
İSTANBUL, DARIXMIŞAM..
Səhərini günəşlə birgə açırdım,
İşıqlarını bağrıma basırdım hər gecə,
Üzüaşağı, uzüyuxarı ölçürdüm
səni bina -bina , küçə -küçə.
Sokakların udurdu addım səsimi,
bir də kirpiklərimin kölğəsini.
Yağışında islanırdı ,
küləyində sığallanırdı saçlarım,
Dadını çıxarırdım bəxtəvərliyin.
Havası qəhvə qoxulu,
Səması qağayı sevdalı şəhər.
İpək donlu,
Yaşıl yaxalı ,
Dili dualı şəhər,
Ürkək qız tək utancaq,
Abırlı-həyalı şəhər .
İstanbul!
Səni dalğa -dalğa, ləpə -ləpə sevirəm,
Dalanlarını , küçələrini ,
dağlarını , ormanlarını
gözümə təpə -təpə sevirəm.
Heç nədən yox,
bircə unudulmaqdan qorxan şəhər,
Çiynini qala divarlarına söykəyən,
Tarixin qarşısına alnıaçıq , üzüağ çıxan şəhər.
Bütün dünyanı başına yığan şəhər..
Səni Boğazdan seyr etmək var hələ ..
Sularınla pıçıldaşmaq , dalaşmaq,
Dalğalarla gözüdoyunca sevişmək ,
Dənizlə qucaqlaşmaq ..
Bir də hay -küylü Taksimdə yorulunca dolaşmaq ,
Dolaşdıqca bütün dünyanı unutmaq,
Unutduqca tanımadığın insanlara ürəkdolusu “Mərhaba” demək eşqi..
Sonra pay -piyada Eminönünə düşmək ,
Sərinləmək ..
Balıq qoxan sahildə dayanıb gedən gəmilərə əl sallamaq həvəsi ,
Sonra növbə gözləmək ,
Sonra əlindəki smiti martılarla bölüşmək,
Bölüşdükcə yüngülləşmək ,
Yüngülləşdikcə uçmaq, uçmaq..
Sonra da ..
Sonra da yenə ayrılıq,
Yenə xəyallar,
Yenə təyyarə səsi,
Yenə Xəzərin sahilində səninçün darıxmaq, darıxmaq..
******
Dağından qopan qartalın
Qıyına yazığım gəlir.
Naləsinə , harayına,
Hayına yazığım gəlir.
Sevgiyə həsrət acların
Vüsal daramaz saçların.
Kökü çürük ağacların
Boyuna yazığım gəlir.
Söz ürəyi deşə gərək,
Söz yerinə düşə gərək,
Adam eşqdə bişə gərək,
Çiyinə yazığım gəlir.
Ruhudu payız xəzəlin,
Payız xəzəllə bəzənir.
Ürəksiz köçən gözəlin
Toyuna yazığım gəlir.
Gedirik düzlə , yoxuşla,
Yarı bəxt, yarı naxışla,
İlahi , məni bağışla,
Göyünə yazığım gəlir.
******
Gözlərindən eşq damırdı payıza,
Qızınırdı sevdasında xəzəllər.
Elə gözəl oxşayırdı könlümü
O baxışlar , o sığallar , o əllər —
Oyandım.
Heç bilmədim hara tutum üzümü,
Hara getsəm həsrət məni izlədi.
Baş götürüb nağıllara yol aldım,
Gedəmmədim axıracan, dözmədim ,
Dayandım.
Var -gəl etdim payızla qış arası,
Məni yordu bu kaşkilər , bəlkələr.
Xəyallarım göy üzünə tələsdi,
Bir mən oldum, bir də.. bir də kölgələr,
Yubandım.
Tutammadım bir ümidin əlindən,
Çiçək açmaq bu payıza yad imiş.
Burda hər şey aldadırmış adamı,
Burda hər şey ayrılığa ad imiş–
İnandım.
******
Bu dolaşıq ömrümdə
Yarımçıqdı nəyim var,
(bircə göz yaşını çıx)
–Kəsik -kəsik arzular,
Qırıq-qırıq xəyallar,
Dərə -təpə sevgilər,
Dağ kimi ayrılıqlar.
Vüsallar da natamam,
Görüşlər də yarımçıq.
Könlümün qapıları
Bircə həsrətə açıq..
Ruhumda dəli sükut,
Başımda qasırğalar,
Çöldə ölüm havası..
..Bu gün də gəlib keçdi,
İçində payız rəngi,
Bir də şənbə duası..
Bir ümid də yıxıldı
Qaşla gözün arası..
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru