SƏMA MUĞANNA – BÜTÖV ÜRƏK

Səma MUĞANNA – gənc yazar

Bütöv ürək

             Bir gün geri dönəcəyəm… Səndən tək diləyim,bizim səninlə qoruduğumuz tarixləri unutma. Onlar bizə əmanətdir. Biz o tarixlərdə səninlə yenidən qovuşmadıq,düzdü,ancaq biz səninlə yenidən doğulduq…

  Son məktubunda yazdığı söz bu fikirlə bitmişdi. Yenə göz yaşları içində o qatarın gəlişini gözləyirdi.O qapı açılacaq və “mən gəldim” -deyib boynuna sarılacaqdı. İlk idimi bu? Yəni onun boynuna heç vaxt sarılmamışdımı? Yox… Heç vaxt.. Təəccüb doğuran isə tək bu deyildi, onların yaşadığı gizli sevgisi idi.

    Onlar bir-birlərini sözlərlə, baxışlarla sevməmişdi. Onlar qəlbən, ruhən yaxın idi. Uzun zaman öncə, hətta uşaqlıqdan belə. O ikisi dostluq iplərini göy üzünə atıb, sevgi bağına qaçmışdılar. Bu iki gəncin sevdası heç kəsin bilmədiyi, heç kəsin duymadığı və heç kəsin görə biıməyəcəyi bir sevgi idi. Onlar sevgi məbədlərinin çırağını bir gün işıqlandıracaqdılar. Artıq ona doğru addımlayırdılar… Bu çılğın duyğu ikisinin də damarlarına, qanına hopmuşdu. Baxın, bu iki dəli gənc bir-birinə bu cür bağlı idi. Əgər bir gün ayrılsalar, ömür səhifələrində gizlətdiyi fotoları yandıracaq, tarixləri isə siləcəkdilər. Bəs ikisi? İntihara addımlayan yolun uçurumda bir-birlərinə söz verib, ayrılacaqdılar. Əslində, onlar ayrılmaq deyil də, yaşaya bilmədikləri xəyallarını boğub öldürəcəkdilər. Bu iki gənc o gün, o tarixdə yanan çıraqları söndürüb, ürəklərini kül etmişdilər. Bəlkə o ürək aylarca kül olan nəfəsini, döyüntülərini kənara atıb artıq həyatıyla barışmışdı, lakin Tanrı bu sevdalıların parça-parça olmuş ürəklərinin yanğısını yaşaya bilmədiklərini, həsrətlə vüsalına çatmaq istədiklərini bilirdi.Ən qəribəsi isə bu iki sevdalını ürəkləri deyil, bütövləşmiş ruhun sevgi donunu geymiş ürək qoruyurdu. O gün isə bu ürək yenidən bütövləşdi,kül olmuş parçaları isə bir-birlərinə olan sevgisini daha da gücləndirdi. Onlar Tanrının dərgahında ucaya qalxdılar və necə? Sevgiləri uğrunda!

     Dekabr ayına təsadüf edirdi. Soyuq, qarlı qışın vahimə dolu səsi küçələri bürümüş, pəncərələrin bir küncünə sığınmış yavru pişikləri, itləri qovalayırdı. Sanki dil açmışdı rüzgar. Tufan qoparan üsyankar səsiylə ətrafı ovsunlamışdı. O gün bir hadisə baş verdi. Çox qəribə idi. Bu iki gənc soyuq küçələri qarış-qarış gəzərək, donurdular. Artıq ikisinin də gücü qalmamışdı, amma naməlum olan bir səbəb vardı. İkisi də bir-birini görmürdü. İkisi də bağırtı səsləriylə, göz yaşlarıyla bir-birini tapa bilmirdi, yoxsa həqiqətən də rüzgar bu sevgini ovsunlamışdı? Necə yəni, insanların belə öldürə bilmədikləri sevgini rüzgar yox etmişdi? Təbii ki, yox. Bu sadəcə onlar üçün bir sınaq idi.

    Qarlı, çovğunlu havada bir-birinə labirint kimi bağlanmış küçələr bu iki gənci bir-birindən ayrılığa sürgün etmişdi,ancaq onlar bilirdilər ki, bir-birlərini hansı yollarla tapa biləcəklər…

    Heç kəsin düşünmədiyi, ağlının ucundan belə keçirmədiyi yol ilə. Bir-birlərinin ayaq izlərini təqib edərək. Göz yaşları sel olub axan küçələrdə qanlı damlalar vardı. Bu yalnız iki gəncin göz yaşları ola bilərdi. Dediyim kimi onlar bir-birinə ruhən bağlı idi, sözlərlə deyil.

    Və sonunda bir-birlərini tapdıqda. İkisi də donub qaldı. Bir-birinin simalarını diqqətlə izləyib, göz yaşlarına boğuldular. İkisi də həm çox yaxın, həm də çox uzaq idilər, sanki doğma və yadlaşmış insan kimi. O an hər şey susdu. Çılğın, dəli rüzgar belə bu sevgiyə tamaşa etdi.

   Əllərini qəlbinə qoyub, ikisi də eyni anda söylədi: “Tarixlər unudulmur. Avqust, iyun, dekabr və yol. Başlanğıc nöqtəsindən başlayıb, sonsuzluğa addımlayan yol”.

    Bu sözü dedikdən sonra ikisi də qaçaraq, bir-birlərinə sarıldılar. Elə sarıldılar ki, Tanrı gözlərini qapadıb, gülümsəyərək rüzgara işarə etdi…

    Onlar ilk dəfə o zaman sarıldılar. Bir-birlərinə sarılmayan, günlərcə danışmayan bu iki gənc ikiyə bölünmüş ürəyi bütöv etdilər…

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir