Deyir ki,- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”
İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…
“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı… Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki… Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.”- söyləyir.
Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”
Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədim, onu ad günü münasibəti ilə təbrik etməkdir. Axı yanvarın 3-ü Aysel Əlizadənin doğum günüdür.
İşıq evinə səyahət İnsan kitab kimidir. Hər səhifəsində minlərlə fikir gizlənir. Bu fikirlər isə pilləkəndir. İnsan pilləkənləri qalxdıqca daha da yüksəlir. Bu yüksəliş nə qələbə, nə də uğurdur. Bu yüksəlişin adı qələmdir! Qələmini sevən yazıçı, şair doğulacaq övladını da sevməlidir. Bu gün Zaur Ustacın “BB” kitabını oxuyarkən bu fikirlər beynimdə canlandı. Ümumiyyətlə, mütaliə edəndə dünyama səyahət etmirəm,sanki müəllifin duyğularını analiz edirəm. Onları analiz etdikcə duyğuları,hadisələri yaşayıram. Bu yaşanan duyğularım toplanır və mən ondan ev tikirəm. Yenə yazıçı yanaşması edib sizə qələmimin sehrini danışdım. Elə deyilmi? Neyləyək, qələmim elə deyir! Mən qələmim nə deyərsə, onu da edirəm! Onun sözündən çıxarsam, itirə bilərəm, həm də əbədi! Hekayələri oxuyan zaman uzun yolda səyahətə çıxmaq bir o qədər maraqlı, ancaq stressli idi. Yorucu deməyəcəyəm, çünki məni kitab yorarsa, mən onunla dil tapıb söhbətləşə bilmərəm. Sizə fərqli aspektdən yanaşdığım bir mövzudan danışacam. Kitabdakı hekayələr insanların yaşadığı kiçik evə bənzəyir. O evə qonaq getdiyimdə də çox gözəl qarşılandım. Ancaq nə yalan deyim,elə evlər var ki,onlar məni xüsusi qarşıladı! Xüsusi qarşılanan evlərdən yalnız biri daha doğmalaşdı. Sizə o ev haqqında danışacam. Bu, hekayə (ev) qonaqlarının abu-havası, xarakterləri məni özünə cəlb etdi. Ümumiyyətlə, bir yazıçının qələmə aldığı istər hekayə, istər povest, istərsə də roman olsun, bu onun evi, oxucuları isə qonaqlarıdır! Mən də müəllifin hekayələrinin evinə qonaq gedib bu xoş qarşılanmanı sizinlə bölüşürəm! Gəlin, elə ən sevdiyim ev olan “Qismət” hekayəsinə baş çəkək. İlk öncə qeyd edim ki, Zaur müəllimin qələminin füsunkarlığını oxucuları gözəl bilir. Poetik düşüncələr məngənəsində səyahətə çıxmaq məni daha da qələmə bağlayır. Onun qələmindəki sehrli yollarda gəzdikdə bunu daha yaxşı anlayıram. Hekayəni təhlil etməyəcəyəm. Mən oxuduğum əsərlərin haqqında həmişə fikir yazmıram. Onları təhlil edir və hansı yollardan gəlib keçdiyini araşdırıram. Hekayəni oxumağa başlamamışdan öncə adını gördükdə anidən duruxdum. “Qismət…” Qismət sözünü oxuduğum an ağlımda “tale” sözünü xatırlasam da, qələmim onu tale deyil, alın yazısı adlandırdı. Belə bir ifadə var, “qismətdə varsa, olacaq” Mən də tale və qismət sözlərini puzzle kimi bir araya gətirsəm də, alınmadı. Tale- insanın məhv edilən ruhunun yenidən küllərindən doğulmasıdır. Qismət- qələmin,yaxud həyat yolunun səni apardığı imtahandır. İmtahan fərqli-fərqlidir. Elə insanlar var ki, imtahanı ağır, eləsi də var ki, asan keçir. Əslində, sonra düşündüm ki, bəs qismət və alın yazısı necə ola bilər? Alın yazısı, mənim fikrimcə, faciəvi hadisələrin kabus formasında canlı rol almasına bənzəyir. Kabus da, qismət də rol ifaçılarıdır. Bəs bilmirdiniz? Kabus, tragediya insan həyatının heç qurtula bilmədiyi ən qaranlıq evidir. Bu evdən qurtulmaq üçün yalnız “qismət” köməyə çatır. Qismətdə varsa, o qaranlıq evdən qurtulmağı bacaraqsan. Bunun üçün yalnız xoşbəxtlik açarını tapıb qəlbindəki evində saxlamaqdır. “Qismət” yollarından uzun-uzun gəlib kiçik evin gözəl sakinlərinə baş çəkdim. İlk öncə diqqətimi cəlb edən ata və bala arasındakı münasibət oldu. İndiki cəmiyyətimizdə təəssüf edirəm ki, valideynlər və uşaqlar həddindən çox travma içindədir. Mən özüm filmlərdə, real həyatda da bu hadisələrin tez-tez şahidi oluram. Övladlarına qayğı, sevgi göstərmək, ancaq onunla yanaşı onları incitmək, dinləmədən, anlamadan günahlandırmaq tamamilə səhv metoddur. İnsan ömrünün yolları heç vaxt düz keçidlərdən ibarət olmur, amma onları hamar etmək sizin əlinizdədir. Məhz burada da müəllifin ata-bala münasibətində uca Tanrının insanlara bəxş etdiyi sevgini, qayğını hiss etdikdə qəlbim fərəh hissiylə dolub-daşdı! Mən düşünürəm ki, qələmin gücü onun yaratdığı obrazlarındadır. Çiçəyin təlaşı, sevinci və ən önəmlisi uşaqlığı o qədər gözəl təsvir olunub ki, hekayəni oxuduğum vaxt gözlərim yaşardı. Kiçik qızcığazın atasına maraqla ünvanlandırdığı sualları məni daha da heyrətləndirdi. Hekayənin adında böyük məna gizləndiyini daha yaxşı anladım. Müəlifin Allah və Göyərçini məhz “qismət”lə əlaqələndirməsi məni çox uzaq yollara səyahət etdirdi. Oxucularım bilir ki, Tanrının rolu əsərlərimdə əvəzsizdir. Müəllifin də bu gözəl təsviri məni daha da xoşbəxt etdi. Onu da qeyd edim ki, hekayənin ən gözəl tərəfi məhz sonluğudur. Düzü, təəssüfləndim ki, hekayəmiz tez bitdi və qonaqlıq vaxtımızın da zamanı doldu, ancaq qismətin hansı yollardan gəlib keçdiyini yenidən gördüm. Ən əsası bu hissəyə çox diqqət edin: Çiçək atasına “qismət nədir?” deyə sual verdiyində atası onu həmin an cavablamadı. Bəzən olur ki, valideynlər övladlarına zamanını ayırmamaq üçün tələsik sualları cavablandırır, bəzən isə ümumiyyətlə onları saymırlar. Bu, təbii ki, övladlarda travma yaradır. Onların kiçik dünyasında böyüyən bu fırtına artıq gələcəkdə faciələrə belə gətirib çıxarır. Atanın balaca qızını ertəsi günü gəzintiyə çıxarıb qisməti məhz göyərçinlərlə anlatması məni çox düşündürdü. Gəlin, diqqət edək, ovuclarındakı dənləri göyərçinlərə tökən zaman göyərçinlərin dənləri yeməsi. Neçə-neçə göyərçin ətrafa səpələnən dənləri yeyərkən, göyərçinlərdən yalnız bir neçəsi atanın ovuclarındakı dənləri yedi. Bu zaman ata qızını yanına çağırıb məhz göyərçinlərin dən yeməsini ona izah etdi. Sizinlə bu kiçik hissəni paylaşıram. Müəllifin qələmi danışsın və bir az da biz dinləyək: -Hə, indi diqqətlə mənə qulaq as, ağıllı Çiçəyim. Göyərçinlər biz səpən dənləri yeyəndə heç onlara diqqət etdinmi? -Hə. Baxdım. -Fikir verdinmi? Göyərçinlərin çoxu ətrafa səpilmiş dənləri yeyirdi, amma bir-ikisi gəlib ovcumdan yeyirdi. Sən dost olsan, hansı göyərçinlə dost olarsan, bütün digər göyərçinlərə qarışıb dənləri yerdən yeyən göyərçinlərlə, yoxsa ovucumdan yeyən göyərçinlərlə? -Ovucundan yeyən göyərçinlərlə-heç düşünmədən Çiçək cavab verdi. -Nə üçün? -Çünki onlar qoçaqdı. Onlar qorxmur. -Əhsən mənim ağıllı balama. Əhsən. -Bax, həyat da, qismət də belədir. Gördünmü? Dəni ovucumda tutub gözləyirdim. Hansı göyərçin daha cəsurdur, daha qorxmazdır, daha qoçaqdır o gəlib ovucumdan dəni götürüb yeyirdi. Sənin soruşduğun “qismət” də belədir. Bütün uşaqların “qismət”i hardasa durub onu gözləyir. Uşaqlar sadəcə oynaya-oynaya, oxuya-oxuya böyüyüb öz qismətlərinin harada olduğunu öyrənir, sonra da gedib onu götürürlər. “Qismət” bax budur, Çiçək bala, gül bala. Şəkər bala, bal bala. Ağıllı bala. -Hə. Deməli “qismət” bu imiş? -Hə. Ağıllı bala, “qismət” bax budur. Sizinlə müəllifin qələmə aldığı sonluğu bölüşdükdə yenidən o gözəl,isti evin sakinləri ilə söhbətləşdim. Diqqətimi cəlb edən də atanın qızı Çiçəyə olan sevgisi, qayğısı və səbri idi. Mən düşünürəm ki, onlar öz dünyasında yaşadıqca bağçaları daha da böyüyəcək, çünki orada sevgi var! Orada hörmət, səbr, dözüm var! Müəllifin “Qismət” adlı hekayəsində bu yola çıxmaq gözəl idi. Qismət insanların alın yazısının ən doğru yolçusu, ən diqqətli zamanı və ən çətin imtahanıdır. Qismətin rəngləri həyat kimi rəngarəng, bəzən də siyah-bəyaz ola bilər. Qisməti kabuslarınızdan çıxarıb yalnız xoşbəxtlik açarınızla birgə evinizə apara bilərsiniz. Gözləyin, xoşbəxtlik açarınız gəldiyi zaman “qismət” də öz yolunu tapıb və sizə evini açacaq! Qismət evinizin rənglərini boyayarkən onun başqalarının əllərində itgin düşməsinə izn verməyin! Pilləkənləri qalxarkən qorxurdum. Elə bilirdim ki, düşəcəyəm, ancaq sonra hələ evimə çatmadığımı görüb yoluma davam etməyi qərara aldım. Müəllifin bu dərin, düşündürücü hekayəsi mənə də qorxmazlığı, cəsurluğu və yolundan dönməyib, daha da irəliyə addımlamağı öyrətdi. Təkrarlanan yalnız “tale” ola bilər, lakin “qismət” evinin yolları hələ lap qabaqdadır…
Sülhiyyə Musa qızı Nəsirova 27 iyul 1963-cü ildə Cəlilabad rayonu, Günəşli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
HƏYAT
Fikirləri qarmaqarışıq dolanbaclarda itmişdi sanki. Düşüncələri elə bil o dolanbaclarda özünü axtarışdaydı. Başının içi keçmişlə və bu günlə ləbələb doluydu. Bu sağ dalan, bu da sol yola keçid. Fikirlər beyninin sağ yarımkürəsini zəbt etmiş şəkildə sola cərəyan edirdi. Ağlı öz qənaətlərini pıçıldayırmış kimiydi:
“Evlilik bir yastığı paylaşmaq deyil, bir ürəyi, ürəkdəki arzuları, istəkləri və xəyalları paylaşmaqdır”. Bu kimin kəlamıydı bilmirdin, ancaq tez-tez onu təkrarlayırdın. Hər təkrarlaman məni daha artıq səndən uzaqlaşdırırdı. O “sevib” təkrarladığın fikir qədər ömür-gün yoldaşına “sevirəm” – desəydin, belə tez ayrılıq olmazdı.
Hər kiçik söz-söhbətdə belə özünü haqlı bilmək üçün dəridən-qabıqdan çıxmağı fitili atəşləyən sonuncu qor idi. Bəlkə də, daha irəlisi… Çırtaçırtla yanan ocaqdı. Arada bir ətrafı öz alovuna bürüyəcək gücdə olan ocaq.
….Günlərlə kiçik bir incikliyi şişirtməklə, küsməklə dustaq həyatı yaşatdın həm özünə, həm mənə.
Ən çox da uşaqları əhatə etdi bu anormallıqların.
Qəlblərini qırdın, psixologiyalarına zərbə vurdun. Heç eyninə də olmadı.
Eqoların “təkcə mənəm, mən varam” atmosferində ildırım çaxışıydı hər dəfə. Kəsən, doğrayan…
Bu hallar ən çox məni ikiqat ağır zərbə altında əzirdi. Ölümə aparırdı.
Həm onları üzdüyünə görə əzab çəkirdim, həm də məni onların qarşısında qeyri-insani davranışlarınla əzdiyinə görə. Özümə yer tapmırdım, bu fikirlərin ağırlıqları altında hər an parçalanıb qırılıb öz içimə tökülürdüm. Heç kimsə ilə də bölüşmək olmurdu.
Böyüklərin “ailə sirrini özündə saxlayan gizli xəzinədir”, sözlərini də heç kimə aça bilməməkdən qırılırdı adam. Bəlkə də, adam dərdini kiməsə söyləsə, həm yüngülləşər, həm də bir çıxış yolu arayardı vaxtında.
Böyüklərin adət-ənənə-mentalitet deyib, bizə sırıdıqları da heç normal aqillik deyilmiş. İnanıram ki, bütün ailələrin həyat gedişatında bu “mentalitet”müəyyən mənada mənfiyə doğru rol oynayıb?!
Yenə təsəllimiz, çarəsizcə “həyat bu” deyib, yola davam etməklə, yeni-yeni problemləri ardınca gətirən gələcəyin yollarında səfil olmaqdı.
Daha kəskin, daha çıxılmazlıqları ilə…
İnsan çox zaman yaşa görə qocalmır. Haqlı, haqsız çəkdiklrinə və zorla ona sırınan adətlərə görə qocalır, deyə düşünürəm. Sonra da adına tale, qədər, qismət, yazı adını qoyub, mübarizəmizi “mentalitet” müstəvisində bitirməklə qocalığa sürüklənirik. Ona görə də indi: “neçə yaşın var?” -sualına ixtiyarların yaşını gizlədib vermədiyi: “80 yaşım var” cavabını verməklə elə bil boşa xərclədiyim ömür sərvətimin acığını özümdən çıxıram…
Sən içimdəki gözəllikləri az məhvə məruz qoymuş kimi,indi də öz-özümü hədəfə götürmüşəm. Sən almadığın canımı alıram canımdan. Yəqin, bu da sənin xarakterinin ahəngiydi, məndə toplanıb “ahəngə”düşürdü beləcə?! Bilmirdim!
…İndi də olduğu kimi xatırlayıram. Bir rəfiqəmin qızının toyuna getmişdik – səninlə. Xeyli məşhur və əsil ziyalı insanlarla bir yerdə əyləşmişdik. Onların yanında özünü elə apardın ki, sanki məni tanımırsan. Təsadüfən yanaşı oturmuşuq və yad olan mənimlə burda heç maraqlı deyil sənə “imici” təlqin edirdin ətrafa. Şənlik boyu, bir dəfə də olsun, nə məndən oturduğumuz masada nə istədiyimi, hansı yeməyi və nə şirəsi içmək arzumu soruşmadın. Mən tərəfə göz ucu da olsa baxmamağın belə düşünməyə əsas verirdi. Hər bir diqqətsiz insan belə: “bunlar niyə özlərini belə aparırlar?” – sözlərini deməmiş olmazdılar ürəklərində.
Bu da, bir diqqətdən əlavə, məni tanıyanların yanında qəsdən məni kiçiltməyə hesablanmış “jestlər” etdiyinin kiçik bir nümunəsi idi.
Özlüyündə, orda – sənin hərəkətlərin bəlkə də sənətcə aşağı olmağının hikkəsinin hamılıqla o stolda əyləşənlərin cəminə atdığın top atəşiydi. Ən çox da məni mənən əzməyə hesablanmış top atəşi…
Səni çox yaxşı tanıdığımdan, bütün bu sözsüz və səssiz hikkən təkcə mənə bəlli olduğu üçün, elə mənə də ünvanlanmışdı:
“Görürsən, sənin harada və kimlərlə işləməyindən asılı olmayaraq səni necə şəkildə istəsəm pərt edərəm, aşağılayaram və kiçildərəm” – təsiri açıq-aydın sezilirdi.
Qonaqlardan fərqli olaraq, axı, mən sənə illərin o tayından üzü bəri yaxşı bələd idim. Hədəfində olan mənim bütün bunlara alınmağım və incə ruhumla üzülməyim də təbii idi.
Bu azmış kimi, əyilib qulağıma: “Bax, indidən deyirəm, heç kimlə oynamayacaqsan – heç kimlə” xüsusi vurğulu sözlərin yanaqlarıma ürək qanımı gətirəcək qədər ağır zərbə idi… Udqunmaqla və gözlərimə dolan yaşları kipriklərimi çırpmaqla içimə daşıyıb, vəziyyəti nizamlamağa çalışsam da, naşılığım ariflərin gözlərindən yayınmadı.
(Duyurdum ki, hamı kıprıklərinin altından bizə-ən çox da mənə baxırlar)
Elə bu an da başqa bir dostumuzun, orta məktəbin sonuncu sinfində oxuyan və rəqs dərnəyinə getdiyini söylədiyi oğlu ilə oynamağımı xahiş etməsi məni daha bir çıxılmaz vəziyyətə saldı:
-Bəlkə, əzizim, sən Babəklə rəqs edəsən. Bu toyda elə gözəl para, çütlük olarsız ki? – deməyi ağlıma ilk əvvəl onun bayaqdan bəri sənin mənə diqqət göstərmədiyinə acıması hissini gətirdi. İkincisi də sənin qulağıma pıçıldadığın “oynamayacaqsan!” – “əmrini” eşitməsi kimi içimdə bir sarsıntı yaratdı.
Aramızda vəziyyətin normal olduğunu göstərmək üçün aktyorluq etməyə sövqü-təbii can atmaq istəyim isə məni tam alt-üst etdi. Mən çevrilib səndən: “Oynamağa icazə verirsənmi?” – deməyim həm toyu, həm stol ətrafında oturanları və həm də mənim “oyunumu” şok vəziyyətinə gətirmək oldu. Qalırdı şahın mat olması… Bu da oynamaq arzusunun mat halı – mat!
…Və sən oturduğun stolda nümayişkəranə şəkildə çönüb arxanı mənə çevirməyin əsil “mat effekti” oldu. Ən dəhşətlisi də bunu hamının görməsi idi… Bu da şahın mat vəziyyəti…
Daha burdan o yana yol yoxdu. Bu çoxtərəfli şoku adlatmaq üçün məcburdum Babəklə həzin mahnının təranələri altında əməllərini həm özümə, həm də şahidlərə unutdurmağa…
…Və sənin icazəni gözləmədən Babəkin əlindən tutub məclisin oyun yerinə tərəf addımladım. Elə həyəcanlıydım ki… Ancaq, içimdə Allaha yalvarırdım ki, ayaqlarım bir-birinə dolaşıb məni minlərlə gözün qarşısında yıxmasın. Daha böyük mərkəzəqaçma təcilinə uğramayım, deyə, baxışlarım sanki ayaqlarıma dolaşmış haldaydı…
Bu da oyun çevrəsi…
Bu da cani-ürəklə çalan musiqiçilər dəstəsi. Bu aralıqda çalğıçıların kimisinin qaşqabaqlı, kimisinin də gülərüz olduğu gözümdən qaçmadı. Bu, yəqin ki, mənim öz halıma bənzər birini axtarmaq və bundan təsəlli tapmaq instinktim idi…
Hamının gözü bizdəydi. Operatorların çəkiliş bucağı – fotoobyektivi də bizə tərəf çevrilmişdi. Bütün diqqətlər üzərimizdə cəmləşmişdi. Televiziyanın da ekran obyektivindəydik. Fotoaparatlar ancaq bizi çəkirdi. İndi də mənə aydın deyil bu xüsusi diqqətin mənbəyi hardan başlanğıc götürmüşdü. Bəlkə, İlahi nəzm-nizamdı, bəlkə onun məni ağır vəziyyətdən, çıxılmazdan çıxarmaq lütfüydü? Bilmirəm…
…Bu oyun minlərlə ssenari qurmaq üçün sərf edilən cəhd və əməkdən təkcə biriydi, sanıram.
Milyon dəfələrlə qırdığın ürəyimin öz yerinə düşməyən parçalarından biriydi bəlkə də?!
İllərlə mənasız və məzmunsuz yaşamımın çarəsizcə bir ömürə sığdırmaq istəyimin yanlışlığından biriydi özlüyündə?!.
Mən indi taleyin və qədərin sənin əməlinlə barışmayan sevgisinin mənə aid olan parçasını götürüb gedirəm. Səni (o ağılda olmadığını bilə-bilə) özün-özünü məhkum etdiyin gerçəkliklərinlə baş-başa qoyub çəkilirəm itirdiklərim gözəl və təkrarsız illərin yanına (Geri qayıtmaq mümkün olmasa da, irəlidə yolumun olduğu-qənaəti ilə belə düşünürdüm).
Görəsən, indi sən, qalan o yarımçıq sevgi hissəsi və bütöv olmayan xarakterlə necə yaşayacaqsan? – fikrinə qoşulub gedirəm tək nəfərlik yuvama.
Kiminsə dilindən götürüb əzbərlədiyin: “İndi də ayrılıq ölüm deyil ki”, “peyəmbərlər də ayrılıb”, fikri ilə növbəti təsəlli arayarsan özünə. (Çünki, bu uzun birgə həyat savaşı verdiyim illərdə heç vaxt sənin əlinə kitab aldığını görmədim – tutuquşu təkrarçılığından savayı).
Bütün bunları, sənə yüklənməyim və olub-keçən səbəbləri sənin boynuna cəmləməyim kimi alınmasın. Xeyir!
Güya “bir ürəkdə” olduğumuz dövrdə: “Sevgin mənə çatmır, məni qane etmir, onu xəsisliklə göstərirsən, qram-qram, misqal-misqal verirsən”, – dediklərini təkrar-təkrar xatırlayanda bu addımımı dahiyanə “kəşf”sanıram. Çox gec də olsa.
Nobel mükafatına layiq “kəşf” kimi az qala özümü mükafatlandırmağım gəlir indi.
…Təklikdə yaxşı-yaxşı təhlil edərsən mənə yaşatdıqlarını və min çalarlı hərəkətlərini. Sən fikir və duyğularını hara qoyacağını düşünmədən bu ayrılığı sürətləndirdin… Özünü günahsız hesab etməklə işini bitmiş sandın. Sevgimizin və ailəmizin yaşaması uğrunda mübarizədə bulunmadın heç vaxt…
…Söylədiyin kimi,bu sevginin ayrılıq həddinə çatmasına, getmə kulminasiyasına yetməsinə təkcə mənəmmi səbəbkar və günahkar, yoxsa sənmi bais oldun bir yuvanın dağılmasına?! – sualı sənə sonuncu dərsimizdən bir parçadı. Cavabın nə olacaq, bilmirəm. İstəsən, düşünərsən.
Çünki, mənsiz – təklikdə vaxtın çox olacaq araşdırma aparmağa (Bəlkə də, yanılıram, sən ağılda olanlar nə çoxdu həyatda. Özün kimi biri ilə birləşib “ağıl kəmliyinizi” tamamlayarsız?! Nə deyim?!)
Bilmədiklərimi də götürüb gedirəm daha…
Mənsiz yuva olmaqdan çıxan yuvamıza və onun tək sakininə “özünə yaxşı bax” – sözünə gücüm çatır indiki məqamda.
İllərin üz-gözümü öyrəşdirdiyi gerçəkliyi ilə indi də yoxluğa və təkliyə öyrəşməyə gedirəm.
Təkcə bunu bil ki, yuvanı tək dişi quş qurmur. İki quş birləşib qurur. Yuvanın əsil yuva olması üçün sevgi və sayqı gərəkdiyi də unudulmamalıdı… Hələ fədakarlığ ucalığını demirəm. Bu danılmaz bir faktdır və aksioma olaraq da sübuta ehtiyacı yoxdur, deyə düşünürəm.
Bəlkə də dağılan bütün ailələrin mənbəyində bu həqiqət dayanır.
Yaşanan həyat dərslərindən qəti qənaətim isə budur – sevgi ilə gedilən yol yarımçıq qalmaz.
Birliyimiz ərzində üz-üzə heç bir söhbətimiz və müzakirəmiz olmamışdı. Bu müzakirəni özüm özümə son olaraq və sənə məktub olaraq ünvanlayıram.
Salamat qal, dustaq həyatım.
Barmaqlıqlar arasından çıxdım daha – ürəkdəki təkcə mənli olan yuvama gedirəm…
Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur.
Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib.
Bu gün, yanvarın 2-də Rafiq Yusifoğlunun 73 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Havalar sərt keçirdi. Küləkli qış havası ona həmişə pis təsir edirdi. Səhərlər yerindən durmaq üçün əziyyət çəkir, oynaqlarındakı ağrılar günü-gündən artırdı. Hiss edirdi ki, yavaş-yavaş qocalıq qapını döyərək ona xəbərdarlıq edir. Təklik hələ tənhalıq deyil, deyirlər, lakin son günlər o, daha çox tənhalıqdan əziyyət çəkirdi.
30 ildən çox bir yerdə yaşadığı həyat yoldaşı öləndə nisbətən cavan idi. Yeganə qızı da hələ ailləli deyildi. Qohum əqraba ona təkidlə ikinci dəfə evlənməyi təklif etsə də, o, bu haqda düşünmürdü. Qızı ailə qurub ondan ayrıldıqdan sonra isə daha çox darıxırdı. Artıq son illər tək yaşayırdı. Gündüzlər başı işdə qarışsa da, axşamlar darıxdırıcı, gecələr isə çox uzun olurdu. İşıqlar sönən kimi ya keçmiş xatirələr, ya da bundan sonra necə yaşayacağı haqda fikirlər onu rahat buraxmırdı. “Bəlkə qohumlar haqlı idi? İndi yanımda bir həyan olardı…” – deyə düşündüyü vaxtlar da olurdu. Beləcə, ömürdən günlər keçir, aylar ötürdü. O isə tək tənha həyatına davam edirdi.
Son zamanlar qadınlara münasibəti də dəyişmişdi. Hesab edirdi ki, indi əvvəlki sadiq, etibarlı qadınlar yoxdur və yəqin ki, bundan sonra olmayacaq. Bəlkə də, bu illər ərzində qarşısına bir etibarlı, qayğıkeş qadın çıxsaydı onunla evlənməyə razı olardı. O axşam televizorda film izləyirdi. Filmin əvvəli maraqsız olsa da, bir məqamı diqqətini çəkdi. O, gülümsəyərək televizora bir qədər yaxın oturdu və gözünü ekrana zilləyib nə baş verəcəyini maraqla gözlədi.
Diqqətini çəkən məqam o idi ki, filmin əsas qəhrəmanı şam yeməyi yemək üçün restorana gəlir və qərara alır ki, birinci içəri girən tək qadına yaxınlaşıb ona evlilik təklif etsin. Belə də edir, həmin qadın da heç düşünmədən təklifi qəbul edir.
“Çox qəribədir! Bəlkə, mən də belə bir qeyri-adi xəyalla kiminləsə evlənim? Məsələn: qapımın zəngini nə vaxtsa tək qadın çalsa, ona evlilik təklif edim…” – deyə düşündü və özü öz düşüncəsinə güldü. Elə bu vaxt qapının zənginin səsi gəldi. O, qapıya yaxınlaşıb soruşmadan açdı. Qarşısında təxminən 50-55 yaşında nurani bir xanımı görüb çox təəccübləndi.
– Axşamınız xeyir. Mən sizin təzə qonşunuzam, – deyə qadın dilləndi.
– Axşamınız xeyir. Çox gözəl!
– Sizdən bizə su sızır
– Bizdən?
– Bəli.
– Ola bilməz! Mən bu yaxınlarda təmir etmişəm və …
– Bəlkə təsadüfən suyu …
Bu sözləri eşitdikdə o, qadının sözünü yarımçıq qoyub vanna otağına qaçdı. Bayaqdan suyu açıq qoyub film izlədiyi yadına düşdü. Yaranmış vəziyyətdə həqiqətən su qonşunun tavanına sıza bilərdi. O, suyu bağlayıb yenidən qapının kandarında dayanan qadına yaxınlaşdı.
– Bağışlayın. Haqlısınız, üzürlü sayın, suyu bağlamağı unutmuşam. Əgər təmir lazım olsa bütün xərcləri mən ödəyəcəyimə söz verirəm. Xahiş edirəm, bağışlayın.
– Eybi yox, olur. Qonşuluğu dava ilə başlamaq istəməzdim. Həm də su aydınlıqdır deyirlər, – deyə qadın gülümsədi.
– Bəli. Elə deyirlər. Bəlkə gələsiz içəri. Lütfən, gəlin, buyurun… – deyə kişi qadını evə dəvət etdi. Qadın bir qədər tərəddüddən sonra içəri addımladı.
– Mən bu binada heç kimi tanımıram, – deyib divanda əyləşdi, qeyri-ixtiyari gözü televizora sataşdı.
– Siz də bu filmə baxırsız? – deyə soruşdu.
– Bəli maraqlı gəldi mənə.
– Ehh, Avropa, Avropa! Bunlarda hər şey asan həll olunur.
– Bəli. Ancaq bizlərə qəribə gələr belə şeylər.
– Əslində azad düşüncəli insanları sevirəm, – deyə qadın söhbəti davam etdi.
– Doğrudan?
– Əlbəttə!
– Məsələn sizə qəfildən tanımadığınız bir adam evlilik təklif etsə, ilk görüşdən qəbul edərdiz?
Qadın bir qədər tutulsa da, gülümsədi.
– Baxır təklif edənə.
– Maraqlı qadınsınız. Onda açıq deyim. Bayaq bu filmə baxanda düşündüm ki, qapımın zəngini ilk çalan qadın tək olsa, ona evlilik təklif edəcəm.
Qadın bir az da özünü itirərək:
– Əgər ailə vəziyyətiniz imkan verirsə, niyə də yox?
– Siz zarafat edirsiz?
– Yox. Zarafat etmirəm.
– Bəs desəm ki, qapının zəngini siz çaldınız və mən indi sizə evlilik təklif etsəm…
Qadın cəld ayağa qalxdı.
– Mən gedim. Sağ olun.
– Siz allah məni bağışlayın. Lənətə gəlmiş bu film…
– Narahat olmayın, gecəniz xeyrə qalsın, – deyə qadın onun evindən çıxdı, pilləknlərlə qaça-qaça bir mərtəbə aşağıda yerləşən mənzilinə girib qapısını bağladı.
“Gərək belə etməyəydim. Heç yaxşı olmadı. Yazıq qadını lap pis vəziyyətdə qoydum. Bəlkə, onun ailəsi var, əri var? Yox, əri olsaydı gecə vaxtı bizə özü qalxmazdı? Çox ehtimal ki, tək yaşayır. Çox pis oldu. Bəlkə, elə indi gedib üzr istəyim? – deyə düşündü, lakin qərara gəldi ki, sabah tezdən qadının qapısını döyüb ondan üzr istəsin. “Gündüzün şəri gecənin xeyirindən yaxşıdır” – deyə fikirləşib dərmanlarını qəbul etdi və çarpayısına uzanıb yuxuya getdi.
Səhər yenə oynaqlarında sızıltı hiss edirdi. O, astaca yerindən qalxıb pəncərəyə yaxıınlaşdı. Hava o qədər də soyuq deyildi, amma artıq qış qapını kəsmişdi. Evin qarşısındakı marketdə Yeni il bayramına hazırlıq gedirdi. Şüşələrə rəsmlər çəkilir, parıldayan rəngarəng zərlər asılırdı. Şəhər yeni ili qarşılamağa hazırlaşırdı. Nə şəhərin gözəlliyi, nə ətrafda sayrışan lampa işıqları onu sevindirmirdi. Son illər hər şey onunçün o qədər adiləşmişdi ki, onu heç nə təəccübləndirmirdi. İndi onu ancaq dünən gecə xətrinə dəydiyi qadın maraqlandırırdı.
“Yəqin ki, bu qadın mənim qapımı gecə vaxtı təsadüfən döyməyib. Çox ehtimal ki, belədir. Ondan mütləq üzr istəyəcəm. Lap məni evindən qovsa da, onun könlünü almalıyam.” – deyə düşünürdü.
O, hər səhər olduğu kimi bir fincan qəhvə içib evdən çıxdı. İşə gedirdi. Pilləkənləri düşüb həmin qadının mənzilinin qarşısında dayandı. Bir qədər fikirləşdikdən sonra astaca qapını döydü. Qapı dərhal açıdı. Sanki, qadın yatmayıb qapının arxasında onu gözləyirdi.
– Sabahınız xeyir, – deyə salamlaşdı.
– Aqibətiniz xeyir.
– Kimdir gələn? – içəridən kişi səsi eşidildi.
– Qonşudur, – qadın cavab verdi.
– De, gəlsin içəri! – yenə həmin səs eşidildi
– Buyurun. Gəlin içəri! – qadın onu içəri dəvət etdi. O, içəri girdi. Otaqda əlil arabasında oturan adamı görüb bir qədər duruxdu, lakin tez özünü ələ alıb:
– Qonşu, dünən bizdən su sızıb. Gəldim deyim ki, …
– Narahat olmayın. Olan şeydir. Mən dedim axı, gedib narahat etmə qonşunu. Görürsüz də … o, ayaqlarına işarə edib başını buladı. – Qarabağ döyüşlərindən belə qayıtmışam. Mərmi partladı. Ölmədim, amma … Bax 30 ilə yaxındır bu qadın məni beləcə yaşadır. Qoymur ölməyə. Nə qədər dedim, burax məni, get həyatını yaşa, dedi, yox ki, yox.
– Yaxşı, yenə başladın? Şükür Allaha sağ salamatsan. Nə olub ki? Dolanırıq da, – deyə qadın ərinin sözünü kəsdi.
– Oturun çay için bizimlə. Narahat olmayın divardı də, quruyub gedəcək.
– Hə, otur ey, qonşu. Bir də, nə vaxt su sızacaq ki, siz bizə gələsiniz, – deyə kişi də qonşunu süfrəyə dəvət etdi.
– Yox. Bağışlayın. İşə gedirəm, gecikirəm. Bir gün mütləq gələrəm. İstədi desin ki, siz də bizə gəlin, ancaq iki ayağından əlil insana gəlin deyə bilmədi. Sağollaşıb getdi… Yol boyu ağlında dünən filmi izləyərkən qonşu qadının “Eh Avropa, Avropa! Bunlarda hər şey asan həll olunur” dediyini xatrlayır və bir fikri ürəyində dəfələrlə təkrar edirdi: “Bu qadından üzr istəmək yox, onun qarşısında baş əymək, bəlkə də, diz çökmək lazım idi. Demək, hələ də belə qadınlar var…”
Yeni ilin ilk günündə, çox vaxt baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin “yorğunluğunu” çıxarmağa çalışır. Necə deyərlər, hər kəs öz iş-gücündə…
Şair, publisist Əbülfət Mədətoğlu 1959-cu iliin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda “Ədalət” qəzetinin baş redaktor müavinidir. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb…
Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz ümidlərlə addımlayır. Hər yeni ilin gəlişi ilə bir yaş böyüyür, bir yaş da ucalır. Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə mütəxəsislərin kifayət qədər təhlili və şərhi var. Mən onun bir publisist, bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm…
Deyir ki,- “Əlifbanı tanıyandan mütaliəni sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”
Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…
“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. “Ədalət” qəzetində ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının “Ədalət”in oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olub. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirin, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.
Çox çətinliklərlə üz-üzə gəlib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib.
Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir…
Deyir ki,- “Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki təki, yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki məni qarşılayanlar onlar idi…”
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin adlarını çəkir, zamanında xeyir-dua verdiklərini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir…
“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında “işbirliyi” yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə…”- söyləyir.
Qələm adamlarının qruplaşmasından çox narahatdır. İstəyir ki, ciddi əsərlərin sayı çoxalsın və azərbaycanlı müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın…
Bəli, yanvarın 1-də haqqında söhbət açdığım şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!