
Günəş Mənim İçimdədir
Gözlərimi yumuram,
Günəş öpür üzümdən
Nur doğulur içimdən
Dünya gülüşümdən pay alır.
Mənəm-
Bütün güllərin rəngi,
Baharın nəfəsi,
Sevincin ən saf halı.
Mənəm –
Torpağın bərəkəti
Səməni çiçəyi
Cahanın ən xoşbəxt insanı
Dodaqlarımda günəş gülür,
Kölgələr uzaqlaşır,
Mən varam,
İşıq mənim içimdədir.
Gözlərimi yumuram,
Dinləyirəm quşların səsini
İlıq bir meh kimi içimdən keçir
İçimdə toz basan xatirələrim.
Təkcə səmada deyil
Günəş qəlbimdə oyanır.
Bahar əllərimə toxunur,
Yaşıl xəyallarla bəzənir günüm.
Kölgələr unudulmuş bir nağıl,
keçmiş uzaq bir səsdir indi.
Mən varam,
Mən işığam
işıq mənin içimdədir