VAQİF OSMANLI – ÖMÜR FİLMİMİN SSENARİSİ

ÖMÜR FİLMİMİN SSENARİSİ

Birinci hissə

Dünyaya gələn kimi başladım ağlamağa,
oxşadılar, ovutdular, aldatdılar doğmalarım,
bürüdülər süd qoxulu təmiz ağa,
elə bildim süd qoxuludu, ağdı dünya,
qucaqda yaşamaqdı dünya.
Gülüşlərimlə birgə doğuldu arzularım.
Elə ki, başlandı qarlı qışım, qızmar yayım,
xəzanlı payızım, çiçəkli baharım,
isindim qayğıyla, ümidlə,
öyrəşdim öpüşə, sığala,
özüm də mat qaldım bu şirin nağıla.
Bir ağ günlü oğul oldum,
anamın həzin laylalarıyla,
atamın gizlin qüruru ilə, nəzəri ilə
böyüdüm.
Hər gün bir darı dənəsi boy atdım,
ağlaya-ağlaya, gülə-gülə.
Şirinim, şəkərim deyənlərə
şirni oldum, noğul oldum,
bu dünyanın nağıllarına inanıb
sonu məchul nağıl oldum…

İkinci hissə

Böyüdükcə quduz həyat qıcadı dişlərini
acgöz yalquzaq kimi
ağzı sulana-sulana,
gözləri yana-yana.
Baxdı mənə
sümüyü bərkiməyən sütül bir uşaq kimi.
Qoynuna sığındığım şəhər uddu məni,
nə dərinmiş çinədanı,
qapqara zülmət imiş hər tini,
dar dalanı.
Əzrayıl bildim “xozyayka”mı –
Rübabə xalanı.
Bərkitdi məni şəhər gözəllərinin
kinayəli gülüşləri, eyhamları,
məni dilbilməz, anlamaz sanan
əli təsbehli,
dodağı “Kazbek”li
tin adamları.
Sınağa çəkdi məni darıxdırıcı günlər,
ehtiyac,
Xəzərin dəli xəzrisi, mülayim gilavarı,
kirayə qaldığım yarızirzəmi, yarızülmət
pəncərəsiz evin alçaq tavanı,
nəmli divarları…

Üçüncü hissə

Bu şəhərdə
dişinə çəkdi məni
“şəhər” adlı “səhra”nın nəfəskəsən bürküsü.
Təngisə də nəfəsim,
titrəmədi səsim,
büdrəsəm də yıxılmadım,
kəndimizin palıdları kimi
möhkəm idi bünövrəm –
ömür sarayımın təməli, hörgüsü.
Bu şəhərdə
nə ağacdan asılmış təbii nənni –
çarpayı gördüm,
nə də Koroğlunun dəliləri kimi hayqıran
dəliqanlı dağ çayı gördüm.
Burda dəniz gördüm –
suları mazutlu, neft ləkəli.
Nargini ölüm düşərgəsi,
sükunəti təhlükəli.
Balıqları batan gəmilər kimi
“SOS”a gümanlı –
“mənə təmiz su, hava, qida verin!” həyəcanlı.
Bu şəhərdə
əyri yollar gördüm – əngəlsiz, dümdüz,
sonunda
gözlərindən cin yağan küpəgirən qarı,
ya da bədheybət Təpəgöz,
hər ikisi bağlayıblar düz yolları.
İblisvari adamlar hey irişir qucağını aça-aça.
Doğru yolları sərt enişli, yoxuşlu,
labirint toxunuşlu,
əriş-arğaclı,
tıxaclı,
dalanları gedir çıxılmaza.
Aldada bilmədi məni
əyrim-üyrüm yolların
başgicəlləndirən gəlhagəli,
nazlana – nazlana göz süzdürüb oxuyan
restoran gözəli.
Bu şəhər – sınaq meydanı,
bir-birindən fərqlənmirmiş
mələyi, şeytanı…

Dördüncü hissə

Bu ziqzaqlı yolların düzlüyündə
yeridim addım-addım,
boz məmurun təkəbbürlü sifətinə baxa-baxa,
heyrətlə, maddım-maddım.
Elm adamı olmaq istəyimin
üstündən qara xətt çəkdi bir məşhur akademik:
“sənə yer yoxdu,
adamımız çoxdu”,
az qaldı barmağını gözümə soxa,
əllərimə baxdı, inanmadı yoxa.
Ancaq sındıra bilmədi məni
saxta təbəssümlər, qrimli üzlər,
hiyləgər baxışlı əyri “düz”lər.
Dənizdə də üzdüm,
dağlarda gəzdim,
bəyazlıq, əzəmət, təmizlik görmədim
bu şəhərin “dağ”larında.
Hiylə gördüm, məkr gördüm
gözəllərin kaleydoskop kimi min bir rəngli
gözlərində, yanaqlarında.
Kəndimizin təpələri məğrur idi bu “dağ”lardan,
uşaqları da qürurluydu
şəhərli “qoçaq”lardan.
Qartal qanadlarım olsa da, heyhat,
quşqonmaz zirvələr tapmadım burda.
Mazut qoxuyurdu, yağışı, qarı,
laqeyd idi tanışları, “dost”ları…

Beşinci hissə

Nə yaxşı ki, aldada bilmədi məni
süni bər-bəzəkli,
bulvarı saxta öpüşlü,
bir neçə saatlıq “sevgi”li, ətəyi gödəkli şəhər.
asfalt küçələr,
ekzotik həyatlı gecələr,
barlardakı körpə “cücə”lər
üyüdə bilmədi məni
şəhərin çax-çuxsuz dəyirmanında.
Darıxdım
tovuzquşu kimi
alabəzək gözəllərin ormanında.
Zirvə eşqi ilə yandım, alışdım,
hey çalışdım,
qalxım zirvəyə.
Ayağımdan dartdılar:
-Ay kəndli balası, hələ tezdi, – deyə.
Arzularımdan uçan xalça toxumaq istədim,
qırıldı ilmələri.
Hayqırmaq, zildən oxumaq istədim,
ağzımda qaldı kəlmələrim.
Uçağan xəyallarım ilişdi
zamanın qara buludlarına,
amansız həyatın
qovhaqovlarına, tuthatutlarına…

Altıncı hissə

Bu acı əngəllər bişirdi məni,
inamım, əqidəm, əyilməzliyim
bütün sınaqlardan keçirdi məni.
Indi gəlib çıxmışam
çoxfəsilli ömür dastanının sonuna,
Tanrı, nə deyim, bu qaydasız oyununa?!
Şəvə tellər seyrəldi
payızda ağacların yarpağı kimi,
bir-bir düşsələr də başımdan
yorğun-yorğun
saralda bilmədilər həyat eşqimi.
Gözəllər baxdılar oğrun-oğrun,
“ehh…”ləri sinəmi dəldi,
düşündüm:
“Payız nə tez gəldi?!”
Üzüboz şəhər sahib çıxmasa da
ürəyi dolu, cibi təmiz bir kəndli balasına,
bənzəyirəm
atamın, anamın müqəddəs ruhuyla,
dostların, doğmaların arzusuyla
ucaltdığım alınmaz qürur qalasına…


2018

Müəllif: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir