Qocalığın ödənişsiz mükafatları var: «qocalıq, ucalıqdır», «Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma». Nəsillər arasında bölgü də diqqəti çəkir: «Su kiçiyin, yol böyüyündür». Bəli, bu hikmətlər, bu öyüdlər ödənişsiz ödüllər kimidir. Dildə deyiləni işdə, əməldə yoxlamaq gərək. Kişi də, əliuşaqlı qadın da binanı tərk etmək üçün ikitaylı, enli, hündür qapıya yaxınlaşdılar. Bayıra çıxmaq lazım idi. İlkin olaraq qapıdan kim keçməli idi? Qoca kişi, yoxsa əliuşaqlı gənc qadın. İkisi də eyni vaxtda duyğusal yol seçməyə girişdi. İlk olaraq, gənc, əliuşaqlı qadın qapının dəstəyinə əl uzadaraq qocaya xidmətdə bulundu: – Keçin. Qoca təklifdən ustalıqla imtina etdi və dəstəyi qadının əlindən aldı: – Mən qapını saxlamışam. Siz keçin, sonra mənə növbə çatar. Qadın davranışa edilən düzəlişi qəbul etmədi: – Siz böyüksünüz. Yol da böyüyə məxsus olmalıdır. Qoca razılıqla başını tərpətsə də, qadının lütfkarlıqla etdiyi təkliflə barışmadı və bu imtinanın səbəbini açdı: – Mən böyük deyiləm, mən yaşlıyam. Böyük sizsiniz, – qadının əlindən tutduğu uşağa işarə edərək fikrini davam etdirdi. – Tanrı dünyaya övlad gətirməyi sizə etibar etmişdir. Bundan uca böyüklük olarmı? Böyüklük sizə məxsusdur. Yol sizindir. İlkin keçid eləmək sizin haqqınızdır. Xahiş edirəm… Gənc qadının çöhrəsinə təbəssüm yayıldı. Sanki Yer kürəsi adlanan dünyanın işıqlı üzünü ona verdilər. Təklifi qəbul etdi. Bax, Şərq kişisinin qanacaq missiyası budur. 12.03.2025
Bu gün Türk dünyasının sevilən qızı, Azərbaycanın Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri (2020-2023) Qənirə xanım Paşayevanın anadan olmasının 50-ci ildönümüdür. İlyarıma yaxındır ki, haqq dünyasına qovuşan, bir gün olsun belə unutmadığımız Qənirə xanımın əlamətdar yubileyini onsuz qeyd edirik.
Haqq dünyasına qovuşmuş xeyirxah, Vətəncanlı bir aydının yubileyi necə qeyd olunur? – Onun xidmətlərini xatırlamaqla, ruhunu şad etdiyimizə inandığımız işlərlə! Qənirə xanımın ruhunu şad edən işləri isə onun könül dostları əzbərdən bilir: əl tutmaq, xeyirxahlıq etmək, haqqın yanında durmaq; ümidsiz olmamaq, haqqın incəlsə də, üzülməyəcəyinə inanmaq və bu ruhda yaşamaq. O, haqqın zəfərinə, Xeyirin Şər üzərində qələbəsinə o qədər inanır və bunu o qədər təbliğ edirdi ki, inanmamaq mümkün olmurdu… Qarabağın düşmən tapdağından qurtuluşuna inandığı və inandırdığı kimi! Çünki o, Yaradanına inanırdı; o, xalqımıza, dövlətə, dövlət başçısına, ordumuza, gəncliyimizə dərin inam içindəydi.
Qənirsiz Qənirəmizin bu gün 50 yaşı tamam olur. Özü bu həyatda olsaydı, nə deyərdi? – Məni təbrik etmək istəyirsiniz? O zaman gəlin, məktəblilərə kitab bağışlayaq, özünü tənha və unudulmuş sananları ziyarət edək, könüllərini alaq. Gedək, şəhid ailələrimizi ziyarət edək, anaların əlindən öpək, qazilərimizə sayğımızı bildirək. Bir gənc istedadın qayğılarını bölüşək – kitabını çıxaraq, sərgisini təşkil edək… Bu, mənim üçün ən gözəl təbrik olar! – Eynən belə deyərdi!..
Bəli, Qənirə xanımın adının qarşısında bir sıra önəmli titul və təltiflər qeyd edə bilərik. Amma bunların heç birini yazmasaq da, qədirbilən insanlar yaxşı bilir ki, o, imzasını titula çevirməyi bacarmış bir üfüqügeniş Vətən övladı idi! Qənirə xanımın çoxsaylı yazıları, kitabları, filmləri, layihələri bu gün də öz güncəlliyini saxlayır və hələ uzun illər də güncəl olacaqdır. Habelə minlərlə insanın qayğılarına göstərdiyi həssaslıq, yetkisinin çatdığı qədər etdiyi dəstəklər, universitetlərdəki, Milli Məclisdəki yaddaqalan çıxışları və xeyirxahlıqları da unudulmazdır.
O, onu sevənlərin, tanıyanların, bilənlərin qəlbində, qələmində, dilində yaşayır və yaşayacaqdır.
Qənirə xanımın xatirəsini anan, onun haqqında öz ürək sözlərini qələmə alan, tədbirlər təşkil edən, onu unutmayan hər kəsə könül dolusu təşəkkürlərimizi yetiririk!
Qənirə Paşayeva Səməd Vurğunun Üzeyir bəy Hacıbəyliyə ithaf etdiyi şeiri, özəlliklə də bu bəndi çox sevər, tez-tez səsləndirərdi:
“Ölüm sevinməsin qoy, ömrünü vermir bada El qədrini canından daha əziz bilənlər. Şirin bir xatirətək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər…”
İndi biz Qənirə xanımın özünü bu ölümsüz misralarla anırıq…
– Salam, Əzizə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Buyurun.
Mən Əzizə Əliağayeva 29 iyul 2007-ci ildə Azərbaycanın cənnət guşələrindən olan Cənub regionunda- Lerik rayonunda anadan olmuşam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıram. Uşaqlıqdan ədəbiyyata olan marağım mənim akademik maraqlarımı formalaşdırıb. Fəlsəfə və incəsənət sahəsində həvəskar araşdırmaçıyam. Hazırda fəlsəfə və ədəbiyyat sahəsində oxuduqlarını sosial platformalarda, həvəskar internet saytlarında paylaşıram. Hekayə və məqalə yazarlığı edirəm, sosial hadisələrə publik olaraq şərh verirəm. Məktəb vaxtlarımdan tədbirlərdə aparıcılıq etməyi, layihələrdə və tədbirlərdə aktiv iştirak etməyi sevmişəm. Mütaliələr ilə söz bazamı və düşüncə standartlarımı genişləndirmişəm. Azərbaycan, Rus və İngilis ədəbiyyatı gələcəkdəki tədqiqatlarımın ön planı olacaq. Musiqi və incəsənəti nəzəri olaraq tədqiq etməyi sevirəm. İndiyə qədər bir çox Gənclər və idman nazirliyinin regional ərazilərdə keçirdiyi tədbirlərdə, yarışlarda aktiv iştirak etmişəm. Hazırda poeziya və hekayə yaradıcılığımı gücləndirməyə çalışıram. Həmçinin könüllülük fəaliyyətini sevirəm. Hazırda özümü inkişaf etdirmək üçün müəyyən layihə kontentləri hazırlamağı planlaşdırıram.
Hazırda postmodernist və realist yazılar əsasında hekayəçilik etməyi planlaşdırıram.
Aleksey Balabanovun “Жмурки” filmində post-sovet xaosu
Aleksey Balabanovun “Жмурки” (2005) filmi post-sovet Rusiyasının 1990-cı illərini qrotesk və qara yumorla təqdim edən, eyni zamanda rejissorun ən sərt və cəsarətli əsərlərindən biridir. Filmin adı “kor-be kor” kimi tanınan bir uşaq oyununa istinad etsə də, burada məcazi anlamda insanların ölümə və həyatda kor-koranə addım atmasına işarə edir.
Balabanov burada klassik kriminal film janrına yeni nəfəs verir. “Жмурки” təkcə qan, zorakılıq və narkotiklərin hökm sürdüyü bir mühitin hekayəsi deyil. Bu film həm də ideologiyanın çökməsindən sonra yaranan mənəvi boşluğun kinematoqrafik portretidir. Rejissor hadisələri 90-cı illərin mafiyalaşmış Rusiyasında cərəyan etdirir. Burada qanun yoxdur, yalnız pulla və zorla danışan qaydalar mövcuddur.
Baş qəhrəmanlar – Sergey və Simon – qatil olsalar da, sadəlövh və gülməli tiplərdir. Onların əməlləri amansız, amma təqdimat forması ironikdir. Balabanov burada məhz rus insanının bu xaos içində necə yaşadığını, necə gülməli və qorxulu bir varlığa çevrildiyini göstərir. Bu, Tarkovskiyə və ya Sokurova məxsus poetik dərinlikdən uzaq, lakin eyni dərəcədə fəlsəfi və sərt bir yanaşmadır.
Filmin vizual dili qaranlıq və reallığa yaxın üslubdadır. Kamera hərəkətləri qəfil, montaj isə sürətlidir. Bu, tamaşaçını daim bir gərginlik və qeyri-müəyyənlik içində saxlayır. Hər an baş verə biləcək ölüm hissi – film boyu davam edən ironik zarafatların fonunda – post-sovet insanının psixoloji durumunu təsvir edir.
“Жмурки” filmi eyni zamanda SSRİ-dən çıxmış cinayət ideologiyasının satirasıdır. Burada kommunist ideologiyasının çöküşündən sonra yaranan boşluğu dolduran yeni “qəhrəmanlar” – killerlər, narkobaronlar, saxta biznesmenlər – əski dünyanın dəyərlərini tamamilə məhv edirlər. Xüsusilə də filmdəki keşiş obrazı – dini simvolizmin də saxtalaşdığını və dəyərlərin məhv olduğunu göstərir.
Film boyunca Rusiya cəmiyyətinə edilən kinayələr – həkimlərin rüşvət alması, milis əməkdaşlarının cinayətkarlara işləməsi, təhsilin və səhiyyənin satılması – post-sovet nihilizminin açıq etirafıdır. Balabanov bu nihilizmi gülməli, amma soyuq və kədərli bir dildə çatdırır.
Rejissorun digər filmlərində də rast gəldiyimiz kimi, “Жмурки”də də bir növ absurd teatr elementləri hiss olunur. Lakin bu teatr burada real həyatın parodiyası kimi çıxış edir. İnsanların heç bir prinsipi qalmayıb – həyat ucuz, ölüm adi haldır. Filmin sonunda isə hər şey olduğu kimi davam edir – dəyişən heç nə yoxdur.
Balabanovun bu əsəri onu göstərir ki, 1990-cı illərin Rusiyası yalnız siyasi və iqtisadi böhranla deyil, həm də dərin mənəvi deqradasiya ilə yadda qalır. “Жмурки” filmi bu deqradasiyanın ən qrafik və sarsıdıcı kino ifadəsidir.
Bu film təkcə keçmişin yox, bu günün də filmidir. Çünki Balabanovun göstərdiyi boşluq – insanın özünü və dəyərini itirməsi – post-sovet məkanında hələ də aktualdır. Və bu mənada, “Жмурки” bir xatırlatma deyil, bir xəbərdarlıqdır.
Əlavə Qeydlər
Məşhurların Fikirləri:
Aleksey German Jr. (rejissor): “Жмурки Balabanovun ən kobud, amma ən dürüst filmidir. O, bizim qaranlıq illərimizi karikatura kimi göstərir, amma bu karikatura içimizi üşüdür.”
Andrey Zvyagintsev (rejissor): “Bu film gülməli görünə bilər, amma əslində çox faciəvidir. Balabanov Rusiyanın ruhunu zorakılıqla dolu bir cizgi filmi kimi təqdim edir.”
Sergey Bodrov Jr. (aktyor, “Brat” filmindən): “Balabanov insanın içini açır. Жмурки isə onun ən sərt açdığı qutudur.”
Maraqlı Faktlar:
Real hadisələrə əsaslanır – Filmin bir çox epizodu rejissorun eşitdiyi və ya araşdırdığı real cinayət hadisələrindən götürülüb. Balabanov 90-cı illərin Rusiya mətbuatını yaxından izləyib.
Filmdəki keşiş obrazı – Filmdə rus pravoslav keşişinin narkotiklərlə bağlı dialoqu geniş rezonans doğurmuşdu. Balabanov bu obrazla dinin də necə deqradasiyaya uğradığını göstərmək istəmişdi.
Ciddi reaksiyalar doğurdu – Film Rusiyada yayımlandıqdan sonra həm mədəni elit, həm də tamaşaçılar arasında böyük mübahisələrə səbəb oldu. Bəziləri onu “cəmiyyətə təhqir”, digərləri isə “ağrılı həqiqət” adlandırdı.
Qara yumor və şiddətin harmoniyası – Tənqidçilər “Жмурки” filmini “Quentin Tarantino ilə Dostojevskinin birləşməsi” adlandırıblar. Qan və fəlsəfi altqatda olan nihilizm bu filmi unikal edir.
Qadağa təhlükəsi – Rusiya Mədəniyyət Nazirliyi filmin yayımını məhdudlaşdırmağı belə müzakirə etmişdi, lakin filmin satirik və estetik çərçivəyə salınması bu addımı önlədi.
Ssenari yazılarkən aktyorlar improvizasiya edirdi – Bir çox səhnələrdə dialoqlar yazılı formada yox idi. Balabanov aktyorların azad improvizasiyasına geniş yer verib, bu da filmi daha “real” və “həyatın içindən” etmişdi.
Kult statusu – Zaman keçdikcə film tənqidçilər tərəfindən daha çox dəyərləndirildi və bu gün “kult” statusu qazanmış Balabanov filmlərindən biri sayılır.
BU AXŞAM… Bu axşam yenə də gəlmədin, gülüm… Gözləyə-gözləyə qaldıq masada; Bir ağ kağız idi, bir sarı qələm, Pəncərə önündə üşüyən çayın, Bir də öləziyən şamdı kasada…. Sarı yarpaqlar da elədi xiffət, Hər səni görəndə gülən, sevinən… Pəncərə şüşəsi ağladı xəlvət… Çiyninə saldığın şalın üşüdü, Halsız uzanıbdı, tir-tap masamda…. * * * Bu axşam yenə də gəlmədin, gülüm… Ocaqda üşüyən odun ağladı, Yataqda büzüşən yorğan ağladı, Tək mənim vecimə omadı heç nə… Dildə tez-tez dedim; gəlmir, gəlməsin… İçin-için yandım bir mehə təşnə… Yerin dəyişdiyin külqabı qəmgin, Bir qəfil toxunuş gəlir işinə, Mütəkkə qolunu gəzir bu axşam, Rəqqas bir qapaza həsrət masamda…. 29.09.2022. Bakı.