Bəxtəvər küləklər, Çılğın küləklər, Gün işığı saçlarına təsbeh çəkər. Hər telini zikr eləsəm, Tərifi tanrını aşar, Açsam sancağından Sinəmin üstündən daşar…
Bəxtəvər küləklər, Çılğın küləklər, Pay çəkər küçənin tozundan sənə, Pay çəkər dənizin duzundan sənə. Öpsə, dodağının boyası gedər, Mənim ürəyimdə bir işıq sönər, Bütün leyləklərin yuvası gedər. Məni qısqandıra, Oxşar saçlarını bu kür təbiət, İlahi, mənə də qismət…
Bəxtəvər küləklər, Çılğın küləklər, Qoymaram yolunu yanından alar, Uzat əllərini, tut ətəyindən, Gəlib qisasımı donundan alar. Unutma, Bir şair də sevər səni, Bir şair də şeir qoşar. Gülüşlərin səhnə alsa, Üstünə alqış daraşar…
Bəxtəvər küləklər, Çılğın küləklər, Dağ kimi durmuşam önündə sənin, Qalxıb göy üzündə buludları qov, Görməyim yerlərə enəndə səni. Görməyim bu qızı pıçıldayanda, Görməyim bu qızı dinəndə səni!
Günaydın əziz, dəyərli Dostlarım! Bu gün ulu babamız- klassik şair M.V.Vidadinin övladları, nəvələri və nəticələri haqqında uzun zaman öncə araşdırdığım və özümdə əxz etdirdiyim məlumatları Sizlərin nəzərinə çatdırmağı mənəvi borc bildim. Görən gözləriniz var olsun! Öncədən hər birinizə dərin təşəkkürümü bildirirəm!
_//
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə dünyaya göz açmışdır. Şairin uşaqlığı və ilk gənclik illəri Şəmkirdə keçmişdir. Atası Məhəmməd ağa, babası Alı ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından idilər. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindən idi. Belə ailədə böyüyən Vidadi kiçik yaşlarından mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, təhsil almaq məqsədilə Qazağa köçmüşdür. İlk təhsilini Şəmkirdə almışdır. Amma ərəb, fars dillərini mükəmməl öyrənmək üçün bir müddət Qazağın Poylu kəndində yaşamışdır. Təhsil aldıqdan sonra Şıxlı kəndində mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Molla Vəli adı ilə tanınmışdır. Qıraq Salahlı kəndində yaşayan Molla Cəbrayıl Qayıbovun qızı Tükəzban xanımla evlənmiş, Şıxlı kəndində məskən salmışdır. Bu nigahdan şairin altı oğul və iki qız övladı dünyaya gəlmişdir. Ömrünün müəyyən qismini Tiflisdə yaşamış, gürcü çarı II İraklinin katibi vəzifəsində çalışmışdır. 1809- cu ildə doğma kəndi Şıxlıda vəfat etmişdir. Kəndin Gəmiqaya adlanan ərazisində dəfn olunmuşdur.
//
General Əliağa Şıxlinski (1865-1943) “Xatirələrim” əsərində yazır ki, anam Şahyəmən xanım Qayıbova Azərbaycan şairi Molla Vəli Vidadinin qız nəvəsi idi. M.V. Vidadinin qızı Cəvahiri xanım anasının qohumu Mirzə Məhəmməd Qayıbovla ailə qurmuşdur.
//__
Şair və araşdırmaçı Salman Mümtaz ( 1884- 1941) yazırdı: “Molla Pənah Vaqif ilə Molla Vəli Vidadi qohum (quda) idilər. Mərhum Abbas ağa Nazir Qayibov vaxtı ilə mənə demişdir ki, şair M.P.Vaqifin iki qızı – Pəri-Soltan xanım və Mələk-Cahan xanım M.V. Vidadinin oğulları ilə ailəli idilər. Böyük oğlu Müfti Osman Əfəndi Pəri-Soltan xanımla, kiçik oğlu Molla Ömər isə Mələk-Cahan xanımla evlənmişdir. Mələk- Cahan xanım klassik şair Yəhya bəy Qazağinin anası idi. Bu məlumat M.V. Vidadinin nəticəsi general Əliağa Şıxlinski tərəfindən də təsdiq olunmuşdur.”
__//
Müfti Osman Əfəndi Qazax qəzasının Birinci Şıxlı kəndində dünyaya göz açmışdır. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan şair Molla Vəli Vidadinin oğlu idi.
İlk təhsilini atasından almışdır. Ənənəvi şərq elmlərinə və rus dilinə dərindən yiyələnən Osman Əfəndi gənclik illərində Qazax, Borçalı, Tiflis mühitində mötəbər alim və müdərris kimi tanınmışdır. Qafqazda Öməriyyə (sünni) məzhəbi üzrə ali ruhani – müfti olmuşdu. Qafqaz müsəlmanlarının I müftisi Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Yevgeni Qolovinin təklifi ilə Osman Əfəndi Qafqazın (Zaqafqaziyanın) Il müftisi təyin edilir. 1847-ci ilin dekabrında Tiflisdə ilk şiə mədrəsəsi açıldıqdan sonra müfti Osman Əfəndi canişin Mixail Vorontsovun qarşısında oxşar əsasnamə ilə sünni mədrəsəsinin də açılması məsələsini qaldırmışdır. Məhz onun təklifi ilə 1848-ci ildə sünni mədrəsəsinin nizamnaməsi təsdiq edilmişdir.
1849-cu ildə məktəbin təntənəli açlışı olub. Osman Əfəndi həmin məktəbin fəxri hamisi idi. Bu məktəbdə din ilə bərabər dünyəviliyə daha çox üstünlük verilirdi. Tələbələr təhsilə görə vəsait ödəməkdən azad idilər, başqa yerlərdən gələnlər isə mədrəsənin nəzdindəki pansionda məskunlaşmışdılar. Məktəb özü isə məscidin vəsaiti hesabına saxlanılırdı. Qafqazın Avropa ruhlu ilk türk ziyalıları dəstəsinin yetişməsində Osman Əfəndinin böyük rolu olmuşdur. 0, 1850- ci ildə vəfat etmişdir.
//___
Mötəbər din xadimlərindən biri olan Səadəddin Əfəndi Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsi idi. Atası Osman Əfəndi Qafqazın II müftisi idi. Səadəddin Əfəndi dini təhsilini Şamaxı mədrəsəsində almışdır. 1868- ci ildə Şuşa qəzasına sünni qazisi vəzifəsinə təyin edilmişdir. On il Şuşada fəaliyyət göstərdikdən sonra 1878- ci ildə Qazax qəzasının qazisi vəzifəsinə təyin edilmişdir. Yerli əhalini çəyirtkə ilə mübarizəyə səfərbər etdiyinə görə 1882- ci ildə ll dərəcəli Müqəddəs Anna gümüş medalı ilə təltif edilmişdir. 1888- ci ildə vəzifəsindən istefa etmişdir. 1894- cü ildə Yelizavetpol (Gəncə) qubernatorunun təkidlərindən sonra yenidən Qazağın qazisi vəzifəsini icra etmişdir. Səadəddin Əfəndi Qazağın varlı şəxslərindən biri idi. Birinci Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, naxırları və qoyun sürüləri var idi. O, 1916- cı ildə vəfat etmişdir. İkinci Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. Qəbri qardaşı Məhəmməd ağanın qəbrinin yanındadır.
Ailəsi haqqında: Qızı Güləndam xanım Alay bəy Şıxlinski ilə ailə qurmuşdur. Kiçik qızı Badisəba xanım Alay bəyin əmisi oğlu Qiyas bəy Şıxlinski ilə nigahda idi.
Qeyd: Hal-hazırda Qazi Səaddədin Əfəndinin adını onun nəvəsi – BDU- nin müəllimi, fizika- riyaziyyat elmləri namizədi, dosent Səadəddin Əfəndiyev (1952) yaşadır.
__//
Qafqazın din xadimlərindən olan Məhəmməd Əfəndi Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin isə qız nəvəsi idi. İlk təhsilini əvvəl öz atası Müfti Osman Əfəndidən almışdır. Sonralar isə Qafqazın müftisi Taciddin Əfəndidən İslam elmlərinin sirlərini öyrənmişdir. O, 1838- ci ildə Qafqaz Ordusunun Baş Qərargahına işə qəbul edilmişdir. Həmin il ordunun Dağıstan yürüşündə iştirak etmiş və yürüşdə fərqləndiyinə görə 1859- cu ildə ona gizir hərbi rütbəsi verilmişdir. Dağıstan qoşunlarının komendantı general Fezin tabeliyində xidmət edən Məhəmməd Əfəndi Samur, Axta əhalisinə və çərkəzlərə qarşı ordunun apardığı əməliyyatlarda fəal iştirak etmişdir. Buna görə də ona ömürlük təqaüd kəsilmişdir.
Məhəmməd Əfəndi 1845- ci ildə Qafqaz canişini Knyaz Mixail Vorontsov tərəfindən Tiflis cümə məscidinin imamı təyin edilir. O, 1847- ci ildə canişin tərəfindən Qazax qəzasının baş qazisi vəzifəsinə göndərilir.
1852–ci ildə İmperator Coğrafiya Cəmiyyətinə əməkdaş üzv, 1857-ci ildə isə həqiqi üzv seçilmişdir. Knyaz Aleksandr Baryatinski tərəfindən qızıl zəncirli qızıl saatla və brilliant üzüklə mükafatlandırılmışdır. Məhəmməd Əfəndi 1857- ci ildə Qafqazın Öməriyyə məhzəbli (sünni) əhalisinin müftisi təyin olunmuşdur.
İmterator 1861-ci ildə Kutaisiyə gələrkən Məhəmməd Əfəndi ilə görüşmüşdür. Bu görüş imperatorda dərin təəssürat oyatmışdır və ayrılarkən ona gümüş tütünqabı və brilliant üzük bağışlamışdır. 1871- ci ildə imperator tərəfindən qeyri- xristianlar üçün nəzərdə tutulmuş II dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. Məhəmməd Əfəndi 1872-ci ildə martın 27-də vəfat etmişdir. Məzarı İkinci Şıxlı kəndinin qəbirstanlığındadır.
__//
Abbas ağa Nazir 1849-cu il oktyabrın 9-da Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810–1869) dövrünün görkəmli maarifçisi idi. “Bəyani-hal” poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğunu nəzmə çəkmişdir. İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830–1917) almışdır. On dörd yaşınadək kənd məktəbində oxumuşdur. Dayısı oğlu Məhəmməd ağanın məsləhəti və köməyi ilə Tiflisdəki “Məvariyi-Qafqaz ruhani idarəsi”nin nəzdində açılmış altı sinifli (üç illik) məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra doğma kəndi Salahlıya qayıtmış, 1873-cü ilədək müəllimlik etmişdir. Sonra Tiflisə dəvət olunmuşdur. Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi, baş katib vəzifəsində otuz beş il çalışmışdır. 1910-cu ildən Tiflisdən doğma kəndi Salahlıya qayıdıb məktəbdarlıqla məşğul olmuşdur. 30 dekabr 1919- cu ildə Salahlıda vəfat etmişdir.
//_
Xədicə (Müftizadə) Qayıbova 1893-ci il mayın 24-də Tiflisdə Qafqazın ll müftisi Osman bəy Müftizadənin oğlunun ailəsində dünyaya göz açmışdır. Babası Osman bəy Müftizadə Azərbaycan şairi M.V.Vidadinin oğlu idi. Anası Züleyxa xanım isə XIX əsrdə Tiflisdə məskunlaşan tatar əsilli Terequlovlar nəslinin nümayəndəsi idi. Xədicə xanım ilk təhsilini Müqəddəs Nina Qızlar məktəbində almışdır. 1911-ci ildə Tiflisdə yayılan vərəm xəstəliyi səbəbindən Xədicə xanım atasını, bacısını, və qardaşını erkən itirir. Ona görə də təhsilini yarımçıq qoymağa məcbur olur. Ailəsini itirən Xədicə Müftizadə 18 yaşında ikən Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu – Nadir Qayıbzadə ilə ailə həyatı qurur. Onlar bir müddət Tiflisdə yaşadıqdan sonra 1919-ci ildə Bakıya köçürlər. X.Qayıbova cümhuriyyət illərində ictimai həyatda çox fəal idi. O, qadınlara təhsil verilməsi ilə bağlı keçirilən layihələrdə iştirak edir, qadınları təhsil almağa yönləndirirdi. H.Z.Tağıyevin X.Qayıbovaya xüsusi hörməti və rəğbəti var idi.
X. Qayıbova sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSRİ Xalq Təhsil Komissarlığında Şərq Musiqisi şöbəsinə rəhbər təyin edilir. Həmin illərdə yaradılan Şərq konservatoriyasının banilərindən sayılan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanır. Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edir. Ü. Hacıbəyov, R.M. Qliyer (sovet bəstəkarı), Bülbül, H. Sarabski, M.L. Presman, L. Rudolf, Q. Primov kimi sənətkarlarla əlaqə saxlamış, Azərbaycan musiqi folklorunun toplanmasında böyük xidmətləri olmuşdur.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanın müstəqilliyinə söz verilmişdir, hər kəs öz sahəsində fəaliyyətlə məşğul idi. Bir müddət sonra repressiyalar, təqiblər başlandı. Bu dalğanın içində X. Qayıbova da vardı.
Həyat yoldaşı Nadir Qayıbov repressiya qurbanı olduqdan sonra X. Qayıbova ikinci dəfə ailə həyatı qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşid Qayıbov 1933-ci ildə həbs edilir ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də sovet hüquq-mühafizə orqanları şübhəli şəxs qismində X.Qayıbovanı 3 ay müddətinə həbs edirlər. O, da həyat yoldaşı kimi casusluqda ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırırlar, amma heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edirlər.
1934-ci ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi fəaliyyətlə məşğul olmağa başlayır, konservatoriyanın tədqiqat heyətində çalışır. Missiyası Azərbaycanın musiqi mirasının araşdırılması idi.
Çox keçmir ki, 1937-ci ildə X.Qayıbovanın həyat yoldaşını yenidən həbs edirlər. Rəşid Qayıbov bu dəfə geri qayıtmır. 1938-ci ildə qətlə yetirilir.
16 mart 1938-ci il tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinin lll şöbə rəisinin müavini leytenant Tevosyan belə bir sənəd tərtib edir:
“Türk və İngilis qərargahları Bakıda olduqları zaman X.Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra X.Qayıbova evində Müsavat partiyasının başçılarından olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-ci ildə X.Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. O, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. X.Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatın üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən, X.Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir.”
X. Qayıbova həbs olunan zaman oğlu Abdulkərimin 23, qızı Alanqunun 12 yaşı var idi.
1938-ci ildə 9 dəfə dindirilən Xədicə Qayıbova dindirilmə zamanı heç kimin əleyhinə ifadə verməyib və güllələnməyə rəvac verən heç bir ifadəsi olmayıb. Ancaq mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. X.Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir sayılır.
Altı aydan sonra belə qərar çıxarılır: “Qayıbova Xədicə Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin.” Xədicə Qayıbova 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnib. 1956-ci ildə X.Qayıbova ölümündən sonra bəraət almışdır.
6 iyun “YAZARLAR” JURNALInın məsul katibi, gözəl insan araşdırmaçı-yazar, pedaqoq, məşhur “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabının müəllifi ARAZ ŞƏHRİLİnin doğum günüdür! Ad günü münasibəti ilə Araz müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!
BRİLYANT ATƏŞ ÖMRÜ – POEZİYASININ DİLİ İLƏ Bu düşüncələrimi bilgisayarın yaddaşına köçürməyə başladığım anda səsinə vurulduğum Nərminə Məmmədovanın həzin səsində telekanalların birində “Pıçıldaşın, ləpələr” mahnısı hisslərimə hakim oldu. Bunu yazının uğurlu olacağına əlamət bildim. Hər əlamətə inanmasam da, musiqinin ilahiliyi məni məndən alıb inandırdı. Mən həm də bu ədəbi təhlilimi dörd kitab müəllifi, pedaqoq, filoloq, şair Brilyant Atəşin “Nənəmin kəlağayısı” kitabındakı şeirlərin təbiiliyinə və səmimiliyinə inandığım üçün yazıram. Necə də uğurlu ad və təxəllüsdü. Brilyant və Atəş. Bunlar qol-boyun olub brilyant kimi qiymətli və saf, atəş kimi isti, müqəddəs poetik nümunələrin yaranmasına vəsilə olub. Onun şeirləri özü kimi səmimidi, duyğularını həzin-həzin ləpələrin ana dənizin qulaqlarına pıçıldadığı kimi pıçıldayır, daşların arasından işıqlı dünyaya can atan büllur bulaq kimi zümzümə edir. Elə ki, haqsızlıq görür, həqiqətə dil uzadanlara, haqqı nahaqqın ayağına yazmaq istəyənlərə rast gəlir, necə deyərlər, üzü dönür, mülayim Atəş, alov dilləri ərşə çıxan tonqala dönüb həqiqət işığından qorxan yarasalara, bayquşlara qənim olur. “Meydan sulayan qoçulara, yaltaqlara, xalqın qanını soran zalımlara, torpağı biznes edənlərə, qansızlara, vicdansızlara” meydan oxuyur – lap Ərəbzəngi kimi. Onun lirik duyğuları ləpə kimi mülayim, dalğa kimi haraylıdı.
Nə tökürsə qələm gözdən, vərəq çəkir köksünə, Sən yazdıqca bu dünyada hər şey gedir əksinə. Yazıq millət bu həyatda nə yatdı, nə diksinə, Balıq başdan iylənəndə yaltaq sular bulayır, Zalım xalqın qanın sorur, qoçu meydan sulayır.
Yazdıqları söz adamının ədəbi kimiliyidir, sözlə çəkilmiş avtoportretidir. Söz adamının kim olduğunu onun yazdıqları kimi dəqiq bildirən ikinci bir tanıtım testi tanımıram. Süni bəzək-düzək, saxta təbəssüm qəlp adamın içindəkiləri o an necə həndəvərindəkilərə faş edirsə, söz də elədir, sözə xəyanəti heç vaxt bağışlamır. Brilyant xanım həmişə, hər yerdə özüdür. İnsanlığı, diqqəti, sözə dəyəri, məsuliyyəti ilə. O, haqqı danmır, sözünü də. Söz onun mənəvi övladıdırsa, “dünyaya Haqla qoşa gəlibsə”, necə dansın, niyə dansın? Axı o, anadır. Övladına nəvazişini əsirgəməyib, mənəvi balasına da. “Daş kəsən, baş kəsən, savaş kəsən sözü ucuzlaşmağa, ucalıqdan enməyə qoymayanlar bircə söz sarıdan acdılar”.
Göylərin buludu gözümə dolub, Çoxu daldalanıb izimə dolub. Ən gözəl fikirlər sözümə dolub, Vərəqə tökülən ləlmi, incimi?
Brilyant xanımın yaradıcılığının bir özünəxas bir cəhətini də vurğulamaq yerinə düşər. O, çox yazarlardan fərqli olaraq şifahi xalq ədəbiyyatını, folkloru, klassik aşıq sənətini, ana dilimizi, kənd həyatını mükəmməl bilir. Onun təcnisləri, qıfılbəndləri, müxəmməsləri, dodaqdəyməzləri, divaniləri, deyişmələri mükəmməl klassik aşıq ədəbiyyatı nümunələri səviyyəsindədir. Cümşüd Əlinin qıfılbəndinə cavabı bunu təsdiqləyir:
Cümşüd Əli: Şair dostum, o nədir ki, cavab ver, Kökü göydə, budaqları sallanır. Nə bulaqdır, çeşməsindən süzülən, Gah acıdır, hərdən isə ballanır.
Brilyant Atəş: Şair qardaş, eşit deyim düzünü, O Günəşdir, budaqları sallanır. Məhəbbətdir, çeşməsindən içirsən, Gah acıdır, gah da eşqdən ballanır.
Və bir də:
İlahi, yazanda gözəl yazasan, Bəyaz qarı qışa, gülü yaza san. Atəşəm, diləyim, sən də yaz asan, Arzular birləşsin, gedək o yana.
Brilyant Atəşin lirik duyğularından tapdığım ləl və incilərlə onun kimliyini sözsevərlərə tanıtmaq istəyirəm. Belə tanıtım, məncə daha obyektiv, daha inandırıcı və əyani olar. Bilirəm ki, həssas oxucunu aldatmaq mümkün deyil. Heç vaxt aldatmaq fikrinə də düşməmişəm. “Düzlük ən yaxşı biclikdi” mənim də məsləkim, məramımdı.
Düzlükdən imarət qurasan gərək, Sözü məqamında vurasan gərək. Haqqın arxasında durasan gərək, Yoxsa ki, qəflətdə qalmaq kimidi
Keçək mətləbə… Brilyant Atəş kimdir? Qoy bunu onun misraları desin. “Mən dəryayam, sinəm doldu dalğadı”. “Mənbəyi qurumaz axar çayam mən”. Sinəsindəki şahə qalxan dalğalar, kövrək pıçıtılı ləpələr, axarlı yaşantılar onun könül çırpıntıları, ədalətsizliyə üsyanı, azadlıq himnləridi. Brilyant Atəşin ömür yolu: “Mən bir sönməz Atəş olub hər an zordan çıxmışam”. “İmana sığındım, Haqqı danmadım”. “Yaxşıya sarayam, zalıma goram”. “Haqqı bürmələyib nahaqqa satmaq, Zülməti nur üstə salmaq kimidi”. Bircə onu qeyd edim ki, Brilyant xanımın şeirlərində “Haqq” sözünün birinci hərfi həmişə böyük yazılır. Bu Haqqın Brilyant Atəş meyarıdı. Haqqa tapınmaq ucalıqdı. Brilyant Atəşin mücadilə yolu: “Keçmişi kök bilib sabaha çatmaq”. “Dilim Haqq danışar, heç vaxt kiriməz”. O, Babək, Nəsimi, Sabir, Cavid, Hadi yolunu əzbər bilir, bu yolu şagirdlərinə də öyrədib. O, özü bu yola laqeyd qala bilərmi? Axı müəllim işıq mənbəyidir, zülmətin düşmənidi. Şair xanım nə qədər çağdaş fikirli olsa da, bir o qədər milli ruhludu, keçmişə bağlıdı. Brilyant Atəşin həyat eşqi: “Qəfəsdə yaşamaq ölmək kimidi”. Bunu şərh eləməyə nə ehtiyac?! Brilyant Atəşin duası: “Bir Allah yetirsin yoxsulun payın, Naqisin, nankorun azaltsın sayın”… “Dünyamız qorxusuz ola”… O, bu xalqın xanımıdı, öyrədənidi, gənc nəslin zəkasını nurladandı, anadı, nənədi. Bilirik ki, anaların duaları müstəcəb olur. Amin deyək. Brilyant xanımın arzusu: “İgidi el öysün, özü öyməsin”. “Qəddimi yaş əysin, Allah əyməsin”. Bu məğrurluq, ucalıq, üzüağlıq, təvəzökarlıq yoludur. Bu yolu gedənlərin maddi “varı qurtarsa da, etibarı qalır”. El öyən igidlərimiz 44 günlük müharibədə düşmənin dizini qatlayıb “dəmir yumruq”la, dişiylə, dırnağıyla otuz ildən çox doğmalarının yolunu həsrətlə gözləyən torpaqlarımızı azad etdilər. Elin öydüyü igidlər – Brilyant Atəşin “Mübariz”, “Nurdadı”, “Şəhid oğulun anasını qarşılaması”, “Bir şəhid balamızın dilindən” və digər şeirlərinin qəhrəmanlarıdır, müdrik fikir şairimiz Bəxtiyar Vahabzadənin təbiriylə desək, Vətən torpaqlarına azadlıq toxumu əkənlərdi. Brilyant Atəşin xalqımızın nənələrinin ulu nənəsi Tomris, Nüşabə kimi düşmənə ciddi qadağası: “Özgə torpağında at sürmək olmaz!” Ulu Türkün kişisi üçün də, xanımı üçün də torpaq, ana, at ən müqəddəs varlıqlardır. Brilyant Atəşin dünya malından doymayanlara qəti xəbərdarlığı və qandırması: “Axırda bir ağda qalacaqsan, ha… Əriyib bir torpaq olacaqsan, ha…” Vətən torpağı olmaq ilahi işdi. Vətən oğlu Musa Yaqub “öləndə qoynunda qoy ölüm ki, mən, çürüyüm bir ovuc torpağın artsın” amalı ilə yaşadı. İndi də doğma Buynuzun köksündə müqəddəs qala kimi möhkəm dayanıb, torpağı ilahiləşdirib. Brilyant xanım düşünür ki, acgözləri, dargözləri, dünya malına qul olanları torpaq qoynuna çəkmək istəməz ki, qucağı çirklənməsin. Brilyant Atəşin ana, nənə nəsihəti: “Bədəni göstərən tüldən uzaq dur”. Bu bu günümüzdən nigaran bir Azərbaycan anasının, nənəsinin həyəcan siqnalıdır. Mənəvi dəyərlərə laqeyd münasibətin gündən-günə qol-budaq atdığı, abır-həyanın gərəksiz əşya kimi kənara atıldığı dövrə gəlib çıxmışıq. Artıq bizim bəzi xanımlarımızın soyunmaqda, lüt-üryan gəzməkdə, bədənini nümayiş etdirmək üçün dəridən, qabıqdan çıxmaqda tayı, bərabəri yoxdu. İnanın, Avropadakılar bu qədər əndazəni aşmayıblar. Analar, nənələr, küçəyə çıxan, barlarda gecələyən, intim yerlərini utanmadan göstərməklə fəxr edən, əxlaq normalarına kinayə ilə yanaşan qız övladları böyütmək baş ucalığı gətirmir. Mənəviyyat ölümə doğru gedirsə, onu diriltmək mümkün olmayacaq. Mənəviyyatsızlıq ən ucuz ölümdür. Böyütdükləriniz gələcəyin anası olacaqmı? Bax, budur əsas məsələ!.. Brilyant Atəşin kəlağayı və qara papaq dəyəri və həqiqəti: “Abır-həya təcəssümü, mərdliyin vuran qoludur… Cana gəlir örtüləndə, qoyulanda dürüst başa, Nənəmin kəlağayısı, babamın qara papağı”. Brilyant Atəş milli mənəvi dəyərlərə bağlı Azərbaycan xanımıdır. O, başı kəlağayılı nənələrin, anaların, qara papağı başında qeyrətlə daşıyan babaların, ataların övladıdı. Özü də bu gün min illərdir nənələrimizdən miras qalan kəlağayını başına tac edir. Güllü Eldar Tomarlının sədr olduğu Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin fəal və yorulmaz üzvlərindəndir. Birliyin və Güllü xanımın yaratdığı şəxsi “Kəlağayı Muzeyi”inin layihəsi əsasında düzənlənən “Sazlı, Sözlü Kəlağayı Günləri” tədbirlərində rəfiqələri ilə birgə qədim ipək baş örtüyünü təbliğ edir, tanıdır – əməliylə, sözüylə. “Qəmli kəlağayı” şeiri nənənin şəhid nəvəsinin nişan xonçası üçün aldığı kəlağayının taleyindən bəhs edir. Nişanlı el gözəlinə qismət olmayan həmin kəlağayı qarşısında qızlarımız sədaqət andı içib sevdiyi oğlana, səadətinə qovuşmalıdırlar. Onda ailə münasibətlərinə daha ciddi yanaşarlar, ocaq kimi onu qoruyarlar. İndi həmin kəlağayı Güllü xanımın muzeyində özünə etibarlı yer tapıb. Sədaqət andı içmək üçün bir müqəddəs yer də o muzeydir. Brilyant Atəş dünyaya meydan oxuyur: “Keçmədim heç zaman dişinə, dünya”. Həyat mübarizləri sevir. Əbu Turxana görə, ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. Eşqiniz tükənməsin, Brilyant xanım. “Şairin qabiliyyəti və istedadı xaosdan harmoniya yaratmaqdır” (Aleksandr Blok). Harmoniya həyatın nüvəsidi, yaşam stimuludu. Brilyant Atəşin sözsevərlərə minnətdarlığı: “Atəşi oxuyub qanana qurban”. Kitabın, uğurlu, müdrik sözün dəyərinin azaldığı çağdaş zamanda Brilyant xanımın söylədiyi həqiqət narahatlığa tam əsas verir. Kitabı oxuyub, ondan aldığı mənəvi qazanca görə oxucu söz adamına təşəkkür etmək əvəzinə, söz adamı oxucuya qurban olmağa hazırdı. Doğrudan da, “çərxi-fələk tərsinə dövran edir indi”. Uca ruhun qarşısında baş əyirəm, ey böyük, uzaqgörən Sabir! Brilyant Atəş mənəvi övladlarından nigarandır: “Səni əzizləyib de kim olacaq, Ən axırda yiyən, şeirim mənim?” Həqiqi sözün aşiqləri yiyə duracaq, şair xanım. Brilyant Atəşin vəsiyyəti: “Məni bir çinartək yol üstündə ək”. Sözüylə, şəxsiyyətiylə sözü məğrur çinar kimi ucaldanlar ölməzdir, Brilyant xanım…
İyun ayının 10- da saat 14:00-da “Natəvan” klubunda “Ulduz” aylıq ədəbiyyat dərgisi və AYB Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdiyi poeziya müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
Qaliblər, iştirakçılar, ədəbiyyatsevərlər, bütün Vaqif Səmədoğlu poeziyasının vurğunları DƏVƏTLİDİRLƏR.
Xatırladırıq ki, müsabiqənin qalibləri onlarla müəllif arasından münsiflərin rəyi ilə aşağıdakı şairlər seçilmişlər:
Cavid Qasımov,
Rəşad Nağı Mustafa ,
Allahşükür Ağa,
Eminquey,
Seyidəli Sübhi,
El Roman.
Tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair Taleh Mansur, yazıçı Varisin üzvü olduğu münsiflər heyətinə AYB katibi, şair Səlim Babullaoğlu rəhbərlik etmişdir. Qaliblər pul mükafatı və diplomla qiymətləndiriləcəklər.
Təşkilati dəstək : “Kəpəz hospital” İnformasiya dəstəyi: “Ədəbiyyat və İncəsənət” portalı