SÜLEYMAN ABDULLA. ELEGİYA.

ELEGİYA

Bu boyda dünyanın
bir daxma qədər kiçilməsi sayılmaz möcüzə,
göy üzü bir tavan qədər cansıxıcı və bulanıq.
Adəm övladı nə zaman sığışa bildi ki,
dörd divar arasına, dostum?
Cavabı
künclərdəki hörümçək toru qədər pilə və mücərrəd…
Yerlə göy arasında
açılıb-yığılan çarpayı kimidir ömür
hərdənbir cırıldayır ağırlığından
vird edərkən yer kürəsinin kədərini…

Ah, bu xəzan öncəsi
aynanı döyəcləyən akasiya budaqları,
xal-xal sarılıq çöküb yarpaqlarının şuxluğuna.
Nə əl tutmaq olur otağa çökmüş durğunluqla,
nə ayaqlaşmaq bayırdakı zaman axarı ilə…
Adamın ayağı yerdən,
əli göydən üzülü…
Havası çatmır zülmətin yarızirzəmidə,
Məhbəs divarları kimi cod və zəhmli bir ağırlıq,
Qurğuşundur sanki,
udmaq olmur buğlanan havanı təngnəfəs…

Arada bir səs gah azadlığa çıxmaq istəyir,
gah itib-batır kirli pəncərənin soyuqluğunda…
Ağcaqanad vızıltısı…
Sükutu çəkmiş içinə
divardan asılmış ucuz və saralmış
nə vaxtsa yamyaşıl meşə tablosu
Zaman axıb gedir öz monoton ritmi ilə
köhnə taxçadakı qədimi saatın əqrəbləri tənbəlcəsinə fırlanır öz çevrəsində…
Yenə o ağrı, yenə o sıxıntı…
Vətən tabut-tabut qayıdır özünə,
böyüyür tavanda ilişib qalan
gözlərim günahgarcasına və sual dolu yaş…

Orada, çilçırağın arxasındakı sirr,
sən məni eşidirsənmi…
Dünya sallanır zəlzələvari,
yırğalanır tavanda toz basmış çilçıraq,
döşəmədə ayaqları laxlamış kətil…
Ürəyim uçunur savaş xəbərlərini dinləyərkən…
Yer-göy lərzəyə gəlmiş atəş səslərinə,
amma mən sənə güvənirəm,
sənə pıçıldayıram ürəyimdəki ağrıları…
Hər şey təbiidir bu dünyada, bilirsənmi,
hətta süni yaradılmış müharibələr də…
Nə zaman döyüşməmiş ki, insan övladı
sonu özü olacağı uğrunda?

İki savaşanın biri cığal olmalı mütləq,
yoxsa niyə çıxsın ki cahan savaşları
bir xışma yaraya sıxılacaq torpaq üçün?
Əslində adamların döyüşmək haqqıdır müharibə,
cəng nizamıdır həyatın,
öz varlığının təsdiqidir bəşər övladının.
Olumla ölüm arasındakı məsafə o qədər qısa ki,
bir güllə məsafəsi qədər yəni…
Bir göz qırpımında öldürə də bilərsən, ölə də…
Haqq meydanı deyirsənsə, buyur,
ya qəhrəman ol, ya fərari…
Şəhid olmaq müqəddəsliyi var
bir ali ucalığın əlçatmazlığında…

Pozulur sükut
“İgid əsgər möhkəm dayan” oxuyur kimsə
üstü bayraqlı bir 06-da…siqnal dalınca siqnal…
Kimsə şeir yazır “arş irəli, marş irəli”…
O qədər kiçilib ki, dünya
bir kiçik otağa sığışır ağrıları, sevinci, göz yaşları…
İndi müdafiə nazirliyinin xəbərləri veriləcək,
ağlama, dur həyətdəki zir-zibili təmizlə,
ətraf doludur artıq və yararsız lobbazlarla
Bir azdan başsağlığı verməyə gələcək
bir məmur qoltuğunda bayraq…
Və yaylım atəşləri üzü Tanrıya tərəf…
Bu oyaq sığışmadı ürəyimə,
sıxılır sinəmdə bir ağrı…

Üstündən bir maşın karvanı keçəcək bir azdan,
Və insan seli…
Tezliklə unudulmağa göndərəcəklər
bir qara haşiyəli fotoşəkli.
Vətən olmaq unudulmaqdan keçir, torpaqgözlüm!
Hələ ki istidir torpağın üzü,
yanaqlardan axan göz yaşı doğruçu
və ya yalandan, fərqi yox…
Bir də təəssüf dolu dünyadan böyük o daxma…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir