Ədalət ƏROĞLU – DƏYƏR VERƏN OLSA

DƏYƏR VERƏN OLSA

Söz mülkümdə ətirəm mən,
Nəyim var ki, itirəm mən?
Dedim, hikmət gətirəm mən,
Sözə dəyər verən olsa.


Dərdim böyük, aləm ağlar,
Çiynimdə yük-şələm ağlar,
Zara gəlib qələm, ağlar,
Sözə dəyər verən olsa.


Söz yazıram sətir-sətir,
İşlənən söz bilməz xətir,
Zaman özü bilər qədir,
Sözə dəyər verən olsa.


İstəmirəm var dövləti,
Neynirəm ucuz şöhrəti,
Götürmərəm söz töhməti,
Sözə dəyər verən olsa.

Müəllif: Ədalət ƏROĞLU

Hüquqşünas-şair

ƏDALƏT ƏROĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm İsabəyli – MİRZƏ ƏLƏKBƏR SABİR, GÜLAĞA TƏNHAVƏŞİRVAN MILYONÇULARI

MİRZƏ ƏLƏKBƏR SABİR, GÜLAĞA TƏNHA

ŞİRVAN MILYONÇULARI

Təsisçisi və direktoru olduğum “Şirvannəşr” təzəcə işə başlamışdı ki, mərhum yazıçı Zaman Qarayev jurnalist Şakir Abdullayevi kitab çap elətdirmək üçün nəşriyyatımıza gətirdi. Əlyazmasını stolun üstünə qoyan kimi Şakir müəllim soruşdu:
– Mən bura gələn neçənci şirvanlı müəllifəm?
– Hələ ki, birincisiniz, Şakir müəllim, – dedim.
Gülə-gülə qayıtdı ki:
–Qorxun ki, elə axırıncı da mən olam!
Maraqla üzünə baxdığımı görüb:
–Vallah, bir şirvanlı kimi and içərəm ki, bura şirvanlı gəlməyəcək.
–Niyə, Şakir müəllim?
–Siyasətindən.
Gülüşdük.
Onda “Şirvan” adının hörmətdən salınan vaxtları idi. Şirvanlıya da yuxarılar ağlar zənciyə baxan kimi baxırdılar. Guya Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov da şirvanlıymış.
Düzü, bu söz-söhbətə qədər elə bilirdim ki, Mütəlli¬bov ba¬kılıdı. Amma diqqət eləyib görəndən sonra ki, onun ətrafında yüksək vəzifə tutanlardan biri də şirvanlı olmayıb, bildim ki, Mütəllibov həqiqətən şirvanlıymış.
Birini ki, gətirib vəzifəyə qoyurlar, çatan kimi yan- yörəsindəki yerlilərini pərən-pərən salırsa, bilin ki, o adam şirvanlıdı. Sabir nahaq deməyib ki:

–Öz qövmümüzün başına əngəl-kələfiz biz.

Yerlilərini yola verməmək biz şirvanlıların anadangəlmə xasiyyətidi, qardaş. Neyləyə bilərik ki, Allah bizi özümüzünkülərə qarşı qanısoyuq yaradıb. Amma özgəsinə can qurban eləmək… o nə sözdü?!
Elə götürün biz kürdəmirliləri. Dostlarımız ya qazağlılar olar, ya tovuzlular olar, ya da gürcüstanlı, ya yeraz. Kürdəmirlinin kürdəmirliylə dostluğu… eşit… inan¬a.
Vallah, billah, türk şairi Tofiq Fikrətin “Torpaq– vətənim, növi-bəşər – millətim… insan”ı elə bu şirvanlıdı ki, var. Həqiqəti demək də şirvanlının alnına yazılıb. Ona görə də zindana atılan şirvanlını görərsən, vətəndən didərgin salınan şirvanlını görərsən, dərisi soyulan şirvanlını görərsən…
Bəli, rəhmətlik Şakir müəllim uzaqgörən imiş. Mənim müəlliflərimin ən azı 70 faizi naxçıvanlılar oldu. Bir müddətdən sonra yerlilərim gördü ki, adə, qorxusuz-ürküsüz “Şirvan” adına da gələn var. Odur ki, arada-bərədə azıb-təzən şirvanlı müəlliflər də qapımızı döyməyə başladı. Hamısı da cılxa kasıb…
Məgər Şirvan belə yaman günə qalıb?! Məgər onun pulluları, milyonluları belə zəlil olub?! Bax, burda görürsən ki, Seyid Əzim bilərəkdən onlara qarğış eləyib:

–Neçə dövlətli var, Allah alacaq dövlətini!

Vallah, yüzlərlə şirvanlı tanıyıram ki, sağlıqlarına qismət, topdağıtmaz mülkləri, oğulba-oğul yeməyə çörəkləri, yüz il xərcləsələr qurtarmayası pulları var. Bəlkə də Azərbaycan milyon¬çuları arasında şirvanlılar qədər varlısı yoxdu, desəm, yalan olmaz. Amma faydası nə imiş görəsən?! Sabir babamız onları yaxşı xarakterizə edib:

–Çinlə sənduqə pulu…

Bu şirvan pulluları deyildi Xaqanini zindana atdıran, Hadini ac-yalavac qoyan, Seyid Əzimi Allah evində – məsciddə basdırığa salıb öldürən, Sabiri çərrədən?!
İndi də…
Biri milyonlarının başını düzəltməklə məşğuldu, biri milyarddan təzəcə keçib. Biri də yağlı bir “malades”ə “ağa, mən yaxşı nökərəm!” farağatında dayanıb.
Amma bu Kərbəla meydanında Şirvan milyonçu¬la¬rının gözü qabağında vətənimizin cənub bölgəsindən bir Gülağa Tənha da çıxıb. Ürəyinin səxavətindən cibinin ağzını açıb, ədəbiyyat-incəsənət yolunda var-dövlətindən keçməklə məşğuldu.
Bu cavan adam bu günkü günü şöhrətinə yaraşmayan şahlar şəhəri Şamaxıya da nəzər yetirdi. O burda Mirzə Ələkbər Sabirə elə bir qəbirüstü abidə qoydurdu ki, bu işiylə cəmi milyonçularımızı tərəzinin bir gözünə yığdı, özü də çıxıb durdu o biri gözündə. Və onlardan ağır gəldi.
Biz şirvanlılar pulu pul gətirən yerə qoyuruq, qardaş. Yoxsa…
Pah atonnan, ürəyə bax ey! Canına qəsd elə, pul qazan, gətir Sabirə abidə qoydur!?
Rəhmətlik Kürdəmirin Xəlsəsindən olan Ağahüseyn əmimin sözü olmasın, a malım başına dönsün, yəni Şirvan pulluları sənin qədər də bilmir?! Bilmirlər ki, Sabirin abidəsinə nə gəlib. O boyda “Hophopnamə” nədi bəs?!
Qazağlıların sözüylə demiş olsaq, eloğlum, sənətşünas Ziyadxan Əliyev danışırdı ki, İrandan bir dəstə adam Sabiri ziyarətə gəl¬mişdi. Ustadın məzarını görəndə mat qaldılar:
–Baba, budu Sabirin qəbri?!
Dedim:
–Bəli.
Dedilər:
–Dövləti qoyaq bir qırağa, məgər buranın pullularının gözü kor olub nədi, bu boyda kişini görmürlər?! Dinəndə farsa şovinist deyirsiniz. Gedin Təbrizdə Şəhriyarın mavzoleyinə baxın. Görün İran dövləti Azərbaycan türkü-nə nə böyük bir ehtiram göstərib!
Burda yadıma İranın Azərbaycandakı səfiri hörmətli Əfşar Süleymani düşür. Görəsən Şəhriyarı “fars” eləyən ağanı rəncidə salmadı ki, bu söz-söhbət, nəüzibillah?! Götürüb hökumətimizə notadan-zaddan verməzmi görəsən, Allah irağ eləsin?!
Bilirəm ağanın ağrıması hardandı. Bilirəm, istəyir Xəzər dənizindən bizə düşən payın yarısını kəsib verək İrana. Adama deyərlər, ay İran, nə tez yadından çıxıb bir söyüşə Xəzəri rusa bağışladığın?! Sən deyildin məgər vəzir
Sən deyildin məgər vəzir gəlib deyəndə:
–Şah sağ olsun, bəs ruslar Xəzəri də istəyir!
Deyib:
–Abəki-şurist, çi faidə darəd? Bedeh birizəd beguri pədərəş! ( Yəni, “şor sudur, nə faydası var, ver töksün atasının gooruna.), Xəzərin dalından dəyən?!
İndi 170 ildən sonra Xəzər yadına düşüb, yanuyu çimdikləyib, ağlayırsan ki, səhv eləmisən? Bəs Sabir demirdi ki:
Ağladıqca kişi qeyrətsiz olar,
Necə ki, ağladı İran, – oldu.

Gecdi, malım başına dönsün, gecdi. Lap gedib er¬mə¬niyə dindaş desən də, bizi, tələbə yoldaşım İxtiyar demiş¬kən, həvsələdən çıxarda bilməzsən.
Erməni dedim… lənətulla!
Bir dəfə xalçaçı rəssam Lətif Kərimovdan soruşdum ki, ustad, nə yaxşı ermənilər bizdən Qarabağı istəyir, amma İranda baş qaldıra bilmir?
Rəhmətlik dedi ki, İran fahişəxanalarında ən aşağı sort erməni qızları sayılır. Tutalım bir ağa gəlib deyir, mənə bir ərəb qızı verin, deyirlər məşğuldu, ağa. Deyir, onda bir rus matişkəsi verin, deyirlər, o da məşğuldu, ağa. Nə isə, görürlər ağa istəyən qızların heç biri sərbəst deyil, onda deyirlər, ağa, bəlkə bir erməni qızı verək, məşğuliyyət qılasan, sonrası Allah kərimdi…
Bax, İranda erməni kişiləri buna görə başı aşağıdı. Və biqeyrət olduqlarına görə də səslərini çıxarda bilmirlər.
Bəli, ağayi-səfir, erməniyə “qardaş” da desəniz, bizim hesabımıza düzəldə bilməzsiniz səhvinizi. Bə niyə indi Xəzərə “şor sudur” demirsiniz?! Balı çıxıb Xəzərin?! Ağ balıq ki, Allah iraq eləsin, yemirsiniz, kürü ki, yemirsiniz, bəs neyləyirsiniz Xəzəri?! Yoxsa rusnan əlbir olmağın ləzzətini duymusan, bəradər?! Bu rusdu, ey, dovşanı arabayla tutan rus deyərdilər buna keçmişdə. Bir az ehtiyatlı olun…
Acığınızı üstümüzə töküb, Şəhriyara nahaq yerə “fars” deyirsiniz, ağayi-səfir. Biz türklər acıqlananda söyüş söyərik. Fars adı, əstəğfürulla, haçandan söyüş olub, ay ağa?!
Bir cənublu qardaşlığım var, danışır ki, İrandan gələn kişi qohumlarım burda bəs deyincə vurandan sonra ağızlarını yaxalayıb, deyirlər, Allahın birli birliyi xatirinə pak olarıq, inşallah. Sonra da arxayınca oturub namazlarını qılırlar.
Yəqin Şəhriyarın ruhunu təhqir eləyəndən sonra ağayi Süleymani də ağzını pak eləyib təmizə çıxarıb. Yoxsa… əyilərdi ağzı.
Bah, deyəsən dövlətimizə aid olan məsələlərə baş qoşuruq, ha! Axı Şirvandan danışırdıq.
Doğrudanmı Şirvan milyonçularının Sabirin gorgah evini abadlaşdırmağa gücü çatmadı?! Çatmadıya bax, ey! Allaha and olsun, yüz mavzoley tikdirərdilər, heç pullarının burnu da qanamazdı. Amma neyləyək ki, rəhmətlik Şakir müəllim demişkən, siyasətnən iş görür Şirvan pulluları.
Bir də ki, ay milyonçu yerlilərim, nəyinizə lazımdı ölü Sabirin ruhunun şad olub sizdən razı qalması. Sizi dirilərin təşəkkürü məmnun eləsin gərək. Odur ki, az qala hər il bir topa adamı başınıza yığıb Həcc ziyarətinə uçursunuz. Yüzlərlə insan sizin sayənizdə hacı olur. Bəli, ölkəmizdə nə qədər hacı çox olsa bin-bərəkətimiz də o qədər çox olar, inşallah!
Amma özgə hesabına hacı olana heç mənim inamım yoxdu. Dində də var ki, gərək adama hacılıq gəlsin. Adam öz puluyla gedib hacı olsa yaxşıdı.
Bir dəfə Kürdəmirdə Hacı Bahadır əmoğlunun qızının toyuna getmişdim. Tamada mənə növbə çatanda elan elədi ki, “söz verilir Hacı Qəşəmə”. Məni görəndə üzr istəməsindən bildim ki, bu onun sözü deyil. Amma…
Çıxış edib yerimə qayıdandan sonra fikir məni götürdü. Öz-özümə dedim, adə, bəlkə bu “buynuzuqarnında”nın acığına bir-iki minimdən keçib, özümü vurum Kəbəyə, hacı olub qayıdım?! Birdən ömrümün qalan hissəsi gəlib durdu gözümün qabağında. Gördüm yo-o-x… “hacı”lıq elə-belə ad deyil, qardaş, bu ağır bir imtahandı. Elə bir imtahan ki, ömrü boyu verməlisən.
Bu imtahandan isə bizim milyonçuların paçka-paçka düzəltdiyi hacılardan bəlkə də üç-dördü üzü ağ çıxa, ya çıxmaya. Hələ Molla Cümə dövründə öz puluna hacı olanların çoxu cələqırmış idi, onda qalmış indi özgə puluna hacı olanlar ola.

Xalq sizə “hacı” deyir, utanmırsız adınızdan…
Allahı, peyğəmbəri çıxarıbsız yadınızdan,
Mələklər qaçır sizin cəhənnəmdə dadınızdan…
Əlinizdən əlaman, batdı vilayət, hacılar,
Yüz cürə bədbəxtliyə çatdı vilayət, hacılar!

Lap tutaq ki, Molla Cümə “Hacılar” həcvini yazanda səhv eləyib. Lap tutaq ki, bi¬zim milyonçuların səxavətindən ölkə vətəndaşları başdan-başa dönüb oldu hacı. Dəyişən nə olacaqmış görəsən?!
Özgə puluna hacı olanlar tanıyıram ki, elə özgə puluna da şirnikir – xətt buraxır, ağ köynək geyir, başına ağ təsək qoyub, əlinə də əsa alıb, düşür idarələrin canına.
Gözünüz aydın, ay milyonçularımız, bu da sizin kadrlarınız.
Ona-buna “hacı”lıq bağışlayıb, savab “qazanmaq”dansa, gedin, ay biçarələr, Xaqaninin əsərlərini nəşr etdirin, Seyid Əzimin külliyyatını işıq üzünə çıxardın, Mirzə Əli Möcüzü “kiril”dən qurtarın, Dəxilə həyat verin, Qumrunu, Racini çap elətdirib yayın.
Deyim ki, halal olsun, kişilər elm yolunda, din yolunda savab qazanır. Yoxsa min adamı Həccə apar, gəlib onlar da özləriyçün şellənsinlər ki, bəs biz də hacıyıq. Heç yeri düşəndə deməyəcəklər də ki, bizi filankəs aparıb “hacı” eləyib.
Təbii ki, ölüm haqdı. O hacılar da bir gün ölüb gedəcək. Və sizin də missiyanız bununla başa çatacaq, ay Şirvan xeyriyyəçiləri!
Allah xatirinə deyim ki, varlılarımız arasında səxavətliləri də yox deyil. Göyçaylı Elxan Süleymanov, bərdəli Nofəl bəy belələrindəndi. Birincinin adını eşitmişəm və bilirəm ki, şair Əli Kərimin şərəfinə park saldırıb, heykəlini qoydurub və Göyçayda panteon yaradıb. Ölkədə, Bakıdan başqa, hələ ki yeganə olan bu panteonda üç yazıçı uyuyur Əli Kərim, İsgəndər Coşqun və bu yaxınlarda rəhmətə getmiş Əli Səmədli…
Nofəl bəy isə…
Bu cavan adam nəşriyyatımıza bir kitabın sorağıyla gəlmişdi. Qocaman yazıçımız Əli İldırımoğlu göndərmişdi onu. Nofəl bəy kitabla tanış olub, onun dəyərini biləndən sonra dedi ki, 200 kitab da mənim hesabıma nəşr edib paylayın.
Bəlkə də sponsorluq tarixində bu ilk hadisəydi… Xeyriyyəçi dəvətsiz-filansız müəllifə yardım əlini uzadırdı.
Bir var gözün tuta, hansısa bir xanım müğənniyə spon¬sorluq eləyəsən, bir də var xalq üçün vacib olan bir ədəbi abidəni işıq üzünə çıxardasan. Belələrini görəndə adamın qəlbindən bir nida qopur: “Halal olsun!”
Amma siz… ay milyonçu eloğlularım…
Siyasətiniz yol vermədi ki, bu dünyanın ən böyük savabını qazanasınız. Bu böyük savabı götürüb öz əlinizlə Gülağa Tənhaya verdiniz. Gülağa Tənha da yad deyil, o da bizim vətənin övladıdı. Amma o haqq ki, var, onu siz əda eləməliydiniz, o elədi.
İndən belə, inşallah, Gülağa bəy tənha qalmayacaq. Adı yüz illərlə Sabirin adıyla qoşa çəkiləcək. Bax, belə yerdə deyiblər, kişinin pulu da var, ağlı da var, siyasəti də.
Vallah, ay adını xeyriyyəçi qoyan Şirvan milyonçuları, dərindən düşünsək, bundan böyük söyüş tanımıram!
03-23.06.2006

Müəllif: Qəşəm İsabəyli

Qəşəm İsabəylinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İnsan Zehninin Dərinlikləri: Yuxular, Vicdan və Hüquq Arasındakı Bağ

İnsan Zehninin Dərinlikləri: Yuxular, Vicdan və Hüquq Arasındakı Bağ

İnsan zehni bir dənizdir—sakit görünsə də, dərinliklərində qasırğalar qopur. Dostoyevskinin “Cinayət və Cəza” əsərində irəli sürdüyü fikir də məhz bu fırtınaların səsinə bənzəyir:

“İnsan zehni nə ilə məşğuldursa, yuxusunda da onu görür.”

İnsan beynindəki məlumatları, duyğuları və təəssüratları daim işləyir və bu proses gecələr də davam edir. Gündüz beynimizdə formalaşan fikirlər yuxularımızda öz əksini tapır. Platonun “anamnezis” (xatırlama) nəzəriyyəsinə görə, insan ruhu bütün bilikləri əvvəlcədən bilir və yuxular bəzən bu biliklərin bir növ xatırlanması kimi ortaya çıxır. Bu yanaşma, Dostoyevskinin fikri ilə uzlaşır, çünki əgər insanın zehni müəyyən mövzularda düşünürsə, yuxularında da həmin düşüncələr yenidən canlanır və şüuraltı tərəfindən işlənilir. Digər tərəfdən, Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə görə, insanın yuxuları onun şüuraltında basdırılmış duyğularının, arzularının və qorxularının bir ifadəsidir. İnsan bəzən öz hiss və düşüncələrinin fərqində olmur, lakin yuxular bu gizli məqamları açaraq onları dərk etməyə kömək edir. Bu, insanın özünü tanıması və daxili dünyasına daha dərindən nüfuz etməsi üçün bir fürsətdir.
Böyük mütəfəkkirlər bu fikirləri yalnız nəzəri baxımdan deyil, bədii əsərlərində də ustalıqla canlandırıblar. Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində İsgəndərin yuxularında ilahi işarələr alması, onun taleyini yönləndirir. Sanki kainatın dərinliklərindən gələn bir səs ona nə etməli olduğunu pıçıldayır. “Xosrov və Şirin”də isə Xosrovun gördüyü yuxular onun qəlbindəki ehtiras və vicdanın çarpışmasının əks-sədasıdır. O, öz ehtirası və vicdanı arasında qaldıqda, yuxularında da bu mübarizəni yaşayır. Dostoyevskinin Raskolnikovunda olduğu kimi, Xosrov da öz qəlbində bir dava açır—biri onu sevgiyə, digəri isə vicdanın sərt hökmünə aparır. Füzulinin Məcnunu da eyni məhkəmədədi—amma onun yuxuları yalnız bir ad çəkir: Leyli. O, real dünyada tapa bilmədiyi sevgini yuxularında yaşamağa çalışır, şüuraltısı isə ona amansız gerçəyi xatırladır. Bu, Dostoyevskinin Raskolnikovun iç mübarizəsi ilə bağlı fikirləri ilə səsləşir: insanın gündüz düşündükləri, vicdanının narahatlığı gecə yuxularında da təzahür edir.
Hüquq fəlsəfəsində insanın psixoloji vəziyyəti və düşüncələri onun hüquqi məsuliyyətinə təsir edən vacib faktorlardandır. Xüsusilə, cinayət hüququnda subyektiv niyyət (mens rea) anlayışı mövcuddur ki, bu da bir şəxsin törətdiyi cinayətin arxasında dayanan psixoloji vəziyyətin araşdırılmasını nəzərdə tutur. Hüquq sistemlərində bir insanın düşüncələrinin, niyyətlərinin və psixoloji vəziyyətinin onun əməllərinə təsiri araşdırılır.
Dostoyevskinin fikrindən yola çıxaraq, əgər bir insan daim cinayətkar fikirlərlə məşğuldursa, bu düşüncələr onun psixikasında dərin iz buraxaraq yuxu formasında təzahür edə bilər. Hüquq elmi baxımından bu, insanın daxili aləmi ilə real həyatda törətdiyi əməllər arasındakı əlaqəni başa düşmək üçün mühüm bir məqamdır. Eyni zamanda, bəzi hüquq sistemlərində insanın şüuraltı vəziyyəti və psixi sağlamlıq məsələləri hüquqi məsuliyyətin müəyyənləşdirilməsində nəzərə alınır. Məsələn, əgər bir insan psixi pozğunluğa malikdirsə və bu onun düşüncələrinə və nəticə etibarilə əməllərinə təsir edirsə, hüquq bunu araşdıraraq müvafiq qərar verir. Bu, o deməkdir ki, insanın daxili dünyası və zehni fəaliyyəti hüquq sistemləri üçün də əhəmiyyətlidir. Hüquq yalnız niyyəti deyil, eyni zamanda həmin niyyətin həyata keçirilib-keçirilmədiyini də nəzərə alır. Bir şəxsin yalnız qanunsuz əməllər haqqında düşünməsi və yuxularında bu mövzularla məşğul olması cinayət məsuliyyəti yaratmasa da, əgər bu düşüncələr real əməllərə çevrilərsə, hüquq sistemləri həmin şəxsi məsuliyyətə cəlb edir. Məsələn, bir cinayətkarın törətməyi planlaşdırdığı cinayəti öncədən düşünməsi və bunun yuxularında əks olunması, onun gələcəkdə hüquqi məsuliyyətə cəlb olunma ehtimalını artırır. Hüquqla bağlı əsas suallardan biri budur:

“Bir insan yalnız pis əməllər barədə düşünürsə, lakin onları icra etmirsə, bu, hüquqi baxımdan cinayət sayılmalıdırmı?”

Pozitiv hüquq (yazılı qanunlar) baxımından, insan yalnız düşüncələrinə görə cəzalandırıla bilməz. Bir şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün onun konkret bir əməl törətməsi lazımdır. Təbii hüquq baxımından isə, insanın düşüncələri və vicdanı onun hüquqi və əxlaqi məsuliyyətini müəyyən edən əsas faktorlardan biridir. Bu yanaşmaya görə, insan yalnız əməllərinə görə deyil, həm də daxili dünyasına görə mühakimə oluna bilər.
Dostoyevskinin bu fikrini vicdan anlayışı ilə də əlaqələndirmək olar. İnsan daim vicdanının səsi ilə qarşılaşır. Gün ərzində etdiyi əməllər, verdiyi qərarlar və düşüncələri gecə yuxularında vicdan mühakiməsinə çevrilə bilər. Bir insanın yuxularında günah hissi, peşmançılıq və ya qorxu kimi elementlərin olması, onun vicdanının müəyyən məsələləri necə dəyərləndirdiyini göstərə bilər.Bu baxımdan, yuxular təkcə şüuraltının təzahürü deyil, həm də insanın mənəvi və psixoloji vəziyyətinin bir göstəricisidir. Dostoyevskinin irəli sürdüyü fikir, insanın öz daxili dünyası ilə üzləşməsinin və onu anlamağa çalışmasının nə qədər vacib olduğunu vurğulayır.Axundzadənin maarifçilik ideyaları insanın rasional düşüncəyə əsaslanaraq öz vicdanı ilə üzləşməsi ideyasını irəli sürür. Onun dram əsərlərində insanlar cəmiyyətin sosial qaydalarına və hüquqi çərçivələrə uyğun hərəkət etməyə çalışsalar da, onların daxili düşüncələri və psixologiyası yuxularında müxtəlif formalarda üzə çıxır. Məsələn, “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində mistik və rasional dünya görüşü qarşılaşdırılır. Dostoyevskinin psixoloji təsviri ilə paralel olaraq, Axundzadə də insanın öz daxilində apardığı mübarizəni göstərir. Mirzə Cəlil də insanların cəhalət içində necə “ölü” olduğunu və onların reallıqla əlaqəsinin kəsildiyini təsvir edir. Bu mənada, Dostoyevskinin realizmi ilə Mirzə Cəlilin sosial tənqidi yanaşması üst-üstə düşür. İnsanların gerçək həyatda dərk edə bilmədiyi problemlər onların yuxularında və ya şüuraltısında canlanır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏN və MƏN

SƏN və MƏN

Sənin üçün çox asandır yaşamaq,
Nəfsin ilə kama çatar muradın.
Məqamında işin düzdür, canın sağ,
Orbitində pərvaz edir qanadın.

Bu oyunda sənə udmaq gərəkdir
Zər tutmaqla hər niyyətin var olur,
Var- dövlət də elə həyat deməkdir,
Üfüqündən parlaq günəş doğulur.

Qürurunun varmı özgə güvənci,
Sifətində lövbər salıb bu qədər?
Mən ruhumdan əxz edirəm bu rəngi,
Sevinmirəm sevinməsə özgələr.

Öz mülkündü dildə vətən dediyin,
Millətindir rifah görən içində..
Ədalətin kələflndə var düyün,
İlmə vuran əlacsızdır seçimdə

Kimə düşür bu ocağın istisi,
Sən çəkərkən qabağına odunu?!
Kösöv bilməz kimi boğur tüstüsü,
Kim çıxardır qızınmağın dadını.

Hamı haqqı, rifahını axtarır,
Səadəti tapmır arzu eyləyən.
Qoy Şeytana atmasınlar daş, çamur,
Kölgəsində biri sənsən, biri mən.

Nigar Səttarzadənin “AXIDILMIŞ QANIN İZİ İLƏ” romanı haqqında təəssüratlarım

Nigar Səttarzadənin “AXIDILMIŞ QANIN İZİ İLƏ” romanı haqqında təəssüratlarım

“Axıdılmış qanın izi ilə” romanı Nigar Səttarzadənin yaradıcılığından oxuduğum birinci nümunədir. Bu kitabı da dəyərli ziyalı Zaur Ustac öz şəxsi kitabxanasından mənə bağışlayıb.
Romanın ifadə dili o qədər sadə və cəlbedicidir ki, oxumağa başlayandan haçan yarıya çatdığımı hiss etmədim.
Müəllif bu kitabda taleyin 20 yanvar zərbəsi dəymiş insanların həyat hekayələrini, xatirələrini və yaşantılarını qələmə almışdır.
“Axıdılmış qanın izi ilə” maraqlı həyat hekayələri olan obrazların qalareyasıdır.
Müəllif faciənin miqyasını təkcə yaddaşlara həkk olunmuş hadisələrlə ideyil, illər keçəndən sonra hiss və duyğularda təzahür edən əzab və iztrablarla təqdim edir.
Burda baş qəhraman kim atası 20 yanvarda qəhramancasına şəhid olmuş Nazənindir. Bütün baş verənlər onun dili ilə çatdırılır.
Nazənin istedadlı, həsas və hyatsevər bir qızdır. O, öz təkidi ilə qönşudakı rəsm müəlliminin yanına gedərək rəssamlıq qabilliyyətləri qazanıb, dərslərində məsuliyyətlidir.
Bütün hadisələr onun özünün yaşadığı , gördüyü və eşitdiyi həyat gerçəklikləri fonunda təqdim olunur.
Əslində romanın çox yığcam bir süjet xətti var.
Başlanğıcda Nazənin ailəsi-anası və Rüxsarə nənəsinin ailə qayğıları, həyat tarixçələri təsvir olunur.
Ailə müqəddəs amal uğrunda canından keçmiş şəhid Nadirin adını, şərəfini və yeganə yadigarı olan Nazənini qoruyub saxlamaq üçün hər bir qəhrəmanlığa hazırdır.
Romanın qayəsi “qara yanvar” müsibətini, işğalçı ordunun xalqımıza qarşı etdiyi zülm və işgəncəni, xalqın mübarizə ruhunu, iradəsini təsvir etməkdir. Bunun üçün müəllif qəhrəmanını həmin hadisələrin ağrılarını öz yaddaşında yaşadan insanlarla qarşılaşdırır. Baş verənlər həmin qəhrəmanın danışdığı acı xatirələridir.
Düzdür, hadisələr bəzən dəyişərək süjet xəttindən kənara çıxir, amma maraqlı həyat hekayələri ilə müşayət olunduğundan bu, o qədər də hiss olunmur.
Romanınn əvvəlində Nazəninin uşaqlıq qayğıları təhsili, maraqları atası haqqında qurduğu xəyallarları, həmçinin doğmalarının həyat tarixçəsi, zamanla qarşılaşdığı problemlər, təsvir olunsa da əsas düyün nöqtəsi Nazənin anası və nənəsi ilə birlikdə Şəhidlər xiyabanına getdiyi epizodda üzə çıxır. Ailə adətən təkcə 20 yanvarda deyil, digər əlamətdar günlərdə də Nadirin məzarını ziyarətə gedir. Bu dəfə də doğum gününün ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına gedərkən onlardan qabaq məzarın üstünə gul qomüş bir kişi ilə rastlaşırlar. Aralarında olan maraqlı dialoqdan məlum olur ki, daim Nadirin qəbri üstünə tər çiçək gətirn bu insan onun fədakarlığı hesabına həyatda sağ qalmış həkim Rüstəm Cəfərlidir. Nadir həmin 19 yanvar gecəsində onun həyatını düşmən gülləsindən qoruyub, lakin bu fədakarlıq zamanı öz həyatını itirmişdir.
Rüstəm o yanvar gecəsinin bütün dəhşətlərini yaşamış bir həkimdir. O, həmin gecə insanların qəniminə çevrilmiş işğalçıların törətdiyi cinayətlərin şahididir. Bir həkim kimi güllə yarası almış insanların yardımına gedərkən güllə yağışına tuş gəlir. Belə şəraitdə həm yaralını, həm də onun həyatını xilas etmək istəyən bir cavan oğlanla rastlaşır.
Gözlərini qan örtmüş əsgərlər yaralını xilas etməyə imkan vermirlər, onu güllələyib məhv edirlər. Rüstəmin həyatı üçün təhlükə yarandığı anda hmin fədakar insan özünü qabağa verərək onu xilas edir, özü isə qəhrəmancasına həlak olur.
Rüstəm onu xilas edən şəxsin Nadir adlı birisi olduğunu biləndən sonra daim məzarını ziyarət edir, ailəsinin, yaxınlarının axtarışına çıxır. Belə bir təsadüf baş verənlərdən illər keçəndən sonra baş tutur.
Onun məramı həyatını borclu olduğu şəhidin ailəsinə öz mənəvi borcunu çatdırmaqdır.
Tanışlıqdan sonra fikri dəqiqləşir. Qət edir ki, bundan sonra bir doğma kəs kimi həyatı heç də asan keçmyn ailədən aralı düşməsin, doğma ata əvəzi olaraq həmişə Nazəninin yanında olsun, ailənin hər bir problemini Nadirin əvəzinə özü qarşılasın. Hadisələrin gedişində də biz bunu bariz şəkildə görürük.
Nazəninin gözünə görə ağır əməliyyata getməsi, müalicəsi zamanı Rüstəm bir an belə ailəni tək buraxmır.
Romanda öz həyat müsibətləri ilə diqqəti cəlb edən obrazlarından biri də Sadiq həkimdir. O, Nazəninin ağır göz əməliyyatını boynuna götürmüş cərrah, xəstəxananın baş həkimidir.
Sadiqin ürək ağrıdan kədərli bir həyat hekayəsi olub. İradəli və fitrətən istedadlı olan bu günahsız insan ailə həyatında xəyanətin qurbanı olub. Başına gələnlərdən sarsılıb ruhdan düşdüyü bir zamanda Fürizə adlı bir qız ona ikinci nəfəs verir, həyatını təzədən qürmağa ruhlandırır. Lakin həyatının huzur tapdığı məqamda yanvar hadisələri ona ikinci zərbəni vurur Xəstəxanada və yardıma qaçdığı yerdə əynindəki ağ xələt qana bələnir. Belə bir vəziyyətdə evə dönərkən işıqsız qalmış evdə növbəti faciə baş verir. Təbiəti etibarı ilə nisbətən qorxaq və emossyonal olan Füruzə onun üstündəki qanı gördükdə şok vəziyyətinə düşür, özündən gedir. Həkim müdaxiləsinə baxmayaraq özünə gəlmir və dünyasını dəyişir.
Beləliklə, uğursuz bir həyat istedadlı, talesiz insanı əsəb və ürək xəstəliyinə salır, butun ümidlərini boşa çıxır.
20 yanvar yarasını güclə həzm edən Sadiq həkim şəhid balası Nazəninin dərdlərinə şərik olmağı özünə mənəvi borc bilir, kədrli həyatını cilalamaq üçün bütün qüvvəsini ortaya qoyur. Sağalmasına az ümid olan qızın əməliyyatı uğurlu keçir. Lakin həkim həyatın acı dərslərini yada salıb təsirlənir, əməliyyatdan bir qədər sonra huşunu itirərək xəstəxanalıq olur.
Ümumiyyətlə, bu yığcam romanda özünə yer tutmuş bütün personajların hər biri özünəməxsus xarakter və xüsusiyyətl mxsusdurlar. Nazəninin anasının dayısı Əlihüseyn davakar olmaqla yanaşı, həm də ürəyiyuxa adamdır. Doğmaları üçün canından belə keçməyə hazırdır. Hazırlıq müəllimi Minayə müəllim mülayim insan olmaqla yanaşı dar ayaqda hövsəlsizdir. Rusiyada fədakarlıq göstərərkən zədələnib qospitala düşür. Özünü çatdıran ana emossiyalarına sakin ola biməyib sarsılır ağlşma qurur. Tibb bacısı onu kənar şəxs hesab edir sakitləşməyini tələb edir. Minayə müəllimə özünü ələ ala bilməyən qızın saçından yapışıb tənbeh etməkdən də çəkinmir.
Amma, sonda məlum olur ki, bu qız gələcəkdə elə gəlini olacaqmış.
Roman nikbin bir sonluqla yekinlaşır.
Nazənin əməliyyatın uğurlu alınması şərəfinə hazırlanmış tortun məhz Sadiq həkimin kəsməyini arzulasa da, onun gəlmədiyindən pərişan olur və onu çağırmağa yollanır. Amma həkimin kabinetinə girərkən qəribə mənzərə ilə rastlaşır. Həyatını xilas etmiş insan özü huşsuz vəziyyətdə kresloda oturub. Ona yardım etmək istəyəndə masanın üstündə eyni ilə özünün bənzəri olan bir qızın şəklini görür və təəccüb edir. Sonda həmin qızın Füruzə olduğunu Rüstəm açib deyir.
Bu epizodun hansı məna kəsb etdiyi bir qədər ziddiyyətlidir. Amma mənim çıxardığım nəticə
Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” romanının ötürdüyü mesaj isə belədir öz həyatını sevgisinə, həyat amalına qurban verənlər sevgiyə, xalqın ehtiramına layiqdirlər.
Sevgi də enerji kimidi, o itmir, ancaq öz formasını dəyişir. Nazəninin şəhid atası öz ürəyinin hökmü ilə özünü xalqa qurban vermiş Rüstəmlə Sadiq həkim də həmin sevgini Nazəninə, qaytarmışlar.
Sonda isə Nazənin kitabın üz qabığında təsvir olunan qaydada portretini yaradaraq bütün sevgilərin yaşamaq hüququnu bəyan etmək istəyir.
Romanı oxuyub başa çıxarkən həm də bir həqiqətə inanırsan ki, “qanlı yanvar” həm də Rüstəmin, Sadiqin, Nazəninin timsalında xalqımızın oyanışa, birliyə, gətirib çıxarmış şərəf yoludur.
Zənnimcə, oxuduğum kitab ənənəvi romanlardan bir qədər fərqlidir. Mənə görə süjet xəttinin yığcamlığına görə daha çox povestdir. Süjet xəttindən kənara çıxmalar da var.
Oxuduqca hiss edirsən ki, Nazənin surəti müəllifin öz prototipidir. Nigar xanım romanı yazarkən məqsədi yolunda mücadil etdiyini, 20 yanvar hadisələrini canlı şahidəri ilə uzun müddət tmasda olub onların xatirələrinidən bəhrələnib.
Romanı oxumağa dəyər. Maraqlı və təsirlidi.
Müəllifə uğurlar arzulayıram!

Müəllif: Şahlar Hacıyev

ŞAHLAR HACIYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ramazanlı Sərxan Məzahir oğlu

Qara sentyabr ayı… 2020-ci il… Xalq olaraq, ölkə olaraq psixologiyamızın alt-üst olduğu həmin dôvrlər…Kimi atasını, kimi qardaşını, kimi yoldaşını, kimi balasını itirdi… Heç biri də geri qayıtmadı…
Onların yanında olan, bütün bu fəlakətləri, ağrı-acıları görən canlı şəhidlərimiz, canlı qəhrəmanlarımız, adlarını belə cəmiyyətə çatdırmaq istəməyən dəyərli, məğrur oğullarımız qəlbimizi bir az sakitləşdirdi…
Belə igidlərimizdən biri də, Qax rayonunun Turaclı kəndində doğulub, boya-başa çatan Ramazanlı Sərxan Məzahir oğludur.Müharibəni görən Sərxan hadisələrin onda yaratdığı situasiyadan o qədər təsirlənib ki, vətən onun həyatının bir parçasıdır.Vətənlə bağlı musiqilərə, mahnılara qulaq asmaq, onun əvəzedilməz hobbisidir…
İgidliklərini, şücaətlərini gizlətməyə çalışan Sərxan bir çox medallara təltif olunmuşdur, evlidir, bir oğlu var. Balaca Emil də, atasının yolunu davam etdirəcək, buna şübhəmiz yoxdur.

Vətənimiz üçün qızğın dôyüşlərdən keçən hər kəs, canını vətən uğrunda fəda edən hər oğul bizim üçün qürurdur, fəxrdir!

Müəllif: Aytac İbrahim

Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi.

AYTAC İBRAHİMİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Abbaszadə

Səlim Abbaszadə

Səlim Abbaszadə 9 avqust 2009-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, 2015-ci ildən, dörd yaşından etibarən Norveçin Midt-Telemark bələdiyyəsinin Bö şəhərində yaşayır. Hazırda Bö Gənclər Məktəbinin 10-cu sinif şagirdidir. Eyni zamanda Oslo Nizami Gəncəvi adına həftəsonu məktəbində təhsil alır.

Səlim Abbaszadə Norveç Azərbaycan Gənclər Təşkilatının (NAYO) Vestfold və Telemark bölgəsi üzrə idarə heyətinin üzvü, həmçinin World Wide Diplomacy (Ümumdünya Diplomatiyası) təşkilatının Norveç üzrə uşaq diplomatıdır. O, Bakıda keçirilən COOP-29-un iştirakçısı olub.

S.Abbaszadə çoxsaylı rəsm əsərlərinin müəllifidir. O, 44 günlük Vətən müharibəsi zamanı Norveç dilində yazdığı “Nagorno Karabakh” kitabının, eləcə də çəkdiyi rəsm əsərlərinə dair izahatlı Azərbaycan və Norveç dillərində dərc olunmuş kitabların müəllifidir. Bundan başqa, Azərbaycanın tanınmış uşaq ədəbiyyatı yazarı Gülzar İbrahimovanın “Trolların sirri” kitabını Norveç dilinə tərcümə edib.

Səlimin çəkdiyi rəsm əsərləri Oslo Deichman Kitabxanasında və Osloda yerləşən Beynəlxalq Uşaq Muzeyində sərgilənib. O, həmçinin ilk azərbaycanlı olaraq “Xarı bülbül” adlı əsəri ilə həmin muzeyin daimi sərgisində yer alıb.
Yaradıcılığına görə Səlim Abbaszadə bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülüb. Fotolar:

ƏLAVƏ KEÇİDLƏR:

Səlim Abbaszadə

Səlim Abbaszadə Bakı haqqında danışır – Video

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm İsabəyli – “MƏMMƏD ARAZA SÖZ VERMİŞDİM…”

“MƏMMƏD ARAZA SÖZ VERMİŞDİM…”

(peşmanlıq)

–Əmi, sərhədlər açılan kimi səni Təbrizə apacağam. Onda ki, adına “umacaq”dan başqa bir şey düşməyən bu şirin vədəyə nəinki Məmmədi, elə özümü də arxayın salmışdım. Baxmayaraq ki, bizə qismət olacağına güman yeri olmayan arzularımdan idi bu.
Dünyanın işini bilmək olmazmış – sərhədlər də açıldı, Məmmədi də Təbrizə apardım. – Xalq şairi Söhrab Tahir “Seçilmiş əsərləri”nin növbəti cildini oğlu Tahirlə nəşriyyatımıza gətirəndə bu söhbəti eləmişdi. – Məmməd Təbrizi görəndə peşman oldu.– Dedi.
Gözüm böyüdü.
– Adı gələndə ürəyi atlanan şair qardaşımı Təbriz dükan-bazarıyla, ticarət köşkləriylə, şıdırğı alış-verişiylə qarşılayırdı. Məmməd ayaq saxlayıb üzümə baxdı:
–Əmi, bəs Təbriz hanı?!…

30 dekabr 1967-ci il

Götür-qoy eləyəndə gördüm Məmməd Arazla bəzi doğmalığımız da varmış.
Birincisi, hər ikimiz eyni fakültəni – coğrafiyanı bitirmişdik.
İkincisi, Məmməd Araza cavankən dərs deyən və onun sevgisini qazanan mərhum pedaqoqlar – Məmməd Axundovla Məmməd Zülfüqarov ahıl vaxtla-rında mənim də sevimli müəllimlərim olmuşdu.
Üçüncüsü, Məmməd Arazın da coğrafiyaçı olması ədəbiyyata yeni gələn, şöhrətə iştahlı cavan kimi sözlə özünə abidə qoymaq arzuma real nümunə idi.
Lap sonuncusu, Məmməd Arazın boynumda ən böyük haqqı, sözü bədii demək, orijinal qafiyələrlə demək, böyük mətləbləri az sözlə demək vərdişləri aşılamasıydı mənə. Bu, müəllim-şagird anlamında – üz-üzə, göz-gözə yox, ustad şairin poeziyasından görüb-götürmək mənasındaydı.
Bir dəfə Məmməd Arazdan söz düşmüşdü, görkəmli şair İlyas Tapdıq dedi: “Biz ədəbiyyat fakültəsini bitirənlər ali məktəbdə ürəyimiz istədi-istəmədi proqrama daxil edilən yaxşı-pis nə varsa hamısını oxumağa məcbur idik. Məmməd Araz isə ürəyi istəyən kitabları oxuyub. Ona görə də yaxşı şairdi.”.
Universitetə girdiyim 1967-ci ildə, dərslərimiz başlayandan az sonra elə ilk görüşümüzdə şeir haqqında müqəddəs düşüncələrimə çat salan – hər şairi şair, hər kitabı kitab saymayan Məmməd İsmayıldan az qala şübhəylə xəbər almışdım:
–Bəs kimi oxuyum?
–Rəsul Rzanı, Əli Kərimi, Məmməd Arazı, – demişdi.
Səməd Vurğunun adını bu siyahıda görməyəndə, ürəyimdə narazı qalsam da, üzə vurmamışdım. Sonralar bu barədə ondan soruşanda: “Gözümüzü ədəbiyyata Səməd Vurğunla açmamışıq məgər?!” – Demişdi.
Məmməd Arazın ilk dəfə şeirlərini toplu halında gördüyüm kitabı “Ömür karvanı” oldu. Onda I kursda oxuyurdum. Kitabı aldığım günü elə onun ilk səhifəsində “əbədiləşdirmişdim” – 30 dekabr 1967-ci il.
Kitab tezliklə təkcə mənim yox, tələbə dostlarım Ağamahmud Səmədovun, Nadir Rüastəmovun, Nizami Hüseynovun, Telmanın və rəhmətlik Vaqifin də sevimlisinə döndü. Bu da səbəbsiz deyildi. Açığı, kasıbın olanından yox, bizə lazım olandan – dadımlıq-doyumluq tapmağımız idi bu topluda. Burdakı şeirlər xəyal gücüylə hardansa, Məmməd Arazın öz diliylə demiş olsaq, oğranıb, oxşanıb araya-ərsəyə gətirilməmişdi. Şairin özünə təlqin etdiyi fikirlərdən də doğulmamışdı heç. Hay-küydən uzaq, bəlağətdən uzaq, şirin çıxmasıyçün əruz avazına söykənməyən, bir sözlə mayası görüb-bildiyimiz həqiqətlərdən tutulmuş əsərlər idi Məmməd Arazın yazdıqları. “Şəhərdən köçən təpə”ni, “Professor Gülə məktub”u, “Əlvida, dağlar”ı, “Uçqun”u biz coğrafiyaçılar az qala xorla oxuyurduq.

Bu gün yaman məyus oldum,
Bu gün səhər –
Gördüm – şəhər kənarında
Bir təpəni sökürdülər…
Orda çoxlu çöl nanəsi,
Orda çoxlu xınalı daş…
Dayan bir az, dayan bir az,
Maşın yoldaş!

Belə deyimi, belə müraciəti eşitməmişdik axı! Məmməd Araz poeziyanı ruhlar, xəyallar, əlçatmazlıqlar aləmindən ayırıb, göz görən, əl çatan, anlaşıqlı eləmişdi.
On illər keçsə də gəncliyimin “Ömür karvanı” bəzi sevimli kitablarımla çiyin-çiyinədi. Bu yazıya “bismillah” eləyəndə yenidən onunla həmsöhbət oldum – peşman eləmədi məni. Sanki nə yaşımın üstünə yaş gəlibmiş, nə də zövqümə payız yeli əsdirən zamanın əli dəyibmiş bu kitaba – həmin təravət, həmin həyəcan, həmin heyrət… Hətta “Özümdən şikayət məktubu” şeirinin bu –

İşıq sürəti var şair səsinin,
Sənət dünyasının yaşıl donuyuq.
Sevgilər, dostluqlar cazibəsinin
Bəlkə də birinci Nyutonuyuq.

misralarından sonra 44 il əvvəl yazdığım, açması özümə də sirr olan bir yozuma rast gəldim: “Nyutonun qanunu cisimlər üçündür. Məhəbbət üçün bir qanun var –F=f. m1.m2.r2”
İndi ha baş sındırıram, bu nə tənlikdi, bu nə tapmacadı, bu rəqəmləri hardan götürmüşəm, ifadə etdiyi məna nədir? Rəhmətlik anam demişkən ha ələşəni küləşənə qatıram, ağlım bu sirrin gözünə çökən kor dumanı yarıb keçə bilmir ki, bilmir…
“Ömür karvanı”yla mənə doğmalaşan, rus şairi Sergey Yeseninin sözüylə desəm “canlı şair”lə harda tanış oldum, necə tanış oldum, bilməsəm də, bir fakt mənim üçün aydın idi ki, biz gənclər onda Məmməd Arazı dabanqırma izləyirdik. Onun qulaq qafiyələrini, obrazlı deyimlərini, orijinal ifadələrini adına şeir dediyimiz yazılarımızda ha ört-basdır eləməyə çalışırdıq, misralarımızda Məm-məd Araz fikirlərinin bığısaqqalı görünürdü.
Biz cavanlar boynumuzda minnət təki hiss etdiyimiz Məmməd Araz haqqının əvəzini maddi olmasa da, axır ki, mənəvi ödəyə bildik – bizim “şəyird” adımız ona “ustad” deyimi gətirdi.

Gənc şair, alim-şairlər…

Gərək ki, səksəninci illərin axırlarıydı, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru olmuş mərhum akademik Şəfayət Mehdiyev bədii əsərlər yazırdı. Hətta, gərək ki, M.F. Axundov haqqında pyesi də nəşr edilmişdi. Bunu görən bəzi elm adamları – niyə o alim ola-ola bədii əsər yazır, biz yazmayaq?!– iddiasıyla bərk həvəsə düşmüşdülər.
Ədəbiyyata gəlmək istəyən alimlərin Ş. Mehdiyevlə fərqi o idi ki, mərhum akademik nəsr yazırdı, amma onlar, o cümlədən fakültəmizin iki alimi şairlik eşqinə düşmüşdülər. Bizim coğrafiyaçı alimlərin biri “Badamlı”, “Sirab” və s. kimi mineral suları kəşf eləmiş professor Əziz Əsgərov, o biri də Məmməd Axundov idi. Onda mən tələbələri ola-ola bu iki alimin gözündə onların qələm yoldaşı səviyyəsinə ucalmışdım. Bu da mənimçün fəxr idi ki, heç kimi görməyə özünü borclu bilməyən Əziz Əsgərov məni uşaqların arasında seçir, hətta başını tərpətməklə birinci özü salam verirdi. Bir dəfə tələbə yoldaşımız Nadir idi, gərək ki, Əziz müəllimlə aramızdakı bu səmimiliyi görüb, gözlərini qıyıb diqqətlə üzümə baxıb, salyan ləhcəsiylə heyrətləndi:
–Alə, öynən səni, nə yaxşı?!
–Qələm yoldaşıyıq.
Mənalı-mənalı başını tərpətdi:
–Həəə…
Bir gün də Nadir o vaxtı məşhur “Kirpi” jurnalı əlində başılovlu otağa girdi:
–Baxın, şeirim çıxıb.
Doğrudan da jurnalda “Nadir Rüstəmov” imzasıyla bir neçə şeir verilmişdi. Elə bil ayıldım:
–Bu sən deyilsən! – Dedim.
–Necə mən deyiləm, adım-soyadım nədi?!
Nizami dedi:
–Nadir Rüstəmov.
–Deməli, mənəm.
–Bu Nadir Rüstəmov nazirdi, sən hardan oldun?! – Güldüm.
–Canımçün, yaymışam Salyana, elə bilirlər şair Nadir Rüstəmov mənəm.
Onu da deyim ki, həmin naziri sonralar şairliyinə görə də işdən götürdülər. Eşitdiyimizə görə Heydər Əliyev deyib, qoy gedib şeirini yazsın.
Qeybətçil adamların sözü olmasın, onu deyirdim axı… Əziz müəllimlə Məmməd müəllim gərək ki, hərəsi bir dəfə şeirlərini də oxumuşdular mənə. Hətta professor Ə. Əsgərovun bir misrasının üçdəbiri hələ də yadımda təzə-tərdi: “Zər-diba xətrinə…”.
Günahkarammı, nəyəmmi, deyə bilmərəm, misranın ardı fikrimdə nəqş bağlaya bilməmişdi. O da yadımdadı ki, professorun qulaqlarımızın eşitməyə vərdiş etdiyi “Zər-ziba” əvəzinə “Zər-diba” yazmasını, üzdə “aqilanə” başımı tərpətməklə “ustadsayağı” təqdir eləsəm də, ürəyimdə gülmüşdüm – Əziz müəllim görünür ləzgi olduğu üçün dilimizi yaxşı bilmir.
Elə bu şübhəylə yataqxanaya qayıdıb, “Ərəb və fars sözləri lüğəti”ni açıb qabağıma qoyanda, çaşıb qalmışdım – “bəzəkli ipək” mənasını verən “diba” hə-qiqətən də varmış. Yanıldığımı özüm özümə də olmuş olsa etiraf eləmişdim: “Deməli, dilimizi mən pis bilirəmmiş!”
Bir az quru, bir az adamı saymaz təsiri bağışlayan, yerişində belə iş qayğılarıyla baş-başa görməyə vərdiş elədiyimiz Əziz müəllimdən fərqli həlim təbi-ətli Məmməd Axundovla təkcə mənim yox, tələbə yoldaşlarımın hamısının ünsiyyəti vardı. Bir gün universitetin dəhlizində yoldaşlarımla söhbət elədiyim yerdə, kimsə qolumdan tutdu. Baxdım ki, Məmməd müəllimdi:
–Qəşəm, tapşırıq almaqla aran necədi?!
Gülümsədim…
–Birincisi, söz vermişdim ki, səni Məmməd Arazla tanış edim. İkincisi, özümün də işim düşüb ona. Bu məktubu al, bir də mənim bu şeirimi, apar ver Məmmədə. Salamımı da çatdır ona. Gör məni unutmayıb ki?!
Elə həmin günü öz şeirlərimi də müəllimimin ikibəndliyinə qatıb, daban aldım “Ulduz” jurnalına. Yolda birdən yadıma düşdü ki, qoy görüm Məmməd müəllim nə yazıb, bəlkə şair demiş “qətlimə fərman” aparıram: “Məmməd, salam! Səni başqalarına tapşırdığım kimi, bu cavan oğlanı da sənə tapşırıram, kömək elə. Mənim də şeirimi jurnalında verməyi unutma.”
M. Axundovun “Səni başqalarına tapşırdığım…” fikri, bu tapşırığın nə olub-olmadığının fərqinə varmadan, mənə qəribə gəlmişdi: “Bax ey, Məmməd Araz boyda şairi də tapşıran olubmuş!”
Məmməd Araz, onda “Ulduz” jurnalının məsul katibiydi – məktub və şeirləri oxuyub, gülümsədi:
– Məmməd müəllim yaxşı kişidi, məndən salam deyərsən ona.
Yolda fikir məni götürdü – doğrudanmı Məmməd Araz Məmməd Axundovun, müəllimimiz olduğuna görə zəif şeirini çap edəcək?!
Bir neçə nömrədən sonra “Ulduz”da mənim də atımın nalına gün doğdu; “Qızlar yaxşı bilər” şeirim bu gənclik məbədgahında böyüklər üçün çap edilən birinci əsərim oldu. Sonra mən bütünlüklə uşaqlar üçün yazmağa keçdim. Çox-çox sonralar isə uşaq şeirlərim “Ul¬duz”un səhifələrində özüm istəyəndən-istəyənə boy göstərməyə başladı. Onda artıq jurnalın baş redaktoru ipək təbiətli şair Ələkbər Salahzadə idi.
Axır ki, Məmməd Araz nigarançılıqdan qurtardı məni – Məmməd Axundovun ikibəndliyi “ərgənlik” (bu sözü də ilk dəfə ustadın şeirlərindən oxumu-şdum) olmadığından bəxti açılmadı. Ürəyimdə böyük şairimizə, müəllimimizi mənasız çızmaqaraçılıqdan və gülüş obyekti olmaqdan qurtardığına görə “çox sağ olun!” dedim. İnsafən M. Axundov da sonralar (əvvəllər bir-iki dəfə soruşmuşdu) day ikibəndliyinin adını tutmadı. Amma hərdən özünəməxsus təbəssümlə soruşardı:
–Qəşəm, Məmmədi görürsən?
–Bəli, Məmməd müəllim, sizə salam yollayır.
–Məndən də salam deyərsən.
–Salam göndərən sağ olsun!
Əslində, ədəbi orqanların qapısını yağır eləməklə aram olmadığından heç Məmməd Arazı da, küçədə-bacada təsadüfən rast gəlməsəydi, görüb eləmirdim və “Ulduz”a da getmirdim. Müəllimimin könlünü xoş etmək xatirinə, bizim Kürdəmirin Xəlsə kəndində yalan əvəzinə işlədilən “uçurtma” (acısı çıxarılmış yalan) danışırdım. Nəinki coğrafiya və şeir müəllimlərim Məmmədlər, heç özüm də bundan ziyana düşmürdük. İki sevimli insan arasında “məhəbbət körpüsü”ydü qoruduğum.

Tofiq Bayram… Hüseyn Arif…

Hərdən xatirələrdə saxlaya bildiyim uzaq keçmişlə baş-başa qalanda gö-rürəm, o vaxtlar Məmməd Araz yaradıcılığı təkcə oxucuların, ədəbiyyat həvəsli gənclərin marağında deyildi. Qələm yoldaşları belə səbrsizliklə onun söz deyəcəyi vaxtı, şeirləri çap ediləcəyi mətbu orqanını, nəşr ediləcək kitablarını gözləyirdi.
Ala-toran xatırıma gəlir, gərək ki, “Yazıçı” nəşriyyatındaydıq, bilmirəm, məndən başqa kimlər vardı orda, bir o yadımdadı ki, şair Tofiq Bayram da ordaydı. Onda T. Bayram “Yazıçı”nın baş redaktor müaviniydi.
Kimsə əlindəki qəzeti açan kimi “Məmməd Arazın bir silsilə şeirini ve-riblər” deməyini gördüm. Bayaq Tofiq Bayram həyəcana gəldi, “hanı?” deyə yay kimi irəli dartınıb, az qala qəzeti həmin adamın əlindən, çəkib alıb, sözün həqiqi mənasında gözünə təpməyə başladı. Şeirləri oxuyandan sonra nə dedi, nə demədi, yadımda qalmayıb, amma fikirli halda qəzeti qaytarıb, barmaqlarının arasında yanıb qaralmış siqareti dodaqlarına aparanda, kötüyü qaldığını görüb, tullayıb, yenisini yandırdı. Tüstünü sinə dolusu sümürüb, sonra da başını dik qal-dırıb, ah çəkib, ürəyini boşaldırmış kimi uzun-uzadı havaya üfürdü…
Mərhum xalq şairi Hüseyn Arifin də Məmməd Araza rəğbətini görmüşdüm. Rəhmətlik o vaxtı çoxlarının həsrətlə arzuladığı “Jiquli” markalı bir maşın almışdı.
İndiki Fəvvarələr bağının girişində Hüseyn Arif idi, Məmməd Araz idi, özüm də təbii ki, ordaydım, başqa yazıçılar da vardı, sadəcə adları yadımdan çıxıb. Cavanlığının gülü burnunda bədbəxt Arif də (H.Arifin oğlu – Q.İ.) həmin “Jiquli”siylə gəlib çıxdı. Hüseyn müəllim fəxrlə bir oğluna baxdı, bir maşına baxdı, bir yan-yörəsindəki dost-tanışa baxdı – üz-gözündə sevinc nuru oynayırdı. Maşına yaxınlaşıb üzünü Məmməd Araza tutdu:
–Məmməd, otur, səni aparaq!
Hamımızın bu təklifə müsbət cavab verəcəyini gözlədiyimiz Məmməd müəllim nədənsə “Yoox!” dedi.
Hüseyn Arif nə illah elədi, Məmməd müəllim maşına minmədi…
Bu maşıngördüsünün üstündən elə də vaxt keçmədi, bir gün Hüseyn müəllim qəzaya düşmüş ciyərparasi Arifin yasına oturmalı oldu.

“Əmi”lər və ya
“Hardasan, ey könlümün birdənəsi…”

O uzaq keçmişdə biz cavanlar ürəyə yatmağı, qəlbə girməyi kor-koranə dərk eləsək də, yaltaqlığın nə olduğunu, necə olduğunu yaxşı başa düşmürdük. Bilmirdik ki, yaltaqlığın buynuzu, qulağı olmur – kiməsə şirin, xoşa gələn söz demək, situasiyadan asılı olaraq bəzən dönüb yaltaqlıq olur. Bu məlun haqqında nə bilirdiksə ibtidai bilirdik. Fikrimizdə yaltaqlıq niyyəti olmadan, üzümüzə xoş baxan qələm sahiblərinin yanında yerimizi yaxşı salmaq üçün ən azından onlara könüllərinə yatan sözlə müraciət etməyə çalışırdıq.
Ən çox başına yığışdığımız isə, dərnək rəhbərimiz, Ağacavad Əlizadəni istisna etsək, ikiydi – Məmməd Araz və Söhrab Tahir.
Rəhmətlik Ağacavad müəllim ustad idi, müəllim idi. Şeirlərimizi az qala söküb-töküb, yaxşısını, yamanını elə iştahla təhlil edirdi, heyrətə gəlməyə bilmirdik. Onda şeir yazırdımı, yazmırdımı, deyə bilmərəm, ancaq xeyli əvvəl, gərək ki, 1964-cü ildə kitabı da nəşr edilmişdi. Söz-söhbətindən belə anlamışdıq ki, Səməd Vurğun poeziyasının heybətindən qorxub, geri durmuşdu. Sonralar özündə cəsarət tapıb qələmi əlinə alanda isə, artıq şair demişkən, “yaş o yaş deyil”di…
Özümüzə yaxın bildiklərimiz Məmməd Arazla Söhrab Tahiri isə, iki doğma qardaş kimi bir-birindən ayrı təsəvvür eləyə bilmirdik. Fərqli yaradıcılıq üs-lubu olan bu sənət adamlarının xarakterində balaca bir bənzərsizlik də vardı. Məmməd Araz fərqinə varmazdı ki, ona “müəllim”mi deyirlər, “şair”mi deyirlər, ya da sadəcə, əlbəttə tay-tuşları və özündən böyük qələm dostları, “Məmməd”mi deyir…
Ancaq Söhrab Tahir “şair”in, “müəllim”in, “ustadı”n rəsmiliyindən sıyrılıb, əvəzində, ədəbiyyat adamlarının dilinə deyilişin¬ən doğmalıq duyulan bir “əmi” salmışdı. İlk “əmi” də özü olmaqla, bu “əmi”nin ətrafında bütpərəstlikdənfilandan iraq balaca bir kult yaratmışdı.
Söhrab müəllim özü “əmi”ləp peyğəmbəri olmasına baxmayaraq, tanıdı-tanımadı hamıya “əmi” deyərdi. Onu da deyim ki, bu müraciət onun dilində olduqca təbii səslənirdi. Lakin bir çox cavanlar Məmməd Araza da “əmi” deyirdi.
Cavan ikən Allahın rəhmətinə qovuşmuş Əyyub Sədiylə Pərviz Əliyev “əmi” sözünün gözünə az qala şingilim (keçmişdə qara saqqızı yumşaldıb, elastiki hala salmaq üçün ona vurulan maddə) qatırdılar. “Əmi” onların dilində elə yapışıqlı olmuşdu ki, “Məmməd”lə “Söhrab”ı ixtisara salıb, sadəcə “əmi” deyirdilər. Eşidən-bilən şübhəyə düşürdü – doğrudanmı Məmməd Arazla Söhrab Tahir bunların əmisidi?!
Burda özünütərifdən uzaq deyə bilərəm ki, mənim dilim “Məmməd müəllim”dən başqa ayrı sözə dönmürdü. Az qala hamının “əmi” çağırdığı Söhrab Tahirə də küyə düşüb “əmi” deyəndə, sıxılırdım. Bəlkə də heç demirdim.
Bir dəfə isə belə sıxıntılardan birini Məmməd Arazın bir məhəbbət şeiri yaşatdı mənə. Sanki onun halal məhəbbətinə əl uzatmışdım.
Tələbə yoldaşlarım sonradan danışırdı – “Yerşünaslıq” dərsində (dərsin adını ona görə yazıram ki, qoy Məmməd müəllimin ruhu şad olsun, o da bu elmi dinləyib, oxuyub, imtahan verib) fənn müəllimimiz rəhmətlik Şamil Kərimov, baxır ki, mühazirəni unudub, başı aşağı nəsə bərk məşğulam. Qarşıma uzalı, dəf-tərdən yapışan əli görəndə, diksindim… Bir də baxdım ki, “Anadan, bacıdan gizlətdiklərim” (M.Araz) Şamil müəllimin əlindədi, özü də ağır baxışlarını dikib üzümə.
Bərk narahat oldum. Bu da səbəbsiz deyildi. Şamil müəllimin fakültəmizin dekanı mərhum Rizvan Piriyevlə nəyə görəsə arası yox idi. Bilirdi ki, mənim bu pak ruhlu insanla (həyat yoldaşı atamın bibisi qızıydı – Q.İ) qohumluğum var. O da gözlərindən yayınmamışdı ki, dekanla qohumluğumu əldə dəstəvuz eləməyən (bu da rayonumuzun Beyi kəndində işləyən, qazağlı mərhum Şəfaqət müəllimin bizə doğmalaşdırdığı söz idi), iddiadan uzaq sa¬kit bir tələbəyəm. İndi isə Şamil müəllimə hörmətsizlik eləmişdim – mühazirəsində, rəhmətlik Quba nənəm demişkən, “Qumru” oxuyurdum (məşhur mərsiyə şairi Qumru. Biz dərs kitabını qoyub, bədii ədəbiyyat oxuyanda, nənəm bizə acıqlanardı: “Bəsdi “Qumru” oxudunuz!”).
Şamil müəllim dəftəri gözünə tutub (cavan idim, xəcalətimdən yer yarıl-saydı, girərdim), qızlı-oğlanlı tələbə yoldaşlarımın qulağı eşidəeşidə oxumağa başladı:

Gözümdən getməyir camalın sənin,
Köçüb bu yerlərdən hayana getdin?!
Kəpəzmi, Qoşqarmı oldu məskənin,
Yoxsa onlardan da o yana getdin?!

Sonra da yanpörtü mənə baxdı:
–Kimdi bu?
Sual dolu nəzərlərimi zillədim üzünə – yəni, kim?
–Gözündən camalı getməyən?
Başımı aşağı saldım.
–Sən yazmısan?
–Xeyr, Məmməd Arazındı.
–Bəzi məsələlər olmasaydı mən səni Universitetdən qovdurardım… – dedi.
Rusca “podsoznaniya”, Azərbaycanın “ərəb” türkcəsində “təhtəlşüur”, müasir anlamda “şüuraltı” bu hadisəni yazdığım gecəsi qoymadı kirpiklərim üst-üstə düşə. Bu həqiqətpərəst kəşfiyyatçı nə az, nə azacıq düz 44-45 il bundan əvvəlki ayrı bir məqamı da yaşatdı mənə – onda bizə hidrologiyadan dərs deyən Nəriman adlı müəllimimiz Məmməd Arazın “Hardasan” şeiri üstdə tutmuşdu məni.

Hardasan, ey qəlbimin kimsənəsi, hardasan?
Hardasan, ey qəlbimin birdənəsi, hardasan?
Pərişan çağlarımın görünməz həmdəmi sən,
Təlatüm dənizindən nicatım – gəmi – sən…

Onda bu şeir parçası mənim əhval-ruhiyyəmin güzgüsü olmasa da, tələbə yoldaşlarımın, xüsusən də qızların bunları elə mənim əhval-ruhiyyəm saydıqlarını düşünür və Nəriman müəllimin ağır avazıyla zühura gələn hər kəlməylə başıma qaynar su tökülürdü. Həm şeir Nəriman müəllimlik deyildi, həm də onun yaşı bu şeirlik olmadığından “Təlatüm dənizində nicatım…”da məni lağ obyektinə çevirmək üçün səsinə verdiyi əruz avazı təravətdən düşdü… misranın dalını gətirməyə nəfəsi çatmadı. Pərtlikdən qurtarmağın bir yolu qalırdı – dəftər ovçu gülləsinə tuş gəlmiş quş kimi birdən qabağıma atılıb, səyridi…
Az qala böyük bir biabırçılıqdan qurtarmağın sevincini yaşadım. Töyşümü dərib, köks dolusu nəfəs aldım. İndi fikirləşirəm, şəkərdi, stressdi, nədi, əslində belə hadisələrin üst-üstə yığılmasından ömrümüzə düşən ləkələrdi.
Zəng eşiyə vurulan kimi, tələbə yoldaşım Nadir cəld yaxınlaşıb qolumdan tutdu, belini büküb, başını bir az da qabağa uzadıb, əyilib altdan-altdan üzümə baxdı:
–Alə, kimdi bu “hardasan?”, öynən səni, bizə niyə deməmisən?! – Ha… ha… ha… – Qolumu buraxıb, çiynimə bir şapalaq vurdu. – Vecüə də alma!

“Bağışlasın məni bəzi oratorlar…”
və ya ürək həbləri

Məmməd Araz haqqında fikirləşdikcə yadıma təzə-təzə məqamlar düşür. Sergey Yeseninin dediyi kimi “şairlik azarı”na tutulduğum vaxtlar idi, bir dəfə indiki Elmlər Akademiyası metrosu tərəfdən Universitetə gedirdim, qəflətən yolun o üzüylə yeriyən Məmməd Arazı gördüm. Cəld tərpənib, bərabərinə çatdım – az qala xəfiyyə ehtirasıyla onun hər hərəkətinə göz qoymağa başladım. Özümü elə unutmuşdum ki, ayağımın altında daş qalsaydı, yıxılardım. Məmməd müəllim tələsik gedirdi, gərək ki, qoltuğunda qovluq da vardı. Birdən əlini cibinə saldı, ağ (rəngi də yadımdadı), bir az da iri bir həb çıxardıb atdı ağzına. Fikirləşdim ki, üstündən su içmədən bu dərmanı necə udacaq Məmməd müəllim. Bu o vaxtlar idi ki, ustad şairin öz ustadı Səməd Vurğuna havadar misraları ədəbi aləmin əks qütbünü titrətmişdi:

“Bağışlasın məni bəzi oratorlar,
Bu gecəyə bir azacıq əlavəm var…
Mən də şeirin xidmətçisi,
Mən də şeirin yiyəsiyəm,
Var sözümü bir məzarın
Qulağına deyəsiyəm.
…Tərif, tərif, səhnə dolu – yetməz sona,
Alqış, alqış! Az qaldı ki, tavan sına,
Sən gəlmədin bu axşama, səsin gəldi,
Səsin əzəl qulağıma həzin gəldi.
Sonra bir az nəfəsinə qüvvət gəldi,
Çox xəbislər elə bildi Səməd gəldi.
Ön sırada büdrədilər,
Ön sırada titrədilər…
Lent qurtardı, nəfəs dərib, “ox” dedilər…

Məhz bu poetik kişilikdən sonra Məmməd Araz düşmən cəbhəsinə döndü. Dişinə zəhər çökmüş hücumlar, namərd qisasalmaları, bunların canda-qanda qoyduğu sarsıntılar sonralar Məmməd müəllimin səhhətindən yan keçmədi. Göz açıb bir də gördük ki, ustad xəstələnib.
Söhrab Tahir danışırdı ki, Məmmədlə Moskvaya Kreml xəstəxanasına müayinəyə getmişdik. Analizlərin cavabını alınca Məmməd özündən çox nigaran idi. Tez-tez deyirdi, qorxuram mənimki də anamın xəstəliyindən ola.
Analizlər təmiz çıxdı. Rəhmətlik uşaq kimi sevinirdi…
C.Cabbarlı ad. “Azərbaycanfilm” kinostudiyasında işləyirdim, ömür boyu şux, qıvraq gördüyüm Məmməd Arazın “Sənədli filmlər Birliyi”nin baş redaktory Məmməd İsmayılla həyətə çıxdığını gördüm. Məmməd Arazı görmək, bir az da ondan doğma söz, ən azı “Qəşəm, necəsən?!” eşitmək sevinciylə qaça-qaça yanlarına gəldim. Mənim ürəkdən gələn hal-əhval sorğuma Məmməd müəllim az qala halsız halda könülsüzcə gülümsəyib, başını razılıqla tərpətdi.
Məmməd İsmayıl danışır, o isə dodaqlarında təbəssüm fikirli-fikirli dinləyirdi. Heç mənim gördüyüm Məmməd Araza oxşamırdı. Qəfil bəd xəbər eşitmiş adam kimi simasından çaşqınlıq duyulurdu. Məmməd Araz gedəndən sonra Məmməd İsmayılın üzünə baxdım. O da:
– Allah şəfasını versin, – dedi, – ağır xəstədi.
Sonra bir dəfə də, bu tarix dəqiq yadımdadı – 1982-ci il idi, Azərbaycanda “Sovet xalqları ədəbiyyatı günləri” keçirilirdi. Onda artıq “Yazıçı” nəşriyyatında işləyirdim və aeroportda qonaqları qarşılayanlar sırasına məni də salmışdılar.
Bir dəstə qonağı gətirib, “Azərbaycan” mehmanxanasının qabağında durmuşduq. Məmməd Araz da burdaydı. İlk baxışdan nəzərə çarpan görkəmiylə – şax dayanmışdı, ammi sakit idi. Rus şairi, ucaboy Anatoli Peredreyev avtobusdan düşən kimi sürətlə Məmməd müəllimə tərəf yeriyib, onu qucaqlayıb, deyərdim ki, doğma adam kimi üzündən öpdü. Məmməd müəllimin əhvalında isə bir dəyişiklik də olmadı – sakitcə gülümsəyirdi.


Aylar ötdükcə hiss olunurdu ki, Məmməd Araz artıq xəstəliyi haqqında az fikirləşir, hətta onun varlığını da unudub. “Azərbaycan” nəşriyyatında hansısa redaksiyada bir tədbirdəydik. Məmməd müəllim təklif elədi ki, hərə bir şeir oxusun. Kimsə, gərək ki, Flora Xəlilzadəydi, şeir oxudu. Ondan başqa qabağa çıxmağa ürək eləyən olmadı.
–Birini də mən oxuyum! – Məmməd müəllimə sanki şeiri yazdığı anların həyəcanı gəldi. Oturduğu yerdəcə bir boy dikəlib, mən deyərdim ki, şeirini oxumağa söz aldığına sevinirmiş kimi başladı.
Öz-özümə fikirləşdim: “Mən Məmməd müəllimdən xeyli cavanam, amma bu həvəslə, bu şövqlə, bu həyəcanla şeir oxuya bilmərəm!”…
Oturub, nə haqdasa fikirləşəndə, yaddaşım ərinib eləmədən, qoca qarı köhnə sandığını eşələyib on illərin itiklərini tapıb çıxartdığı kimi hadisələri ordan-burdan götürüb, tökür adamın qabağına. Burda yadıma Məmməd müəllimi ev qayğısıyla baş-başa gördüyüm düşdü – 29 saylı avtobus Qoşa qala qapısının qabağında dayanmışdı. Mən də universitetə getmək üçün içəri girib, adəti üzrə arxa cərgədə oturmuşdum. Bir də gördüm Məmməd müəllim avtobusa qalxır – əlində üzüm qutusu vardı. Keçib sürücünün arxa tərəfində, köndələn oturacaqda əyləşdi və qutunu dizləri üstdə sahmanlayıb, əllərini qoydu üstünə. Şeir yazan, qələm tutan əllər indi taxta qutudan yapışmışdı. Bu əllər balasına dən aparan quş dimdiyinə bənzəyirdi. Bilmirəm, mənim nəzərimi hiss etdimi, etmədimi, ta avtobusdan düşənəcən oğrun-oğrun ona baxdım. Onda gərək ki, Məmməd müəllim Yasamalda yaşayırdı.

“Elə bildim başqa adamdı…”

Mən Bəxtiyar Vahabzadəni, Məmməd İsmayılı hələ kənddə ikən, orta məktəb illərindən tanısam da, Məmməd Araz yaradıcılığıyla tanışlığım nədənsə şəhərə gələndən sonra baş tutmuşdu. Şairlə bu münasibətim əlbəttə şəxsi tanışlıqdan çox, şəxsi yaradıcılıqla bağlı idi. Sonralar Məmməd müəllimlə yaxından ünsiyyət qursam da, başqalarından fərqli tanışlığımızın əslində kasıb süfrəsinə bənzəri vardı. Belə ki Məmməd Araz bilirdi ki, tələbəyəm, adım Qəşəmdi, şeir yazıram, mən də bilirdim ki, Məmməd Araz görkəmli şairdi, məni tanıyır. Özümdən yaşlılarla ünsiyyətimin elə məqamıydı ki, qaynayıb qarışmaqdan çox əlimi çənəmə verib dinləmək, nəsə öyrənmək havası vardı başımda.
Şəhərdə kitab mağazalarını gəzdiyim günlərin birində Məmməd müəllimlə rastlaşdım. Qoltuğunda bükülü nəsə vardı:
–Verin götürüm, Məmməd müəllim.
Etiraz eləmədi. Mənimlə yol boyu danışıb-danışmadığı da yadıma gəlmir. Çox getməmişdik, rəhmətlik şair Sərdar Əsəd qarşımıza çıxdı. Məmməd müəllimlə görüşdü. Gərək ki, mənimlə də əl tutdu. Sonra yanpörtü, bir az da döyükmüş halda üzümə baxıb, Məmməd müəllimi kənara çəkdi. Nə danışdı, nə danışmadı, deyə bilmərəm, xudahafizləşib getdi.
–Sərdar soruşdu ki, bu oğlan kimdi? – Məmməd müəllim Sərdar Əsədin hərəkətinə görəmi, nəyəsə, mənim sualımı gözləmədən, onsuz da soruşmayacaqdım, özü dilləndi. – Dedim, cavan şairdi, tələbədi. Tanımırmış səni. “Elə bildim başqa adamdı…”,– dedi. – kiməsə oxşadıbmış məni.
Bu görüşün üstündən 1-2 həftə keçməmiş Sərdar Əsəd intihar elədi.
Ona qədər Sərdar Əsədin ölümə doğmalıq ifadə edən hansısa şeirini də oxumuşdum. Bu o vaxtlar idi ki, görkəmli şair Əli Kərimin vəfatı ədəbi ictimaiyyəti yandırıb yaxmışdı. Hətta xalq şairi Rəsul Rza Əli Kərimlə vida mərasimində, gərək ki, “ölmək növbəsi bizim idi”, demişdi.
Əli Kərimin ölümüylə böyüklüyü üzə çıxdı. Sağlığında ona deyilməsi vacib olan tərifləri, təqdirləri indi qəzet-jurnal səhifələri tutmurdu. Az qala şöhrət həvəsli şairlər Əli Kərimin ölümünə qibtəkar olmuşdular. Mənim aləmimdə elə bil Sərdar Əsədin də ürəyində belə bir ölümə məhəbbəti oyanmışdı. Ancaq onun intiharı ədəbi ictimaiyyətdə Əli Kərim itkisinin ağrısını yaşada bilmədi. Sərdar Əsədin ölümünə, daha doğrusu intiharına təəssüfdən çox qınaq vardı.

Məmməd Arazla bir dəfə də söz yoldaşlığı eləmişdim. Şair Məmməd İs-mayılın televiziyada işlədiyi illər idi. “İlham” adlı bir proqram hazırlamışdı. Bu verilişin ilk iştirakçıları isə Xudu Məmmədovla Məmməd Arazla yanaşı o zaman gənc olan Zəlimxan Yaqubla mən idim.
Bu verilişdən sonra Məmməd Arazla avtobusla qayıdarkən dediyi bir cümlə yadımda qalıb: “Hər il Nizaminin “İsgəndərnamə”sini təzədən oxuyuram”…
Avtobusdan düşüb, ayrılmaq məqamında Xudu müəllimin “bəlkə bir çay içək” təklifindən Məmməd müəllim: “Təcili tərcümə işim var, sifariş veriblər, bir-iki günə çatdırmalıyam!” deyə boyun qaçırtdı. Açığı sonralar belə Məmməd Arazı bəzi şairlər kimi çayxanalarda yer salıb oturan görmədim.
Bu görüşdən o da yadımda qalıb ki, bir dəfə Məmməd Araz əlimdə kalmık şairi David Kuqultinovun şeirlər kitabını görüb, alıb ötəri vərəqləyib, tez də qaytardı: – Şərqin çeynəyib tüpürdüklərini bu təzədən yazır.
Hiss elədim ki, Məmməd müəllim onda ölkə miqyasında (SSRİ) təbliğ edilib tanıdılan kalmık şairinin yaradıcılığını xarakterizə etməkdən çox, ədəbiyyata gəlmək istəyən bir gənci qeyri-orijinal yoldan çəkindirmək istəyiylə demişdi bu fikri.
Bu hadisə yadıma çox-çox qabaqlar keçirilən Yazıçılar İttifaqının qurultayını saldı. Bu ali tədbir Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki Akt zalında olmuşdu. Yığıncaqda iştirak eləməyə haqqım olmasa da, orada olmağı özümü borclu bilmişdim. Hətta fasilədə qarşılaşdığım dərnək rəhbərimiz mərhum şair Ağacavad Əlizadə bunu mənə irad tutmuşdu:
– Qəşəm, burda neylirsən?!
Əslində “Bura niyə gəlmisən?!” deməliydi.
Onda ədəbi aləmdə böyük canlanma vardı, qurultay bir növ ədəbi müzakirələrlə yanaşı kiminsə qanqaraçılığı, kiminsə əsəblərini cilovlaya bilməməsiylə müşayiət olunurdu. Lap yaxşı yadımdadı, akademiklərdən biri poeziya üzrə məruzə eləyib tribunadan düşəndə adının çəkilmədiyini görən rəhmətlik Atif Zeynallı hirsini boğa bilmədi, az qala hamının eşitdiyi bir tərzdə “İt bundan yaxşı hürür” dedi. O da yadımdadı şair Fikrət Qoca qabaq cərgədən başını çevirib lal baxışlarla ona baxdı.
Məhz belə məqamlara şahidliyimin hələ tez olduğunu nəzərdə tu¬tan Ağacavad müəllim iradında haqlıydı.
Onu da unutmamışam ki, mərhum Mirzə İbrahimov Əkrəm Əylislinin “Kür qırağının meşələri” əsərini bərk tənqid eləmişdi. Azərbaycan KP MK-nin I katibi Heydər Əliyev də rəyasət heyətindəydi. Birdən qabaq sırada oturmuş Əkrəm Əylisli başını geri çevirib, özünə məxsus təbəssümlə arxa sırada oturan Fikrət Qocanı çağırdı:
–Fikrət, ay Fikrət!
Fikrət Qoca onu görməməzliyə vurub, zarafatla:
–Məni çağırma,Heydər Əliyev baxır… – dedi.
Yəni səni tənqid eləyiblər, elə bilər ki, mən də səninləyəm.
Fasilədən sonra iclas ölkə rəhbəri olmadan davam edirdi. Bu zaman Məmməd Araz yan qapıdan sürətlə zala girdi, ondan da az sürətlə gəlməyən Tofiq Mahmud da dalıyca. Hiss olunurdu ki, Məmməd müəllimin kefi kökdü, özü də şux görünürdü. Tribunada isə Yazıçılar İttifaqının Naxçıvan bölməsinin sədrimi, katibimi, onda necə adlanırdı deyə bilmərəm, şair Müzəffər Nəsirli danışırdı. Sözünün sonunda Naxçıvanda bədii-ədəbiyyat nəşriyyatının açılmasına ehtiyac olduğunu da vurğuladı. Məmməd müəllim az qala hamının eşidəcəyi tərzdə replika atdı:
–Nəşriyyatı neylirsən, ay zalım oğlu, onsuz da yaza bilmirsən…
Geoloq dostum Ağamahmud Səmədov danışırdı ki, mən Məmməd Arazı şeirlərindən tanıyıb sevirdim. Amma onun millət sevgisi haqqında məlumatım yox idi. O vaxtlar Filizçay yatağında işləyirdim, tez-tez Məmməd Arazın baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalında Böyük Qafqazın geologiyası haqqında yazılarım çap olunurdu. Bir gün də ayrı bir millətin nümayəndəsiylə məqalə yolladım redaksiyaya. Heç gözləmədiyim halda “gündə sabah”a saldılar. Bir gün də getdim Məmməd müəllimin yanına. Dedi, onsuz da yerimizi özgələrə çox vermişik, sən çalış bu ənənəni davam etdirmə. Təkcə yaz.
Bu iradına baxmayaraq rəhmətlik yazımı geri qaytarıb, məni iş yoldaşımın yanında pərt eləmədi.

“Son”a dönən ilk gəliş…

Badamdarda yerləşən nəşriyyatımızda – “Şirvannəşr”də oturmuşdum, işçilərdən kimsə tez-tələsik yanıma qalxdı:
–Bəs Məmməd Araz maşınını yuduzdurur, kitab mağazamızın qabağında dayanıb.
Tez yerimdən durub, pillələri enib yanına getdim. Həyat yoldaşı Gülsüm xanımla dayanmışdı.
–Burda niyə durursunuz, yuxarı qalxıb bir stəkan çay içsəniz.
Məmməd müəllim hərəkətə gəldi. Qolundan yapışdım. Gülsüm bacıya nə illah elədim, “Yox, maşını yuyurlar, burda gözləyəcəm” dedi.
Danışmaqdan çox dinləməyi sevdiyimdən darıxmasın deyə Məmməd müəllimi söhbətə çəkmək üçün adda-budda suallar verirdim. O da bacardığı qədər marağımı təmin etməyə çalışırdı. Hiss edirdim ki, çox danışmaq istəyir, səsi titrəyib itirdi. Qürrələnməkdən-filandan uzaq, sadəcə söhbət xatirinə:
–Evim də burdadı, nəşriyyatın arxasında,– dedim.
O da:
–Aqilin də (kürəkəni yazıçı Aqil Abbas – Q.İ.) evi burdadı, Ba¬damdarda. – cavabını verdi.
Yenidən Məmməd müəllimin fikrini cəlb etmək üçün yerimdən durub, “Nənəm təkdi” kitabımı gətirib qoydum qarşısına:
–Məmməd müəllim, istəyərdim bunu oxuyasınız.
Kitabça nazik olduğundan, açıb baxmadan, bir kitab adamı kimi azca or-tadan qatlayıb pencəyinin yan cibinə qoydu. Başını tərpətdi:
–Mütləq oxuyacam.
Bir azdan darıxmağa başladı. Pəncərəyə tərəf baxdı:
–Qurtarmadılar ki?!
–Bu dəqiqə, Məmməd müəllim! – Eşiyə çıxıb, maraqlanıb geri qayıtdım. – Az qalıb. Qurtaran kimi xəbər verəcəklər.
Bir qədər də ordan-burdan suallar verdim, özüm danışdım. Arada fasilə yaranan kimi yenidən pəncərəyə sarı boylandı. Gördüm durmaq istəyir:
–Gedim…
Qolundan tutub pillələrlə endirib, nəşriyyatın qabağına düşürtdüm…
Bu, mənim Məmməd Arazla son görüşüm oldu.

P.S. Məmməd Araz Fransadan, o zaman dəbdə olan sözlə desək, yara¬dı-cılıq ezamiyyətindən qayıtmışdı, özü də qoynuqoltuğu dolu qayıtmışdı – adına “əla”dan başqa bənzətmə yaraşdırmaq mümkün olmayan bir silsilə poetik pay vardı boxcasında. İndi yadıma sala bilmirəm, hardasa təəssüratını danışırdı. Bir sözü açığı məni heyrətə saldı: “Fransada istəyir “dahi” ol, heç kimə dəxli yoxdu!”.
Xeyli vaxt bu fikri başımdan çıxarda bilmədim – necə yəni, bizdə balaca bir şairi görəndə adam özünü ititrir, o boyda Fransada sözün bəxtinə doğrudanmı bu boyda ucuzluq düşüb?!
Bu fikrə qail olmaq üçün nə az, nə azcıq, düz 40 il yaşayıb, bu günü görmək ehtiyacım varmış demə. Bu gün Azərbaycanda, istəyir dahi ol, Aşıq Ələsgər demişkən “özünə bəysən, malades!”.

Müəllif: Qəşəm İsabəyli

Qəşəm İsabəylinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Labər RUSTAMOVA – YAZIQ

YAZIQ

Qapını açıb birini axtardım. Bunu sezən yoxsan? Gəlgedim. Bağları axtardım,
Çay sahilinə doğru qaçdım. Lakin… tapmadım. Yerin qəlbini qucaqlayaraq sarı çönlərə basdım, ayrılığın acı əzabları mənim vücudumu titrətməyə başlayır. Hicran bıçağının zərbələrindən gözlərimdən yaşlar axır. “Nə olar, bu aldanan bir xəyaldır? Nə olar qapımı açan Sən deyilsən, küləkdir?” Yadımdadır… Payız idi. Qapımı açdın.
– Çöldə çıx. Təbiyyəti bax. Bağda gəzəkmi?
Yazma işini yoxlayıram, bitirirəm.
Sabrın tükənib evə girdin:
– Çox gözəlsən! Dincəl deyəndə, qəbul etmirsən… – Qələmimi aldın.
– İşim çox vacibdir, anlamırsan, – acılandım mən.
– Anlayıram, sonra gözləyib göndərərəm. İndi isə səninlə uzun-uzun danışmaq istəyirəm… Həm də bilsən, mənimlə qarğaçda qarşılaşdığın yerə gedərəm.
– Vay, o kişini, qarğaçda nə var, gənc uşaq deyiləm ki? – gülümsədim.
– Bilirsənmi, demək olar ki, yıxılmaq üzrə idim: gəncliyimdə, həqiqətən, qarğaçda uçmuşam, deyə nəvələrinə fəxr edərsən.
– Sən təsdiq edirsən, eləmi? – deyə sənə baxdım.
– Elə, – dedin və kədərli şəkildə başını salladın. – Hələ də bu günləri darıxaraq xatırlayacaqsan. Sonra peşman olma!
– Niyə belə deyirsən? – ruhum düşdü.
– Axı bizi həyatla bağlamayan biri var idi. Lakin sənin varlığın, yanımda olmağın özü mənə bir dünya xoşbəxtlik gətirir…
Sənin ardınca düşdüm. Dərələrə axtardım. Lakin tapmadım. İndi peşman oluram… Səni, məhəbbət dolu baxışlarını axtarıram… Səninlə danışmaq istəyirəm, qarğaçda uçmaq istəyirəm. Lakin…

HƏMƏN ZAMAN QIŞ İDİ…

Çöldə qar var… Ağ qar kəpənəkləri yer üzünü ağlıqla örtür. Ağaclar ağ paltara bürünüb. Qəribə sükunət və sakitlik…
Səni xatırladım. Xatırlayırmı? Həmin zaman da qış idi. Hər yerdə ağ qar vardı. Qar yolları boyunca gedirdik. Qar parıltıları səni bir anlıq Qar Baba’ya çevirib. Sənə baxıb gülümsədim.
Qar Baba, haradan soruşaq?
Sən isə cavab yerinə yanımızdakı ağacı silkələdin. Üzərimə qar töküldü…
Sən Qarqız oldun…
Həmin anda heç bir səbəbdən, hirslənib səndən küsərək qaçdım. Sonra isə… arxama baxdım. Sən hələ də orda, mənə kədərli baxaraq dayandın. Ürəyim həsrət qaldı. Yanına qaçmaq, qucağına atılmaq istədim. Amma qürur dayanıb. Qəlbim səninlə danışmamağa qərar verdi. Tez-tez gedib yol kənarındakı çinarın arxasına gizləndim. Gəlişini gözlədim.
Həmin anda adımı çağırdın. Səs vermədim. Təkrar-təkrar çağırdın…
Nəhayət, çox yaxınlaşdın, nəfəsini hiss edirdim. Yenə çağırdın. Rəhmi gəldi: görünüş verdim. Əllərimi əllərindən aldın: “Soyumusən, qaçan, qorxub getdim,” – dedin gözlərimə baxaraq.
Niyə qorxursan?
Sənin gözlərində özümü gördüm. Sükut.
Nə oldu, danış? Dilsiz oldun?
Əllərimi nəfəsinlə isitdin.
– Səni itirməkdən qorxuram, – dedin nəhayət. – Sən yanımda olmayanda, qəlbim boş qalır. Özümü yoxladım. Sənsiz bir nəfəs belə dözə bilmərəm. Xahiş edirəm, məni tərk etmə, tək qoyma. Həmin vaxt qış idi, hər yerdə ağ qar.
İndi isə mən tək, o parkda, ağ qar yollarında gedərkən, səni axtarıram. Adını təkrar edirəm. Məncə bir yerdə gözləyirsən. Ürəyim daralır. Dodaqlarımda göz yaşının acı dadını hiss edirəm. O gündəki kimi qar kəpənəkləri üzümə vurur. Sözlərini həsrətlənirəm.
Sən Qarqız oldun…
Bu sakitlikdə, qəlbimdə, sənin sözlərin dəfələrlə səslənir:
– Səni itirməkdən qorxuram. Məni tərk etmə, xahiş edirəm, Məni tərk etmə.
Həsrət ağrısı… ağ qarla yazıram adını.
Niyə tərk etdin? Niyə?
Səni axtarıram. Sanki o tanış çinarın arxasından çıxıb gəlirsən. Mən isə həsrətlənirəm, ürəyim parçalanır. İsti nəfəsini, qaynar əllərinin istiliyini hiss edirəm:
Soyumusən.
Qar qəlbimə qarışır…

Labər RUSTAMOVA,
Özbəkistan Yazıçılar Birliyinin üzvü.