Nizami Gəncəvinin məzarını açan şəxs arxeoloq İshaq Cəfərzadə olub. O, şairin nəşinin Gəncədəki məqrəbədə dəfn edilməsinə başçılıq edib. Tanınmış Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi İshaq Cəfərzadə ilk elmi axtarışlarına Gəncədə başlayıb. O, böyük mütəfəkkir, şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş qazıntı işlərinə başçılıq edib. Bu elmi fəaliyyətin nəticəsində qədim Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, yaşayış yerləri, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri tapılmışdır… Elmi fəaliyyəti zəngin və çoxşaxəli olan İshaq Cəfərzadənin adı çəkiləndə daha çox “Qobustan qayaüstü rəsimlər” xatırlanır. Bu, təsadüfi deyil. Çünki 1939-1950-ci illərdə Qobustan qaya təsvirlərinin tədqiqi və öyrənilməsi ilk dəfə İshaq Cəfərzadə tərəfindən aparılmış, 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. Qobustan abidələri 1939-cu ildə aşkara çıxarılsa da, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar (1939-cu ilin sentyabr ayı -M.R) burada geniş tədqiqatların aparılması mümkün olmamışdır. 1947-ci ildən başlayaraq İshaq Cəfərzadənin rəhbərliyi ilə Qobustanda 20 ildən artıq müddətdə ardıcıl, sistemli arxeoloji tədqiqatlar aparılmışdır. Görkəmli alim Qobustanda 730 daş üzərində 5300-dən artıq müxtəlif məzmunlu qayaüstü təsvirlər qeydə almışdır. Bu rəsmlərin hamısı alimin həyat yoldaşı, tədqiqatlarda onun ən yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından biri olan Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülmüşdü… İshaq Cəfərzadənin ən məşhur əsəri isə “Qobustan”dır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, alimin uzun illər apardığı tədqiqatların, araşdırmaların nəticəsi olan “Qobustanın petroqlifləri” əsəri dövrünün məkrli insanları tərəfindən məhv edilib. Səfiyyə xanımla birgə qələmə aldığı “Abşeronun qəbir daşları” əsəri isə “Elm” nəşriyyatında yerli-dibli yoxa çıxıb.
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı ilə təltif edilib “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb. Dahi şairin yaradıcılığının təbliği baxımından önəm daşıyan xatirə nişanı, beynəlxalq aləmdə NİZAMİ irsini tərənnüm edən simvol olaraq dəyərləndirilir. Bu anlamlı xatirə nişanına görə, Mədəniyyət naziri Anar Kərimov başda olmaqla, nazirliyin kollektivinə təşəkkür edirik.
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva görkəmli tənqidçi Vaqif Yusifli ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Vaqif Yusifli ilə görüşüb, onu 75 illik yubileyi münasibəti ilə təbrik edib. Vaqif Yusiflinin ədəbiyyatşünaslığımıza uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva V.Yusiflinin yubileyi münasibəti ilə ona xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Məktubda deyilir:
“Hörmətli Vaqif müəllim, Sizi – çağdaş ədəbi prosesdə fəal iştirak edən görkəmli Azərbaycan tənqidçisini, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin tanınmış üzvünü 75 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz 1968-ci ildən bəri dövri mətbuatda davamlı olaraq çıxış edirsiniz. 1979-cu ilin oktyabr ayında “Müasir Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz. Həmin ilin dekabr ayından “Azərbaycan” jurnalının Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmisiniz. 2002-ci ildən Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi olaraq çalışmaqdasınız. 2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiniz. Sizin ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş yüzlərlə məqaləniz yayınlanmışdır. Bu məqalələr keçən yüzilliyin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini dolğun şəkildə əks etdirir. Siz tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələminizi sınamısınız. Məqalələriniz respublikamızın hüdüdlarından qıraqda – Almaniyada, qardaş Türkiyədə, doğma Təbrizdə və b. yerlərdə çap olunmuşdur. Siz Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinizə görə 2003-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 2018-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmusuz. Həmçinin Beynəlxalq “Rəsul Rza” mükafatı və “Məmməd Araz” ədəbi mükafatı laureatısınız. Sizin “Nəsr, konfliktlər, xarakterlər” (1986), “Məmməd Araz dünyası” (1994), “Ürəyimi sərdim Günəşə” (1997), “Tənqid yarpaqları” (1998), “Bu nə sehirdir belə” (1999), “Tənqid və bədii söz” (2002), “Tənqid də yaradıcılıqdır” (2003), “Yolayrıcı” (2004), “Fikrət Qoca-70 il” (2005), “Yaxşı ki, sən varsan” (2007), “Sındır qəfəsi…” (2008), “Rəsul Rza və müasir Azərbaycan poeziyası” (2010), “Şeirimizin Nərimanı” (2011), “Bölgələrdə ədəbi həyat” (2017), “Azərbaycan qəzəli” (2018) və b. kitablarınız gün üzü görüb. Bir daha Sizi 75 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından təbrik edir, ən xoş arzularımı yetirirəm”!
MM Mədəniyyət Komitəsi sədri Q.Paşayeva ilə Almatı şəhər Məclisində görüş keçirilib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva ilə Qazaxıstan Respublikasının Almatı şəhər Məclisində görüş keçirilib.
Görüşdə qardaş ölkələrimiz, o cümlədən şəhərlərimiz arasında mədəni əməkdaşlığın, ümumən bütün əməli fəaliyyət sahələri əlaqələrin mövcud durumu, hər bir Azərbaycan və Qazaxıstan aydınının üzərinə düşən mənəvi məsuliyyətdən söz açılıb.
Q.Paşayeva Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik əlamətdar yubileyi, “Qardaş ölkəm Qazaxıstan” kitabının təqdimatı və digər əlamətdar səbəblərlə səfərdə olduğu Almatıda ona və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə şəhər rəhbərliyinə təşəkkürünü çatdırıb. Qazaxıstanın ən böyük şəhəri ilə Azərbaycan şəhərlərinin, o cümlədən Nizami yurdu Gəncənin əməkdaşlığının inkişaf etdirilməsinin bütün parametrlər üzrə yararlı olacağına inam ifadə edib.
Q.Paşayeva Almatı şəhər Məclisi rəhbərliyinə Qarabağ motivli xatirə hədiyyəsi, müəllifi olduğu “Qardaş ölkəm Qazaxıstan” və həmmüəllifi oldğu – qazaxca gün üzü görmüş kitabları hədiyyə edib. Qarşılıqlı hədiyyə bağışından sonra, xatirə şəkli çəkilib.
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qırğız Respublikası parlamentinin Azərbaycanla əlaqələr üzrə deputat qrupunun sədri Tazabek İkramovla görüşüb
Azərbaycanla Qırğız Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə bağlı tədbirlərdə iştirak etməkçün Bişkekdə səfərdə olan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş ölkə parlamentinin Azərbaycanla əlaqələr üzrə deputat qrupunun sədri Tazabek İkramovla görüşüb.
Qrup sədri T.İkramov Q.Paşayeva və Azərbaycan nümayəndə heyətini Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulmasının 30 illik yubileyi münasibəti ilə təbrik edib. T.İkramov xüsusi vurğulayıb ki, həqiqi qardaşlıq, dostluq xarakterinə əsaslanan münasibətlərimiz hər keçən gün daha da inikişaf edir.
Q.Paşayeva qonaqpərvərliyə görə, T.İkramovun timsalında qırğız həmkarlarına təşəkkür edib. Qardaş ölkələrimiz arasındakı ortaq dəyərlərdən, o cümlədən mədəniyyət, adət-ənənə birliyindən söz açan Q.Paşayeva, 2022-ci ili Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafı baxımından xüsusi il kimi xarakterizə edib. O, Qırğz Respublikasının Prezidenti Sadır Japarovun ötən ilin aprelində Azərbaycana, oktyabrda isə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərini məmnuniyyətlə xatırlayıb.
Görüşdə Qırğızıstan tərəfindən Azərbaycanla əlaqələr üzrə deputat qrupunun üzvləri, Azərbaycan tərəfindən – səfir Lətif Qəndilov, MM üzvləri Cavanşir Feyziyev, Əli Məsimli, Müşfiq Məmmədli, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu iştirak edib.
Sonda qarşılqlı xatirə hədiyyələri bağışlanıb, xatirə şəkli çəkilib.
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini Qavril Androsovla görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini, “Molpan” jurnalının baş redaktoru, Rusiya Yazıçılar Birliyinin katibi, şair-publisist Qavril Androsovla ilə görüşüb.
Milli Məclisdə baş tutan görüşdə qardaş xalqlarımız arasında ədəbi-mədəni əlaqələr ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Qənirə Paşayeva MM Mədəniyyət Komitəsinin mənəvi dəstəyi ilə Bakıda və Sumqayıtda gerçəkləşən silsilə tədbirlərdə iştirak etdiyi üçün Q.Androsova təşəkkür edib, qardaş Saxa yazarlarına, aydınlarına salam-sayğılarını yetirib, onlara yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva Q.Androsovun 2017-ci ilin dekabrında Azərbaycana, eləcə də, bir neçə azərbaycanlı yazarın Saxa-Yakutiyaya ilk səfərlərini xatırladıb və ötən beş il içində qardaş xalqlarımızın ədəbi-mədəni əməkdaşlığı sahəsində xeyli ciddi işlər görüldüyünü məmnunluqla vurğulayıb.
Komitə sədri Q.Androsovun və Saxa-Yakutiya Yazarlar Birliyinin yaradıcılıq planları ilə tanış olub, ədəbi-mədəni əməkdaşlığın gücləndirilməsinə dair təkliflərlə çıxış edib.
Qardaş xalqın istedadlı şairi və ictimai xadimi Q.Androsov qonaqpərvərliyə, ətraflı fikir mübadiləsinə görə Q.Paşayevaya, onun timsalında MM Mədəniyyət Komitəsinin üzv və əməkdaşlarına, bütün azərbaycanlı yazar dostlarına təşəkkür edərək, Azərbaycana ikinci səfərdən də çox məmnun olduğunu bildirib.
Q.Paşayeva Q.Androsovu ailəsi ilə birgə uzunmüddətli səfərə dəvət edib.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri bağışlanıb.
MM Mədəniyyət Komitəsi və Nəfəs İB-nin dəstəyi ilə şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş “Qutsal yolçu” kitabının təqdimat və anım mərasimi keçirilib
Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi şəhidi, mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, “NƏFƏS” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, şəhid anaları, qazilər, aydınlar, ictimaiyyət nümayəndələri, jurnalistlər, ictimai fəal gənclər iştirak edib. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin və qardaş Türkiyədə bu ilin fevralında baş vermiş dəhşətli zəlzələdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin aparıcısı MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı qeyd edib ki, gənc şair, yazıçı, publisist Şahanə Müşfiqin müəllifi olduğu “Qutsal yolçu” kitabı şəhidlərimiz haqqında yazılmış kitabların, nəşrlərin növbətisidir. Kitab “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə çap olunub. “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva şəhid mayor Emin Süleymanovun həyat yoluna nəzər salıb. O, “NƏFƏS” İB-nin yarandığı gündən şəhid ailələrinin, yaralı qazilərin yanında olduğunu, müxtəlif layihələrlə şəhidlərimizin həyat və döyüş yolunun öyrənilməsinə, təbliğ və tərənnümünə öz töhfələrini verdiyini bildirib.
Çıxışına davam edən Firəngiz Balakişiyeva Vətən uğrunda canını fəda etmiş şəhidlər haqqında bu cür kitabların gün üzü görməsinin çox vacib olduğunu vurğulayıb: “Şəhidlik zirvəsinə yüksələn insanlar heç bir zaman ölmür, əksinə, şəhadətləri ilə əbədilik qazanır. Ölən bizlərik, şəhidlər isə tarix səhifələrindədir və xalqımızın yaddaşında əbədi olaraq qalır. Bəli, müharibənin bitdiyi ilk vaxtlarda bir araya toplaşıb deyirdik ki, vaxt gələcək hər bir şəhidimiz haqqında kitablar yazılacaq, onların keçdiyi yollardan filmlər çəkiləcək, gənc nəsil də bu kitabları oxuyub, filmlərə baxıb, fəxr edəcək. Düşünürəm ki, indi həmin günlərdən biridir. Bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyir, Vətənimizin başından qara buludların həmişəlik çəkilməsini arzulayıram”. Təqdimat mərsaiminin dəstəkçisi – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edərək, ürək sözlərini bölüşüb: “Əziz şəhid anaları, xanımları, bacıları! Dəyərli qazilərimiz, aydınlarımız və vətəndaş cəmiyyətinin qiymətli təmsilçiləri! Qarşıdan Novruz bayramı gəlir. Ən əziz bayramlarda ən əziz insanlar – ilk növbədə şəhid anaları, şəhid ailələri yada düşür. Sizin hər birinizi ürəkdən salamlayır, qarşıdan gələn milli bayramımız Novruz münasibəti ilə ən xoş diləklərimi yetirirəm! Qardaş Türkiyənin “İstiqlal Marşı”nı yazmış görkəmli şair Mehmet Akif Ərsoy “Çanaqqala şəhidlərə” şeirində deyir: “Ey şəhid oğlu şəhid, İstəmə məndən məqbər, Sənə ağuşunu açmış, duruyor Peyğəmbər”. Peyğəmbər əfəndimizin ağuşunu açıb gözlədiyi şəhidlərimizin qarşısında baş əyirik. Başqa bir Türk şairi Mithat Cemal Kuntay isə bir şeirində belə deyirdi: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa Vətəndir”! Vətən kimi oğullar doğan analar, Vətən kimi oğullar yetişdirən atalar, sizin də qarşınızda baş əyirik. Qazilərimizə, müharibə iştirakçılarımıza da bildirmək istəyirəm ki, sizin fədakarlıqlarınızı heç bir zaman unutmayacağıq. Bu gün hamımız şəhid mayor Emin Süleymanovun xatirəsinin işığına toplaşmışıq. Bu, əslində hamımızın bir vəfa borcudur. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Bununla biz gənc nəslə şəhidlik məqamının necə uca olduğunu bir daha göstərmiş oluruq”. Mədəniyyət Komitəsinin sədri çıxışında şəhid adının ucalığına toxunaraq bildirib ki, şəhidlər müqəddəs amalları, əziz adları ilə əbədi yaşayır. Sözünə davam edən Komitə sədri kitabın hazırlanmasında, təqdimatında əməyi olan hər kəsə təşəkkür edib, bu cür kitabların daha çox nəşr olunmasının vacibliyini vurğulayıb. – “Sonda şəhid qardaşımıza həsr olunan “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində iştirak edən gənc yazar, jurnalist Şahanə Müşfiqə, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevaya, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara və bu tədbirə təşrif buyurmuş hər kəsə öz təşəkkürümü bildirirəm”!
Şəhid Emin Süleymanovun həyat yoldaşı Məhsəti Süleymanova çıxışında hər kəsə təşəkkürünü bildirib, həyat yoldaşı ilə qürur duyduğunu, bu kitabın başlanğıc olduğunu deyib. “Şəhid Emin Süleymanov haqqında yazılmış bu kitab şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün etdiyimiz işlərin növbətisidir” deyən kitabın müəllifi Şahanə Müşfiq şəhidlər haqqında yazmağın bir vətəndaşlıq borcu olduğunu vurğulayıb, bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib. “ZİRVƏ” Şəhid ailələrinə dəstək İB sədri Sevinc Orucova, Şəhid mayorun rəhbərliyi ilə döyüşmüş qazi Musa Əsgərov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, şəhidlər haqqında kitabların müəllifi Manya Səxavətqızı çıxış edib, kitab haqqında, şəhidin həyat və döyüş yolu haqqında danışıb. Müəllif bildirib ki, “Qutsal yolçu” kitabında şəhidin ailə üzvləri, döyüş yoldaşları, əsgərləri, məktəb müəllimləri, qohumları və dostlarının xatirələri ilə yanaşı, dövri mətbuatda Emin Süleymanov haqqında çıxan yazılar, şeirlər də yer alıb. Tədbirin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova vətənpərvərlik mövzulu mahnılarla çıxış edib. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin “Əsgər məktubu” sənət layihəsinin rəhbəri Fərahim Sadiq qazilərdən ibarət heyətlə “ Yaralı da, şəhid də var, Ölənimiz yoxdur, ana!” sözləri ilə süslənmiş mahnını ifa edib. Arzu edənlər tədbiri bu linkdən izləyə bilərlər: https://youtu.be/HVu4YXdQDhI
25 sentyabr 2024-cü ildə Azərbaycan Milli Xalça Muzeyində Milli Məclisin üzvü, 2020-2023-cü illərdə Mədəniyyət Komitəsinin sədri olmuş tanınmış ictimai xadim Prof.Dr. Qənirə xanım Paşayevanın unudulmaz xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva – İTHAF” adlı bədii sərginin açılışı keçirilib.