
BİR İNSAN ÖMRÜ
(Mənzum hekayə)
Vətənimin ucqar məmləkətində,
Namazlı-niyazlı bir kişi vardı.
Nəsihət edərdi, hər söhbətində,
Qohumu-qardaşı qürur duyardı.
Əli təsbehliydi, ağzı dualı,
Nəvə-nəticəyə diqqət, qayğılı.
Şən görmək hər kəsi, arzu, amalı.
Hamı babasına hörmət, sayğılı.
On iki yaşında var bir nəvəsi,
Üstündür, hər kəsdən ağlı, kamalı.
Dünyəvi elmlərə vardı həvəsi,
Qat-qat kitablardı, dövləti, malı.
Gecələr çox zaman yuxusu qaçar,
Oxuyub-yazmağa fürsət arardı.
Bəzən babasının yanına qaçar,
Çoxlu sual verib, cavab sorardı.
Babası qoymuşdu adını- Mətin,
Firavan yaşardı, keyfi çağ idi.
Salmışdı elmlərə o məhəbbətin,
Əla oxuyardı, üzü ağ idi.
Düşünüb günlərlə, dərindən-dərin,
Bir gün babasına tutdu üzünü:
“Ay baba, varmıdır, sənin xəbərin?
Bilmək istəyirəm, söylə, düzünü,
Bir insan ömrünün bilim, qədərin”.
Baba nəvəsini qürurla süzdü,
Gördü, babasına dikib gözünü.
Sualın cavabın o belə çözdü:
“Yazılıb alnına Tanrıdan qədər,
Dünyaya açanda insan gözünü.
Yaşayar Azandan namaza qədər”.
Nəvə basına tutdu üzünü:
“Bu qədər qısaymış, bir insan ömrü?”
Təkrar etdi baba, yenə sözünü:
“Namazsız azanla başlayır ömür,
Nə qədər çalışıb-vuruşsa, insan.
Azansız namaza qədərdir, ömür”.
“Ay baba, sən məni bir başa salsan,
Namazsız azanla, azansız namaz,
Bu qədər dolaşıq olarmı, ömür?”
“Ay bala, qədəri Tanrıdır yazan.
Elə ki, dünyaya göz açır insan,
Oxunur qulağa, namazsız Azan.
Əbədi dünyaya köçərkən insan,
Oxunar namazı, verilməz Azan!
Namazın azanı insan dünyaya,
Oxunmuş, açanda ilk dəfə gözün.
Bilsələr, qısadır, hər insan ömrü,
Dünyada əbədi sanmaz ki, özün.
Getməsə, hədərə bir insan ömrü,
Yaşadar, əbədi həyatda izin.
İnsanlar həyatdan arzu-kam alsın,
Yaşasın şərəflə hər bir anını,
Dünyadan köçəndə ad-sanı qalsın.
Getməsin hədərə, tək bircə anı.
Ulular deyib ki, insan həyatda,
Sevinclə, kədərlə yaşayar beş gün.
Yar-yarımçıq qalar, arzu-murad da,
Yaşamaz doyunca, həyatda xoş gün.
Xoş günlər yaşayaq, hey deyək-gülək,
Şərəflə yaşayaq, bir insan ömrün.
Doğmalarla, Amal, dərd-səri bölək,
Hədər keçirməyək, bir insan ömrün.
SON
17.11.2024-cü il
Müəllif: Sona AMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru