ZAUR USTAC – “MƏLƏK” HEKAYƏSİ

ZAUR USTACIN YAZILARI

MƏLƏK
(hekayə)
Məktəb illərim çoxdan tarixə qovuşub, ancaq o günləri heç unutmuram. Dərslər sentyabrın 1-i başlayırdı. Bu günü Bilik Günü kimi qeyd edirdik. Həmin gün – ilk dərs günü müəllimlərimiz böyük vətəni qorumaqdan, onu sevməkdən danışırdılar. Orta məktəbin son siniflərində oxuyanda 10 il ərzində eşitdiklərimizin cəfəngiyyat olduğuna şahidlik etdik. Sonuncu sinifdə artıq, xüsusi ilə tarix fənnindən, kitablarda öyrənməyə mövzu qalmamışdı. Hiss olunurdu ki, bəzi müəllimlər sanki uzun müddət təkrar-təkrar bizə söyləyib, zorla əzbərlətdirdikləri mövzuların çoxuna görə xəcalət çəkirlər. Bax belə bir təzadlı dövrə təsadüf edirdi mənim məktəb illərim.
Hələ lap aşağı siniflərdən qarşıma məqsəd qoymuşdum ki, böyüyəndə tarix müəllimi olacam. Məktəbi bitirəndə çox çətin seçim qarşısında qalsam da, fikrimi dəyişmədim. Tarix müəllimi oldum…
Bu gün 29 sentyabr 2021-ci ildir. Yenə Bilik Günü – məktəblərdə ilk dərs günüdür. Dərslər sentyabrın 15-də başlamalı olsa da dünyada qəbul edilən pandemiya səbəbindən ilk dərs bu günə təsadüf edib. Artıq üçüncü il bir neçə tarix fənnindən dərs dediyim “VII A” sinfində Bilik Günü kimi qeyd etdiyimiz ilk dərsi mən aparmalıyam. İlk dərs günü şagirdlərimizə 44 günlük II Qarabağ Müharibəsindən, şanlı Zəfər Günümüzdən danışmalıyıq. Şagirdlərimin hamısı məni yaxşı tanıyır. Ötən tədris illərində demək olar ki, hər gün təmasda olduğumuzdan, xüsusi ilə onlayın dərslər zamanı, bütün günümüzü birlikdə keçirdiyimizdən şagirdlərimlə bir evli, lap ata-bala münasibəti qura bilmişəm. Şagirdlərim mənim həm Birinci, həm də İkinci Qarabağ Müharibələrinin iştirakçısı olduğumu, hətta uşaqlığımın, təhsil illərimin döyüş bölgəsində yerləşmiş sərhəd kəndində keçdiyindən də xəbərdardırlar. Çünki həmişə onlara ucqarlarda, təmirsiz, uçuq-sökük məktəblərdə heç bir şəraiti olmayan, hətta pəncərə şüşələrində, yazı taxtalarında, divarlarında güllə, qəlpə izləri olan sinif otaqlarında əla qiymətlərlə oxuyan şagirdləri misal çəkir, onların belə gözəl şəraitli, yeni məktəblərdə daha yaxşı oxumağa borclu olduqlarını xatırladırdım. İndi, şanlı Zəfər Günümüzün 1 illiyi ərəfəsində məğlubedilməz xalqın nümayəndəsi, qalib ölkənin vətəndaşı, müzəffər ordunun zabiti, təhsilimizin ən çətin və keşməkeşli günlərini həm şagird, həm tələbə, həm də müəllim kimi yaşamış təcrübəli şəxs, valideyn olaraq öz şagirdlərimlə tam yeni mövzuda, yeni ruhda söhbət aparmalı idim. Düzü, formal olaraq, Bilik Gününün ilk dərsinə hazır olsam da sinifə girənə qədər nə barədə, necə danışacağımı konkret bilmirdim.
Sinfə daxil olub, uşaqlarla salamlaşdım. Həm sinifdə yeni şagirdlər olduğuna, həm də pandemiya səbəbindən artıq uzun müddətdir onları görmədiyimə görə xahiş etdim ki, hamı bir neçə dəqiqəlik maskasını endirsin. Şagirdlər gül-çiçək kimi açmış rəngarəng maskalarını endirdilər. Uşaqlar yeniyetməlik çağlarını yaşadıqlarına görə xeyli dəyişilmişdilər. Sinfimizə bu ildən yeni gəlmiş şagirdlərdən biri diqqətimi xüsusi ilə cəlb etdi. Üzümü bu mələk simalı, uclarına ağ kəpənək formalı bantlar bağlanmış uzun hörükləri olan yeni şagirdimizə tutub soruşdum:
– Sənin adın nədir, qızım?
– Mələk Musalı, – yeni şagird qalxdı və özünü təqdim etdi.
– Çox gözəl! Otur, qızım! – bu sözləri dedim və xəyal məni həmin günə apardı…
Bir an düşündükdən sonra şagirdlərimlə bugünkü söhbəti necə quracağıma qərar verdim və söhbətə başladım. Onu qeyd edim ki, hər belə söhbətlərə başlamazdan əvvəl,vacib detalları özüm üçün götür-qoy edəndə şagirdlərimin məni necə diqqətlə dinlədiklərini təsəvvür etmək, söhbətin mənəvi əhəmiyyətindən, faydasından heç də az ləzzət eləmirdi mənə. İşimi sevə-sevə görür və bundan zövq alırdım. Hal-hazırkı vəziyyətdən, məlum münaqişənin tarixinə qısa ekskursdan, 44 günlük müharibədən, şanlı Zəfər Günümüzdən, bu günlərə gəlib çatmağımızda Ümummilli Liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışdıqdan sonra bir az fasilə verib dedim:
– İndi sizə özümün gənc ikən şahidi olduğum maraqlı və ibrətamiz bir əhvalat danışacam. Ancaq əhvalatı danışmazdan əvvəl bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə çox mühüm bir nəticə əldə etmişik. Bu nəticəni qoruyub saxlamaq, inkişaf etdirmək, böyütmək, möhkəmləndirmək sizlərin işidir. Bu yurdun, bu ölkənin, bu xalqın gələcəyi sizin əllərinizdədir. Heç kim özünü kiçik, fəaliyyətini əhəmiyyətsiz saymamalı, sadəcə üzərinə düşən işi şərəflə, vicdanla, ləyaqətlə yerinə yetirməlidir. İndi danışacağım əhvalat da məhz bu baxımdan sizin üçün faydalı ola bilər. Hamı dinləməyə hazırdır?
– Bəli!
– Başlayaq?
– Başlayaq!
– Deməli belə, mən artıq birinci kurs tələbəsi idim. Azərbaycan Pedoqoji İnstitutunun Şuşa filialının Tarix fakültəsində oxuyurdum. O vaxtlar bu İnstitut bizim rayonda, yəni, Ağcabədidə yerləşirdi. Yeni gələnlər və unudanlar üçün deyim ki, mən Ağcabədi rayonunun Qiyaməddinli kəndindənəm. Sizin kimi belə şagird olanda Çapayev adına taxtadan tikilmiş köhnə, bir mərtəbəli məktəbdə oxumuşam. Çapayev o dövrün əfsanəvi qəhrəmanlarından biri olmuşdu. Tam səmimi deyim ki, bəlkə, bu gün də belə bir qəhrəmanın adına olan məktəbdə təhsil almağımla qürur duyuram. Özümdən asılı deyil, hələ qanımdan çıxmayıb. Çünki uzaq ellərin qəhrəmanı olan Çapayev o qədər məşhur idi ki, onun qəhrəmanlığından bəhs edən əhvalatlar, lətifələr hər yanda danışılır, sevilirdi. O vaxtlar vəziyyət belə idi. Hə, şübhəsiz ki, belə bir qəhrəmanın adına olan məktəbdə oxuyan uşaqlar da hamısı onun kimi qəhrəman olmaq arzusunda idi. Bizim kənd Ağcabədinin döyüş bölgəsinə tərəf sonuncu kəndi idi. Bizdən sonra Ağdam rayonunun Yusifcanlı kəndi gəlirdi. Müharibə zamanı düşmənlər Yusifcanlı kəndinə iki dəfə hücum edib yandırmışdılar. Kənddə artıq yaşayış yox idi. Kənd camaatı bir müddət gecələr gəlib bizim və yaxın ətraf digər kəndlərdə qalıb gündüzlər öz kəndlərinə qayıtsalar da 1993-cü ilin iyun ayının 12 –sində sonuncu dəfə düşmən ağır texnikaların dəstəyi ilə hücuma keçərək kəndi tamam yandırıb, dağıtdı. Bu gündən sonra demək olar ki, bizim kənd sərhəd kəndi oldu. Artıq bizim kənddə də köçmək barədə söz-söhbət dolaşmağa başlamışdı. Bir yandan da həmin günlərdə Gəncədə nəsə anlaşılmaz hadisələr baş verirdi. Həmin vaxt ölkənin prezidenti Əbülfəz Elçibəy idi. Deyilənə görə o da Bakıda deyildi. Heç kimə demədən harasa gizli bir yerə çəkilmişdi. Bax belə bir qarışıq vəziyyətdə mən birinci kursu bitirirdim. İnstitutda yay imtahanlarının ən qızğın vaxtı idi. Həmin günün tarixi dəqiq yadımda deyil. Ancaq iyun ayının son günləri idi. Çünki kəndimizin sakinləri Yusifcanlıların başına gələn qəfil hadisənin şokundan hələ tam çıxa bilməmişdilər. Yadımdadır, həmin gün mənim Azərbaycan tarixi fənnindən imtahanım var idi. İmtahanı verib Ağcabədidən – rayon mərkəzindən kəndimizə qayıdırdım. Günorta saat 1-2 olardı. Yolboyu qarşımıza bizim kənd tərəfdən gələn üstündə ev əşyaları ilə dolu, insanlar olan yük maşınları çıxırdı. Əvvəl çoxunu tanımasam da son keçən maşınların üstündəkilərdən bir-ikisini tanımışdım. Kəndə çatmağımıza 10-15 dəqiqəlik yol qalmışdı. Çox həyəcanlanırdım. Bu qorxu deyil həyacan idi. Kəndimizə çatmağa tələsirdim. Çünki mənimlə birlikdə Çapayev adına məktəbdə oxumuş sinif yoldaşlarımın çoxu indi əsgər idi və əlində silah kəndimizin müdafiəsində postda dayanmışdılar. Mən əsgər olmasam da hər gün institutdan gələn kimi onların yanına gedirdim. Düşmən hələ biz tərəfdə görünməsə də arada-sırada kəndin ərazisinə top, “qrad” mərmiləri düşürdü. Ancaq təhlükə həmişə var idi. Çünki qonşu kənd olan Yusifcanlıya da məhz belə qəfil, həm də kənd camaatının gözləmədiyi tərəfdən hücum etmişdilər. Xain düşməndən nə desən gözləmək olardı. Belə fikir-xəyal içində kəndin mərkəzinə çatıb, maşından düşdük. Rayon mərkəzi ilə əlaqə saxlamaq ancaq “xalturşik” dediyimiz indiki deyimlə desək taksi xidməti göstərən şəxsi minik avtomobilləri ilə mümkün idi. Nə isə, maşından düşdük. Camaat toplaşan yer toz-dumanın içində idi. Ağız deyəni, qulaq eşitmir, hərə bir fərziyə irəli sürürdü. Bir az kənarda ağacların kölgəsində Bakıdan gəlmiş boş yük maşınları dayanmışdı. Arvad-uşaq əllərində boğçalarla yavaş-yavaş bu maşınların ətrafına toplanırdı. Yorulanlar çıxıb yük yerində yerləşib otururdular. Qocalar birmənalı şəkildə, qəti olaraq bildirirdilər ki, burada ölərik, kənddən çıxmarıq. Gənclərin əksəriyyəti formalı-formasız əli silahlı postlarda idi. Orta yaşlıların isə, – “burada öləcəyik, kənddən çıxmayacağıq”, – deyən qocalara qarşı yaxşı arqumentləri var idi: “A kişi, sənin prezidentin ölkəni qoyub, gedib oturub Kələkidə, sən də başlamısan kənd belə gəldi, kənd elə getdi…” Belə mübahisələrin birində Məmməd dayının, Həsən əmiyə verdiyi ibrətamiz cavabı bu gün də olduğu kimi xatırlayıram: “A bala, sən indi deyirsən hamımız yığışaq gedək Bakıya. Əgər belə etsək bunun adı olacaq yurdunu-yuvasını qoyub qaçmaq. Amma o kişi neyləyib? – Bakını qoyub gedib, öz yurduna-yuvasına. Kim hara gedir getsin, mən heç yana getmirəm…” Elə bu vaxt Bakıdan gələn yük maşınlarından birinin sürücüsü yaxınlaşıb ümumi camaata: “Mənim maşınım dolub, kişilərdən də bir nəfər yanımda əyləşsin, hara deyirsiniz gedək. ” Məmməd dayı bu dəfə də ona tərəf dönüb təmkinini pozmadan: “A bala, qonaqsan, sən hələ bir soluqlan, görək başımıza nə gəlir…”, demişdi ki, rayon mərkəzindən qayıdan Əhməd dayının “ağ 24-ü” gəlib düz camaatın yanında dayandı. Maşının yaratdığı toz-duman yatandan sonra içərisindən ağ köynəkli, qara kostuyumlu, qalstuklu, yanında da uzun hörüklü balaca bir qız olan kişi düşdü. Toz-duman tamam çəkilən kimi bu adamı tanıdım. Bu Musa müəllim idi. Yanındakı da qızı Mələk. Musa müəllim bizim kənddən olsa da Bakıda yaşayır, universitetdə müəllim işləyirdi. Hamı, xüsusi ilə ağsaqqallar hərə bir tərəfdən Musa müəllimin üstünə tökülüşdülər. Musa müəllim qızı Mələyi nənəsinin yanına göndərəndən sonra qocalı-cavanlı orada olan hər kəslə bir-bir əl tutub görüşdü. Yaxın və doğmaları ilə qucaqlaşdı. Hal-əhval söhbətləri bitəndən sonra yenə Məmməd dayı özünü saxlaya bilmədi:
– Bala, başına dönüm, nə yaxşı gəlmisən!? Səni “O kişi” özü göndərib buraya, – əlini şəstlə göyə tərəf uzadaraq, – dedi və indicə verdiyi sualın cavabını da özü tapdığı üçün uşaq kimi sevicdən gözləri yaşardı… Özün gəlmisən. Xoş gəlib, səfa gətirmisən. Bəs o tifili niyə yanına salıb gətirmisən? Bu başsız camaata bir söz de! Bu millət neyləsin? Bakıda nə var, nə yox? Bu deyilənlər doğrudurmu? Deyirlər, ölkə başsız qalıb…
– Hər şey yaxşıdır! Heç narahat olmayın. Yaydı də, mən həmişəki kimi anama baş çəkməyə gəlirdim, Mələk ağladı ki, mən də nənəmə getmək istəyirəm. Onu da gətirdim. Biz yay tətilinə, kəndə dincəlməyə gəlmişik.
– Ay başına dönüm, sən buradakı vəziyyəti görmürsən? Nə dincəlmək? Nə tətil? Ölkə qalıb başsız…
– Narahat olmayın. Ölkə başsız filan deyil. Belə sözlərə inanmayın. Bu xalqın Heydər Əliyev kimi oğlu var! Hər şey öz qaydasına düşəcək!
– Ay onun adına qurban olum. Allah mənim ömrümdən kəsib onun ömrünə calasın… Əliyev bu işə qol qoyubsa düzələcək. Xoş gəlmisən bala! Yol yorğunusan, get dincəl. Bir az soluqlan. Siz də dağılışın evinizə. Ayıbdı heç olmasa o tifildən utanın! Bakıdan durub gəlib bura, siz də getmək istəyirsiniz Bakıya.. Ayıbdı, vallah ayıbdı…
Məmməd dayı sözünü bitirib, dəryazını da çiyninə atıb evinin yolunu aldı. Maşınlara minmiş arvad-uşaq artıq çoxdan tökülüşüb, Mələyin başına yığışmışdılar. Yaşıdları onun geyim-keçiminə maraqla baxır, nənəsi şirin-şirin sorğu-sual edir, digər böyüklər isə sanki onun başına sığal çəkmək müqəddəs bir borcmuş kimi bir-bir saçını sığallayıb gedirdilər. Musa müəllim sanki heç nə olmayıbmış kimi təmkinini pozmadan qızı Mələyi və anasını götürüb öz ata ocağına getdi. O, gedən kimi bütün digər oraya toplanmış insanlar da yavaş-yavaş hərə çəkilib öz evinə getdi. Axşama tərəf Bakıdan gələn yük maşınları da çıxıb getdilər və bir daha bizim kəndə gəlmədilər. Həmin ili Musa müəllim qızı Mələklə düz Oktyabr ayına qədər kənddə qaldı. Yay imtahanları bitən günü mən də könüllü orduya yazıldım. Məni öz sinif yoldaşlarıma komandir təyin etdilər. Bu işdə nə onlar, nə də mənim üçün heç bir yenilik yox idi. Çünki, hələ məktəbdə oxuyanda da “İbtidai hərbi hazırlıq” dərslərində hərbi rəhbər məni komandir təyin etmişdi. Məktəbi qurtarana qədər iki il onların komandiri olmuşdum. İndi öyrəndiklərimizi həyata keçirmək vaxtı idi. Digər tağımların əsgərlərindən postda yatan olsa da bizim tağımdan heç vaxt, heç kim posta yatmazdı. Biz sırada dayanmağı, postda durmağı, müxtəlif mövqelərdə vəzifələrimizi hələ məktəbdə oxuyanda yaxşı öyrənmişdik. Bütün yayı demək olar ki, Musa müəllim hər gün bizim yanımıza gəlir, maraqlı söhbətlər edir, gəncləri ruhlandırırdı. Maraqlısı o idi ki, Musa müəllim dedikləri hamısı düz çıxırdı. Heydər Əliyev xalqın çağırışı ilə hökümətdə idarəçiliyi ələ alandan sonra yavaş-yavaş vəziyyət düzəlməyə başlamışdı. Musa müəllimin və qızı Mələyin kənddə olması camaat üçün böyük toxtaqlıq idi. Musa müəllim atasının ocağında oturubsa kəndə heç nə olmaz. Musa müəllim kənddədi, elə bil kənddə bir ordu var. Bax vəziyyət belə idi. Musa müəllim də bunu yaxşı başa düşdüyünə görə dərslər başlasa da Bakıya qayıtmırdı. Vəziyyətin tam düzəlməsini gözləyirdi. Oktyabrda demək olar ki, vəziyyət stabilləşdi. Orduya çoxlu yeni hazırlıqlı əsgərlər gəldi. Könüllüləri tərxis eləməyə başladılar. Tezliklə Musa müəllim də qızını götürüb Bakıya qayıtdı. Mən də təhsilimi davam etdirməyə başladım…
27 sentyabr 2020 –ci il İkinci Qarabağ Müharibəsi başlayana qədər bizim kənddə çox hadisələr baş versə də heç kim kəndi tərk etmədi. Əksinə yandırılıb, dağıdılıb işğal olunmuş yaxın kəndlərin uzağa getmək istəməyən sakinlərindən də bəziləri bizim kənddə və onun ətrafında məskunlaşdılar. Bizim kəndi keçilməz səngər edib, qəti döyüş gününü gözlədilər.
O gün gəldi və Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalq, ordu, rəhbər birliyi qələbə qazandı. İndi bizim tarixdə 44 günlük şərəfli Vətən Müharibəmiz, 8 noyabr kimi şanlı qələbə günümüz, Zəfər Günümüz var! İndi bütün çətinliklərin arxada qaldığı gündə mən uzun illər kəndimizi dağılmaqdan, yüz illərdir yanan ata ocaqlarını sönməkdən qoruyan Musa müəllimlə onun xilaskar qızı, kəndimizin qoruyucu mələyi olan Mələk xanımı əbəs yerə xatırlamadım. Mənim bu gün də heç şübhəm yoxdur ki, əgər həmin gün, həmin məqamda Musa müəllim və qızı Mələk kəndə gəlməsə idi, indi bizim kənd də yerində olmazdı. Buradan nə nəticə çıxarmalıyıq? Bütün mövcud vasitələrdən istifadə edib yaxşı oxumalıyıq. Sinif otaqlarımızı, əyani vəsaitləri göz bəbəyimiz kimi qorumalıyıq. Gələcəkdə hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq, ziyalı, vətənpərvər, qətiyyətli, hər zaman təmkinli olmalıyıq. Bütün bu sadaladığım keyfiyyətlərə ancaq yaxşı oxumaq və öyrənməklə nail olmaq olar. Yeni tədris ilində hamınıza uğurlar arzu edirəm! Yeni dərs ilimiz mübarək olsun! Öz doğma evinizə, ocağınıza xoş gəlmisiniz!
– Kimin nə sualı var? – deyə, sonda sinifə müraciət etim.
– Olar, müəllim? – deyə, yeni şagirdimiz Mələk Musalı müraciət elədi.
– Buyur, Mələk. Buyur, qızım.
– Müəllim, bəs sizin adınız nədir?
– Üzr istəyirəm, gərək dərsə başlayanda sinfimizə yeni gələn şagirdlər üçün özümü təqdim edəydim. Unutmuşam. Mənim adım Hüseyndir. Hüseyn Məmmədov.
– Çox sağ olun, müəllim. Maraqlı əhvalat idi. Müəllim, mənim babamın da adı Musadır. O da müəllim işləyib. İndi təqaüdçüdür. Qələbəmizə çox sevinirdi. Lap çox. 44 günlük müharibə vaxtı hər axşam televizorun qarşısında oturub Prezidentimizin çıxışını gözləyirdi. Hər kənd alındıqca, sevincdən ağlayırdı…
– Çox gözəl, mənim ağıllı qızım. Hamımız bax belə Musa müəllimlər kimi vətənpərvər, Mələklər kimi cəsur, qorxmaz, dəyanətli olmalıyıq! – dedim və dərsi yekunlaşdırdım. Uşaqlarla sağollaşıb sinif otağından çıxdım. Yeni şagirdmiz Mələk Musalı 30 il əvvəlki Musa müəllimin qızı Mələyə çox oxşayırdı. Hələ hörükləri, kəpənək formalı bantı. Heç ağlıma gəlməzdi ki, indiki zamanda da şagirdin belə bantlı uzun hörüyü olar. Ən azından son illər heç rast gəlməmişdim. Beynimdə bu Mələklə o Mələyin arasında bir əlaqə varmı? Bəlkə, elə bu qızın babası o Musa müəllimdir? Birdən uşaq gedib əhvalatı evdə danışar? Tez də: “Danışsa nə olar ki, hər şeyi olduğu kimi demişəm. Həm də yaxşı olar təki yeni şagirdimizin babası Musa müəllim elə o Musa müəllim olaydı… Bu günləri o da görəydi… Bu lap əla olardı…” , – bu fikirlər beynimdə dolaşa-dolaşa müəllimlər otağına baş çəkib məktəbdən çıxdım. 2021-22 tədris ilimiz də belə başladı.
Son.
17.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir