Elm günündə bir yazımı paylaşmaq istəyirəm dəyirli alimlərimiz üçün…
BİR ALİMİ VURMAQ
Onu 27 yaşında vurdular. Çanaqqalada, Gelibolu yarımadasında, Türkiyədə. Osmanlı ordusunun snayperi karabinin optik nişangahında vuracağı gəncin necə böyük bir zəka sahibi olduğunu bilmirdi. Bilsəydi, tətiyi çəkərdimi? Heç şübhəsiz ki, çəkərdi. Çünki cəng gedirdi, tərəddüd belə etməzdi.
1915-ci ilin isti yay günü idi. Birinci Dünya savaşı davam edirdi… Henri Mozli (1887-1915) görkəmli ingilis fizikidir, rentgen spektroskoplasının əsasını qoyub, 25 yaşında fizikanın bir qanununa onun adı verilib.
Əfsanəvi İton Kollecini bitirib, daha sonra Mançester və Oksford universitetlərində təhsil alıb. Dahi ingilis fiziki E.Rezerfordun tələbəsi olan Mozli bəzi kimyəvi elementlərin yaydığı rentgen şüaları dalğalarının uzunluğu ilə elementlərin atom nömrələri arasındakı əlaqəni kəşf edib, elementlərin xüsusiyyətlərinin atom ağırlıqlarına deyil, atom nömrələrinə görə bağlı olduğunu göstərib. Mendeleyevin 1869-cu ildə natamam olaraq təklif etdiyi elementlərin cədvəli onun tərəfindən elmi zəminə oturdulub (bu səbəbdən də rus kontentində Mozli haqda çox az məlumat var). H.Mozlinin kəşfi kimyəvi elementlər cədvəlinin bünövrəsini təşkil etdi.
Birinci Dünya müharibəsinin başlaması ilə Mozli könüllü olaraq ingilis Kral ordusuna yazılır. Rabitəçi olaraq kapitan rütbəsində cəbhəyə gedir. Müttəfiq dövlətlər 18 mart 1915-ci il tarixində Çanaqqala savaşında türk birlikləri ilə savaşda ağır məğlubiyyətə uğrayırlar, ingilislər qalan qüvvələri ilə sonuncu hərbi avantüraya baş vurur. Mozlinin olduğu hərbi birləşmə Sarıbayır hərəkatında Anafartalar qrup komandanı albay Mustafa Kamal (gələcəyin Atatürkü) və onun əsgərləri ilə qarşı-qarşıya gəlir…
Henri Mozli 10 avqust 1915-də vurulur. Məzarı da vurulduğu yerdə – Çanaqqaladadır.
Elm tarixçilərinə görə, Mozli savaşda həlak olmasaydı, atom və nüvə fizikalarının inkişafında misilsiz işlər görəcəkdi. Ayzek Azimov (İsaak Asimov) onun ölümü haqqında belə yazıb:
“Mozli ölməsəydi, daha hansı kəşflər edə biləcəyi baxımından… onun ölümü bəşəriyyət üçün müharibədəki ən böyük yeganə itki idi”.
Adilə Şahtaxtniskaya – Azərbaycanın ilk həkim-ginekoloqu, tibb elmləri doktoru və professor elmi adını alan ilk azərbaycanlı qadın. Bu gün onun anım günüdür… 1922-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin (o zaman hələ Tibb Universiteti yaradılmamışdı-M.R) məzunları arasında yalnız iki qız var idi. Onlardan biri haqqında danışdığımız Adilə xanım Şahtaxtinskaya, digəri isə Ceyran xanım Sultanova idi. Azərbaycanın mama-ginekologiya sahədə ilk xanım mütəxəssisi olan Adilə Şaxtaxtinskaya Naxçıvanın məşhur Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrindən biridir. Adilə xanım 1894-cü il aprelin 17-də Tiflis şəhərində, görkəmli ziyalı, yazıçı-publisist İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazanıb. O, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın kimi tarixə düşüb. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edib. 1933-cü ildə universitet rəhbərliyinin etdiyi bu təyinatla Adilə Şahtaxtinskaya Azərbaycanın ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına və eklampsiyaya həsr olunmuş professor Adilə Şahtaxtinskaya bu elmin bu sahəsində bir-birindən dəyərli və qiymətli əsərlər yazıb, tədqiqatlar aparıb. Adilə xanımın bacısı Leyla xanım isə Avropada təhsil alan ilk azərbaycanlı qadın olub. İsveçrədə təhsil alan Leyla xanım məzun olmasına az müddət qalmış dünyasını dəyişib. Onun ölümü haqqında məşhur “Molla Nəsrəddin” jurnalında nekroloq dərc edilib. Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflis şəhərində vəfat edib. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn olunub (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub…