ALLAHVERDİ MƏMMƏDLİ – AYRILIQLA GÖRÜŞƏ GEDƏN ŞAİR
Bu dünyada 51 il yaşayan Allahverdi Məmmədlinin yaşı artıq 70-i ötüb. Lerik rayonunun Yuxarı Amburdərə kəndində dünyaya göz açmışdı. Uşaqlığını dağların daşlı-kəsəkli yollarında azdırıb arana dəyişirlər. Beş yaşı olanda ailələrini kəndin bir neçə ailəsiylə birgə Biləsuvar rayonunun (o zaman Puşkin) Əmənkənd kəndinə köçürürlər. Əmənkənddə məktəbə gedir. Səkkizilliyi bitirdikdən sonra Lənkəranda Pedaqoji Texnikumda təhsilini davam etdirir. Lənkəran ədəbi mühiti tələbə oğlanın formalaşmasında mühüm rol oynayır. Texnikumu bitirib kəndlərində müəllimlik edir. Dərs hissə müdiri olur. Hərbi xidmətə yollanır. Qayıdıb sənədlərini ADU-nun (BDU) Jurnalistika fakültəsinə verir və qəbul olunur. Say-seçmə tələbələrdən olur. Tələbə ikən imzası təkcə şair kimi yox, publisist, tərcüməçi kimi də diqqəti cəlb edir. Poeziya axarından publisistika axarına düşür. Universiteti bitirib Kənd Təsərrüfatı Nazirliyinə nəşriyyat redaktoru vəzifəsinə təyinat alır. Orda peşəkar jurnalist olaraq işgüzarlığı üzə çıxır. «Kənd əməkçisinin təqvimi» həmin dövrlərdə diqqətçəkən nəşrlərdən idi. Şair Fikrət Sadığın təklifiylə Bədii Ədəbiyyatı Təbliğ Bürosuna dəvət alanda öz ərizəsi ilə işdən azad olunur. Həmin illərdə imzası daha çox tanınınır. «Ədəbiyyat və İncəsənət», «Bakı», «Baku», «Azərbaycan müəllimi», «Molodyoj Azerbaydjana», «Sovet kəndi», «Azərbaycan», «Ulduz» və digər mətbu orqanlarla əməkdaşlıq edir. Doxsanıncı illərin əvvəllərində Səhiyyə Nazirliyi, Şəfqət və Mərhəmət Fondunun təşəbbüsü ilə «Şəfqət» qəzeti fəaliyyətə başlayır. 1991-ci ilin yanvarında işıq üzü görən «Şəfqət» milli azadlıq hərəkatının davam etdiyi dövrdə, 20 Yanvar qırğınından sonra Allahverdi Məmmədli üçün bir növ söz meydanı, söz tribunası olur. Səhiyyə, qaçqın, köçkün, şəhid problemləri onun qələmiylə öz həllini bu qəzetdə tapır. Baş redaktorun müavini olaraq qəzetin bütün ağırlığı onun çiyinlərində idi. «Şəfqət»lə əməkdaşlığı davam etsə də, «Ulduz» jurnalına dəvət alır. Bir neçə ay şöbə müdiri, sonra məsul katib, baş redaktorun müavini olur.
1998-ci ilin dekabrında vəfat edib. Son mənzili Lənkərandadır.
Uşaqlığından zahirən sakit görünən Allahverdi içi dolu, püskürməyə hazır olan vulkan kimiydi. Tanıyanların dediyi kimi, istedadıyla bərabər, qeyri-adi savada malik Allahverdi Məmmədli hansı peşənin qulpundan yapışsaydı, uğur qazanacaqdı. Əvvəl müəllimliyi seçib. Lakin orta məktəbdə uzun müddət dərs deməyib. Jurnalist peşəsini seçib – bütövlükdə yazıb-yaratdıqları ilə müəllimə çevrilib. Onun “dərs”ləri bu gün də bizə gərəklidir. Zaman-zaman da gərəkli olacaq.
İ𝙘̧𝙞𝙢 𝙙ə𝙧𝙙-𝙦ə𝙢𝙡ə 𝙝𝙤̈𝙧𝙪̈𝙡𝙪̈𝙗,
𝘾̧𝙤̈𝙡𝙪̈𝙢 𝙨𝙚𝙫𝙞𝙣𝙘𝙡ə 𝙨𝙪𝙫𝙖𝙣ı𝙗…
Bu misralar onun ömür nəğməsinin nəqaratıdır.
Amma ömrün şad-xürrəm, xoşbəxt çağları da az olmayıb – ailə xoşbəxtliyi, yaradıcılıq sevincləri… Nə vaxtsa: Dedim gətirmir mənimki… də söyləyib… İnanaqmı?.. Nə bilim?..
İlhamı, işləmək yanğısı sonsuz idi. Nə yazıq ki, ömür payı qısa imiş…
Şair, publisist, tərcüməçi Allahverdi Məmmədlinin vəfatından 25 il ötür.
𝙈ə𝙣𝙞 𝙖𝙮𝙧ı𝙡ı𝙦 𝙜𝙤̈𝙯𝙡ə𝙮𝙞𝙧,
𝙂𝙚𝙙𝙞𝙢, 𝙜𝙤̈𝙧𝙪̈𝙢 𝙣ə 𝙨𝙤̈𝙯 𝙙𝙚𝙮𝙞𝙧…
𝙂𝙚𝙙𝙞𝙢, 𝙨𝙤𝙧𝙪𝙨̧𝙪𝙢, 𝙜ə𝙡𝙞𝙢…
– deyib getdi. Ayrılıqla görüşdü. Fəqət gəlmədi…Elə bildik, vədinə xilaf çıxdı… Yox, yox qayıtdı – daha kamil, daha müdrik. Ömrün 70 illik zirvəsində dostlarını, onu sevənləri bir araya gətirdi. Ayrılıq görüşlərini haqqında yazılan “Haçandı görüşmürük” kitabında sevdiklərilə paylaşmaq üçün.
***
Allahverdi Məmmədlinin neçə kitaba sığası yaradıcıq irsi qalıb.Ən zəngin, dəyərli irsi isə ailəsi, övladlarıdır. Bu ocağın hərarətini “nənəqızı” dediyi Ofelyası qoruyur. Böyük oğlu Xəyal BDU-nu bitirib.
Sankt-Peterburq şəhərində yaşayır. Azad sahibkarlıqla məşğuldur. Böyük qızı Ayan bu il orta məktəbi qızıl medalla bitirib,
İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunub. Bacısı Leysan orta məktəbdə oxuyur. Əlaçıdır.
Evin sonbeşiyi Tural Bakıda ata ocağında yaşayır. Neft və Sənaye Universitetini bitirib. O da azad sahibkarlıqla məşğuldur. Qızı Qumru Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsil alır. Oğlu Ayxan məktəblidir. Dərs əlaçısıdır.
Allahverdi Məmmədlinin ömrü yarımçıq qırılsa da, cəmiyyətdə ləyaqətli mövqeyə malik övladlarının, üzlərini görmədiyi nəvələrinin ömründə yaşayıb davam edir.
Məkanı cənnət, ruhu şad olsun.
Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru.
YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru