
GÖZ DÜNYAYA PƏNCƏRƏ…
Göz dünyaya pəncərə,
Pəncərədən baxırıq.
Bəlli yol gedir hərə,
Sonda yoxa çıxırıq.
* * *
Gəlməyindən bixəbər,
Gedişini nə bilər?!
Qalxanmazsan , ha dəbər,
Aylı sanlı gün gələr.
* * *
Sanki koruq, həm də kar,
Şeytan bizi güldürər.
Ələ salıb oynadar,
Nəfsimizdə öldürər.
* * *
Yüz yaşadıq, bilmədik,
Yaxşı nədir, pis nədir.
Haqq yoluna gəlmədik,
Bax, bu bizi göynədir.
* * *
Ğöz dünyaya pəncərə,
Ləzzət al, bundan adam!
Dillənməzsən bir kərə,
Bəsdi, doydum dünyadan!
RUHDU MƏNİ DİNDİRƏN
Hər günü nahaq yerə,
Sonuncu gün bilirəm.
Görən neçənci kərə,
Bu dünyaya gəlirəm?!
* * *
Alın yazım Allaha,
Yaradana bəllidi.
Bildiyim nə var daha?!
Cəmi boş təsəllidi.
* * *
Nə sabaha güvənim,
Nə bir vaxtdan macal var.
Nə olsun var sevənim,
Sevinmirəm, əcəl var!
* * *
Qaçıram, tələsirəm,
Göydəyəm, yox endirən.
Bilirəm ki, əsirəm,
Ruhdu məni dindirən.
* * *
Hamı bilir, bir son var,
Danışırıq, gülürük.
Canım, bəlkə bir yön var?!
Nə sən, nə mən bilirik!
… , KİŞİ !
Səni, qanın qaynayar,
Bu dünya sayar, kişi!
Nazınla çox oynayar,
Səsini yayar, kişi!
* * *
Genişdi, dalanı yox,
Sahmana salanı yox,
Deyərsən yalanı yox,
Ovcuna qoyar, kişi!
* * *
Sözünü udmaz, deyər,
Milyonu çeynər, yeyər.
Fikirləşmə baş əyər,
Sözünə uyar, kişi!
* * *
Tək olanı cüt edər,
Ağıllını küt edər.
İnsanları lüt edər,
Qabıq tək soyar, kişi!
* * *
Görsə ki, sürüşürsən,
Gündə haldan düşürsən.
İstidə bürüşürsən,
İyrənər, doyar, kişi!
* * *
Murad, ayıq ol, yatma!
Yaxşını pisə qatma!
Sakit gəz, əl-qol atma!
Gözünü oyar, kişi!
QOYMA , DEMƏSİNLƏR HARAMI OLSUN!
Gün döyən dərəyə, düzə nə var ki,
Oğulsan dağların başına dolan.
Saf, halal çörəyə, duza nə var ki,
Haramdı nəfsini əlindən alan.
* * *
Nə dilsiz kölə ol, nə nəfsə qul ol,
İnsan ol içində onun, on beşin.
Haramdan uzaq ol, halala qol ol,
Sabahı fikirləş, sabahı düşün.
* * *
Bir insan dünyadan heç nə aparmaz,
Qazancı bir qəbir üstə daşıymış.
Anlamaz, ya da ki, fərqinə varmaz,
Nə bilsin çiynində quru başıymış.
* * *
Səksən də, doxsan da, yüz də yaşasan,
Düz yaşa, əməlin yaddaşda qalsın!
Çətində, möhnətdə, düzdə yaşa sən ,
Qoyma deməsinlər haramı olsun!
BU YOLDA YANAN ODUQ
Əlim ətəkdən uzun
Yol aldım Günbatana.
Dərdinə bax yolsuzun,
Yol öyrədir çatana.
* * *
Bilmirəm harasında,
Yaxında, uzaqdayam.
Bu yolun ölçüsü yox,
Əlimdə nə var, sayam?!
* * *
Baxıram ki, yanımda
Kefsiz insanlar gedir.
Bir soruşsan, ay Allah,
Bir desən dərdi nədir?!
* * *
Göz açıb yuman kimi,
Saçlarına dən düşür.
Nəyin var itirirsən,
Ha toparla, ha döşür.
* * *
Səndən asılı olmur,
Nə qismətin, taleyin.
Yolu əlindən almır,
Ya asta get, ya yeyin.
* * *
Bir ömür yaşayırıq,
Hərəmiz bir zamanda.
Ayrı yük daşıyırıq,
Sən ahda, mən amanda.
* * *
Bu yolun yolçusuyuq,
Nə olsun yola yadıq.
Nə isti var, nə soyuq,
Bu yolda yanan oduq.
QALIRAM ƏLİM ÜZÜMDƏ
Qulağım yüz söz eşidir,
Qalıram əlim üzümdə.
Hərdən yazıq göz eşidir,
Qalıram əlim üzümdə.
* * *
Bəzən sakit olanmıram,
Şər-böhtanla dolanmıram,
Düz olanı çalanmıram,
Qalıram əlim üzümdə.
* * *
Yerin, göyün başımı var?!
Bu dünyanın yaşımı var?!
Ayıq olan naşımı var?!
Qalıram əlim üzümdə.
* * *
Mənim sözüm yalan olmur,
Çox satılır, qalan olmur.
Bəzən düzü alan olmur,
Qalıram əlim üzümdə.
* * *
Bu dünyanın sahibi var,
Hey aldadar, hey baş qatar.
Dünən olan əynimə dar,
Qalıram əlim üzümdə.
* * *
Dillənirsən, kimsə dinmir,
Baş bildiyim göydən enmir,
Qarğamağa dilim dönmür,
Qalıram əlim üzümdə.
ÇİN OLMAYAN ARZULAR
Nə dildə ah ola, nə gözlərdə nəm,
Yaxşılıq həyatda sayıla peşə.
Nə yazıq görəsən, nə üzlərdə qəm,
Baxıb sevinəsən bu xeyir işə.
* * *
Durub görməyəsən bir eldə kasıb,
Yaradan tamahın evini yıxa!
Dərdi qurudasan sinəndən asıb,
Dərd-azar yox ola, yadından çıxa.
* * *
Nə paxıllıq ola, nə də ədavət,
Dünyanın təkəri tərsinə dönə.
Hər yerdə bərqərar ola ədalət,
Dünyaya od vuran savaşlar sönə.
* * *
Mənim istəklərim hamının dərdi,
Hamı bu arzuyla oyanar, durar.
Bu dünya Allahın sevdiyi yerdi,
Bu dünya tək bircə bizləri yorar.
* * *
Bizim əlimizdən başqa iş gəlməz,
Tək çarə Allaha duadan keçər.
Bu dünya nə çəkir bir bəndə bilməz,
Bir Allah yaxşını yamandan seçər.
* * *
Arzular gül açsa, əməllər gülsə,
Həm bəndə sevinər, həm də Yaradan.
Hər kəs bu dünyada yerini bilsə,
Seçmək asan olar ağı qaradan.
BU DÜNYADA YAŞAMAĞA NƏ VAR Kİ…
İnsan olub abır-həya bilməsən,
Bu dünyada yaşamağa nə var ki!
Xəcalət tərini candan silməsən,
Bu dünyada yaşamağa nə var ki!
* * *
Hər bir əngəl rahatlıqla keçilsə,
Dərd-azarın göz bağlayıb kiçilsə,
Yaxşı-yaman irdələnsə, seçilsə,
Bu dünyada yaşamağa nə var ki!
* * *
Yaxşılıqdan dağ üstə dağ qalansa,
Sağlam nəsil sağlam kökə calansa,
Hamı təmiz, hamı halal dolansa,
Bu dünyada yaşamağa nə var ki!
* * *
İnsan çox yaşayar, qədər olmasa,
Qəm-qüssə olmasa, kədər olmasa.
Çəkdiyin əziyyət hədər olmasa,
Bu dünyada yaşamağa nə var ki!
* * *
Bəxti sonulama, yaşa, gəlməsə,
Guya əlacmı var, xoşa gəlməsə?!
Ay Murad, duyduğun başa gəlməsə,
Bu dünyada yaşamağa nə var ki!
QOŞMA
Özü də bilmədən qəlibdən çıxır,
Dünyanı taladı gözü insanın.
Nəfs ona doy gəlir, qısnayır, sıxır,
Dərdə mübtəladı özü insanın.
* * *
Sözün də rəngi var, ya ağ, ya qara,
Ayıq ol dinəndə, araşdır, ara.
Dilindən tuturlar çəkirlər dara,
Başına bəladı sözü insanın.
* * *
Əsəb cana yığır, səbri daralır,
Pul artır, azalır qanı qaralır.
Dərd alır canını rəngi saralır,
Keçilməz çaladı izi insanın.
* * *
Torpaq ana vətən olandan bəri,
Baxmaz şəhid olar, çəkilməz geri.
Dünyaya car çəkdi türkün əsgəri,
Alınmaz qaladı yüzü insanın.
* * *
Ay Murad, fikir ver səndən əzələ,
Heç nə dəyişməyib, axtar, çözələ.
Tanrı imkan verir bəlkə düzələ,
Sanır ki, yoladı üzü insanın.
QİSMƏT
Taleyin gərdişidi,
Yoxsa vardı, qismətim?!
Bu Allahın işidi,
Neyləyim ki, mən yetim?!
* * *
Qismət alında yazı,
Hamıda eyni olmur.
Halal olur ən azı,
Heyif ki yeri dolmur.
* * *
Olanı yaşayırıq,
Sevinci, ağrısıyla.
Məcburi daşıyırıq,
Yalanı, doğrusuyla.
* * *
Nə verir utandırmır,
Bəs olan qədər verir.
Verdiyini andırmır,
Olur ki, kədər verir.
* * *
Bilir ki, mən quluyam,
Mənə verdiyi itmir.
Hələ canı suluyam,
Ona görə incitmir.
* * *
Bu ömrün yollarında,
Yolçusuyam qismətin.
Çovğununda, qarında,
Yeridim sakit, mətin!
QOŞMA
Çadır qur baharda hamar bələndə,
Ruhun çağlayanda, təbin güləndə.
Fəsillər dəyişib hər yaz gələndə,
Bəlkə yaza xatir xatırlanasan.
* * *
Bülbül təbdə qalar yazın xətrinə,
Sevda şirin olar nazın xətrinə,
Sözə aşiq oldun sazın xətrinə,
Bəlkə saza xatir xatırlanasan.
* * *
Yanan ürəkləri soyudan buz ol,
Yaxşılar içində yaxşı ol, göz ol,
Tapdanan yol olma, balaca iz ol,
Bəlkə izə xatir xatırlanasan.
* * *
Keçirmə vaxtını boşa, ay Murad,
Ömrünü dağlarda yaşa, ay Murad,
Sözüylə nəfəs al, qoşa ay Murad,
Bəlkə sözə xatir xatırlanasan.
YAŞIN GİLEYLƏRİ
Arzulardan, istəklərdən doyuruq,
Yaş artdıqca ancaq dilləşirik biz.
Sevinci bükürük küncə qoyuruq,
Dərdiylə, kədərlə əlləşirik biz.
* * *
Nə daha sevinib gülə bilirik,
Sanki qayğıların başından aşır.
Nə də öhdəsindən gələ bilirik,
Sanırsan çevrəndə şeytan dolaşır.
* * *
Beynində, ağlında min fikir bişir,
Gah dağı arana tay eyləyirsən.
Tutduğun fırlanır əlindən düşür,
Salıb sındırırsan, bay eyləyirsən.
* * *
Elə bil dünyaya xərac verirsən,
Üzündən gözündən şikayət yağır.
Nə söz eşidirsən, nə iş görürsən,
Dinirsən, hər sözün çəkindən ağır.
* * *
Közərən ümidə bel bağlayırsan,
Başqa çıxış yolun, əlacın olmur.
Ha dincə qoyursan, ha yağlayırsan,
Ömür bezir səndən, deyir dayan, dur!
QOŞMA
Dünyaya gələndə elə bildik ki,
Həmişə kef edib, gülməyə gəldik.
Ləziz yeməklərin, hər cür içkinin,
Nuş edib dadını bilməyə gəldik.
* * *
Yıxıldıq, əzildik, bunu danmadıq,
Yaşadıq, bu ömrə heç vaxt yanmadıq.
Həyatdan bezmədik, bax, usanmadıq,
Pünhan dərdimizi bölməyə gəldik.
* * *
Ay Murad, şeytana, şərə uymadıq,
Düz olduq, əyrini yaxın qoymadıq.
Çalışdıq, vuruşduq, ancaq doymadıq,
Sonda anladıq ki, ölməyə gəldik.
DÜNYA
Dünya sonsuz müstəvidi,
Nə uzunu var, nə eni.
Sanki körpə bir səvidi,
Anlamazsan istəyini.
* * *
Nə dərdinə dərman olar,
Hər gün yıxar, bir can alar.
Yorar, yorar, heydən salar,
Yarı yolda qoyar səni.
* * *
Nə sonu var, nə əvvəli,
Ağıllını eylər dəli.
Tərs sualdı, sirdi, bəli
Anlayan yox bu düzəni.
* * *
Əksik olmaz qışda qarı,
Payız olsa bağda barı.
Dağ başında buludları,
Sıx dumanı, seyrək çəni.
* * *
Sən Allahın bir bəndəsi,
İsmin Murad haqqın səsi.
Sözdü fikrin şah pərdəsi,
Sən də qoru ənənəni.
A QARDAŞ
(Avdı Qoşqarın doğum gününə)
Deyirəm, dünyanın halal insanı,
Tək təmiz adamı sənsən, a qardaş.
Anlayıb bilənə əzizi, canı,
Qanmaza dumansan, çənsən, a qardaş.
* * *
Dumduru su kimi təmizdir adın,
Ağrımaz başını dərdə salmadın.
Halaldan doğuldun, halal yaşadın,
Haramdan uzaqsan, gensən, a qardaş.
* * *
Görəndə bar verir arzun, muradın,
Sevincdən uçmağa olmaz qanadın.
Böyründə, başında qohumun, yadın,
Sevincinə yarı, tənsən, a qardaş.
* * *
Üzündən bəllidir səmimiyyətin,
Baxıram hər kəsə xoşdur niyyətin.
Nə özün dəyişdin, nə xasiyyətin,
Bir azca dəyişsən, dönsən, a qardaş.
* * *
Səni mən hər yerdə misal gətirdim,
İzlədim, çox şeyi səndən götürdüm.
Yaxşı nə bildimsə ruha ötürdüm,
Ruhumda bar verən dənsən, a qardaş.
BİR DƏRDİNİ ÇƏKƏN OLA…
Bir dərdini çəkən ola,
Əlin üzdə qalmayasan.
Arxanca su tökən ola,
Öz yolundan olmayasan.
* * *
Çaşmayasan öz yerini,
Saxlayasan ləngərini.
Bu dünyanın dərd-sərini,
Heç vecinə almayasan.
* * *
Dərd-azarın çox olmaya,
Dinən ruhun tox olmaya.
Təbəssümün yox olmaya,
Bulud kimi dolmayasan.
* * *
Şah olasan öz taxtında,
Öz şansında, öz baxtında.
Ayrılasan düz vaxtında,
Çiçək kimi solmayasan.
* * *
Yaşamaqdan bezməyəsən,
Ayrı ruhda gəzməyəsən,
Sevdiyini əzməyəsən,
Murad, dərdə salmayasan.
ÖZÜMÜN ÖZÜMLƏ SÖHBƏTİM
Zövqümə həmişə inanmışam mən,
Bu da bir duyğudu ruhumdan gələn.
O qədər səbrimlə sınanmışam mən,
Tanrı da zövq alır bundan mən bilən.
* * *
Adam tanıyanam bircə baxışdan,
Zənnimdə heç zaman aldanmamışam.
Gileyim olmayıb bəxtdən, naxışdan,
Nəyim var üzdədi heç danmamışam.
* * *
Nə qədər daş atan oldu arxamdan,
Səkmədim yolumdan heç bircə qarış.
Şamın yandığını tez duyar şamdan,
Piltə nə çəkirsə çıraqdan soruş.
* * *
Demirəm ruh kimi hər yerdə varam,
Qismətin, taleyin qulu olmuşam.
Allaha yaxınam, Tanrıyla yaram,
Onun kölgəsində məskən salmışam.
* * *
Bu ömrün əzabı yormadı məni,
Hər yükün altına sırtımı verdim.
Nə tənə, nə pislik qırmadı məni,
Nə də biganəlik olmadı dərdim.
* * *
Rəhimli, duyğusal, sakit bəndəyəm,
Kimsənin işinə qarışmadım heç.
Nə sizdən geridə, nə də öndəyəm,
Bircə haqsızlıqla barışmadım heç.
Müəllif: Murad MƏMMƏDOV
MURAD MƏMMƏDOVUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru