
Sücaəti unutma sən
Bu gün sevən könüllərin aşiqi şairimizin anadan olduğu gündən 73 il keçir
Bəzən adam özünə ən yaxın bildiyi doğması, dostu, tanışı, daha yaxşı tanıdığı qohumu haqqında belə ürəklə, istədiyi kimi söz aça bilmir, lap elə özü barəsində də. Amma, bacarsaydı bir dastan bağlayardı, çünki sinəsi dolu olur axı.
Elin, xalqın, millətin ən sevimliləri haqqında da, məncə, onların olduğu səviyyədə yazılmır. Belə olmasaydı, sevimli şairimiz cabir Novruz yana-yana deməzdi ki, “sağlığında qiymət verin insanlara”…
Bəlkə də peşəmlə bağlıdır, tanıdığım, şəxsiyyətinə və sənətinə böyük qiymət verilən sadə insanlar, eləcə də elm adamları, sənət dostlarım, müəllim həmkarlarım az deyil. Bir çoxları haqqında fikrimi nəzmə çəkmiş, bəzilərinin portretini sözlə cızmağa çalışmışam. Amma, elələri də var ki, onların nə şəxsiyyəti, nə də sənət dünyasına qədəm basıb, sözlə ifadə edə bilməmişəm.
İnsan var ki, bu dünyadan köçdükdən sonra onu daha yaxşı tanımağa başlayırıq. Çünki bizimlə bir süfrədə, bir cəmiyyətdə, lap belə eyni ailədə, sinifdə, küçədə, xeyirdə-şərdə olur, amma, əməllərini olduğu kimi görmürsən. Bəzən elə insanlar nümunə olduqlarını gizlədirlər. Lakin onlar kənardan baxıldıqda olduqları kimi görünürlər. Məhz buna görə deyiblər ki, Aya yaxından yox, uzaqdan baxarlar.
Dost dediyim insan azmı, çoxmu bilmirəm. Az olsalar da, onlar mənə bir dünyadırlar – özgə aləmdirlər. Onları itirəndə çox ağrılı keçir günlərim: təklənirəm, tənhalanıram. Dost tapanda sevindiyin kimi, itirəndə də onun ağrısını o dərəcədə çəkirsən. Dost ayrılığı tamam fərqli olur. Hecaya da bölünmür bu söz. Demək, dost iki can-bir qəlb olmaq deməkdir. Dostlarıma cansağlığı diləyirəm. Onların arasından birini də itirmişəm, fiziki mənada. Amma qəlbimdə, ruhumda, canımda yaşayacaq mənimlə birgə.
Onunla nə yaxın əlaqəm olub, nə də sirdaşa çevrilmişəm, amma, adı gələndə qəlbim titrəyib, dilimin kəlmələri uçub gedib. Hələ adını çəkməyəcəyəm. Dostlarımı intizarda saxlayacam ki, görəsən, bəs kimdir bu dostdan da yuxarıda qəlbimdə yeri olan və indiyə kimi haqqında bir kəlmə belə qələmə almamışam?!
Məni yazı-pozumdan öncə səhnə sənətinin dəlisi kimi tanıyanların sayı azalır. Çünki 27 ildir ki, Kəlbəcərsiz ömür sürüb-uzadırıq, qeyrətimizın nimdaş plaşına bürünüb. Çünki məni aktyor kimi tanıyan və sevən kəlbəcərlilərimizin sırası seyrəlməkdədir. Kəlbəcərdən bu yanda dünyaya gələn kəlbəcərsizlər nəsli isə haradan tanısınlar ki, məni – vaxtilə “Kəlbəcərin Arif Quliyevi” (komikliyə, səhnədə yaratdığım bir-birinə bənzəməyən fərqli obrazlar müəllifi olduğum üçün) adlandıranlar Kəlbəcərə əlləri uzanılı köçürlər bu etibarsız və etibarsız, amansız həyatdan, yardım payları onların qanını da zəhərləyib, canlarını, ruhlarını da.
Kəlbəcərdə ikən onun poeziyasının vurğunu olmuşdum.
“Ağlım təzə-təzə kəsirdi onada”…
misrasına sığınıb o qədər şeir yazmışam ki, amma, tezcənə də silmişəm ki, şairimizin qulağına çatar, biabır olaram…
Tale elə gətirdi ki, Kəlbəcərin mədəniyyət evinin səhnəsindən mətbuata- “YENİLİK” qəzeti redaksiyasına gedəsi oldum. Sən demə, DƏRD dilini yamanca bilirmişəm – ana südü ilə keçibmiş. Anam da dərdi-möhnətdən yazan biriymiş. Biz balalarından gizlin saxlasa da, qəlbindən ki gen tuta bilməzdi.
Hə, harada qaldıq?! Kəlbəcərdəmi? Yoox, Kəlbəcərdə qalsaydıq bu qədər qırılıb qurtarmaz, dərd şələsinin altında əyilməzdik ki. Qürurumuzla Dəlidağa bənzərdik, təpələnmişik, indi ləpələnirik… Mənəviyyatımızı yavanlıq eləməyə məcbur qalmışıq. Yerindən qalxan şairəm deyib sosial şəbəkələrdə “meydan sulayır”, hətta, TV-lərdə “müəllif verilişləri”ndə özlərini dahi sayıb cızma-qaralarını beynimizə pərçimləyirlər.
Kəlbəcərdə qala bilmədik, amma, kəlbəcərliliyimizi köksümüzə mənəvi sərvət kimi sıxıb, qoruyub bu üzə, didərginlik illərinə gətirdik. Kəlbəcərdəikən belə həzin misraları ilə könülləri fəth edən qələm adamları arasında Bəhmənlə Sücaətin xüsusilə seçilməsi bir bəxtəvərlik idi. Elə bir toy şənliyi olmazdı ki, orada şeirləri oxunmasın, hətta, bir qədər də qısqanclıq yaranmışdı bəzi el şairlərində onlara qarşı. Rayonda çıxan “YENİLİK” qəzetinin səhifələrində şeir müntəzəm yox, ayda bir dəfə “Dəlidağın nəğmələri” səhifəsində dərc edilirdi, onda da hər şairdən bir-ikisi. Açığı, bu səhifədə Bəhmənlə Sücaətə xüsusi yer də ayrılmırdı. Ehtiyac da duyulmurdu. Özlərinin xəbəri olmadan “Dəlidağın nəğmələri” ədəbi birliyinin xətti ilə verilirdi.
Deyəsən, yenə də xəyalandım axı. Xəyal qanadlarında fikrim uçdu Kəlbəcərə – o bəxtəvər günlərimizə. Dünən-srağagün də “dağların bəxtəvər dustağı”- Ənvər Rzamızın 70 illik yubileyi idi. Rəsmi şəkildə, dövlət tərəfindən (ona görə belə deyirəm ki, digər Kəlbəcərdə doğulan söz adamlarına “el şairi” deyirlər, amma, Ənvər Rza alim-tərcüməçi, kafedra müdiri olmuşdu vaxtilə. Ona görə də 70 illik yubileyi rəsmi qeyd edilməli idi, QHT səviyyəsində yox) keçirilməsə də “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İB-nin layihələrindən biri gerçəkləşirdi: kəlbəcərlilərin bir qrupunu bir araya toplamaq, şairi yad etmək üçün.
Yenə də dərd yumağı sarımağa başldım. İstəməzdim ki, bu yazıda dərdlərimizi sadalayım, Sücaətimizin narahat ruhunu bir az da incidim.
Bəlkə bir də bitdim, ək məni dünya…
Hə, onu deyirdim axı. Sücaətdən yazmağa özümdə cəsarət tapmamışam, çəkinmişəm ki, şairin ruhu inciyr mənim sönük yazımdan. Bəhmən Vətənoğlu hələ sağlığında qələmimdə özünün şair obrazını görmüşdü. Dünyasını dəyişəndə isə xüsusi olaraq, Bəhmən vurğunu Vəliyəddin İsmayılovla birlikdə “Yeni bəşər” qəzetinin son buraxılışını – “Bəlkə bir də bitdim, ək məni dünya” adlı ağ-qara rəngli jurnal çap etdirdik, dəfn mərasimindəki çıxışlar əsasında. Başda Ağdabanlı Qurban, Dədə Şəmşir, Kor Bəsti… olmaqla Kəlbəcər ədəbi mühitinin bir araya toplanmasını da unutmadıq. Dəst-xəttimlə iki kitab buraxdıq. Orada da hər iki sənətkarın yaradıcılığına xüsusi yer ayrılmadı.
Demək, imkanım yetən yerdə qələmli söz adamları haqqında fikrimi yazılı şəkildə bildirmişəm. Bu, anam Güllər Məmmədqızının mənə nəsihətlərindən olub. Zəif sayılan şeirlərə də ustad Dədə Şəmşir yanaşması ilə baxıb çapına dəstək olmuşam, buna görə dəfələrlə tənqid atəşinə tutulsam da, lakin Sücaətdən yazmağa çəkinmişəm. Bəlkə də ömrümün sonuna kimi bu ölməz şairimizin yaradıcılığını olduğu və istədiyim kimi incələyə bilməyəcəyəm.
Sücaətimizin hələ sağlığında şeirlərini sevə-sevə oxuyan və məclisi ruha, coşa gətirən Ziyadxan Qurbanoğluya ömrüm boyu minnətdar olacağam. Sücaətin sonuncu çap olunan kitabındakı şeirlərinin əksəriyyəti onun sinəsindən köçürülüb. Deyərdim ki, şairin elə bir şeiri yoxdur ki, Ziyadxan müəllim onu saz və muğam-segah üstündə oxumamış olsun.
Təxminən 2000-2001-ci il idi. Mən Azərbaycan Aşıqlar Birliyinin “Ozan” qəzetinin redaktoru işləyirdim. Bir gün məsləhət etdim ki, Bəhmənlə Sücaətin ikisinə bir yaradıcılıq gecəsi keçirək. Mədəniyyət Nazirliyinə müraciət etdik, qəzetin xətti ilə, o zamankı RESPUBLİKA sarayının bir axşamlıq icarəsi üçün. Razılığı tanışlıqla ala bildik. Nazirlikdə Bəhmənlə Sücaətin şeiriyyətini sevənlər olsa da, sarayın direktorunun o axşam adam əlindən “gözləri kəlləsinə çıxmışdı”. Məndən soruşdu ki, “Bu aşıq kimdir millət onunla görüşə belə gəlib. Bu saray indiyə kimi ağzına kimi dolduğu olmamışdı, heç dövlət tərəfindən keçirilən yubileylərdə də. Bəs bu adam kimdir ki, fanatları-azarkeşləri sarayın qapılarını sındırır, içəridə isə ayaqüstə dayanmağa yer yoxdu”?
Sazın sinəsinə yazılan şairlər xalqın yaddaşında əbədilik qazanırlar –Sücaət kimi
Anlatdım ki, hələ Sücaətimiz yoxdur, təkcə Bəhmən Vətənoğlunun görüşünə gələnlər bu qədərdir. Gör Sücaətimiz gəlsəydi (onda artıq Sücaətimizi itirmişdik) adam əlindən saray necə dayanardı?! Tədbirdən sonra yazdığım məqalənin başlığı belə idi: “Bəhmən Vətənoğlu Respublikanı silkələdi”.
Həmin gecə ölməz Türk dünyasının sevimli şairi Zəlimxan Yaqub dedi ki, Bəhmən, heç fikir-zad eləmə ki, sənin fəxri adın (xalq şairi titulu) yoxdur. Vallah, xalq şairləri var ki, cild-cild əsərləri kitabxanalarda toz-torpağın altında qalıb, birini açıb oxuyan yoxdur. Amma sazın sinəsinə yazılan şairlər xalqın yaddaşında əbədilik qazanırlar. Bundan yuxarı titul ola bilərmi?!
Gözəl bənzətmənin bu yazıda xatırlanması təsadüfdürmü? Xeyr! Sücaətimizin də heç bir nəinki yüksək titulu, fəxri adı olmadı. Heç özünə ləqəb də seçmədi. Sadəcə, Sücaət olduğunu könlümüzə sevgiylə həkk elədi.
Bu gün (18 may tarixində) facebook səhifəsində şairin ruhuna yazılan bir məqalə oxudum. Kəlbəcərdən uzaqlardan yazılmışdı – Rusiyadan. Həmin yazını olduğu kimi məqaləmə əlavə etməyə bilmədim.
HAŞİYƏ
Əzizlərim, bu gün Kəlbəcərimizin fəxri,dahi şairimiz Sücaətin anadan olduğu gündür! Onun haqqında ,,Kelbecer haqqı today”saytının dərc elədiyi yazımı sizə təqdim edirəm!
İlqar Orduxanlı(Əliyev)
Rusiya,Sankt-Peterburq şəhəri
18.05.2019 cu il(01:30)
Xüsusilə ,,Kelbecer haqqı”todey saytı üçün.
Salam əziz dostlar!
Bu gün Kəlbəcərimizin,Azərbaycanımızın gözəl şair oğlu SÜCAƏTin ad günüdür!
Yaşasaydı 73 yaşı olardı!
İlk yazdığı günlərdən ta indiyənədək,şerləri xalqın dilindən düşməyib,xalq tərəfindən sevilib,sevilir,həmişə aktualdır,nə qədər cavan və istedadlı şairlır meydana çıxır çıxsın,özünə məxsus Sücət poezya günəşini örtə bilmir!
Əlbətdə çox sevdiyim,yeni,istedadlı ,poeziyada öz sözünü demiş şairlər çoxdur!
Amma yenə də nəsə,poeziya susuzluğumu,poeziya aclığımı Sücaətin şerləri ilə islah edə bilirəm!
Niyə Sücaət poeziyası belə sevilir və dünya durduqca yaşayacaq?Çünki sadə və şirin,yaş fərqindən asılı olmayaraq başa düşüləcək,yadda qalacaq bir tərzdə,xalq dilində yazırdı!
Heç bir fəxri ad,fəxri şan şöhrət sahibi olmasada,çox ,,xalq şairlərindən”öncə,hələ gənc yaşlarında və sağlığında,xalqın sevimlisinə çevrilmiş,poeziya aləmində şahlıq taxtına çıxmış,heykəlini hələ sağlığında xalqın ürəyində ucaltmışdır!Həm poeziyada həm həyatda sevənlər üçün ,,Məcnun” ,məzlumlar üçün,haqsızlığa dücar olanlar üçün ,,Yusif” olmuşdur!
Kəbəcərin havasından,suyundan,təbiətindən mayalanan və allahın mübarək istəyi ilə,məhz Kəlbəcərdə,əsilli-nəsilli bir ailədə dünyaya gələn,poeziya aləminə şəfəq saçan Sücaət adlı bir insan,bir planet ki var,hər kəsə məlumdur və kəşfə ehtiyacı ancaq həyata təzə qədəm qoyanlar üçündür!
1984 cü ildə orijinal şəkli(heç zaman,heç yerdə dərc olunmayan)ilə yanaşı bir neçə şerini,məktəb illərindən qalan Kəlbəcərli xatirələrimi sizlərə təqdim edirəm əziz dostlar!
Sücaət,Allah sənə rəhmət eləsin gözəl şair,gözəl insan!
Sizlərə can sağlığı, qədir bilən dostlar!
Şer Sücaətin yazdığı kimi!!!!
MƏNİM OLDU
Bir mahnı başladıq, qaldı yarımçıq,
Zilin sən apardın, bəm mənim oldu.
Hər yerdə ağladıq ikimiz qoşa,
Qurudu gözlərin, nəm mənim oldu.
Pozuldu nə ilə,naxışlarımız?
Dikəldi-dikəldi,yoxuşlarımız.
Ayrıldıq, küsüşdü baxışlarımız,
Sevinc sənin oldu, qəm mənim oldu.
Sücaəti qəmlər aldı gör necə,
Dərdini vərəqlər bildi gizlicə.
Aramızda bir eşq oldu o gecə,
O… həm sənin oldu, həm mənim oldu.
Həmin məqalənin şərh yerində mən də belə yazdım: “Ölməz şairimizi yad etdiniz və bizim kimi qələm adamlarını utandırdınız. Şəxsən, mənə ayıb olsun ki, Sücaətin özünə və qəlbinə layiq məqaləm olmadı. Çəkindim yazmağa, Axı, hər əlinə qələm alan Sücaət haqqında söz demək cürətini özündə tapmaz.
Ruhu nigaran, kəlmələri pərişan, bağrı-şan-şan olan Sücaətimiz
Sücaətin ədəbi-bədii yaradıcılığının təhlil olunmaması, ədəbi tənqidin diqqətndən kənarda qalması mənə pis təsir edir. Elə Bəhmənimizin, Məmməd Aslanımızın, Ənvər Rzamızınkı da unutqanlığımızın qurbanlarına çevriliblər. Nədən axı? Kim bizə qadağan edib ki, bu ölməz sənət korifeylərinin yaradıcılıq gecələrini keçirməyək? Yeni gələn ədəbi nəslimizi tanıyırıqmi? Kəlbəcərdə doğulub boya-başa çatan, bəlkə də ilk olaraq heca vəzninin sərhədlərini aşaraq sərbəst vəzndə yazan Yusif Hüseynmimizmi zəifdir, yoxsa Dəmirçi Abbasımız? Aşıq Xalıqverdimizmi unudulasıdır, yoxsa Qəmkeşimizmi?!
Sücaətdən yana-yana yazmaq, onu olduğu kimi təqdim eləmək asan gəlməsin sizə. Mən də bacarmadım, “nala-mıxa” vur-vura nəsə demək istədim, amma, baxın, “dilim topuq vurdu”, əllərim əsdi. Yaza bilmədim, amma, hansı ki, mən Məmməd Aslanın 50 illik yubileyinə diplom işi yazıb, ssenariləşidirib Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Sarayında “Ömrün bahar fəsli- təbiətin süd qardaşı Məmməd Aslan” adlı ədəbi-bədii gecənin müəllifi olmuşam. Ənvər Rzamızın nigaran və pərişan ruhuna illərdi ki, söz şöləsi salıram, özüm yanıb-qaralsam da, ölüb-dirilsəm də.
…Amma Sücaətdən yazacağım məqalə yenə də onun nakam ömrü kimi yarımçq qalır. İnciməyin, bacarmıram. Bəlkə elə Sücaətimizə öz lirik və ağılı dili ilə üz tutub icazə istəyim?!
Tale yolları enişli-yoxuşlu olan Sücaətin başı nələr çəkmədi, Allah, sənə agahdı. Belə könül sahibini şərləmək nə qədər günah idi?! Bəhanə axtarırdılar. Tapmağa nə vardı o zamankı sovet diktaruasının əlində?! Sücaəti də ustad Mikayıl Azaflı kimi şərləyib həbsxana divarları arasına salmışdılar. Şairlər azadlıqsevər sülh göyərçinləri kimi daim çırpınar, qanadları sınanadək. Sonra bir poetik qanad taxıb uçarlar sevdiklərinin yanına.
Taleyi şil-şikəst, fikri sağ olan şair…
Sücaət də mənim kimi, anasına çox bağlı olub. Anasızlıq ona güc gələndə əlinə qələm keçməyib, eləcə sinəsinə həkk edib. Sücaət gözlərini yollardan yığa bilməyən anasının görüşünə şeirlə getdi bir gecə. Anasının dizlərini istədi ki, başını söykəyib dərin yuxuya getsin. Bəlkə də o yuxu əbədiyyət laylası çalacaqdı şairə. Bizlərin də sinəsinə həkk oldu, amma, gözlərimizin yaşı ilə:
Deyin dustaqları buraxacaqlar,
Qoy qəm bozartmasın üzün anamın.
Deyin qırılcaq zülmün zənciri,
Birtəhər başını yozun anamın.
Bir dərya var imiş qaşımın altda,
Zəhər gizlənibmiş aşımın altda.
Yasdıq daşa dönüb başımın altda,
Burda hardan alım dizin anamın.
Taleyi şil-şikəst, fikri sağ oldum,
Sevinci bir zərrə, dərdi dağ oldum.
Gah əsir, gah xəstə, gah dustaq oldum,
Qoymadım quruya gözün anamın.
Talanmış ömürdü, gündü, neyləyim,
Baxtımın çırağı söndü neyləyim.
Sevinci fəğana döndü, neyləyim,
Söhbəti nəğmədən həzin anamın.
Sücaət, etdilər talan ömrümü,
Yox olsun daşlara çalan ömrümü.
Talanan talanıb, qalan ömrümü
Ömrünün üstünə yazın anamın.
Talanan ömründən qalanı nə oldu ki, şair?! Sehran xala “yaşadı”, səndən sonra, amma, necə yaşadı, hansı bəxtəvər günlərini yaşadı ki? Dərd yumağı sarıdı, qocalmadı, amma, qarıdı…
Sücaət təbiət vurğunuydu. Ana təbiətin hər fəsli onun poeziyasında öz rəngində, öz biçimindəydi: yazda yaşıl, qışda dümağ. Dağlar onun sirdaşı idi, ayrılanda dəli olardı, el yaylaqdan arana enəndə Sücaət də dağlarla belə halallaşırdı:
Mən gedirəm qürbət elə,
Sən salamat qal, ay dağlar.
Halallıq ver, qoy qalmasın,
Ürəyimdə xal, ay dağlar.
Hanı məndə dözüm sənsiz?
Sönəcəkdi közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz,
Olacağam lal, ay dağlar.
Dostum-yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al ay dağlar, al ay dağlar.
Günəş gəzib yorulanda,
Sazın simi qırılanda,
Göydə qartal vurulanda,
Məni yada sal, ay dağlar.
Qayaları lələ döndər,
Cığırları telə döndər,
Sücaəti külə döndər,
Bir “Kərəmi” çal, ay dağlar.
Mayası sevgi, qidası sevgi, həyatı sevgi qurbanı olan Sücaət…
Sevgi şairin poeziyasının ana xəttidir desək daha doğru olardı, axı, ona daim sevgi şairi kimi baxımışıq. Mayası sevgi, qidası sevgi, həyatı sevgi qurbanı olan Sücaətin lirik şeirlərinin fəlsəfəsini filosoflar açmalıdır. Biz isə gəlin oxuyaq və sevginin Sücaəin qəlbində necə alovlanmasına tamaşa edək:
Ölümə nə var ki, birdəfəlikdi,
Sevib ayrı düşmək kaş olmayaydı.
Nəğmələr quş kimi qanadlananda,
Gözlərdən süzülən yaş olmayaydı.
Mənim qəlbim kimi inləməz Kaman,
İlk eşqi itirmək yamandı,yaman!!!
Könüllər odlara qalanan zaman,
Ürəklər bərkiyib daş olmayaydı.
Mən səni sevirəm, sən varı, pulu,
Gör hardan düşübdü eşqimin yolu.
Nə mənim ürəyim bir belə dolu,
Nə sənin ürəyin boş olmayaydı.
Silinməz sinəmdən bu düyün, bu dağ,
Gəzdi gəncliyimi qəm budaq-budaq.
Həsrətdən, möhnətdən titrəyən dodaq,
Kədərdən catılan qaş olmayaydı.
Yar deyib aglayır könlümün sazı,
Bir gündə yüz dəfə yanıram azı.
Sücaət, heç kəsin baharı, yazı.
Dönüb birdən-birə qış olmayaydı.
Sücaət məclis adam idi. Hansı toy-nişan olardısa Kəlbəcərdə şair dəvətli olardı. O məclis bələnərdi Sücaətin qaltanlı səsinə. Amma həmişə sinəsində ehtiyat söz saxlayardı şair:
Xoşlanmıram tez alışıb-sönəndən,
Qəlbimdə yüz illik köz saxlayıram.
Bəlkə bundan ağır günlərə düşdüm,
Sinəmdə ehtiyat söz saxlayıram.
Uzaqdan tətiyi sıxmağa nə var,
Arxadan cumulub yıxmağa nə var.
Kiçik döyüşlərdən çıxmağa nə var,
Çətin sınaqlara diz saxlayıram.
İnsanlar bir-birin qədrini bilsə,
Qəm nə qələt eylər qoşunla gəlsə?
Tökərəm, nadana qoşulub gülsə,
Elnən ağlamağa göz saxlayıram.
Sücaət, ürəyim əsim-əsimdi,
Həqiqətin səsi – mənim səsimdi.
Etibar bəsimdi, ilqar bəsimdi,
Mən varı-dövləti az saxlayıram.
Dərdlərim üstümə qaçır bu gecə…
…Budur, mən də əsim-əsim əsirəm, şair! Sücaətsevərlərə bir yazı qaralamaq istədim, yenə də bacarmadım. Sizi olduğunuz kimi ifadə edəcək bir söz adamına ehtiyacımız var hələ də.
Mən isə üzümü qibləmizə, Kəbəmizə – Kəlbəcərimizə tutub deyirəm:
Ay Sücaət, yenə fikrim perikir,
Ruhum o dağlara uçur bu gecə.
Yuxum ərşə qalxıb ah-nalə kimi,
Sinəm dərd-sərini açır bu gecə.
Qələminə qüvvət, dilinə qurban,
Yurddan perik düşən elinə qurban.
Solan çəməninə, gülünə qurban,
Dərdlərim üstümə qaçır bu gecə…
Kəlbəcər qışda da gülüstan idi,
Bu hüsnü dillərdə bir dastan idi.
Məhəmməd, bir barlı bağ-bostan idi,
Talanıb, dağılıb uçür bu gecə…
Sücaət poeziyasından necə yazasan ki, sinən soyuya?!
Sinəsi şeir-sənət inciləri ilə dolu olan şair:
Sinən bir ümmandı, şeir-sənətlə,
Yaman çağlayırdın şirin söhbətlə.
İndisə üzürsən dərdi-möhnətlə,
Göyçəmizdən, Kəlbəcərdən soraq ver,
Dərdimi yazmağa mənə varaq ver!
Yaylaqları yoxlamğa gedəkmi?
Çəmən-çiçək qoxlamağa gedəkmi?!
Düşmən bağrın oxlamağa gedəkmi?!
Şahbazlardan, Dilqəmlərdən soraq ver!
Düşmən bağrın oxlamağa yaraq ver!
Hardan alaq o dağların havasın?!
Görərikmi bir də zövqü-səfasın!!
Sən bilirdinMəhəmmədin cəfasın,-
Gecələrim zülmətdədi, çıraq ver!
Zəmim yağı, tez biçməyə oraq ver!
Məhəmməd Nərimanoğlu,
Bakı, 18 may 2019-cu il