NAMƏLUM QIZ – MEYXOŞ ABDULLAH

Meyxoş ABDULLAH – yazıçı.

NAMƏLUM QIZ                     

                                                             (hekayə)

                 … Murovda yerləşən  mövqeylərimiz ətrafında güclü döyüşlər gedirdi. Düşmən, qoşunlarımız tərəfindən alınan yüksəklikləri yenidən geri qaytarmaq üçün bütün güclərini səfərbər etmişdi.  Amma onların bu cəhdləri əbəs yerə idi. Çünki  biz  o yüksəkliklərdə, artıq möhkəmlənmişdik.

        Dağın ətəyi əliçi kimi  göründüyündən, biz düşmənin bütün hərəkətlərini izləyirdik. Onlar hər dəfə  hücuma keçməyə cəhd göstərsələr də, böyük itki verərək geri çəkilirdilər.

            Üçgünlük şiddətli döyüşlərdən sonra, bu gün səhərdən tam sakitlik hökm sürürdü.  Qüvvələrinin dükəndiyini hiss edən düşmən tərəfi, bu məğlubiyyətləri ilə barışaraq oranı tərk edib getmişdilər.

             Düşmənin məkrinə inanmasaq da, kəşfiyyatın verdiyi xəbərə görə, doğurdan da, səhərə yaxın onlar mövqeylərini tərk etmişdilər.

            Bir azca rahat nəfəs almaq üçün fürsət yaranmışdı. Əsgərlərə növbə ilə istirahət etməyə izn verdim. Çox deyildik, cəmi 13 döyüşçüdən ibarət bir bölük idik. Bölüyün komandiri mən idim.

            Neçə günün  yorğunluğu öz işini görmüşdü. Yerdə qalın qar təbəqəsinin olmasına baxmayaraq, uşaqlar uzanan kimi yuxu onları apardı. Göydən  lopa-lopa qar ələnirdi. Bizdən əvvəl burada olmuş düşmən əsgərləri, məğlub olduqlarını hiss etdiklərinə görə, mövqeylərini tərk edən zaman,  bütün istehkamları dağıtmışdılar. Biz qayaların böyür-başında özümüzə sığnacaq tapmağa məcbur olmuşduq.

            Üç əsgər bizdən bir qədər aralı, ayrı-ayrı yerlərdə keşik çəkirdilər. Qalan əsgərlər isə yatmışdılar. Mənim isə gözlərimə yuxu getmirdi. Elə bil dünyanın yuxusunu almışdım. Yorğunluqdan göz qapaqlarımdan, sanki ağır bir əşyanın asıldığını hiss etsəm də, yuxum  ərşə çəkilmişdi, yata bilmirdim.

            Gecə olmasına baxmayaraq, yağan ağappaq qarın işığında  ətraf  apaydınca görünürdü.  Qar yağdıqca hava yavaş-yavaş soyuyudu. Əvvəlcə, ayaqlarımın, sonra da bədənimin üşüdüyünü hiss etdim. Çəkmələrimin içinə qarın dolduğunu bilirdim. Dabanlarımın və ayaq baş barmaqlarımın ətraflarının göynəməsindən hiss edirdim ki, ayaqlarıma doladığım dolaqlar islanmış və uzunmüddətdən bəri dəyişilmədiyindən, artıq, onlar yararsız hala düşmüşdü.             

           Sakitliyi fürsət bilib çantamı açdım və bir həftə bundan qabaq, hələ əvvəlki mövqeylərimizdə olarkən, bizə arxa cəbhədən göndərilmiş  hədiyyələrdən  mənə də pay düşən əşyalara bir də nəzər saldım.

            O paylardan biri kitab idi. Birinci Qarabağ müharibəsində  əsir düşmüş və  üç il düşmən əsirliyində olmazın işgəncələri ilə üzləşmiş  gənc bir qadının həyatından bəhs edən bir kitab.

            Kitabı yarıya qədər oxumuşdum, çox dəhşətli mənzərələrlə rastlşmışdım. Heyf ki, onu tamamlamağa düşmən hücumu imkan vermədiyi üçün, kitabı çantama qoyub saxlamışdım. Ürəyimdən keçdi ki, onsuz da yuxum gəlmir, götürüm o kitabı oxuyum. Amma göydən yağan qar, həm də gecənin qaranlıq olması  bunu mümükünsüz edirdi.

            Kitabı oxumaq fikrindən vaz keşdim. Fikirləşdim ki, sabah açılar, əgər düşmən imkan versə onu oxuyub başa çatdıraram.

            İkinci hədiyyə  isə, bir cüt toxunma yun corab idi. Üşüyən olduğum üçün, göndərilən hədiyyələr içərisində yun corabları o dəqiqə qapançalamışdım. Dağın kəlləsində soyuğun tüğyan etdiyi bir vaxtda  bu corablar mənə, elə bil, göydəndüşmə olmuşdu.

             Ayaqlarım üşüdüyünə görə corabları geyinmək  keçdi ağlımdan. Bu corabların eynisini, vaxtı ilə uşaq olanda babamın ayaqlarında görmüşdüm. Qış vaxtları babam bu corablardan geyinərdi.

            Corabları çantamdan çıxartdım. Xoş bir iy burnumu qıcıqlandırdı. Elə bil yaxınlıqda yasəmən ağacı bitmişdi. Onun çiçəklərinin ətri anidən burnuma toxunurmuş  kimi özümü hiss etdim.

             Çəkmələri ayağımdan çıxartdım. Bayaqkı xoş  iyin əksinə olaraq ayaqlarımdam elə  pis qoxu gəldi ki, az qaldı ürəyim bulansın. Bir həftəyə yaxın olardı ki, əsgər çəkmələri ayağımdan çıxmırdı. Ayaqlarıma doladığım dolaqlar, sanki çəkmələrin içində çürümüşdü.

            Yalın ayaqlarımı qarla yaxşıca ovuşdurdum ki, heç olmasa bu zəhlətökən iy bir azca çəkilib getsin. Sonra islanmış ayaqlarımı şalvarımın balaqlarına sürtüb quruladım.

        Corabın bir  tayını ayağıma geyinəndə ətim  ürpəşdi. Yun corab o qədər yumuşaq və isti idi ki, adamım ürəyi qıdıqlanırdı.

            Corabın ikinci tayını cantamdan çıxarıb geyinmək istəyəndə, bir kağız parçasının ayağıma toxunduğunu hiss etdim. Əlimi salıb o kağız parçasını çıxartdım. Kağız iki-üç yerə qatlanmışdı. Belə şeylərlə tanış idik. Adətən, hədiyyəni göndərən şəxslər məktub yazıb  onu göndərdikləri əşyaların içinə qoyurdular.

             Maraq mənə güc gəldi. Kağız parçasını açdım.  Bir neçə sətirlik söz yazılmışdı. Kağızı gözlərimin qarşısına tutsam da, orada yazılanları oxumaqda çətinlik çəkdim. Həm, gecə olduğuna görə, həm də, yağan qarın təsirindən bu mümkünsüz idi.

           Çox nigaran qaldım. Fikirləşdim ki, görəsən bu corabları göndərən kimdir və  o  burada  nə yazıbdır?  Adətən belə hədiyyələri gənc qızlar göndərdiyinə görə məktubu oxumağa marağım bir az da  artmışdı.

            Ayağımın üşüdüyünü hiss etdim. Sən demə, bayaqdan ayağımın biri qarın üstündə qaldığından, artıq, qırov bağlamışdı. Tez əlimdəki corabın o bir tayını da ayağıma keçirtdim. Sonra çəkmələrimi geyindim. Canım elə rahatlaşdı ki…

            Məktubu gödəkçəmin cibinə qoydum ki, səhər oxuyaram.

            Ayağa qalxıb keşikdə duran əsgərləri yoxladım. Onlardan biri ayaqüstəcə avtomatına söykənərək yatmışdı. Ehmalca onu oyatdım və gedib bir az istirahət etməsini tapşırdım. Özüm isə qayaların arasında var-gəl etməyə başladım.

             Səhər artıq açılmışdı. Düşmənlər toplardan  mövqeylərimizə atəş açırdılar.  Pərakəndə şəkildə atılan toplar dərələrin boşluğuna düşərək güclü əks-sədə qoparırdı. Murov kimi əhəmiyyətli bir yüksəkliyin yenidən əlimizə keçməsi düşmənin belini qırmışdı.     Quduz itlər kimi zəncirlərini gəmirirdilər. Hara gəldi toplardan atəş açır, bizə güclərini göstərməyə çalışırdılar. Günortaya yaxın top səsləri kəsildi. Yeni qüvvə gələnə kimi bizə oranı tərk etməmək əmri verilmişdi. Ona görə də, mövqeylərimizdə möhkəm dayanmışdıq.

             Yadıma corabın içindən çıxatdığım kağız düşdü. Tez əlimi cibimə salıb, kağız parçasını çıxartdım və oxumağa başladım. Orada yazılmışdı: – “Əziz döyüşçü, bu corabları sənin üçün öz əllərimlə toxumuşam. Kim olduğunu bilmirəm. Bircə, onu bilirəm ki, sən vətən oğlusan, igid döyüşçüsən. Mən səni canımdan artıq sevirəm. Məni qoru, mən sənin namusunam!.. İmza Şəfəq… 19.10.2020-ci il”

            Bu sözlər ildırım kimi beynimdə çaxaraq əks-səda doğurdu. Əllərim titrədi. Dərindən köks ötürdüm. Bu qız kim isə,  bu sözləriylə  insanın, elə bil, qeyrət damarını tutmuşdu. “Məni qoru, mən sənin namusunam…”

          Yazını bir neçə dəfə oxudum. Hər oxuyanda da, içmdə düşmənə qarşı qəzəb, nifrət hissi oyanırdı.

            Kağızın lap qırağında xırda rəqəmlərlə yazılmış bir telefon nömrəsi də vardı. “05526580…”

        Tərslikdən kağızın qırağı qarda  islandığına görə, telefon nömrəsinin axırıncı iki rəqəmi pozulmuşdu. Kağızı əlimdə nə qədər o yan-bu yana çevirsəm də, xeyiri olmadı,  rəqəmləri oxumaq qeyri-mümkün idi. – Nə pis oldu! – düşündüm. Əgər, bu iki rəqəm silinməsəydi, bəlkə də, corabları toxuyan o qızı axtarıb tapardım. Çox qəribə və gülməli idi,  həmin anda ürəyimdən keçdi ki, deyəsən, mən o qıza vurulmuşam…  Ağlımdan keçən bu səfeh  fikrə görə özümü qınadım: – Ay səfeh, hardan bilirsən ki, bu müharibədən sağ çıxacaqsan?

            Telefon nömrəsinin silinməsi məni nə qədər narahat etsə də, ayaqlarımın belə bir soyuqda isti qalması, bir o qədər məni sevindirirdi.

               Kağızı ehmalca qatlayıb boynumdan asdığım boş gilizin içinə yerləşdirdim ki, it-bata düşməsin. – Əgər bu müharibədən sağ çıxsam o qızı mütləq axtarıb tapacağam! – dedim.

            Ayaqlarım sanki  odun peçinin altına qoyulmuş kimi imistiydi.

            Səhəri gün gecə vaxtı düşmən mövqeylərimizi yenə də güclü top atəşinə tutdu. Bu dəfə əclaflar yaman bic tərpənmişdilər, uzaqvuran toplardan atırdılar. Qayalar, daşlar  top atəşindən parçalanıb  başımıza ələnirdi.

          Komandanlıq  bizə mövqeylərimizi tərk etməmək, yerimizdə möhkəm dayanmaq əmri vermişdi. Duruş gətirmək çox çətin idi. Artıq, dörd əsgərimi itirmişdim.Vəziyyət olduqca gərginləşirdi. Bizi arxayın edirdilər ki, tezliklə düşmən topları susdurulacaqdır. Amma vaxt uzandıqca, təhlükə bir az da artırdı. Elə bu vaxt yaxınlığıma düşən top mərmisi məni havaya uçurtdu… Ondan sonra nə baş verdiyini  bilmədim.

          Ayılanda özümü çarpayıda hiss etdim. Yan-yörəmdə qarışıq səslər gəlirdi. Onların nə dediklərini başa düşə bilmirdim. Hər tərəf qapqaranlıq, zülmət içərisindəydi. – Mən haradayam, görəsən?! – deyə düşünürdüm.

 Allaha yalvarırdım ki, bircə əsir düşməyim. Ölmək, əsir düşməkdən sərfəliydi mənə. Ağlım yerindəydi.  Olub- keçənləri yaxşı xatırlayırdım. Hətta, yaxınlığımıza düşən topun gurultusu da qulaqlarımdan getməmişdi. Elə bil, başımın içində  paravoz dayanmadan fit çalırdı. Sanki dünyanın səs-küyünü başımın içinə doldurmuşdular.

             Bacardıqca danışıq səslərini dinləməyə çalışırdım. Deyəsən, özümüzünkülər idi. Kimsə mənim sağ qalıb, qalmamağımla maraqlanırdı. Kişi səsiydi, yanındakına göstəriş verirdi.

           Əsir düşmədiyim üçün çox sevindim. – Bəs, onları niyə görmürəm?  Yoxsa, top mərmisi məni bütünlüklə parça-parça etmişdir? – düşündüm.    

             Əllərimi qaldırmaq istədim. Qollarım möhkəmcə çarpayıya bağlandığı üçün, bu mümkün olmadı. Amma hiss etdim ki, əllərim yerindədir. Çünki, əl barmaqlarımı asanlıqla tərpədə bilirdim. Ayaqlarımdan qorxdum. Nədənsə, ürəyimə gəldi ki, ayaqlarımdan biri kəsilibdir, bəlkə də hər ikisi. Bərk qorxdum. – Aman tanrım, mənə kömək et! – deyə pıçıldadım.

           Bir müddət ürək edib ayaqlarımı tərpədə bilmədim. Bir az keçəndən sonra özümdə cəsarət tapıb, əvvəlcə sağ ayağımı, sonra da sol ayağımı tərpətdim. Hər ikisi yerində idi, özü də sapsağlam.

            Gözlərimimi açmaq istədim. Göz qapaqlarım dartılsa da, heç bir yeri görmürdüm. Sanki hər tərəf zülmət qaranlığa bürünmüşdü. Bir neçə dəfə gözlərimi qırpdım. Gözlərim möhkəmcə ağrıyırdı. Canımı dəhşət bürüdü, olmaya gözlərim kor olmuşdur? Bərkdən qışqırdım: – Burada kim var?! – Mən haradayam?!

            Elə bu vaxt qoluma bir əl toxundu.

            – Narahat olmayın, komandir. Siz qospitaldasınız. Yaralanmısınız! – deyə bir qız dilləndi.

            – Əsgərlərim hardadır?!

            -Bilmirəm. Sizi bura tək gətiriblər.

            – Hansı qospitaldayam?!

            – Cənubdasınız!

            – Harda?!

            – Cənubda!

            Qızın ikinci dəfə məni anlatmasından başa düşdüm ki, qospitalın yeri məxvi saxlanılır.

    – Siz kimsiniz?

    – Tibb bacısıyam.

    – Bəs, həkim hardadır?

     – Elə bu dəqiqə çıxdı. Qospitala ağır yaralı gətiriblər.

      – Mənə  nə olub?!

– Hər şey qaydasındadır. Narahat olmayın, komandir.

– Mən çox narahatam. Gözlərimə nə olub?! – deyə bağırdım.

               – Qəlpə sifətinizi parçalayıb. Amma yaxşı qurtarmısınız. Siz görəcəksiniz! – deyə, qız bu sözləri deyən zaman onun səsi titrədi. Onun kövrəlməsi mənim şübhələrimi artırdı.

– Bəs, niyə ağlayırsınız?! – soruşdum.

            – Sevinirəm ki, siz salamatsınız. Bilirsiniz, gecədən bəri nə qədər əsgərlərimiz həlak olub. Hələ də gətirirlər… Lənətə gəlsin bu müharibəni!.. – deyə qız hıçqırdı.

            Ani olaraq beynimdən bir fikir keçdi, niyə görə bu qədər itkinin içində bu qız mənim sağ qalmağıma sevinir? Bir şey başa düşə bilmədim. Amma necə olsa bu xeyirxahlığın əvəzində ona nə isə təsəlliverici bir söz deməliydim, axı.

            – Darıxmayın! – dedim, – düşmənin artıq son nəfəsidir. Qələbə çox yaxındadır.

            Qız  sevincindən içini çəkərək:

           – Düzmü deyirsiniz?!

            – Əlbəttə!.. Mən komandirəm! Dediyim sözün məsuliyyətini dərk edirəm. Qələbə çox yaxındadır, inanın mənə.

            – Təki, siz deyən olsun! – deyə qız, uşaq kimi sevindi.

            – Mənim gözlərimi nə vaxt açacaqsınız? – soruşdum.

            –  Hələ tezdir, komandir! – deyə qız cavab verdi.

            – Mən döyüşə, əsgərlərimin yanına qayıtmaq istəyirəm.

            – Narahat olmayın, tezliklə sağalıb qayıdacaqsınız.

            – Mənim şəxsi əşyalarım haradadır?

            – Hamısı məndədir. Cib dəsmalınızdan tutmuş, talismanınıza qədər. Gözlərinizin sarğısını açandan sonra onların hamısını sizə təhvil verəcəyəm, narahat olmayın, – deyə qız məni arxayın etdi.

            – Talisman nədir? – soruşdum

            – Boyununuzdan asdığınız boş patron gilizini deyirəm. Axı, döyüşçülərin talismanı o boş giliz olur.

            – Yox, o talisman deyil. Sadəcə olaraq biz ora ünvanımızı və yaxınlarımızdan birinin telefon nömrəsi yazılmış kağız qoyuruq ki, həlak olanda kimliyimiz məlum olsun, – dedim. Birdən yadıma yun çorablarım düşdü.

            – Yaxşı, bəs, ayaqlarımda yun corablarım vardı. Onlar hardadır?

            Qız gülümsədi:

            – Narahat olmayın, onlar da məndədir. Çatdıracağam sizə.

            – O corablar  qəttəzə idi, elə həmin axşam geyinmişdim. – dedim

            Tibb bacısı gülərək:

            – Sağlığınıza qismət olsun, qəşəng çorablardır. Sağalarsınız yenidə o corabları geyərsiniz.

            Səhəri gün sübh tezdən məni əməliyyat edən həkim gəlmişdi. Əhvalımı soruşdu.

            – Yaxşıyam! – dedim.

               O da əlimi möhkəmcə sıxıb: – Cəsur oğlansan! – dedi.

            Qospitalda on günə yaxın idi ki, yatırdım. Gözlərim bərk ağrıyırdı, həm də möhkəmcə qaşınırdı. Tibb bacısından soruşanda, bildirdi ki, yara sağalmağa doğru gedir, ona görə belə olur.               

           O elə arxayın tərzdə deyirdi ki, gözlərimin sağalacağına qəti şübhəm qalmamışdı. Amma necə olsa, kor olmaqdan bərk qorxurdum.

            Axşamlar çox əziyyət çəkirdim. Gecələr çox uzun gəlirdi mənə. Gözlərim sarğılı olduğu üçün  heç nəyi görə bilmirdim. Hər şeyi yalnız hiss edirdim.

            Gecələr yanımda o qız, gənc tibb bacısı qalırdı. Gündüzlər isə yaşlı bir qadın.  Yaşlı qadın bütün günü ağlayırdı. Deyəsən, onun oğlu da cəbhədə idi. Mənə oğlum deyirdi. Hər gün evdə bişirdiyi yeməklərdən gətirirdi mənə. Xahiş edirdim ki, zəiyyət çəkməsin. Amma razı olmurdu. Deyirdi ki, elə bil doğma oğlumun qulluğunu tuturam, bu mənə rahatlıq gətirir, söyləyirdi.

          Gecələr isə səhərə qədər o gənc qız, tibb bcısı qalırdı yanımda. Üzünü görməmişdim, amma səsindən hiss edirdim ki, gözəl və mehriban qızdır. Stul çəkib, səhərə qədər çarpayımın yanımda otururdu. Boyun-boğazımın tərini silər, yeməyimi yedirərdi. Həm də, gözlərimin sarğısı qurumasın deyə dərmanla isladardı.

            Onun əllərinin təravətini hiss edirdim. Gözlərimin sarğısını dəyişəndə isti nəfəsi üzümə dəyirdi. Ondan xoş bir ətir iyi gəlirdi. Bu iyi nə vaxtsa bu yaxınlarda duymuşdum, elə bil. Harda, nə vaxt, xatırlaya bilmirdim. Yaralanandan sonra, elə bil, bir azca yaddaşım da korşalmışdı.

          Gecə səhərə qədər yanımda qaldığına görə çox yorgun olurdu. Bəzən özü də hiss etmədən yuxu onu aparar və başını mənim yastığıma söykəyərək yatardı. Belə vaxtlarda onun sifəti üzümə toxunardı. Elə bil yaxınlıqda yasəmən ağacı bitmişdi. Onun çiçəklərinin ətri anidən burnuma toxunurmuş  kimi özümü hiss edirdim. Qəribə idi, axı bu xoş iy mənə tanış gəlirdi.

            Elə arzulayırdım ki, gözlərimin sarğısı tez açılsın, bu qızı görə bilim. Hətta, onun necə bir qız olduğunu da təsəvvür edirdim. Ağ xaltda, orta boylu, qara saçlı, ağbənizli  bir qız kimi. Bilmirəm, niyə görə onu bu görkəmdə təsəvvür edirdim. Adam bir şeyi görməyəndə ağlına gələni təsəvvür edir, axı.

             Əllərimi çarpayıdan  açmışdılar. Sərbəst hərəkət edir, hətta, durub-otura da bilirdim. Qız mənim qolumdan tutaraq, otaq boyu gəzdirirdi. Əlimdən tutanda hiss edirdim ki, uzun əlləri var. Təsəvvür etdiyim boyu da mən deyən deyildi. Axşamlar yanımda oturanda köks ötürüb ağladığını hiss edirdim. Bir dəfə gecə vaxtı yanağıma isti bir şeyin toxunduğunu hiss edib, yuxudan ayıldım. Əlimi üzümə sürtdüm, əlimə nəm dəydi. Gözlərim bağlı olduğu üçün ətrafda heç kəsi görmürdüm. Əllərimi havada sağa, sola gəzdirdim. Birdən, əlim onun saçlarına toxundu.

            – Sənsən?! – deyə soruşdum

            – Hə, mənəm!

      Bu, bir neçə günü mənim qulluğumu tutan, əziyyətimi çəkən qızın adıyla da maraqlanmamışdım. Odur ki, soruşdum:

            – Adın nədir?

            – Şəfəq!..

            – Şəfəq?!.. Gözəl addır.

            – Gözəl gününüz olsun – dedi.

            – Şəfəq xanım, yəqin ki, mənim gözlərimin sarğısı tezliklə  açılar, elə deyilmi?!

            – Əlbəttə… Sol gözünüzün sarğısı sabah açılacaqdır, həkim belə dedi. Amma sağ gözünüzdə zədə dərindir. Hələ bir müddət gözləməli olacağıq.

            Səhəri gün sol gözümün sarğısı açılanda, ilk gördüyüm tavandakı işiq seli oldu. Parıltılı, gözqamaşdırıcı idi bu işıq seli… Sonra yanımda dayanan həkimi və tibb bacısını gördüm. Həkim orta yaşlarında kök bir kişi, qadın isə yaşlı idi.

            Həkim barmağını mənim gözlərimin önündə tutaraq:

            – Hə, igid döyüşçü, görürürkmü?! – soruşdu.

            – Hə, görürüəm!.. – deyə sevinclə dilləndim.

            – Bax, belə. Doğurdan da, cəsur oğlansan. O biri gözün də görəcək, amma bir qədər zəif. Nə etmək olar, doğrusu, ümidimiz yox idi. Çünki qəlpə çox dərindən keçmişdi. Buna da şükür, – deyə o zarafatla baş barmağıyla böyürümə toxundu.

            Bir azdan həkim getdi. Yaşlı qadın hələ də ağlayırdı. O, əllərini göyə açıb mənə və cəbhədə döyüşən oğlu üçün dua edirdi.

            Axşamüstü idi. Bərk nigaran idim. Bu dəmlərdə növbə dəyişilməli idi, o gənc qızın növbəsi başlayacaqdı. Otaqda tək idim. Yaşlı qadın otağı tərk edib getmişdi. Yatağımda uzanıb böyük həyəcan içində onu gözləyirdim. Bir azdan otağın qapısı açıldı. Əynində ağ xalat olan ucaboylu bir qız otağa daxil olaraq, mənim çarpayıma tərəf gəldi. Onun boyu çox uca idi, lap yadplanetdən gəlmişlər kimi. – Bu odurmu? – düşündüm.

            Qız mənə yaxınlaşıb, diqqətlə üzümə baxdı. Mən də tək gözümü onun iri gözlərinin içinə dikərək heyranlıqla ona baxırdım.

            O gülümsəyirdi. Mənim də dodaqlarım qaçdı. Birdən qız bərkdən qışqırdı:

            – Sən məni görürsən?!

            – Əlbəttə, görürəm!

            – Mən necəyəm?

           Bir anlıq çaşıb qaldım. Öz-özümə fikirləşdim ki, əgər ona sən gözəl qızsan desəm, yəqin ki, onu inandıra bilməyəcəyəm. Çünki adam öz xilaskarı olan bir qıza yaxşı sözdən başqa nə deyə bilərdi? Odur ki, ona ağlımdan keçəni dedim:

            – Sənin çox uca boyun var!

            Qız sevincindən özünü çarpayımın üstünə atıb, məni qucaqladı və:

            – Hə, sən görürsən… Demək, sən məni görürsən? O içini çəkərək hönkürtüylə ağlamağa başladı.

            Mən də özümü unudaraq onu bərk-bərk qucaqlamışdım.     Qız çox sevincli idi. Bir yerdə qərar tuta bilmirdi. Özüm də baş aça bilmirdim, axı o niyə bu qədər ürəkdən sevinir?

            Axşam qız mənim şəxsi əşyalarımı palataya gətirdi. Sənədlərim, paltarlarım, yun corablarım, telefonum, hətta, boynumdan asdığım talisman deyilən boş patron gilizi də onların arasında idi.

            Yun corabları götürüb baxdım, onlar idi. Amma palçığa bulaşmışdı. Üstündə bir az da qan ləkələri vardı.

            – Ayaqlarımı yaman isti saxlayırdı. Köpək  uşağı imkan vermədilər doyunca geyinəm. Elə bircə gün geyindim, – deyə qıza izahat verməyə çalışdım.

           Qız üzümə baxıb gülümsədi:

          – Eybi yoxdur, buradan çıxandan sonra, o qədər vaxtınız olacaq ki, geyinməyə, – dedi.

       Sonra patron gilizinin içini boşaltdım. Gilizin içindən “nəməlum qızın” yazdığı məktubu çıxartdım.

            – O nədir?! – deyə qız üzümə baxıb, bic-bic gülümsədi.

            – Heç, məktubdur, bu corabların içinə yazılıb qoyulmuşdu.  

            – Məktub?! Maraqlıdır, nə yazılmışdı məktubda? – deyə qız yenə də gülümsəyərək soruşdu.

            – Hə, çox maraqlı məktubdur. Oxuyummu?!

            – Oxuyun!

Mən barmaqlarımın ucuyla kağız parçasının qırışlarını açıb orada yazılanları qıza oxudum: – “Əziz döyüşçü, bu corabları sənin üçün öz əllərimlə toxumuşam. Kim olduğunu bilmirəm. Bircə, onu bilirəm ki, sən vətən oğlusan, igid döyüşçüsən. Mən səni canımdan artıq sevirəm. Məni qoru, mən sənin namusunam!.. İmza Şəfəq… 19.10.2020-ci il”

            – Şəfəq?! Bəs, bu Şəfəq özü barədə bir söz yazmayıb. Haralıdır, kimdir? – deyə qız çiyinlərini çəkərək, bərkdən güldü.

            – Yox! Bircə, telefon nömrəsin yazmışdı kağızın qırağına. Tərslikdən onun yazdığı telefonunun son iki rəqəmini də qar islatdığından oxumaq mümkün olmadı. – Bax, budur onun telefon nömrəsi, – deyə yarımçıq telefon nömrəsini qıza göstərdim.

            Qız dərindən köks ötürərək, çiyinlərini çəkdi və:

  • Görürsən? Işin tərsliyinə bir bax da… İndi onu necə tapmaq olar?
  • Nə bilm! – dedim.
  • Görüm sizə bir kömək edə bilərəmmi? – deyə qız, əlini əlimin üstünə qoyub, ehmalca sığalladı.

            Səhər bir qədər yuxudan gec oyandım. Tibb bacısı otaqda yox idi. Çarpayımın yanında səhər yeməyi qoyulmuşdu. Burada yatdığım gündən bəri brinci gün idi ki, mənə verilən yeməkləri öz gözlərimlə görürdüm.

            Yastığa dirsəklənib, çarpayımın yanına qoyulmuş yeməyə əl uzatmaq istəyəndə,  gözlərim bir kağıza sataşdı. Kağızda  “ 05526580…” telefon nömrəsinin son iki rəqəmi də qeyd olunmuşdu. Doğrusu, təəccübləndim. Bunu bura kim yazıb qoyubdur? – düşündüm.     

               Maraq məni götürdü. Axşam tibb bacısının gətirdiyi şəxsi əşyalarım arasında olan cib telefonumu yastığımın altından götürüb, o müəmmalı telefon nömrəsini yığdım. Nömrəni yığan kimi telefon çağırdı.

            Qərbə idi, çağrılan telefonun səsi otağın içindən gəlirdi? Bu kimin nömrəsidir düşündüm? Dörd gözlə ətrafıma nəzər yetirdim. Axı, bu kim ola?!

              Birdən, gözlərim, qapı ağzında dayanıb,  əlində telefon  mənə baxıb gülümsəyən, Şəfəq adlı tibb bacısına sataşdı…

            Yerimdəcə donub qalmışdım… Nə edəcəyimi bilmirdim. Doğurdanmı, bu, o məktubu yazan nəməlum qız idi?!

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir