MƏDƏNİYYƏTİ XALQIN BÖYÜK SƏRVƏTİ HESAB EDƏN
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
Azərbaycan xalqı tarixin qədim və çətin dövrlərindən belə öz zəngin milli-mənəvi irsini, adət-ənənələrini qoruyub saxlamış, nəsildən-nəsilə ötürərək bu günlərə kimi gətirməyi bacarmışdır. İslam dininin zəngin dəyərlərindən dönməyən, daxili inamı və mənəvi saflığı ilə dini etiqada əsaslanan xalqımız tarixin ən kəşməkəşli mərhələlərində belə milli əxlaqi və bəşəri duyğularını təcəssüm etdirərək bu dəyərlərə həmişə sadiq qalmışlar.
XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılması, Azərbaycan mədəniyyətinin bütün sahələrində sürətli inkişaf və nəaliyyətlər əldə edilməsində müstəsna xidmətləri olmuşdur. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr ümummilli lider Heydər Əliyevə məxsusdur. Onun xalqımızın tarixi keçmişinə, klassik ədəbi qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahənin öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan vermışdir.
1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.
Azərbaycan xalqının adət-ənənələrinin, ümumən milli kimliyimizin mühüm komponentlərinin daha çox əksini tapan, qədim, böyük türk eposu “Kitabi – Dədə Qorqud”un xilası və bu eposun təbliği məqsədilə bədii filmin çəkilişi, habelə 1300 illiyini bütün dünyada keçirməklə dastanın həm Azərbaycan hadisəsi olduğunu sübut etmiş, həm də Sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplamaqla türk birliyi yaratmağa nail oldu. Eyni zamanda ulu öndərin Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Üzeyir Hacıbəyov və bir çox söz və musiqi sənəti ustadlarının dahiyanə əsərlərinin, eləcə də aşıq poeziyasının təkrarsız nümunələrini sovetlər məkanında
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan addımıdır. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin Bakıda və Moskvada ən yüksək səviyyədə qeyd edilməsi, eləcə də belə möhtəşəm tədbirin həm də aşığın doğulduğu Göyçə mahalında keçirilməsində məqsəd el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin hansı coğrafiyanı əhatə etdiyini, ulu babalarımızın Ermənistan adlanan ərazidə əzəldən yaşadığı fikrini sovet cəmiyyətinə çatdırmaq idi.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmırdılar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Sovet dövründə XX əsr Azərbaycanın böyük mədəniyyət xadimləri- Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov, eləcə də Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəmov və s. ədəbiyyat klassikləri o dövrün ən şərəfli mükafatı Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adları məhz Heydər Əliyevin qayğısı nəticəsində almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənətə meyilli şəxsiyyət idi. Gəncliyində incəsənətə gəlmək və memar olmaq istəyən ulu öndəri zaman siyasət memarına çevirdi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində kadr çatışmazlığı böyük problemə çevrilmişdi. Həmin dövrdə Ulu Öndərin səyi ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində təhsil almağa göndərilməsi və mədəni irs sahəsində milli kadrların yetişdirilməsində mühüm rol oynadı. 1970-1980-ci illərdə Bakıda Şirvanşahlar Sarayı Kompleksi, Naxçıvanda Mömünə Xatun, Yusif Küseyir oğlu və Qarabağlar türbələri, Mərdəkandakı Düzbucaqlı və Dairəvi qəsrlər, Şəkidə Xan sarayı, Bərdə türbəsi, Mərəzədə Diri Baba türbəsi həmçinin Rəşid Behbudov adına Mahnı Teatrının, Musiqili Komediya Teatrının binası və s. ölkə əhəmiyyətli tarixi abidələrin qorunub saxlanması istiqamətində mühüm işlər həyata keçirildi.
Azərbaycanın əvəzsiz mədəni irsi olan İçərişəhərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarına əsasən İçərişəhərin, eyni zamanda qədim Şuşanın, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun tarixi hissələri tarixi-memarlıq qoruğu elan olundu. 1981-ci ildə isə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin tarixi hissəsi də qoruq elan edildi.
Ədəbiyyatımız və mədəniyyətimiz dünyanın ən qabaqcıl mədəniyyətləri sırasına yüksəldi. Hеydər Əliyev hamıdan yaxşı bilirdi ki, türkləri birləşdirmək üçün onları ortaq məxrəcə gətirən ideyanı ortaya qoymaq lazımdır. Məhz onun müdrikliyi, böyük uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. Heydər Əliyev 2 noyabr 1994-cü ildə 80-dən artıq millətin nümayəndəsi iştirak edən Türkiyə Böyük Millət Məclisində çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı dövrlərdə Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”. Böyük romantik şair və filosof Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağa qovuşdurması və Cavidlər məqbərəsinin tikilməsi, Bakıda böyük hürufi şair İmadəddin Nəsimiyə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya möhtəşəm heykəllər qoydurması Hеydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına qayğısının böyük təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində də inamla davam etdirilirdi. Həmin illərdə bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylərin qapıları yenidən tamaşaçıların üzünə açıldı və eyni zamanda ölkə ərazisində mövcud olan abidələrin qorunması məsələsi də ön plana çəkildi. Belə ki, tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan düzgün istifadənin təmin olunması məqsədilə qəbul olunmuş – 10 aprel 1998-ci il tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və 6 fevral 1998-ci il tarixli “Mədəniyyət haqqında” qanun bu istiqamətdə mühüm addım oldu. Bunun ardınca, 2001-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq vaxtilə dövlət mühafizəsinə götürülmüş 6571 abidənin əhəmiyyət dərəcəsinə görə bölgüsü aparılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə 6308 abidə dövlət tərəfindən mühafizəyə götürülmüşdür.
Ulu öndər xalqımızın mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması istiqamətində gördüyü ölçüyəgəlməz işləri ilə gələcək nəsillərə zəngin mənəvi xəzinə bəxş etmişdir. Sağlığında millətinə, dövlətinə ən yüksək dəyəri verən Heydər Əliyev xalqın yaddaşında əbədi, silinməz iz qoymuş, onun adı ilə bağlı olan hər şey əziz xatirəyə çevrilmişdir.
Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri
Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com
LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru