
İLAHİ
Taleyim dolaylı, bəxtim qarışıq,
Nədən kəm yazılıb, yazım, İlahi?
Səhv salıb ünvanı, bəlkə, azmışıq,
Tikandır cığırım, izim, İlahi.
Gedib ömür tənim, sanma qayıda,
Arzular, diləklər qalıb yarıda,
Qış olub ömrümün yazı, yayı da,
Ta gəlmir baharım, yazım, İlahi.
Sevib-əzizlərəm, dostu-yoldaşı,
Olmaz hər yetəndən könül sirdaşı,
Dərdə ortağımdır, bacı-qardaşım,
Qismətdə yox, oğlum, qızım, İlahi.
Səngimir ömrümün dumanı, çəni,
Çoxalır gün-gündən telimin dəni,
Taleyim sınağa çox çəkdi məni,
Köklənir qəm üstə sazım, İlahi.
Daşıdım içimdə, kədər-qəmimi,
Qurtarmaz fələk də, batan gəmimi,
Qurutmaz tonqal da, gözüm nəmini,
Amala ver səbir, dözüm, İlahi.
Dərdimə-sərimə çözüm, İlahi.
24.12.2024.
Müəllif: Sona AMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru