Cumayev Elvin – Mənim Qaxım.

Qax rayonunun dəyərli və gənc yazarlarından biri də Cumayev Elvin Mahir oğludur.Elvin Mahir oğlu 1990-cı ildə, Qax rayonunun Marsan kəndində dünyaya göz açmışdır.
2010-cu ildən yazıb, yaratmağa başlayan şairin şeirlərini təqdim edirik;


Mənim Qaxım
Yenədə almışam əlimə qələm,
Sinəmdə sözlərim bitməyib hələm.

Sizə hansı yannan hayannan deyim,
QAX adlı gözəl bir rayonnan deyim.

O qədər gözəldir tapılmaz təni,
Sevirəm səfalı əziz məskəni.

Tamam yaşıllıqdır o başdan-başa,
İkicə göz istər etsin tamaşa.

Billur bulaqları uca dağları,
Gülüsta’na bənzər bağça bağları.

Tanrı bir gözəllik verib rayona,
İstərsən baxdıqca baxasan ona.

Hər tərəf gözəldir hər tərəf abad,
Gördükcə insanın könlü olur şad.

Mənzərədir hər yan sanki elə bil,
Rəssam qələmiylə çəkibdir şəkil.

Kim bu seyrangahı görərsə əgər,
Gözünü qırpmadan baxmaq istəyər.

Doymaz havasından doymaz özündən,
Bir an belə ayrı qoymaz özündən.

O qədər doğmadır o qədər əziz,
Qaxımızla hər an fəxr edirik biz.

Qax ağ kağız kimi düşüb ağıza,
Qoymarıq bir ləkə düşə kağıza.

Rayonu qoruyaq göz bəbəyi tək,
İlin hər fəslində görünsün göyçək.

Salnamədir hər bir qayası daşı,
Çox qədim diyardır az deyil yaşı.

     Qocalar evi

Mən bir gün qocalar evində oldum,
Görəndə onları qəlbim göynədi,
Bir yaşlı kişinin halını sordum,
Dərdim dünya boyda böyükdür dedi.

Dedim ey ağsaqqal neyçün burdasan,
Sənin evdə yoxmu sahib çıxanın,
Varmı oğlun qızın varsa bəs hanı?
De nə üçün yoxdur sənə baxanın.

Dərindən ah çəkib sözə başladı,
Oğul övladım var mənim həyatda,
Anasız böyütdüm balacalıqdan,
Çox oldu kədərim qəmim həyatda.

Sevdiyi xanımla toy büsat qurdum,
Atalıq borcumu yerinə yetirdim,
O gəlin evimə qədəm qoyandan,
Öz doğma oğlumu sanki itirdim.

Çox sayılmaz oldum sözüm heç oldu,
Məni bir ata tək sayan olmadı,
Gördüm günü-gündən pis olur halım,
Düşündüm başqa cür çarəm qalmadı.

Oğlum yoldaşının bir kəlməsiylə,
Doğma atasını çöllərə atdı,
O öz mənliyini öz vicdanını,
Elə bil kiməsə pay etdi,satdı.

Çox dözə bilmədim mən olanlara,
Söylədim daha mən çıxıb gedirəm,
Qurub yaratdığım o yurd-yuvanı,
Ürək ağrısıyla mən tərk edirəm.

Son sözüm bu oldu evdən çıxarkən,
Məni axtarmayın gedirəm daha,
Həyatda heç kəsdən mən güvənmədim,
Ümidim qalıbdır yalnız Allaha.

Başqa bir gedəcək yerim yoxuydu,
Bir başa qocalar evinə gəldim,
O gündən gördüyün bu insanları,
Özümə doğmalar əzizlər bildim.

Gör neçə illərdir burda qalıram,
Oğlum heç yadına salmayıb məni,
Atam yaşayırmı sağmı görəsən?
Heç maraqlanmayıb bir dəfə yəni.

Eybi yox qoy onun canı sağ olsun,
Allah bağışlasın günahlarını,
Qəlbində olmasın kədəri-qəmi,
Yağdırsın başına dövlət varını.

Mənimdə ömrümə az qalıb oğul,
Bu dünyanı tutub dura bilmərəm,
Artıq qocalmışam əldən düşmüşəm,
Yenidən yaradıb qura bilmərəm.

Bax belədir mənim həyat hekayəm,
Açdım öz dərdimi sənə danışdım,
Üzümdən biruzə verməsəmdə mən
Ürəyim sızladı yandım alışdım.

Ağsaqqal sözünü çatdırdı sona,
Bir qəlb acısıyla dinlədim onu,
Kaş ömür boyunca xoş gün görəydi,
Belə bitməyəydi ömrünün sonu.

Mən öz özlüyümdə onun oğlunu ,
Təsəvvür eylədim bir nankor kimi,
Oda öz cəzasın çəksin həyatda,
Nura həsrət qalsın ölsün kor kimi …


*. *. *. *. *
Fələk at oynadır öz vərdişiynən,
Kişi məşğul olur qadın işiynən,
Toy edir evlənir kişi kişiynən,
Xarabı çıxıbdır zamanın dünya,

Aşiq ömür sürür yardan aralı,
Saçına dən düşür dəyişir halı,
Kimi dindirirsən qəlbi yaralı,
Üstünü qazıma yaranın dünya,

Şər üstün tutulur bu ittifaqda,
Ey dünya razı ol mənlə bu haqda,
Yaxşılar sayılmaz qalır qıraqda,
Qədrini bilirlər yamanın dünya.

Elvinəm mən çoxdan eyləmişəm hiss,
Ürəklərdə məskən salıbdır iblis,
İnandırım səni vallah keçir pis,
Hər ilin hər günün hər anın dünya,
De nədir fikirin gümanın dünya?…

Müəllif: Cumayev Elvin 

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə DƏMİR – Bir əl də tapılmadı…

Payız qadın

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın…

Daşdan, kəsəkdən keçən

Qismət düşdü payına.

Tənhalığa tay oldu,

Tay olmadı tayına.

Yerdən, göydən qovuldu,

Suda batdı qisməti.

Min yerindən ovuldu,

Öz bəxtindən küsmədi.

Vurdular dağa, daşa,

İsmətini qorudu.

Şükür deyib Tanrıya

Qismətini qorudu.

Qəlbini qıfılladı,

Bağlandı ev-eşiyə.

Nökər oldu, qul oldu

Ər bildiyi kişiyə.

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın…

Yolun ağı

Düşəsən yolun ağına,

Gedəsən özünə sarı.

Əyri-üyrü yol tutasan,

Gedəsən düzünə sarı.

Yorulub, dincin alasan,

Sonra təzədən gedəsən.

Bezəsən daşdan, kəsəkdən,

Yenə dözəsən, gedəsən.

Dırmaşasan, sürüşəsən,

Əlindən ətəyin tuta.

Çırpasan tozun-torpağın,

Burda da ölməyin tuta…

Yuxu

Yuxu yol gedir gözümdə,

Gedir yuxulu-yuxulu.

Küçələri, döngələri

Ötür yuxulu-yuxulu.

Hələ gecə təzə düşüb,

Hələ ki səhərə çox var.

Hələ bizim küçədəyəm,

O qamış çəpərə çox var.

Yuxu tökülür gözümdən,

Əl atıb tuta bilmirəm.

Tutub gecənin əlindən,

Səhərə çata bilmirəm.

Bu yuxu hələ dəyməyib,

Neynirəm bu kal yuxunu.

Göylərdən nağıl gözləyir,

Almanı ver, al yuxunu.

Ömrümdən yarımadım

Sürə-sürə bu ömrü

Gəlib çıxdım yarıya.

Nə verdim ki, ömrümə

Ömrüm məndən yarıya?

Daşdan-kəsəkdən keçdim,

Bərdən-bəzəkdən keçdim;

Min yol ələkdən keçdim

Bəxt araya-araya.

Doğradılar, kəsdilər,

Çeynədilər, əzdilər;

Barışdılar, küsdülər,

Kimlər girdi araya.

Bu savaş dən üstədi,

Bir verdim, min istədi;

Allahdan gün istədim

Döz zarıya-zarıya…

Sən bilməzsən…

Sən bilməzsən qış boranı necədi,

Sazaqlarda üşüməyin dadını –

Qar üstündə topal-topal iz qoyub,

Addım-addım tövşüməyin dadını.

Sən bilməzsən yorğan altda titrəyib

Xəyalların qollarını sarmağı –

Gecələrdən səhərlərə ip atıb,

Arzuları qovub, qovub yormağı.

Necə alım payızını bu qışa,

Heç olmasa, qış ümidin var hələ –

Küləklərim ümidini uçurar,

Bir fəsillik boş ümidin var hələ…

***

Bir əl də tapılmadı

Saçını sığallaya.

Sevincinə sevinə,

Qəmini qucaqlaya.

Bir yuva da olmadı,

Sığınıb ağlayasan.

Girəsən qucağına,

Qapını bağlayasan.

Bütün arzularının

Üstünə daş qoydular.

Dopdolu ürək verdin,

Aldılar boş qoydular.

Səsin gedib çatmadı,

Tanrı da uzaq oldu.

Düşdün ümidlərindən,

Ömrün baş-ayaq oldu.

MƏNBƏ:

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.12.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru