
Bu gün özünəməxsus söz duyumu, deyim tərzi olan, nur damlalarından ibarət kəlmələrinİ günəş şüasından saplara düzüb göy üzünə, dağlara, dərələrə, ilmə-ilmə göy qurşağı toxuyan Nazim Əhmədlinin doğum günüdür! “YAZARLAR” olaraq, bütün yazarlar arından Nazim müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Nazim müəllim !!!
ÇƏHRAYI YUXULARDAN…
Buluda naxır dedim
Üzüm güzgüdən baxır,
gözüm səyriyir bir az;
çəhrayı yuxularım
dönüb qayıdır, bu yaz;
* * *
saçlarımın içində,
bir əlçim ağ bulud var;
ürəyimin içində,
bir qarışıq umud var;
* * *
güzgüdəki üzümə,
gözüm uyuşa bilmir;
ağzımdan çıxan sözü
dilim dəyişə bilmir;
* * *
quş südündən söz tutub,
daşın üstünə yazdım;
payızın qalan ömrün
qışın üstünə yazdım;
* * *
buluda naxır dedim,
quşdan qanad istədim;
baxdım, göy üzü enib
kipriyimin üstədi.
Burda adamlar uçmur
Payızın ilk günüdü,
ürəyimdə qubar var;
sanki min illər öncə,
lap çoxdan ötüb bahar;
* * *
mən min illər öncəni,
unutmadım, bir an da;
tək qanadlarım qaldı,
göy üzündən o yanda;
* * *
burda adamlar uçmur,
göy üzü quşlarındı;
burda qanadı olan
adamlar daşlanırdı;
* * *
gümüş yuxularımda,
mələklər dəstə-dəstə;
harayasa uçurlar
gümüş suların üstən;
* * *
sanki bu yer üzündə,
lap çoxdan ötüb bahar;
hələ də ürəyimdə
bir azca səksəkə var.
İndi ayrı adamam
İndi ayrı adamam,
solub bətim-bənizim;
üzümü cırmaqlayır,
yuxumdakı göyüzüm;
* * *
qulağıma səs gəlir,
bilmirəm, bu nə sirdi;
günortanın göyüzü
buludları əzirdi;
* * *
həsrətin, intizarın,
əlində qalıb yaxam;
bəlkə, bu bir xəyaldır,
bəlkə də heç mən yoxam;
* * *
odam, suyam, buludam,
uhumun şələsiyəm;
bəlkə də mən dünyanın
sonuncu dəlisiyəm;
* * *
buludlar əsirgəmir,
dəli yağışlarını;
unutdum göy üzünün
yorğun baxışlarını;
* * *
hərdən ürəyim çıxır,
qaçıb gedir köksümdən;
güzgüyə baxanda da,
üşənirəm əksimdən;
* * *
iynənin ulduzundan,
keçir yolum, cığırım;
bir az yaxınımda dur,
hərdən səni çağırım.
Dünyanın gerçək üzü
Adımı hardan aldım,
ya buluddan, ya göydən;
min il öncə gəlmişəm,
bir uzaq, qərib köydən;
* * *
otdan-çiçəkdən ötüb,
daşda qalıb ləpirim;
dünya nə vaxt doğulub,
nə vaxt ölər, nə bilim;
* * *
ötüb keçən bir həsrət,
ağlımın ucundadı;
yer üzündən çəkilmir,
ötən acının dadı;
* * *
qulağım yağır olub,
yalançı nağıllardan;
ufaq bir işıq gəlir,
əhrayı yuxulardan;
* * *
ulduzlar da çəkilir,
elə bil göy üzündən;
min illik həsrət yağır
daşın çiçək üzündən;
* * *
hardan boylanıb baxır,
daş üzüm, çiçək üzüm;
hardasa gizlənibdi
dünyanın gerçək üzü.
Göy üz çox ağırdı
Üzüm-gözüm səyriyir,
yollar çuxur çuxurdu;
dağların arasında
göm-göy sular axırdı;
* * *
könül dildən, söz haqdan,
əlim donur sazaqdan;
kimdisə, lap uzaqdan,
hey yuxuma baxırdı;
* * *
buludlar qara-qara,
üz tutdum uzaqlara;
o taydakı dağlara
ayrılıqlar yağırdı;
* * *
göy üzü naxış-naxış,
nə qar vardı, nə naxış;
gecə kimsə qıj-ha-qıj,
ulduzları sağırdı;
* * *
nə gəlibdi eynimə,
sevdan düşüb beynimə;
əlini qoy çiynimə,
göy üzü çox ağırdı.
Həsrətimin ocağı
Səslənir qulağımda
uzaqların sorağı;
indi qanadlarım var,
bacarıram uçmağı;
* * *
bəxtimə bulaq düşüb,
yoluma çıraq düşüb;
kipriyimə ağ düşüb,
qaşlarımdan aşağı;
* * *
harda bir ağ gül əkək,
bulud yağış güləcək;
kim oxuya biləcək,
göy üzünün qırağın;
* * *
gəl bulağın üstünə,
alışım, bax tüstümə;
dəyir dağın üstünə,
buludlrın saçağı;
* * *
könlüm sözə üz tutur,
əllərim də söz tuyur;
tüstülənib köz tutur,
həsrətimin ocağı.
Mənə bir qayıq gətir
Görmədiyim bir şəhər
elə yuxumda gəzir;
yollarımın üstündə
dəli küləklər əsir;
* * *
hər gün bir bulaq daşır
ürəyimin içindən;
bir qərib inilti var
buludların köçündə;
* * *
hər payız ötən ömür
yarpaq-yarpaq çəkilir;
yatmadığım yuxular
gözlərimdən tökülür;
* * *
qopur qara saçımdan
qaranlıqlar əriyir;
gözlərimin kökündə
ayrılıqlar səyriyir;
* * *
bax, göydəki buludlar
həm ağdı, həm da qara;
mənə bir qayıq gətir,
üzüm, lap uzaqlara.
Payız yarpağına oxşayır üzüm
Payız səhərinə tutdum üzümü,
payız səhərinin üzü soyuxdu;
yaşıl yarpaqlara qara xal düşüb,
sarı çöhrələri oyuq-oyuqdu;
* * *
payız yarpaqların yas mərasimi,
boz dağlar payızın baş daşlarıdı;
budaqlardan düşən sarı yarpaqlar,
ötən son baharın göz yaşlarıdı;
* * *
payızın yuxusu qarışıb deyən,
dağların başında qar qoxusu var;
indi bozax tutan cığırın, izin,
bir azdan, bir uzun qar yuxusu var;
* * *
yıxıldım dünyanın yuxu yerindən,
başlandı ömürün payızı, qışı;
yazda qayıdacaq yenə geriyə,
ölən yarpaqların bahar yaddaşı;
* * *
payız yarpağına oxşayır üzüm,
gəlirəm, payızın oğlan çağından;
tanrım özü mənə ərmağan verib,
dünyanın ən şirin söz bulağından.
Qaçdım, dar ağacından
Bilmirəm, hara qaçım,
necə qaçım suçumdan;
üstümə yağmur düşmür,
buludların saçından;
* * *
sular nədən tərs axdı,
yaxşı gün baxta-baxtdı;
göy üzü quraqlıqdı,
ruhlar ölür acından;
* * *
dürüst olmur “axılar”,
yalan olur nağıllar;
itmir ötən yuxular,
gözlərimin ucundan;
* * *
daha niyə yaz olmur,
ağrı-acı azalmır;
qaranlıqlar sozalmır,
uzaqlarda açır dan;
* * *
harda ütdüm ahımı,
açılan tək sabahmı;
atıb günahlarımı,
qaçdım, dar ağacından.
Qanadlarım uçunur
Bu dünyadan böyükdü,
yumruq boyda ürəyim;
qanadlarım uçunur,
çırpındıqca lələyim;
* * *
nə var, mənim adımda,
ötən ömrüm yadımda;
qayğıların altında,
yağır olub kürəyim;
* * *
həsrət bir uzun yoldu,
canıma ağrı doldu;
yaxam əlində qaldı,
bir dəlicə küləyin;
* * *
sular qalxır dizimdən,
dünya qaçır gözümdən;
görən kimin üzündən.
gözü dönüb fələyin;
* * *
dağlara tez qar düşüb,
könlümə qubar düşüb;
saçlarıma sar düşüb,
payızdandı gileyim;
* * *
yollar uçuq-uçuqdu,
dörd yanı alaçıqdı;
saçlarını açıq tut,
həsrətimi ələyim.
Uçur yaddaşımın daş karxanası
ildi düşmüşəm yolun ağına,
düzdü, dolanbacdı, əyridi yollar;
bir ömür dost oldu, tutdu əlimdən,
hara istədimsə, yürüdü yollar;
* * *
hərdən mən yol oldum, yol özüm oldu,
mənim yol yoldaşım yol üzüm oldu;
su oldu, daş oldu, göy üzü oldu,
hərdən də gözümdə səyridi yollar;
* * *
yağdı buludların qış karxanası,
dondu gözlərimin yaş karxanası;
uçub yaddaşımın daş karxanası,
üzü o yanadı, bəridi yollar;
* * *
qulağıma düşən bu nə səsdi, nə,
həsrət hücum çəkib durub qəsdimə;
uzun kölgəsini sərib üstümə,
məni arxasınca sürüdü yollar;
* * *
kola-kosa dəydi dizim qanadı,
dilimdə atdanan sözüm qanadı;
ayağım yoruldu, dizim qanadı,
ağrıydı, acıydı, kür idi yollar;
* * *
borana, çovğuna, yağışa düşdüm,
min dəfə qarğışa, alğışa düşdüm;
dirəndim, enişə, yoxuşa düşdüm,
ayağım altında əridi, yollar.
İlkin mənbə: /edebiyyatqazeti.az/
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru