Dünyanın Xudu Məmmədov üzü

Bu yazını Xudu Məmmədov haqqında Loğman Məmmədov yazıb. Çox maraqlı yazıdır, Xudu sevərlər, Xudu müəllimi tanımaq istəyənlər bu yazını mütləq oxusunlar.

Dünyanın Xudu Məmmədov üzü

Xudu müəllimin bütün yaradıcılığı və həyatı bir çağırışdır. Gözəlliyə, insanlığa, milliliyə, yaxşılığa, fədakarlığa, vətəndaşlığa çağırışdır. Dünyanın çiçək üzünə, kəpənək üzünə, mələk üzünə çağırışdır. Dünyanın Xudu Məmmədov üzünə çağırışdır.
Böyük insan, böyük müəllim, böyük alim idi.
Böyük insan olduğundan böyük müəllim idi, böyük alim idi. Müəllimliyi də, alimliyi də insanlığının əsgəri idi, keşikçisiydi.
İnsanda insanı görürdü, insanı sevirdi, insanı dəyərləndirirdi, imkanı yox. Bilirdi ki, imkan insanı təsdiq eləmir.
İnsanda insanı sevdiyindən doğma idi. Hamının idi. Vətənin hər yerindən görünürdü.
Təbiətə münasibətində kəpənək çiçəyə qonan kimi incə və zərif idi.
Təbiəti elə sevirdi ki, yeriyəndə belə onu incidəcəyindən ehtiyat edirdi.
Səhər kimi doğmuşdu vətənin üfüqlərinə.
Sübut elədi ki, insan vətənləşə, vətənlə eyniləşə, vətənə bərabər tutula bilər.
Vətən boyda idi. Adı gələndə məmləkətimiz dururdu göz önündə.
Vətəni sevdiyindən vətənin idi. Özünü vətənə verib, vətəndə tapmışdı özünü.
Alimliyi ilə müəllimliyi bir-birini tamamlayırdı. Həm öyrənirdi, həm də öyrədirdi.
Ona görə öyrənirdi ki, insanı, dünyanı, Yaradanı sevmək üçün gərəkliydi.
Ona görə öyrədirdi ki, insanı, dünyanı, Yaradanı sevmək üçün gərəkliydi.
Elmə müştaq olmuşdu.
Elmə gözələ vurulan kimi vurulmuşdu. Aşiqlik məqamında idi. Elmin gözəllik mahiyyətini açırdı. Elmi gözəllik səviyyəsinə qaldırırdı.
Bu onun üçün böyük yol idi. Böyük yolun yolçusu idi, getdikcə gedirdi, getdikcə ucalırdı, getdikcə işığı artırdı. Çünki yaşamağın, yaratmağın bir mənası da işıq saçmaq idi Xudu müəllim üçün.
Bəstə boyu vardı, şirin danışığı. Bütün həyatı sovet dönəmində keçdi. Adı sovet elminin ən böyük nümayəndələri ilə bir cərgədə yazıldı. Amma heç vaxt sovet adamı olmadı.
O, bir başqa dünya idi. Adamlardan fərqli düşünürdü. Nəyə baxırdısa fərqli, bənzərsiz mənalar görürdü.
Azərbaycanın vurğunu idi. Xalçalarımızı kitab kimi oxuyurdu, ilmələrin, çeşnilərin mənasından söhbət açdıqca adam heyrətlənirdi.
İnsanla dünya arasında əlaqəyə, doğmalığa heyrandı.
İnsanı dünyaya, dünyanı insana bağlayan, gözlə görünməyən tellərə inanırdı.
Təbii idi. Bahar kimi çiçəkləyib, payız kimi qəmlənirdi.
Böyük insan idi, amma böyüklüyündən xəbəri yoxudu.
Böyüklüyündən xəbərsiz böyüklüyünü yaşayırdı. Çünki uşaq kimi saf idi.
Hər şeyə uşaq gözü ilə baxırdı. Hər şeyə uşaq marağı ilə boylanırdı. Sevgisi də uşaq sevgisi idi. Dünyaya, insana elə bağlanmışdı ki, elə bil uşaq nağıla qulaq asırdı.
İnanırdı ki, alma bağlarıynan uşaqlar qohumdurlar. Yaz axşamları çaylar oxuyur. Dağlar adamı səsləyir, çağırır.
İnanırdı ki, gülləri dərmək günahdır. Çünki bu, gözəlliyi məhv etməkdir.
Təbiətnən qardaş idi. Çünki təbii idi.
Bahar kimi idi – gəlişi ilə hər yer çiçək açır, hər kəs sevinirdi.
O qədər şirin idi ki, sağlığında nağıllaşmışdı.
Həm də qeyri-adi idi. Müdrikliyinə bərabər körpəliyi vardı. Dahiliyinə bərabər sadəliyi vardı.
Möhtəşəmliyinə bərabər kövrəkliyi vardı.
Təpədən dırnağacan məmləkət adamı idi.
Deyirdi ki, insan özünün olduğundan daha çox xalqındır.
Deyirdi ki, əslində insan xalqın olanda daha çox özünün olur.
Deyirdi ki, hər insanın taleyi elə xalqın taleyidir.
Çünki hər bir insana yurda baxan kimi baxırdı.
Hər insanda vətənin bir parçasını görürdü. Hər insanı vətənin nişanəsi kimi sevirdi.
Bu onun insanı vətənləşdirmək missiyası idi.
Sözü əməlinə, əməli də sözünə tən idi. Çünki bütöv adam idi.
Heç vaxt xırdalanmadı.
Yaz mehi kimi mülayim idi.
Onunla təmasda olanda bahar kimi adamın qəlbinə dolurdu. Özünü unudur, onunla bir olurdun. Sadəliyi o qədər gözəl idi ki, adamı utandırırdı. Üzünün nurundan həyalanırdın.
Kəşfləri ilə dünya elminin yeni qütbünü yaratmışdı – Xudu Məmmədov qütbünü.
Dünyanın bir üzünü fəth eləmişdi. Dünyanın üzünə yeni üz çəkirdi – Xudu Məmmədov üzü. Dünyanı yeni ləyaqətlə üzləyirdi.
Səmt idi, yön idi, istiqamət idi. Ardınca getməkdən qürur duyurdun. O qədər elm adamı dünyanın Xudu müəllim olan üzünə baxıb güzgülənmişdi ki… Göründüyündən böyük idi. Yanında olmaq yetərdi ki, dəyişib yeni dəyər qazanasan, başqa adam olasan.
Onunla təmasda olanları yeniləməyi, təzələməyi bacarırdı. Adamların içinə bahar təravəti, həyat sevgisi gətirirdi. Xudu müəllimin yanında adamın içi yağışda ağac yarpağı kimi yuyulurdu. Safa çıxırdın. Arınırdın.
Hər dəfə ondan ayrılanda, elə ayrılıq anındaca növbəti görüşün həsrətini çəkirdin. Ondan uzaqlaşdıqca daha böyük görünürdü. Bu, çox nadir insanlara xas olan xüsusiyyətdir. Adatən, adilərdən uzaqlaşdıqca kiçilir, görünməz olur.
Kəşflərini, tapıntılarını qala kimi hörürdü vətən torpağına. Abidələşdirirdi. Əbədiləşdirirdi.
Tapdıqlarına hamını şərik edirdi. Hamınınkı edirdi, milliləşdirirdi. Hər kəsi vətənin bir parçası edirdi. Hər kəsin də içinə vətəndən bir xışma səpirdi ki, içindən vətən çıxsın. Kəşfləri üzümüz idi, nurumuz idi, həyamız idi, adımız idi.
Ruhumuzun rəsmini, harmoniyasını çəkirdi.
Elmi elə hala gətirirdi, elə biçimləndirirdi ki, onun bizə məxsus olmağında şəkk yeri qalmırdı. Yadın şərikliyinə yer qoymurdu.
Kristalların xassələri və qarşılıqlı əlaqələri sahəsində böyük kəşflərə imza atmışdı. Müasirləri, dünyanın ünlü elm fədailəri tərəfindən “Canlı və cansız təbiətin vəhdətini tapan böyük alim” adını almışdı.
Yapon, alman, ingilis, amerikan alimlərinin böyük səs-küy salan elmi kəşflərini alt-üst eləmişdi. Aldığı nəticələr dünyanı heyrətə salmışdı.
İngilis, fransız olsaydı, dünyanın ən məşhur və varlı adamlarından olardı.
Elmimizin vicdanı, milliliyin zirvəsi, dostluq nümunəsi idi. Çoxşaxəli istedada malikdi.
Hansı sahədən yapışsaydı, urvata mindirirdi. Muğamlarımızın rəngli sözlərlə şəklini çəkirdi. Muğamlarımızı da xalçalarımız kimi sərirdi dünyanın üzünə – ruhumuzun ətri gəlsin deyə.
Memar idi, layihələrindən gözəl binalar tikilirdi. Dostlarının portretini çəkməyi sevirdi. Rəsmlərindən vətən baxırdı, vətən çağırırdı adamı.
Tələbələrinə qarşı qayğıkeş idi. Hamısı da onun adı gələndə ehtiram hissi ilə ayağa qalxırdı. Tələbələrinə ruhunu verirdi. Deyirdi ki, tələbə qab deyil ki, onu elmlə doldurasan. Tələbələri ilə yaxın dost, sirdaş idi. Onlarla küləklər kimi, sular kimi qovuşub bir olurdu.
Mən o bəxtəvərlərdənəm ki, dəfələrlə bu səadət payı qismətim olub. Vaxtı qızıldan qiymətli tutan Xudu müəllimin adi bir tələbəyə necə tay olduğunun, doğmalıqla yanaşdığının, vaxt ayırdığının heyrətini bu gün də yaşayıram.
İçi poeziya ilə dopdolu idi. Ağrı-acılarını yazdığı şeirlərə, bayatılara hopdururdu. Ağrı-acıları, sevinci, kədərindən də vətən ətri gəlirdi:
Bu qala bizim qala,
Qaldıqca bizim qala,
Qurmadım özüm qalam,
Qurdum ki, izim qala.
Əlim köməyim olsun,
Elim köməyim olsun,
Elimə yük olarsam,
Ölüm köməyim olsun.
Dərdlərimi ələsəm,
Heyim çatmaz tələsəm,
Mən bir yetim quzuyam,
Kim eşidər mələsəm?
Təbiəti şərqi kimi dinləyirdi.
Sevinci də işıqlı idi, kədəri də.
Vətən içində vətən idi.
Bütün varlığını vətənə həsr eləmişdi – gözlərindəki son qığılcımlarına, dodaqlarındakı son təbəssümünə qədər.
Ölümə də qeyri-adi gözlə baxırdı: “Ölüm yolçunu saxlayır, yolçuluq isə davam edir…”
O ölümə ucaldı…
Xudu müəllim kimi insanların ölümü ölümü də rövnəqləndirir, urvata mindirir.
Xudu müəllimin aramızda olmamasını ölümlə bağlamaq olmur.
Çünki onun yoxluğunu düşünəndə ölüm yada düşmür.
Ölüm insanları eyniləşdirir.
Amma Xudu müəllimi eyniləşdirə bilmədi, daha da bənzərsiz elədi.
O başqa dünyanın, başqa ölçülərin, daha doğrusu, ölçüyə gəlməməyin adamı idi. Daha doğrusu, onun insanlığını, alimliyini heç bir vahidlərlə ölçmək olmurdu.
Yaxşı mənada heç bir miqyasa sığmırdı.
Yurdun insan simvolu idi.


İnanıram ki, özünü məmləkət adamı sayan, içində yurd sevgisi daşıyan hər kəs Xudu müəllimi yanında hiss edəcək, ruhunda yaşadacaq.
Xudu müəllim dönə-dönə qayıtmalı olduğumuz dəyərdir, ünvandır, yurdun heyrət dolu üzüdür.
Xudu müəllimin bütün yaradıcılığı və həyatı bir çağırışdır. Gözəlliyə, insanlığa, milliliyə, yaxşılığa, fədakarlığa, vətəndaşlığa çağırışdır.
Dünyanın çiçək üzünə, kəpənək üzünə, mələk üzünə çağırışdır.
Dünyanın Xudu Məmmədov üzünə çağırışdır.
Dünya o vaxt daha gözəl olacaq ki, insanlar dünyanın Xudu müəllim olan üzünə üz tutacaqlar…
Özümüzü və yurdumuzu xilas etməyin bir yolu da budur.


… 1927-ci ildə Ağdam mahalında, Mərzili kəndində dünyaya göz açmışdı. Bakıda, Moskvada, Leninqradda oxuyub öyrənmişdi. Dünyanın çox ölkəsində olmuşdu, dünyanın çox ölkəsindən dəvətlər almışdı. Amma Azərbaycanı heç yerə, heç nəyə dəyişməmişdi.
Çünki Vətəni balası kimi bağrına basmışdı…

Müəllif: Loğman Məmmədov

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Narıngül Nadir – Vətən

Vətən

Dağdı vətən, daşdı vətən, ağac vətən, yarpaq vətən
Adam ölüb yox olmaz ki, adam boyda torpaq vətən.

Görən necə dindir vətən? Hamı ibadət eyləyir.
Görən necə sevgidir ki? Hamı eyni cürə sevir.

Görən necə aşiqdir ki? Özgə bir nigarı yoxdu.
Görən necə yardı vətən? Rəqibi, əğyarı yoxdu.

Sərhədi sevgi boydadır, xəritəsi qandan keçir.
Bu hansı qan qrupudur?
Səndən, məndən, ondan keçir.

Hamı sevib atar səni, atmaz səni vətən qadın.
Gecə-gündüz keşik çəkər, yatmaz səni vətən qadın.

Getdi igid oğulları, getdilər vətən olmağa
Qorxunc divdən, əjdahadan, təpəgözdən qorunmağa.

Məlikməmməd xilas edən qırmızı almadır vətən
Axtarma başqa yerdə sən, ürəkdə, candadır vətən.

Adam-adam dolub daşar, adam-adam yaşar vətən
Adam-adam çıxıb gedər, qürbətə daşınar vətən.

Qürbətdən baxanda vətən, baxıb ağlamaq üçündür.
Qürbətdən gələndə vətən yara bağlamaq üçündür.

Sən məni vətən kimi sev, səndən uzaq düşsə yolum,
Sən məni vətən kimi sev, sevgindən arxayın olum.

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hegelin hüquq fəlsəfəsinin əsas ideyaları

Hegelin hüquq fəlsəfəsinin əsas ideyaları şəxsiyyət, icma, şüur və həqiqətdir. Hegel hesab edirdi ki, Yunan etik həyatı və xristian mənəviyyatının Avropa mədəniyyəti vasitəsilə inkişaf etməsi, insanların özlərini şəxsiyyət və subyekt kimi görməsinə səbəb olur. Burada problem azadlıqdadır, çünki Hegelin öz təbirincə desək, “Adi insan özbaşına hərəkət etməyə icazə verildikdə özünü azad hesab edir, lakin bu özbaşınalığın özü onun azad olmadığını göstərir”.
Hegelə görə, müasir cəmiyyətdə azadlıq üçün ən ciddi təhlükələrdən biri “atomizm prinsipi”dir–bu, maarifçilik dövründə liberalizmin əldə etdiyi hiper-fərdiləşdirilmiş subyektin müasir dövrdə ucaldılması kimi başa düşülür.Hegelə görə, bu şeylər insanları öz həyatlarını özlərinə məxsus etməkdə aciz edir, çünki hər kəsin seçimləri o qədər geniş, lakin o qədər oxşardır ki, mənasızlaşır.Başqa sözlə, seçimlərimiz nə qədər çox olsa, özümüzü bir o qədər boş hiss edirik. Onun üçün xeyirxahlıq insan ruhunun özünü dərk etməsidir. Hegel dünyanı dərk etməkdə ağıl və məntiqin vacibliyinə və hər şeyin təməlində bir vəhdət olduğuna inanırdı. O hesab edirdi ki, bu birliyi tarix, fəlsəfə və incəsənətin öyrənilməsi yolu ilə kəşf etmək olar. Hegelçiliyin digər mühüm cəhəti isə bütün varlığın əsasını təşkil edən son gerçəkliyə istinad edən “Mütləq Ruh” ideyası olmuşdur.Hegel hesab edirdi ki, bu ruh bəşər tarixi və mədəniyyəti vasitəsilə üzə çıxır, onun tam dərk edilməsinə nail olmaq insan inkişafının son məqsədidir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF OSMANLI – QUMRU XOŞBƏXTLİYİ


QUMRU XOŞBƏXTLİYİ
(hekayə)
Yazın günəşi pənbə buludların arxasından hürkək-hürkək boylanmaqdaydı. Sanki insanlarla qaçdı-tutdu oynayırdı. İlıq nazlı-qəmzəli günəş şüaları otağın pəncərəsindən içəri girib gözlərimdəki yuxunu qovmağa çalışırdı. Ana Günəş məni yeni günü salamlamağa çağırırdı, qızılı tellərini üzümə, gözümə dağıtmışdı. Evin xanımı, yəni uşaqların anası hələ yuxulu dünyanın qoynunda uyuyurdu…
Xanım deməyimə təccüblənməyin. Bilirəm, siz də xanım demirsiniz. Axı qonşular, ata-ana eşidər, ayıbdı. Mən də ömrüm boyu “xanım” səsləyib onu sevindirməmişəm. Ona ancaq bu hekayəmdə xanım deyə müraciət edəcəyəm. Guya mədəniyəm də. İndiyə kimi heç adıyla da səsləməmişəm. Axı atamın ağarmış qalın qaşları heyrətdən atılıb-düşər, mən də onun “bunun tərbiyəsinə bax” səssiz tənəsini göydə tutaram. Gündə bəlkə də əlli dəfə ona “ey” deyirəm. Məsələn, “ey, deyəsən mən acmışam”. Ağsaqqal qonşmuz Abdulcəlil kişi həmişə mənim “tərbiyə”mi qonşulara nümunə göstərib tərifləyir ki, halal olsun sənə, əsl milli oğulsan. Əslində evin xanımını “ey” çağıranda bunun millilik olduğunu anlamamışam. Nəyə gülürsünüz, guya siz bilirdiniz?..
Nə isə. Həyətimizdə bizimlə çoxdan “qonşu” olan iki qaratoyuq lirik ləhcələriylə yeni günün “sabanınız xeyir” duetini oxuyanda dünyanı tutub bağrına basmaq istəyənlər kimi qollarımı geniş açıb “yataq idmanı” etdim, ürəkdən gərnəşib yerimdən qalxdım. Ədəb-ərkanla geyinib həyətə düşdüm. Tez-tez kəsilib bizi duşun altında “gözümçıxdı”ya salan qızıldan qiymətli su ilə və əllərimin qabarıyla ərsəyə gətirdiyim 5-6 ağacla, qızılgüllərlə, qaratoyuqlarla salamlaşdım. Onlar mənim həyətdə yaşayan doğmalarım, sevimlilərimdi.
Qızılgüllərin ləçəkləri, ağacların yarpaqları, tumurcuqların “bağrını yarıb” ”azadlıq” pıçıldayan çiçəkləri qədirbilənliklə məni süzürdülər. Onların “sağ ol”unu eşidirdim. Arılar gilənarın, əriyin məsum çiçəklərinin ətrafında vızıltılı səslə “Həyat, necə gözəlsən” nəğməsini zümzümə edirdilər.
Bu sehirli dünyamdan məni qəfil eyvanda görünən, ovcunun arxası ilə gözlərini ovxalayıb oyanmağa çalışan xanımın səsi ayırdı:
-Neyləyirsən?
-Heç nə. Təbiətlə söhbət edirəm.
-Kiminlə? Təzə qonşudu?
Sualından, gözlərinin böyüməsindən hiss elədim ki, ya ağlıma şübhəsi yarandı, ya da məni “iş” başında yaxalayıb. Özüm də şübhələndim ki, yəqin sevgimi kiminləsə bölüşəndə ələ keçmişəm. Eksponatlarla ziyarətçiləri tanış edən muzey bələdçisi kimi əlimi həyətin ora-burasına gəzdirib sakit-sakit dilləndim:
-Qızılgüllərlə, yarpaqlarla, çiçəklərlə, arılarla, qaratoyuqlarla.
-Eh, sənin də işin, gücün qurtarıb deyəsən. Bəsdir də, əl çək bu sentimentallıqdan.
-Yadımdan çıxmışdı. Sabahın xeyir. Heç olmasa sən “sabahın xeyir” demədin.
Gərginliyin artım sürətini azaltmaq üçün hövsələmin “əyləc”i basıb müdafiəyə çəkilmək istəyirdim ki, hücumun daha güclü dalğası məni haqladı:
-Nə sabahın xeyir e, dünya vecinə deyil. O böyük qaratoyuq var ha, – əliylə ağacın dibində yem axtaran sevgi “tərəfmüqabili”ndən bir az ağırçəkili qaratoyuğu göstərib söhbətinə davam etdi, – səndən qat-qat ailəcanlıdır. Külfətinə yem axtarır.
Dönüb qaratoyuqlara baxdım. Uşaqların anası böyük qaratoyuq deyəndə yəqin ki, erkək quşu nəzərdə tuturdu. Düşündüm: “doğrudanmı, erkəklər həmişə böyük olur? Bəs niyə indi ailədə, cəmiyyətdə böyüklük, kiçiklik qalmayıb”?
Səhərin gözü əməlli-başlı açılmamış ovqatım elə qarışdı ki, nitqim tutuldu. Amma o, (xanım deməyə dilim dönmədi) başladı, nə başladı:
-Evdə duz belə yoxdu. Hələ pendiri, yağı, qəndi, əti, qatığı demirəm. Yaxşı ki, axşam nəvəyə iki çörək aldırmışam. Sən haradan biləsən ki, nəvələrin hazırlıq, bayram pullarının vaxtından üç gün keçib. Sinif rəhbərinin ad gününə hədiyyə almaq lazımdır, özü də sanballı. Hələ üç toy dəvətnaməsini demirəm. Oğlunun evə gec gəlməsi ilə heç maraqlanmısan? Xəbərin varmı harda veyillənir? Mən də bilmirəm. Allah bilir, kimin dizi cırıq şalvarlı qızına vurulub. Yerə-göyə sığışmır. Lap sənə oxşayıb. Dayılarına oxşasaydı nə vardı?
Xanımın ağzının enerjisi aşıb-daşırdı, elə bil yenicə yüklənmişdi. Dayanmaq, nəfəs almaq yadına düşmürdü. Sanki yuxudan oyanar-oyanmaz, ya da elə yuxuda “monoloq”unu əzbərləyib yataq otağından çıxmışdı. Əslində xanımlar anadangəlmə fitri istedad sahibləridir. Onlar məşqə, qrimə, rejissora, suflyora ehtiyacı olmayan aktrisalardır. “Bir aktyorun teatrı”nı yaradanlar qadınları nəzərdə tutublar yəqin.
Uşaqların anası “antrakt”sız – filansız “monoloq”unun ən qəliz yerinə – kulminasiya nöqtəsinə çatdığını o dəqiqə anladım. Uşaq ha deyiləm. Birinci dəfədi ki? O, ömrümüz boyu yaxamızdan əllərini çəkməyən sağalmaz yarama – kreditin ödənilməsinə “səhnə mizan”nına fikir vermədən məharətlə “keçid” etmək istəyəndə “təzyiq”lərə dözməyib tüfəngin lüləsindən çıxan, arxasına barıt doldurulmuş giliz kimi darvazadan küçəyə nə təhər atıldımsa, cəldliyimə özüm heyran qaldım, yəqin ki, o da…
Qonşulara belə “salam” sözünü qıymayan polis rəisi qonşumuzun beşmərtəbəli evinin al – qırmızı damının üstündəki şappıltı səsinə başımı yuxarı qaldırdım. Dam örtüyünün üstündə iki qumru qanadlarını bir-birinə çırparaq, üzbəüz dayanıb bir – birinin gözünün içinə dik baxaraq şıltaqlıqla sevişirdilər. Dünya yansa belə onların vecinə deyildi. Hələ də yatağında xumarlanan şəhər istirahət gününün həzzini yaşayırdı. Nə olsun ki, Günəş günota yerinə doğru yoldaydı. Aşiq qumrular yatmış şəhərin mürgülü sakinlərini qanadlarının şappıltısı, eşq qığıltıları ilə oyatmağa çalışırdılar, ömrün yeni gününə səsləyirdilər. Kimiydi qumruların “sevgi himn”inə oyanan? Qəflət yuxusu gözlərini açmağa imkan verirdi ki, oyansın təkcə gözləri yox, həm də beyni yumuqlar? Belələri oksigen çatışmayan yorğan içində hardan bilsin ki, həyat gözəldir? Nəinki şəhərdəkilər, evlərinin damının üstündə eşq “roman”ı yaşayan qumruların çağırışını beşmərtəbəli imarətin qayğısız sakinləri də eşitmirdi.
Qumrular ilahi “iş”indəydilər. Mən bu “iş”ə həsədlə baxıb gözümü qonşunun evinin damından çəkdim. Niyə bəxtəvərlərə mane olum ki? Sevgi ucalığından məni seyr edən qumruların nəzərlərindən halıma yandıqlarını hiss edirdim. Bəlkə də təsəlli üçün quş dilində nəsə deyirdilər? Mən Süleymam peyğəmbər deyiləm ki, quş dili bilim? Bilsəydim də onu eşidəcək əhvalda deyildim…
Deyirlər, dünya gözəldir, yaşamaq da. Bəlkə də. Gözəlliyi hamının duymasına mane olan nədir bəs? İnsanların bitib-tükənməyən qayğılarmı, paslanan zövqümü, gözəlliyə laqeydliyimi, duyğuların kasadlığımı, bir-birini anlaya bilməməsimi? Şüursuz saydığımız canlılar qədər gözəlliyi duymaq bacarığı yoxdumu insanlarda?
Yəqin ki, yoxdur. Olsaydı, qumruların xoşbəxtliyinə qibtə ilə baxmazdım…
Aprel 2020

Müəllif: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA – BÜTÜN QAÇIŞLARIN…

BÜTÜN QAÇIŞLARIN…

Bütün qaçışların bir son mənzili,
Bütün mənzillərin odabaşı bir.
Gözə töküləsi torpağı, gili,
Başa düşüləsi əlhəd daşı bir.

Dünyadı doğmalı, yadlı, yağılı,
Əlində arşının böləsən elə.
Beynində fırlanan küt səs ağılı,
Durub vətən deyə öləsən elə.

Dərdə gedən yolun hamısı kəsə,
Gözünə çat düşər, ürəyinə xal.
Hesaba gəlmirmiş adı haqq nəsə,
Nə çoxdu cavabı olmayan sual.

İllər qar-borandan çıxarmaz qışı,
Yenilən hər ildə həsrət tumu var.
Bütün duruşların bir yıxılışı,
Bütün qaçışların bir uçrumu var.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Надырбекова Малимбу -ТЕРМЕЛУУ

ТЕРМЕЛУУ

Суу бойлоп баскан издерин,
Сулуусу белең кумардын.
Жылмая тиктеп тагдырга,
Ээси бир сенсин тумардын.

Тергенсин түрдүү гүлдөрдү,
Сүйгөнгө тандап жетпеген.
Сулууга арнайм деп терип,
Гулзаарды өзүн тепсеген.

Сүйбөгөн жанга жармашып,
Сүйуунду сурап томсоргон.
Сумсая карап,каш кагып,
Каш керип,моюн толгогон.

Термелип,баскан жан элең,
Теңсинбей көптү кыйнаган.
Теңирим жалгап сага да,
Турмуштан сени кыйнаган.

Далай жолу сен деле,
Кайгы-муңга болондун.
Чын сүйүүсүз турмушту,
Кыйналып жашап келесиң.

Автор: НАДЫРБЕКОВА МАЛИМБУ

“АКТАЛ” адабий чыгармачылык бирикмесинин мүчөсү.

Токтогул району

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru