Süleyman Sani Axundov

Seminariyada oxuduğu illərdə canına qəsd etmək istəyən yazıçı – Süleyman Sani Axundov. O, nə üçün intihar etmək istəyirdi?
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Qərənfil Dünyaminqızı yazır: “1885-ci ililin qarlı-boranlı bir qış günündə Tiflisdə Qori Müəllimlər seminariyasında açılan atəş səsi müsəlman şöbəsinin şagird və müəllimlərini daha çox narahat etdi. Çünki özünə qəsd etmək istəyən seminariyanın çalışqan, nizam-intizamlı şagirdlərindən biri olan Süleyman Sani Axundov idi. Bəs nə üçün Süleyman özünə qəsd etmişdi?
Tədqiqatçıların yazdığına görə, yuxarı sinif şagirdlərindən hər gün biri seminariyada növbətçi olurmuş. Bir gün də Süleymanın növbəsində pansionata keyfiyyətsiz çörək gətirilir. Süleyman buna etiraz edərək seminariyanın inspektoru Aleksey Osipoviç Çernyayevskiyə məlumat verir. A.O.Çernyayevskinin əmri ilə nağd pulla çörək alınıb seminariyanın şagirdlərinə paylanır. Bu iş növbətçi kimi Süleymana tapşırılır. Süleyman da məktəbin xəzinəsindən götürdüyü pula seminariyanın yaxınlığında yerləşən sexdən çörək alaraq pansionata gətirir. Kiçik bir anlaşılmazlıq üzündən inspektor Süleymanı yalançılıqda, tamahkarlıqda təqsirləndirir. (Guya Süleyman çörəyin pudunu 1 manata alıb, amma seminariyanın xəzinəsindən 1 manat 20 qəpik pul götürüb).
Bu hadisədən sonra seminariyanın müəllim və şagirdləri arasında Süleymana münasibət dəyişir. Məsələyə Süleymanın dayısı, seminariyanın müəllimi Səfərəlibəy Vəlibəyov qarışaraq çörəyin qiymətinin hər yerdə 1 manat 20 qəpik olduğunu aşkarlayır və bu işdə Süleymanın günahsız olduğunu sübut edir.
Lakin həqiqətin aşkarlanması seminariya rəhbərliyinin heç də xoşuna gəlmir. Belə olduqda Süleymanı cəzalandırmaq üçün pedaqoji sovetdə onun təlim-tərbiyə qiymətini əladan birbaşa kafiyə endirirlər. Həqiqəti araşdırmağa özündə təpər tapmayan seminariya rəhbərliyinin bu haqsız hərəkəti Süleymanda əsəb gərginliyi və ruh düşgünlüyü yaradır. Və bir gün bütün şagird yoldaşları yatandan sonra o özünə qəsd edərək tapançadan atəş açır. Xoşbəxtlikdən güllə onun ürəyinə dəymir…
Bu haqda S.S.Axundovun qohumu Nadir Vəlixanov yazırdı ki: “1885-cü ildə Süleymanın seminariyada başına gələn bir əhvalat ömrü boyu xatirindən silinməmişdi. Şöbədə növbətçi olduğu vaxt təsadüfi olaraq, dövlət pulunu mənimsəməkdə günahlandırıldığı üçün kədərə dalıb, öz canına qəsd etmişdi”.
Tədqiqatçı alim Aslan Kənan isə “XX əsrdə repressiyaya məruz qalanlar” adlı əsərində bu hadisə haqqında məlumat verərək seminariya rəhbərliyinin, xüsusən də N.S.Streletskinin direktorluq etdiyi illərdə apardığı intiriqabazlıqdan, azərbaycanlı seminaristlərə qarşı etdiyi kobudluqdan və haqsızlıqlardan geniş bəhs edərək bu məsələyə aydınlıq gətirir.
Bu faktı A.O.Çernyayevskinin 1893-cü ildə Qafqaz Təhsil Dairəsinə yazdığı izahat bir daha təsdiq edir. S.S.Axundovun intihar cəhdini “özlüyündə fövqəladə dərəcədə qəmgin bir fakt” hesab etmiş və şagirdlərin bu vəziyyətə gəlib çıxmasının günahkarı N.S.Streletskini və onun seminariyada direktor olduğu dövrdə təlim-tərbiyə sahəsində apardığı yarıtmaz iş üsulu ilə əlaqələndirmişdir…”
Bu gün Süleyman Sani Axundovun anım günüdür. Allah rəhmət eləsin!

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AQİL KƏNGƏRLİ – BİLİNMİR

BİLİNMİR

Biz elə zamana, vaxta gəlmişik,
Nə böyüyü, nə kiçiyi bilinmir.
Gədalar bəy olub meydan sulayır,
Ağsaqqalı, ağbirçəyi bilinmir.

Abırı, həyası gedib üzlərin,
Yeri yoxdur, doğruların, düzlərin,
Danışılır, danışılan sözlərin,
Nə yalanı, nə gerçəyi bilinmir.

Çoxları itirib qeyrət və arın,
Başdan yuxarıya keçib şiş qarın,
Ənlikli, kirşanlı olan qızların,
Nə çirkini, nə göyçəyi bilinmir.

Gülən var ki, gülüşləri saxtadır,
Ağlayan var, qəlbi daşdır, taxtadır,
Sərçə gəlib qartalları ağladır,
Nə aslanı, nə milçəyi bilinmir.

İndi bağlanıbdır dəvə ulağa,
Ceyrandan irəli keçib qurbağa,
Saflıq üçün üz tutursan torpağa,
Nə qanqalı, nə çiçəyi bilinmir.

Kədərlə dünyaya nəzər eylərəm,
Belə bir dövrandan həzər eylərəm,
Haqqın qapısına nəzir eylərəm,
Bu millətin gələcəyi bilinmir.

RAMAZAN BAYRAMINIZ MÜBARƏK!

BAYRAM GÜNÜNƏ XAS ƏMƏLLƏR HANSILARDIR?

Əziz həmvətənlər! Artıq mübarək Ramazan ayının son gününü yaşayırıq. Ramazan ayını yaşamaq, onun bərəkətindən faydalanmaq, bu ayı sona qədər oruc tuta bilmək Allah-Taalanın Adəm övladına bir lütfüdür.
Nə qədər bu ayı görmək arzusunda olan ancaq vüsalına çata bilməyən insanlar var. Bizə bu ayda oruc tutmağı nəsib edən Rəbbimizə sonsuz şükürlər olsun!
Qarşıdan bayram günləri gəlir. Bayram günləri nə edilməlidir və ya bayram gününə xas əməllər hansılardır? İslam ənənələrinə əsasən gün bayram namazı ilə başlayır. Bayramdan sonra insanların bir-birini, valideynlərini və qohum-əqrəbalarını ziyarət etmələri tövsiyə olunur. Əksər müsəlman ölkələrində həm də qəbirlər ziyarət olunur, dünyasını dəyişən insanların ruhuna dualar oxunur.
Bayram günlərində tövsiyə edilən əməllərdən biri də küsülülərin barışmasıdır. İslamın bəyənmədiyi əməllərdən biri də insanların bir-birindən küsməsidir. Oruc fərdi ibadətdən daha çox ictimai ibadətdir. Onun faydasını cəmiyyətin bütün üzvləri hiss etməlidir.
Allah bütün oruc və duaları qəbul etsin. Dövlətimizi, xalqımızı, Prezidentimizi, birliyimizi və həmrəyliyimizi hər zaman qorusun!

Mənbə və müəllif: Ceyhun Məmmədov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – MƏNİM ŞEİRLƏRİM

MƏNİM ŞEİRLƏRİM

Heç vaxt öz yolumdan dayanmamışam,
Ocaq qalamışam mən öz közümə.
Özgə ilhamından pay ummamşam,
Haram qatmamışam halal sözümə…

Doğma əzablardan ayrılmaq çətin,
Həsrət alovuyla göynəyib ürək.
Sizə hopdurmüşam dərdin, həsrətin
Halal şirəsini son qətrəyədək.

Mənim aydan arı təmiz adıma
Can atan olsa da kölgə salmağa,
İmkan verməmişəm bircə adama
Sözün namusuna ləkə salmağa…

Qıra bilməsəm də həsrət buzunu,
Qızaran dan yeri köçüb gözümə.
İpəkqurdu kimi ömrüm uzunu
Kəfən toxumuşam özüm özümə…

Başımın üstünü duman alanda
Sizə söyləmişəm ürək sözümü…
Mənim şeirlərim, mənsiz qalanda
Qara eləməyin mənim üzümü…

26.03.2022

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Kitabxanada “31 mart – Azərbaycanlıların Sоyqırımı Günüdür” adlı geniş kitab sərgisi açılıb

Milli Kitabxanada “31 mart – Azərbaycanlıların Sоyqırımı Günüdür” adlı geniş kitab sərgisi açılıb

Milli Kitabxanada 1918-ci ilin mart soyqırımında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında həqiqətlərin təbliği məqsədilə “31 mart – Azərbaycanlıların Sоyqırımı Günüdür” adlı ənənəvi kitab sərgisi açılıb.

Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/31-mart–soyqirimi

Vahid İbayev – Rumıniya və Bolqarıstan Qızılbaşları

🇷🇴 Rumıniya və 🇧🇬 Bolqarıstan Qızılbaşları

“Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”

«Günümüz Balkan yarımadasında var olan Rumıniya və Bolqarıstan respublikalarında Qızılbaşlar da yaşamaqdadır. Bu Qızılbaşlar Rumıniyanın “Şimali Dobruca” və Bolqarıstanın “Cənubi Dobruca” bölgələrində yaşayırlar.

15-ci və 16-cı əsrdə Osmanlı dövləti Qızılbaşların Səfəvi təriqəti və dövləti ilə əlaqəsini kəsmək üçün “Balkan (Rumeli)” torpaqlarına sürgün etdilər. Xüsusilə Sultan II Bəyazid tərəfindən Balkanlara sürgün edildilər.

Balkan Qızılbaşları sürgünləri haqqında məlumat verərkən, belə söyləyirlər;
“Bizlər, Haymana (Ankara) bölgəsindən Rumeliyə sürgün edilmişik.”

Balkan Qızılbaşları iki hissəyə bölünür;
Babai və Çələbi Qızılbaşları. Bu qızılbaşlar sadəcə bağlı olduqları Təkkə mərkəzlərinə görə iki hissəyə bölünüblər, ibadətlərində isə kiçik fərq var.

Balkan Qızılbaşlarının günümüzə qədər gəlib çatmış “İsimli Risalesi” vardır. Bu Risalədə Qızılbaşların İslami inanc sistemi, ailə təşkilatı, təkkə mərkəzləri və günlük duaları haqqında məlumat verir. Bu Risalə haqqında ətraflı məlumatı Türk tarixçisi Ahmet Taşğın “Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine.” kitabında toplamışdır.

Balkan türkləri və qızılbaşları haqqında geniş məlumatlara xüsusilə Türk Professor Ahmet Taşğın, Polyak türkoloq Tadeusz Kovalski, Bolqar tarixçi Prof. S.S Bobçev, Rus etnoqrafı V.A. Moşkov, D.G. Gadzanow, St.Romansky və A. Popoviçin araşdırmalarında rast gəlmək mümkündür.

Polyak T. Kovalskinin Rumeli və Balkan araşdırmalarının Dobruca bölməsində verdiyi məlumatlar, Dobrucada mövcud olan Qızılbaş, Bəktaşi və Ələvi kəndləri haqqında ilk və ən əhatəli araşdırmalardandır.
D.G. Gadzanow 1911-ci ildə Tozluk, Gerlova və Deliormanda dil və ləhcə tədqiqatlarında “Köse Abdi” kəndinin Bəktaşi, “Akkadınlar” kəndinin isə Qızılbaş olduğunu müəyyən edib, qeydə almışdır.

A. Popoviç “Balkanlarda İslam” əsərində belə qeyd edir;
Şimali Dobruca [🇷🇴 Rumıniya] türklərindən bəhs edərkən, St. Romansky’nin aşağıdakı ifadəsini də əlavə etmək lazımdır;
“Onlara (Qızılbaşlara) Ortaköy, Trastenik, Balabanca və Frecatrei-də daxil olmaqla bəzi şəhərlərdə də rast gəlirik. Bu dörd qəsəbədəki Türklər Ələvi təriqətinə mənsubdur və onlara Qızılbaş deyilir.

St. Romansky Köstəncə ətrafında Babadağ, Tulça, Maçin, İsakça və Babadağdan bəhs edərkən kəndlərə nümunə olaraq Əli (Ələvi) təriqətinə bağlı Qızılbaş kəndlərinin adlarını sadalayır. Araşdırmalarında Qızılbaşların yaşadığı Ortaköy, Trastenik, Balabança və Frekase qəsəbə və kəndlərinin adları qeyd edilib.”

Rumıniyanın “Silistre” sancağında Qızılbaş kəndlərinin adları aşağıdakılardır;

“Debbağlar, Karalar, Akkadınlar, Söğütcük, Baltacı Yeniköy, Kolebina, Yeniceköy, Denizler, Meşe Mahalle, Mesim Mahalle, Hacı Fakih.”
Professor Ahmet Taşğın bu kəndlər haqqında belə bəhs edir; “bu kəndlərin sakinləri təmiz Qızılbaşlardır. Yəni onların arasında qarışıq “sünni” ailəsi yoxdur.”

Ahmet Taşğın Rumıniya-Bolqarıstan sərhədindəki Qızılbaş qəsəbə və kəndləri haqqında belə qeyd edir;

“Bolqarıstanda “Caferler, Kazcılar, Kumluca” kəndləri vardır. Bu kəndlər Bolqarıstanın “Rusçuk” (Ruse) rayonunda yerləşir. Bolqarıstandakı bu kəndlər təmiz Qızılbaşlardır. Bunların (Qızılbaşların) bir qismi Babai və bir qismi isə Çələbidir.
Razgrad şəhərində “Sinanköy ve “Adalar” kəndləri,
Osman Pazarı şəhərində isə “Alvanlar, Küçükler, Veledler” kəndləri Çələbi Qızılbaşlarıdır.

Bundan başqa Varna şəhərində “Kumluca” kəndi Babai Qızılbaşlarıdır.
Həmçinin Bolqarıstan dövləti 1992-ci ildə əhalinin siyahıyaalması zamanı ölkədə 85.773 Şiə və Qızılbaşların yaşadığını qeydə almışdır.

Balkan Qızılbaşları Türkcə danışır və ibadətlərini də, Türkcə edirlər. Həmçinin bu Qızılbaşlar Türk adlarına da sahib çıxır və övladlarına Türk və Əhli-beyt mənsubu adları qoyurlar. Bir sözlə Türk irsini günümüzə qədər qoruyublar.

İbadətlərini əsasən Şeyx Səfi, Otman Baba, Hürufi şairi Mühyiddin Abdal, Şah Xətainin və bir sıra qızılbaş-ələvi şəxsiyyətlərinin kitablarından İlahi zikrlər və dualar söyləməklə edirlər. 600 ilə yaxın müddət keçib, ancaq bu Qızılbaşlar Türk dilini, irsini unutmayıb, qoruyurlar.

Professor Ahmet Taşğın Balkan Qızılbaşlarının Türk irsinə bağlılığını belə təsvir edir;

“Hürriyyətpərvər olmaqla milliyətpərvərdirlər. Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”»

Mənbələr;

  1. Professor Ahmet Taşğın -“Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine. sayfa 31, 32, 33, 34, 90, 99, 137, 157.”
  2. Aleksandre Popoviç – “Balkanlarda İslam. sayfa 165 və 174” (1995-ci il)

Müəllif: Vahid İbayev

Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru

German Ağdamlı – Şair

ŞAİR

Şairlər anadan qoca doğulur,
Zülmün dəryasında batır, boğulur,
Söz-söz, ilmə-ilmə şeir doğulur,
Haqqın zindanında əsirdi şair.

Dünyanın hakimi böyük Allah var,
İnsan əməlində şər var, günah var,
Şairin sözündə fəryad var, ah var,
Sevinci məxrəcsiz kəsirdi şair.

Hədəfə tuşlanmış hər söz bir oxdur,
Şairə söz atan nadan nə çoxdur,
Allah atasıdır, anası yoxdur,
Doğuşdan yetimdi, yesirdi şair.

Şairlər dünyanın düşünən beyni,
Yük altda bükülür, əyilir çiyni,
Kasıbdır – nimdaşdır, nazikdir əyni,
Vicdanı Allahdır, nə sirdi, şair?

Müəllif: German ADĞAMLI

GERMAN ADĞAMLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nəvə – Köpəkoğlu

Köpəkoğlu

Babanı öpürsən, qucaqlayırsan,
Arada döyürsən, döy”köpəkoğlu”.
Saçını yolursan, daraqlayırsan,
Qulağın burursan, “vay”, “köpəkoğlu”.

Sevinci ürəyə hörənə qurban,
Xeyirxah işləri görənə qurban.
Deyirəm, bax səni verənə qurban,
Yox imiş nəvəyə tay, “köpəkoğlu”.

Sevinci, fərəhi yaşatdın mənə,
“Dövlətdə dəvəymiş,övladda nəvə”.
Babanın sözünə baxmayır nənə,
Nənəni söyürsən, söy, “köpəkoğlu”.

Şirinim, şəkərim, noğul balamsan,
Tanrının verdiyi, oğul balamsan.
Başqa bir dünyamsan, nağıl balamsan,
Başını sinəmə qoy, “köpəkoğlu”.

İncitdim mən səni, bağışlayarsan,
Əl çalıb,babanı alqışlayarsan.
Hava çox soyuqdur, “naxoşlayarsan”,
Bircə tez gələydi yay, “köpəkoğlu”.

Könlümə düşübdür toy, “köpəkoğlu”,
Toyunu görəydim ay, “köpəkoğlu”.

Mart 2025

Müəllif: Məhəmməd Yəhyayev

Osman Sarıvəlli – Oğul

Xalq şairi Osman Sarıvəlli qələmindən “Gətir, oğlum, gətir”
Mən kənddə doğuldum, sənsə şəhərdə,
Sən beşikdə yatdın, mənsə yəhərdə.
Yatdım boz otlaqda boz dovşan kimi…
Gözümüz dünyaya açılan kimi
Mən çomaq götürdüm, sən kağız, qələm,
Çomaq bir aləmdir, qələm bir aləm…
Dolandı sənələr, dolandı aylar,
Gah dondu, gah coşdu, bulandı çaylar.
Zaman hökm elədi…Bir qərib axşam
Yolun məskənimə düşdü nagahan.
Səni oğul kimi o yerdə mənsiz
Bağrına basdımı ana kəndimiz?
Xoşuna gəldimi Kürün kənarı?
Gördünmü, gördünmü göy çinarları?
Görürəm, səfalı bir yaz axşamı
Çinarın dibinə yığışır hamı.
Bu saz məclisindən olanlar halı –
Kəndin ağsaqqalı, qarasaqqalı
Oraya toplanıb…Sən də bu axşam,
Orda, uşaqların arasındasan.
Ortada vüqarla aşıq gəzişir,
Danışır arabir, deyir arabir.
Bir qoca yerindən səslənir bu an:
– Aşıq, bir nağıl de, səsinə qurban!
Hamı vəcdə gəlir…Bu məsləhəti
Bəyənib dəyişir aşıq söhbəti;
Bir dastan başlayır coşqun həvəslə,
Min yerdə xal vurur yanıqlı səslə.
Xalqın əzəməti, fikri, xəyalı,
Onun hissi, zövqü, ağlı, kamalı
Sanma bir qılıncda, bir hünərdədir,
Onlar bu sazlarda, bu sözlərdədir!..
Bu günün qəlbinə girmək istəsən,
Durduğun pillədən hələ bir az en.
En! Uçan alçalar, enən ucalar!
En! Yerin təkində xəzinələr var.
Demə “köhnə sözün mənası nədir?”
Hər söz, anlayana bir qərinədir!..
Hər fikir mülkündə zərrin tac yatır,
Hər meyvə tumunda bir ağac yatır.
Hər kiçik bayatı xalqın səsidir,
Kamal dünyasının xəzinəsidir.
Bahar gecələri enib sahilə
Uçan ləpələrin səsini dinlə!
Gümüş dalğalarda Ay baxan zaman
Düşün, gör nə deyir çay axan zaman?
Kömürdən almaz çək, yarpaqdan ipək,
Daşdan gövhər çıxart, buluddan şimşək.
Gətir ildırımın məğrur səsini,
Qumru bulaqların zümzüməsini.
Zəmilərdən sünbül, bağçalardan bar,
Dərələrdən vüsət, dağlardan vüqar…
Özünlə çiçəkli, güllü yaz gətir,
Bir aşıq mahnısı, bir də saz gətir!
Gətir, yollarına müntəzirəm mən!
Gətir, bu fürsəti vermə əlindən!
Ana yurdumuzun nəyi var gətir –
Məhəbbət, sədaqət, etibar gətir!..

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm Nəcəfzadə – Ata

ATA

Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı çox sevərdim
Adına şeir yazardım hətta.
Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana

Yadıma salardım
O mənim beşiyimin kəndirini tavana necə mismarlamışdı,
Mən də onun baxışlarını könlümə elə yazardım.

Sizə iki şeir yazdım, oğlanlarım
Birini uşaqlığınıza,
Bunu da böyüklüyünüzə…
Birin qucağıma alanda
Birini qucağımdan düşürəndə…

Mən dəqiq bilirəm,
Bütün ataları övladları öldürür
Bunu bilirsinizmi, siznənəm, eyy
Hə, siznən
Onnan
Sənnən…?

Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur.
Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqqabılarını
Qapıda görməyəcəksiniz?
Ən birinci qapıdan ayaqqabılar yığışdırılır,
Adamı yaman yandırır ayaqqabı yeri…

Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur…
Sizin yerinizə olsaydım bunu həmişə yadımda saxlardım.

Yuxudan tez durardım ki, atamı çox görüm
Başdaşı üçün şəkillərinə baxmazdım…
Öləndən sonra şeirlərini oxumazdım

Mən sizin yerinizə olsaydım atam haqqında xatirə danişmazdım….

Müəllif: Qəşəm Nəcəfzadə

Şair, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru