
GECİKƏN DƏRS
(hekayə)
Günlərdən bu gün də, bir dərsin bitməsi üçün dəqiqələri sayırdım. Hər dəfə özümə “bu mühazirəni dinləyəcəyəm” deyib təlqin etsəm də, yenə necə olurdusa, bir andaca xəyallar məni öz ağuşuna alır, oturduğum yerdəcə yuxulayırdım. Həmişəki kimi universitetə gecikmişdim. Lənət kor şeytana! Səhərin gözü açılmamış dursam belə, tez-tələsik çıxmalı olurdum. Metro ilə getdiyim üçün tıxac problemi yaşamırdım, metroya minməyim də xalaların öhdəliyində idi. Onların arasına ehmalca qarışırdım ki, qatara mindikləri zaman məni də içəri salsınlar. Qayıdanda isə “Həzi” boş olardı deyə, doyunca yata bilirdim. Metroda kitab oxumağı bir başqa sevirdim. Di gəl ki, oxuyan zaman insanların kitaba maraq göstərməsi adama ləzzət edirdi. Millətə bir oxumaq lazımdır, bir də oxuduğunu başa düşmək! Mənim sözüm deyil ha, rəhmətlik babam çox deyərdi, onun belə gözəl kəlamları xeyli var idi, dilindən də heç düşməzdi. Universitetə gedən yolun üstündə iki işıqfor var idi. Hər dəfə içimdə allaha yalvarardım ki, gözləməyim, amma elə bil gecikdiyim üçün allah məni cəzalandırırdı–həmişə işıqforun qırmızısına düşürdüm. Metrodan çıxan kimi qaça-qaça işıqfora çatmışdım ki… qırmızı! Gözləməyə başladım, amma soyuq yaman kələyimi kəsirdi. İşıqfor yaşıl olana qədər artıq ətrafıma ayrı “dünya”lardan 15-20 nəfər yığılmışdı. Sanki hamımız fərqli həyatların eyni nöqtədə kəsişdiyi qovşaqdaydıq.
Tıxac yarananda “tələsən”lər keçməyə başlayırdılar. Hətta bir xala məni dirsəyi ilə itələyib irəlilədi:
–Ay qız, çəkil görüm, maşın dayanıb, keç də!
Düzü, onun dediyini yox, nə söyləcəyimi düşünürdüm. Hər zaman da dilim susur, baxışlarım danışırdı. Beləliklə, 20 nəfərlik “dəstə” bir göz qırpımında azaldı. Onlar üçün rənglərin bir önəmi yox idi, işıqfordakı rəngləri eyni görürdülər. Əsas məsələ- gecikməmək! İşə çatmaq, məktəbə çatmaq, universitetə çatmaq! Amma aramızdan həyata çata bilənlərin yolları ayrı idi. Belə-belə işıqforun yaşıl olmağına yaxın ətrafımdakı insan sıxlığı xeyli azalmış, yanımda qalanlar isə yəqin ki, bir ehtimal cərimələri düşünürdülər. Öz-özümə sual verirdim: bu qədər insan içində, görəsən, mənim kimi həyatı düşünənlər var idimi? Yoxsa həqiqətən, həyat və onun nizamlı quruluşu heç kimə maraqlı deyildi. Hələ nizam istəyənlərə bir bax! Xaosla qidalanıb, xaosa qarışırdılar. Amma bu da bir həqiqətdir ki, həyat öz qaydalarını da qoyur və bəzən o qaydalar bizi heç gözləmədiyimiz anlarda sınayır. Nə deyim ki, sonda nəhayət işıq yaşıl oldu. Digər tərəfə keçib ikinci işıqforun yanında dayandım. Bu səfər də fərqli bir şey görəcəyimi düşünmürdüm. Elə bu anda qulağıma şirin bir səs gəldi:
–Ana, sənə dünən demişdim ha, bizə məktəbdə işıqfor qaydalarını öyrətdilər, bu gün mən o qaydaların hamısını bilirəm!
–Malades balama, indi isə getməliyik. Geciksən, müəllimin buna görə də ayrı danlayacaq səni.
Uşaqdan çox mən öz-özümə tərəddüd etdim. O, həvəslə və yorulmadan öyrəndiyi qaydadan danışacaqdı, amma ona öyrədilən qaydalar tələskənliyə uduzdu. İstədim, qayıdım deyəm ki, “ey balaca, sən yalnız öyrəndiyini danışma, öyrəndiyini yaşa”.
Maşınlar yenə sıxlıq yaradanda ana balasının əlindən tutub onu özü ilə dartaraq qarşıya keçdi. Dərsə çata bildilərmi? Bunu bilmirəm. Amma bildiyim bir şey var: uşaq bu gün ilk dərsini almışdı – bəzən həyat qaydalardan daha sürətlidir. Bu ardıcıllıqla Öz-özümə düşünürdüm elə ki.. birdən diksindim! Sən demə, arxa partadan Leyla bayaqdan məni çağırırmış. Bizim Leylanın əli necə ağırdırsa, çiynimə elə vurdu ki, yerimdən dik atıldım. O, zarafatyana gülərək gözlərini mənə dikdi:
-Ay qız, bayaqdan səninləyəm, yenə haralara səyahət edirdin? Uşaqlar, Günay yenə öz ampulasındadır!
Uşaqların gülüşü sinifi doldurdu.
Birdən müəllim arxaya dönüb bizi süzdü:
-Söhbət çox maraqlıdırsa, deyin, biz də gülək.
Leyla başını tərpədərək yenə sözündən qalmadı:
-Müəllim, sizin gülüşünüz dərsimizə daha da çox rəng qatır, vallah!
Müəllim yumşalaraq:
–Yaxşı, yaxşı, davam edirik, –dedi və dərsə keçdi. Sinifin havası birdən dəyişdi, hər şey qaydasında idi. Mən isə artıq saata yox, müəllimə baxırdım.
Müəllif: Əzizə Əliağayeva
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru