“MİQ – 17”
(hekayə)
Sanki süd gölünə düşmüşdüm. Gözlərimin önündə dümağappaq buludlar uçuşurdu. Mavi səmadan əsər-əlamət qalmamışdı. Pambıq kimi ağ, yumşaq, sonsuz ənginliklər məni qəfil öz qoynuna almışdı. Ucu-bucağı görünməyən bu “ağ dəniz”in dərinliklərinə doğru yuvarlanaraq boğulurdum. Ancaq heç nə edə bilmirdim. Gücüm sadəcə bir təhər insan selini yarıb, yaxınlıqdakı divara söykənməyə çatdı. Maraqlıdır, həmişə eşitmişdim ki, insan müəyyən bir səbəbdən özündən gedəndə “gözü qaralar”. Məndə isə tam əksinə olmuşdu, “gözüm ağarırdı”. Dünya gözümdə “ağ cənnətə” dönmüşdü. Ətrafa boylandım. Əvvəlcə harada olduğumu heç cür kəsdirə bilmədim. Bu insanların buraya nə üçün toplaşdığını da unutmuşdum. Xeyli vaxt keçdi. Bir az toxdayandan sonra xatırladım ki, 14 avqust 2017 – ci ildir və mən səhər evdən çıxıb müəllimlərin işə qəbul imtahanına gəlmişəm. İmtahan saat 11:00 – da başlamalı idi. Artıq saat 11-ə işləyəndən insanlar, – bir namizəd, beş nəfər də onun qohumu – toplaşıb buraya. Kölgəlik bir yer olmadığına görə qocalı-cavanlı, uşaqlı-böyüklü hamı günün altında gözləyir. Bu an hardansa alnıma bir damcı su düşdü. Elə bil yuxudan oyandım. Yuxarı baxdım. Kondisionerdən su damcılayırdı. Divardan əlimi çəkib bir az aralandım ki, üstümə su düşüb, ağ köynəyimi ləkələməsin. Ancaq elə o an anladım ki, hələ tam özümə gəlməmişəm. Müvazinətimi saxlaya bilmirəm. İmtahana tək gəlmişdim. Özümlə telefon da götürməmişdim. Üstümdə evin açarından, cib dəsmalından və 5-10 qəpik yol pulundan başqa heç nə yox idi. “İndi mən neyləyim?” – sualı altında sıxılırdım. Yavaş-yavaş sərin, yumşaq, ağ buludlardan isti, bərk, qara asfalt-betonun üstünə enməyə başlamışdım. Elə özümü tam burada hiss edirdim ki, rəngarəng insan seli hərəkətə gəlib, ləngər verməyə başladı. Bu minvalla yavaş-yavaş giriş qapısına çatdım və bütün vacib yoxlamalardan keçib içəri daxil oldum. Bələdçilərin müşayəti ilə, – “ora keç”, “bura keç”, – axır ki, gəlib imtahan verəcəyimiz zala çatdım. Bura üzərində müxtəlif rəngli kağızlar və kompüterlər sıra ilə səliqəli şəkildə düzülmüş masalar olan universitetlərdən birinin idman zalı idi. Son illər vacib imtahanlar adətən bu böyük idman zalında keçirilir. Bütün sıraların arasında namizədlər və nəzarətçilər qaynaşırdı. Sıraların arasında gəzən gənc nəzarətçilər zala yeni daxil olan namizədləri üzərində müxtəlif rəngli kağızlar olan masaların arxasında bir-bir oturdur, hələlik kompüterə toxunmamağı tapşırırdı. Xatırladığım odur ki, sarı, yaşıl, rəngli kağızlar qoyulmuş masaların yanından keçərək üzərində ağ kağızlar olan bir masaya yaxınlaşdıq və nəzarətçi mənə burada oturmalı olduğumu söylədi. Dinməz-söyləməz mənə göstərilmiş yerdə əyləşib, növbəti elan olunacaq göstərişləri gözləməyə başladım. Bu vaxt mənim qarşımda sol tərəfdə üzərində sarı rəngli vərəqlər olan boş yerə bir xanım namizəd əyləşdi. Bunu görən gənc nəzarətçi xanım cəld ona yaxınlaşaraq:
– Zəhmət olmasa, qalxıb o yerdə əyləşin, – deyə, – mənim tuşumdakı paralel,
üzərində ağ kağzlar olan boş yeri göstərdi. Xanım namizəd isə qəti etiraz edərək, bunun səbəbini soruşdu:
– Niyə qalxmalıyam? Boş yerdir, mən də oturmuşam!
– Sizə deyirəm, qalxın! Yoxsa, başınız ağrıyacaq!
– Başım onsuzda ağrıyır… Səhərdən gün təpəmə o qədər döşəyib ki…
– Bu dəfə başınız başqa cür ağrıyacaq…
– Baş ağrısının təhir-töhrü də olur?! Ağrıyır də, başım ağrıyır…
Vəziyyətin ciddiləşdiyini görən başqa bir oğlan nəzarətçi yer üstündə mübahisə edən xanımlara yaxınlaşdı. Bu zaman xanım nəzarətçi oradan uzaqlaşaraq, digər yeni gələn namizədləri qarşılamağa getdi. Oğlan nəzarətçi yer üstə mübahisə edən xanım namizədə tərəf əyilib astadan bir neçə kəlmə nəsə dedi. Xanım sakitcə qalxıb göstərilən yerdə oturdu. Elə bu zaman bayaqkı nəzarətçi xanım yanında yeni bir namizəd xanımla boşalmış “sarı kağızlı yerə” yaxınlaşdı və həmin yerdə oturmalı olduğunu bildirdi. Xanım da sanki tamaşaya baxmağa gəlibmiş kimi xüsusi bir əda ilə əyləşdi və həmən sarı vərəqlərdən birini götürüb özünü küləkləməyə başladı. Bu sarı vərəqlər yelləndikcə onu sərinlədib-sərinlətmədiyini deyə bilmərəm. Ancaq bir yer arxada sanki təndirdəymiş kimi “ağ vərəqli yer”də oturdulmuş xanımın ocağını necə körükləyirdisə, fısıltısı qulaqlarımda cingildəyirdi… Elə bu vaxt səs ucaldıcıdan eşidilən: “Diqqət! Diqqət! Hamının fikri burada olsun…” kəlməsi bütün məsələləri arxa plana atdı…
Vacib göstərişlər elan olundu. Nəzarətçilər bir-bir hamıya yaxınlaşıb giriş kodlarını daxil etdilər. İmtahan başladı. Arada gözlərimi monitor yoranda başımı qaldırıb, gözucu “tamaşaya gələn” xanıma da diqqət yetirirdim. Bütün imtahan boyu əhvalını pozmadan, sarı vərəqləri haldan salana qədər özünü küləklədi və namizədlərə imtahan zalını tərk etməyə icazə verilən kimi qalxıb getdi. O qalxıb gedəndə mənim tuşumda əyləşmiş “ağ vərəqli“ xanıma da nəzər saldım. O da ağ vərəqlərlə bir-bir tərini silərək, bükələyib masanın üzərinə göz dağı kimi düzmüşdü. Bir əli alnında, gözlərini monitora zilləmiş nə barədəsə dərindən düşünürdü. O artıq çoxdan buralarda deyildi…
Nəsə, imtahan bitdi. Mən də bu imtahandan sonra öz gündəlik qayğılarımla yaşamağa davam etdim. Ancaq hələ heç müəllimlərin işə qəbul imtahanları bitməmiş rəngli kağızlar barədə müxtəlif söz-söhbətlər dolaşmağa başladı. Düzü, bu barədə dost-tanış məndən də bir-iki dəfə soruşub. Hərdən elə olub ki, istər-istəməz bu mövzuda söhbətə qulaq müsafiri olmuşam. Ancaq hər dəfə özümdən asılı olmayaraq demişəm:
– Yalan söhbətdi! Belə boş-boş sözlərə inanmayın! Bizi gözü götürməyənlərin
yaydığı şayələrdir! Heç elə də iş olar?!
Son.
15.01.2022. Bakı.
Müəllif: Zaur USTAC
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru