atəş açmağa hazırdırlar.Gənclərmi tərbiyəsizləşib, yoxsa ailələrimi onları tərbiyəsizləşdirib? Bəlkə gənclərin ətrafında örnək ala biləcək yaşlı nəsil yoxdur? Əvvəllər yaşlılar deyərdi ki, indiki cavanlar…İndi isə cümlə metamorfoz olub: indiki qocalar…
Psixologiya müəllimimiz anasına o qədər dəyər verir ki, o, bu söyüşü öz qüruruna sığışdıra bilmir, gənci daima təqib edir, ondan sadəcə üzr istəməsini gözləyir, hətta döyülsə belə. Sadəcə üzr…
Nəhayət, bir neçə gəncdən “ana söyüşünün haqq-hesabını çəkməyin” yollarını öyrənən professor oğlanı gecə klubunda tapır və insanın ruhunu titrədən o sözü deyir: “Sənin anan-mənim anam”.
Oğlanı bu söz qəfildən ayıltdı. Əslində biz kiminsə anasına, atasına söyürüksə, elə o söyüş bizim yaxınlarımıza ünvanlanır. Qarğış bumeranq olduğu kimi söyüş də bumeranqdır, ikibaşlıdır. Heç bir tərbiyə görməyən, gecə klublarında narkotik vasitələr istifadə edərək, həyatını əyləncə kimi görən gənc bu an nə etdiyini dərk edir, professor ona insanlıq dərsi verir.
“Köhnə kişilərdəndir. Qabağından yeməyi özünə sığışdırmır.” “Köhnə kişilər”. Bu söz birləşməsinə nələr daxildir? Təsəvvürümüzdə onları necə canlandırırıq?…İctimai nəqliyyatda kiçik müşahidə aparsaq, görərik ki, “köhnə kişilər” cəmiyyətdə azlıq təşkil edir.
Bu hekayə bizə gənc kimi necə davranmağı öyrədir, işlətdiyimiz ifadələrə diqqət yetirməyi, həyatımızın ən gözəl çağı olan gənclik illərini hədər verməməyi, ağsaqqal adına layiq yaşlılarla davranış qaydalarını xatırladır. Psixologiya müəllimi öz peşəsinə yaraşan tərzdə gəncə səbrli şəkildə “məsləhət verirsə”, gənc də atdığı hər addımında təmkinli olmağı bacarmalıdır. İnsanları bir hərəkətlərinə görə qəlibə salmamalıdır, necə ki müəllim bilmədən ona toxundu deyə müəllimin anasını söydü.
Yazıçı niyə məhz ananı seçdi? Niyə məhz ana söyüşü? Ananı müqəddəsləşdirən nədir? Ananın insan həyatındakı rolunun sərhədləri varmı? Gənclə professorun analarına qarşı davranışları eynidirmi? Axı, hər ikisi anadır. Fikir versəniz, bizim ölkədə ana və bacı söyüşünün yükü ağırdır. Buna görə həbs olunanlar da var. Professor da həbsə düşə bilərdimi? Bilərdi, lakin etmədi. Onun bu davranışı, toleransı gənclərə örnək oldu. Heç kəsə görə həbsə düşməyə dəyməz və hər bir kəsə verilən cəza üslubu fərqlidir. Bir var, söyüş söyəni öldürüb, həbsə girəsən, bir də var ki, ağlınla, səbrinlə onu cəzalandırasan. Hər iki situasiyada cəzalandırırsan. Fiziki və ya psixoloji cəza. Fərq etməz. Elə cəza verməlisən ki, bu cəzanın yükü sənin çiyinlərinə düşməsin, sənin həyatını məhv etməsin, qarşı tərəf bundan utansın, bu halı bir daha təkrarlamasın, özünü, öz həyatını, mənəviyyatını, özünə yaraşdırdığın hərəkətləri düşünməlisən, axı onu o sözü işlətməyə vadar edən keçmiş yaşantıları, travması var. Axı, sən psixologiya müəllimisən…Axı, sən İNSANSAN!
Əsər monohekayədir. İşsizlikdən, boşluqdan darıxan qəhrəmanımız vaxtını “dəyərləndirmək” üçün internetdə fəaliyyət göstərən “tanışlıq” xidmətindən istifadə edir. Bunu bir hobbi olaraq görür, amma onun bu “hobbisi” sonda başına bəla olur və gözünü məhkəmə zalında açır. Hekayə 2 hissəyə ayrılır: real baş verənlər və virtual baş verənlər. Baş qəhrəman real şəxsdir, ancaq onun kompüterdə yaşadığı hadisələr, “həyat yoldaşı” virtualdır.
Sosial şəbəkədə hər kəs özünü olduğu kimi deyil, olmaq istədiyi kimi təqdim edir. Bir növ virtual dünya nağıllar dünyasıdır, təxəyyülün məhsuludur, “toy kasetləri”nin bir növ müasirləşmiş variantıdır. Tək fərqi budur ki, “kaset”dəki xanımın, bəyin ən azından subay, yoxsa evli olduğunu bilirsən. Virtual münasibətlərdə isə qarşı tərəf evlidirmi, nişanlıdırmı, kimdir, nəçidir? Məlumatın yoxdur, aranızda bir “sədd” var:
sən—internet—o
o—internet—sən
Virtual sevgilərdə bir növ bağımlılıq yaranır, hətta bəzi hallarda virtual tanışlığın sonu cinayətlə bitir. Sevgi romanları ilə insan qəlbini qırmamalı, hisslərini “alış-veriş obyektinə” çevirməməli, reallığa, real həyata dönməlidir. Bizim bu qəhrəmanımız da nağıllar dünyasından ayrılsaydı, “aliment” arxasınca qaçmazdı. İnsanlar o qədər real aləmdən uzaqlaşıb və sosial şəbəkəyə aludə olub ki, özlərini hər şeyə inandırıblar, hətta ata olmağa belə. Virtual tanışlıq zamanı qarşı tərəfin bədən dilini oxumaq olmur, söhbət zamanıüz ifadəsinin necə olduğunu görmək olmur. Virtual aləmin müsbət cəhəti odur ki, rahatlıqla ünsiyyət quraq olur, güvənlidir, xoşagəlməz hal yaşandıqda söhbəti dayandıra bilərsən.
İnternet əyləncə, yoxsa ünsiyyət vasitəsidir? Virtual həyat=virtual xoşbəxtlik. Virtuallığın ən mühüm dezavantajı odur ki, insanlar arasında real kommunikasiya potensialının aşağı salınmasıdır. Əhvalın pisdirsə, realda qarşı tərəfin üzünə baxanda bunu görürsən, virualda isə “gülüş” emojisi göndərən şəxs heç bəlkə də gülmür. Necə ki qəhrəmanımız tanış olduğu xanımla “öpüşürdü”, amma virtual. Əsərin baş qəhrəmanının adı yoxdur, çünki ümumiləşdirilmiş obrazdır. Əyləncə kimi baxdığı bu tanışlıq onu real məhkəməyə gətirib çıxarır, yaxşı ki qatilə çevirmir. O o qədər cəmiyyətdən özünü izolə edib ki, virtual “hamiləliyin”, virtual “övladın” belə varlığına inanır. Virtual şəkildə bu mümkündür? Təbii ki, yox. Əsər xəyalidir, müəllif oxucuya bir çox mesajlar ötürüb. Yazıçı həyatımızın daxilinə nüfuz edən ümumi virtual reallıqdan danışır, ümumi hadisələr sadəcə həddindən artıq virtuallaşmağa doğru gedən acı həqiqəti simvolizə edir. Necə ki, obraz sonda “kaş şikayətimə də virtual baxmasınlar” deyir. Virtual həyat, virtual xoşbətlik, virtual toy, virtual yas, alış-veriş….bunun sonu varmı?
Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi
“Çiçəklərin dili” metaforu tez-tez ədəbiyyatda simvolizmə çevrilir. “Xrizantemlər” əsərində də bu var. Xrizantemlər də danışır. Xrizantemlər hekayə boyu simvol kimi tez-tez istifadə olunur. “Xrizantemlər”in mesajı nədir? Gender bərabərsizliyi. “Xrizantemlər” ağıllı qadınlara yer olmayan bir cəmiyyətə qarşı kəskin tənqiddir. Əsərin ideyası özünüzü, necə olduğunuzu sevməyi öyrənməkdir, özünə, öz cinsiyyətinə hörmət etməyi öyrənməkdir. Bu ideya hekayə boyu göstərilir. Hekayə indiki həyatından məyus olan 35 yaşlı güclü qadın Elisa Allen adlı qürurlu, güclü qadın haqqındadır. O, 1930-cu illərdə fermada yaşayan tipik evdar qadının ümumiləşdirilmiş obrazıdır. Əsər bir çox mövzuya malikdir, lakin süjet repressiya edilmiş seksuallıq və laqeyd qadınlıq mövzularına əsaslanır. Bu hekayə Elisa kimi ağıllı qadınları darıxdırıcı həyata məcbur edən 20-ci əsrin əvvəllərindəki stereotip cəmiyyəti tənqid edir. Elisa çox bacarıqlı və cəlbedicidir, enerji və ambisiya ilə doludur. Bununla belə, onun həyatında hələ də həyəcan yoxdur. Kişilər ondan daha dolğun həyat sürürlər. Elisa cazibədardır,bağçılıq və ev işləri ilə çox maraqlanır. Bitkilərə öz övladları kimi baxır və onlar onun emosional ehtiyaclarını qarşılayır.
Elisa obrazı qadınların çoxunun öz istəklərini ifadə etməsinə icazə verilmədiyini və evlərinin içində darıxdırıcı bir həyat sürməli olduqlarını təsvir edir. Elisanın həyatında cinsi doyumun olmaması da var. Elisa ehtirasla dolu enerjili bir qadındır, lakin özünü ifadə etmək imkanı yoxdur. Onun otuz beş yaşı var, lakin uşaqsız olması onun evliliyinin cinsi cəhətdən aktiv olmadığına işarə ola bilər. Bundan əlavə, onun həyatdan çox narazı olmasının səbəbi də bu ola bilər. Elisa Allen ağıllı və ehtiraslı qadındır. Onun həyatında macəra və məmnunluq yoxdur. Evlə məşğul olmaqdan başqa heç bir işi yoxdur, uşaqları da yoxdur, bu da onun həyatını çox maraqsız edir. Onun əri Henri Allen bağçılıq və mal-qara alveri ilə də məşğuldur. Üçüncü bir xarakterimiz də var. Obrazın adı çəkilməsə də , onun peşəsi sındırılmış qabları düzəltmək, qayçı itiləməkdir.
“Xrizantemlər” Amerika yazıçısı Con Steynbekin “Uzun Vadi” kolleksiyasının bir hissəsi olan qısa hekayəsidir. Əsər ərinin fermasında boğucu bir yaşam məhkum edilən ağıllı, yaradıcı bir qadın haqqındadır. Əsər özündə daha az seksual təsvirləri ehtiva edir. Hekayənin əsas mövzusu Elisanın yaradıcı məyusluğudur. Bəzi tənqidçilər Elizanı feminist bir fiqur kimi nəzərdən keçirərkən, digərləri Elisanın həm ərini həyasızlaşdırdığını, həm də tinkerlə xəyanət etdiyini iddia edərək, hekayənin feminizmə qarşı bir hücum olduğunu müdafiə edirlər. Süjetdə narazılıq, cinsi istək və gender bərabərsizliyi mövzuları araşdırılır. Elisa xarici dünyanın həyəcanından qopan fermada darıxdırıcı bir həyat yaşayır. O, güclü bacarıqlı qadındır, lakin günün çox hissəsini tək keçirir və evi təmiz saxlamaq üçün işləməli olur, bu, cəmiyyətin ona sırıdığı roldur. Onun aldığı yeganə həzz xrizantem yetişdirməkdir. Bir növ, o, maraqsız həyatının içində tələyə düşüb. Elisa narazı bir həyat sürür, istəklərini tam ifadə edə bilmir və emosional ehtiyacları yerinə yetirilmir. Elisanın məyusluğu uşaq sahibi olmamaqdan və ərinin ona bir qadın kimi yanaşmamasından, dəyər verməməsindən qaynaqlanır. Onun məyusluğunun yeganə çıxış yolu gözəl xrizantemlər yetişdirdiyi çiçək bağıdır. Müəllif xrizantemlərdən Elisanın və hər bir qadının daxili şəxsiyyətinin simvolu kimi istifadə edir. Elisa həyatından məyus olur, çünki Henri ilə evliliyində uşaqları və romantikası yoxdur. Bundan əlavə, əri onun qadın keyfiyyətlərini və emosional ehtiyaclarını qiymətləndirə bilmir. Tirkerlə qarşılaşma onun seksuallığını oyandırır və Elisaya daha həyəcanlı,romantik bir evlilik ümidi verir, lakin o, həyatının dəyişməyəcəyini yolda atılan gülləri görəndə anlayır. Belə bir uğursuz həyatla kifayətlənmək məcburiyyətində qalması onu tamamilə məhv edir. Elisa həyat yoldaşı ilə birlikdə şəhərə gedən yolda səssizcə ağlayır, çünki o, qadın rolunun sıxıntıları və həyatının dözülməz şərtləri ilə üzləşir. Onun xoşbəxt olduğu və tək olmadığı yeganə vaxt xrizantemlərə qulluq etməsidir. Onlar ona yoldaşlıq edir və məmnunluq hiss etdirirlər. Tinker gələndə o, öz tənhalığını və basdırılmış istəklərini dərk edir. Elisa o istəklərin yerinə yetirilməməsindən xəbərsizdir, lakin tinkerin gəlişi ilə o oyanmağa başlayır. Tinker Elisanın həyatında çatışmayan macəranın simvoludur. Gecələr ulduzlar haqqında danışanda onun danışıq tərzi çox həssas olur. Onun tinker kişinin qarşısında diz çökməsi cinsi itaət mövqeyidir. Cinsi istəkləri oyandıqdan sonra o, aqressiv olur, əvvəlcə utanır, sonra isə tinker xrizantemləri atdıqda, rədd edildiyini hiss edir və ağlayır.Tinkerlə etdiyi söhbət onun darıxdırıcı həyatına bir qədər həyəcan qatır və gizli cinsi istəklərini oyadır, bir qadın olaraq, tələyə düşür. Tinkerlə danışdıqdan Elisa həyəcanlanmağa başlayır, bu dəyişiklik əlcəklərinin çıxarılmasında əks olunur. Sevimli saçlarını göstərərək papağını da çıxarır. Tinkerdən ayrıldıqda Elisa demək olar ki, ritualistik bir transformasiyaya məruz qalır. O, soyunur, çimir, güzgüdə çılpaq bədəninə baxır, sonra geyinir. O, dəbli alt paltarları, yaraşıqlı paltar geyinir və makiyaj edir. Bu geyimlər onun bağçılıq geyimləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir və yeni enerjili, seksual Elizanı əks etdirir. Tinker xrizantemlərə diqqət yetirdikdə, o, ona diqqət yetirirmiş kimi sevinir. Ona xrizantemləri verəndə o da bir şəkildə özünü ona təklif edir, lakin o, onu rədd edir, xrizantemləri yol qırağına tullayır. Elisa rədd edildiyini anlayır və bu, onu ağlamağa məcbur edir. İnsanlar onun çiçəklərinə dəyər vermədikləri kimi ona da dəyər vermirlər. Hətta Henri də həyat yoldaşına heç vaxt kifayət qədər diqqət və dəyər verməyərək o gülləri bəzək əşyaları kimi görür. Diqqət yetirməli olan bir şey budur ki, tinker onun xrizantem sevgisindən sadəcə öz xeyrinə istifadə edirdi . Tinker Henridən daha həyəcanlıdır, lakin o, yalnız işi üçün ondan faydalanır. Sonra o, gülləri atır və Elisa onun tərəfindən tamamilə rədd edildiyini başa düşür və beləliklə, “qoca qadın” kimi ağlayır. Elisa kimi çiçəkləri də ehtirassız və əhəmiyyətsizdir: hər ikisi sadəcə dekorativ əşyadır.
Xrizantemlər Elisanın uşaqlarını, Elisanın qadınlığını, qadın rolunu və seksuallığını simvollaşdırır. Əvvəlcə övladlarını simvollaşdırırlar, sonra onun qadınlığını və cinsiyyətini təmsil edirlər. O, bağçasına qulluq edir və xrizantemlərə öz uşaqları kimi sevgi və qayğı ilə yanaşır. Elisa çiçəklərini çox qoruyur və ətrafına məftillə hasar çəkir, o, çiçəkləri ilə fəxr edir. Çiçəklərə öz övladları kimi baxan Elisanın portreti qadın obrazıdır, lakin onun kişi obrazı da onun “sərt süpürülmüş və cilalanmış” evində müşahidə olunur. Bu görüntü onun əri ilə münasibətinə təsir edir. Eliza hiss edir ki, Henri onun qadınlığını tanımır və təqdir etmir, bu hiss onun ərinə qarşı antaqonist olmasına səbəb olur, qəlbində ərinə qarşı inciklik var. Tirkerlə qarşılaşma Elisaya ümid verir və onun daha dolğun həyata hazırlaşmasına səbəb olur, Tirker Elisaya sanki qadın olduğunu hiss etdirir, onun dişil enerjisini oyadır. Bundan sonra Elisa yuyunur, yuyunandan sonra ayna qarşısına keçərək çılpaq bədənini zövqlə izləyir, xüsusilə də qadınlarda qadınlığı, intim nöqtəni simvolizə edən sinələri qabartmağa çalışır, bədəninə, qadınlığına heyran qalır. Elisada eril enerji o qədər güclü idi ki, onu yüksəltmək heç ağlının ucundan belə keçmirdi.
Bu hekayədəki əsas münaqişə insan özünə qarşıdır . Elisa həyatından tam razı qalmadığı daxili münaqişə ilə məşğul olur. O, evliliyində hiss edilməsindən, rəftar olunmasından tam razı deyil. Elisa yad kişi ilə qarşılaşdıqdan sonra yenilənmiş enerji və yaşamaq həvəsi hiss edir. O , geyinib özünü gözəl hiss etmək üçün səy göstərir və ərinə romantik bir axşam keçirə bilmələri üçün paltarlar hazırlayır.Elisa əri ilə birlikdə gecəyə hazırlaşır, güzgüdə çılpaq bədənini öyrənir,şəffaf corablar və gözəl paltar geyinir, makiyaj edir, əri ilə axşam bərabər bir gün keçirəcəyini səbirsizliklə gözləyir. O, ümid edirdi ki, Henri onun bir qadın kimi ehtiyaclarını dərk edəcək və ona həsrət qaldığı romantikanı, həyəcanı yaşadacaq. Lakin bu ümid tezliklə puç olur, Elisanın xəyalları suya düşür. Həyat yoldaşının bu dəyişimini görən Henri “Sən dizinin üstündən buzov qıracaq qədər güclü görünürsən” deməklə ona “kompliment” deyir. Elisanın bu cür “təqdir edilməsi” xoşuna gəlmir. Onun görünüşünə dair bu xoşagəlməz “iltifat” Elizanın bir qadın kimi eqosunu tətmin etmir. “Sonuncu ölən ümidlərdir” fikri ilə yola çıxaraq, deyə bilərik ki, Elisanın da sonuncu ümidləri yolda gülləri görəndə ölür. Bitkiləri atmaqla, tinker simvolik olaraq Elizanı və onun qadınlığını,seksuallığını rədd edir. Gül qabı boş olduğu kimi, Elisa da özünü boş hiss edir. O, həmçinin gender rolu ilə məhdudlaşdırılaraq əzildiyini hiss edir, dərk edir ki, həyatı heç vaxt dəyişməyəcək, onun qadınlığı və seksuallığı Henri tərəfindən heç vaxt qiymətləndirilməyəcək, başa düşülməyəcək. Elisa həyəcansız əri ilə kifayətlənməyi öyrənməlidir, qəbullanmalıdır ki, əri romantik deyil, ona dəyər vermir, onun qadın kimi varlığını hiss etmir, Elisanın monoton həyatı heç vaxt dəyişməyəcək. Sonda zəif qadın kimi ağlayır.Göz yaşları burada onun gücsüzlüyünü, yaşam tərzini qəbullanmağını, təslimçiliyini simvolizə edir. “Xrizantemlər” əsərində müəllif Elisanın ümidini itirməsini göstərmək üçün ironiyadan istifadə edir. Hekayənin sonunda Elisa şam yeməyi ilə şərab istəməsi onun həyatda daha geniş imkanlar açdığını göstərir . O, nəhayət ki, məhdud varlığından qurtula biləcəyini və şanslarını sınaya biləcəyini başa düşdü. Elisa öz bədbəxtliyində günahkar olduğunu başa düşür. O, heç dəyişmir, hekayəyə təcrid olunmuş, tənha bir qadın kimi başlayır və eyni şəkildə bitirir. Elisanın əsas dəyişməsi, özünün yerinə yetirilməməsinin fərqində olmayan bir qadından həyatında nəyin əskik olduğunu dərk edən bir qadına çevrilir. Onun mövcud vəziyyəti dərk etməsi, fərqindəlik qazanması həqiqətən bir oyanışdır.
Hekayədə Elizanı nə simvollaşdırır? Hekayə boyu Elisanın xrizantemləri özünü simvolizə edir və xüsusilə də onun gizli, məhdud potensialını ifadə edir. Onun sevimli, güclü çiçəklərlə birbaşa əlaqəsi onun gözəlliyini,həyatı yaratmaq üçün fitri qabiliyyətini nəzərdə tutur. Boş dibçək boşa çıxan qadınlığı simvollaşdırır.
Henri Allen yaxşı ərdirmi? Elisanın əri Henri yaxşı, möhkəm adamdır, lakin arvadını razı sala bilmir. Henri Elisa qədər ağıllı deyil, amma fermanı idarə edən, özünü və arvadını dolandıran, biznes sövdələşmələri edən odur. Elizanın edə biləcəyi yeganə şey işini yerinə yetirərkən onu uzaqdan izləməkdir. Fermanın idarə olunması ilə bağlı hər hansı məlumatı bilavasitə olaraq Henridən alır, o, həyat yoldaşına bərabər tərəfdaş kimi yanaşmaq əvəzinə yalnız qeyri-müəyyən, alçaldıcı tərzdə yanaşır. Cəmiyyətinin standartlarına görə, Henri bir qadının ərdən istəməsi lazım olan hər şeydir, hər bir qadının arzuladığı həyat yoldaşı tipidir: o, onu maddi olaraq hər şeylə təmin edir, ona hörmətlə yanaşır və hətta hərdən onu bayıra da çıxarır.Ancaq Henri çatışmazlıqlarını görmür, yanındakı qadının ruhu, arzuları, istəkləri, mənəvi tələbləri ilə maraqlanmır. Onların aralarında harmoniya yoxdur, bir-birlərindən xəbərsizdirlər, fərqli dünyaların insanlarıdır, bu da Elisanın Henridən narazı olmasına səbəb olur. Henri onu heç bir məmnuniyyətlə təmin edə bilmir və o bu ailə həyatından zövq ala bilmir. Əri onunla ancaq alçaldıcı yumoristik şəkildə danışır. Onu və istəklərini başa düşmür. Elisanın ev qulluqçusu və bağban kimi bacarıqları ilə fəxr edir. Henri kişi ilə danışanda uzaqlaşıb danışır ki, Elisa bu söhbəti eşitməsin, çünki o,qadındır, o belə söhbətlərdə iştirak etməməlidir. Hekayə açıq şəkildə onun əsas mətləbindən bəhs etmir, bizə öz izahatlarımızı vermək qalır. Onların evliliyində ehtiras yoxdur, evlilik funksional xarakter daşıyır. Boşanmanın müxtəlif növləri var, onlardan biri də emosional boşanmadır. Bax Elisa ilə Henri də emosional boşanmaya aid cütlük idilər. Henri, onun üçün uyğun tərəfdaş deyil, eyni yumor hissini paylaşmırlar və hər ikisi çox fərqlidir. Bu da Elisanın özünü təcrid olunmuş hiss etməsinə səbəb olur. Onlar bir-birlərinə həyat yoldaşlarından daha çox bacı-qardaş və ya dost kimi yanaşırlar. Evliliklərinin Elisanın ehtiyaclarına ödəməməsinə baxmayaraq, Elisa seksual insan olaraq qalır, yazıçı bu keyfiyyəti normal və arzuolunan kimi göstərir. Onun emosional və cinsi ehtiyaclarını təmin edəcək heç kim yoxdur. O, tənhadır və hekayədəki kişilər dünyanı araşdırmaq üçün yola düşərkən evin qayğısına qalmaq ona düşür. Bu ailə tipik Azərbaycan ailələrinə misaldır. Təəssüf ki, bu problem bizim ölkədə də hələ də aktuladır. Hələ də qadına yüklənən rollar var, qadın obyekt kimi görünür.
Hekayənin sonunda Elisa niyə ağlayır? O, tinkerin öz ruhunu düşünmədən rədd etməsindən məyus olduğunu hiss edir.O, əri kimi onu bir qadın olaraq, bənzərsiz edən keyfiyyətləri qiymətləndirə bilməyib. Elisa həyatının heç vaxt dəyişməyəcəyini anlayır.
Əsərdə qayçı nəyi simvollaşdırır? Əsərdə qayçı kişi gücü və nəzarət hissini, eril enerjini ifadə edir. Elisa hekayənin çox hissəsində nadir hallarda qayçısız olur. Önlüyündə qayçısına aid xüsusi cibi var.
Elisanın paltarları nəyi simvolizə edir? Hekayə başlayanda Elisa ağır ayaqqabılar, qalın əlcəklər, kişi papağı və iti alətlərlə zəngin önlüklə tamamlanan androgen formalı bağçılıq paltarı geyinir. Müəllif onun bədənini “tıxanmış və ağır” kimi təsvir edir. Elisanın geyimi və forması kişiliyi, onun aseksual varlığını əks etdirir.
Elisa və xrizantem necə oxşardır? Xrizantem həm Elizanı, həm də onun həyatının məhdud dairəsini simvollaşdırır. Elisa kimi xrizantemlər də sevimli, güclü və çiçəklənir. Onların gül yatağı, Elizanın evi kimi, səliqə-sahmanlıdır. Xrizantem hekayə boyunca xatırlanır və Elizanın simvolu kimi görünür. Xrizantem gövdələri uzun, güclü və sərtdir ki, bu da Elisanın kişi keyfiyyətlərinin simvoludur. Bununla belə, çiçəyin özü zərifdir, bu da Elisanın qadına xas olan hissələrini təmsil edir. Xrizantemlərin həm güclü, həm də gözəl olmasının ziddiyyətli xüsusiyyətləri, Elisanın həm kişi, həm də qadın olması üçün qadına xas atipik xüsusiyyətlərin olduğunu təcəssüm etdirir. Eliza yolun ortasında çiçəkləri görəndə Elisa bunu özünü azadlığa buraxmaq və nəticədə yaralanmaq kimi qiymətləndirdi. Bir çox tənqidçilər xrizantemlərin Elisanın məyusluğunun simvolu olduğunu iddia edirlər.
Əsərdə simvollar.
Zəiflik: Elisa ilə qəribə adamın qarşılaşması Elisanın zəifliyini ortaya qoyur. Kişi onu asanlıqla üstələyə bilərdi. O, Elizaya yaxınlaşır, onu manipulyasiya edir və ona yalan deyir.
Gender rolları: Steynbek kişilərin və qadınların cəmiyyətdə xüsusi rollara malik olması fikrini dəstəkləyir.
Seksuallıq: Cinsəlliyini repressiya etsə də, Elisa hələ də seksual insandır. Onun və ərinin inkişaf edən cinsi əlaqəsi yoxdur, bu, Elisanın güclü və məhsuldar bədəninə baxmayaraq, uşaqlarının olmamasında görünür.
Qadınlıq: Qadınlıq cinsiyyətlə əlaqələndirilir. Hekayənin əvvəlində Elizanın eril enerjiyə sahib görünüşü var. Bununla belə, o, tinkerlə söhbət edərkən kiçik bir cinsi oyanışdan sonra, şəhərə getməyə hazırlaşanda daha qadın görünmək üçün əlindən gələni edir.
Qış: Hekayə qısırlığın simvolu olan qışda baş verir.
Döyüşlər: Döyüşlər ”kişi dünyası” ideyasının simvoludur. Döyüşlər qadınların ümumiyyətlə iştirak edə bilməyəcəyi məkan hesab olunur.
Həbslə bağlı simvolizm: Salinas Vadisi Elisanın emosional həyatını simvollaşdırır. Hekayə Salinas vadisinin uzun təsviri ilə açılır. Bu, Elisanın şəxsi mənfəəti üçün onu aldatmağa cəhd edə biləcək insanlardan xəbərsiz olması ilə yanaşı, Xrizantem yetişdirməklə ərini həqiqətən razı sala bilməyəcəyi vəziyyətini xəbər verir. Steynbek vadini üstü dumandan hazırlanmış qapaqlı qazana bənzədir. Vadinin “qapalı qazan” metaforası Elisanın havasız bir dünyanın içində sıxışdırıldığını və onun varlığının qaynama nöqtəsinə çatdığını göstərir. Onu da öyrənirik ki, yaxınlıqda Günəş olsa da, vadiyə heç bir işıq girmir. Günəş işığı çox vaxt xoşbəxtliklə əlaqələndirilir və nəticə ondan ibarətdir ki, onun yaxınlığındakı insanlar xoşbəxt olsalar da, Elisa xoşbəxt deyil. Dekabr ayıdır və vadidə soyuq hava hökm sürür, lakin hələ də sakinlər ümidsiz deyil, hava yəqin ki açılacaq. Havanın və vadinin sakinlərinin ümumi əhval-ruhiyyəsinin bu cür təsviri Elisaya da eyni dərəcədə aiddir. İlk olaraq Kaliforniyadakı bir vadinin lirik təsviri kimi görünən şey Elisanın klostrofobik, bədbəxt, lakin ümidli daxili həyatının zəngin simvolu kimi ortaya çıxır.
İnəklər: Henrini fermadan uzaqlaşdıran hadisə yaradırlar ki, Elisa evdə tək olarkən tinkerlə qarşılaşa bilsin.
Sarı xrizantemlər: Elisanın şəxsiyyət xüsusiyyətlərini və həyata baxışını göstərir.
Salinas Vadisi: onun qorunan həyat tərzini göstərir və oxucunu həyatda ən böyük arzularını həyata keçirməyə aparır.
Hekayənin sonunda Eliza atışmalardan sonra göz yaşlarını gizlətmək üçün paltosunun yaxasını yuxarı çəkir. Steynbek qadın şüurunun mürəkkəbliklərini dəf etmək üçün qeyri-adi bir qabiliyyət nümayiş etdirir. Əsər 3-cü bir şəxs tərəfindən nəql olunsa da, bütünlüklə Elizanın nöqteyi-nəzərindən təqdim olunur. Bu texnika ona onun psixikasını araşdırmağa və dünyanı onun gözü ilə göstərməyə imkan verir. Biz onun yerinə özümüzü qoyuruq və onun məyusluqlarını,hisslərini yaşayırıq, onunla empatiya qururuq. Çünki o, Henrinin kostyumlu kişilərlə nə müzakirə etdiyini bilmir, biz də bilmirik. Çünki o, tinkeri yaraşıqlı kişi kimi görür, biz də görürük. O, qazanlarını düzəldəndə dodaqlarına baxdığı üçün biz də onunla birlikdə onlara baxırıq. Nəticədə hekayənin sonunda onun həsrətini və xarakterini ərindən daha çox başa düşürük.
Bir çox kişilər qadınlara lazım olan yeganə şeyin işləyən ərlərin və kifayət qədər pulun olmasını düşünürdülər. Yazıçı Elisanı heç vaxt qınamır və əvəzində onun istedadının, enerjisinin və ambisiyasının israfını faciə kimi təsvir edir. Bizdən Elizanı sərt mühakimə etməyi xahiş etmək əvəzinə, bizi onun niyə belə davrandığını anlamağa, onunla empatiya qurmağa dəvət edir. Steynbek Henri və tinkerdən patriarxal cəmiyyətlərin, paternalizminin dayaqları kimi istifadə edir: necə ki, onlar qadınların potensialına məhəl qoymurlar, cəmiyyət də qadınlara o cür davranır. Steynbek cinsi doyuma ehtiyac olduğunu müdafiə edir və onun arxasınca düşmək insanların irrasional şəkildə hərəkət etməsinə səbəb ola bilər. Obrazın ödənməmiş istəkləri nəticəsində tinkerin Elisanı cəlb etməsi təhlükəli və idarəolunmazdır.
Oxucu Elisanın ərinin arvadının gözəlliyini görmədiyinə görə günahkar olduğunu öyrənir. Yazıçı Elisanın şəxsiyyətlə mübarizəsini göstərmək üçün 20-ci əsrin kişi və qadın rollarını təsvir edir. Elizanın həyat yoldaşı kimi rolu ona həyat yoldaşı olaraq verilən tapşırıq vasitəsilə üzə çıxır. Eliza bir neçə səviyyədə qarşılaşdığı hər bir insanla, eləcə də bağçaya qulluq etdiyi və həyat sürdüyü təbiətin özü ilə münaqişə yaşayır. Bağın özü hekayənin inkişafı ilə Elisanın fiziki xüsusiyyətlərini dəyişir. Müəllif kim olduğu və həyatdan nə istədiyi ilə bağlı daxili qarışıqlıqlarla dolu bir obrazı ortaya qoyan qısa hekayə boyunca çoxsaylı dialoqlarda bunu ifşa edir.
Xrizantemlər Elisanın həyatının böyük bir hissəsidir və onun özünə necə baxdığını, necə davrandığını simvollaşdırır, yazıçı Elisanın gücünü simvollaşdırmaq üçün xrizantemdən istifadə edir. Xrizantem budaqlarını kəsmək üçün çox güc tələb olunur ki, bu da Elisanın qayçıdan istifadə etməsi ilə vurğulanır. Bir qayda olaraq, çiçəklər gözəl və zərif təsvir olunur, lakin xrizantem möhkəm və sərtdir. Steynbek xüsusi olaraq xrizantemlərdən istifadə etməyi seçdi, çünki onlar Elisanın gücünü simvollaşdırır,o, özünə güvənən, güclənmiş qadındır, lakin onun bütün gücü, xrizantemlərin bağının divarları arasında bağlandığı kimi cəmiyyətin standartları daxilində məhdudlaşır. Onun vəzifəsi xrizantemlərə qulluq etməkdir, onda qadınlıq gücünü nümayiş etdirəcək bir situasiya yaranmamışdı.Tinkerlə sonradan bu situasiya yarandı. Yazıçı Elisanın geyimindən onun eril qüvvəsini, xarici dünyadan təcrid olunmasını simvolizə etmək üçün istifadə edir ki, cəmiyyətin standartları qadınların fürsətlərdən necə məyus olmasına səbəb olur.
Əsərin başlığı ədəbi texnikanın simvolizmini ortaya qoyur. Xrizantem çiçəyi qəhrəmanlarının düşüncələrini, hisslərini və fikirlərini açıqlayır. Steynbekin qəhrəmanı ərinin səhlənkarlığından əziyyət çəkir və buna görə Elisa öz təcrid olunmuş dünyasına üz tutur. Xrizantem çiçəyi kimi gözəldirsə, səhlənkarlıqdan əziyyət çəkir, necə ki gülə qarşı diqqətsiz olsan, onu sulasan, gül solar, qadın da elədir.
Əsərin əsas mövzulardan biri kişilərin hakim olduğu cəmiyyətdə qadının məhdudiyyətləridir. Hasar onun evliliyini, bağ isə həyatını təkrarlayır. Henri heç vaxt Elisanın xrizantemlərinə maraq göstərmirdi, yəni həyat yoldaşı ona maraqlı deyildi. Bağ hasarla əhatə olunub. Müəllif evlilik həyatından narazılığını və məyusluğunu taxta hasardan istifadə edərək göstərir. Çay dərədən çıxan bir yol kimi dayanan hekayədə görünən simvollardan biridir. Bu o mənada simvolikdir ki, Elizanı təcrid olunmasına məhəl qoymadan dar təsərrüfat dünyasından çıxarmağa bənzəyir. Bəziləri bunu onun “qapalı qazanda” ağırlaşdırılmış həyatdan qaçması kimi simvolik hesab edir. Hekayəni oxuyandan sonra görmək olar ki, Elisa heç vaxt bu fürsətdən istifadə etmir, amma başqaları onun hasarlanmış həyatından qoparaq yanına gəlirlər. O, təcrid olunmuş səltənətinə girən zərgərdən xoşlanır. Elisanın kənar adamın əsl xarakterini tanıya bilməməsi çox aydındır ki, onun quruya su damcıları kimi gəlməsi müsbətdir. Hekayədə su məsumluq və təmizlik obrazı kimi simvollaşdırılıb. Müəllif “su kimi aydın” yazanda Elizanın gözü ilə aydın görünür.Tirkerin gözlərinə baxanda nəzərəçarpacaq bir dəyişiklik görə bilərsiniz və o, bunu maraqlı hiss edir. Steynbek qadın və kişi davranışının patriarxal cəmiyyətin diktə etdiyi tipik modellərini nümayiş etdirmişdir. Eliza və digər personajlar bu nizamın zərərli olduğu fikrini göstərir, çünki o, böyük insanların potensialını yalnız bir insanın qadın olması səbəbindən məhv edir.
İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti”
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İlyas Əfəndiyevin yaradıcılığında qadın azadlığı, qadınlıq duyğuları və onun daxilində baş qaldıran saf, pak sevgi hislərinin təsviri xüsusilə diqqəti çəkən məqamlardan biridir. Yazıçı oxucu düşüncələrini dilemma qarşısında qoyaraq, “əsərin baş qadın qəhrəmanı haqlıdır mı?” sualına yönləndirmiş, insan xislətində yaranmış spesifik cəhətlərə “Körpüsalanlar” romanında aydınlıq gətirmişdir. Əsərdə hadisələr əsasən, kənd mühitində cərəyan edir və 2 təhkiyəçinin dilindən verilir. Həmin təhkiyəçilər əsərin baş qəhrəmanları olan Səriyyə və Adildir. Yazıçı əsərin digər qəhrəmanı olan Qəribi də təhkiyəçi qismində verə bilərdi mi? Bəli, fəqət görünür, yazıçı Səriyyə-Adil xəttindəki konflikti daha qabarıq şəkildə təsvir etmək, onların daxili aləmini oxuculara açıq, aydın şəkildə çatdırmaq üçün belə bir mövqe tutur.
Səriyyənin qəlibləşmiş arzuları. Əsərin baş qadın qəhrəmanı Səriyyə zavod çilingərinin bir qızı idi. O, kənd mühitində böyümüş, yol texnikumunu bitirmiş, ali təhsilə yiyələnməmişdi. 19 yaşında tale onu Adillə qarşılaşdırmış və bu iki gənc ailə həyatı qurmuşdu. Baxmayaraq ki Səriyyə Adili sevib evlənmişdi, (bəlkə də sevmirdi) bu birillik izdivac yenicə çiçəkləndiyi kimi çox erkən də soldu, Səriyyə özü də bilmədən, Qəribə qarşı qəlbində saf duyğular bəsləməyə başladı. Onun hər hərəkətinə diqqət yetirir, hətta paltarına da nəvaziş göstərirdi. Səriyyənin daxili aləmində azad hislər yaranmışdı, onun özü də azadlıqsevər idi. “Körpüsalanlar” romanında bu, onun dilindən açıq-aşkar şəkildə verilir.
Səriyyə Adilə öz xoşu ilə ərə gəlmişdi, öz həyatından maddi cəhətdən məmnun idi. Kübar ailə mühitinə düşmüş gənc qız ərinə qarşı sadiq və hörmətli olmağa çalışırdı, ərinin ona verdiyi tövsiyələrə əməl edirdi, çünki özünü bu yeni kübar mühitində necə aparmağı dərk edə bilməmişdi. Adil onun hər bir kiçik səhvini duyub dərhal ləğv edirdi. Onun aləmində “ər” anlayışı ərinə qulluq etmək onun hər bir ehtiyaclarını qarşılamaq, sözündən çıxmamaq ona lazımi dərəcədə hörmət göstərməkdir. Həyat yoldaşı ailə qurduğu qadından onun mövqeyinin tələb etdiyi yüksəklikdə dayanmasını istəyirdi, lakin Səriyyə bunu bacara bilmirdi. Adillə arasında əsl eşqdən əsər-əlamət yox idi, onun fikri, diqqəti sadəcə bütün deyilənlərə robot kimi əməl etməklə yekunlaşırdı, çünki bu həyatı özü seçmişdi. Bəzən seçdiyi bu həyata layiq olmadığını düşüncələrindən keçirir, yoldaşının ondan daha yüksək mövqedə durmasını dilə gətirirdi. Amma hər şey Səriyyənin istədiyi kimi davam etmədi. İkiüzlü davranmaq istəmirdi. Yoldaşından bir şeyi, hətta hislərini belə gizlətmək ona ağır gəlirdi. Fikrimizcə, Səriyyə öz duyğularını tez bir zamanda müəyyən edib həyat yolunu seçməliydi və seçdi də…
Təəssüf ki Səriyyə labirintlərlə aşıb-daşan ailə mühitinə düşmüşdü. O, arzuladığı həyatı yaşaya bilmədi,öz seçimində yanıldı və bunu anlayaraq, öz sevgisinin arxasınca getdi. Qəriblə qarşılaşmaq onun yalnız daxili aləminə ruhuna qəlbinə deyil, xarici görünüşünə də sirayət etmişdi. Səriyyənin qəlbinin ehtiyaclarını ödəyən onu ehtirasla, pak hislərlə sevən, qadınlığına dəyər verən, qayğı göstərən bir adamı seçməklə həyatını, eyni zamanda ruhunu dəyişdi. Bunu onun cismi deyil, ruhu, qəlbi arzulayır, tələb edirdi. Başqa sözlə desək, azad olmaq istəyi…
Azadlıq anlayışının 3 tipi məlumdur: cismani, hissi və ağıllı azadlıq. Səriyyə hissi azadlığına qovuşdu, onun qəlbi sanki buxovlanmışdı, heç kəsin girə bilməyəcəyi qalaya çevrilmişdi. Onun bu solmuş, tükənmiş hisləri Qəribi görəndən sonra canlandı və o bu arzuolunmaz sevginin qarşısını ala bilmədi. Səriyyə axtardığı sevgini Adildə deyil,adi bir buldozerçidə tapdı.
Səriyyə nə üçün ona “sən” deməyə ərk eləmirdi? Bu utancaqlığın, çəkingənliyin əlaməti idi mi? Yoxsa Səriyyəyə qarşı yaranan bu doğmalıq, bu istilik, ya da Qəribin “yad qadına” qarşı soyuq davranışı mı onların arasında sərhəd yaradırdı ? Yoxsa daha da yaxınlaşdırırdı ? Səriyyə özü də bu sualın çətinliyi qarşısında qalmışdı. Bəlkə də gizli doğmalıq buna səbəb olmuşdu. O, özündə yaranan cəsarətli, ülvi hisləri dəf edə bilmirdi, özünə bəraət qazandırır, haqlı hesab edirdi. İnsanın bəzən sevdikləri ilə arasında müəyyən sərhəd olur və həmin sərhədi qarşı tərəf də gözləyir. Bəlkə də qarşılıqlı hislərinin arasındakı süni sərhəddir?
Digər tərəfdən belə bir sual yaranır. Səriyyə nə üçün günlük yaşamını, xüsusilə də Qəribli dəqiqələrini ən çox gecələr düşünürdü? Gecələr insan qəlbilə baş-başa qalır, qəlb nə istəyir, ağıl hansı yolu göstərir, qəlbin istədiyi şeyi ağıl idarə edir. İnsan gecələr özü ilə baş-başa qalır və ünsiyyət qurur. Səriyyə qəlbinə doğru irəliləyir, onunla bacarmırdı. Həyat yoldaşının acı taleyi Səriyyəni çox qorxudurdu . O ərinin “əsarəti” altında sıxılırdı, zincirlərdən yaxa qurtarmaq istəyirdi. Adilin ona izah etdiyi “xoşbəxtlik məfhumu”nu anlaya bilmirdi. Səriyyənin arzuladığı həyat ,istəkləri, xəyalları tamamilə Adildən yad və kənar aləmə yönəlmişdi.
Səriyyəni yelbeyin, ağılsız hesab etmək olar mı? O, vicdanı qarşısında hesab verirdi mı? Fikrimizcə, Səriyyə ailə ocağına atılmış bir “körpə”dir. Onun düşüncələrini duyğularını Adil anlamırdı. Bəlkə də qarşılıqlı münasibətdə bu yaş fərqi rol oynamırdı deyil. Bu fərq düşüncə tərzinə, dünyagörünüşünə ,sözsüz, təsir göstərirdi. (Səriyyə 19 ,Adil 31 yaşında idi) Amma insanın ağıl yaşı böyük olarsa, bioloji yaş evlilikdə rol oynamaz. Səriyyənin də ağıl yaşı Adillə müqayisədə çox az idi, ərinin düşüncələri ,arzuları, istəkləri ilə Səriyyənin xəyalları tam təzadlıq təşkil edirdi. Səriyyə Adilə sadəcə hörmət edirdi, əri onun özü ilə hesablaşmasını istəyirdi, əgər yoldaşı səssizcə narazılıq edirdisə, xanımı bunu anlamalı, özü ilə hesablaşmalı idi. Burada əsl sevgidən söhbət gedə bilməzdi. Səriyyə qəlbindəki mənəvi boşluğunu, mənəvi ehtiyaclarını Qəriblə qarşılamağa can atdı. Qərib sanki onun gözünü açdı, onun yatmış qəlbini coşa, ehtirasa gətirdi. Xoşbəxtliyin, əsl sevginin 3 açarı- qayğı diqqət və hörmətdir.
Adilin ziddiyyətli mövqeyi. Adil əsərdə ziddiyyətli mövqe tutan baş qəhrəmanlardan biridir. Ali təhsilli, ziyalı bir ailədə böyümüş, savadlı gəncdir. Səriyyəni sevib evlənmişdi. Həyatı boyu ideal bir ailə, müqəddəs həyat yoldaşı arzulayırdı. Adil istəsəydi, xanımından daha yaxşısı ilə evlənərdi, amma onun nəzərində “yaxşı” anlayışı Səriyyənin bütün varlığı ilə bağlıdır. Adilin fikrincə qızın oğlandan bir pillə aşağıda olması uğurlu evlilik həyatını şərtləndirən əsas amildir. Onun ailəsi bu izdivaca qarşı çıxsa da o öz sevgisinin arxasınca getmiş və məqsədinə nail olmuşdu. Lakin Adilin daxili aləmində yaranmış ziddiyyətli xarakter gənc mühəndisi ailə səadətindən tezliklə məhrum etdi. Adilin xarakterində müsbət keyfiyyətlər də vardı, amma onun xudpəsənd, şöhrətpərəst xüsusiyyətləri yaxşı cəhətlərini kölgədə qoyurdu. Onun bu xarakterini formalaşdıran, şübhəsiz, gördüyü ailə mühiti olub. Adildə olan neqativ keyfiyyətlər onu Səriyyədən daha da uzaqlaşdırırdı. Riyakar davranışlar, süni münasibət , məqsədli hərəkətlər Səriyyə üçün dözülməz oldu. Adilin aləmində xoşbəxtlik məfhumu tamamilə fərqli məna kəsb edirdi. O, Səriyyənin xırda “körpə” düşüncələrini cılızlaşdırır, önəmsəmirdi və ağılla, düşüncə ilə danışsa da xanımının ürəyindəki ehtiras qığılcımını alovlandırmağı bacarmırdı. Əksinə bu onda soyuq, anlaşılmaz bir hissə çevrilir və tezliklə hafizəsindən silinirdi.
Adilin ona qarşı qoyduğu qadağalar, qısqanclıq duyğuları, göstərdiyi diqqət və nəvaziş niyə Səriyyəni özündən çıxartdı? Onun axtardığı bu deyildi mi? Adilin Səriyyəyə münasibətində tutduğu mövqe düzgün deyildi. Onun ikiüzlü, saxtakar davranışları bu münasibəti uçuruma doğru gətirib çıxardı və ərinə qarşı Səriyyədə kin, nifrət yaranmağa başladı . O ,Qəribin sağlamlığı naminə Adili bağışlayacağını (onu müqəssir hesab edirdi) güman edirdi, lakin taleyin ona nələr vəd etdiyindən xəbərsiz idi.
Adil qorxaq idi mi? Adil qorxurdu, Səriyyəni itirməkdən, öz sevgisinin, ailə həyatının faciə ilə bitməsindən daha çox şöhrətini ,karyera həyatında tutduğu mövqeyini itirməkdən qorxurdu. Bu qorxu onun ruhuna da hakim kəsilmişdi və o manqurt, absurd düşüncələrindən xilas ola bilmədi, özü sanki öz taleyini yazdı. O sırf Səriyyəni əldən buraxmamaq üçün saxta və yalançı mövqedə dayanmışdı. Gözünün önündə baş verən hadisələrə nəzər salaraq, sanki ayıldı və yoldaşını itirmək qorxusu yaşadı. Onun sevgisi də, qısqanclığı da özü kimi eqoist idi, yoldaşını və buldozerçini öldürmək də ağlının ucundan keçmişdi, onun hər davranışının, atdığı hər addımın, ağlından keçən hər düşüncənin altında bir “mən” – eqo yatırdı. Səriyyə də bu eqoistik sevginin fərqində idi. Burada möhkəm və sevgi dolu ideal bir ailədən söhbət gedə bilməzdi. Adilin bu hərəkəti Səriyyəni daha da qəzəbləndirdi və o, öz kartlarını ortaya qoydu.
Adilin Səriyyəyə qarşı münasibətində bəslədiyi hislərin adı nə idi? Adil sevirdi, lakin qürursuz sevirdi. Səriyyəni heç vaxt onu itirməyəcəyini ağlının ucundan belə keçirməyərək, sevirdi. Səriyyəni sanki canlı bir əşya, özünü də sahibkar hesab edərək, sevirdi. Adil ona cismən yaxın, qəlbən uzaq idi. Adil Səriyyənin özü kimi düşünməsini istəyirdi, Adil özünə uyğun biriylə evlənməmişdi, həyat yoldaşı zavod çilingərinin qızı idi. Xanımından özünün istədiyi kimi davranmasını tələb edə bilməzdi. Buna haqqı yox idi. Fikrimizcə, Adil ilk növbədə Səriyyəyə azadlıq, sərbəstlik verməli idi. Digər tərəfdən, əgər özünə uyğun birini istəyirdisə, ziyalı ailənin qızı ilə ailə qura bilərdi. Özünün əvəzinə Qəribdə günah axtarır, çıxış yolu kimi onu işdən uzaqlaşdırmağa çalışırdı. Qəribin yerinə Səriyyənin qarşısını vaxtında almalı, sözlə deyil də, hansısa hərəkəti, atdığı addımı ilə yoldaşının səhvini başa salmalı idi. Adilin buldozerçinin yerini dəyişməsi hadisələrin daha da mürəkkəbləşməsinə gətirib çıxardı. Adil nə nəcib, nə də alicənabdır. Qadınına qarşı sevgi və sahiblənmək hissini özündən dəf edə bilmir, özü ilə bacarmırdı. Onun varlığından elə bil indi xəbər tutmuşdu. Gücsüzlüyünü acizliyini başa düşürdü. Kənardan gülünc və istehzalı görsənirdi, çıxış yolunun ayrılıqda axtarsa da, qısa müddətdə bu fikrindən vaz keçdi. Həm karyera həyatını fikirləşir, həm yoldaşını başqası ilə bölüşmək istəmirdi. Səriyyənin buldozerçilərə olan meylini dərk edirdi. Həm də ən əsası zəif iradəsi bu sevgidən imtina etməyə imkan vermirdi.
Gənc Adil iş həyatı ilə ailə həyatını qarışıq salır, bütün sevgisini işinə verir. Onu ən çox acıdan Qərib kimi özündən “aşağı” olan birinə qarşı sevgi hislərinin bəslənməsidir. O, insanlıqla vəzifəni səhv salırdı. Vəzifə cəhətdən Adil yüksəkdə dura bilər, yol rəisi ola bilərdi, amma əfsuslar olsun ki ailəsinin, evinin rəisi ola bilmədi, bacarmadı. Qəriblə müqayisədə əslində o aşağı pillədə dururdu. Qəribin varlığı belə Adildə nifrət yaratmışdı və o yalnız Qəribə deyil, öz xanımına da ölüm arzulayırdı, başqasına , əsas da Qərib kimi “aşağı pilləli” birinə sahib olmasını qəbul edə bilmirdi. Adilin etdiyi bir səhv bütün həyatını məhv edir. Onda olmayan saf, ülvi hislər, adicə bir təbəssüm belə Səriyyəyə əzab verirdi, onun əsəblərinə toxunurdu. Səriyyə,yoldaşı tennis oynamağa, ova gedəndə və hətta onun şərab içməsini biləndə heç bir irad bildirmədi. Adil Səriyyənin yanlışlarının özünün dərk etməsinin istəyirdi. Əldə etdiyi qazanc, gəlir Səriyyənin yalnız qarnını doyuzdurmağa, əynini geyindirməyə çalışırdı. Bəs qəlbdə yaranan ehtiyac? Adilin evə gətirdiyi qazanc mənəvi ehtiyacları qarşılamağa bəs etdi mi? Etmədi! Səriyyəyə nə ər, nə pul, nə geyim, nə yemək lazım idi.
Səriyyənin Qəribə qədər Adilə münasibəti necə idi? Səriyyə Adillə birillik evlilik həyatında ancaq ərinə xidmət edib onun yaşam və düşüncə tərzinə uyğunlaşmağa çalışırdı. Onun həyatı yoldaşına hörmət etmək, qayğısına qalmaq, ehtiyaclarını qarşılamaqla keçib. O, Adillə sevgi dolu məhəbbət macəraları yaşaya bilməyib. Həyatından məmnun qaldığını düşünən gənc texnik yeni bir aləmə daxil olur və əsl xoşbəxtliyin, əsl ailə səadətinin nə olduğunu indi anlayırdı. Qəribin onunla qarşılaşması, həyatına daxil olması Səriyyəni ərindən soyutmadı, əksinə bağlı gözlərinin açılmasında bir vasitə rolunu oynadı.
Adilin həyatındakı əsas planları nədən ibarət idi? Adil öz taleyindən razı idi, onun gözlərində qarşıdan gələn gələcək fəaliyyətin təntənəsi canlanmışdı. Eyni zamanda Adil üçün ön planda ilk növbədə uğurlu karyera həyatı dururdu. Digər tərəfdən iş və ailə həyatına düzgün vaxt ayıra bilmir, bu iki məfhumu qarışıq sanırdı.
Adilin seçimində etdiyi səhv nə idi ? Yoxsa özü bu səhvin meydana gəlməsində vasitəçi olmuşdu? Adil zaman keçdikcə seçiminin yanlış olduğu qənaətinə gəlirdi, anasının “yaxşı ailədən olan yaxşı təhsil görmüş qız ” fikirləri onun xatirələrində təzələnir, ona rahatlıq vermirdi. Adil düşünürdü ki, bəlkə də öz tipinə uyğun biri ilə ailə həyatı qursaydı, həyatın bu cür çətinlikləri ilə qarşılaşmazdı. Onun Səriyyə ilə eyni pillədə, mövqedə olmaması sanki Adil üçün bir avantaj ? oldu. Adil xanımına zor tətbiq edə bilməzdi , istəyirdi ki, hər şeyi onun özü anlasın, dərk etsin, başa düşsün. Xanımı həmişə onunla qürur duysun. Lakin gənc rəis ,kübar, təhsilli bir ailədə böyüsə də əslində öz qadınının nə istədiyini anlamır və öz sevgisində uduzur, əsl mənəvi itkini bu zaman yaşayır.
Buldozerçi sevgisi. Əsərdə ön planda ikili mövqe tutaraq oxucu kütləsini öz gizli dünyası ilə təsir altına salan növbəti obraz Qəribdir. (Qəribcan da desək səhv etmərik) O, hərbi xidməti yenicə başa vurmuşdu, istefaya çıxmış kiçik leytenant idi. Kənddə buldozerçi kimi çalışırdı. Bu işdə də təkbaşına deyildi, onun çoxlu buldozerçi dostları vardı. Qəribin daxili dünyasını müşahidə etmək çətindir,ancaq hadisələrin inkişafında görürük ki, o, sevginin, sədaqətin daşıyıcısı kimi təmsil olunur. Qəribin dilindən təhkiyə verilməsə də onun baxışlarında bir vüqar, əzmkarlıq hissi, hər an öz sevgisinə sədaqət nümayiş etdirə biləcək gizli bir dünyanın mövcudluğunu görürük. Səriyyənin ona qarşı göstərdiyi diqqət, qayğı sanki Qəribdə də yeni hislər yaradır. Onun səmimi olması fədakarlıq göstərməsi (xəstəxanaya çatdırılması) Qəribə təsir etdi, amma Səriyyə bu cür davranmasa idi belə yenə də istədiyini əldə edəcəkdi, Qəribə qovuşacaqdı . Onun yerinə Adil olsa idi, Səriyyə ərinə qarşı bu cür fədakar davranmazdı. Adilin nə varlığı, nə də yoxluğu onun üçün bir önəm kəsb edirdi. Onun yaralanması bir kənara ona bir şey olsa idi ,bu, həyat yoldaşının umrunda belə olmazdı.?
Qəriblə yol rəisi Adil arasında tez-tez mübahisələr olurdu. Rəisin Qəribin yerini dəyişmək istəməsi onda Adilə qarşı nifrət hissi oyatdı, “bomba” kimi partladı. Qəribin nifrətinin artmasının əsas Adili bir kişi olaraq , aciz, qorxaq hesab etməsi idi , yəni Adil həyat yoldaşının qarşısını almaq əvəzinə, acığını Qəribdən çıxır, başqa sözlə desək, öz evinə rəislik edə bilmir, şəxsi münasibətlərlə ictimai münasibətləri qarışdırırdı. O, ilk tədbiri Səriyyəyə qarşı görməli idi. Fikrimizcə, buldozerçinin komandadan ayrılmaması, öz yerində qalması, briqada heyətinin ilk qələbəsi kimi insanları dəyərləndirilir, bundan sonra körpü sürətlə tikilməyə başladı. Yol rəisinin bu zəhmətinə laqeyd münasibəti , işçilərə əhəmiyyət verməməsi ən çox Səriyyəni üzürdü.
Qərib olmasaydı, Səriyyə bu nəvazişi, bu istiliyi başqasına göstərərdi mi ? Başqasını seçərdi mi? Qərib Səriyyənin qəlbində yatmış vulkanı oyatdı, ora nüfuz etdi. Səriyyə anladı ki, onun axtardığı əsl sevgi Qəribdədi, onda əsl cəsarəti gördü. Qəribin ağır daşı şücaətlə qaldırması Səriyyənin qəlbini daha da coşa gətirdi, sanki ona heyranlıqla baxan gənc qıza Qərib baxışları ilə cəsarətli olduğunu sübut etməyə çalışır, gözlərilə deyirdi ki, “yəni mən səni sevməyə də qadirəm, məndə səni sevmək cəsarəti də var”. Başqası olsa, eyni hisləri o da gənc qıza yaşatsa idi, Səriyyə yenə də eyni addımı atardı yenə də gedərdi. Amma əsla Adilə qarşı fədakarlıq etməz, onun cəfasını çəkməzdi. Qərib onu bəlkə də sevirdi ,lakin bu duyğularını açıq-aşkar ifadə edə bilmirdi. Bəlkə də evli bir qadınla bu cür münasibətin gerçəkləşməsi mümkün olmaz deyə düşünür, addım atmaq istəmirdi. Bəlkə də sevgisinə qarşılıq almamaqdan qorxurdu. Qərib istəsə, Səriyyə ilə gizlin eşq yaşayar, xanımının verdiyi dəyəri qiymətləndirər, sui-istifadə edərdi, amma Qərib daim baxışlarını ondan yayındırır, hislərini gizlədirdi.
Səriyyə Qəribi sevirdi, onun vüqarını ,əzmkarlığını saf sevgi hislərini, onun həyat tərzini, gözlərindəki cəsarət dolu gizli baxışlarını sevirdi. Ona bəzən bu doğmalıq yaxın tanışı belə olmadığı halda gənc buldozerçiyə bəslədiyi qəribə münasibət təəccüblü gəlirdi. Qəribin çətin vəziyyətə düşməsi , ayağının kəsilməsinə dair həkimin qoyduğu diaqnoz onu narahat etdi. Səriyyə artıq səadət məfhumunu dərk etməyə başlayırdı. Onun əsl səadəti buldozerçinin ayağa qalxması idi. Qəribin ona yönəlmiş ötkəm baxışları Səriyyəni yuxudan oyatdı. Ona düşən bu sevgi payından hissə-hissə özünə pay götürdü və dünyaya başqa gözlə baxmağa başladı. Sanki gənc qız illərdir ,bu sevginin arzusunda idi. Sanki həmişə onun yolunu gözləyirdi. Və nəticədə Səriyyə öz səadətinə qovuşdu. İnsan həyatında elə anlar yaşayır, gözünün önündə elə xatirələr canlanır ki, ömrü boyu o xatirələr ona əzab verir, qarşılaşdığı hər şirin, ləzzətli günə bir damla zəhər qatır. Səriyyənin elə bir xatirəsi yox idi . Adildən ona qalan yeganə xatirə yalnız qəlbində çəkdiyi iztirablardır. Onun həyatı süniliklə, yeknəsəkliklə zəngin idi. Ona görə də unudulmaz hesab etdiyi heç nə olmadığı üçün Adildən asanlıqla vaz keçə bilərdi və keçdi də.. Hər halda əsərin gənc qadın qəhrəmanı belə düşünürdü…
Qəriblə Səriyyənin aqibəti bəlli olmasa da, fikrimizcə Qərib ona sahib çıxdı. Səriyyə Qəribə qarşı fədakarlıq göstərmişdi. Onun Səriyyəyə hər şeydən öncə can borcu vardı. Qərib Səriyyəyə ilk növbədə azadlıq verə bilərdi. Səriyyə həm azadlıq ,həm də xoşbəxtlik axtarırdı.
Səriyyə haqlı idi mi? İlyas Əfəndiyev Səriyyə obrazını yaratmaqla, ədəbiyyata yenilik gətirdi. Bu obraz sosialist tipli, kübar ailə mühitindən çıxmış vəzifəli ərindən imtina etdi. Bununla göstərməyə çalışdı ki, əsl ailə səadəti nə pulda, nə də vəzifədə deyil. Həqiqi sevgini bunların arasında deyil, qəlbdə axtarmaq lazımdır. Söhbət mental dəyərlərə vurulan zərbədən gedə bilməzdi. Səriyyə nə hislərini, nə də hərəkətlərini yoldaşından gizlədirdi. Hətta bunu etməkdən utanır, peşmançılıq çəkirdi. Əlbəttə, Səriyyənin seçimi mühiti üçün qəbuledilməz və yolverilməz idi. Səriyyə bütün Azərbaycan qadınlarının ümumiləşdirilmiş simasıdır. Səriyyə sırf parazit psixologiyası ilə yaşayan biri ilə yollarını əbədi birləşdirməyə, bu yolda addımlamağa davam gətirə bilməzdi. Ona yoldaşı nə azadlıq ,nə sərbəstlik verirdi. Digər tərəfdən o heç vaxt arzuladığı hisləri yaşaya bilmədi. Səriyyə yoldaşının daşlaşmış , patriarxal düşüncələrindən xilas olaraq, bu addımı atmaqda tamamilə və qismən HAQLI idi. Adilin səhvləri onu qismən haqlı çıxardır. Təbii ki, onun bu addımı Azərbaycan qadınlarına xas cəhət deyildi. Səriyyə işləmək istəyirdisə, əri onun körpüdə işləməsinə mane ola bilərdi. Yazıçı öz qəhrəmanını haqlı çıxardaraq, ona bəraət qazandırır və Səriyyənin daxili gizli psixologizmini, ona məxsus hər bir xarakterik cəhəti ustalıqla qələmə alır.
Əsərdə “müsbət qəhrəman”axtarışı və gənc qızın ikili mövqeyi. Əsər boyu oxucuları daha çox düşündürən müsbət qəhrəman problemidir. Səriyyənin müsbət qəhrəman olması ziddiyyətlidir. Digər tərəfdən onun sevgi görməməsi, mənəvi azadlığının əlindən alınması, yoldaşına qarşı etdiyi hörmətsizlik və məcburi olaraq, alçaltmasıdır. Ona görə də İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında Səriyyəyə münasibətdə ikili vəziyyət yaranır. Bizim fikrimizcə, əsərdə əsas müsbət qəhrəman Adilin anasıdır. Adilin anası ali təhsilli ,dünyagörüşlü, təcrübəli qadındır, övladına bağlıdır və dünyagörmüş, müdrik qadın ilk günlərdən Adillə Səriyyə arasındakı uyğunsuzluğu hiss etmiş və iradını bildirmişdi. Onların bu yolda birlikdə addımlamağın mümkünsüzlüyünü və evliliyin uğursuz olacağını əvvəlcədən duyurdu. Məsəl var ki, ata-ana övlad üçündür, övlad da özü üçün. Adilin anası oğlunun seçiminə hörmətlə yanaşmalı oldu. O, övladının yaxşı təhsilli, namuslu ailənin qızı ilə ailə qurmasını arzulayırdı. Səriyyə ən azından yaxşı təhsil görsə idi, heç meşəyə getməyə- yoldaşı ilə çadırda yaşamağa belə razılıq verməzdi. Anası olacaqları qabaqcadan duyurdu, buna rəğmən oğlu sevgisini seçdi və nəticə artıq bəlli idi. Necə deyərlər, “anasız görülmüş iş danlaqsız bitməz”.
Burada iki manikürçü qadınları da müsbət qəhrəman hesab etmək olar.
Səriyyənin inqilabi “xəyanəti”. Səriyyənin bu addımı “xəyanət” sayılır, lakin “inqilabi xəyanət”…“açıq-aşkar xəyanət”. Bu xəyanətin özəlliyi bundan ibarətdir ki, şəraiti öz əri yaradır və hətta bu “xəyanət”inə ərini də ortaq edir, motosikletin tərkinə minib Qəribi işə qaytarmağa can atması onun ərinə bir kişi kimi zərrə qədər hörmət etməməsinin dəlilidir, əri də bu “xəyanət”ə dəstək olur, şərik çıxır, Öz acizliyinə boyun əyir, Səriyyəyə deyil də, Qəribə qarşı yönəlir, yalnış tədbirlər görür. Buldozerçini öz işinin başına qaytararaq, Səriyyəyə rahat şərait yaradır .Adil hər şeyin fərqində idi və artıq o indi “hərəkətə keçmişdi”, Səriyyəni indi itirə biləcəyindən, onu əslində nə qədər çox sevdiyini anlaması və ondan vaz geçə bilməməsindən qorxurdu , onun doğru addımlar atmaması Səriyyəni ondan daha da uzaqlaşdırmağa gətirib çıxardı ,o öz xanımına mane olmaq əvəzinə Qəribi kənarlaşdırmaq istədi və bu da ona baha-başa gəldi.
Səriyyə-Adil kontrastı. “Ailə”də yaranan soyuq münasibət Adilin sanki bütün damarlarına kimi işləmiş, qanını dondurmuşdu. Qəlbində küləklər əsir ,boranlar qopurdu, o indi əzab çəkirdi və bunu indi anlayırdı, ancaq hər şey üçün çox gec idi. Bu qəhrəmanın düşüncə tərzi, daxili təlatümləri, keçirdiyi böhranlı vəziyyəti onu Kareni (Tolstoy “Anna Karenina”)obrazı ilə yaxınlaşdırır: hər ikisi qadın xəyanətinin günahkarlarıdır; iztirab içərisində qıvrılır, əzab çəkirlər; öz sevdikləri qadına ölüm arzulayır; şan-şöhrət həvəskarı olur, karyera qurbanına çevrilir, nəticədə ailə həyatından məhrum olurlar.
Səriyyə heç vaxt işləməsə, yaxud Qəribcana rast gəlməsə, o zaman necə davranardı? Adili yenə də tərk edərdi? Gənc qız əgər eyni duyğuları yaşasaydı ,axtardığı xoşbəxtliyi ona bəxş edə biləcək biri ilə qarşılaşsaydı, o yenə də bu addımı atırdı . O bunun çıxış yolunu tapar və bu yalançı mühitdən uzaqlaşardı . Onun övladı belə olsa idi, o işləməsə idi, yenə də gedərdi. Ona nə ailə ,nə ər, nə övlad ,nə uğurlu karyera həyatı lazım idi. O Adilin maddi zənginliyinə aldanıb gəlmişdi , sonradan dərk etdi ki, hər şey pulda deyilmiş, Adilin mənəviyyatı kasıb idi və zaman keçdikcə pula, var-dövlətə olan sevgisi bitir, əsl zənginliyi anlayır. O ,sevgi qıtlığı, bolluq içərisində aclıq yaşayırdı, mənəvi ehtiyaclarını qarşılamağa can atan birini axtarırdı. Adil isə iş həyatı ilə ailə həyatını səhv saldı, sevgisinə nə vaxt ayıra bildi ,nə də bunu qadınına hiss elətdirə bildi. Bütün fikrini, enerjisini vəzifəsinə yönəltdi və bu da onun ailə faciəsinə gətirib çıxardı.
Səriyyənin Adili sevməsinə Adilin özü izn vermədi, o buna şərait yaratmadı, xanımını saymadı, onun varlığından xəbərsiz oldu. qoymadı Səriyyə onu sevə, ona qəlbi isinə ,xanımını pulun, vəzifənin əsirinə, oyuncağına çevirdi, onun robot, cansız bir əşya kimi davranmasını istədi, daim baxışları ilə hərəkətlərilə onu təqib etdi, ona sərbəstlik vermədi. Səriyyənin qəlbi əsarət altında idi. O, bu buxovdan azad olmaq istəyirdi. Səriyyə xəyallar aləminə qapılmışdı tələbəlik həyatından danışan zaman yoldaşının ona adi gülüşü absurd gəlmişdi, bəlkə də bunu qəlbində qəbul edə bilməmişdi, Adilin səhvi ilk növbədə özünə uyğun birini tapmaması , öz dəngində olmaması sevgisinə aldanıb onun arxasınca getməsi idi. Digər ən böyük səhvi Səriyyə kimi cavan, hələ püxtələşməmiş bir qadını meşədə 3 kişinin arasında buraxmağı idi. Qaçaq Nəbi-Həcər məhəbbəti dillər dastanıdır , baxmayaraq ki Həcər o qədər kişinin içərisində baş çıxardır, daim ərinə dəstək olurdu, ancaq Nəbi Adillə müqayisədə hər zaman yoldaşının yanında olub. Adil isə öz namusunu deyil, işini düşündü və bunun qurbanı oldu, qısqansa da bunu açıq şəkildə bildirmirdi, çünki o qətiyyətsiz idi, qadınını itirəndən sonra onun dəyərini anlayır ,çox peşman olurdu. O həmişə öz aləmində sağlam və möhkəm ailə yaratmağa çalışır, özünü düşünür, özünə haqq da qazandırır, günahının nə olduğunu anlaya bilmir və həmişə “niyə” sualları ilə baş-başa qalırdı. Öz dünyasında ailəsinin maddi vəziyyəti üçün çalışırdı. Digə tərəfdən mənəvi vəziyyətini kölgədə saxlayırdı. Sevgi və hörməti biz saxsı qabdakı dibçək güllərə bənzədirik, gül solmuşsa ,diqqət etmək lazımdır ki, bəlkə saxsı qab sınıb, suyu saxlaya bilmir .Eyni zamanda arada hörmət, pərdə qalmayandan sonra sevgidən söhbət gedə bilməzdi. Əgər sevgi tükənmişsə, qadını dörd divar arasında saxlasan da o gedəcək.
Epizodik qəhrəmanlar. Qəribdən başqa çalışan digər buldozerçilər- Soltan və Kərəmxan da birlikdə çiyin-çiyinə verərək, isti havada tər tökür, əziyyətə qatlaşıb böyük bir körpününü tikintisini yekunlaşdırmağa səy göstərirdilər. Aralarında ara-sıra xırda konfliktlər də yaranırdı. Buna baxmayaraq, bu üç yoldaşı birləşdirən ortaq cəhətləri də vardı: zəhmətkeş, çalışqan, pul, şan-şöhrət həvəskarı olmamaq, əzmkarlıq. Öz halal zəhmətlərilə çalışan zəhmətkeş işçilər əsər boyu diqqəti çəkir. Bu mühitdə özünü rahat və xoşbəxt hiss edən Səriyyə də kollektivin bir hissəsinə çevrilir və çiyin-çiyinə “körpüsalanlar”- Soltan ,Kərəmxan, Qəribcan və Səriyyə Zoğallı körpüsünü salmağa müvəffəq olurlar.
Əsərdə digər qadın obrazları içərisində iki manikürçünü də qeyd edə bilərik. Ana-bala olan bu xanımlar əsərdə pozitiv davranışları ilə yadda qalır. Onlar humanist, müsbət mövqedə dayanırlar. Səriyyə onların yanında özünü rahat hiss edir ,onun düşdüyü bu yeni mühitdəki saflıq, dürüstlük həyatında yenilik yaradır. Onlarla yenicə tanış olmağına baxmayaraq, Səriyyə qısa müddətdə tanış olduğu xanımlara , alışır və dəyər verir. Səriyyədən fərqli olaraq, bu qadınlar onu xoşbəxt hesab edir, ərini tərifləyirlər, lakin Səriyyənin daxili iç dünyasından agah deyillər. Adilin belə “ucuz” insanlardan tərif eşitdiyini deməsi Səriyyəyə ağır gəlir, ona getdikcə nifrət etməyə başlayır.
Əsərin ideya xətti. Qadınla incə rəftar etmək ,onun duyğularını anlamaq ,onu saymaq, hislərinə hörmətlə yanaşmaq və bunu düzgün qiymətləndirmək lazımdır, eyni zamanda kobud olmamaq və sevdiyin qadına xanımın, övladının anası kimi dəyər vermək gərəkdir. Qadın hər şeyi yoldaşına bağışlayar, hər şeyə güzəşt edər, ancaq yad ,soyuq münasibəti, diqqətsizliyi, sevgisizliyi əsla bağışlamaz.
Əsərin simvolikası. Bizim fikrimizcə Səriyyə ilə buldozerçilərin, xüsusilə də Qəribin tikdiyi bu körpü ,sanki onların münasibəti arasında bir “körpü” rolunu oynadı. Onlar bu körpünü tikməklə bərabər həm də aralarında möhkəm bir “körpü” yaratdılar və heç bir qüvvə bu “körpü”nü dağıtmağa müvəffəq ola bilmədi.
Detektiv ədəbiyyatı və ya macəra ədəbiyyatı. İntellektual detektiv janrı.
Macəra ədəbiyyatına səyahətnamə, ov janrı, dənizçilik daxildir. Macəra ədəbiyyatında təhlükəsizlik orqanlarının işi ilə bağlı işlənən forması isə detektiv adlanır. Detektiv ədəbiyyat və ya kriminal nəsr bilavasitə cinayətə , onun açılmasına, cinayətkarların obrazlarına və motivlərinə diqqət yetirən ədəbi janrdır. Bunu kim etdi? – cinayəti kimin törətdiyinə dair tapmacaya yönəlmiş detektiv hekayənin mürəkkəb süjet versiyasıdır. “Bunu kim etdi?” termini həm də qatilin şəxsiyyətinin tez aydın olmadığı bir işi təsvir etmək üçün qətl müstəntiqləri arasında istifadə olunur. Qətllərin çoxu qurbanın tanıdığı və ya qohum olduğu insanlar tərəfindən törədildiyi üçün “bunu kim edib?” məsələsinin həlli adətən daha çətindir. Detektivin bir janr kimi əsas xüsusiyyəti əsərdə hansısa sirli hadisənin olmasıdır, hansı şəraitdə baş verməsi məlum deyil və aydınlaşdırılmalıdır. Detektivin mühüm xüsusiyyəti ondan ibarətdir ki, hadisənin faktiki halları təhqiqat başa çatana qədər heç olmasa tam şəkildə oxucuya çatdırılmır. Əksinə, oxucu hər mərhələdə öz versiyalarını qurmaq və məlum faktları qiymətləndirmək imkanı əldə edərək, araşdırma prosesi vasitəsilə müəllif tərəfindən idarə olunur. Əsər əvvəlcə hadisənin bütün təfərrüatlarını təsvir edirsə və ya hadisədə qeyri-adi, müəmmalı heç nə yoxdursa, o, artıq sırf detektiv hekayəyə deyil, əlaqəli janrlara ( triller, polis romanı və s.) aid edilməlidir.
Detektivin tarixi. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”, Herodot “Rampsinit və oğru”, Daniel peyğəmbərin kitabından olan ” Susanna və Ağsaqqallar “, “Minbir gecə nağılları”na daxil olan “Üç almanın nağılı”. “Üç almanın nağılı”nda ilk dəfə süjet bükülməsi metodundan istifadə olunub. Süjet bükülməsi bədii əsərdə süjetin istiqamətini və ya nəzərdə tutulan nəticəsini kökündən dəyişdirən ədəbi alətdir. Bu, hekayənin sonuna yaxın baş verdikdə, buna gözlənilməz sonluq, və ya süjetin bükülməsi deyilir.
Detektivin növləri.
1.Qapalı detektiv, qapalı otaqda qətl, qeyri-mümkün cinayət, fövqəlinsanın törətdiyi cinayət. Edqar Allan Ponun “Morq küçəsində qətli” əsəri “qapalı otaqda qətl” süjetinə əsaslanan ilk detektiv əsər hesab olunur. Artur Konan Doyl “ Rəqs edən adamlar ”, “ Rəngli lent ”, Aqata Kristi “ On balaca hindli ”, “Sıçan tələsi” , “ Şərq ekspressində qətl”, Qaston Leru “Sarı otağın sirri”, hake Talbot “Çuxurun kənarı”, Robert Van Qulik “Çin labirinti cinayətləri”, Umberto Eko “Baudolino” və s. qapalı otaq növünə aiddir.
Con Dikson Karr “Qapalı otaq sirrinin ustası” hesab olunur.
2.Rahat detektiv. Seks və zorakılığa daha az yer verildiyi və ya yumorla təqdim edildiyi, cinayətlərin və araşdırmaların kiçik, sıx bir cəmiyyətdə baş verdiyi bir detektiv janr növüdür. Bu növ əsərlərdə detektivlər daha çox qadınlar olurlar.
3.Tarixi detektiv. Cinayətin tarixi tarixi hadisələr kontekstində baş verir. Məsələn, V.Eko “Qızılgülün adı “. Müasir müəllifin tarixi reallıqlara yerləşdirdiyi detektiv hekayəsi “ retro-detektiv ” adlanır. Məsələn, Dostoyevski “Cinayət və cəza”, Jan Riçep “İdeal cinayət”
4.Tərs çevrilmiş detektiv. Cinayətkar hekayənin əvvəlindən tanınır, bu cür əsərlərdə detektivin cinayətkarın təqsirini dəqiq necə sübut edəcəyi vurğulanır. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”.
5.Noir-“qara roman” detektiv. Zorakılıq, jarqon ifadələr, cinsəl istismar və s.Noir janrının əsas xüsusiyyətləri arasında təqdimatın sərt realizmi , sinizm , personajların özünü məhv etməyə meyli, jarqonların bolluğu və süjetdə məcburi cinsi xətt var.
6.Polis detektivi. Polisin baş qəhrəmanlarının şəxsi həyatlarının, çox vaxt dramatik şəkildə nümayiş etdirilməsidir. Süjetin mövzusu ailə vəziyyəti, komandadakı münasibətlər və həyat üçün risk, eləcə də peşəkar fəaliyyətlə əlaqəli stresli mühit ola bilər.
7.Hüquqi və ya leqal detektiv. Hüquq-mühafizə və məhkəmə sistemi “baş qəhrəman” rolunu alaraq əsərdə mərkəzi yer tutur.
8. Casus detektivi, adətən hansısa xüsusi xidmətdə çalışan bir casusun nöqteyi-nəzərindən danışılan, hərəkətli hekayədir.
10.Psixoloji detektiv. Psixoloji konfliktə əsaslanan detektiv elementləri olan trillerin alt janrı.
11. İronik detektiv detektiv janrının postmodernizm izlərini daşıyan atipik növlərindən biridir. İronik detektivdə detektiv araşdırma yumoristik nöqteyi-nəzərdən təsvir edilir və bir sirri açmaq məqsədi daşıyır və hekayə adətən birinci və ya ikinci şəxs tərəfindən aparılır. Çox vaxt bu məcrada yazılan əsərlər detektiv romanın klişelərini parodiya edir. İronik detektiv hekayəsinin inkişafının ilkin mərhələlərində “ ironik ” anlayışı çox vaxt “reallığın cilalanması” rolunu oynayırdı.
12.Fantastik detektiv. Stanislav Lem “İstintaq”, Sergey Lukyanenko “Genom” və s.
13.Siyasi detektiv. Əsas intriqa siyasi hadisələr və müxtəlif siyasi və ya biznes xadimləri və qüvvələr arasında rəqabət ətrafında qurulur. Həm də tez-tez olur ki, baş qəhrəmanın özü siyasətdən uzaqdır, bununla belə, işi araşdırarkən “güclər” tərəfindən istintaqa əngəl törədilir və ya hansısa sui-qəsd üzə çıxır. Siyasi detektivin fərqli xüsusiyyəti (mütləq olmasa da) əsasdan başqa, tamamilə müsbət personajların mümkün olmamasıdır. Bu janra nadir hallarda saf formada rast gəlinir, lakin əsərin tərkib hissəsi ola bilər.
Çağdaş Azərbaycan ədəbiyyatında realist detektiv romanları bir neçə qrupa bölmək olar:
– siyasi detektiv romanı;
– kəşfiyyat (şpion) detektiv romanı;
– sənədli detektiv romanı;
– macəra detektiv romanı;
– cinayətkarların və cinayətkar dairələrin həyatını əks etdirən detektiv romanlar;
– penitensiar müəssisələrdəki həyatı təsvir edən detektiv romanlar.
Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirovdur. Uzun müddət Cəmşid Əmirov təqiblərə məruz qalmış, əsərlərini oxumaq qadağan olunmuşdur. “Sahil əməliyyatı” əsəri əsasında “İstintaq davam edir” filmi, “Qara Volqa” əsəri əsasında eyni adlı film çəkilmişdir.
Aqata Kristinın “Şirazda ev” detektivinə baxış
Parker Pyne Yaxın Şərq turunda Şirazdadır. O, orada tamamilə tək yaşayan və fars olduğunu iddia edən bir ingilis qadın olduğunu öyrənir. Hamı onu dəli hesab edirdi. Parker Pyne maraqlıdır və ona öz xidmətlərini təklif edir. Personajlar: Cənab Parker Pyne, Cənab Şlaqal, Xanım Ester Karr (Ester-gizli,Karr-bataqlıq), Muriel King. Məkanlar. Tehran, İsfahan, Şiraz.
Əsərin qəhrəmanı qatil olaraq ittiham olunduğundan qorxur və xanımının yerinə keçir. Niyə o, üç il ərzində tamamilə fərqli bir insan kimi davranmağı bacardı? Həmçinin bütün qulluqçuların bu məsələdə kor olması da böyük bir məsələdir. Cənab Parker Payne romantikdir. İnsanların xoşbəxt olmasını istəyir və onlara kömək etmək üçün əlindən gələni edir. O, insanların həqiqətən necə olduqlarını və nəyə qadir olduqlarını görür, onların xarakterinə olan bu fikir-genetik biliklər və s. onu öz cavabına aparır.
İntellektual detektiv janrı
Detektivdən bir pillə yuxarı olan intellektual detektiv zəka,idrak üzərində qurulan detektivin bir növüdür. Bu növ detektiv əsərlər oxucunun intellektual səviyyəsini daha zəngin edir,məlumatlandırır, əsərlərdə müxtəlif rəsm əsərlərinə, bədii əsərlərə, film adlarına rast gəlmək mümkündür.
İngilis yazıçısı Den Braunun “Cəhənnəm”, “Başlanğıc”, “Yalan nöqtəsi”,”Rəqəmsal qala”,”Mələklər və iblislər”, ”Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” əsərləri intellektual detektivdir. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsərlər daha da qiymətə mindi. Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunurdu. Sanki uşaqlıqdan belə qeyri-adi sirlərlə böyüməyə kökləyiblər ki, böyüyəndə çaş-baş qalmasınlar, çətinlik qarşısında özlərini itirməsinlər. Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar kənara çıxmaz, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib. “Cəhənnəm” əsəri mistik-triller janrındadır. Əsas diqqət intizamsız insan artımı üzərinə çəkilir, insan artımı və onun da özü ilə bərabər gətirdiyi fəlakətlərin qarşısını almaq üçün bir bioloq-alim virus yaradır.ÜST və bir çox qurumlar bu virusu dayandırmağa çalışır, əsər boyunca onlar virusu və məqsədi tapmağa çalışırlar. Əsərdə belə bir ifadə var: “İnsanlığın gələcəyini xilas etmək üçün onun yarısının ölümünə razı olmalısınız”. Bu halda siz nə edərdiniz? İnsan artımı həndəsi silsilə ilə artır və dayandırılmasa, dünya məhv olacaq.Əslində əsərin ideyası bunun üzərində qurulub. Bəziləri virusları insan qətliamı hesab edir,bəziləri tək çıxış yolunun bu olduğunu qəbullanır. İnsan sayı mütləq nəzarətdə saxlanılmalıdır. İllərlə edilən müharibələr, laboratoriyalarda yaradılıb yayılan viruslar bu məqsədə xidmət edib. İnsan şüurlu varlıqdır, lakin o, gözünü yumub dünyaya bir neçə övlad gətirir və onlar ehtiyac, səfalət içində böyüyürlər. Buna mütləq nəzarət etməli, hamiləliyin qarşısını almalıdır, heyvan kimi şüursuz şəkildə cütləşib çoxalmamalıdır. Çexovun bir sözü var: “Bəzi insanlar ona görə dünyaya gəliblər ki, yeyirlər,yatırlar və çoxalırlar”.
Əsərin qadın qəhrəmanı, zəkalı Sienna öz problemlərinə yox, ətrafın, dünyanın problemlərinə yönəlir. Kimsəsizlərə əl tutur, bir dəfə də az qalsın ki, təcavüzə uğrayacaqdı. Onun olduğu Manila şəhərində uşaqların aclığı,alqı-satqısı,pedofillik,zorakılıq onu dəhşətə gətirir. Sienna (adının mənası narıncı-qırmızı) dünyanın təkcə onun xilas edə bilməyəcəyini anlayır.Onun özü depressiya və saçtökülmə xəstəliklərindən əziyyət çəkib. Əsərin digər maraqlı qəhrəmanı Zobristdir. Zobrist kimi insanlar özlərini adi insanların hiss etdikləri kimi hiss etmirlər. Onlar özlərini Tanrı hesab edirlər. Ən çox da ateistlər dünyanı idarə edəcəklərini hesab edirlər. Necə ki, tarixdən bunu görmüşük. Napoleon, İskəndər, Çingiz xan, Hitler və s.kimi tarixi şəxsiyyətlər. Əsərdə müxtəlif rəsm əsərlərinin, bədii əsərlərin adları, muzeylər, “Dantenin maskası”, “Meduza” və s. oxucunun intellektual aləmini zənginləşdirir. Sirr virus vasitəsilə insan sayını azaltmaq planı idi. Burada əsas niyyət professor Robert Lenqdonu öldürmək illüziyası yaratmaqla onu sirrin açarını tapmağa məcbur etmək olub.
Ekzistensialist,norveçli yazıçı Yu Nesbö əsərləri də intellektual detektivdir.“Şeytanın ulduzu”(“Qarabasma”) əsərində Şeytanın ulduzu tapmacanın həllində açar kimi görünür.Pentaqram intellektuallığın simvoludur. “Qar adam” detektivi soyuq cinayətin, dondurulmuş,açılmamış silsilə qətllərin araşdırılması üzərində qurulub.
İngilis yazıçısı Alex Michaelidesin “Səssiz pasiyent” detektivində qadın çox sevdiyi ərinə qarşı atəş açır, onu öldürür, illərlə səssiz alır və terapevtlə qarşılaşır. Qadının daxili sarsıntıları təsvir olunur.
İngilis yazıçısı Sidney Sheldonun “Oyunun ustası”, “Gecə yarısınını digər tərəfi”, “Mələklərin qəzəbi” əsərləri də intellektual detektivdir. “Mələklərin qəzəbi” əsərində mövzu elmi kəşflərlə bağlıdır.
Fransız yazıçısı, psixoanalitik Julia Kristeva eyni zamanda intellektual ədəbiyyatşünasdır. O, “Bizansda qətl” romanında tarixi və metafizik triller, serial qətllərin qaranlıq tarixi və Bizans şahzadəsi və tarixçisi Anna Komnenin izi ilə səyahət edərək immiqrasiya, kökündən qoparma mövzusuna toxunur.
İtalyan yazıçısı Umberto Ekonun “Qızılgülün adı” əsəri də intellektual detektivdir. Əsərdə bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar, yəni Aristotelin “Poetika”sını . Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Kilsə kitabxanada elmi həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Romanda Eko oxucuya “Kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?” deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.
Ədəbiyyatımızda psixoloq-yazar Rövşən Abdullaoğlu “Abaddon” romanı intellektual detektiv janrında yazılıb, psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük,əsərdə dissosiativ şəxsiyyət pozuntusu təsvir olunub.
Hər səviyyəli kitabın intellektual tərəfi var. İntellektual detektivdə yalnız rəsm əsərləri,muzeylər, incəsənət nümunələrinin adı çəkilmir, bu, mütləq deyil. Çingiz Abdullayevin əsərlərində silah növləri, təyyarə hissələrinin adları, müxtəlif cinayətlərin açılma üsullarını öyrənmək olar, elə bunun özü də intellektual dünyamızı zənginləşdirir.
İngilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” əsərində sevginin təcəssümü
Romanın ilk adı “İlk Təəssürat” idi. Əsər romantik ədəbi hərəkatın bir hissəsi olan sevgi romanıdır, sevgi romanının arxetipidir. Müəllif əsəri dövrün adətlərindən təsirlənərək yazır. Roman anonim şəkildə nəşr olundu, çünki zadəgan bir qadının karyera qurması qəbuledilməz idi. Xanımlar xəbərlərdən, aktual hadisələrdən təcrid olunmuşdu, bir xanımın sosial həyatının əsas məqsədi yaxşı, uğurlu bir evlilik idi. Lakin cəmiyyətin “uğurlu evlilik” anlayışına nələr daxil idi?
O dövrdə sərvət əmlakla ölçülürdü, statusa, imtiyaza önəm verilirdi. Qadınlar tam azad deyildilər, qız uşaqlarına yük kimi baxılırdı. O zaman sevdiyin insanla evlənməkdənsə,öz statusunda olan biri ilə evlənmək daha vacib idi. Zəngin ailədə qız doğulmasa, zəngin, varlı ər tapmaq mümkünsüz idi. Kişilər çox vaxt mövqelərindən istifadə edərək, qadınların qərarlarının çoxunu özləri verirdilər. “Qürur və Qərəz” romanında da eyni zamanda cəmiyyətin ailə birliyinə nə qədər dəyər vermədiyini görürük. Britaniya qanunları o zaman qadınlara əmlakın miras qalmasına icazə vermirdi. O vaxt qadın olmaq çətin idi, onların gələcəkləri üzərində az səlahiyyətləri vardı. Evliliklərdə sevgi az idi. Halbuki insanları ürəklərinə görə qiymətləndirmək daha vacibdir.
Elizabet bacısı kimi kor-koranə, hansısa məqsədə görə evlənmək istəmirdi. O, ağıllı idi. Sevərək, evliliyə hazır olan zaman evlənmək, səbrlə o günü gözləmək istəyirdi, evlənmək xatirinə və ya qarşı tərəfin sosial statusuna görə evlənmək Elizabetə absurd və gülməli gəlirdi. Elizabet Bennet və Cənab Darsinin ilk başda bir-birlərindən xoşları gəlməsə də, sonradan zamanla qarşılıqlı hissləri yaranır. Elizabetin Darsi ilə qarşılaşması onu çox qürurlu olduğuna inandırır, bu səbəbdən ona qarşı qərəzli olur. Cütlük birlikdə olmaq üçün fikir ayrılıqlarını həll etməlidir. Bir-birlərinə qarşı artan hisslər, birinin digərini yanlış şərh etməsi, sevginin insanı dəyişdirməsi əsərin süjet xəttini təşkil edir. Qürur və qərəzlərini dəf etməyi bacaran cütlüyün sevgi hekayəsi bir çox insanın arzuladığı xoşbəxt sonluq hekayəsidir. O, bu səbrinin mükafatını aldı və Darsi ilə xoşbəxt həyata qədəm qoydu. Çünki Elizabet evliliyə, münasibətə hazır idi, yalnız bioloji olaraq yox, həm də psixoloji olaraq, hazır idi. Həyatımızı birlikdə keçirəcəyimiz insanın qüsurlarını mümkün qədər az bilmək daha yaxşıdır. Onunla ortaq dəyərlər yaratmağı bacarmalıyıq.
Adların da romanda simvolikası var. Elizabetin adı “Allahım anddır, bolluqdur” mənalarını verir. Elişeva adının variasiyasıdır. Elişeva Harun peyğəmbərin arvadı idi. Darsi adı “tünd saçlı”, “qaranlığın nəsli” mənalarını verir.
Qürur romanın qəhrəmanlarını intim əlaqələr qurmaqdan saxlayan əsas mövzudur, həm də insanın qüruruna qalib gəlməyin mümkün olduğu göstərilir. Qərəz isə sevgi münasibətləri qurmaqda başqa bir maneədir. Darsi Qürurun, Elizabet Qərəzin simvoluna çevrilir.
DAĞTUMAS: “oğurlanmış” kəndin tarixçəsi. Şəhidin və şəhid anasının arasındakı sarsılmaz “körpü”.
Dağtumas Cəbrayıl rayonunun kəndidir. Kəndin keçmiş adı “Tumas” idi. Sonra bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur rayonları) və Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra birini digərindən fərqləndirmək üçün dağ yamacında yerləşdiyinə görə, bu kəndə Dağtumas adı verilir. Kənd İşğal olunduqdan sonra ermənilər kəndin adını dəyişib “Tovmas” etmiş, kəndin özünü isə Kaşatağ (Laçın) rayonunun tərkibinə daxil etmişdilər. Ermənilərin kənd haqqında ağlasığmaz və təhrif olunmuş iddiaları var: ”Abidə üzrə ekspert Samvel Karapetyan araşdırmışdır ki, qəsəbənin köhnə adı Tovmasdır. Tumas adı isə sonralar köhnə ad Artsax ermənilərinin ləhcəsində dəyişdirilərək, “Tumas”a çevrildiyi zaman yaranmışdır. Kənddə yerləşən dağın adı da Tovmasardır. Dağ Artsax dağlarının bir hissəsidir, dağın yaxınlığından Ağavno çayı axır. Tovmas ətrafında bir sıra kəndlərin izləri qorunub saxlanılmışdır. Kənddən 5 km şərqdə, dar dərədə Craberd kəndinin xarabalıqları qorunub saxlanılmışdır. Azərbaycanlılar həmin kəndi Çelyabilyar adlandırıblar ki, bu da Craberd adının təhrif olunmuş formasıdır. Digər kənd kənddən 3,5 km şimalda yerləşir, onun şimal-şərq kənarında kiçik hövzə də qorunub saxlanılmışdır.Qayalardan axan bulaqların suları ilə qidalanır. Azərbaycanlılar kəndi Xanaqyabulaq adlandırırlar. Digər kənd isə Tovmasaberddən 1 km şimal-şərqdə yerləşir. Dağıntılar sulu və geniş dərədə qorunub saxlanılmışdır. Kənddə Tovmasaberd adlı qala yerləşir. Kənddə kilsə də var. Kəndin mərkəzində daşqın suları axan xatirə bulağı var idi. Husağbyurun köhnə bərk daşları onların orta əsrlərə aid olduğunu göstərirdi. Məlumdur ki, bulaq sonuncu dəfə 1929-cu ildə Artsaxın erməni ustaları tərəfindən təmir edilmişdir”.
Cəbrayılın ən yüksək dağ zirvəsi Dağtumas dağıdır.(hündürlüyü 1580 metr) Dağ elə həmin kənddə yerləşir. Dağın adını ermənilər təhrif edib “Tovmasar” qoymuşdular. Craberd Cəbrayıl rayonunun,Tovmasaberd “Başıkəsik Gümbəz”in təhrif olunmuş adıdır. Qısacası burada da ermənilər öz saxtakarlıq və oğurluq əməllərindən çəkinmədilər. Cəbrayıl rayonu 23 oktyabr 2020-ci ildə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına və Cənab Prezidentin səyi nəticəsində işğaldan azad edilmiş,Dağtumas kəndi də adı ilə bərabər azadlığına qovuşmuşdur.
Dağtumas kəndi şəhidləri ilə tanınır. Həmin şəhidlərdən biri də Mahir Allahquliyevdir. Allahquliyev Mahir Məhəmməd oğlu 1968-ci ildə iyunun 11-də Cəbrayıl rayonunun Xanağabulaq kəndində anadan olub. Anası Dağtumas kəndindən ibtidai sinif müəllimi Rasta Hüseynova, atası aşıq Məhəmməd Allahquliyevdir. Mahir 1975-ci ildə Qazanzəmi kənd orta məktəbinə 1-ci sinfə daxil olur. 1985-ci ildə həmin məktəbi bitirib 1 il sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini Rusiyanın Stavropol vilayətində başa vurduqdan sonra vətənini namusu bilib 1988-ci ildə könüllü olaraq, özünümüdafiə dəstəsində döyüşlərə qatılır. 1993-cü ilin 12 aprel tarixində ailə həyatı quran Mahir 1993-cü il avqustun 23-də itkin düşür. 1994-cü il fevralın 5-də övladı Sadiq Allahquliyev dünyaya gəlir. 2-ci Qarabağ müharibəsindən sonra rusiyalı jurnalist sosial şəbəkələrdə bəzi materiallar yayımlayır, bununla da Mahir Allahquliyevin erməni gülləsinə tuş gələrək, şəhid olduğu öz təsdiqini tapır. Şəhidin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonunun Cəbrayıl şəhərciyində büstü qoyulub. Şəhidin digər qardaşı Qarabağ müharibə veteranı Mahmud Allahquliyevdir. Şəhid Mahir Allahquliyev və onunla bərabər çiyin-çiyinə vuruşan, şəhidlik zirvəsinə ucalan digər silahdaşları- İbrahimov Novruz İbiş oğlu, İbrahimov Sərvər Rəşid oğlu, Məmmədov Səftər Novruz oğlu, Həmidov Şəmsi Məhəmməd oğlu, Məmmədov Məzahir Məhəmməd oğlu (qəzetdəki şəkildə yuxarıdan aşağıya doğru) daxil olmaqla 6 vətənpərvər oğulların fotoları digər Dağtumas şəhidlərinin fotoları ilə bərabər lövhəyə vurularaq,Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən İnçə körpüsündə- 6 qəhrəmanın şəhid olduğu ərazidə yerləşdirilmişdir. Ruhları şad olsun.
Dağtumas kəndinin öz savadı və təvazökarlığı ilə yaddaşlarda iz qoyan ən tanınmış siması az öncə adını çəkdiyim şəhid Mahir Allahquliyevin anası, ibtidai sinif müəllimi Rasta müəllim idi. Rasta Məhəmməd qızı Hüseynova 1935-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub.Füzuli rayonu Pedaqoji İnstitutun məzunu olub. Qısa müddət pedaqoji fəaliyyət göstərməyinə baxmayaraq, biliyi və səmimiyyəti ilə şagirdlərinin sevgisini qazanıb, nə şagirdləri ondan narazı olub, nə də o şagirdlərindən. Rasta müəllim müdriklik abidəsi idi, mənlə həmsöhbət olanda hər zaman qiymətli sözlər deyir, pedaqoji təcrübələrini bölüşürdü: “Hər şagird müəllimdən özünə bir parça aparır, məktəbi bitirib getsə də, müəllimin şagirddə qoyduğu iz heç vaxt silinmir. Sabah bir adam özünü yaxşı aparmasa, o saat soruşurlar ki, onun müəllimi kim olub? Müəllim gərək arxasınca heç vaxt özü haqqında pis sözlər dedirtməsin, elə gözəl dərs keçib elə gözəl nümunə olsun ki, sabah şagirdlərinə baxıb camaat fəxr etsin,desin, bunun müəllimi özü kimi nə mərifətli adam olub, şagirdləri böyüyüb müəllim,həkim olsun, işini vicdanla, savadla yerinə yetirsin”. Doğurdan da, Rasta müəllimin şagirdlərinin çoxu bugün müəyyən peşə sahibləri, ziyalılardır.
Müasir dövrdə bəzi müəllimlər sovet dönəmində şagirdlərə məktəbdə şiddət göstərildiyini əsas gətirərək, “Biz sovet müəllimi deyilik, müasir müəllimik, şagirdləri sevgi ilə böyüdürük” şüarı ilə məktəblərdə guya dərs keçirlər, lakin indi məktəblərin çoxunda müəllimə nə hörmət var, nə də keyfiyyətli dərs. Rasta müəllim də şiddətə qarşı idi. Heç vaxt şagirdlərə şiddət göstərməmiş, onları döyməmişdi, halbuki sovet dövrünün müəllimi idi, “döysəm, dərsimə gələrdilər?!” deyirdi. Üstəlik, hörməti də vardı, dərsinin keyfiyyəti də. Şagirdləri Rasta müəllimin 1 May bayramını (Dünya zəhmətkeşlərinin həmrəyliyi günü) təntənəli şəkildə qeyd etmələrini, idman dərsini maraqla keçməsini xatırlayardılar. Rasta müəllimin yaddaşında şagirdlərinin adları qalmışdı, adlarını çəkdikcə, başı ilə təsdiqləyər, onlar haqqında qısa məlumat verərdi. Özündən ümumi soruşanda ki, kimlərə dərs demisən, deyərdi ki, “ha çoox”. Bugün şagirdləri həmin biliklərin bəhrəsini görürlər.
Rasta müəllim poeziya vurğunu idi, şeir deməyi çox sevirdi, ən çox Səməd Vurğunun şeirlərini səsləndirərdi, misralarını unutmamışdı. Bir də mənə tez-tez dediyi bir şeir vardı: “Bir məclisə ayaq basıb varanda, Yaxşı əyləş, yaxşı otur,yaxşı dur, Dindirəndə mərifətdən xəbər ver, Qoy desinlər bərəkallah yaxşıdı”.
Ən böyük arzusu ölmədən öncə doğma kəndinə getmək idi. Hər gün o kəndi arzulayırdı. Ona söz vermişdim ki, Dağtumasa-kəndinə aparacam, arzusu çin olsun. Ömür vəfasız çıxdı. 2022-ci il oğlunun şəhid olduğu tarixdən 5 gün sonra 28 avqust dünyasını dəyişdi. Bu kənd sanki ana ilə bala arasında sarsılmaz bir “körpü” oldu, o dünyada bir-birlərinə qovuşdular. Buna görə də bu təxəllüsü götürmək qərarına gəldim ki, bu “körpü” daha da möhkəm olsun, mənə nənəmi və dayımı xatırlatsın. Nənəmdən geriyə bir fotoları qaldı, bir də səsyazmaları. Həə, unutmuşdum: bir də bu yazım. Məkanı cənnət olsun.
Dağtumas kəndində vicdanla, ləyaqətlə pedaqoji fəaliyyət göstərən digər müəllim Nəzərxan Haqverdiyev olub. Nəzərxan müəllim Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Öz sakitliyi, həlimliyi, savadı ilə xatırlanır. Müəllim hazırda təqaüddədir. Müəllimə can sağlığı arzu edirəm.
Dağtumas kəndinin digər tanınmış şəxsiyyəti Rasta müəllimin qardaşı jurnalist Raqub Şıxlıdır.(Hüseynov) Raqub Şıxlı ədəbi şəxsiyyətlərin bir çoxundan müsahibə almış, onların yaradıcılıq fəaliyyətini diqqət mərkəzində saxlamışdır. Jurnalistlə ədəbi fəaliyyəti haqqında illər öncə həmsöhbət olmuşduq. O, bir çox yazıçılarla dostluq münasibətləri qurmuşdu. Məsələn, deyərdi ki, Əli Kərim yaxşı yazıçı idi, amma əsəbi idi, onunla yaxın dost idi. Nizami Gəncəvinin heykəli təhqir olunduğu üçün Raqub Şıxlı bununla bağlı kəskin bir məqalə yazmışdı. Şair Mikayıl Müşfiqin qaranlıq taleyi haqqında müəyyən düşüncələrini bölüşürdü. İndi isə jurnalistlərimizin bəziləri şou-biznes müğənnilərinin brend geyimlərinin, evlərinin, maşınlarının “təhqiqatçısına” çevrilib, jurnalist dönüb olub detektiv. Sənəti, səsi olmayan müğənnilərdən müsahibə alırlar, az qalırlar ki, onların şərəfinə bir heykəl də ucaltsınlar, buna görə də hazırda çoxumuz informasiya bolluğundan əziyyət çəkirik. İndi bəzi jurnalistlərdən soruşsam, axırıncı dəfə muzeyə nə vaxt getmisiniz, nə vaxt bir yazıçıdan, bir yazıçının, bəstəkarın övladından, nəvəsindən müsahibə almısınız? Baxa-baxa qalacaqlar.
Dağtumas kəndindən olan Dağtumas kənd xəstəxanasının baş həkimi şəhid Əli Mahmudovu, xüsusilə də mərhum Şəmil həkimin adını qeyd etməyi özümə borc bildim. Həm Əli həkim, həm Şəmil həkim öz peşələrini vicdanla yerinə yetirmiş, əsla mənfəət güdməmişdir. İndi bəzi həkimlər soruşur ki, “pulla gəlmisən, ya pulsuz?” Əli həkimi heç vaxt görməsəm də, Şəmil həkimlə bağlı xoş xatirələrim var, haqqı heç vaxt ödənməz. Məkanları cənnət olsun.
Detektivdən bir pillə yuxarı olan intellektual detektiv zəka,idrak üzərində qurulan detektivin bir növüdür. Bu növ detektiv əsərlər oxucunun intellektual səviyyəsini daha zəngin edir,məlumatlandırır, əsərlərdə müxtəlif rəsm əsərlərinə, bədii əsərlərə, film adlarına rast gəlmək mümkündür.
İngilis yazıçısı Den Braunun “Cəhənnəm”, “Başlanğıc”, “Yalan nöqtəsi”,”Rəqəmsal qala”,”Mələklər və iblislər”, ”Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” əsərləri intellektual detektivdir. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsərlər daha da qiymətə mindi. Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunurdu. Sanki uşaqlıqdan belə qeyri-adi sirlərlə böyüməyə kökləyiblər ki, böyüyəndə çaş-baş qalmasınlar, çətinlik qarşısında özlərini itirməsinlər. Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar kənara çıxmaz, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib. “Cəhənnəm” əsəri mistik-triller janrındadır. Əsas diqqət intizamsız insan artımı üzərinə çəkilir, insan artımı və onun da özü ilə bərabər gətirdiyi fəlakətlərin qarşısını almaq üçün bir bioloq-alim virus yaradır.ÜST və bir çox qurumlar bu virusu dayandırmağa çalışır, əsər boyunca onlar virusu və məqsədi tapmağa çalışırlar. Əsərdə belə bir ifadə var: “İnsanlığın gələcəyini xilas etmək üçün onun yarısının ölümünə razı olmalısınız”. Bu halda siz nə edərdiniz? İnsan artımı həndəsi silsilə ilə artır və dayandırılmasa, dünya məhv olacaq.Əslində əsərin ideyası bunun üzərində qurulub. Bəziləri virusları insan qətliamı hesab edir,bəziləri tək çıxış yolunun bu olduğunu qəbullanır. İnsan sayı mütləq nəzarətdə saxlanılmalıdır. İllərlə edilən müharibələr, laboratoriyalarda yaradılıb yayılan viruslar bu məqsədə xidmət edib. İnsan şüurlu varlıqdır, lakin o, gözünü yumub dünyaya bir neçə övlad gətirir və onlar ehtiyac, səfalət içində böyüyürlər. Buna mütləq nəzarət etməli, hamiləliyin qarşısını almalıdır, heyvan kimi şüursuz şəkildə cütləşib çoxalmamalıdır. Çexovun bir sözü var: “Bəzi insanlar ona görə dünyaya gəliblər ki, yeyirlər,yatırlar və çoxalırlar”.
Əsərin qadın qəhrəmanı, zəkalı Sienna öz problemlərinə yox, ətrafın, dünyanın problemlərinə yönəlir. Kimsəsizlərə əl tutur, bir dəfə də az qalsın ki, təcavüzə uğrayacaqdı. Onun olduğu Manila şəhərində uşaqların aclığı,alqı-satqısı,pedofillik,zorakılıq onu dəhşətə gətirir. Sienna (adının mənası narıncı-qırmızı) dünyanın təkcə onun xilas edə bilməyəcəyini anlayır.Onun özü depressiya və saçtökülmə xəstəliklərindən əziyyət çəkib. Əsərin digər maraqlı qəhrəmanı Zobristdir. Zobrist kimi insanlar özlərini adi insanların hiss etdikləri kimi hiss etmirlər. Onlar özlərini Tanrı hesab edirlər. Ən çox da ateistlər dünyanı idarə edəcəklərini hesab edirlər. Necə ki, tarixdən bunu görmüşük. Napoleon, İskəndər, Çingiz xan, Hitler və s.kimi tarixi şəxsiyyətlər. Əsərdə müxtəlif rəsm əsərlərinin, bədii əsərlərin adları, muzeylər, “Dantenin maskası”, “Meduza” və s. oxucunun intellektual aləmini zənginləşdirir. Sirr virus vasitəsilə insan sayını azaltmaq planı idi. Burada əsas niyyət professor Robert Lenqdonu öldürmək illüziyası yaratmaqla onu sirrin açarını tapmağa məcbur etmək olub.
Ekzistensialist,norveçli yazıçı Yu Nesbö əsərləri də intellektual detektivdir.“Şeytanın ulduzu”(“Qarabasma”) əsərində Şeytanın ulduzu tapmacanın həllində açar kimi görünür.Pentaqram intellektuallığın simvoludur. “Qar adam” detektivi soyuq cinayətin, dondurulmuş,açılmamış silsilə qətllərin araşdırılması üzərində qurulub.
İngilis yazıçısı Alex Michaelidesin “Səssiz pasiyent” detektivində qadın çox sevdiyi ərinə qarşı atəş açır, onu öldürür, illərlə səssiz alır və terapevtlə qarşılaşır. Qadının daxili sarsıntıları təsvir olunur.
İngilis yazıçısı Sidney Sheldonun “Oyunun ustası”, “Gecə yarısınını digər tərəfi”, “Mələklərin qəzəbi” əsərləri də intellektual detektivdir. “Mələklərin qəzəbi” əsərində mövzu elmi kəşflərlə bağlıdır.
Fransız yazıçısı, psixoanalitik Julia Kristeva eyni zamanda intellektual ədəbiyyatşünasdır. O, “Bizansda qətl” romanında tarixi və metafizik triller, serial qətllərin qaranlıq tarixi və Bizans şahzadəsi və tarixçisi Anna Komnenin izi ilə səyahət edərək immiqrasiya, kökündən qoparma mövzusuna toxunur.
İtalyan yazıçısı Umberto Ekonun “Qızılgülün adı” əsəri də intellektual detektivdir. Əsərdə bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar, yəni Aristotelin “Poetika”sını . Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Kilsə kitabxanada elmi həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Romanda Eko oxucuya “Kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?” deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.
Ədəbiyyatımızda psixoloq-yazar Rövşən Abdullaoğlu “Abaddon” romanı intellektual detektiv janrında yazılıb, psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük,əsərdə dissosiativ şəxsiyyət pozuntusu təsvir olunub.
Hər səviyyəli kitabın intellektual tərəfi var. İntellektual detektivdə yalnız rəsm əsərləri,muzeylər, incəsənət nümunələrinin adı çəkilmir, bu, mütləq deyil. Çingiz Abdullayevin əsərlərində silah növləri, təyyarə hissələrinin adları, müxtəlif cinayətlərin açılma üsullarını öyrənmək olar, elə bunun özü də intellektual dünyamızı zənginləşdirir.
Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət
“Keçmiş zamanların yeniyetməsi” romanı. Roman atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Alen mənsub olduğu burjua mühitinə nifrət edir, arzuları, xəyalları ilə yaşayır,təhsil almaq haqqında düşünür. Əsərdə yüksək katolik dairələrin həyatı bütün müsbət və mənfi tərəfləri ilə birgə qələmə alınıb. Əsər avtobioqrafik xarakter daşıyır, birinci şəxsin dilindən yazılıb. Görünür, Alen keşiş və ya sahibkar olmaqdan daha çox yazıçılığa can atır, daha çox mənəvi həyat sürmək istəyir. Müəllif insanın mənəvi yüksəlişi ideyasının ən inandırıcı təcəssümünə yeniyetmənin obrazında müvəffəq olur. İstənilən zamanın yeniyetməsi tamhüquqlu unikal şəxsiyyət, qeyri-məhdud mənəvi sərvətə sahibdir, özünə inam hissi olan maraqlı bir şəxsiyyətdir. Hər yaşda olan bir yeniyetmə saf və məsumdur, hörmətə, sevgiyə,şəfqətə layiqdir.
“Sevgi səhrası” romanı. Səhranın istiliyi mənəvi ehtiyacı simvollaşdırır. Səhra müqəddəs yazılarda insanın Allahla görüşdüyü, tövbə, mənəvi yoxsulluq, seçim və mənəvi azadlıq əldə etdiyi bir yer kimi görünür. Bu, ikili obrazdır: məhrumiyyət, təhlükə, cəza yeri və Allahın insanları xilas etdiyi, özünü göstərdiyi yer. Səhra nemətə lənət kimi məskunlaşan torpağa qarşıdır. Səhra boşluqdur, yəni sevgi yoxdur, amma sevgi əbədidir. Səhra sakini bir sevgiyə rast gəlmək, rahatlaşdırıcı sərin suya qərq olmaq, həm bədənini, həm də hissləri sərinlətmək arzusundadır. Müəllifə görə, “sevgi Allahdır” və Allaha ehtiyacın dərk edilməsi yalnız əzab-əziyyətlə olur, buna görə də sevgisiz, səhra vəziyyətində əzab çəkən insan ruhunun sevgini tapmaq üçün yalnız bir yolu var, o da Allaha gəlməkdir. Əsl məhəbbət mümkündür, ancaq Tanrının vasitəsilə. Yazıçı əsəri ilə bunu demək istəyir. Onun qəhrəmanı Allaha cazibə və cismani, dünyəvi ehtiraslar arasında parçalanır. Allahın səsi səhranın səsidir, harada olursa, olsun-yerdə və ya qəlbdə. Allah insanı oturaq həyat tərzini tərk etməyə və köçəri həyat tərzini qəbul etməyə çağırır. Yalnız maddi dünyaya bağlılığı aradan qaldırmaqla insan Allahla münasibətini qaydaya sala bilər, çünki imtahan insanı elə vəziyyətə salır ki, o, əslində kim olduğunu insana göstərməlidir. İnsan Allahla tək qalır. “Sevgi səhrası” simvolunu yaradan zaman yazıçı kilsəni-onun başında duran ruhaniləri nəzərdə tuturdu. Kilsə də insanlardır, insanlar isə təbiətcə günahkardır, axı Tanrı sevgidir və hər şey Onun vasitəsilə mümkündür. Əsər din, günah, xilas mövzularından bəhs edir. Yazıçı tənhalığın tələyə düşdüyü 3 personajın psixologiyasını, uğursuzluq astanasında olan dünyada yaşadıqları bədbəxtliyi və hisslərinin sıxışdırılmasını, sevgi üçbucağını canlandırır. Kişilərin və qadınların yaşadıqları (eyni qadını sevən ata və oğul) xeyirlə şər arasındakı daxili mübarizənin psixoloji təhlilləri çoxdur.
Bədii qəhrəmanların şərəfinə adlandırılan sindromlar
Emma Bovari sindromu. İdeallaşdırılmış məhəbbət axtarışında olan, reallığı qəbul etməyən, reallıq hissəni itirən bir qadının faciəsi. Xroniki emosional məmnuniyyətsizlik, ağ atlı şahzadə axtarışı, istəkləri naminə hər şeyi qurban vermə.
Martin İden sindromu. Uğur qazanmaq üçün çalışırsınız, məqsədinizə nail olmusunuz, lakin həyata marağınız itib. Bütün maneələri dəf edərək, məqsədinizə çatsaz da, zövq ala bilmirsiniz, təhlükəli apatiya vəziyyətinə düşmüsünüz, hər şeyi təxirə salırsınız. İnsan böyük arzuların yanında kiçik arzuları da saxlamalıdır.
Dorian Qrey sindromu. Xarici görünüşünüz, fiziki cəlbediciliyiniz sizdə maniakal narahatlıq yaradır, qocalığı qəbul etmirsiniz, qocalmaqdan çox qorxursunuz, bunu geyiminizlə, estetik əməliyyatlarla, kosmetoloji vasitələrlə kompensasiya etməyə çalışırsınız.
Piter Pen sindromu. Böyümək istəmirlər, daha çox kişilər sindromdan əziyyət çəkirlər. Digər adı kidaltdır-“yetkin uşaq”. Uşaq kimi davranırlar. Ölkəmizdə belə kişilər çoxluq təşkil edir.
Vendi sindromu. Uşaq olsalar da, yetkin kimi davranırlar, daha çox qadınlarda müşahidə olunur, ana mövqeyində çıxış edirlər, perfeksionistdirlər.Müdrik qadın obrazına ayaq uydurmağa çalışırlar. Rədd edilmə qorxusu buna səbəb ola bilər, ölkəmizdə qadınların çoxu bu sindromdan əziyyət çəkir.
Alisa möcüzələr diyarında sindromu. İnsanlar ətradakı əşyaların proposiyasını dərk etməkdə çətinlik çəkirlər, həmin əşyalar onların gözünə ya çox böyük, ya da çox kiçik görsənir.
Plyuşkin sindromu. Digər adları Diogen sindromu, sillaqamaniya, yığıcılıq vərdişi. Bu, qocaldıqca meydana çıxan kəmağıllılıq nəticəsində lazımsız əşyaları toplamaq vərdişidir. Bəzən belə mənzillərdə yaşamaq mümkün olmur.
Edip kompleksi. Öz atasını öldürüb anası ilə evlənən Çar Ediplə əlaqəlidir. Ziqmund Freyd uşağın anası ilə seksual arzularını, atasını qısqanmağını bu cür adlandırırdı.
Elektra kompleksi. Qızın atası ilə bağlı seksual arzularını Freyd bu cür adlandırırdı.
Verter effekti. Hötenin “Gənc Verterin iztirabları” əsərindən götürülüb, “kütləvi intiharlar” bu cür adlanır.
Münhauzen sindromu. Hazırda simulyativ pozuntu adlanır. Başqalarını xəstə olduqlarına inandırırlar.
Kral Lir sindromu. Əsər bir növ övladlarının xüsusi oldqularına, onların heç vaxt tərk etməyəcəyinə kor-koranə inanan valideynlərə nəsihət xarakteri daşıyır. Valideyn və övlad arasında bağın olmaması, uşaqların qullarına çevrilməsi, ləyaqətlərini, individuallıqlarını itimələri.
Ledi Maqbet sindromu və ya Ponti Pilat sindromu. İnsan psixikasında mental və fiziki təmizliyin əlaqəsindən ibarətdir. Üst-başları təmizdirsə, insanlar elə bilirlər ki, içləri də təmizdir, günahlarını yumaq istəyirlər.
Sinderella sindromu. Qurban kompleksli xanımlar-mütilik, fağırlıq, itaətkarlıq, fədakarlıq. Müstəqillikdən qorxurlar, ndiki zamanda yaşamırlar. Möcüzəyə bəslədikləri inam passiv həyat tərzinə bəhanə olur. Analarının qoyduqları qayda-qanunların əsirinə çevrilirlər.Uğur qazanmaqdan qorxular, uşaqlıqda manipulyasiya olunurlar.
Yatmış gözəl sindromu və ya Kleyne-Levin sindromu. Hipersomniya. Bu sindromdan əziyyət çəkənləri yuxudan oyandırmaq çətin olur, apatiya, səsə, işığa qarşı həssaslıq, hallüsinasiya, qeyri-sağlam, qidalanma, hiperseksuallıq, (daha çox kişilərdə) depressiya əlamətləridir.
Haklberri Finn sindromu. Məktəb dövründə itaətsizliklə başlayır, yetkinlik yaşına çatdıqdan sonra iş yerini tez-tez dəyişməklə, səbəbsizcə iş yerinə getməməklə müşahidə olunur. Boşluq hissindən əziyyət çəkirlər, o hissi doldurmaq üçün daim axtarışdadırlar. Heç vaxt heç kimlə özlərini rahat hiss etmirlər, məsuliyyətdən qaçırlar, ata fiqurları dağıdıcı olur, özünəhörmət hissi aşağıdır, stabilliklə problemləri olur.
Polianna sindromu. Təhlükəli optimizm. Ən pis hadisələrdə yaxşı şey axtarırlar. Həyata çəhrayı eynəkdən baxırlar, süni evinc, təhrif olunmuş reallıq sindroma xasdır.
İstinad olunan mənbə: Lamiyə Göycəyeva, kopirayter