AKİF ABBASOV. KİSEL.

AKİF ABBASOVUN YAZILARI


KİSEL
(Qarmonçalan Aslan İlyasovun dilindən hekayə)
Bir zamanlar gənclər evlənəndə toyxana ayrı qurulurdu, yemək yeyilən yer ayrıca. Toyxanada toya çağrılmayanlar da əyləşir, sifariş verir, rəqs edirdilər. Oynayanlara şabaş vermək dəbdə idi. Pulu yaxın adamlarının, dost-tanışlarının başına tökərdilər. Bəzi cavanlar bu yolla özlərini qızlara göstərir, necə pullu və səxavətli olduqlarını nümayiş etdirirdilər. Lakin hamı onsuz da bir-birini tanıyırdı. Bilirdilər ki, cavanları belə ürəkli edən içdikləri araqdır. Ertəsi gün isə bəziləri hətta avtobusa verməyə beş-on qəpik də tapmırdı. Əlqərəz…
Dəvətnamələr veriləndə toyu idarə edən müğənninin, xanənədənin, aşığın, yaxud kaman, klarnet, qarmon ifaçısının adı da yazılırdı. Salyanlı qarmonçalan Aslanın adı gələndə toyxanada adam əlindən tərpənmək olmurdu. Hələ çöldə-bayırda nə qədər qız-gəlin çadırı aralayıb toya tamaşa edərdi.
Yenə toyu Aslan idarə edirdi. Xanəndənin öz yeri vardı, As¬lanın öz yeri. Aslan gözünü yumub qarmonu ağladırdı. Oyun havası öz yerində, muğam öz yerində. Yaxın, uzaq kəndlərdən, qonşu rayonlardan da toya tamaşa etməyə gəlmişdilər. Toyun şirin yerində bir gənc Aslana yaxınlaşıb əlini onun çiyninə qoydu. Barmaqları qarmonun şirmayı dillərində gəzişən Aslan gözünü açıb başı ilə işarə etdi. Yəni «eşidirəm».
Cavan oğlan Aslanın pərəstişkarı idi. Yaxşıca vurmuşdu. Ayaq üstə güclə dayanırdı. O, Aslana müraciətlə:
-Aslan müəllim, mənə dair qulluğun?!
Aslan öz aləmindən ayrılmadan:
-Qul sahibi olasan, cavan oğlan. Həmişə yeyib-içməkdə. Nuş olsun. İşində ol.
Cavan oğlan çəkilib getdi. Aslan ifasını bitirdi. Sonra müğənni oxudu, rəqs etdilər.
… Aslan yenə qarmonu dilə gətirmişdi. Şirin-şirin çalırdı. Yenə hiss etdi ki, çiyninə bir əl qonub. Çevrilib baxanda bayaqkı oğlanı gördü.
-Aslan müəllim, bir şey lazımdır?
Aslan sakitcə:
-Yox, sağ ol, – dedi.
Bu hadisə bir neçə dəfə təkrar olundu. Növbəti dəfə ondan so¬ru¬şanda ki, «Bir şey lazımdır?!» Aslan oğlanı başdan etmək üçün cəld:
-Lazımdır, qardaş, lazımdır. Tez mənimçin kisel tap.
Oğlan gözlərini döydü:
-Nə? Kisel?
Aslan qarmonu çalmaqda davam edərək:
-Bəli, cavan oğlan, kisel, – dedi.
Cavan oğlan tez:
-Baş üstə, Aslan müəllim! – deyib gözdən itdi və xeyli müddət görünmədi.
Cavan oğlan bayaqdan ona mane olur, Aslan da onun xətrinə dəymək istəmirdi. İndi arxayınlıqla çalırdı.
Gecədən xeyli keçmişdi. Toy yekunlaşırdı. Aslan qarmonu qabına qoyurdu. Birdən hiss etdi ki, kimsə qarşısında dayanıb. Başını qaldıranda bayaqkı oğlanı gördü:
-Dostum, sənsən?
Cavan oğlan yaman pərt idi. Aslanın üzünə baxmağa belə utanırdı. Sevdiyi musiqiçinin arzusunu yerinə yetirə bilmədiyi üçün xəcalət çəkirdi:
-Aslan müəllim, dəymədiyim mağaza, qapı, ev-eşik qalmadı. Tapa bilmədim.
Aslan hey fikirləşdisə, yadına sala bilmədi ki, o, nə axtarırmış. Odur ki maraq üçün soruşdu:
-Nəyi tapa bilmədin?
-Axı mənə kisel tapşırmışdın. Vicdan haqqı, mağazalar bağlı idi, satıcıların evlərinə belə getdim. Heç birində olmadı.
Aslanın yadına düşdü və onu gülmək tutdu. O, kisel hayında deyildi. Axırıncı dəfə nə vaxt kisel içdiyi heç yadına düşmürdü. Həm də o, kisel həvəskarı deyildi. Bir söz idi cavan oğlana demişdi. Odur ki tez:
-Canın sağ olsun, cavan oğlan. Tapmışkən varsan. Mən də öz fikrimdən daşınmışam. Kisel istəmirəm. İndi bir stəkan xoruzpipiyi çayın əvəzini heç nə verməz. Bir gör nə edirsən.
Cavan oğlan sevincək:
-Bax bu mənlikdir, – deyib çayçının yanına qaçdı.

QEYD: 20 dekabr qarmonçalan Aslan İlyasovun anım günüdür (Aslan Mikayıl oğlu İlyasov (22 may 1948, Salyan, Azərbaycan SSR – 20 dekabr 2013, Bakı, Azərbaycan) — azərbaycanlı qarmon ifaçısı). Rəhmətlik Aslan İlyasovla tanış idik. İki əhvalat danışmışdı. Mən də bəzəyib-düzəldib onları hekayə şəklinə saldım. Həmin hekayələri 10 cilddən ibarət “Əsərlər”imin hansısa cildinə isə daxil etmişəm. Zəngləşdik. Aslan işlədiyim Təhsil İnstitutuna gəlib kitabları götürdü, təşəkkür edib getdi.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir