Bu şeri AYB-də çoxlarının sevimlisi olan şair dostum Zaur Ustaca həsr eləmişəm. ZAUR müəllim Azərbaycanın qəhrəman oğullarından biridir. 1-ci və 2-ci Qarabağ savaşında iştirak edib, qazidir. Şirin dili, gözəl qələmi var.
O ağacın altı bu gün boş qalıb
Atamdan yadigar həyətımızdə, Dostluğun məbədi nar ağacı var. O nar ağacını sevirik biz də, Narın meyvəsinin çox əlacı var.
Çoxdandır, Zauru gözəl insanı, Narı ziyarətə çağırmışam mən O, igid, qəhrəman, qazi oğlanı, Ülvi sevgisiylə bişirmiş Vətən.
Onun qəlbindəki duyğular,hisslər, Gözəl Qarabağın mayasındandır. Şuşanın üzünü bəzəyən çislər, Ağdamın saf təmiz havasındandır.
Ağ üzlü Ağdamın zəvvarı olan, Hələ ziyarətə gəlməyib narı. Vətənin qazisi, şairi oğlan, Gözü yolda qoyub dost olanları.
Bahardır, rəvamı belə gözəl gün, Nar ağacımızın altı boş qala?. Sındırıb şeytanın qıçını bu gün, Zaur öz dostunun qonağı ola.
Oturaq altında biz gözəl narın, Şirin söhətlərlə dincələk bir az. Udub nəfəsini gözəl baharın, Döşəməli aşdan yesək pis olmaz.
O ağacın altı boş qalıb Zaur, Sənin qulaqların cingildəmirmi? Şəhərdə qaldığın daha bəsdir, dur, Ruhun dincələcək dost istəmirmi? Göyçay şəhəri
Günellə qonşuyduq; onunla bağlı xatirələri yaddaşımda axtarışa verəndə bir neçə görüntünün təkrarlandığı gördüm: üzündəki zərif təbəssümlə yolun o biri başından əl edir ki, gözlə, o tərəfə keçirəm… Məhlədəki xudmani marketin kassasında əlindəkiləri göstərib gülə-gülə deyir ki, guya dietaya başlayıram… Fərəhli günlərdə onların həyətində voleybol oynayırıq, övladlarımız bizim uşaqlaşmağımıza sevinib yan-yörəmizdə atılıb-düşürlər… Voleybol oynadığımız günlərdə kimin zərbəsindən topa kənara çıxsa, dalınca özü qaçırdı. Hiss edirdim ki, bunu həyətin sükutunu gülüşə qərq edən uşaqların sevincinə görə edir. Heç vaxt oyunun bitməsini istəmirdi, neçə saaatının, nə qədər ayının, ilinin, gününün qaldığını bilmədiyimiz ömrün fərəhli anını bir az da uzatmağa çalışırdı. Səadətdən heç yerə tələsmədiyi üçün topun dalınca tələsirdi. Market kassasının qarşısında gülə-gülə öz iradəsindən gileylənsə də, aldıqlarından görünürdü ki, hər şey evdəkilərin sevincinə, gülüşünə, rahatlığına hesablanıb, məsələn, vanilli dondurma, kinder sürpriz, birdəfəlik istifadə üçün təraş bıçağı. Çünki bəzən çöldə cibindən alınmalı şeylərin siyahısını çıxarır, bir-bir hamının sifarişini gülə-gülə, səsli oxuyur, sonra başı yeyilmiş balaca karandaşla yerinə yetirilmiş missiyaların üstündən xətt çəkirdi. Hər dəfə yolu biz tərəfə keçəndə salam-kəlamsız eyni cümləni deyirdi: Niyə bizə gəlmirsiz? Sonra əlavə edirdi: Yığışsanız, mütləq mənə də xəbər edin.
İndi, onsuz sətirdən sətirə keçirdiyimiz günlərin ildönümündə düşünürəm ki, Günel bu dəfə başqa bir yolun o tayına keçib, bu dəfə sirrini heç vaxt bilməyəcəyimiz bir səbəbdən öz doğum günündə öz adının üstündən xətt çəkib, bu dəfə dalınca tələsdiyi top Zərdüştün, Mövludun, Mahmudun olduğu yerə düşüb…
MİRZƏ ŞƏFİ VAZEH – Azərbaycan şairi, mütəfəkkiri və filosofu
OĞURLANMIŞ ŞAİR (Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
Dostlar, şəkk etməsin qoy buna heç kəs, Şahlara xoş gəlməz haqqın nəfəsi. Xətri istəsə də, həzm edə bilməz Haqqı, həqiqəti şahın mədəsi.
Həqiqət carçısı Mirzə Şəfi belə şeirlərdən çox yazıb. -Təkcə haqq, ədalət davası idimi davası? -Məncə, yox! Feodal zənginliyinə, despotizmə cild-cild şeirlər yazanın aşiqanə şeirləri də xətriniz istəyən qədərdir.
Cənnət qapısını bu dünyada sən, Açmısan üzümə, ey nazəndə qız. -yaxud
Nə mavi göydəki şux mələklərə, Nə bağlar qoynunda tər çiçəklərə, Nə Aya, nə Günə, eşitsin hamı- Bərabər tutmaram mən Züleyxamı
-deyən də yenə Mirzə Şəfi Vazeh idi. Türk oğlu türk, gəncəli balası, danışdığı lisan türk, irqi (milləti) türk.Özü belə yazırdı… -Bəs tale ona nə yazmışdı? Kimdir Mirzə Şəfi? Adı Şəfi, atasının ismi Kərbəlayi Sadıq, ədəbi təxəllüsü isə Vazehdir.
Haşiyə: Vazeh ərəbcədən tərcümədə “açıq”, “aydın”, “aşkar” mənasını verir.
Gerçəkdən də bütün mətləblərini pünhan deyil, aşkarda söyləyən şairimizə bu təxəllüs lap əyninə görə biçilib. Atası Sadıq kişi Cavad xanın sarayında memarlıq edərmiş.Mirzə Şəfinin doğum tarixinə fərqli araşdırmaçılar fərqli yanaşıblar.Əli Əjdər Səidzadə onun 1792-ci ildə (Mən bu versiyanı doğru sayıram, səbəbini yazımın sonlarında yazmışam), Feyzulla Qasımzadə 1794-cü ildə, Yenikolopov isə 1804-cü ilə aid edirlər.Məncə, 3-cü variant tamamilə qüsurludur.Çünki 1826-cı ildə Vazeh artıq sayılıb-seçilən şəxslərdən, mirzələrdən idi. -Onu deyrdim axı…Memarlıq edərmiş şairin atası Sadıq kişi.Taleyə bax, ilahi! Oğlu şeirimizin memarı, atası isə Gəncəmizin memarı.Biri şeirimizi düzəldir, biri şəhərimizi. Ancaq kaş ki, erkən vəfat etməsəydi Kəbleyi!!! Şəfi də düşməseydi çölə, biyabana.Bəlkə də kim bilir, yaxşısı belə imiş?! Bir qapı bağlanmasa, başqa qapı açılmaz ki. Şəfi Yaxın Şərqi gəzib – dolanır, nə yaxşı ki, Təbrizdən qayıdan varlı bir tacirlə – Hacı Abdulla ilə sırf taleyin diqtəsi ilə qarşılaşır.Hər şey də bundan sonra başlayır.Panteist dünyagörüşünü mənimsəyən Mirzə Şəfinin Gəncədə yaşaması əneyi – müsibət olur.Mədrəsədən çıxır.Başlayır mirzəlik etməyə.1831–ci ildə Hacı Abdulla haqqa qovuşur, hamisini itirən Mirzə Şəfi tələbəsini tapır- Fətəlini.Daha doğrusu, Fətəli bulur ustadını.Hal-qəziyyə bu sayaq olur:
“Gəncə mədrəsəsində hücrələrin birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı.Bu adam növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı yazırdı.Bu həmin Mirzə Şəfidir ki, Almaniya məmləkətində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haqqında məlumatlar yazıblar.Mən atalığımın buyruğu ilə hər gün bu şəxsin yanına gedər, nəstəliq yazısının məşqini edərdim.Beləki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu.Bir gün bu möhtərəm şəxs məndən soruşdu: -Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir? -Ruhani olmaq istəyirəm. -Sən də riyakar olmaq istəyirsən? Təəccüb və heyrət elədim ki, bu nə sözdür.Mirzə Şəfi mənim halıma baxaraq dedi: -Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içində puç etmə.Başqa bir məşğuliyyət qəbul et”.
Gəlin görək, nəstəliq yazısı nə imiş ki, Vazeh bu yazıda mahir sayılırmış.
Qeyd: Nəstəliq, ərəbcə təliq sözündəndir.4 mənası var: 1) asma; 2) əlaqədar etmə, bağlama; 3) təxir etmə, yubatma; 4) ərəb yazısının növlərindən biridir.
Burada 4-cü mənada işlənir ki, Vazeh həm də hüsnü-xətdə ad çıxarmış şairlərdən idi.
Şairin Tiflis həyatı isə 1840-cı ildə başlayır.Mirzə Fətəlinin dünyagörüşündə misilsiz rol oynamış Vazehə tələbəsi də borclu qalmır.Axundzadə Tiflis qəza məktəbində dərs dediyi yerini müəlliminə verir. Mirzə Şəfi 1840-cı ilin noyabrından başlayır dərs deməyə: Türkcə (azərbaycan) və farsca dərs dediyi müddət 6 ildir. Bodenştedtlə – şeir oğrusu ilə tanışlıq da məhz bu illərin yadigarıdır. 1844-cü il…Mirzə Şəfi “Divani-hikmət” adlı bir məclis təşkil edir.Bu məclisdə ziyalılar ədəbi-fəlsəfi görüşlərini ortaya qoyardılar.Ziyalılıqla ziyanlılığı tərs-avand başa düşən Bodenştdet də tələbələr arasında olurmuş.Guya fars dilini və şərq poeziyasını öyrənərmək niyyəti ilə.
HAŞİYƏ: Bəlkə də bu doğru faktdır.Amma şəxsən mən – Turan Uğur o qədər sadəlövh deyiləm ki, bu yazılanlara inanım.Ölmüşdü Xankişi…Avropanın göbəyində nemes balası oturub ki, könlümə Şərq poeziyası düşüb, göndərin məni öncə Moskvaya, sonra Qafqaza, gedim bir-iki ağız farsca, ya türkcə şeirlər dinləyim. Bu, yüz illərdir başımızı qatan maraqlı nağıllardır, amma nağılların ilk missiyası bizi məhz yuxuya verməkdir, biləsiniz.Fikrimcə, Bodenştdet kimiləri ilk növbədə missioner kimi göndərilirdilər, məmləkətimizdə hər ölkənin ta qədimdən gözü olduğu üçün xüsusi insanlar hazırlanar və bura şeir, sənət həvəskarları kimi göndərilərdi.Əlbəttə, həmin dövrün tələbləri indikindən fərqlidir və əsasən xristianlığı çeşidli yollarla yaymaq prioritet istiqamət sayılırdı.
Bu məclisin bir üstün tərəfi o idi ki, Şəfi də Bodenştdet vasitəslə Qərb haqqında biliklər əldə edir.Alman şairlərindən: Höte, Heyne, Şillerin əsərləri ilə tanışlıq üçün alman tələbəsi əla bir vəsilə olur. 1846-cı ildə Almaniyada nəşr olunan “Şərqdə 1001 gün” əsəri Bodenştedtə Almaniyada və bütün Avropada məşhurluq gətirdi.1851-ci ildə isə “Mirzə Şəfi nəğmələri” adlı tərcümə kitabını nəşr etdirən Bodenştedt daha böyük uğur qazanır.Almaniyada kitabın 26 il ərzində 50 dəfə nəşr olunma faktı dediklərmə dəlildir.Dediklərimə başqa dəlillər də var: 1884-cü ildə italyan Cüzeppe Romsi “Şərqilər”i italyancaya tərcümə edir ki, bu da sonralar əsərin fransız, ingilis, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərinə tərcüməsinə yol açır. Amma təəssüf ki, başqa dəlillər də var. 1873-cü ildən başlayaraq Fridrix müəlliminin şairliyini inkar edir, özünü bu əsərlərin əsl müəllifi kimi qələmə verir, nacinsliyini bütün gücüylə göstərir. Uğurlardan başı gicəllənən, məsti-xumar olan alman tələbəsi alman dəqiqliyini şöhrətə qurban verir, necə deyərlər, başlayır cığallıq eləməyə.Bu işdə ona züy tutan da var idi: Şərqşünas Adolf Berje. Yağışlar yağmış, çatlaqlar örtülmüşdü.Daha nə Mirzə Şəfi var idi, nə də başqa bir şahid. Amma nə yaxşı ki, qızıl bir qaydası var bu dünyanın: -Yazıya pozu yoxdu…Oğru Bodenştedt və onun züy tutanı Berje elə öz yazıları ilə özlərini ifşa edirlər. Hələ 3 il öncə 1870-ci ildə A.Berjenin M.Ş.Vazeh haqqında bioqrafik hekayəsi dərc olunmuşdu. Nə yazılsa yaxşıdır: “Tiflis küçələrində tez-tez rast gəldiyim 60 yaşlı bu türk müəllimini mən 1851-ci ildə görmüşdüm.Bir il sonra şairlə yenidən görüşmək istəyəndə dedilər ki, üzüm yeyib mədəsi pozulduğundan vəfat edib” Demək, Berje onu şair və müəllim kimi tanıyırmış.Hətta bu yazı ilə öyrənirik ki, Mirzə Şəfi 1852-ci ildə təxminən 61 yaşında vəfat edib.Deməli, şairin təvəllüdü barədə yazılan Əli Əjdər Səidzadənin variantı daha doğru gəlir, nəinki başqalarının. Berjenin cığallığından ruhlanan başqa bir cığal Bodenştdet daha da irəli gedir: “Mən Mirzə Şəfinin adını zarafatca götürmüşəm və iki “ff” lə yazmışam: Şaff yəni, qoyun.Nə yaxşı ki, başqa bir alman Müller “İslamın tarixi” kitabında heç olmasa şairlə bağlı başqa bir faktı qəbul edir:
Mirzə Şəfi fars deyil, gəncəli türkdür.Onun fars olması iddiaları da ən azı korafəhmlikdir. Kişi özü yazıb ki: “İrqim türk, danışdığım lisan türkdür”
Neyləyək ki, alman Bodenştedtin çıxardığı hoqqabazlıqdan sonra uzun illər Mirzə Şəfinin şöhrət havası qara dumana bürünür, qarmaşıq fikirlər uzun illər boyu oxucunu çaş-baş salır.Akademik Krımskinin də dediyi kimi: Həqiqi Mirzə Şəfidən Bodenştedtdə az qalıb” Bodenştedt oğru əxlaqı ilə Vazehin bəzi şeirlərini orijinaldan uzaqlaşdırmış, iz buraxmasın deyə şeirlərə özündən neçə-neçə misralar uydurmuş, alman ovqatı saçan sətirlər əlavə eləmişdi.
Məni qəbul edib şah izzət ilə, Giley-güzar etdi şikayət ilə: Ona həqiqəti söyləmir heç kəs. Özüm həqiqəti açıb söylədim, O məni paytaxtdan sürgün elədi.
Bu kimi tipik Şərq həyatı ilə bağlı misraları təhrif etmək isə Fridrixin xörəyi deyildi.Görünür Qafqazda bulunduğu dövrlərdə Bodenştdet bizim xörəklərin ləzzətini az dadmış kimi, şeirlərimizə də az bələd olubmuş.Yoxsa: Ustadına kəm baxanın, gözlərinə qan damar-damar misralarını qulaqardına vurmazdı.
(Məqaləmdə Mikayıl Rəfilinin, Salman Mümtazın, Firudin bəy Köçərlinin, Əli Əjdər Səidzadənin, Xəlil Rzanın, Akademik Krımskinin yazılarına və xatirələrinə, habelə şəxsi mülahizələrimə söykənmişəm)
Bu gün Ümumdünya dostlar günüdür. Dost olmağı bacaran hər kəsin bayramı mübarək olsun. Bir şeirimlə sizləri təbrik etmək istərdim. Xoş mütaliələr arzu edirəm.
DOST “Hikmət güzgüsü ” kitabımdan.
Axşamdır,atamla söhbət edirəm Bir sirri açmağa dedim acizəm. Atam dedi:Oğul, nədir ki, o sirr, Səni aciz bilib əzab yedirir. Atamdan soruşdum, dedim dost nədir? Atam dedi:Oğul, dost xəzinədir, Şekspir çağırmış dostu bu adla, Qəlbin xəzinəsi deyə inadla. Fəqət, haram şeylər düşünən bir kəs O xəzinəyə əl uzada bilməz. Dəyəri dünyanın dəyərindən çox, Ölçüdə, çəkidə bərabəri yox. Ancaq dost sözünün hər bir hərfinin Gərək dost axtaran anlaya sirrin. D- hərfi dumandır, görünmür sonu Kəşf etmək çətindir kim olduğunu. Bu tüstülü hava şaxtaya deyil, Oda çevrilərsə, xeyrinədir bil. Bu hal təbiətdə görünür aydın, İstilik üzünü açır dumanın. O -hərfi oddur ki, yandırar səni Bişirib anladar məhəbbətini. Deyə bilərsən ki, oddan-alovdan, Necə ilham alar yanan bir insan? Təbiət məktəbdir, diqqət yetirsən, Açıq-aydın özün baxıb görərsən. Dəmir yana-yana bişməsə oğul, Əsər ola bilməz, bunu yaxşı bil. Şəms Təbriziyə rast gəldiyi zaman Mövlana alışdı Şəmsin odundan. Dedi: Əvvəl xamdım, yandım, bişdim mən. Şəmsin atəşiylə doğdum yenidən. Alov alışdıqca buxar yaradar. Yanmağın sonunda saflıq var, su var. Mənası olmalı yanmağın da bil, Mənasız od-alov məhəbbət deyil. S- hərfi sudur ki, söndürür odu, Saflıqla yaradır öz qanununu. İki sifəti var, fəqət suyun da, Lazımsız yerlərdə sevilmir o da. Nizami söyləmiş suyun sirrini, Hikmətlə göstərmiş onun yerini. Bir inci saflığı olsa da suda, Artıq içiləndə dərd verir o da. Nizami dosta da məlhəmdir deyir. Dost məlhəm olaraq rahatlıq verir. Bütün yarananlar, dünyada nə var, Su ilə həyatda dirilik tapar. Hava, od, su oğul, kəşf edilməsə, Torpaq öz sirrini deməz heç kəsə. T -hərfi torpaqdır, nə əksən bitir. Çəkdiyin zəhməti qiymətli edir. Hətta şoran belə olsa da torpaq, Yenə yovşan kimi gülü olacaq. Səxavət, ədalət, sevgidir torpaq, Nə əksən əmanət deyib alacaq. Elə ki, bu hallar yarandı səndə, Demək, FUAD gözü açdı qəlbində. Mövlana dostu görməyən gözü, Deyir dost saymayın aldadır sizi. Çünki, həqiqi göz dostu görəndir, Onu dərk eyləyən, idrak edəndir. Anladınmı oğul, dostu olmayan, Dünyada qəlbi kor keçirir dövran. Tarixə diqqətlə yanaşsan əgər, Kor Homeri tarix sənə göstərər. Məşhur “Odissey”i, “İliada”nı Homerin qəlbinin dastanı tanı. Gözdən kor olsa da yazdı, yaratdı. Dünyaya əbədi bir imza atdı. Oğul, qəlbi gördü böyük Homerin,
Qəlbinin nuru ilə yazdı əsərin. Çünki, qəlb axirət dəftəridir, bil, Qəlbdən heç bir əməl gizlində deyil. Ancaq qəlbi əqli vəhdət quranlar Dost xəzinəsinə sahib olarlar. Bu böyüklüyüdür türk dilimizin, Bizi təfəkkürlə eyləyir mətin. Təfəkkürsə RƏBBin dərgahındadır. İnsan pak olanda ora yol tapır. Çünki, qəlb saf, təmiz olmasa əgər, Təkəbbür deyilən çirkaba düşər. Kimin dostu varsa dünyada inan, Böyük mükafatdır ona ALLAHdan. Dost olan könüldə iman var, haqq var. Yalnız imanlı qəlb cənnətə çatar. Dost sözü hecaya bölünmür oğul, Çünki qəlb sözü də bölünən deyil. Dostu qəlb kəşf edib seçdiyi üçün, Ölçüsü, çəkisi eynidir bütün. Qəlb sevgi, məhəbbət məmləkətidir, O qəlb eşqi bizə ərməğan edir. Eşqə hardan baxsan atalar deyir, Orda açıq-aşkar ALLAH görünür. ALLAHı seyr edən gözlərsə, inan,
Günahdan yan qaçar, qorxub ALLAHdan. Necəki, nizamlı qurulmuş dünya, Nizamla yanaşaq gərək biz ona. Ölçüdən kənara çıxan nə varsa, Sonda məhkum olur, dönür iflasa. Ancaq, atalardan belə misal var, Hər gözəl olanın bir eybi olar. Eyibsiz dost gəzən, axtaran kəsi, Dostsuz qala bilər söyləmiş Tusi. Deməli, ALLAHın mərhəmətindən, Özündə nümunə etməlisən sən. Bu əməl göylərə ucaldar səni, Dostluqda artırar məhəbbətini. Görürsənmi, oğul, dost olmaq nədir? Dostluq insanlıqda bir nümunədir! Göyçay şəhəri.
Dostluq və dostlar günü Dostluq ən ülvi mənəvi dəyərlərdən biridir. Dostluq, insanlar arasında mənəvi bağlar elə insanlığın tarixinin özü qədər qədimdir. Təmənnasız dostluğun içində sevgi, qarşılıqlı hörmət, mərhəmət, qayğı, can sirdaşı olmaq kimi hisslər var. Həyatında xoş gündə də, kədərli anlarında da yanında olmasını istədiyin, dəyər verdiyin, həmişə görüşünə, ünsiyyətinə can atdığın sirli bir cazibə ilə səni özünə çəkən əsl dostun varsa, demək xoşbəxtsən. Bu gün beynəlxalq dostluq günüdür. Tarixi bəlli olmayan dostluq gününü kim və nə vaxt təklif etdiyi bilinmir. 6 may 2011-ci ildən BMT-də Paraqvayın təklifi ilə 30 iyul beynəlxalq dostluq günü kimi qəbul edilib. 9 iyunun qeyri-rəsmi olaraq dostlar günü kimi qeyd olunması isə bir sıra ölkələrdə ənənə xarakterini alıb. Təbii ki, bu gün saf duyğularla bir-birlərinə bağlı olanları, əsl dostları təbrik etmək yerinə düşərdi. Qoy bütün dostların dostluğu səmimi özül üstdə möhkəmlənsin! Dost itgisinin acısını heç kəs dadmasın! Mənim üçün dünya malının heç bir dəyərilə ölçüyə gəlməz, müqayisə olunmaz ən yaxın dostumun bağışladığı dünyamın ən qiymətli hədiyyəsi olan bu qələmlə bütün dostlara Dostluğunuz Əbədi Olsun yazmaq çox xoşdur.
Onun yenicə işıq üzü görmüş “Üşüyən şeirlər,…” kitabındakı poetik duyğularını ələk-vələk eləməyə başlayandan az sonra məşhur rus ədəbi tənqidçisi V.Q.Belinskinin bir fikrini xatırladım. Onun yeni kitabında nəzmə çəkilən mətləblər Belinskinin fikirləşdiyi kimidir: “Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratmaqdır”… O da yaradır. Bu yaradıcı insanın lirik düşüşüncələrini, həyata, ömrə, mənəvi dəyərlərə münasibətini cilalayan məqamlardan, bəlkə də birincisi doğulduğu, yetkinləşdiyi, fəaliyyətdə olduğu mühitdir. Şair, yazıçı, pedaqoq, dövlət idarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyən Adilə xanım Aslanova Azərbaycanın ecazkar – Yaradanın ovqatının ən xoş vaxtında yaratdığı bir guşəsində – axarlı-baxarlı, qızılgül ətirli, qoca Qafqazla qol-boyun dayanan, müxtəlif etnoslara qucaq açan vüqarlı, məğrur, Adilə xanımın təbiriylə desək, “kiçik Paris”də – Zaqatalada dünyaya göz açıb. Onun Zaqatalası da bir obrazdır, “dağa söykənən şəhərdi, bir əzəmət heykəli”dir. Həmişə düşünmüşəm ki, Vətənimizin ən mərhəmətli, qayğıkeş, tolerant insanlarının yaşadığı ərazilərindən öndə gedəni Şimal-Qərb bölgəsidir. Orada yaşayanların insansevərliyi buna əyani sübutdur. Çoxları dünyanın cənnət yerlərini Alp dağlarının ətəklərində, Balkan yarımadasında axtarır. Zaqatalanı görənlərin gözündə Alp dağlarında gördükləri mənzərələr adiləşir. Zaqatala elit şəhərdi – insanları, təmizliyi, saf havası və suyu, həyatverici təbiəti, min nemət yetirən torpaq-bitki örtüyü ilə. Sadaladığım bu dəyərlər Adilə xanımın şəxsiyyətinin və poetik dünyasının mükəmməlliyində özünü bariz göstərir. O, duyğularını özününküləşdirməyi bacarır, sözlərdən özünəxas, təkrarsız nümunələr yaradır. Səmimilik hər misranın yükünü artırır, sözə can verir, sözsevərləri sözün sehrinə salır. Ayrı-ayrı şeirlərdən ayrıntılara diqqət edək:
Gecə tərin tökür nəm şüşəmizdə… Küçə ayağına dar olmadı ki?!. Məzar daşı kimi soyuq əllərim… Yuxular gecənin dəm qonağıdır… Ürək dönüb indi qəbir qazana… Ağlayan daşlardan yer atlaz olur…
Belə nümunələri çox seçmək mümkündür. Lirik düşüncələri orijinaldı. Hiss olunur ki, həmişə axtarışdadı. Uğurlu sözü tapanda ağuşuna alır, sevinir, özü olur, mənəvi övladıdır axı. “Üşüyən şeirlər,…”in redaktoru və ön sözün müəllifi qazi zabit, şair, esseist, publisist Rəfail Tağızadə yazır: “Adilə xanımın şeirlərində elə məqamlar var ki, ordan sakitcə keçə bilmirsən, şeir, fikir səni tutub saxlayır. Adilə Aslanova hansı mövzuya əl atırsa, orda özünəməxsus nümunə yarada bilir. Oxucu onun şeirlərindəki sadəlikdən həzz alır. Darıxmır, yorulmur”. Adilə Aslanovaya görə “Vətən çəhrayı bələkdən başlayr!”. Uğurlu bənzətmə, tapıntıdır. O, vətəndaşdı, vətənsevər söz adamıdı. Vətən dar gündə olanda kədərlənən, ona hayan olmağa çalışan, şad günündə uğuruna sevinən el, oba, yurd Vətən qızıdı. “Azərbaycan, Zəfər Günün mübarək”, “Azərbaycan əsgəri”, “Yaşayan şəhid”, “Xocalıya açılacaq bu sabah”, “Torpağım şəhid-şəhid”, “Şuşa” və digər şeirlərində onun bir gözü gülür, o birisi göz yaşı tökür. Sevinir ki,Vətən oğlu “qələbəylə ibrət verdi düşmənə”. Sevinir ki:
Öz halal torpağına Yad quş da səkə bilməz! Sən varsan, azadlıq var, Bu yurdun qeyrətini Heç vaxt yad çəkə bilməz! Sən mənim torpağımın Şanı, fəxri, hünəri, Azərbaycan əsgəri!
Kədərlənir ki:
Sağ qalan şəhidlərin, Ayaqları, qolları, Görən gözü asılıb Şəhid məzarlarından! Dil açmamış körpəmin, Müəmmalı baxışı, Gələcək sualları, Donub, asılı qalıb, Şəhid məzarlarından!
Həyat başdan-başa müəmmadı, sirdi, sehirdi, labirintdi. Bu burulğanların, keçilməzliklərin caynağında kimsə bu gününü alqışlayır, kimsə də qarğış atəşinə tutur. Bu təzadların içində yaşamaq, əlbbəttə, asan deyil. Kimi şükranlıqla yaşayır, kimi də ömrünə, gününə, ömür-gün yoldaşına lənət oxuyur. Adilə xanım lirik qəhrəmanı qadının hər halını duyur, anlayır. Çünki həyatın sınaqlarından halıdır, anadı, nənədi, ləyaqətli Türk xanımıdı. Ona görə də həmcisinin durumunu başa düşür, sözlə ifadə edir:
Yaxında qonşu qadın Ərini qarğıyırdı. Tənha qalan bir qərib – Dul gəlin ağlayırdı.
Küçədə “xoşbəxt” itlər Kimə gəldi hürürdü. Kif basmış boz ümidlər, Küçələrdə ölürdü.
Onun lirik qəhrəmanlarından çoxu qadındı – “solğun tellərinin boyası gedən, əyilə bilməyən, sına bilməyən, küskün taleyilə abır həyasına, soyuq kədərinə qısılan qadın, ötmüş qatarından sarsılan qadın”. Bu hissləri fenimizm kimi, qadın təəssübkeşliyi, gender bərabərliyi axtarışı kimi anlamayın. Adilə xanım daha geniş əhatəli, daha bəşəri düşünür. O, harda zorakılıq, zülm, ədalətsizlik varsa ordadır, hansı cinsin nümayəndəsinə qarşı qeyri-humanist münasibət görsə, sakit dayana bilməz. Söz adamı həm də haqq-ədalət tərəfdarı, zamanın, insanın nəbzini tuta bilən, dəqiq ölçən barometr olmalıdır. Adilə xanımın bir qanunu var: sözə könül verən kəs nə “yazırsa, yaxşı yazmalıdır”. O, “qüruru məhbəsdə həbs olan qadının” daxili dünyasındakı təlatümləri görür:
Adilə Aslanova söz adamı kimi qarşısına bir məqsəd qoyub – “ömrün çətin düyünlərini açmaq”. Ona görə də “qanqalı da tər bənövşə qoxuyan” ömrün “zəhərini də şərbət bilib içmək” cəsarətindədi. Həm də mərhəmətlidi, “körpü salır” ömrün “həsrətindən, acısından”. Ancaq o körpü “Sirat deyil, tez ol, yüyür, keç görüm” düşüncəsi ilə bəşər övladını qorumaq istəyindədi. Bu qayğının, yanğının, humanistliyin vəhdətində bir ömür boyu “mən” axtarır. O aliliyi, əzəməti, mükəmməliyi tapır və sözə çevirir. Uğurlu söz axtarışları zamanı həmişə özüylədöyüşdədir, hər an özünə hesabat verir:
Möhtəşəm olurmuş sevilən kədər, Varlığı təsəlli, yoxluğu əzab. Fəsillər dövr edib dəyişən qədər, Ürəyim ağlımla çəkir haqq-hesab.
Bəli, o təkcə sevincə aşiq olmur, kədərini də sevir, müqəddəsləşdirir. Dərin düşüncələr içində üzüağ ömrünü ələk-vələk edir, adilikdən uzaq sevgisinə, yəqin ki, özü də təəccüblənir:
Sevdirir insanı ruhu, nəşəsi, Mən öz kədərimi sevdim, İlahi.
Onun sevdiyi kədər işıqlıdır, doğmadır, həyatvericidir, həniri heç vaxt azalmır. İgid odur ki, kədərini də sevsin, özü də:
Dərdi qoyub cibinə, Xərcləməyə gedəsən. Gərək dərd sevəndə də, Ən gözəlin sevəsən…
Adilə xanımın sevgi hissləri də möhtəşəmdi. “Qara oğlan” şeiri ilə özəl həyatının acısını, şirinini, həsrətini, vüsalını, xoşbəxtliyini, səmimi, şirin xatirələrlə limhəlim dolu ömrünün anlarını qələmə alır. “Sarışın qızın poetik düşüncələri həm həzindi, həm də hay-haraylı. Oxuyanı düşünürük ki, lap bizim ömrümüzün müxtəlif ovqatlı anlarıdır. “Qaşın altdan baxıb, sevgilisinin ruhunu özüylə aparan, sarışın qızın qaranquş qəlbini söküb talayan, gözəllər dalınca dönüb axmayan” qara oğlandan nigaran sarışın qız o qara oğlanla birgə ömrünün qırx ilini arxada qoyub. Məmməd Arazın bir misrası yadıma düşdü: “Bu da belə bir ömürdü, yaşadım”. Adilə xanım da ərkyana: “məni qınamağa nə var ki, ömrüm, bilmirəm bu necə, necə ömürdü” pıçıldayır. O da, o qara oğlan da yaşadılar, bir ömrü çiçəkləndirdilər, bəhərləndirdilər, nəvələrlə varlandırdılar. “Etiraf” şeirinin lirik qəhrəmanları da həmin sarışın qızdı, həmin qara oğlan, sarıbənizin “sevdiyi, seçdiyi cavan oğlan”. Onlar bir isti ailə ocağının qurucularıdır.
Söz aldı, söz verdi dədə babamız, İsindi evimiz, güldü yuvamız, Bizləri yaşatdı üçcə balamız, Nəvələr dırmanır divara, oğlan!
Lap bir gün əcəl gəlsə, Qorxma! Yan-yörənə buraxma! Məni özünlə saxla! Səni mənsiz aparsa, Görəcəksən ordayam!
Adilə Aslanova lirik qəhrəmanının doğum gününəgöndərdiyi ən dəyərli hədiyyəsinə həsəd aparmamaq olmur: “qədəhinə şeir süzüm”. Şairin sözdən qiymətli bəxşişi olmaz ki?! Başqa bir hədiyyəsi “kriminal” olsa da çox orijinaldı: “hər şeirimdən bircə sətir oğurladım”. Belə unikal oğurluğu söz qədrini bilənlər edər. Bir də şairin poçtxanası çox oprativ işləyir, “sovqatımı göyərçinin ayağına bağladım”. Belə baratı hamı gözləyib – qanıqaynar vaxtı. Doğrudan da şair olanın ürəyi adi deyil. Belə qeyri-adiliklərdən ədəbiyyat yaratmaq isə qat-qat qeyri-adilikdir. Bunun üçün çırpınıb coşan, çarpışan ürək gərəkdir. Əbu Turxana gərə, ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. Adilə xanım da lirik qəhrəmanının doğum gününü əbədiyyətə çevirir. Lirik qəhrəmanına ən ümdə mənəvi varlıq – ümid də göndərir:
Süfrənizdə bir yeri boş qoyarsan, Üzbəüzə, səninlə tuş qoyarsan, Boşqabıma bir az da aş qoyarsan, Bir də gördün, gəldim özüm, bağışla.
O, məsuliyyətlidir, yazdığı hər misraya cavabdehdi, etiraf edir ki, şair olmaq asan deyil. Şair olmaq üçün gərək “tay olasan bənövşəyə”. Dürlü-dürlü fikirlər onun təxəyyül süzgəcindən keçib sız incilərinə çevrilir. Bununla belə özünə qarşı çox qəddardır: “Mənə şair deyirlər, deyiləm, Allah haqqı!” Adilə Aslanova inamlıdır:
Mən içib Arazın suyunu bir qurtuma, Ayaqyalın qaçacam, o mübarək yurduma!
O, əqidə sahibidir, amalı, məsləki birdi. Qəlbi yad hisslərin, üsyan yeridi. Bu qəlbin “qapısında gecələyir, şanı hörüb beçələyir, öldürmür ey çiçəkləyir ağrılar”. Ağrılar əlahəzrət sözün qidasıdır.
Sevdiyim! Gəl incimə, Hər nə istəyirsən, de, Bircə mənə “Ay” demə. Mən ona tay olmaq istəmirəm! Hər gecə bir şəkil alan Ay olmaq istəmirəm.
“Şagird dəftərində qalan şeirlər”, “Görüş yeri”, “Kəndçi qız”, “Şəkillər”, “Sənə şeir yazıram”, “Səndən nigaranam”, “Bu gecə” və digər bədii nümunələrdə lirika ilə nostalgiya bir-biri ilə elə ülfət yaradıb ki, bu iki şirin duyğunun dadından doymaq olmur, bu şirinliyə düşənlər ordan çıxmaq istəmir, körpələşir, xatirələr qucağında süd qoxulu körpəliyinə dönür. “Çit donlu, xəyalları aşıb-daşan tələbə, incə, sarıbəniz kəndçi qız”ın obrazı nəinki Adilə xanımın, artıq mənim də gözümün qarşısından çəkilmir, Adilə xanım onu mənə də doğmalaşdırıb. “Qoynunda qolları çarpaz, bükülü” qız uzaq-uzaq illərdən boylanır, bizi də o günlərə səsləyir. İndi o qız da, biz də sarışın qızın qarşısında lal-dinməz dayanıb suala dönürük. Belə saflığa baş əyməmək olmur. Adilə Aslanova başdan ayağa şeir adamdı:
Hardasa bir ulduz uçur, Qonur qərib şeirlərə. Yapışmışam ətəyindən, Görüm nə vaxt çırpır yerə…
“Nağıl bilək dünyanı” şeiri gerçəliklə xəyalların gerçək nağılıdı. Şair xanım arzularının, xəyallarının quşqonmaz sərhədlərini aşıb real dünyasına qayıtmaq üçün mücadilədədi. Narazıdır ki, “düşüncəmiz Cırtdan olub, kiçilib, nənəmizin arpa aşı bişmir, “siçan bəylər” xan evində kefdədi”. Acgöz məmurlar (divlər) “çevirib dünyamızı zindana, tələsirik işıq gələn tərəfə”. Ancaq işığın qarşısını kəsən Təpəgözlərə gücümüz çatmır. Elə bu an nəhayət Adilə xanımın mübariz təxəyyülü dadımaza çatır. Doğrudan da dünyanı, insanı mübariz ruh xilas edəcək:
Koroğlular qılınc beldə gələcək, Keçəl Həmzə yad atından enəcək, Div deyilən əməlində yenəcək, Qarşılayın!.. Atlarımız kişnədi.
Onun “şeirləri ürək kimidir” – həssas çırpıntıları, yaşantıları ilə, onun “şeirləri pətək kimidir” – sözə vurğunların zövqünü balladır. Onun şeirləri nazlıdı, kövrəkdi – bənövşə kimi, kükrəkdi – şəlalə kimi, hürkəkdi – həsrətdən bağrı yanan lalə kimi. Onun “sevgi dünyası bir tilsimdi, pünhandı – sevgi dünyası kimi, onun şeirləri “uşaq kimidir – sakitcə ağlayır”, qəhqəhə çəkib gülür. Onun şeirləri özünün özüylə haqq-divanıdır – “burda qırğını var ruhla ağılın”. Onun şeirləri “təpədən dırnağa özü kimidir – həmişə özü özünü varaqlayır”. “Qəlbində dil açmış sözləri qaldığından Simurğun qanadlarına qonub ruhunu göylərdə gəzmək, şeir heykəli qurmaq istəyir”. Şeir heykəli qurmaq istəyənlərə sözə dəyər verənlər ürəklərində əbədi və əzəmətli heykəl ucaldırlar. Ancaq Adilə xanım yenə “narazı”dı. Onu şair doğmadığı üçün anasını “qınayır”. Bəli, əsl şair odur ki, həqiqi şair olduğunu boynuna almır. Bu da söz adamının aliliyidir. “Niyə məni şair doğmadın, ana” şeiri Adilə xanımın həyat manifestidir, fəlsəfəsidir:
Niyə məni şair doğmadın, ana?! Şairlər bir az da kədərdən yazır. Mən də azdırardım qəm, kədərimi, Yaxına qoymazdım heç qədərimi. Iblisə, şeytana qəbir qazardım, Yolundan didərgin salardım, ana!
Məni niyə şair doğmadın, ana?! Şairlər dünyanın söz qılıncıdır. Qılınc götürərdim, sipər çəkərdim, Dünyanın qəlbinə ümid əkərdim, Pisliyi, nifrəti xeyrə yozardım, Sonra kürəyimə alardım, ana! Bəlkə də, lap şair olardım, ana!
Adilə Aslanovanın şeirləri Vətənin “boynuna taxılan göz muncuğudur”… Onun lirik dünyası gözəlliklər məskənidir – ilahi sözün sehrindən yaranıb… Onun “ümidi kainatı qucan sevgi qədərdi”… Özü də hələ böyüməkdədi – təzə doğulan şeirləriylə. Hələlik “yarımçıq şeir”inin şah misrası boydadı”. Şah misralar çoxaldıqca mənəvi anasını da böyüdəcək… “Kənddən gələn və kəndinə qayıdan (hər iki anlamda) sarışın qız “arxalı köpəkləri” lirik dili və duyğularıyla susdurmaqdadır… Onun “üşüyən şeirlər”inin istisində qızındım, yeni şeir-insan tapdım… 02.06.2024
“Descartes Felsefesinin ilkeleri ve Metafizik Düşünceler” Əsl adı ilə “Principia philosophiae cartesianae” Spinozanın sağlığında öz orijinal adı ilə nəşr etdirdiyi yeganə kitabdır. Əsər Dekartın dualist baxışı əsasında yazılmış, Dekart fəlsəfəsindəki həll olunmamış və cavabsız məqamlara diqqət yetirilərək Dekart fəlsəfəsini tamamlayıcı xüsusiyyətləri həndəsi və fəlsəfi terminlərlə vurğulanmışdır. Müəyyən mənada, Spinozanın Dekartın fəlsəfəsini inkişaf etdirdiyini söyləmək səhv olmaz. Bəs Spinoza niyə Dekartın fəlsəfəsinə bu qədər yaxın idi? Bu suala cavab verərək kitabı izah etməyə çalışaq. Bildiyiniz kimi, Dekartın dualist baxışı ikili substansiyaya əsaslanır. Bu ikili substansiya ən ümumi mənada ruh və bədəndir. Leybnitsin ruhla bağlı monadologiyasını, bədənlə bağlı Spinozanın panteizmini oxumaq mümkündür. Spinozanı Dekart fəlsəfəsinə yaxınlaşdıran məsələ də buradan başlayır. Halbuki kitab Dekartı anlamaq üçün yazılmış bir əsər deyil, tamamilə Spinozanın Dekartın fəlsəfəsinə öz panteist baxışının əksidir.
Spinoza əsərdə Dekartın “Cogito ergo sum” ifadəsi və tanrı anlayışının mahiyyəti barədə də fikirlərini bildirir. O deyirdi ki, insan hansı yönə doğru şübhə duyursa duysun, “yenə də şübhə edirəm, düşünürəm, deməli, varam!” deyə hayqırmalıdır. Var olan hər șey üçün, var olmağının səbəbi soruşula bilər. Tanrı isə əbədidir. Tanrıda olan bütün kamillik, bütünlük isə yenə də tanrıdan gəlir. Gücün mövcudluğu yalnız tanrının mütləq iradə azadlığı ilə hələ mövcud olmayan hər şeyi yarada biləcəyi gücü ilə əlaqəlidir. Onun varlığı isə özü ilə deyil, yalnız başqa bir şey vasitəsilə bilinə bilər.