Bir gün özünə söz verdiyin sözü də salıb itrərsən – PƏRVİZ YƏHYALI

PƏRVİZ YƏHYALI – YAZAR

Bir gün özünə söz verdiyin sözü də salıb itrərsən
(hekayə)
– Bağışlayın siz allah! Bu istidə sizi çox gözlətdim
– Eybi yoxdur
– Bu nədir siz suyun içindəsiz. Heç olmasa kölgədə dayanardım. Qan-tərsiz ki
– Üçcə saat gözləmək nədir, sizi bütün ömrüm boyu -ardını deməyə imkan vermədi.
– Yaxşı da
Onlar yaxınlıqdakı bağın kənarındakı çayxanada əyləşdilər. Nə içəcəksiz sualına çiyinlərini çəkib, dostunun üzünə baxdı
– ürəyim heç nə istəmir. Çay içsəm lap sizin kimi tər-su olaram
– Onda zəhmət olmasa iki stəkan buzlu su gətirin – deyə sifariş verdi.
Ofsiyant sifarişi gətirəndə
– Aa bu sizi öldürər! – deyə ucadan, həyacanla səsləndi
– Heç nə olmaz
– Yaxşı da, içməyin belə. Xahiş edirəm. Axı tərlisiz, xəstələnərsiz
– Bir halda təkid edirsiz içmərəm, amma doğrudan çiyərim yanır
– Gəlin mən suyunuzu isidim
– Necə?
Bax belə deyib, o, stəkanı iki ovcunun arasına sıxdı. Sonra isə əlavə etdi:
– Qoy mənim daxili hərarətim sizin suyunuzu azacıq da olsa isitsin. Xəstələnsiz, günah mənimdir axı. Gözlətmişəm sizi, özü də al-günün altında
– Siz belə çox etmisiz?
– Yox birinci dəfədir. Nə bilim. Bəlkə də uşaqlıqda olub.- sonra nə fikirləşdisə əlavə etdi:
– Orta məktəbdə oxuyanda rəfiqəm üçün etmişəm. İdman dərsindən sonra, eynən sizin kimi çox tərləmişdi
– Siz yaxşısız?
Telefonda salamsız ilk sözü belə oldu
-Sizin kimi xanımın əllərinin hərarətindən isinmiş suyu içən yaxşı olar da. Elə bil əllərinizin hərarətilə bərabər ətriniz də hopmuşdu o suya. O cür şərbətmi deyim, məlhəmmi deyim, suyu içən adam dirilik suyu içmiş kimi min il yaşayar
– Yaxşı sən allah, sənə qaldı sözə qaldı. Şükür ki, xəstələnmədiz
– Olar sizdən bir xahiş edim?
– Buyurun
– Sizdən rica edirəm, əllərinizi odu ilə heç vaxt heç kimə su istməyin! Qoyun bu xatirə, ancaq ikimizlə bağlı qalsın! Mənim ömür boyu yadımdan çıxmayacaq sizlə bağlı əziz xatirə
– Yox söz verə bilmərəm, birdən oldu
. Deyək ki, atam üçün, ya nə bilim….
– Bir kiçicik xahiş nədir ki, onu mənə….
– Dayan bir. Başqa planetə uçursan? Elə danışırsan guya daha bir də bir-birimizi görməyəcəyik.
Onların bir-birinə alışması vardı, amma bu məhəbbət deyildi bəlkə də. Hər görüşdən sonra biri bir addım geri çəkilir, o biri isə bir addım irəli gedirdi. Beləcə sanki geri çəkilən addımları irəli təqib edən addımlar yolun sonuna çatdırdı. Qəribə tale idimi, qəribə qismət idimi bilinmirdi. Geri çəkilən addım üçün yol bitdi sanki, uçurum qayalara dirənib dayandı. Onu təqib edirmiş kimi irəlləyən addımın sahibi dilema qarşısında qaldı. Ya ilahi bir eşqlə sevdiyi xanım dönüb ona sarı gəlməli, ya da uçrumun kənarında ondan qaçan addımı ilə üzüldüyünü hayqıraraq, bəsdir əl çək! Mümkün olmayanı mümkün edə biləcək nağıllardan gerçəklərə dön! Dedizdirdi. Əslində dönüb ona sarı qovuşmaq bütün dünyaya üsyan idi. Üsayanı ya anlaqsızlar edər, ya da güclülər. O, anlaqsız deyildi. Nə baş verdiyinin fərqində idi. Güclü sözünün özü isə belə zərif çiyinlərə dünyalarca ağırdan ağır yük dür. Zərif çiyinlər cəsarətin vahiməli vicudundan tir-tir əsib qorxaqlığın təhlükəsiz ağuşuna sığınmağı seçər. Hətta bəhanələr də tapırdı. Bütün dinləri əfsanə və puç mif adlandırsa da ağlına belə gətirməyə qorxduğunu, həm də allaha asi düşmək olardı fikirini təlqin edirdi özünə.
Nə vaxtsa ürəkdən gələn sözlər ironik istehzaya dönüb geri çəkilən addımların sahibinin dodaqlarından sürüşüb ayaqlar altına düşürdü. Anca bərabər, qanca bərabər düşünəclərimiz birdir ifadəsini nə vaxtsa dilinə gətirməyini belə xatırlamaq istəmirdi. Ortaq duyğular, eynən düşünmək, o demək deyil ki, hislərimiz də üst-üstə düşür.
Ziddiyətlərin düyünlənən ilmələri getdikcə elə mürəkkəbləşirdi ki, fələyin özü münəccim olsa belə, bu düyünləri açmaqda aciz qalardı. Qaçan addımlar arada bir dayanır, təngiyən nəfəsini dərib ah çəkir və ürəyimin ən əzizisən deyirdi. Az keçməmiş o yoluna davam edir və əsəbi halda arxaya qanrılaraq deyiləm heç nəiyn sənin nidası ilə zəhərli ox sancırdı. Bilmək olmurdu bu “ürəyinin əzizi “
dayanıb nəfəs almaqdan ötrü işlənən fənd idi, yoxsa insafın ağlına güc gəldiyi məqam. Divanəlik libasının alabəzək uyğunsuzluğunu əks etdirən tanrı cəzasına da oxşayırdı. Amma nə olsun ki, bütün bunlarla möhtəşəm idi. Vazkeçilməz sevdaydı.
Hərdən düşürdü yadına. Xatirələrin qalaq-qalaq saralmış vərəqlərini yaddaşında çevirdikcə, birdən qarşısına çıxıb, boynu bükük-bükük ona baxan sətirlər sataşırdı gözünə. Qeyri-adi ifadə gəlib müsafir olurdu simasına. Heç özü də bilmirdi dodaq büzür, yazığı gəlib acıyır, peşmançılıq çəkir….. Bəzən hafizədəki xatirələr elə qeyri-müəyyənlik qəblindən olur ki, sahibi yaddaşın saxlanc arxivində onun üçün nə xüsusi yer ayırır, nə də heç bir təsnifata uyarlığı olmadığından ad qoyulası qovluq. Eləcə böyük mühafizə anbarının sərbəst xatirə sakinləri birdən hardan olsa çıxıb üzə xatırlanırdı. O gün doğan da da vardı, qürubda da. Küləklərlə də gələ bilirdi, yağışlarla da süzülə, kədərli vaxtlarında ona söylənilən lətifələrin rabitəsizliyində də. Anlayırdı ki, çaş-baş qalıb, axı bunun indi yeridir dediyi dodaqqaçdı, bir vaxtlar onun ovqatının təlx vaxtında sadəcə bir oyunbazlıq imiş.
Ancaq qayğılar da yaman tərsdilər ha. Heç qoymurlar darıxmağa, xatirələrlə baş-başa qalmağa. Özü seçdiyi qaça-qaç vurğunluğu….. heç özü bilmirdi qaça-qaçı sevir, ya sakitliyi. Bəlkə elə hamısından bir az. Yağışı da,küləyi də, qarı-çovğunu da, bürkünü də yumurlayıb bir neçə anın içinə pərçim etdiyi kimi.
– Bu nədi nə gündəsən? Sənə min dəfə demişəm az qaç! Gəl dəyiş paltarını. Oynamağın da bir vaxtı-vədəsi olmalıdır axı.
– Ana nolub sənə, bütün uşaqlar oynasın mən dayanım ki,anam icazə vermir. Gülməzlər mənə?
– Ay mənim ağıllı balam belə də yox da. Keç yuyun!
-Yaxşı ana.
– Sən neynirsən! Dəlisən! Tərli-tərli soyducunun buzluğundan su götrüb içirsən!
– Ana ciyərim yanır. Qurban olum… içməsəm…
– Dayan can bala, bircə əlimlə də olsa ilidim o suyu.
– Ay ana ilıq olsa onu içməyə dəymir ki…
– Dayan bir – o uşağın əlindən aldığı stəkanı iki ovcunun arasında bərk-bərk sıxdı.
-Yaxşı ana narahat olma! indi çay içərəm.
– Aaaa mən ki… özümə söz vermişdim
– Ana niyə ağlayırsan?
Yaxşı. Bir də səndən icazəsiz futbol oynamağa getməyəcəm. Yaxşı da ana, elə bərkdən ağlayırsan… Elə bil cinayət eləmişəm. Bir də olmayacaq!
– Yaxşı-yaxşı fikir vermə mənə. Get yuyun! Sən mənim ağıllı balamsan! Ağıllı balalar heç vaxt cinayət eləməz.
Sonra lap astadan: heç xatirələrinə də – dedi.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir