NAXÇIVANIN YERALTI SƏRVƏTLƏRINƏ ERMƏNI TALANÇILIĞI

NAXÇIVANIN YERALTI SƏRVƏTLƏRINƏ ERMƏNI TALANÇILIĞI

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində bir zamanlar Naxçıvanın yeraltı sərvətlərinə erməni talançılığının olduğunu təsdiq edən maraqlı və təkzibolunmaz faktlar vardır. Bu haqda Naxçıvan Dövlət Universitetinin baş müəllimi, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, tarix üzrə elmlər doktoru Fəxrəddin Cəfərovun “Naxçıvan polisi: fəaliyyətinin əsas istiqamətləri və mərhələləri” adlı kitabında (Bakı, “Nurlan”, 2011) diqqəti cəlb edən dəyərli məlumatlar verilmişdir.
Hörmətli alimimiz Fəxrəddin Cəfərovun istinad etdiyi materiallar Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində mühafizə olunan təkzibolunmaz arxiv sənərlərinə (Naxçıvan MR Dövlət Arxivi. Fond 314, siyahı 5a, iş 8, v. 100-107) əsaslanır.
Sənədlərin araşdırılması onu göstərir ki, 30 iyun və 27 oktyabr 1871-ci il tarixlərində Ordubad polis rəisi podporuçik Q.İvanov Unus kəndinə gələrək bu kəndə yaxın olan Danaqırt, Kələki və Dırnıs kəndlərinin bir sıra sakinlərinin (dırnıslı İbrahim Baba oğlunun, Həsən Məmməd oğlunun, Zeynalabdin Kərbəlayi Şirməmməd oğlunun, Yusif Bədəl oğlunun və Mustafa Xudaverdi oğlunun, Danaqırtdan Naxçıvana köçmüş ermənilərdən olan Eqiya Ter-Nikosovun, Ovanes Ambarsumovun və Avası Aryutunovun, kələkidən Saitur Minasovun, Petros Şirazovun və başqaları) iştirakları ilə maraqlı bir protokol tərtib etmşdir. Protokol ermənilər Kollec Assesoru Ter-Mkrtçyanın və Muqdusi Ovanes Sanatovun Unus kəndi yaxınlığında olan “Fiyal”, “Şəkər dərəsi” və “Çalar postu” adlanan yerdə mis filiz yatağı ilə bağlı apardığı kəşfiyyat işləri ilə əlaqədar məlumat toplaması ilə bağlıdır.
Sözü gedən protokol təbii ehtiyatlarımızın yerləşdiyi son dərəcə mühüm strateji əhəmiyyətə malik olan bu ərazilərdə heç bir hüquqi əsas olmadan kəşfiyyat işləri aparmağa və onları istismar etməyə cəsarət edən erməni talançılarının niyyətlərini əks etdirir.
Fəxrəddin Cəfərov adı çəkilən kitabında arxiv materiallarına əsaslanmaqla qeyd edir ki, “həmin ərazilərin dövlət xəzinəsinə və yaxud Unus kənd sakinlərinə məxsus olduğu barədə sorğu protokolunda Q.İvanov göstərir ki, danaqırtlılar bu yerlərin kimə məxsus olduğunu bilmirlər. Dırnıslılar bu torpaqların unuslulara məxsus olduğunu qeyd etdilər. Kələkililər isə bu torpaqların unuslulara deyil, kələkililərə məxsus olduğunu bildirirlər. Lakin nə unuslular və nə də kələkililər bu torpaqların onlara məxsus olmaları haqqında heç bir sənəd təqdim edə bilmədilər”.
Polis rəisi İvanov tərəfindən tərtib olunmuş protokolun sonunda qeyd etdiyi məlumatlara əsasən Unus kənd sakinlərinin dediyinə görə onlar 8-9 ildən artıq olar ki, həmin torpaqlardan əkin və otlaq sahəsi kimi istifadə etmək məqsədilə bu əraziləri Yuxarı Əylis sakini Arakel Kələntərovdan almışlar.
Naxçıvan MR Dövlət Arxivində saxlanılan (Fond 314, siyahı 5a, iş 8, v. 100-107) sözü gedən protokolun qərar hissəsində aşağıdakı suallar ünvanlanır:
“1. Yuxarı Əylis kənd sakini Arakel Kələntərovdan soruşmalı ki, həqiqətən bu əraziləri unuslulara satıb və buna haqqı var, yax yox?

– İrəvan Quberniyası Dövlət Əmlak İdarəsindən öyrənmək lazımdır ki, bu ərazilər azad xəzinı torpağında yerləşir? ”
Oxuculara aydın olsun deyə qeyd edək ki, ikinci sualın İrəvan Quberniyasından soruşulmasının səbəbi Ordubad qəzasının 1849-cu ildə təşkil edilən İrəvan quberniyasının tərkibinə verilməsi ilə bağlı idi. Qeyd edək ki, həmin dövrdə İrəvan quberniyasının tərkibinə İrəvan, Aleksandropol, Yenibəyazid və Şərur-Dərələyəz qəzaları da daxil idi.
Hörmətli müəllif “Naxçıvan polisi: fəaliyyətinin əsas istiqamətləri və mərhələləri” adlı kitabında (səh. 56-57) daha sonra yazır ki, “Ordubad mahalının Unus kənd sakinlərinin Daxili İşlər Nazirliyinin Naxçıvan qəza Polis İdarəsinə yazdıqları şikayət ərizələri ilə bağlı Ordubad mahal Polis İdarəsinin rəisi İvanovun tərtib etdiyi sorğu protokoluna əsasən Naxçıvan qəza polis rəisi İrəvan quberniyası Dövlət Əmlak İdarəsinə 20 avqust 1871-ci il tarixdə göndərdiyi raportunda yazırdı: “Ordubad mahalının Unus kənd sakinlərinin qəza Polis İdarəsinə göndərdikləri ərizədə izah olunur ki, onların şəxsi torpaqlarında Əylis kənd sakini Saratanov tərəfindən mis zavodu açıb. Onlar bunu üçün rəhbərliyin qanuni icazəsini istəyiblər.””
Yerli kənd sakinlərinin bu şikayət ərizəsi açıq-aşkar onu göstərir ki, həmin dövrdə milliyyətcə erməni olan Saratanov dövlətin müstəsna mülkiyyəti hesab edilən təbii ehtiyatlar üzərində nəinki haqq sahibi olduğuna cəsarət etmiş, hətta həyəsızlıqla mis zavodu açaraq bu təbii ehiyatlarımızı talamağa cəhd göstərmişdir.
Qeyd edək ki, Qafqaz və Zaqafqaziya Dağ-mədən İdarəsinin Saratanova və Xristofor Ter-Mkrtçyana Unus kəndi yaxınlığında yerli filiz yatağını təyin etmək məqsədilə vermiş olduğu şəhadətnamədə (daha doğrusu, şəhadətnamənin surətində) yazılmışdır ki, onlara Unus kəndi yaxınlığında olan “Fiyal”, “Şəkər dərəsi” və “Çalar postu” adlanan yerlərdə kəşfiyyat işləri aparmağa icazə verilir. ƏGƏR BU ƏRAZİLƏR AZAD YERLƏRDƏDİRSƏ.
Polis rəisi İvanovun sorğu protokolları isə onu deməyə əsas verir ki, Unus kənd sakinlərinin həmin yerləri, daha dəqiq desək, filiz mənbəyi aşkar olunan əraziləri özlərinin şəxsi mülkü hesab etməkdə israrlı olmaları Saratanov və Xristofor Ter-Mkrtçyan tərəfindən mis mədəni üçün açılan yerin xəzinəyə, yoxsa unuslulara aid olub-olmamamasını aydınlaşdırmaq üçün hər cəhdə baş vurulmuşdur. Sanki bütün vəchlə məqsədli şəkildə çalışılmışdır ki, bu ərazilərdə ermənilər tərəfindən təbii ehtiyatlarımız talan olunsun.
Ordubad Polis İdarəsinin Ulus kənd sakinlərinin şikayətləri ilə əlaqədar aparmış olduğu araşdırmalar və ondan qaynaqlanan sorğu yazışmaları uzun müddət davam etsə də, təəssüflər olsun ki, sözü gedən qalmaqallı mübahisənin hüquqi nəticəsi bu gün də naməlum olaraq qalır. Səbəb isə arxiv materiallarında buna dair digər sənədlərə rast gəlinməməsidir.
Fəxərddin Cəfərovun haqlı olaraq qeyd etdiyi kimi “hər halda dədə-babalardan gələn məlumatlara istinad edən unusluların ciddi səyləri bu torpaqların onlara məxsus olması barədə şübhə yeri qoymur”.
Ümumiyyətlə, araşdırmalar onu göstərir ki, xüsusilə XIX əsrin sonu, XX əsrin əvvələrində Naxçıvan bölgəsinin təbii sərvətlərinə olan qəsbkarlıq maraqları erməni kəşfiyyat qurumlarının xüsusi diqqət mərkəzində olmuşdur.
Yuxarıda Naxçıvanın yeraltı sərvətlərinə edilən talançılıq halı ilə bağlı söhbət açdığımız bu məsələ ərazilərimizə köçürülmə yolu ilə sonradan yerləşdirilmiş ermənilərin bu cür qanunsuzluqlara yol verməsinin nə ilk, nə də son nümunəsidir. Belə faktlar çoxdur və onlara dair sənədlər bu gün arxivlərdə mühafizə olunmaqdadır.

Müəllif: Yunis XƏLİLOV ,
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi

YUNİS XƏLİLOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir