Təranə Məmməd – Qonşular.

Qonşular

Yenə O. Mən onu tez-tez görürəm. Qonşu binada yaşayır. Bir qədər qeyri-adidir. Heç kimlə danışmır. Hərdən mən özüm onunla salamlaşıram. Səbəbini bilmirəm, amma onu yaxından tanımaq istəyirəm.

Bax, yenə binaya çatanda çantasını açıb açarları çıxardır.
Bu gün əli doludur. Mən bundan istifadə edib ona yaxınlaşıram və:

  • İcazə verin sizə kömək edim, – deyirəm.
  • Sağ olun. Mən özüm,- deyə o mənim köməyimdən imtina edir.
  • Xahiş edirəm. İcazə verin sizə kömək edim,- mən təkidlə çantaları onun əlindən alıb düz qapısına kimi aparir və dəvət gözləyirəm.
  • Buyurun, keçin içəri,- deyə nəhayət o məni içəri dəvət edir.

Mən içəri daxil oldum. Müasir dəbdə çox yüksək zövqlə bəzənmiş bu kiçik mənzildə qəribə bir sakitlik və rahatlıq var idi. Əvvəl otağa sonra qadına diqqətlə baxdım. O məndən çox kiçik idi. O qədər zərif və incəydi ki…

  • Hə. Mən anama oxşayıram. O da belə incə idi,- deyə qadın mənim fikrimi oxuyurmuş kimi dinləndi. Mən diksindim.
  • Təəccüblənməyin. Bu məndə vergidir belə, – deyə o gülümsündü və davam etdi:
  • Valideynlərim öləndən sonra tək yaşayıram.

Mən qapıya yaxınlaşıb otaqdan çıxmaq istədim.

  • Mən gedim, – dedim.
  • Hə. Gedin. Çox sağ olun.

Mən pilləkənləri tələsik düşüb evimə gəldim və səhərə qədər yata bilmədim. Bu qəribə qadın məni çox maraqlandırdı. O, sanki başqa planetdə yaşayırdı. Gecə özümə söz verdim ki, səhər tezdən həmin qadının evinə gedib onunla yaxından tanış olacam.
Səhər açılar – açılmaz mən onun qapısını döydüm. Qapını açan olmadı. Səsə qonşu çıxdı.

  • O mənzildə heç kim yoxdur. Evin sahibi dünən gecə getdi. Evi də bizə satıb.
    Qonşu qadın məni başdan ayağa süzdükdən sonra :
  • Dayanın. Sizə məktub qoyub.
  • Siz nə danışırsınız? Nə məktub? Mən onu heç tanımıram.
  • Dedi ki, sabah tezdən bir kişi gələcək və sizi təsvir etdi. Bu sizə çatacaq, – deyə mənə bir zərf uzatdı.

Mən zərfi götürüb pilləkənlərlə aşağı düşdüm.
Küçəyə çıxan kimi divara söykənib zərfi açdım.

“Bilirdim ki, gələcəksiniz. Sizi illərcə axtardım. Nəhayət, tapıb qonşuluğunuzda ev aldım.Sizinlə qala bilərdim, ancaq anamın ruhu bunu mənə bağışlamazdı. Məni axtarmayın. Mənim heç nəyə ehtiyacım yoxdur. İllər öncə siz məni atıb getmisiniz. İndi də mən gedirəm və istəyirəm ki, o hissi siz də yaşayasınız. Əminəm ki, məni bağışlayacaqsınız, çünki valideynlər öz övladlarını daha tez bağışlayırlar. Əslində heç olmadınız ki…Özünüzü bağışlaya biləcəksinizmi? Əlvida.”

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mandala fəlsəfəsi

Mandala fəlsəfəsi

Mandala Sanskrit dilində bir kəlmədir, mənası “dairə, mərkəz” deməkdir. Həmçinin sözün mənşəyinə nəzər salsaq, mandalanın iki ayrı sözdən- “manda”(enerji) və “la”(qab) sözlərindən yarandığını görərik. Karl Yungun dediyi kimi, mandala yalnız təxəyyülün rəhbərliyi ilə yaradıla bilən zehni bir görüntüdür, buna görə də heç bir iki mandala eyni deyil. Hər bir mandala yaradıcısından asılı olaraq fərdi fərqləri ehtiva edir. Mandala, hansı formada olursa olsun, fərdləri özünə, başqalarına, şəraitə və daha geniş təcrübə dünyasına münasibətdə özünün təbiətini araşdırmağa təşviq edir. Yunq tam fərdiləşməyə nail olmaq, özünü tanımaq və mənə çevrilmək üçün xaricdən – xarici dünyadan mərkəzə – mənliyə doğru hərəkət etməyin universal mənəvi və psixoloji əhəmiyyətini vurğulayır.
Mandalanın kənarında təsvir olunan xarici cəhətlər, müşahidəçini mərkəzə çəkən digərləri kimi, o mənliyin hissələridir, lakin insanın diqqətini çəkən və təbii olaraq hərəkət edən istiqamət mərkəzə doğrudur. Mərkəzi nöqtənin enerjisi, demək olar ki, qarşısıalınmaz məcburiyyətdə və kimsəyə çevrilməkdə təzahür edir, çünki hər bir orqanizm şəraitdən asılı olmayaraq öz təbiətinə xas olan formanı almağa yönəldilmişdir. Bu mərkəz eqo kimi hiss olunmur və düşünülmür, lakin ifadə oluna bilsə, mənlik kimi düşünülür.
Çarvaka məktəbində mandala yalnız hiss olunan reallığın mövcudluğunu təmsil edən su, hava, od və torpaq simvollarını ehtiva etmişdir. Caynizm mandalalarında isə ölməz və əbədi ruh jivaya inam və samsara dövranını qıraraq xilasa nail olmaq idealları görünür. Buddizmdə Mandalalar, onları düşünənlərə kainatdakı müqəddəsliyin immanentliyini və eyni müqəddəsliyin özlərindəki potensial vəziyyətini xatırladan mühüm əlamətlərdir. Buddist kontekstində mandalanın məqsədi insanı maariflənməyə və reallığa düzgün baxışa apararaq əzablara son qoymaqdır.
: Tibetli Buddistlərin qum dənələrindən istifadə edərək böyük bir qətiyyətlə tamamladıqları mandalalar həyatın keçiciliyini vurğulamaq üçün müəyyən bir ritualla tamamlandıqdan qısa müddət sonra dağıdılır. Mandala hinduizm və buduizmə görə kaniatı təmsil edən, ritual və meditasiya məqsədi ilə istifadə edilən simvollardır. Mandala insan beynini sakitləşdirən və rahatladan bir məşğuliyyət hesab edilir. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar stressin azalmasına, diqqətin toplanmasına yardımçı olur.Tibetdə, Hindistanda rahiblər qum və daş kimi müxtəlif materiallardan istifadə edərək müxtəlif mandalalar düzəldirlər. Mandala həm də şüuraltında gizlənən həqiqətləri üzə çıxarmağa kömək edir. Və beləliklə şüuraltımızı təmizləyər. Həmçinin mandalada rənglərin bir-biriylə uyğun olması da önəmlidi. Mandalalar əsasən ortadan başlayaraq çəkilir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

В этот день, 10 июня, много-много лет тому назад…

В этот день, 10 июня, много-много лет тому назад я пришла в этот Мир. За это время ничего не изменилось в моём отношении к этому Миру! Я люблю этот Мир и всех тех, кто жил в нём до меня, живёт в нём вместе со мной и будет жить после меня! Постарайтесь быть счастливыми!

Bu gün, 10 iyun, çox-çox illər bundan əvvəl mən bu Dünyaya gəlmişəm. Bu illər ərzində mənim bu Dünyaya qarşı münasibətim heç dəyişilməyib. Mən bu Dünyanı, bu Dünyada məndən əvvəl yaşayan, mənimlə birlikdə yaşayan və məndən sonra yaşayacaq hər kəsi sevirəm! Xoşbəxt olmağa çalışın!

Sizin: FLORA NACİ

FLORA NACİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Şehçiçəyim.

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu fani dünyanı gözəlləşdir, Flora Naci!

FLORA NACİTƏRANƏ MƏMMƏD

Bu gün hava da mülayimdir, Günəş də öz hərarətini Yer üzünə xüsusi bir həvəslə yayır. Çünki bu gün çox maraqlı bir insan sevdiklərinin, dostlarının, ailəsinin ətrafında dünyaya gəlişini qeyd edir.
Qadın olmaq gözəldir, ana olmaq möhtəşəmdir, nənə olmaq xöşbəxtlikdir. Bunların hər üçünə nail olmaq isə böyük məsuliyyətdir. Sevimli Flora xanım bu nailiyyətlərin hamısına çatmış biridir. Düşünəndə ki, bütün bunlarla yanaşı o, həm də alimdir, elmlər doktorudur, professordur, jurnalın baş redaktorudur, AJBnin üzvüdür, yazıçıdır, publisistdir, tərcüməçidir, yaxşı mənada heyrətlənməmək olmur.
Flora xanımdan çox danişmaq olar, bir gün onu mütləq “Səmimi söhbət”imə qonaq edəcəyimə söz verirəm. Bu gün isə əziz rəfiqəmi, çox sevdiyim insanı, dostluqda etibarlı, işində məsuliyyətli Flora Nacini yaşının üstünə gələn yeni yaşı münasibətilə ən xoş və səmimi arzularla təbrik edirəm. Yaşa və öz həyatsevərliyinlə, pozitiv enerjinlə bu fani dünyanı gözəlləşdir, Flora Naci!

Hörmətlə: TƏRANƏ MƏMMƏD

FLORA NACİNİN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Дорогая Флора, поздравляю с днём рождения!

Дорогая Флора, поздравляю с днём рождения! Ты удивительная женщина – кладезь мудрости, научных познаний и позитивной энергетики. Тебе многого удалось достигнуть. Прежде всего, ты достойная мать , добрейшая бабушка и верный друг. Уважаемый профессор, писательница, поэтесса, переводчица, главный редактор научного журнала и т.д. Года пусть прибавят только знания, опыт и стремление дальше покорять вершины. Желаю никогда не сомневаться в своих силах и ни при каких обстоятельствах не терять своего ориентира. Будь успешна в своих начинаниях! Будь здорова и крепка духом! Будь уверена в себе, люби жизнь, стремись двигаться вперёд и никогда не опускать рук!

С уважением: ELMAR ŞEYXZADƏ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli – Sən…

Sən…
heç üşüdünmü
İsti yay günündə?
Alovu saçlarını qarsan soba dibində
Barmaqların soyuqdan
titrədimi?
Sahibsiz köpəklərlə bölüşdünmü
Əllərinin hərarətini?
Rühün süzüldümü
Nəhəng ticarət mərkəzlərinin
Basırıq dəhlizlərindən?
Reklam lövhələrində
Alın yazını oxudunmu heç,
Qızcığaz?…
Sən hardan bilirsən tənhalıq nədir?

Sən…
Heç
Sevgiylə qətl edildinmi?
Ruhunu asdılarımı
Özgə istəklərinin
dar ağacından…
Gözlərini açdınmı
Alnından süzülən
Soyuq tər damlalarının
Titrəyişinə?
Yas tutdunmu heç
Sevdiklərinin gəlişinə?
Sevə-sevə zorladılarmı
İçindəki məsum sevdaları?…
Doğmalar arasında özgə oldunmu?
Kölgə oldunmu
Ruhunu zorla daşıyan
Soyuq bədəninə?
Milyonların arasında
Tək qalmayasan deyə
Ruhunu
Zərrələrə
böldünmü heç?
Öz içində
Gündə yüz yol doğuldunmu,
öldünmü heç,
Qızcığaz?
Sən hardan bilirsən tənhalıq nədir?

27.08.2011

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

10 iyun Səadət Qəribin doğum günüdür!

 Səadət QƏRİB – Rzayeva Səadət Arif qızı – Goranboy rayonunun Dəlməmmədli şəhərində 10 iyun 1970-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vuran  Səadət xanım Gəncə şəhərində Qəmbər Hüseynli adına musiq məktəbində təhsilini davam etdirib. 2 kitab müəllifi, 2023-cü ildən AYB üzvüdür. Şeirləri Azərbaycan və Türkiyə saytlarında, qəzetlərdə, dərgilərdə mütəmadi olaraq dərc olunur. Şeirlərinə bəstələnmiş mahnılar Azərbaycanın titullu (Əməkdar, Xalq) artistlərinin repertuarına daxildir.Səadət QƏRİBin 3 -cü kitabı Türkiyədə çapa hazırlanır. Türkiyə şeir yarışması qalibi,  “Ziyadar” mükafatı  laureatıdır.

YAZARLAR cameəsi adından Səadət xanımı doğum günü münasibətilə təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

SƏADƏT QƏRİBİN ŞEİRLƏRİ:

Sevilən qızlar

Əlli üç yaşımla vidalaşıram.
Demək əlli üç il keçdi ömürdən.
Sevgidən yorulan ürəyimlə mən,
Qorxmuram nə yaşdan, nə də ölümdən.

İllər harayımda sükuta dönüb,
Sarsılmış xəyallar qınağındayam.
Görən yox içimdə böyük sevgini,
Bəlkə də Allahın sınağındayam.

Kədərli rəqəmlər yaman boylanır,
Fikirli-fikirli baxır gözümə.
Bilmirəm ağlayım, bilmirəm gülüm,
Həyat səhvlərimi vurur üzümə.

Pələngtək nərəsin çəkəndə ürək,
Qulağım kar olub onun səsindən.
Meydan oxuyanda duyğular hərdən,
Qurtula bilmədim eşq pəncəsindən.

İçimdə yaşayan ərköyün qızla,
Dil tapa bilmədim, dincliyin bitdi.
Bəzən də mənimlə ağladı zaman,
Gözümdə canlanan gəncliyim itdi.

Bu günsə bir başqa kövrək nəğməyəm,
Sözləri bəlkədən, kaşdan ibarət.
Bu nəğmə yarımçıq, kimsə anlamaz,
Nəğmənin xətası olub “nəqarət”.

Əlli üç qış-bahar,əlli üç payız ,
Hay vurdu, qıy vurdu, fələk önündə.
Hünərlə bu illər çıxdı döyüşdən,
Zəfəri yaşadı ,həyat eşqimdə.

Ürəyim sevgidən səksəkədədi,
Yenə də səngimir dəcəl arzular.
Gəncliyim ovcumdan uçub getsə də,
Heç zaman qocalmaq sevilən qızlar.

Gözəl deyilmiş

Uşaqkən, böyümək istədim hər gün,
Qəlbimdə min arzu, min dilək, ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.

Hər gün gözləyirdim doğum günümü,
Olmazdı kədərim, olmazdı qəmim.
Hopardı zehnimə o gözəl anlar,
Kiçik oyuncağı dünya bilərdim.

Kaş yenə oynayıb uşaq oynumu,
Dərdin atəşindən uzaq olaydım.
Qaçıb gizlənərdim qanlı fələkdən,
Dünyadan doyunca ləzzət alaydım.

Gülərüz qız idim,dərdsizdim, ana.
Bilməzdim xoşbextlik çox az sürəcək.
Vüsal dəryasında üzdüyüm zaman,
Mən hardan biləydim hicran gələcək.

Elə bilirdim ki,böyümək gözəl,
Bilməzdim nə imiş qəlb sarsıntısı.
Sanmışdım hər zaman sevinəcəyəm,
Nə qədər ağırmış dərd sıxıntısı.

Uşaqkən yaralar tez sağalardı,
Yeməzdi içindən yara heç kəsi.
Yaranın bircəcik məlhəmi vardı,
O da ana eşqi, ana sevgisi.

Üşaqkən böyümək istədim elə,
Qəlbimdə min arzu, min dilək ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.

Boş çərçivə

Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxarmışam çərçivəsindən.

Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Yenidən şəklini qoymaram daha.

Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, əsada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda nə gəzir?!

A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarim.

Ağlayan xatirələr

Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecətək qaralmağım var.
Hər bahar ruhumda güllər açsa da,
Payızda yarpaqtək saralmağım var.

Dağların qarıtək soyuyub sinəm,
Donmuşam bir daha çətin isinəm .
Elə bil bulud da ,yağış da mənəm,
Çayların suyutək durulmağım var.

Həyatım küləyə,yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə, qədərə qırılmağım var.

Eşqim uca idi hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca.
Sarıla bilmədim ona doyunca,
Təkcə xatirəyə sarılmağım var.

Bilmirəm həyatda yoxam ya varam ,
Baxdıqca geriyə sızlayır yaram.
Özümü heç bir vaxt bağışlamaram ,
Ən çox da özümə daralmağım var.

Sən yalandan gülürsən

Haqsızlıq içrə sən ey, lal olub susan qadın,
Qərib tənhalığında öfkəsin qucan qadın,
Səbri dar ağac edib, özünü asan qadın,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!

Günah mənimdir deyib, özünü qınayırsan,
Yaşadığın hər günü qürub Günəş sayırsan,
Təbəssümünlə bəlkə , hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.

Yuvasında bir qərib qaranquşa bənzədin,
Baharın ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.

O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!….

Susduğuna inandım

Qələmimin içinə
eşqdən mürəkkəb qoysam,
Seirlərim sevginin
rənginə bürünəcək.
Dərddən mürəkkəb qoysam ,
aglayacaq
şeirlər,
naley- fəryad edəcək,
qəm – qubar görünəcək…
Bu gün mürəkkəbim eşq,
eşqdən yenə yazıram.
Nəğmələrdə , şeirdə
sevgimi yaşayıram.
Buludlarla dolsam da,
Günəşlə ovunuram .
Cismən ayrı qalsam da ,
qəlbimdə qovuşuram.
Amma çoxdan eşqimin
qırılıbdır dizləri
Mən eşqimi böyütdüm ,
yazdığıma inandım.
Ən çox unutqan olan
unutmaram deyəndi-
Dediklərinə deyil ,
susduğuna inandım.

Nə biləydim

Nə biləydim, sevinc məndən qaçanda,
xəyallar da yarpaq-yarpaq solarmış,
Nə biləydim bulud kimi dolanda,
yağış mənim gözlərimdən axarmış.

Sevgi dolu , gülərüz bir qız idim,
Ürəyimdə kədər izi yox idi.
Göyüzündə parlayan ulduz idim,
Həyatımda xoşbəxt günlər çox idi.

İndi sənsiz,yaman səssiz olmuşam,
Susub duyğularım daha çağlamır.
Yerlə göyün arasında qalmışam,
Yaralarım nədən qabıq bağlamır?…

Nə biləydim , axı hardan biləydim,
Yarım qala bilər eşq hekayəmiz.
Hüznə ara verə bilsəydi qəlbim
Xatirənlə bəslənərdi sevgimiz.

Yanağıma barmaqların dəymədən,
Gözyaşımı qurutmaq çox çətindi.
Tanrı yazan yazını yaşamadan ,
Nə biləydim ayrılıq qismətimdi.

Əziz adamım

Nə gözəl söyləyib böyük Nizami:-
“Aldat sən özünü bir ümid ilə,
Yeməkdən yaxşıdır ümid min kərə!”
Mən də ümid ilə başladım günə..

Səni yaşadacam ürəyimdə mən,
Yiğilsa da ora dərd təpə-təpə.
Hər səhər “günaydın” pıçıldar dilim,
Xatirən üstünə gül səpə-səpə.

Ölümün ,əcəlin gücü yetməz ki,
Səni ürəyimdən çəkib almağa
İndi əlim sənə çatmasa da bil,
Səni bənzədirəm uca bir dağa.

Ümidlə yoluma davam edirəm
Qırılıb sınsa da qolum, qanadım.
Bir gün yenə sənə qovuşacağam
Hər yerdə sən varsan əziz adamım.

Yaman qəribsəmişəm

Elə darıxıram …
Sükutun yastığına
dayamışam başımı.
İntizar gözlərimdə
öldürmüşəm yuxumu..
Göylərin kölgəsində,
həsrətin qollarında ,
birgə çəkiləsi dərdimizi,sərimizi çəkirəm səndən xəbərsiz..
Haray edən ürəyimin də səsi batıb,
duyğularım susub, fikirlərim qarışıb, gözyaşlarım quruyub.
Günlər uzanıb gözümdə, saatlar durub sanki..
Nə gecə bitir, nə gündüz..
Solumu-sağımı bürüyüb sənli xatirələr..
Beynimdə dolanırsan…
Evimiz də darıxır sənsiz…
Çarəsizcə pıçıldayır dodaqlarım gəl deyə..
Gəl ,qıyma duyğularımın xiffət çəkməsinə..
Axı mən … yaşarkən….ölmədən ölmüşəm…
Mən sən gedəli bu dünyada yaman qəribsəmişəm..

Səni özündən çox sevənin varsa

Sevinc də də gözəldi, qəm də gözəldi,
Səninlə ağlayıb, gülənin varsa,
Buludtət çağlayıb yağmağa nə var
Əgər ki göz yaşın silənin varsa.

Bir könül ağrısın “dərməyə” nə var,
Dərdini gün üstə sərməyə nə var,
Bir canı yar üçün verməyə nə var,
Əgər ki qədrini bilənin varsa.

Ürək sirr otağı, alınmaz qala,
Həsrət sevənlərçün şirin bir bəla,
Həsrətin yanında vüsal da ola,
Hicran da gözəldi gələnin varsa.

Ömür keçməkəşli, dərdlər ocağı,
Ölüm də bir yandan açır qucağı,
Şirindir hər eşqin son ömür çağı,
Sevginə bir ağı deyənin varsa.

Ürək qidasıdır sevgi-məhəbbət,
Birazca nəvaziş, birazca şəfqət,
Bax, odur yaşamaq, odur səadət,
Səni özündən çox sevənin varsa!..

İstədim

Həsrətin bıçaqtək səbrim kəsəndə,
Zamanın dərisin soymaq istədim.
Mənə bic-bic baxan fələyin hərdən,
O bic gözlərini oymaq istədim.

Qəlbimin içində bərq vurub sancım,
Sürünüb ardımca kölgətək acım,
Bəzən də, bir başqa yananda canım,
Biryolluq dünyadan qaçmaq istədim.

Qaşların hey çatıb ağlama könlüm,
Bu zalım dünyada mən nələr gördüm.
Bəzən üsyan etdim, bəzən də küsdüm,
Ürək danışanda, susmaq istədim.

Hər kəs yazısıyla dünyaya gəlib,
Bir gözüm ağlayıb, bir gözüm gülüb,
Dəliqanlı qəlbim onu çox sevib,
Sevgim sevinəndə uçmaq istədim.

Haçansa bitəcək bu iztirablar,
Yenidən ruhumda olacaq bahar.
Yaxşı ki həsrətin ümid yolu var.
Ayaq səslərini duymaq istədim.

Ev tikir

Bir qadın var:- Gecələr,
Baxın gör nələr tikir.
Kərpic – kərpic əruzda,
Şeirdən evlər tikir…

Divarları misradan,
Pəncərəsi hecadan.
Həsrət qoxur bacadan,
Şeirdən evlər tikir…

Bənd – bənd artır arzusu,
Həcəs bəhri duyğusu.
Hər gün qaçır yuxusu,
Şeirdən evlər tikir…

Ruhu bayatı, ağı,
Solub bağçası, bağı,
Həsrət qoxur otağı,
Şeirdən evlər tikir…

Yasəmən, süsən qadın,
Hər şeyə dözən qadın,
Özündən küsən qadın,
Şeirdən evlər tikir….


Qaçmaq istəyirəm çox uzaqlara

Bəzən ətrafimda hər şey qaralir,
O zaman bilmirəm gedim mən hara.
O anda qəlbindən bir istək keçir
Qaçmaq istəyirəm çox uzaqlara.

Elə bir yerə ki, orda ümidin,
Qoynunda bir bağı, bir gölü ola,
Gölün qıragında kiçik bir koma,
Qapısı,bacasi lap uçuq ola.

Qaçmaq istəyirəm o yerlərə ki,
Orda gəncliyimi qoyub gəlmişəm.
Bu ömür təngnəfəs yanımdan keçib,
Mən onun səsini hiss etməmişəm.

İçimde hay- haray salan kelmələr
Qəlbimin içinde açıblar yara.
Ardımca “ getmə, qal” deyənim de yox,
Qaçmaq istəyirəm çox uzaqlara….

Ömür

Zaman axıb gedir, ömür tükənir,
Təqvimdən vərəqlər bir- bir tökülür.
Mənimlə ağlayır yenə də payız,
Ürəkdən ümidlər qopur, sökülür.

Nə zaman qəlbimə bahar gəldisə,
Tələsik özünü yetirdi payız.
Saralan duyğular xəzəl olduqca,
Leysan yağışları töküldü saysız.

Vüsalın yolları görünməz olub,
Fələk yollarıma çəkib sədləri.
Ürəyim bir köhnə məzarlıq olub,
Nə qədər arzumun var cəsədləri .

Kəfənsiz dəfn etdim xəyallarımı,
Sevgimin cücərən şirin çağında.
Hansı birisini söyləyim indi,
Hələ də qalmışam hicran dağında.

Bir yol sevinmədi pərişan könlüm,
Bir ürəkdolusu sözüm olsa da
Daha vüsalına gümanım yoxdur,
Sevdiyim adamda gözüm qalsa da…

İnsan ömür boyu yıxılıb qalxar

Bir gündə yaşarsan bəzən dörd fəsli,
Bir anda ömründə şimşəklər çaxar.
Bitməz ki həyatın fırtınaları,
İnsan neçə dəfə yıxılıb qalxar?

Susasa ürəyin zəmzəm suyuna,
Dumanlı bir hava çöksə ruhuna,
Hay verməzsə ümid, əğər hayına
İnsan neçə dəfə yıxılıb qalxar?

Fərq etməz ömrünün hansı yaşında,
Səbr bardağın hey ,dolub daşanda,
Çarəsiz olmağa məruz qalanda,
İnsan neçə dəfə yıxılıb qalxar?

Çiynindəki yükün ağır olduqda,
Haqsızlıq içində duyduqlarında,
Məcbur susduğunda, susduqlarında,
İnsan neçə dəfə yıxılıb qalxar?

Dünya boyda dərdi daşıyır insan,
Yıxılsa da qalxıb yaşayır insan,
Bəzən də yenidən başlayır insan,
İnsan ömür boyu yıxılıb qalxar.

Yanına çağır

Qayadan süzülən şəlalə kimi
Elə süzülürsən yanaqlarımda.
Gur -gur guruldayan şimşəklər kimi,
Səsin məskən salıb qulaqlarımda.

Bilmirəm nə edim darıxanda mən,
Çarəsiz gözlərim dikilir göyə.
Elə dolmuşam ki buludlar kimi
Ürəyim ayrılıb iki hissəyəə

Bağışla ,hələ də yaşayıram mən,
Kaş buna yaşamaq deyə bilsəydim.
Gücsüz görünməyə ixtiyarım yox,
Kaş yenə ürəkdən gülə bilsəydim.

Sən orda mənsizsən, mən burda sənsiz.
Belə ayrılıqlar ağırdan ağır.
Mən səni çağıra bilmirəm axı,
Nə olar sən məni yanına çağır.

Sığınmışam misralardakı sənə
(esse)

Bir səssizlik var bu qürbət şəhərdə,
Bəlkə də qəlbimin gurultulu səsindən qulaqlarım
duya bilmir şəhərin küylü səsini,
Bəlkə də qulağım kar olub səslərə…
Yaşamla ölüm arasındakı yolda yürüyərək
yaşamaq üçün çabalıyıram..
Hər günün sonunda hələ də nəfəs aldığım üçün şükür edirəm Tanrıma..
Canciyər olmuşam yalnızlığımla…
Görməməzlikdən gəlirəm bəzən qapanmayan yaralarımı…
Amma nə qədər bunu bacarıram deyə bilmərəm.
Çünki, boş qalan stulda yerini gördükcə acıların ən başına dönürəm…
Və o zaman ürəyimin hər küncü sızlayır…
Sənsizliyə öyrəşə bilmirəm…
Ömrümün çoxu sənin yanında keçib, necə alışım heç özüm də bilmirəm.
Tək bildiyim şey odur ki , ümidin ən soyuq, ən sərt fəslindəyəm…
Mən sənlə çox bütün idim, indi isə yarım qaldım…, çox azam, bəlkə də, bəlkə də heç yoxam…
Sığınmışam yarı yuxulu, yarı oyaq həsrətə..
Bir də yazdığım misralardakı “sənə”…

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru