…və nəhayət, bunu da deyim. Çörək alırdıq. Söhbətimizə diqqət kəsilən gənc satıcı gözləmədiyim halda dedi ki, zənnimcə siz Azerbaycan türküsüz.. Tanış olduq. Sən demə, Məhəmməd, Əfqanıstandan gəlibmiş Amerikaya. Dedi ki, bizə Əfşarlar deyirlər, bilirəm ki, kökümüz Azərbaycandandır. Məhəmməd iki Univerditet bitirib. Əvvəlki hakimiyyət dövründə Əfqanıstan prezidentinin köməkçisi olub. Son çevrilişdən, dini radikallar hakimiyyəti ələ alandan sonra ölkəni tərk etməli olub. Dükanda müvəqqəti çalışır. Ona burada başqa iş vəd ediblər. Məhəmməd Qarabağda əldə edilən qələbədən sevindiyini bildirdi. O, Əfqanıstanda da Qarabağ bölgəsinin mövcudlugunu vurğuladı. …Əfqan, yəni “əfşar çörəyi” dadlı idi, lap bizim çörəklər kimi…
Xanlar Həmid -70 Xanlar müəllim düz 70 il bundan əvvəl uzunömürlülər diyarı Lerikin ziyalılar kəndi Çayrud kəndində dünyaya göz açmışdır.Bu günə qədər də dağlara söykənərək,öz doğma kəndində yaşamaqda davam edir.Öz poetik ruhunu,ilhamını söykəndiyi dağlardan,onun təmiz havasından və səffaf sularından almışdır.Orta məktəbi doğma kəndində,ali məktəbi isə doğma paytaxtımız Bakıda bitirmişdir.O vaxtdan ömrünü doğma kəndinə bağlamış,bütün həyat fəaliyyətini,yaradıcılığını bu kənddə davam etmişdir.Ədəbi yaradıcılığı da elə vaxtdan başlamışdır.Ədəbi mühitdə Xanlar Həmid imzası tez bir zamanda məşhurlaşmlşdır.Onun yazdığı qoşmaları,gəraylıları və qəzəlləri özünəməxsusluğu,dərin fəlsəfi mənaya malik olduğu,maraqlı və məntiqliliyi ilə seçilmişdir.Şeirlırində daim torpaq halallığı,dağ çiçəklərinin qoxusu və Vətəninə,doğma torpaqlarına bağlılıq hiss olunmuşdur.Vətənpərvərlik mövzusunda yazdığı şeirləri həmişə diqqət çəkmişdir.”Ana yurdum Azərbaycan”,Lerikimdədir”,”Bizim cənub böldəsində”,”Çayrud”,”Lənkəran” və s.kimi şeirləri dillər əzbəri olmuşdur.Xanlar Həmid Əruz vəznində də özünü sınamış və neçə lirik qəzəllər yazmışdır.Həmin qəzəllər xanəndə və müğənnilərin repertuarında böyük məharətlə və ustalıqla səslənmişdir.Elə bu sətirlərin müəllifi Tarix Vüsallı onun 15 şeirini səsləndirmiş və oxucular tərəfindən böyük rəğbətlə qarşılanmış,minlərlə baxış sayı ilə diqqət çəkmişdir. Xanlar Həmid həm də avestaşünasdır.25 ilə yaxın Avestanın tərcüməsilə məşğul olmuş,1000 səhifəyə yaxın 3 cilddə kutab çap etdirmişdir.Hər kitabın təqdimatı Yazıçılar Birliyinin Natəvan zalında böyük təntənə və maraqla keçmişdir.Mən şəxsən həmin təqdimatların canlı şahidi olmuşam. Xanlar Həmid həm də eşq,məhəbbət şairidir.Onda olan eşq,məhəbbət,sevgi Tanrının ona verdiyi ən böyük əlçatmaz möcüzəsidir.O,romantik bir şair kimi Tanrının ona bəxş etdiyi eşqdən qidalanaraq,oxucuları üçün çox gözəl lirik şeirlər yaratmışdır.Xanlar müəllimin məhz xoşbəxtliyi bundadır ki,öz sevgilərini,bu sevgidən doğan vüsal,həsrət duyğularını poeziyaya və nəğməyə çevirə bilmişdir.Xanlar Həmid yaradıcılığından günlərlə danışmaq olar.Ancaq mən burda fikirlərimi sona çatdırıram.Xanlar müəllimi bir daha ürəkdən təbrik edirəm.Ona həyatda uzun ömür,can sağlığı və saflığı,yaradıcılığında daha böyük uğurlar arzu edirəm. Hörmətlə:Tarix Vüsallı.
Qəlbin istəyən yerdə Gəzmək olmur, bilirsən. Bu qədər haqsızlığa Dözmək olmur, bilirsən. Sən sükuta dalmısan nədən, haran ağrıyır? Vətən, haran ağrıyır?
Daha gözlərim görmür Salvartı yaylağını, Məkan seçib qarğalar Tərlanlar oylağını. Dağı dumanlı görüb, Düşkün Aran ağrıyır, Vətən, haran ağrıyır?
Dərman tapa bilmirəm Dərdinin əlacına. Niyə gedə bilmirik Qubadlıya, Laçına? Neçə kəndlər, şəhərlər Qalıb viran ağrıyır, Vətən, haran ağrıyır?
Cıdır düzü göynəyir, Elə bil gedib huşa. Yolumuzu gözləyir Dağlar qoynunda Şuşa. Düşmən tapdağı altda Yəqin yaran ağrıyır, Vətən, haran ağrıyır?
Bağlanıb Füzulinin Cəbrayılın yolları. Zəngilanın, Ağdamın Qandallıdı qolları. Hasar çəkən görəndə Sərhəd yaran ağrıyır, Vətən haran ağrıyır?
Övladın var köksüylə gülləyə sipər çəkir, Övladın var dənizə, meşəyə çəpər çəkir. Nadanları görəndə ürək hər an ağrıyır, Vətən, haran ağrıyır? Vətən, haran ağrıyır? 26.04.2016
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Hikmət Ziyanın RAFİQ YUSİFOĞLUNUN “Ocaq yeri” kitabı haqda 1990-cı ildə yazıb “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi məqaləni təqdim edirik:
GƏNCLİK NƏĞMƏLƏRİ
Rafiq Yusifoğlunun uşaqlar üçün yazıb çap etdirdiyi şeirlər həmişə diqqətimi səlb etmişdir. O, hər şeydən əvvəl, uşaq aləmini həssaslıqla müşahidə edir və hər bir şeirində ürəyəyatımlı müxtəlif poetik kəşflər edir. Uşağın yarasını sarıyan ana ufum-ufum ufuldayır. Təəccüblənən uşaq anasından soruşur:
Mənim yaram ağrıyır, Sənin haran ağrıyır?
Şeir bitdi. Övlada qarşı ana məhəbbətinin misilsizliyini bundan gözəl demək olarmı? Rafiqin belə uşaq şeirləri yüzlərlədir… Bəs görəsən böyüklər üçün yazdığı şeirlərdə Rafiq Yusifoğlu öz sözünü yeni poetik vüsətlə deyə bilirmi? Özlüyümdə bu sualla «Yazıçı» nəşriyyatının nəşr etdiyi «Ocaq yeri» (1989) kitabını vərəqlədim. Axırıncı şeiri oxuyub qurtarandan sonra bu qənaətə gəldim ki, bəli, Rafiq böyüklər üçün olan yazılarında da özünə sadiqdir. Şeirlərində ulu xalqımıza, doğma torpağımıza övlad məhəbbəti ilə çıxış edən şair, söz tutumuna, yeni ifadə tərzinə xüsusi fikir verir. «Azərbaycan torpağı» şeirindəki bu misralara nəzər salaq:
Güneyində qışda günəş qar əridir, buz yeyir, Əskik olmaz qar tığından yayda belə quzeyi. Dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi, Ürək doymur bu yerlərin baharından, qışından.
Qalx zirvəyə, öyünmə ki, sən hamıdan hündürsən, Ürəyincə cavab verər burda kimi dindirsən, İgidlər var, yumruğunu qayalara endirsə, Parçalanar ovum-ovum, seçilərmi daş undan?!
İnsanları taleyini işə, gücə bağlayıb, Kəmənd atıb gur çayları axarından saxlayıb. Qocalar var bu torpaqda, yaşı yüzü haqlayıb, Təpəri var ürəyində, gileylənməz yaşından.
Təslim oldun qüdrətimə, iradəmə çar-naçar, Qobustanım heykəlləşən tariximdən söz açar, Pis niyyətlə toxundumu, ayaq altdan yer qaçar, Haray qopar bu yerlərin torpağından, daşından…
Əvvəla, xəritədə qartal qiyafəli Azərbaycan haqqında vəznin seçiminə diqqət yetirdim, yurdumuzun qürurlu vüqarına yaraşan təmkin, sanballı on beş hecanın seçilməsi məni çox məmnun etdi. Eləcə də «dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi» deyən şairin sonrakı «Mənim imzam» şeirində fitnəkar bədxaşlarımızın hər cür canfəşanlıqla təkzibinə qarşı xalqımızın ulu tarixinin pozulmaz imzasına inamını gördüm:
Mənim imzam – Təbriz, Qarabağ, Gəncə… Mənim imzam tarixin yaddaşında. Mənim imzam – Qız qalası, Əlincə, Mənim imzam – Qobustanın daşında.
Şair həmin şeirinin sonrakı misralarında xalqının, vətəninin azadlığı yolunda dil-dodağı əsən, vulkan qəlbli, sinədağ, böyük şairimizə, «İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində» deyən ölməz Məhəmməd Hadiyə ruhən ümid verir:
Bir gün tarix yapışacaq yaxamdan, Kim salacaq bu işləri nizama? Övladımın damarında axan qan Təmizdisə, zaval yoxdu imzama.
«Ocaq yeri» kitabında «Doğulduğum torpaq, güvəndiyim xalq», «Sevincim, kədərim», «Sənin pəncərəndən süzülən işıq» adlı bölmələrdə şairin yüzdən artıq şeiri verilmişdir… Başı bəlalar çəkmiş vətən torpağının hər bir doğma övladına müqəddəsliyi, ədalətin ölməzliyini, əqidəsindən dönməyən insanın mənəvi yüksəkliyi, qaynar bulaqlar kimi ləkə götürməz təmizliyi, dünyanı xaosdan qoruyan yaxşıların pisdən qat-qat üstünlüyü, təbiət gözəlliklərinin şəfaverici esazkarlığı kitabdakı əksər şeirlərin mayasını təşkil edir. Yurdumuzun adi çınqılına, koluna, qaya parçasına, çayına, meşəsinə, gölünə, dağına, düzünə, dənizinə vurğun şair bunları yanğı qarışıq bir qürurla, təşbehli, aforizmli sənət dili ilə təsvirə çalışır və çox yerdə buna müvəffəqiyyətlə nail olur. Bu təsvirlərdə o, öz oxucularına da demək istəyir ki, torpağın ətrini məhz belə duyub onun qədrini bilməliyik. Bu, hər şeydən əvvəl, hər kəsin müqəddəs vətəndaşlıq borcudur. «Bayatı yağışı», «Doğulduğum kənd», «Arazın cavabı», «Qara zurna, dönüm sənin gözünə», «Laylay, Qəbələm, laylay», «Kənd toyunda», «Qaboy çalınanda», «Lənkəranda yağış», «Kəpəz», «Zirvədə», «Düz-əyri», «Bahar duyğuları», «Yallı» və s. bir-birini əvəz edən şeirlərində şairin həssas müşahidəsinə sevinir və onun poeziyamızda sözünü yeni tərzdə deməsinə sevinirsən. Iki misal: Qalxana çevrilir onun təpəsi, Azğın şimşəkləri qoymur yaxına. Təbiət dumana bükür Kəpəzi – Qorxur ki, göz dəyə o boy-buxuna. («Kəpəz»)
Könlümə ruh verən onun səsidir, Mən qərib saymıram özümü orda. Zirvələr qartalın söz kürsüsüdür, Qarğa deyə bilməz sözünü ordan. («Zirvədə»)
Misalların sayını çoxaltmaq da olardı. Qoy onları oxucu kitabdan özü oxusun. Şairin ifadə tərzinin ürəyə yatımlı, poetik cəhətdən bitkin olduğunu bu kiçik nümunələrdən də hiss etmək çətin deyildir. «Sənin pənsərəndən süzülən işıq» bölməsindəki bütün şeirlər müəllifin lirik hisslərinin ifadəsidir. Bunları toplu halında gənclik nəğmələri adlandırmaq olar. Gəncliyi saf məhəbbətə, «ömrün sevgi fəsli»ndə cılız, ötəri hisslərdən uzaq Leyli, Şirin, Qeys, Fərhad dünyalı insanı durulaşdırıb paklaşdıran, ürəkdə heç bir xəbisliyə yer qoymayan təmiz, ülvi eşqə səsləyən şair sanki bu bəndi sevgi şeirlərinə leytmotiv seçmişdir:
Dünya yaranışdan xeyirdi, şərdi, Sevib əzab çəkən əhli-bəşərdi, Bu həyat necə də adiləşərdi, Ürək olmasaydı əsir sevgiyə.
Arzum budur ki, müəllifin gələcək kitablarında bircə kəsirli misra olmasın. «Ocaq yeri» kitabının müəllifi Rafiq Yusifoğluna ən böyük arzum isə budur ki, o, yaradıcılıq meydanını daha da genişləndirsin. Xalqımızı, xüsusilə gəncliyimizi düşündürən məsələlərə öz münasibətini bildirsin, milli-demokratik dirçəlişimizin, suverenliyimizin fəal şair vətəndaş tərənnümçüsü kimi qələm çalsın. «Ocaq yeri» kitabındakı şeirlər göstərir ki, həssas şairimizdən bunu ummağa bizim tam haqqımız var. Bu yolda ona yaradıcılıq uğurları arzulayıram.
Hikmət ZIYA «Azərbaycan gəncləri» qəzeti, 25 iyun 1990-cı il.
Nə vaxtsa yolunu azanların unutduğu yerdi göy üzü, elə göy üzü də çoxdan unutmuş sürünənləri yerlərdə. Qəzaya uğramış tramvay fiti deyil, nə də ayaqları sürüşüb dərəyə yuvarlanmış bir kəlin boynundakı… İlan səsi çıxarır cır zınqırov səsi, dünyanın haqsızlıqdan qovrulduğu məkanda yanğı dolu bir mələrtimi yoxsa… İtiyi tapılmayanların ahıdır qızmar küləyin uğultusu. Günəş kölgələnməyə bulud axtarır ən uzaq nöqtədə, bir-birinin ətini yeyir yaxın adamlar. Yanğın düşmüş kimidir üfüqlərin canına. Dəniz kimi dalğalanır taxıl zəmisi susuzluğa, tox sünbülqıranlar civildəmədə, ac çırçıramalar susmada istiləri… Biz isə atıb getdik bu dağları dərələrin dibinə yaşamaq adına, çörək adına…
-2-
Dağları dolu döydü o gecə su artdı dərələrdə sel basdı çayların məcrasını… Yuxu kimi axıb töküldü gözlərimdən göy üzü… Azdı aşığın zənguləsi yağışın şıdırğısında, batdı sazın səsi havaların çalpoyunda. Şimşəklərin şaxıması bir ayrı möcüzə, ildırımların şaqqıldaması bir ayrı… Çadırı qırmanclayan leysana açdım ömrümün bir sabahını da, navalçaların şırıltısında uşaqlıq xatirələrim… “Mən şəhər adamı ola bilmədim” deməyi unutdum buludlar səyriyəndə. O kimdi qaçan ətəyi dolu qum göyqurşağının ardınca, kimdi o?
– 3 –
Uçmağa nifrət edər qanadı sınmışlar, yuvası uçurulmuşların başlarına yıxılmış dünyaları… Unudulmuş bir yurd yeri var yaddaşımda, Yiyəsi tərəfindən atılmış binələrin çürük çubuqlardan hörülmüş qəfəsələrini görəndə əhədi uçur adamın, ya da dünyası başına uçurulmuşların. Yolları daş-kəsək, cığırları ot basmış yaylaqların… Atını çidarlayıb biçənəyə buraxmış qarovulçu bağlamış yurd yerlərini camaatın üzünə… Dağlar həsrət qalıb dəyələrin tüstüsünə, ocaqların istisinə, adamların hənirtisinə… Uçmağa zirvə qalmamış, uçurmağa yurd yeri, Nifrət edər hər kəsə qanadı sındırılmışlar…
Tanınmış uşaq yazarı Gülzar İbrahimovanın müəllifi olduğu “Trolların sirri” kitabının izi ilə Soyuq Şimaldan Odlar Yurduna üz tutduq. 2 iyul saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində “Trolların sirri” kitabının təqdimatı olacaq. Məlumatı oxuyan hər kəs dəvətlidir. Qeyd: Giriş sərbəstdir.
NAXÇIVANIN YERALTI SƏRVƏTLƏRINƏ ERMƏNI TALANÇILIĞI
Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində bir zamanlar Naxçıvanın yeraltı sərvətlərinə erməni talançılığının olduğunu təsdiq edən maraqlı və təkzibolunmaz faktlar vardır. Bu haqda Naxçıvan Dövlət Universitetinin baş müəllimi, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, tarix üzrə elmlər doktoru Fəxrəddin Cəfərovun “Naxçıvan polisi: fəaliyyətinin əsas istiqamətləri və mərhələləri” adlı kitabında (Bakı, “Nurlan”, 2011) diqqəti cəlb edən dəyərli məlumatlar verilmişdir. Hörmətli alimimiz Fəxrəddin Cəfərovun istinad etdiyi materiallar Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində mühafizə olunan təkzibolunmaz arxiv sənərlərinə (Naxçıvan MR Dövlət Arxivi. Fond 314, siyahı 5a, iş 8, v. 100-107) əsaslanır. Sənədlərin araşdırılması onu göstərir ki, 30 iyun və 27 oktyabr 1871-ci il tarixlərində Ordubad polis rəisi podporuçik Q.İvanov Unus kəndinə gələrək bu kəndə yaxın olan Danaqırt, Kələki və Dırnıs kəndlərinin bir sıra sakinlərinin (dırnıslı İbrahim Baba oğlunun, Həsən Məmməd oğlunun, Zeynalabdin Kərbəlayi Şirməmməd oğlunun, Yusif Bədəl oğlunun və Mustafa Xudaverdi oğlunun, Danaqırtdan Naxçıvana köçmüş ermənilərdən olan Eqiya Ter-Nikosovun, Ovanes Ambarsumovun və Avası Aryutunovun, kələkidən Saitur Minasovun, Petros Şirazovun və başqaları) iştirakları ilə maraqlı bir protokol tərtib etmşdir. Protokol ermənilər Kollec Assesoru Ter-Mkrtçyanın və Muqdusi Ovanes Sanatovun Unus kəndi yaxınlığında olan “Fiyal”, “Şəkər dərəsi” və “Çalar postu” adlanan yerdə mis filiz yatağı ilə bağlı apardığı kəşfiyyat işləri ilə əlaqədar məlumat toplaması ilə bağlıdır. Sözü gedən protokol təbii ehtiyatlarımızın yerləşdiyi son dərəcə mühüm strateji əhəmiyyətə malik olan bu ərazilərdə heç bir hüquqi əsas olmadan kəşfiyyat işləri aparmağa və onları istismar etməyə cəsarət edən erməni talançılarının niyyətlərini əks etdirir. Fəxrəddin Cəfərov adı çəkilən kitabında arxiv materiallarına əsaslanmaqla qeyd edir ki, “həmin ərazilərin dövlət xəzinəsinə və yaxud Unus kənd sakinlərinə məxsus olduğu barədə sorğu protokolunda Q.İvanov göstərir ki, danaqırtlılar bu yerlərin kimə məxsus olduğunu bilmirlər. Dırnıslılar bu torpaqların unuslulara məxsus olduğunu qeyd etdilər. Kələkililər isə bu torpaqların unuslulara deyil, kələkililərə məxsus olduğunu bildirirlər. Lakin nə unuslular və nə də kələkililər bu torpaqların onlara məxsus olmaları haqqında heç bir sənəd təqdim edə bilmədilər”. Polis rəisi İvanov tərəfindən tərtib olunmuş protokolun sonunda qeyd etdiyi məlumatlara əsasən Unus kənd sakinlərinin dediyinə görə onlar 8-9 ildən artıq olar ki, həmin torpaqlardan əkin və otlaq sahəsi kimi istifadə etmək məqsədilə bu əraziləri Yuxarı Əylis sakini Arakel Kələntərovdan almışlar. Naxçıvan MR Dövlət Arxivində saxlanılan (Fond 314, siyahı 5a, iş 8, v. 100-107) sözü gedən protokolun qərar hissəsində aşağıdakı suallar ünvanlanır: “1. Yuxarı Əylis kənd sakini Arakel Kələntərovdan soruşmalı ki, həqiqətən bu əraziləri unuslulara satıb və buna haqqı var, yax yox?
– İrəvan Quberniyası Dövlət Əmlak İdarəsindən öyrənmək lazımdır ki, bu ərazilər azad xəzinı torpağında yerləşir? ” Oxuculara aydın olsun deyə qeyd edək ki, ikinci sualın İrəvan Quberniyasından soruşulmasının səbəbi Ordubad qəzasının 1849-cu ildə təşkil edilən İrəvan quberniyasının tərkibinə verilməsi ilə bağlı idi. Qeyd edək ki, həmin dövrdə İrəvan quberniyasının tərkibinə İrəvan, Aleksandropol, Yenibəyazid və Şərur-Dərələyəz qəzaları da daxil idi. Hörmətli müəllif “Naxçıvan polisi: fəaliyyətinin əsas istiqamətləri və mərhələləri” adlı kitabında (səh. 56-57) daha sonra yazır ki, “Ordubad mahalının Unus kənd sakinlərinin Daxili İşlər Nazirliyinin Naxçıvan qəza Polis İdarəsinə yazdıqları şikayət ərizələri ilə bağlı Ordubad mahal Polis İdarəsinin rəisi İvanovun tərtib etdiyi sorğu protokoluna əsasən Naxçıvan qəza polis rəisi İrəvan quberniyası Dövlət Əmlak İdarəsinə 20 avqust 1871-ci il tarixdə göndərdiyi raportunda yazırdı: “Ordubad mahalının Unus kənd sakinlərinin qəza Polis İdarəsinə göndərdikləri ərizədə izah olunur ki, onların şəxsi torpaqlarında Əylis kənd sakini Saratanov tərəfindən mis zavodu açıb. Onlar bunu üçün rəhbərliyin qanuni icazəsini istəyiblər.”” Yerli kənd sakinlərinin bu şikayət ərizəsi açıq-aşkar onu göstərir ki, həmin dövrdə milliyyətcə erməni olan Saratanov dövlətin müstəsna mülkiyyəti hesab edilən təbii ehtiyatlar üzərində nəinki haqq sahibi olduğuna cəsarət etmiş, hətta həyəsızlıqla mis zavodu açaraq bu təbii ehiyatlarımızı talamağa cəhd göstərmişdir. Qeyd edək ki, Qafqaz və Zaqafqaziya Dağ-mədən İdarəsinin Saratanova və Xristofor Ter-Mkrtçyana Unus kəndi yaxınlığında yerli filiz yatağını təyin etmək məqsədilə vermiş olduğu şəhadətnamədə (daha doğrusu, şəhadətnamənin surətində) yazılmışdır ki, onlara Unus kəndi yaxınlığında olan “Fiyal”, “Şəkər dərəsi” və “Çalar postu” adlanan yerlərdə kəşfiyyat işləri aparmağa icazə verilir. ƏGƏR BU ƏRAZİLƏR AZAD YERLƏRDƏDİRSƏ. Polis rəisi İvanovun sorğu protokolları isə onu deməyə əsas verir ki, Unus kənd sakinlərinin həmin yerləri, daha dəqiq desək, filiz mənbəyi aşkar olunan əraziləri özlərinin şəxsi mülkü hesab etməkdə israrlı olmaları Saratanov və Xristofor Ter-Mkrtçyan tərəfindən mis mədəni üçün açılan yerin xəzinəyə, yoxsa unuslulara aid olub-olmamamasını aydınlaşdırmaq üçün hər cəhdə baş vurulmuşdur. Sanki bütün vəchlə məqsədli şəkildə çalışılmışdır ki, bu ərazilərdə ermənilər tərəfindən təbii ehtiyatlarımız talan olunsun. Ordubad Polis İdarəsinin Ulus kənd sakinlərinin şikayətləri ilə əlaqədar aparmış olduğu araşdırmalar və ondan qaynaqlanan sorğu yazışmaları uzun müddət davam etsə də, təəssüflər olsun ki, sözü gedən qalmaqallı mübahisənin hüquqi nəticəsi bu gün də naməlum olaraq qalır. Səbəb isə arxiv materiallarında buna dair digər sənədlərə rast gəlinməməsidir. Fəxərddin Cəfərovun haqlı olaraq qeyd etdiyi kimi “hər halda dədə-babalardan gələn məlumatlara istinad edən unusluların ciddi səyləri bu torpaqların onlara məxsus olması barədə şübhə yeri qoymur”. Ümumiyyətlə, araşdırmalar onu göstərir ki, xüsusilə XIX əsrin sonu, XX əsrin əvvələrində Naxçıvan bölgəsinin təbii sərvətlərinə olan qəsbkarlıq maraqları erməni kəşfiyyat qurumlarının xüsusi diqqət mərkəzində olmuşdur. Yuxarıda Naxçıvanın yeraltı sərvətlərinə edilən talançılıq halı ilə bağlı söhbət açdığımız bu məsələ ərazilərimizə köçürülmə yolu ilə sonradan yerləşdirilmiş ermənilərin bu cür qanunsuzluqlara yol verməsinin nə ilk, nə də son nümunəsidir. Belə faktlar çoxdur və onlara dair sənədlər bu gün arxivlərdə mühafizə olunmaqdadır.
Müəllif: Yunis XƏLİLOV , Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi