Əli Rza Xələfli – “BİR MUĞAM MƏCNUNU”…

“BİR MUĞAM MƏCNUNU”…
(Dünya yazana qaldı)

Vaqif Yusifli öz oxucularını daha bu ünvana çağırır.Özü də həmin üç kəlmə ilə. İki ecazkar aləmin -muğam aləminin və məcnunluğun birliyi vəhdəti daha bir qeyri-adi aləmin yaranmasından xəbər verir
Bir muğam Məcnunu… Kimdir o? Hardan gəlmişdir, yolu hayanadır? Bu yolların yorğunu kimi yarı yolda qalmayacaq ki? Axı bu yol… Bəli, Vaqif Yusifli yolun ağrılığını, qaranlığını yol- çunun işıqlı mənəvi aləmindən süzülən nuru.. Hər şeyi yaxşı gö- rür. Bəlkə də, elə buna əvvəlcə Yolçu müqəddəs yolun Məcnu- nu haqqında danışmazdan əvvəl yolun nə yol olduğunu, bu yolun hardan gəldiyini anlatmaq istəyir; Ancaq buna da tələsmir. Lap zirvədən başlayır. Daha qorxmur, bilir ki, arxasınca çağırdığı insan övladı onunla birgə bu yolu keçməkdən ötrü ayağının altına baxmadan, sıldırımları yuvarlanmaqdan çəkinmədən gə- ləcəkdir. Çünki onun danışdığı hekayətin özü elə muğamdır. Bü- tün sənətlərin şahı muğam Şahanə bir qürurla, ən başlıcası, daxili bir yanğı ilə oxunursa, onu eşidən dinləməyə məhkumdur.
Vaqif Yusiflinin “Bir muğam Məcnunu” əsəri elegiya-povesti müəllifin özü tərəfindən oxunan muğam dəstgahı təsirı bağıçlayır. Əsər gözəl muğam ifaçılarımından biri Zahid Quliyevin həyat va sənət yollarında başına gələnlər, öz istedadının gücüna qazandığı uğurlardan bəhs edir
Artıq qeyd etdiyimiz kimi, Zahid Quliyevin mənəvi aləminə daxil olmağa tələsmir Fikir və duşüncələrinin qanadında qalxdığı zirvədən – zildən başlayır. “Həyat, məhəbbət, insan, gö zəllik ali duyğuların ifadasi olan muğam, bu dörd bəşəri möνzunun fəlsəfi işarəsidir
Muğam artıq Şarq hadisəsi mahiyyətindən çıxıb ümumbəşəri estetik hadisəyə çevrilmişdir
Azərbaycanın qüdrətli filosofu Asif Ata yazırdı: “Hər bir muğam bir fəlsəfi konsepsiyadır. Çünki burada həyatın dərin fəlsəfi mahiyyəti öz dərin ifadəsini tapıb
Muğamda fəlsəfənin əsas məqsədlərindən biri olan özünü dərketmə çox parlaq şəkildə təzahür edir.
Muğamda özünüdərketmə dialektik bir proses şəklində baş verir. Muğam pillələr sənətidir. Hər pillə insan həyatının bir cəhətini əks etdirir. Hər yeni pilləyə qalxdıqca biz həyatın yeni bir tərəfini dərk edirik.
Har pillə – bir sonluqdur. Bütün pillələr bir yerdə sonsuzluqdur. Hər pillə – ömür illərinin bir fəslidir. Bütün pillələr ümumən ömürdür”.
Muğamın ilk dəfə harada və nə vaxt yarandığı barədə müxtəlif versiyalar və fərziyyələr mövcuddur. Lakin harada yaranır- sa-yaransın, muğam Şərq hadisəsidir”. (Vaqif Yusifli “Bir muğamın Məcnunu”. “Atilla” nəşriyyatı, Bakı 2003, səh.5).
Bundan sonra müəllif sözün həqiqi mənasında zəhmətə qat- laşaraq hamımızın bildiyimiz və heç birimizin bilmədiyimiz (bəl- kə elə bu da muğamın ecazkarlığına bir sübutdur) muğamın fəlsəfi mahiyyəti tarixi, məşhur muğam ifaçılarımız haqqında məzmunlu, elmi araşdırmalarla zəngin dəyərli və bitkin bir əsərlə – birinci söhbətlə bizi tanış edir. Həmin söhbəti oxuyanda adam bir qədər ürpənir. Bu ecazkar aləmə daxil olmağa cəsarət edən tapılarmı? Və elə həmin söhbətin sonunda belə bir cəsarət sahibi ilə bizi tanış edir. Bu, Zahid Abdulla oğlu Quliyevdir. Xeyr, Vaqif Yusifli məsələni sadəcə mürəkkəbləşdirmək, süni şəkildə Zahid sənət yolunun çətinliyini gözlərimiz önündə canlandırmaq istəmir. Zənnimcə, həqiqət budur ki, o özü də necə çətin və məsuliyyətli bir mövzuya can verməli olduğunu dərk etdiyindən çətin, ancaq uğur gətirən bir yol seçimidir. Təkcə elə həmin hissə kütləvi oxucu üçün dəyərli bir mənbədir. Həm də ən başlıcası oxucu əsərin qəhrəmanına yuxarıdan aşağı baxa bilməz. Çünki muğam aləmi, güclü qanadları istəyən əngin samadır. Bax müəllif əsərin əvvəlindəcə bu ovqatı yaratmaq istəmiş və buna nail olmuşdur. Onun tarixə maraqlı ekskursları bulaq suyu – dağ çeşməsi kimi içilir: “Muğam sənəti Füzulisiz yaşaya bilməz. XX əsrdə Füzuli qəzəli Azərbaycan musiqisinin əvəzsiz güvənc yerinə çevrilmişdir. Böyüklü-kiçikli bütün muğam oxuyanlar Füzulidən yararlanıblar. Bu işdə dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ənənələri. Füzuli aləmində söz (şer) və səs (musiqi) insanın öz surəti səviyyəsində mühüm rol oynayıb. “Rast”, “Segah”, “Çahargah”, “Zabul”, “Humayun” və başqa muğamlar Füzuli qəzəllərinin daha çox oxunduğu muğamlardır. “Humayun”a Rübabə Muradovanın, “Zabul-Segah”a Yaqub Məmmədovun, “Rast”a ustad Xan Şuşinskinin, “Bayatı-Şiraz”a Alim Qasımovun seçdiyi qəzəllər necə də yerindədir.
Füzulişünas alim Sabir Əliyev yazır: “Onun misilsiz bədii icadlarında, xüsusilə, musiqiyə hüdudsuz bir rəğbət və aşnalıq görürük. Şair ideal insan tipi yaratdığı Məcnunun ümdə müəyyənedici sifətindən birini də onun musiqiyə təşnə münasibətində – qeyri-adi səsində və avazında görürdü. tanıdığı sifət, nişanverici əlamətdir: Nofəl Məcnundan necə xəbər tutur? Məclisində Məcnunun “ürəkdağlayan” şeri oxunanda Leyli səhrada bütünlüklə üzülüb tanınmız olmuş Məcnunu necə tanıyır? Məcnunun sözünü və səsini eşidəndə. Füzulinin nəzərində musiqi, mahnı, melodiya söz səviyyəsinə bəyan vasitəsi, sözdən daha təsirli təlğin sənətidir. Füzulidə musiqi elə diffuziya vasitəsidir ki, dünyanı idarə eləyənlərin özlərini musiqi idarə eləyir, musiqi özü müxtəlif əhvalların əks-sədasıdırsa, müxtəlif əhvallar da çox zaman musiqinin törəmələridir. Musiqi bizim əhvalımızı təkcə qıcıqlandırmır, həm də idarə edir: ağladır, sevindirir, düşündürür, bizi ruhlandırır, öləzidir, soyudur, qızdırır:

Mütrib, ağlatma şürudinlə Füzuli xəstəyi,
Səyl-əşkindən saqın, qopmaya bünyadi-tərəb”.

(S.Əliyev. “Füzuli”. Azərnəşr, 1996, səh.60-61)
Ümumiyyətlə, bütün klassik şairlərimiz musiqini, muğamı yüksək qiymətləndirmişlər. Füzulidən sonra xanəndələrin ən çox müraciət etdiyi şair Seyid Əzim Şirvani olmuşdur. O da çox əsərlərində həyat nəşəsini, insan sevgisini zahidlərin tərkidünyalığına qarşı qoymuş, musiqinin, xüsusilə muğamın insan həyatına bəxş etdiyi sevinc hissini, estetik həzzi tərənnüm etmişdir. Seyid Əzimin dillər əzbəri olan məşhur müxəmməsinə nəzər yetirək:

Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar,
Agah ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,
Nədir ol xüşk olan cibdə bu naleyi-zar-
Ki, sədasındən onun qarət olur səbri qərar,
Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.

…Ey könül, məhrəmi-raz eyləmə biganələri,
Vermə naəhl əlinə bu dolu peymanələri,
Çək rümuzat ilə zülfi-süxanə şanələri,
Seyyida, Mehdiyə yalvar ki, bu dürdanələri
Eyləsin məclisi-şəhvari-Kərim bəğdə nisar.

Seyid Əzimin öz dövrünün məşhur musiqiçiləri ilə dostluğu, ünsiyyəti, Şamaxıda təşkil olunan Mahmud ağanın musiqi məclislərində fəal iştirakı, öz qəzəllərində ayrı-ayrı görkəmli musiqi ifaçılarının adlarını çəkməsi bir daha sübut edir ki, o, hal əhli olmuşdur. Şərqin bir çox şəhərlərində ruhani təhsili alsa da, əksər din xadimlərinin əksinə olaraq musiqini, muğamatı haram saymamışdır”. (Vaqif Yusifli “Bir muğamın Məcnunu”. “Atilla” nəşriyyatı, Bakı 2003, səh. 7-10).
Sonra Vaqif Yusifli Ə.Vahidi yada salır və daha sonra yenidən tarixə qayıdaraq görkəmli muğam ifaçıları haqqında məhəbbətlə söz açır. Bir növ oxucunu hazırlayır…
Və hazırlıq başa çatan kimi pərdəni götürür, sanki oxucu ilə ədəbi qəhrəmanı Həyat adlı səhnədə tək buraxır. Buradaca bir qənaətimi demək istərdim. Məqamı çatmasa da… Hər kəs öz ömür yolunu, xüsusilə Zahid Quliyev kimi muğamın fəlsəfi mahiyyətini, müdrikliyini öz nəfəsi ilə canlandıra bilən bir xanəndə danışa bilər. Fəqət danışa bilər… Bunu yazıya gətirmək onun danışanın əhvalı ilə yoğuraraq oxucuya çatdırmaq necə də çətindir.
Mən müğənninin söhbətləri kimi verilmiş parçaları da xüsusi bir istəklə, ağrıdıcı, qəlb göynədən bir duyğu ilə oxudum. Doğrusunu deyim, həmin sətirlərin arasından anam yurdun, atam torpağın tanış nəfəsini duyurdum. Oxuduqca gözlərim önündə canlanırdı o mənzərələr. Cəbrayıldan Xələfliyə qalxıram, ordan Nüsüsə – Çaxmaq çayını düşürəm. İncə kəhrizini keçirəm. Hacı Qaramanı, Çələbilərin müqəddəs məzarlarını ziyarət edirəm, Sofulunu, Ənsari, Pirəsədi adlayıram.
Dağ Tuması, Başı kəsik Günbəzə çatıram, ot basmış, izi itmiş dağ yolları ilə Söyüdlüyə, Qazanzəmiyə, Xanağa bulağınacan getməliyəm…
Yox vallah, yollar burda qurtarmır. Bu yolların yiyəsi var. Bir gün baş qaldırar, yapışar mənim yaxamdan və deyər ki, axıracan gedə bilməyəcəyin yola çıxmayaydın.
Zahid Quliyev hansı mühitdə yetişə bilərdi. Onu muğamın çətin yollarında azmağa qoymayan hansı fəhmdir. Onun içindəki bələdçi kimdir?
Vaqif Yusifli problemi aydın qavradığı üçün sonralar belə sualların ortaya çıxdığını yaxşı bilirdi. Ona görə də qələminin istiqamətini, zəkasının işığını Zahidi ərsəyə gətirən mühitin üstünə yönəldir: “Atalı dünyam”- ikinci söhbət belə adlanır. Və Zahid Quliyevin dinləyiciləri, onun ecazkar səsinin pərəstişkarları Qarabağın – Cəbrayılın daha bir el sənətkarı Aşıq Abdulla ilə tanış olurlar: “Atam 1917-ci ildə anadan olub, 1982-ci ildə rəhmətə gedib. Qarabağda onu tanımayan yoxdu – Aşıq Abdulla deyəndə hamı minnətdarlıqla onu xatırlardı, elə indi də. Atamı bir aşıq kimi nəinki Qarabağda, ətraf bölgələrdə də sevirdilər. Atam aşıq havalarını çox gözəl bilirdi, tarda da çalırdı, balabançı da onu müşayiət edərdi”. (Vaqif Yusifli, “Bir muğam Məcnunu”. “Atilla” nəşriyyatı, Bakı 2003, səh.16).
Bir haşiyə: Aşıq Abdullanı mən də yaxşı tanıyırdım. İlk dəfə Hüseyn əmioğlunun toyunda görmüşdüm. 60-cı illərin axırları olardı (65-67-ci illər).
Həyətdə çox da böyük olmayan mağar qurdular. Dedilər Aşıq Abdulla gələcək, məcbur olub mağarı söküb imkan qədər böyütdülər. Həmin gecə Aşıq Abdulla həmin mağarda dövran sürdü. Tarda saz havalarını gözəl çalırdı. Balabançısı da vardı. Məclisdə ağırlıq yarananda adamlar Qurbaninin əhvalına uyğun kədərə bələnəndə dastanı saxlar, qəribə bir əhvalat danışar, balabançısına sataşardı. Gecə keçmiş dastan yarımçıq qalardı. Göz yaşımdan islanmış köynəyimi nənəm iki dəfə düyməsini bağlayıb açdı… Mən heç indi də dərk etmirəm ki, niyə ağlayırdım…
Yox, indi daha aydın olar mənim üçün, o dastandakı kədər, aşığın səsindəki qəm zəbanəsi və alov, od simlərdəki…
İndi bunların hamısının cavabı var. Qarabağ yoxdur, həmin ağrı, həmin kədər keçmiş yaraların göynərtisi imiş. Mənsə o vaxt ağlamağımın səbəbini indiki göynərtidən sonra dərk edirəm.
Müəllif ədəbi qəhrəmanını əzab yollarından keçirir, onun öz dili ilə onu danışdıra-danışdıra. Sevinirəm ki, Zahid Quliyevi yaşadığı iztirablar əzməyib, əzə bilməyib. Onun körpə cismi, kövrək qəlbi nə qədər ağır olsa da dözə bilib. Bu, onsuz, elə indinin özündə də bitib-tükənməyən ağrılar nəhayət, onu əhli-ka- mal eyləyib. Onun bir sənətkar kimi, bir muğam aşiqi – Məcnunu kimi formalaşmasında əvəzsiz rol oynayıb.
Aşıq Abdulla təkcə Zahid Quliyevin mənəvi aləminə təsir göstərməyib, eləcə də onun sənəti Cəbrayılda ərsəyə gələn çoxlu istedadlı gənclərin formalaşmasında, sənətdə dayanaqlı olmasında ciddi amil olub. İlk dəfə Aşıq Abdullanı gördüyüm toyda onun dəstəsində bir gənc qız da vardı. Həmin qız elə o vaxtdan hamının sevdiyi, əzizlədiyi, sonralar gözəl xalq mahnıları və muğam ifaçısı olan, musiqi sahəsində fədakar pedaqoq kimi tanın- mış Yaqut xanım Abdullayeva idi.
Həyatdan vaxtsız getmiş Hüseyn Əhmədoğlunun, Şamil Əhmədovun və başqalarının musiqi aləminə gəlməsində onun səsinin, onun sənətinin rolu danılmazdır.
Yeri gəlmişkən, əsərdə Yaqut xanımın söhbəti də verilib. “Xatırlayıram, Zahid Quliyevin M.Axundov adına Opera va Balet Teatrına gəlişi opera səhnəsində baş rolların ifaçısı sarıdan bir əminlik vəd edirdi. Hər halda, sınaq müddəti olmadan baş rollar üçün təsdiqlənməsi bunu deyirdi. Amma Zahid Quliyev bu səhnədə “məcnun”luqdan savayı bir nümunə göstərmədi – az sonra ərizə yazıb teatrdan getməsi ilə nə Zahid qazandı, nə teatr. Əslində bu müəmmalı gedişin aydın izahı mümkündür – Zahidin xarakterindən gələn həssaslıq. Amma Zahidlərin belə həssaslığı sənətə, onun inkişafına xidmət üçün vəzifə tutanların etinasızlığı ilə üzləşəndə sənət itirdi. Yeri gəlmişkən, burada Zahid Quliyevin “günahı” daha böyükdür. Zahidin ən böyük günahı özünə qarşı laqeydliyidir, belə demək mümkünsə, öz qədrini bilməməsidir. Zahid, bir çox insanlar kimi: sadəlövhdür, nədənsə bu gün də elə fikirləşir ki, kimsə onun əvəzinə o səsi, o ifanı təbliğ edəcək, qoruyacaq, efir və səhnə qapılarını səxavətlə bu səsin üzünə açacaq. Əslində, haqq qazandıra biləcək bu sadəlövhlüyün bir səbəbi də onunla izah oluna bilər ki, Zahid Quliyevi xarici ölkələrdə daha çox qiymətləndirirlər, bu səsin adi səs olmadığı qənaətinə bizdən əvvəl kənarda gəliblər. İkicə misal bu qənaətə haqq qazandırar, zənnimizcə: Mərakeşdə XIV əsr səyyahı İbn Batutaya həsr olunmuş tamaşada, onun Azərbaycanda olduğu dövrü əks edən musiqi parçalarını Zahid Quliyevin səsi müşayiət edir- di. Bu oxumanı dinləyən Şərif Xəzinədar (Fransa) onu “Dünyanın səsi” filminə salır. Nədənsə bu film Azərbaycan efirində bircə dəfə də nümayiş olunmadı.
Zahid Quliyevin qastrolda olduğu ölkələrin sayı uzun siyahı olardı, amma son illərin “unudulmaq” ağrısını qeyd etməmək olmur. Amma xanəndə Zahid Quliyevin ifasında diskin yaddaşına köçürülmüş “Bayatı-Şiraz”, “Bayatı-Kürd”, “Mirzə Hüseyn” segahı, “Mahur Hindi”, “Şur”, “Rast” dəstgahları deyir ki, unudulmaq, daha doğrusu, göz-görəsi unutmaq cəhdləri Zahid Quliyevə qarşı ədalətsizlikdir. Bu, xalqın sərvəti olan muğa- ma, musiqi mədəniyyətinə etinasızlıqdır. Və bu ittihamları sənətdən başqa maraqlara yönəltmək cəhdində bulunan xanəndənin özünə də aid etmək olar. Hər cür cəhdin arxasında vətəndaş hisslərinin durduğunu anlamaq mümkündür, amma başa düşmək haqq qazandırmaq demək deyildir. Çünki Zahid Quliyevə verilən səslə birgə bir məsuliyyət də var. Xalqa, Muğama xidmət etmək. Və bu səsin sahibinin bu missiyadan çox-çox aşağıda duran maraqlara, məşğuliyyətlərə yönəlməyə sadəcə, haqqı yox-
dur”. (Vaqif Yusifli, “Bir muğam Məcnunu”. “Atilla” nəşriyya tı, Bakı 2003, səh. 85-86).
Vaqif Yusiflinin bu əsəri məni düşündürür… Ədəbi qəhrəma nın öz şahidliyi ilə qələmə alınmış “Analı dünyam”, kəndim mənim – dünyam mənim sənət yolu, sənət uğurları müsahibə-söhbətlər çox maraqlı povestin fəsilləri kimi oxunur. Xüsusilə itirilmiş dünya – Analı dünyam, Analı dünyam kəndim mənim – dünyam mənim” fəsillərini ürək ağrısız oxumaq çətindir. Bilmirəm bu, bəlkə mənə belə gəldi…
Hər halda mən həmin hissələri ağrı ilə oxudum.
Muğam Məcnunu haqqında çoxları danışır. Azərbaycanın görkəmli incəsənət xadimləri, böyük mənəvi simalar Zahid Quliyev haqqında ürəklə, səmimiyyətlə danışırlar.
Dedim axı bu əsər məni düşündürür. Nə üçün? sualının isə üstündən keçdim. Azərbaycan ədəbiyyatının tarixini öyrənərkən qədim təzkirələr köməyimizə çatır. Kaş gözəl xanəndələrimiz haqqında öz zamanlarında yazılmış salnamələr də çox olaydı. Bu mənada, Vaqif Yusiflinin xidməti danılmazdır.
“Bir muğam Məcnunu” kitabı sənətə məhəbbətlə yazılıb. Sənəti, İlahinin bəxş etdiyi səsi qorumaq ciddi-cəhdlə qələmə alınıb – “Bir muğam Məcnunu”…
Ancaq çox arzu edərdim ki, Vaqif Yusifli oxucusunu əsərin əvvəlindəki zirvəyə sonluqda bir də qaytaraydı.
Məcnunluq məhəbbətdən keçə bilməməyin bəlasıdır. Bu bəlanın şahlıq quşu ancaq Məcnunların başında yuva qurar. Qayıdıram Qurbani yurduna – Diriyə, doğma kəndimizə. Qurbani məzarlığında uyuyan Dədə Qurbaninin ziyarətinə və eşidirəm Qurbani sədasını:
“Nə ola bir şadlıq xəbəri gələ,
Yüklənə barxanam ellərə doğru!
Naşı ovçu bərə bəklər, əylənər,
Marallar sayrışar yollara doğru.
…Qurbani der: “Naləm yandırar daşı,
Üstümə gəlməsin təbibi-naşı,
Ümmana dönəndə gözümün yaşı,
Axanda tökülər sellərə doğru”.
(Qurbani, Əsərləri, Bakı Universiteti nəşriyyatı, 1990, səh.117).
Son söz yerinə: Vaqif Yusiflinin “Yolun düşsə Şirvana” adlı bir kitabı da var. Muğam sərhəd tanımadığı kimi, Məcnun da sərhəd tanımır. Bir gün onun yolu düşsə Diriyə, Qurbani ruhunun səsini aydın eşidər. “Bir muğam Məcnunu’na pərəstar olduğuna görə…
Haqq aşiqlərinin səsini eşitmək hər kəsə nəsib olmaz…
12.12.2003.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


GÜNNUR AĞAYEVANIN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir