MÜSTƏQİLLİYİMİZƏ
Salam, xoş gəlmisən, müstəqilliyim.
Səni elə-belə gətirmədik biz…
Aldıq yağılardan, bu şanlı Yurdu,
Səni yaşadacaq, bizim sevgimiz.
Amalın günəşdi, od ürəklisən,
Gör necə oğullar doğub analar.
Əkmişdin torpağa “ŞƏHİD” adında,
Oğullar yürüyüb vətən oldular.
Qanla suvardılar hər qarışını,
Azadlıq bitirdi daşı, torpağı.
Bahar elədilər yurdun qışını,
Qaldırıb göylərə üçrəng bayrağı.
ZƏNGİLANA
Daha bu şəhərə sığmır həsrətim,
Torpaq həvəsimi döyür bu asfalt.
Ay çinar xislətim, qaya heyrətim,
Elə hey özünü öyür, bu asfalt…
Əllərim yer əkir, bar götürməyir,
Burda yoxa çıxıb yerin sevgisi…
Mən eşq yetirirəm, yar götürməyir,
Burda niyə ölüb yarın sevgisi?
Həsrətim özümdən qabaq gedibdi,
Namərdin izləri göynəyir orda.
Çinar xislətimi kimlər əyibdi?
Babamın ruhu da inləyir orda…
Yağışlar yağacaq örüşlərinə,
Axşamın, sabahın güləcək yenə.
Cavanlar çıxacaq qız gördüsünə,
Elçilər, nişanlar olacaq yenə.
Səni gizləmədi dumanın, çənin,
Yaladı hüsnünü xain gözləri.
Birazdan gələcək bənövşə dəmin,
Çiçəklər gəzəcək o gül əlləri.
Şurlu bulaqların gözü qalırmı?
Qızıl yataqların dururmu orda?
Dağlar unudurmu sinə dağını?
Çoxdan vurulmuşam, o dadlı yurda.
Obaşdan Xavərim at çapıb orda,
Min bir xatirə var dağda, nohurda.
Çağır qonaq kimi qalım, Zəngilan,
Toy elə, toyuna gəlim Zəngilan!
TƏBRİZİMƏ
…Nə oğullar bada verib həsrətin
Bu sevginin üzü dönməz, Təbrizim!
Bəlkə mənim olmayıbdı hünərim,
Mən olmuşam dili dinməz, Təbrizim…
Bir illətdi, çəkə-çəkə qalmışıq,
Qollarının Araz boyda bağı var!
Göz yaşların səpə-səpə qalmışıq,
Ürəyinin Vətən kimi dağı var!
Bu vətənin yaraları qan verir,
Saya gəlmir dərdlərinin sırası.
Tikələnib, parçalanıb, can verir,
Ölmür ruhu, ayaqdaymış anası.
Yollar getdim İrəvandan Təbrizə,
Karvanların sarvanları necoldu?
Ya mən gəlim, ya sən oyan, gəl bizə,
Kim ləngidi, kim qayıtdı, gec oldu…
Dumanların çöküb yenə üstünə,
Oğulların bu dumanda azmasın.
İkili baxışlar durdu qəsdinə,
Tarix yenə öz yolunu azmasın…
O yan-bu yan varıq, bizik, olmuşuq!
Bu həsrətin açılıbdı qolları…
Sənələrdi xəyallara dalmışıq,
Gözümüzə yığacağıq yolları.
XOŞ GÖRDÜK, QARABAĞ!
Xoş gördük Qarabağ, qaldır gözünü,
Şirinlik günüdür noğulun gəlib.
Hazırla cıdıra “Çıdır düzü”nü,
Gözün aydın olsun, oğulun gəlib.
At, bu başındakı, qatı dumanı,
Qışına yaz gəlib Şuşam, ay Şuşam.
Tanrının lütfüdü, sevgi zamanı,
Açsana qoynunu, çox darıxmışam.
Tarix unutdumu acı dərsləri,
Baş vuran başından olub bu yurdda,
Qaytardım tarixi həqiqətləri,
Sirrim gizlənibmiş demə “Boz Qurd”da.
Buz bulaq, üzünü tutma o yana,
Natəvan şeridi, sevincdən axır.
Əsgərim, bir dayan, getmə uzağa,
Ürəyi yaralı Vaqifdi, baxır…
Allah, bu zəngulə Xanın səsidir,
Demə oxuyurmuş bir əsgər bala.
“Cəngi” bu torpağın salnaməsidir,
“Cəngi” çal cəngiylə yetim vüsala.
Müəllif: Tamella PƏRVİN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru