
Yandırır məni
Kəlbəcər yaylağın salırsan yada,
Baxırsan Kəpəzə, o da uzaqda,
Üzündən bilinir, dərdlidir o da,
Vətəndə bu həsrət, yandırır məni.
* * *
Nə qədər yazsam da, yenə də azdır,
Min şükür Kəlbəcər artıq azaddır,
Torpağı sevməyən, bizlərə yaddır,
Vətəndə bu həsrət, yandırır məni.
* * *
Təxəllüsüm Zəka, seçildim hər dəm,
Olmuşam şeirə, qəzələ həmdəm,
Bitməyən bu həsrət, içimdəki qəm,
Vətəndə bu həsrət, yandırır məni.
Qaçmaq istəyir
Yenə də buludlar , tutulub göydə,
Süzülüb şırhaşır axmaq istəyir.
Görünmür səmada, xoşbəxt günəş də,
Bəlkə göy üzündən qaçmaq istəyir?!
* * *
Şimşək də susmayıb, hey vurur zərblə,
Külək də danışır tənəli səslə,
Sanki təbiət də düşüb mənimlə,
Dindirsən, əlimdən qaçmaq istəyir…
* * *
Zəkanın dərdi də, qəmi də bitməz,
Elə bir yerdəyəm, səs-səda yetməz,
Həmsöhbət olsa da, ömrü çox çəkməz,
Hamı bezib məndən, qaçmaq istəyir?
Mənim dünyam
Dərdi, qəmi artıq olub,
Aydın deyil mənim dünyam…
Sevgi, qayğı gül tək solub,
Sakit, səssiz mənim dünyam….
* * *
Tapmaz həkim, təbib çarə,
Fələk vurub mənə yarə,
Gəlib günüm yaman qarə,
Sakit, səssiz mənim dünyam…
* * *
Zəka durmaz, arar çözüm,
Fəqət yorğun, yoxdu dözüm,
Qaralıb, ta görmür gözüm,
Sakit, səssiz mənim dünyam…
Müəllif: Kənan ZƏKA
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru