Dekabrın 9-da (2024) Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Fond ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstərir.
“Bu, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış 17-ci kitabın təqdimatıdır. Kitabı Rəbiqə Nazimqızı tərcümə edib. Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” adlı 3 kitab seriyası təsis edib. Parisdə dekabrın 13-də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər”, – deyə A.Raimkulova əlavə edib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Azərbaycan xalqı Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına dərin hörmətlə yanaşır. “Bu il Bakıda artıq ikinci dəfə Qırğızıstanın görkəmli ədəbiyyat nümayəndəsi TÜRKSOY-un Baş katibi Sultan Rayevin kitabının təqdimatına toplaşmışıq. Azərbaycan Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu birgə bir sıra layihələr reallaşdırır. Bu bizim birgə həyata keçirdiyimiz növbəti layihədir. Əminəm ki, gələcəkdə belə layihələrin sayı daha çox olacaq”, – deyə nazir vurğulayıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışlarında Sultan Rayevin “Daşqın” əsəri barədə fikirlərini bölüşüblər.
Bildirilib ki, Azərbaycanda Türk dünyasının yazıçılarının əsərlərinə daim maraq olub. Bu günlərdə Bakıda türk xalqları ədəbiyyatının yeni məzmun və ideyalarla zənginləşməsində böyük xidmətləri olan, ümumtürk dünyasının parlaq simalarından biri Çingiz Aytmatova həsr olunmuş böyük görüş keçiriləcək.
Diqqətə çatdırılıb ki, Sultan Rayevin “Daşqın” əsərində “Nuhun tufanı yeni dövrdə baş versə nələr olar” axtarışında fikirlər irəli sürülüb. Kitabda əslində Nuhun tufanın müasir zamanda baş verdiyini göstərilir. Belə ki, hazırda insanlar suya deyil, internetə qərq olub boğulurlar. Kitabda, həmçinin süni intellektin gətirdiyi problemlər araşdırılır.
Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında deyib ki, Manas kimi min yaşlı zəngin ədəbi-bədii irs üzərində boy atmış müasir qırğız ədəbiyyatı XX əsr dünya ədəbiyyatına Çingiz Aytmatov kimi nəhəng düha sahibini bəxş etdi. “Düşünmək olardı ki, qırğız ədəbiyyatı artıq öz sözünü deyib. Ən azı Ç.Aytmatovdan sonra müasir qırğız ədəbiyyatında yeni söz demək çox böyük cəsarət tələb edəcəyindən yeni möcüzə gözləmək ağıllara gəlməzdi. Amma möcüzə baş verdi, Sultan Rayev özündə bu cəsarəti tapdı və kifayət qədər uğurlu bir şəkildə öz ədəbi dəst-xətini Türk dünyası ədəbiyyatının rəqabət meydanına çıxara bildi. Sultan Rayev nə Manas yazdı, nə də Aytmatov üslubunu təkrar etdi. O yazdığı romanlarla hörmətli akademik İsa Həbibbəylinin “magik realizm” adlandırdığı ən müasir ədəbi trendinin altında öz imzasını atdı. Bu imza olduqca möhtəşəmdir və bütün Türk dünyasına Sultan Rayevlə fəxr etmək imkanı qazandırıb”, – deyə Cavanşir Feyziyev əlavə edib.
“Daşqın” əsərinin müəllifi Sultan Rayev çıxışında kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi keçən hər kəsə təşəkkür bildirib.
Daha sonra Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Hüsniyyə Mürvətova “Daşqın” romanından bir parçanı oxuyub.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Qırğızıstan səfirliyinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Daşqın” əsərinin məğzi və mahiyyiyyəti barədə düşünərkən Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanındakı “Manqurt” obrazının xatırlamamaq mümkünsüzdür. Kxe keçmişini, dəyərləri və insanlığı xatırlamaq üçün bütün çətinliklərə qatlaşdığı, hafizəsində canlandırdığı bütün dəyərləri yaşatmağa çalışdığı halda (səh.28-30 və s.), Etix isə məhz manqurtcasına hər şeyə, hətta doğma atasına belə nifrət edir. O, ümumilikdə insan cəmiyyətinin günahlarının və səhvlərinin nəticəsində formalaşmış tipik obrazdır və bütün əməlləri müasir həyatda mövcuddur. Türk xalqlarının milli dəyərlərinə görə, ananın südü övladın günahını bağışlasa da ata üzə ağ olan övladını əfv etmir. Etixin məhz atasına qarşı çıxması yazıçının pozulmuş ailə münasibətləri fonunda nəhəng fəlakətə və böyük günahlara xüsusi yanaşmasıdır.
“- Torpağı almaq olar, mal-dövləti almaq olar, lap adamın həyatını da almaq olar, ancaq adamın hafizəsinə kim qəsd edə bilər, bunu kim fikirləşib tapıb?”, ifadəsi ilə insanlığa müraciət edən Aytmatovun bu mürəkkəb sualına Rayevin romanının ümumi süjet xəttində böyük məharətlə verdiyi müdrik cavab oxucu üçün düşündürücü olduğu qədər, bütün dünya ictimaiyyəti üçün həyəcan təbilidir. . Etixin hafizəsini fərdlər deyil, qlobal məkandakı günahlar pozaraq onu manqurtlaşdırmışdır.
Ötən yüz ilin kimya əsri olmasına dair çox mühakimələr eşitmişik. Kimyəvi tərkibli məhsullar, o cümlədən plastik materialdan olan qablar, plastik cürdəklərin icadı qısa zaman kəsiyində kütləviləşdiyi kimi kütləvi problemlərə də yol açdı. Bu məhsulları əvəzedilməz hesab edənlər tapılsa da, son illər inkişaf etmiş ölkələr şüşə cürdəklərə qayıtmaq istəyir. “Dermantin koma hər il getdikcə köhnəlirdi. Yağış yağanda onların daldalanacaq yeri olmurdu, koma bütün dərmə deşiklərdən damırdı. Dəcəl külək əsəndə isə koma az qalırdı dağılsın, buna görə də onun kənarlarına daş parçaları düzmüşdülər. Amma bir dəfə bu daşlar da kömək etmədi (səh.76)”. Rayev bu fikri ilə insan icadlarının təbiət hadisələri qarşısında nə qədər aciz olduğunu böyük ədəbi ustalıqla təsvir edə bilir. Yazıçı bunun ardınca yazır: “O, dünyanı dəyişə bilsə də, özü dəyişə bilmədi, əvvəlki kimi insan olaraq qaldı, ölüm ona insan olduğunu xatırlatdı…Arxasınca isə insanlığa əzab verən bəla qoyub getdi, zəhərli tüstünün qara quyruğu bu dünyadaca qaldı (səh. 89)”.
…”Kxe bunu indi xatırladı. Etixin əllərində tutduğu büllur kəllə onda bir sıra nizamsız fikirlər doğururdu. Bu kəllə onlara hansı uğursuzluğu gətirəcəkdi? Bu suala cavabı yox idi. Qəlbində həyəcanlı küləklər əsirdi…(səh. 120)”. Yazıçı burda “həyəcanlı külək” anlayışı ilə hazırda insan cəmiyyətini təlatümdə saxlayan stresslərə işarə vurur. Hansı ki, müasir texnologiyaları heç də bərabər olmayan insan cəmiyyətinin müəyyən bir qütbündə gözqamaşdırıcı maddi səltənət yaratsa da dünyada baş verənlər hər kəs üçün stress mənbəyidir. Çünki fəlakət və risklərdən heç kim sığortalı deyil.
Əsərdə ən yaddaqalan, emosional və təəssüfləndirici səhnələrdən biri yer üzündə sağ qalan yeganə din adamı Kixenin edam səhnəsidir: “Nə zamansa Tanrı sevgisindən yaranan, Yaradanın əmrilə “insan” adlandırılan imansızlar və bütpərəstlər bu dünyada gün keçirir, həyatdan zövq almağın dəyərini qətiyyən bilmirdilər. Onlar hər günlərinin Yaradanın adı ilə bağlı olduğunu unutmuşdular, ömürlərini İlahi sevgisi olmadan sərf edir, istədikləri hər yaramaz əməli törədirdilər. Beyinlərində bütün gözəl və rəzil sözləri, Xaliq barədə bütün anlayışları onlar indi əski kimi yerə səpib tapdalayır, ayaqlarının kirini ona silirdilər… Müqəddəs olana imanı onlar öz qəlblərinin hansı darısqal və qaranlıq güşələrində gizlədirlər? Sanki onların qəlblərində artıq səmimi imana yer qalmamışdı, “ədalət” və “mərhəmət” kimi anlayışlar onlar üçün artıq həyati mənasını itirmişdi, cənnət həzzini isə qumar oyunları və əxlaqsızlıq əvəzləmişdi…”(səh. 47). “Ədalət” və “mərhəmət” təəssüb anlayışı ilə bir-birilərinə bağlıdırlar. Onlardan biri yoxdursa, digəri də olmur. Ona görə də yazıçı bu anlayışların mənasının itməsinə birlikdə münasibət bildirir.
Müasir dövrdə, xüsusilə qida sənayesində istifadə olunan genetik kodların dəyişdirilməsi qlobal problemə çevrilib. Bəşəri dəyərlərə zidd olan bu amansız prosesin qarşısını almaq üçün nə cəhd var, nə qanun və də ki mexanizm. “Nəhəng Suyun ağuşuna atılandan sonra Kxe ona rahatlıq verməyən Etixlə baş-başa qalmışdı. Bu onun üçün çox ağır günlər idi. Duna atasını qəbul etmirdi. Etixin dediyi ilə oturub-dururdu. Kxe özünü bu adada artıq hiss etməyə başlayırdı. Onun vəziyyəti günü-gündən pisləşirdi. Bundan başqa, buynuzlu körpə sanki günlə yox, saatla böyüyürdü, boyu da, çəkisi də durmadan artırdı. Onun bədəni artıq tüklə örtülmüşdü. Başındakı buynuzlar da böyüyürdü, onları artıq uzaqdan görmək olurdu…(səh. 138)”. Dermantin koma təbiət hadisələri qarşısında aciz olduğu kimi genetik kodu dəyəşdirildiyi üçün eybəcər görkəmə düşən insan da dəyərlərə ehtiramını itirərək aciz vəziyyət alıb. “Çarmıxın gövdəsi tərəfdə dayanmış – Etix cibindən bir əşya çıxardı. Bunu Kxe daim öz boynunda gəzdirirdi. – Etix gülə-gülə onu da Müqəddəs Kitabın dalınca Nəhəng Suya atdı (səh.160).” Bəli, Müqəddəs Kitaba ancaq və ancaq Etix kimi anormal görkəmli və anormal xüsusiyyətlərə malik şəxs sayğısızlıq göstərə bilər. Müasir dünyanın gözü qarşısında ABŞ-da İsveç və Danimarkada Qurani-Kərimin nüsxəsi yandırılıb, Dağıstanda kilsəyə və sinaqoqa və İstanbulda isə kilsəyə hücum edilib. Əslində müəllif böyük ədəbi ustalıqla əsərin bu hissəsində son illər dünyanın ayrı-ayrı ölkələrində müqəddəs kitablara və səmavi dinlərə qarşı edilən hörmətsizliyə, sayğısızlığın dinamika aldığına işarə edir. “Buynuzlu oğlan bir dəfə səhər erkən elə sahildəcə buynuzlarını qırmaq qərarına gəldi. Axı Su Pərisi qəfildən gəlib çıxsa və onu bu görkəmdə görsə, qorxardı. Pərini bir kənara qoysaq, buynuzlar heç onun özünün də xoşuna gəlmirdi (səh.140).” Yazıçı əsaslandırır ki, bəşər övladı özünün yaratdığı eybəcərlikləri, özündə yaranan licimsiz görkəmi qəbul etmək, onunla barışmaq istəmir. Amma qlobal proses insanı kütləvi eybəcərliyə yuvarladıb. Su Pərisi tarixin bütün dövrlərində mavi vətənin Şah Banusu sayılıb. O həm realdır, həm də mifik. Bunlarla bərabər Su Pərisi gözəllik ilahəsidir. İnsanlıq görkəmindən çıxan Etixin Su Pərisindən xəcalət çəkməsi müasir dünyanın eybəcərlik salnaməsinin ədəbi məharətlə vərəqlənməsidir.
Əsərin epiloquna olan şərhimizi sondan əvvələ saxlayaraq mühakimələrimizi davam edək. Sultan Rayev əsərə əlavə etdiyi cəmi bircə cümləlik epiloq ilə əslində insan övladını mütaliyə işığında cəmləyərək həyəcan təbili çalır: “Bir müddət sonra Nəhəng Su həmin kiçik adanı da öz cənginə aldı. Bu dəfə səmada göy qurşağı gözə dəymirdi…”
Tarixin bütün dövrlərində su uğrunda amansız və qəddar müharibələr, siyasi böhranlar yaşanıb. Bir çox proqnozlara görə, 3-cü Dünya Müharibəsi də məhz su resursları uğrunda başlayacaq. BMT-nin ərzaq proqramında içməli su qıtlığı müasir dövrün qlobal problem kimi xarakterizə olunur. Nəhəng Su anlayışı sunami, fırtına, sel, qasırğa, daşqın mənalarında başa düşülə bilər. Bəs göy qurşağı? Göy qurşağı təbiətin heyrətamiz hadisələrindən biridir. İlk yaz yağışları ilə birlikdə görünməsi təbiətin yenidən doğulmasına və yazın gəlişinə bir işarədir. Mütəxəssislər əsaslandırır ki, göy qurşağı, leysandan sonra yaranaraq sülh və yenidən doğulmağı simvolizə edən təbiət hadisəsidir. Bu simvolizm yunan mifologiyasında, İncildə və metafizik yazılarda xatırlanır. Göy qurşağının ən çox görünən rənglərinə qırmızı, sarı, mavi və bənövşəyi daxildir ki, bu da gözəl bir vizual səhnə yaradır. Göy qurşağını insanlar hər zaman xüsusi şadyanalıqla, sevinclə, böyük maraqla qarşılayıblar. Gözə aydınlıq, zehnə dinclik gətirən bu təbiət hadisəsinin “Daşqın” romanının sonunda yoxa çıxması, gözə dəyməməsi görkəmli yazıçı Sultan Rayevin planetimizi gözləyən “sonun!” nə qədər yaxında olduğuna işarəsidir.
Yazıçı Sultan Rayev milli adət və ənənələri, atalar-sözlərini, dünya ədəbiyyatını, qədim rəvayətləri, kainat hadisələrini, planetimizdə baş verən təbii prosesləri mükəmməl bildiyi üçün bütün əsər boyu hadisə və dialoqlar arasında mükəmməl bağlantılar qura bilmişdir. Bütün bu amillər, yazıçının rəvan dili və ədəbi üslubları romanı oxunaqlı etməklə yanaşı, oxucu cəlbediciliyini təmin edir, ibrətlik dərs verir.
Daşqın ad, proses, bəla və fəlakət olaraq dünyəvidir. Heç bir halda ona fərdi məsələ kimi yanaşıla bilməz. Müəllif romandakı Kxe, Man, Exit və Duna adları ilə bu dünyəviliyi daha da möhkəmləndirir. Obrazların xarakteri və onların hər birinin hadisə və proseslərə yanaşma tərzi bu dünyəvəliyin qorunması cəhdlərinə durmadan güc verir. Bütün bu cəhətlər Sultan Akimov oğlu Rayevin qələmə aldığı “Daşqın” romanının dünya ədəbiyyatı üçün böyük bir qənimət olduğunu təsdiqləyir. Əsərdəki milli çalar yazarın soy kökünün türk olmasıdır.
Əvvəldə qeyd etdiyimiz kimi artıq digər əsərləri ilə də oxucuların görüşünə gələn görkəmli qırğız yazıçısının Azərbaycan türkcəsində nəşr olunan növbəti əsəri “Dəlixana” romanıdır. Müəllifin bu romanında yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər. Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpaqların axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar… Bəşər övladının ruhu da, əzabı da əbədidir. Cisim ölsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.
Böyük məmnuniyyətlə məqaləni Akademik İsa Həbibəylinin böyük yazıçının əsərləri barədə fikirləri ilə tamamlamaq istərdim: “Sultan Rayevin Azərbaycan dilində nəşr edilmiş “Dəlixana” və “Daşqın” romanları tam mənası ilə mükəmməl magik realist əsərlərdir. “Dəlixana” romanında şəxsiyyət və zaman problemi daha çox yunan mifologiyası ilə müasir dövrün ideyalarının üzvi sintezi vasitəsilə ifadə olunmuşdur… “Daşqın” romanında da mifologiya motiv (dünya) və müasir və zaman problemi öz əksini tapmışdır. Lakin “Dəlixana”dan fərqli olaraq “Daşqın” romanı yunan mifologiyası əsasında deyil, dünya tufanı kimi ümumdünya mifoloji motivləri işığında yazılmış orijinal bədii əsərdir.”
Birbaşa mətləbə keçirəm. Məqsədim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi, türk dünyasının ədəbi yaradıcı korifeylərindən Sultan Rayevin bədii yaradıcılığı barədə fikir və düşüncələrimi sayğıdəyər oxucularla bölüşməkdir. Əvvəlcə yazıçının yüksək insani keyfiyyətləri barədə bir neçə kəlmə: o, müdrik, səmimi, həssas və sədaqətlidir! Zənnimcə təkcə bu dörd yüksək keyfiyyətin üstünə onun zirvələri fəth edən yaradıcılıq istedadını da əlavə etməklə deyə bilərik ki, Sultan Rayev müasir dövrümüzdə bütün keyfiyyət göstəriciləri ilə türk dünyasının böyük mədəniyyət xadimləri sırasında öncüllərdəndir. Qeyd edək ki, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev dünya ədəbiyyatının inkişafına verdiyi töhfəyə görə Dünya Yazıçılar Təşkilatının (WOW) qızıl medalı ilə təltif olunub. Dünya Yazıçılar Təşkilatı (World Organization of Writers, WOW) ədəbi əməkdaşlığın inkişafı və mənəvi-dəyərlər sisteminin təbliği məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilat 2 fevral 2023-cü ildə Misirdə keçirilən VI Avrasiya Ədəbiyyat Festivalı – “LİffT” çərçivəsində təsis olunub. WOW-un qərargahı Moskvada yerləşir. Təşkilatın prezidenti şairə Marqarita Alıdır. Türkiyə Yazarlar Birliyi (TYB) tərəfindən böyük yazıçıya verilən Türk Dünyası Ədəbiyyat Mükafatı Sultan Rayevin son illər layiq görüldüyü ali mükafatlardandır.
Qırğız Respublikasının d?vl?t xadimi Sultan Akimov oğlu Rayevin şəxsiyyəti, Azərbaycan da daxil olmaqla, bütün türk dünyasına yaxşı tanışdır. Onun “Daşqın” romanı insanın mənəvi aləmini, varoluşun mahiyyətini, dünya və insan münasibətlərini təhlil etdən metafizik əsərdir. Yazıçı bəşər tarixinin keçmişini və gələcəyini sintez edir. Lakin təəssüf ki, hələlik onun yaradıcılıq nümunələri Azərbaycanda geniş oxucu kütləsini əhatə etmir.
Əvvəlcə görkəmli yazıçının “Daşqın” romanı barədə bir neçə söz deyək: Murat Auezova ithaf olunan bu əsər “Nuhun tufanı yeni dövrdə baş versə, nələr olar?” sualına cavab axtarır. Yazıçı böyük ədəbi istedad sərgiləyərək əsərdə Nuhun tufanının, əslində müasir zamanda baş verdiyini göstərməyə nail olub və bukünkü dünya fəlakətinin səbəblərini izah edib. Belə ki, hazırda insanlar suya deyil, internetə qərq olub boğulurlar. Texnologiyaların sürətli inkişafı bütövlükdə insan cəmiyyətini əsir edib. İnsan övladının Nuh dövründəki günahları müasir dövrdə yeni bir formada baş versə də, romanda hər iki dövrdəki günahların mahiyyəti eyni göstərilir.
Roman barədə düşüncələrimizi geniş şəkildə təqdim etməzdən əvvəl “Kimdir Murat Auezov?” sualı ətrafında yazıçının sənət, mədəniyyət və nəhayət türksevərliyinin mahiyyətini ortaya qoya bilirik.
Qeyd edim ki, bir il əvvəl (2024, iyun) Almatıda Muxtar Auezov adına Qazax Milli Dram Teatrında Murat Auezovlə vida mərasimi təşkil olunmuşdu.
Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, ölkənin parlamentariləri, görkəmli şəxsiyyətləri, ziyalıları və Auezovun qohumlarının iştirakı ilə keçirilən mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev deyib: “Murat Auezov Qazax mədəniyyətinə, Qazax sivilizasiyasına və Türk Dünyasının mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş bir insandır. O, bütün həyatı boyu Türk Dünyası xalqlarının birliyinə və mədəni inteqrasiyasına, Türk Dünyasının qardaşlığı və dostluğuna mühüm töhfələr verib.” Filologiya elmlər üzrə fəlsəfə doktoru Murat Auezov səmərəli fəaliyyətinə görə müxtəlif orden və medallarla təltif olunub, geniş ictimaiyyətin rəğbətini qazanıb, Türk Xalqları tərəfindən sevilib. Əminliklə deyə bilərəm ki, “Daşqın” Murat Auezova ithaf olunduğu kimi onun həmişəyaşar adı da bu romanın əbədiyyətə qədər sevilməsinə öz töhfəsini verəcəkdir.
Məqaləmizin girişi romanın ithaf olunduğu şəxsiyyətin ucalığı barədə aydın təsəvvür yaradır ki, bu da “Daşqın” barədə ilk təəssürat deməkdir. Yazıçı Sultan Rayev Murat Auezovin adına, şəxsiyyətinə və misilsiz xidmətlərinə ehtiva olunan məhz belə bir möhtəşəm əsər yarada bilərdi ki, bunu da böyük ədəbi ustalıqla edə bilib.
Romanın əvvəlindən bir parça: “Gecə səmanı bəzəyən saysız-hesabsız ulduzlar sayrışaraq bir anın içindəcə parlayıb dərhal da sönür, nazik iynə kimi yerə düşür. Kosmik fəzada dəyirman daşı kimi hərlənən Yer kürəsi insan kəlləsini xatırladır, sanki bu kəllənin dərisini soyublar, üstündə də heç nə qalmayıb… Yer kürəsi də kəllə kimi hərlənir, fırlanır, öz beyin rişələrini açır, o, sıxılmış yumruğu, kainat boyda kiçicik xalı xatırladır – Nəhəng Kosmosdakı digər saysız-hesabsız dünyaların arasında Yer kürəsi balaca bir nöqtəyə çevrildi…” Yazıçı bu hissədə böyük ədəbi məharətlə göstərə bilir ki, texnologiyaların sürətli inkişafı insan mahiyyətini də sürətlə adiləşdirir. Bəli, əgər Yer kürəsi dərisi soyulmuş kəlləyə bənzəyir və çox-çox uzaqlardan balaca bir nöqtə kimi görünürsə, deməli onun bənzəri olan kəllə ardıq düşünən bir beyin halından çıxır və öz mahiyyətini qorumaqda, insan övladını və cəmiyyəti normal idarə etməkdə acizdir.
“Daşqın” dünya romançılıq tarixinə bir sıra yeniliklər gətirib. Bu fikrimizi əsaslandırmaq üçün əvvəlcə professor Salidə Şərifovanın romançılıq tarixi və onun inkişafına dair fikir və düşüncələrini ehtiva edən yığcam bir məlumata müraciət edək: “Yaxın Şərqdə roman janrı Avropaya nisbətən xeyli gec meydana çıxdı. Ərəbistanda oyanış və intibah dövründə Cürcü Zeydanın İslam dininin tarixi ilə bağlı silsilə romanları yaranmışdı. Çində, Hindistanda, Türkiyədə və başqa ölkələrdə də romanın yaranması kapitalizmin, burjuaziyanın gəlişi, milli oyanışı, özünüdərk və mübarizələr dövrünə düşürdü. Bu ölkələrdə roman artıq XIX əsrdə göründü. Azərbaycanda da roman məhz XIX əsrdə yarandı. M.F. Axundzadənin “Hekayəti-Yusif şah” (“Aldanmış kəvakib”), “Kəmalüddövlə məktubları”, M.Ə. Talıbovun “Kitab yüklü eşşək”, “Əhmədin kitabı”, Z. Marağalının “İbrahimbəyin səyahətnaməsi”, N.Nərimanovun “Bahadır və Sona”, S.M. Qənizadənin “Məktubati-Şeyda bəy Şirvani” məhz Azərbaycan və fars dillərində yaranan ilk romanlarımız və romantipli əsərlərimizdəndir.”
Türk dünyasının nəsr yaradıcılığında keçdiyi inkişaf yolu və buna mane olan cəhətlər birbaşa siyasi səbəblərdən qaynaqlanıb. Bütün bu siyasi qadağalara, amansız senzura tətbiqlərinə baxmayaraq nəsrimiz dünya ədəbiyyatı ilə ayaqlaşmaqdadır. Keçmiş SSRİ-nin süqutu bu prosesi daha da sürətləndirib. Görkəmli Qırğız yazıçısı Sultan Rayevin qələmə aldığı roman dini, mifik və estetik-fəlsəfi səviyyəsi ilə zirvələri fəth edir. Bəli, görkəmli tarixi şəxsiyyətlərimizdən – Yusif Has Hacib, Nizami Gəncəvi, Əlişir Nəvai, Abay Kunanbayev, Hüseyn Cavid, Toktoğul Satılğanov, Oljas Süleymenov, Murat Auezov və digərləri öz dövrlərində türk dünyasının ortaq mədəniyyətinin inkişafı üçün nələr etməyi bacarıblarsa, Sultan Rayev də öz dövründə uyğun yaradıcılıq yolunun davamlı olmasına töhfə verməyi bacarıb. Fərq ondan ibarətdir ki, Sultan Rayev müstəqil Qırğız Respublikasının vətəndaşıdır, Türk dünyasının mədəniyyət diplomatiyasını məharətlə həyata keçirən TÜRSKOY-un Baş katibidir. Onun hazırkı yaradıcılığı türk dünyasının sürətli inteqrasiya dövrünə təsadüf edir ki, məhz bu amil yazıçıya öz istedadını və potensialını yetərincə sərf etmək imkanları verir. Sultan Rayevin timsalında deyə bilərik ki, keçmiş sovetlər birliyinin amansız tətbiqləri, digər sahələrdə olduğu kimi, bədii ədəbiyyatımızın inkişafına da amansız zərbələr vurub. Əks halda, 70 illik zaman kəsiyində tamam başqa nailiyyətlərə sahib ola bilərdik.
“Daşqın” görkəmli yazıçının Azərbaycan oxucusu ilə öz ana dilində ilk ünsiyyətidir. Yaxşı ki, bunun davamı var və bizə doğru hərəkətdədir (məqalənin sonunda bu barədə bəhsimiz olacaq). Dünya romançılıq salnaməsinin hazırkı vəziyyəti haradadırsa, Sultan Rayev müdrik baxışlarının nəsrə tətbiqi ilə ondan daha da irəlidədir.
…Romanda oxuyuruq: “Dünya Daşqınından əvvəl – çox qədim zamanlarda Yaradan, Nuha etimad göstərərək onu böyük bir sınağa çəkdi – Nuh təkcə insan nəslini deyil, Yer üzündəki bütün məxluqları xilas etməliydi. Və indinin özündə bir nəfər də bilmir ki, bu kiçik ailə Böyük Fəlakət zamanı necə xilas olub…
Qurunun bu kiçik hissəsində cəmi dörd nəfər bir-birinə qısılaraq sağ qala bildi. Bu, bir ailə idi – ata – Kxe, ana – Man, oğul – Etix və qız – Duna…” (səh19).
Varlığı Su, Torpaq, Od və Havadan yoğrulan insan övladı hər zaman bu dörd ünsürdən güc alıb. Bu mövzuya müraciət edən bütün alimlər və mütəfəkkirlər bu dörd ünsürü sıralayarkən ilk yerdə suyun adını yazıblar. Bəlkə də ona görədir ki, suyun özünün də tərkibi digər üç ünsürsüz təsəvvür edilmir. Yazıçı Sultan Rayev də bu ənənəyə sadiq qalaraq böyük fəlakəti yaradan dünya daşqınında dörd insanı – Kxe, Man, Exit və Dunanı bir-birinə sığınaraq xilas edir. Lakin o, Nuh dövründən fərli olaraq məntiqi mühakimə ilə Kxenin xilaskarlıq missiyasına Yer kürəsinin bütün canlılarını xilas etmək şansı vermir və bununla müasir insan cəmiyyətinin real yerinin hansı nöqtədə olduğunu göstərə bilir. Tutaq ki, Kxe, Man, Exit və Duna böyük daşqının fəlakətindən xilas ola bildilər, ətrafda başqa bir canlı yoxsa onsuz da qocalıq və süqut öz sözünü deyəcək və onlar məhvə məhkum olacaq.
TÜRKSOY bütün türk dünyasının ortaq mədəniyyət evidir
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dövlətləri başda olmaqla, bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY tarixi nailiyyətlərə imza atıb. Qarşıda isə bizi çətin və şərəfli vəzifələr gözləyir. Bursa şəhərinin 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olması və estafeti gələn ilə Şuşa şəhərinə verməsi nəhəng mədəniyyət layihələri üçün böyük imkanlar yaradır. Hesab edirəm ki, TÜRKSOY yeni-yeni layihələrə imza atmaqla bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev ifadə edib.
İndiyədək Şuşa şəhərinə iki dəfə səfər etdiyini bildirən, Şuşanı insanlar üçün mədəniyyət qaynağı kimi dəyərləndirən Baş katib əminliklə ifadə edib ki, bundan sonra da türk dövlətləri TÜRKSOY ətrafında daha sıx birləşərək, ortaq mədəniyyətlərinin dünyada tanıdılması istiqamətində birgə addımlar atacaqlar.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 1993-cü il iyulun 12-də Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstan mədəniyyət nazirlərinin Almatı şəhərində keçirilən təsis iclasında imzaladıqları saziş əsasında yaradılıb. Təşkilatın ali idarəetmə orqanı TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasıdır. TÜRKSOY-un mərkəzi qərargahı Ankara şəhərində yerləşir.
Qırğızııstanın xalq yazıçısı Sultan Rayev məşhur qırğız yazıçısı Çingiz Aytmatovun tələbəsi və ardıcılı sayılır, onun xeyir-duası ilə ədəbi mühitdə parlayıb.
Hazırda Türksoyun baş katibi olan Sultan Rayev iki dəfə – 2005-2010 və 2013-2014-cü illərdə Qırğızıstan Respublikasının mədəniyyət naziri vəzifəsində çalışıb, təkcə öz ölkəsində yox, bütövlükdə türk dünyasında nüfuzlu ictimai xadimdir.
Sultan Rayev 1958-ci il iyulun 13-də Qırğızıstan Respublikasının Oş vilayətinin Coş kəndində anadan olub. Qırğızıstan Milli Universitetini jurnalistika ixtisası üzrə bitirib. 1984-1989-cu illər — “Qırğızıstan mədəniyyəti” qəzetinin müxbiri, 1989-1991 — “Əsəba” qəzetinin baş redaktor müavini, 1991-2002 — “Qırğız ruhu” qəzetinin baş redaktoru olub.
1994-cü ildə i, Kanzas Universitetinin (ABŞ) jurnalistika və ictimai Kommunikasiyalar fakültəsində təcrübə keçib. 2002-2004 — Qırğızıstan Respublikasının təhsil və mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. S.Rayev 2002-2004-cü illərdə “Azadlıq” radiosunun siyasi şərhçisi olub.
2009-2010 — Qırğızıstan Respublikası Hökuməti yanında Mədəni İnkişaf üzrə Dövlət Agentliyinin rəhbəri.
20 may 2015-ci ildən bu günə qədər Qırğızıstan Respublikası baş nazirinin müşaviridir. 31 mart 2022-ci ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi seçilib.