SEYMUR SÖNMƏZ – ŞEİRLƏR

SEYMUR SÖNMƏZİN YAZILARI

SEVGİSİZ YAŞASAM
Yaxşılar fərqlənməz, pislər olmasa,
Heç yağış yağarmı, bulud dolmasa?
Əgər bu dünyada izim qalmasa,
Yəqin ki, varlığım daşa dönərdi!
* * *
Axı, kim yamanlıq görüb dilimdən,
Heç vaxt ayrılmaram doğma elimdən.
Nə vaxtsa qələmim düşsə əlimdən,
Hər kəlməm gözümdə yaşa dönərdi!
* * *
Tənhalıq adamın qəddini bükər,
Dərd-qəm sınıq qəlbi min səmtə çəkər.
Bircə an sevgisiz yaşasam əgər,
Ömrüm bir şaxtalı qışa dönərdi!

SƏNDƏN XATİRƏDİR SƏNSİZLİK MƏNƏ
Bilmirəm sən niyə xəbərsiz getdin,
Qoydun ürəyimdə neçə iz,-getdin.
Son dəfə üzümə baxmayıb,düz getdin,
Döndünmü zülmətdə dumana-çənə –
Səndən xatirədir sənsizlik mənə!
* * *
Əllərim arxanca uzalı qaldı,
Həsrətim kölgənə qısılıb qaldı.
Eşqim göz yaşımdan asılb qaldı,
Ürəyim gör necə sızlayır yenə –
Səndən xatirədir sənsizlik mənə!
* * *
Adını qəlbimdən de, necə silim,
Keçir dərd içində hər ayım, ilim.
Hələ də sabaha çatmayır əlim,
Üzümü tutmuşam hər ötən günə –
Səndən xatirədir sənsizlik mənə!
* * *
Elə zənn etmə ki, dönmüşəm yada,
Ülvi bir sevgini vermərəm bada.
Əllərim əlinə toxunmasa da,
Adını anıram hey dönə-dönə –
Səndən xatirədir sənsizlik mənə!

İNDİ MƏNSİZ NECƏSƏN…
Bu ayrılıq ürəyinə yatdımı,
Ahım-naləm görən sənə çatdımı?
İşıq saçan bəxt ulduzun batdımı,
Zülmətəmi çevrilmisən gecə sən –
Söylə görüm, indi mənsiz necəsən?
* * *
Bilə-bilə saf eşqimi tapdadın,
Gedib döndün girovuna sən yadın.
De, başında çatladımı inadın,
Bir vədələr sığınmışdın gücə sən –
Söylə görüm indi mənsiz necəsən?
* * *
Bəxtinləmi de vermişdin səs-səsə,
Mat qalmışdım belə gizli həvəsə…
Bir ayağın qaçaq idi nədənsə,
Barı qaçıb qoşuldunmu köçə sən –
Söylə görüm, indi mənsiz necəsən?
* * *
Daha mənə deyiləsi sözün yox,
Ürəyində bircə qalam közün yox.
Danışmağa bəhanən yox, üzün yox,
İstəmirəm ta qarşımdan keçəsən –
Baxıb deyəm, indi mənsiz necəsən?

ƏHSƏN HÜNƏRİNİZƏ
(Qazilərimizə həsr edirəm)
Vətənin ən ağır günlərində siz,
Şəhid olmağa da hazır idiniz.
Düşmən çökən kimi qarşınızda diz,
Nur saçdı odunuz-közünüz sizin!
* * *
Vətən dünya boyda ürəkdi-candı,
Torpaq qorunanda yurddu-məkandı.
Deyəndə, “Qarabağ Azərbaycandı”!
Yayıldı hər yana sözünüz sizin!
* * *
Heç vaxt qeyb olmasın gözdə nurunuz,
Zəfər sevinciniz bəhrə-barınız.
Qoy, qaysaq bağlasın yaralarınız,
Gülsün zaman-zaman üzünüz sizin!
* * *
Haqq yolunda hər əzaba dözdünüz,
Yağıların bənd-bərəsin kəsdiniz.
“Dəmir yumruq”la düşməni əzdiniz,
Dil açdı hər yanda iziniz sizin!

20 YANVAR ŞƏHİDLƏRİ
Qarlı-zülmət bir gecədə nur saçdılar,
Yağılarla ərən kimi savaşdılar.
Azadlığa gedən yoldan söz açdılar –
20 Yanvar şəhidləri!
* * *
Paytaxt Bakı dönəndə qan dənizinə,
Bələd olduq imperiyanın iç üzünə.
Çevrildilər bəxtimizin gündüzünə –
20 Yanvar şəhidləri!
* * *
Nalə qalxdı asimana, üzüldü can,
Hər tərəfə yağış kimi çiləndi qan.
Ulu xalqın yaddaşında təzə ünvan –
20 Yanvar şəhidləri!
* * *
Namərd düşmən düşsə də qara niyyətə,
Məğlub oldu el gücünə, əzəmətə.
Alnı açıq üz tutdu əbədiyyətə –
20 Yanvar şəhidləri!
* * *
Biz bu dərdi daşısaq da aya-ilə,
Matəm rəngi ta yaraşmır qərənfilə.
Nəğmə kimi düşübdülər dildən-dilə –
20 Yanvar şəhidləri!

DANIŞIR MƏNİMLƏ KÖHNƏ ŞƏKİLLƏR
Nə gün-günə bənzər, nə də il-ilə,
Hər çiskin çevrilmir yağışa, selə.
Kövrək xatirələr gələndə dilə
Elə bil geriyə qayıdır illər –
Danışır mənimlə köhnə şəkillər!
* * *
Uşaqlıq çağımdan söz açır şəklim,
Cavanlığım kimi nur saçır şəklim.
Gah gözə görünür, gah qaçır şəklim,
Yaxamdan yapışıb dartanda əllər –
Danışır mənimlə köhnə şəkillər!
* * *
Hər biri saralıb solan varaqdı,
Sükuta qərq olan səsdi-soraqdı.
Piltəsi közərən şamdı-çıraqdı,
Titrəyir yarpaqtək əsdikcə yellər –
Danışır mənimlə köhnə şəkillər!
* * *
Yaddaşım çatsa da hərdən dadıma,
Kim çəkibsə, düşmür adı yadıma.
İsinəndə közərtimə-oduma,
Qəlbimdə gizlicə titrəyir tellər –
Danışır mənimlə köhnə şəkillər!
* * *
Seymuru sızladan alovdu-közdü,
Üstünü qar örtmüş cığırdı-izdi.
Dumanlı-çiskinli pərişan üzdü,
Dəyişə bilməyir səmtini sellər –
Danışır mənimlə köhnə şəkillər!

VƏFASIZ QIZLARI SEVMƏYƏ DƏYMƏZ
Tərsinə fırlanır dünyanın oxu,
Bir ümid dalınca yollanır çoxu.
Atalar əzəldən deyibdir axı,
Dönük üzlü bəxti ha axtar, ha gəz –
Vəfasız qızları sevməyə dəyməz!
* * *
Bəzisi tez çıxır haqqın yolundan,
Büdrəsən yapışmaz sənin qolundan.
Yansan da xəbəri olmur halından,
Halal süd əmmişə heç varmı əvəz –
Vəfasız qızları sevməyə dəyməz!
* * *
Etdiyin səhvləri gəl, azca bələ,
Kim bilir qabaqda nələr var hələ.
Yüz yol öz-özünü danlasan belə,
Gecikmiş etiraf solğun bir həvəs –
Vəfasız qızları sevməyə dəyməz!
* * *
Adam var, astarı üzündən baha,
Hər vaxt beləsindən uzaq qaç daha.
Odunu-közünü saxla sabaha,
Bil ki, ülvi sevgi qəddini əyməz –
Vəfasız qızları sevməyə dəyməz!
* * *
Seymur az görməyib işin tərsini,
Bir addım atanda düşün ger(i)sini.
Nə vaxtsa həyatadan alsan dərsini,
Baxıb görəcəksən ya gec, ya da tez –
Vəfasız qızları sevməyə dəyməz!

DOĞMA YURDUM-MƏSKƏNİM
Ana Vətən, şan-şöhrətin yayılıbdır hər yana,
Əzəl gündən sığınmışam sənin doğma qoynuna.
Qollarımı gеniş açıb qoy, sarılım boynuna,
Sənsən mənim yer üzündə qanad açan yelkənim –
Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
* * *
Hər ürəkdə məhəbbətin, bir əbədi izin var,
Odlu qəlbin, isti qoynun, al günəşli izin var.
Varlığından soraq verən, neçə-neçə sözün var,
Yenilməyən əzəmətim, varlığımsan sən mənim –
Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
* * *
Zaman-zaman gözlərini qamaşdırdın yadların,
Tükənməyən xəzinədir, həm sərvətin, həm varın!
Göz oxşayır qarlı qışın, gül-çiçəkli baharın,
Həm yamyaşıl yarpağımsan, həm də göyərən dənim –
Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
* * *
Sabahından söhbət açır, dalğalanan bayrağın,
Nə gözəldir ürək açan, qəlb oxşayan növrağın!
Zəfərindən soraq verir xoş müjdəli hər çağın,
Seymur deyir, qoy daşına-torpağına mən dönüm –
Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru