Etiket arxivi: TAMELLA PƏRVİN

Tamella Pərvinin yeni şeirləri

ŞƏHİD BALAMIZ SƏBUHİYƏ

Gülüzlü şəhidim, arzun varıydı?
Yəqin sənin arzun sevgi olardı.
Ya da, bir ailə, bir isti ocaq
Bir gözəl həyatın, ömrün olardı.

Bu gözəl vətəndə, bir sakit işin,
Oğul böyüdərdin əsgər olmağa.
Bir ömür gedərdi zabit vərdişin
Bir qız böyüdərdin oğul doğmağa.

Bu dünya özü də nağıldı, şəhid,
Hər gün yeni, yeni nağıllar doğur.
Haqqın ki, gözləri bağlıdı, şəhid,
Dünya əzab doğur, ağrılar doğur.

Rahat yat şəhidim, bu yurd basılmaz,
Daha qarğamaram qərənfili də.
Bu dünya düzələr, qan yerdə qalmaz
Əzərik başını, o əfinin də.


Xəbərin varmıdır, gəlmişəm yenə,
Şəhər ürəyimcə, ev ürəyimcə.
Neyləyim, mən səni sevə bilmədim
Sən də, bu şəhəri sev ürəyincə.

Uzaqdan, yaxından baxarsan yenə,
Əllərin havada saatı cızar.
Köhnə xatirələr tökülən yerə,
Tələsib, təntiyib qaçar arzular.

Gecikdin, aldanıb yay havasına,
Unutmaq öyrədə bilmədim sənə.
Bax, hərə çəkilir öz odasına,
Mən, indi bilmişəm neylədim sənə.

Keçdik, o yuvanın yanından belə
Yollara çiçək də düzdü o yuva.
Nədi axtardığım, bilmirəm hələ
Sənin demədiyin sözdü, o yuva.


Daha baş əymərəm bu taleyə mən,
Ömürdən bir günü alıb gedəcəm.
Kimsə bezməyəcək mənim əlimdən,
Bir xeyir, bir dua, “çalıb” gedəcəm.

Oxşayıb o günü əzizlər kimi,
Öpüb, glzləyərəm özümdən belə.
Elə yaşayacam ləzizlər kimi
Ləzzət alacağam dözümdən belə.

Hamıya uzaqdan baxıb güləcəm,
Görəcəm, nə imiş əyərim mənim.
Görəcəm, nə imiş suçum, günahım,
Tanrının yanında dəyərim mənim.

SƏHƏRƏ YAXIN ANAMI GÖRDÜM YUXUDA

Mən çıxıb gəlmişəm, varmı xəbərin?
Burda xatirələr ağladır məni.
Varmı gəlməyinə zəif bir güman
O hansı ümiddi aldadır məni?

Qapını açmağa cəsarətim yox,
Xırdaca yerişin ləngiyir harda?
Bir qucaq ağlayır, hərarəti yox,
Bir körpə hay salır, təngiyir orda.

Bütün qapıların üzü sənəydi,
Bütün xoşbəxtliklər səninlə imiş.
Sənə gəlirikmiş milyon sənədi,
Xoşbəxtlik gözündə sərnimək imiş.

Qalmışam od ilə od arasında
Ömrüm bilə-bilə aldanır elə.
Bütün xatirələr boy sırasında
Yanır, tüstülənir, odlanır elə.

Götürüb qoymağa yoxdu heç nəyim
Təntiyib qalmışam sənsizliyimdə.
Yox imiş dayağım, arxam, köməyim
Oynadır insanı dünya felində.


Sevdikcə nələri alır əlimdən,
Nə qədər sevəcək, bəs bu “dev” məni?
Ağzımı açmamış tutur dilimdən,
Durum necə deyim, yenə sev məni.

Çəkərəm əlimi payımdan belə,
Zəhərim balımdan çox olur hələ,
Fürsət axtarıram ağlaya, gülə,
Bır dəli fürsət də tapılmır belə.

Beləcə gedirəm, “dayan” yerim yox,
Baha “sevgilər”i ala bilmirəm.
Dünəndə, sabahda güman yerim yox.
Yeriyə bilmirəm, qala bilmirəm.


Tale yenə “yol göstərir”, gedimmi?
Tələsində, həvəsində itimmi?
“Mənlə işi qurtarmayıb” dedimmi?
İnanmıram bu taleyə neyləyim.

Şirin oldu ucuzların bəkməzi,
Neylədilər, heç çıxmadı əmbəsi.
Başa keçdi, hər əyrisi,”ləmbə”si
İnanmıram, bu taleyə neyləyim.

İnanırdım, hər keçənə, hər kəsə,
Tuş etdilər kor bayquşa, kərkəsə,
Başqaları ağa çıxdı neyləsə,
İnanmıram, bu taleyə neyləyim.

Boy atdığım, o bağçadan əsər yox,
Küsünmüşəm, bir deyən yox “küsər-yox”.
Umduğumda nə abır var, nə “sər” yox,
İnanmıram, bu taleyə neyləyim.

Döyən vardı sinəsinə, başına,
Yürüdükcə daş vururdu başıma.
Qırov düşdü kirpiyimə, qaşıma,
İnanmıram, bu taleyə neyləyim.


İzin ver başımı qoyum köksünə,
Bir az gec gəlmişəm, bağışla Şuşam.
Necə durublarmış sənin qəsdinə,
Mən bir “oyanmışam”, səbri daşmışam.

Yenə qanla yudum qanlı yaranı,
Gözünə sevincdən yaş gətirmişəm.
Nə gözəl yapacam arzularımı,
Doğulmuş vətənə daş gətirmişəm.

Ay Allah başını əyibdi hərə,
Gör necə birləşib vətən olmuşuq.
Oğullar, atlanın, qonun yəhərə
“Cəngi””çaldırırıq, cıdır qurmuşuq.

Gör necə oğulmuş Baş Komandanım,
Alilik yazılmış alnına onun.
Sözünə bəndmişik: “Durun atlanın!”,
Mehmetım, Məmmədim, fəhləm, çobanım.

İlahi, bu qürur necə gözəldi,
Oğuzam, Göy Türkəm, Boz Qurdam indi.
Güc gəldi dizimə, belim düzəldi
Xoşbəxtəm, bu ulu Vətən mənimdi!

Müəllif: Tamella PƏRVİN

TAMELLA PƏRVİNİN YAZILARI

Məlumatı hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TAMELLA PƏRVİN – XOŞ GÖRDÜK, QARABAĞ!

MÜSTƏQİLLİYİMİZƏ
Salam, xoş gəlmisən, müstəqilliyim.
Səni elə-belə gətirmədik biz…
Aldıq yağılardan, bu şanlı Yurdu,
Səni yaşadacaq, bizim sevgimiz.

Amalın günəşdi, od ürəklisən,
Gör necə oğullar doğub analar.
Əkmişdin torpağa “ŞƏHİD” adında,
Oğullar yürüyüb vətən oldular.

Qanla suvardılar hər qarışını,
Azadlıq bitirdi daşı, torpağı.
Bahar elədilər yurdun qışını,
Qaldırıb göylərə üçrəng bayrağı.

ZƏNGİLANA
Daha bu şəhərə sığmır həsrətim,
Torpaq həvəsimi döyür bu asfalt.
Ay çinar xislətim, qaya heyrətim,
Elə hey özünü öyür, bu asfalt…

Əllərim yer əkir, bar götürməyir,
Burda yoxa çıxıb yerin sevgisi…
Mən eşq yetirirəm, yar götürməyir,
Burda niyə ölüb yarın sevgisi?

Həsrətim özümdən qabaq gedibdi,
Namərdin izləri göynəyir orda.
Çinar xislətimi kimlər əyibdi?
Babamın ruhu da inləyir orda…

Yağışlar yağacaq örüşlərinə,
Axşamın, sabahın güləcək yenə.
Cavanlar çıxacaq qız gördüsünə,
Elçilər, nişanlar olacaq yenə.

Səni gizləmədi dumanın, çənin,
Yaladı hüsnünü xain gözləri.
Birazdan gələcək bənövşə dəmin,
Çiçəklər gəzəcək o gül əlləri.

Şurlu bulaqların gözü qalırmı?
Qızıl yataqların dururmu orda?
Dağlar unudurmu sinə dağını?
Çoxdan vurulmuşam, o dadlı yurda.

Obaşdan Xavərim at çapıb orda,
Min bir xatirə var dağda, nohurda.
Çağır qonaq kimi qalım, Zəngilan,
Toy elə, toyuna gəlim Zəngilan!

TƏBRİZİMƏ
…Nə oğullar bada verib həsrətin
Bu sevginin üzü dönməz, Təbrizim!
Bəlkə mənim olmayıbdı hünərim,
Mən olmuşam dili dinməz, Təbrizim…

Bir illətdi, çəkə-çəkə qalmışıq,
Qollarının Araz boyda bağı var!
Göz yaşların səpə-səpə qalmışıq,
Ürəyinin Vətən kimi dağı var!

Bu vətənin yaraları qan verir,
Saya gəlmir dərdlərinin sırası.
Tikələnib, parçalanıb, can verir,
Ölmür ruhu, ayaqdaymış anası.

Yollar getdim İrəvandan Təbrizə,
Karvanların sarvanları necoldu?
Ya mən gəlim, ya sən oyan, gəl bizə,
Kim ləngidi, kim qayıtdı, gec oldu…

Dumanların çöküb yenə üstünə,
Oğulların bu dumanda azmasın.
İkili baxışlar durdu qəsdinə,
Tarix yenə öz yolunu azmasın…

O yan-bu yan varıq, bizik, olmuşuq!
Bu həsrətin açılıbdı qolları…
Sənələrdi xəyallara dalmışıq,
Gözümüzə yığacağıq yolları.

XOŞ GÖRDÜK, QARABAĞ!
Xoş gördük Qarabağ, qaldır gözünü,
Şirinlik günüdür noğulun gəlib.
Hazırla cıdıra “Çıdır düzü”nü,
Gözün aydın olsun, oğulun gəlib.

At, bu başındakı, qatı dumanı,
Qışına yaz gəlib Şuşam, ay Şuşam.
Tanrının lütfüdü, sevgi zamanı,
Açsana qoynunu, çox darıxmışam.

Tarix unutdumu acı dərsləri,
Baş vuran başından olub bu yurdda,
Qaytardım tarixi həqiqətləri,
Sirrim gizlənibmiş demə “Boz Qurd”da.

Buz bulaq, üzünü tutma o yana,
Natəvan şeridi, sevincdən axır.
Əsgərim, bir dayan, getmə uzağa,
Ürəyi yaralı Vaqifdi, baxır…

Allah, bu zəngulə Xanın səsidir,
Demə oxuyurmuş bir əsgər bala.
“Cəngi” bu torpağın salnaməsidir,
“Cəngi” çal cəngiylə yetim vüsala.

Müəllif: Tamella PƏRVİN

TAMELLA PƏRVİNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru