AKİF ABBASOV – İREYHAN  KİMDİR?

Akif ABBASOV, professor, yazar.

                                         İREYHAN  KİMDİR?

                                              (lətifəvari hekayə)

         Şərəbanı bibi dükan-bazarı gəzə-gəzə gəlib çıxdı bir paltar mağazasına. Uşaq paltarlarından birini götürüb, o üzünə baxdı, bu üzünə baxdı. Qiymətini soruşub tez yerinə qoydu.  O biri paltarı da. Üstündə pul az idi. Axırda naəlac qalıb əlini tüklü, qotazlı, qırmızı rəngli bir papağa uzatdı. Paltarlara baxanda o çox da baha olmazdı yəqin. Üzünü satıcıya tutaraq:

         -Ay oğul, bu İreyhanın başına olar? – deyə soruşdu.

          Satıcı təəccüblə ona baxdı:

         -İreyhan  kimdir, ay xala?

         Şərəbanı bozardı:

         -Xala anandır…

         Satıcı özünü yığışdırdı. Mağazanın müdiri dönə-dönə  satıcılara tapşırmışdı ki, müştərilərlə mədəni rəftar edin.

         -Bağışla, ay bibi…

          Şərəbanının eyni açıldı:

          -Hə, bibi olar. Sən doğrudan İreyhanı  tanımırsan, yoxsa mənimlə zarafat edirsən?

         Satıcı bir istədi desin ki, “Ay bibi, mən heç səni tanımıram, onda qala İreyhan ola”.  Amma ehtiyat etdi ki, birdən qadın hay-həşir salar. Onun işi də fırığ olar.  Odur ki, özünü yığışdırıb mülayim tərzdə: 

         -Ay bibi, nə zarafat? Allah eləməsin. Mənim nə həddim? – dedi. Gündə bura gör nə qədər adam gəlir.  Onların hansını tanıyım?! – dedi.

         Qadın əlini üzünə apardı:

        -Bıy, İreyhandır da, mənim qardaşım qızı, adını mən qoymuşam.

        -Adı ilə böyüsün.

       -Sağ ol, ay oğul. Bizdə belə qayda var. Kim uşağa ad qoyursa, ona hədiyyə almalıdır. İndi de görüm bu papaq İreyhanın  başına olar-olmaz?

      -Ay bibi, mən İreyhanı  görməmişəm axı. Nə bilim olar-olmaz.

      Şərəbanı bibi  məəttəl qalmışdı. Nə əcəb bu satıcı onun qardaşı qızı İreyhanı  tanımır:

      -Bıy,  başıma xeyir. Bayaq dedim axı, mənim qardaşım qızıdır. Dünən anadan olub.

          Qəribə müştərinin son sözlərini eşidən satıcının  gülməkdən gözləri yaşardı.

Bakı şəhəri, 12 yanvar 2022-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.