Əgər özüm şəhid baş leytenant Həsənağa Abdullazadəyə həsr olunmuş “Yüz on ikinci gün” kitabını bir gecəyə oxuyub başa vurmasaydım, bu münasibətlə keçirilən tədbirdə Milli Məclisin deputatı Fariz İsmayılovun, Gömrük Akademiyasının rəisi general-mayor Qulu Novruzovun romanı birnəfəsə oxumaları haqqında geniş ictimaiyyətə bəyan etmələrinə bəlkə də, sözgəlişi deyim kimi qəbul edərdim. AMEA Elmi Kitabxanasındakı tədbir əslində dəyərli söz adamı, şeirləri, qəzəlləri, hekayələri ilə çoxdan tanıdığım şirvanlı yazar Naibə Yusifin yeni kitabının təqdimatından daha çox 9 mart 1993-cü il təvəllüdlü Vətən Müharibəsi Qəhrəmanının anım mərasimi kimi yadda qaldı. Təbii ki, tədbirin əsas səbəbində və mərkəzində yazıçının ciddi axtarışları, faktları bədii təfəkkürünün süzgəcindən keçirərək, yüksək sənətkarlıqla qələmə aldığı “Yüz on ikinci gün” romanı dururdu.
El arasında deyildiyi kimi, ağzınacan dolu olan zalda əlavə stulların düzülməsinə ehtiyac bir tərəfdən şəhid ruhuna ehtiramdan doğurdusa, digər tərəfdən yüksək təşkilatçılığın (millət vəkili Fariz İsmayılov, ev sahibləri) nəticəsi olaraq üç saata qədər davam edən tədbirin sonunda belə dağılmaq istəməyənlərin maraqlarından və duyğulanmalarından irəli gəlirdi.
Millət vəkillərinin, elm və sənət adamlarının, şəhid ailələrinin və cəbhədaşların iştirakı ilə keçirilən tədbir haqqında müxtəlif mənbələrdə məlumat yayıldığını nəzərə alaraq, diqqəti maraqla oxuduğum romanın məziyyətlərinə yönəltmək istəyirəm. Xüsusən şəhidlər haqqında bədii ədəbiyyata, film və tamaşalara daha çox marağım daxilində xeyli yaradıcılıq nümunələri ilə tanış olduğumdan bu mövzunu az-çox qavradığımı, təvazökarlıqdan uzaq olsa da, bildirməliyəm.
“Yüz on ikinci gün” romanı bir tərəfdən yazıçı təxəyyülünün məhsulu kimi yüksək bədii keyfiyyətləri ilə seçilirsə, digər tərəfdən axtarışlar, araşdırmalar, faktların dəqiqləşdirilməsi və yerli-yerində, səmərəli istifadə olunması nöqteyi-nəzərindən maraqlı və cəlbedicidir. Döyüş səhnələrinin təsviri, vətən yolunda canını qurban verməyə hazır olan igid oğullarımızın hər bir hərəkətini, danışığını, hiss və həyəcanını təbii və canlı çalarlarla ifadə etmək bacarığı yazıçının ağır məsuliyyətə vicdanla yanaşmasının təzahürüdür. Ancaq oxucu belə bir dolğun əsərin ərsəyə gəlməsində təkcə məsuliyyətin kifayət etmədiyini, qələm sahibinin mənəvi aləminin, torpaq, yurd sevgisinin buraya qatıldığını da elə ilk sətirlərdən hiss edir və sonadək bu təsir altında qalır. Yazıçı sanki özü də bu döyüşlərin iştirakçına çevrilir, igid oğullarla nəfəs alır, dediklərinin, düşündüklərinin səlnaməçisinə çevrilir. Və sözsüz ki, belə ürəklə və ürəkdən yazılan bu bədii əsər əbədiləşən qəhrəman obrazları kimi yaddaşlardan silinməyəcək, oxunacaq və ədəbiyyatımızın ən yaxşı nümunələri sırasında dayanacaq.
Çox yaxşı haldır ki, müəllif Həsənağa Abdullazadənin qəhrəmanlığını dar çərçivədə qələmə almır. Romanda general-mayor Polad Həşimovun, şəhid mayor Vüsal Vəliyevin və digərlərinin obrazları ən çətin məqamlarda rəşadət, dəyanət rəmzi kimi oxucuya təqdim olunur.
Əsərin süjet xətti qəhrəmanlıq, vətən sevgisi üzərində qurulub. Həm də bu sevginin ailə münasibətlərindən, halal ana südündən, zəhmətkeş ata qayğısından qaynaqlandığı bütün əsər boyu oxucunu duyğulandırır. Qadın yazarın qələmində çağdaş ədəbiyyatımızda Səmilə ana və Şakir ata obrazları yaranır. Onlar, xüsusən Səmilə ana yeganə ciyərparasının atdığı hər addımda himayəçi olmaq istəyir, elə bir oğul böyüdürlər ki, elin-obanın yaraşığı, fəxri, qüruru kimi ana-ataya başucalığı gətirir. Ana oğluna “Həsənim” deyə onu oxşayıb əzizləyir. “Anam” xitabı dilindən düşməyən Həsənağa da nəinki ana-atasının, bütün qohumların, qonşuların, müəllimlərin sevimlisinə çevrilir. Onu böyüdən valideynlərin bir sözünü iki eləmir, ev işlərində onlara köməklik göstərir. Baxıb qürurlanan valideynlər ocaqlarına sahib çıxacaq belə bir övlad üçün fərəh hissi keçirirlər. Ancaq!..
…Hər şey də elə bu ancaqdan başlanır. Vətənin dar günündə onun müdafiəsinə qalxmaq, mənfurları torpaqlarımızdan qovmaq missiyasını amalına çevirən Həsənağa Abdullayev ilk dəfə böyük sözündən çıxmağa cürət edir, fikrində qəti olduğunu bildirir. O vaxtdan ananın dərdləri də böyüyür. Seçim qarşısında qalan Səmilə ana övlad sevgisini vətən sevgisinə qurban verməkdən başqa çıxış yolu
qalmadığını başa düşür. Yazıçının bədii təxəyyülü bu sevgiləri bir-birinə qarşı qoymur, əksinə doğmalaşdırır, qovuşdurur, daha güclü, daha duyğulu bir məcraya yönəldir. Nəyinsə baş verəcəyini hiss edən ana oğlunun qeyrətdən doğan vətən sevgisinə təslim olur, bunun Allahın dərgahında haqq, ədalət işi olduğuna inanır. Sənsiz yaşaya bilməyəcəm deyən valideynlər şəhid övladlarını tanıtmaq, yaşatmaq üçün canlarına qəsd etməkdən vaz keçirlər, bu yolda son anacan gedəcəklərinə and içirlər. “Yüz on ikinci gün” kitabının ərsəyə gəlməsi, keçirilən möhtəşəm tədbir da bu istəkdən doğan reallıqdır.
SÖZARDI: Yeddinci sinifdə oxuyarkən o vaxt Kənd Zəngilandakı məscidə sığınmış kitabxanadan tapıb oxuduğum Viktor Hüqonun “Səfillər” kitabında Jan Valjan obrazının 3-4 səhifədə bədii boyalarla təsviri diqqətimi cəlb etmişdi. Qəhrəmanını güclü göstərmək üçün yazıçı elə ştrixlərdən istifadə edib ki, oxuyanda Jan Valjan sanki canlı kimi əzələlərinə qədər göz önündə canlanır və belə birisinin aşmış at arabasını çiyinləri ilə qaldıracağına şübhə etmirsən. Sonra yazıçı Bayram Bayramovun, Əli Vəliyevin, Süleyman Rəhimovun… əsərlərində çoxlarına uzun-uzadı gələ biləcək ana yurdumuzun füsunkarlığının bədii təsvirini sevməyə başladım və məhz bu təsvirləri dəfələrlə təkrarlamaqdan doymadım.
Hər bir müqayisə qüsurludur prinsipinə yox deyərək, “Yüz on ikinci gün” romanında ana dərdindən və vətən sevgisindən doğan hiss və duyğuların bu qədər canlı və inandırcı təsvirinə görə xanım yazarımız Naibə Yusifin söz dünyasına heyranlığımı ifadə etməyə bilmərəm. İnanıram ki, roman bundan sonra da oxuna-oxuna seviləcək və sevilə-sevilə oxunacaq!
Kitab toplamaq yalnız ağıl, həm də ruhani inkişafın əsas vasitəsidir. Kitablar, elm və mədəniyyətin ən uca və qiymətsiz sərvətlərindən biri kimi, insan həyatına hədsiz əhəmiyyət qatır. Onlar yalnız məlumat almaq üçün deyil, həm də insanın düşüncə tərzini inkişaf etdirmək, dünyagörüşünü genişləndirmək və cəmiyyətin intellektual səviyyəsini yüksəltmək üçün vacibdir. Kitab – bu aləmi, insanı, onun daxili dünyasını və xarici həyatını daha dərindən anlamaq üçün açılmış bir qapıdır. O yalnız bilik vermir, həm də düşüncəni inkişaf etdirir, ruhaniyyəti zənginləşdirir. Kitabın tarixi min illər əvvələ gedib çıxır. Qədim Misirdə daş və papirus üzərində yazılmış mənbələr, qədim Çində ipək vərəqlərə yazılmış əsərlər, Avropada isə əl yazma kitablar elm əldə etmək vasitəsi kimi böyük əhəmiyyət kəsb etmişdir. Bu gün kitablara yalnız çap formatında deyil, həm də elektron şəkildə də rast gəlmək mümkündür ki, bu da onu daha geniş auditoriyaya çatdırmaq imkanı verir. Gutenbergin (XV əsr) çap texnologiyasını kəşf etməsi kitabların geniş kütləyə yayılmasına səbəb oldu. Bu kəşf, kitabların daha çox yayılmasına və elm, maarifçilik inkişafına təkan verdi. Cəmiyyətlərdə çap olunmuş kitablarla məlumat əldə etmə imkanları genişlənərək elm inkişaf etdi. Bu günlərdə isə kitablar yalnız bədii deyil, elmi və praktiki əhəmiyyətə malikdir. Kitabların müxtəlif növləri mövcuddur ki, hər kəs istənilən yerdə və istənilən vaxtda oxuyaraq bilik əldə edə bilər. Bu, öz növbəsində, dünyagörüşünü dəyişir və insanın dünyaya dair məlumatlarını genişləndirir. Kitab insanın düşüncəsini formalaşdıran ən mühüm amillərdən biridir. Onun oxunması, ilk növbədə, insanı şüurlu və ruhani cəhətdən tərbiyə edir. Kitab oxuma prosesində insan yalnız məlumat əldə etmir, həm də onun hissi, ağıl və ruhi dünyası zənginləşir. Kitab oxuyan insan yalnız öz biliklərini artırmır, həm də onun xarici aləmlə münasibətini, əmək, insanlar, ətraf mühitlə əlaqələrini yenidən nəzərdən keçirir. Oxuyan insanlar daha çox səmimi, ardıcıl və tədqiqatçı düşüncəli olurlar. Onların düşünmə qabiliyyəti artır, dünyagörüşləri genişlənir. Kitab oxumaq, xüsusilə gənclər arasında yalnız elmi deyil, həm də əxlaqi tərbiyəverici vasitə kimi mühüm əhəmiyyət kəsb edir. Kitablar müxtəlif dünyagörüşlərini, mədəniyyətləri və fikirləri öyrənmək imkanı verir. Bu proses gənclərdə ədalət, mərhəmət, sevgi və səbrin inkişafına səbəb olur. Kitab insanı yalnız bilikli deyil, həm də mədəniyyətli və hikmətli edir. Kitab oxumaq insanı yalnız bilikli etmir, həm də onu sosial və ruhani cəhətdən zənginləşdirir. Kitab vasitəsilə insan öz daxili dünyasını kəşf edir, onun hissləri, narahatlıqları, kədər və narahatlıqları ilə üzləşir. Kitab oxumaq vasitəsilə insan öz həyatına olan münasibətini yenidən formalaşdırır. O, hətta ən çətin vəziyyətlərdə də kitablar vasitəsilə sakitlik və qərar tapır. Oxuyan insan heç vaxt tək olmayacaq, çünki onun yanında həmişə hikmətli dostu – kitab var. Kitab oxumaq – bu ağıl və ruhani yüksəlişin qaynağıdır, dünyagörüşünü genişləndirmək və insanı hərtərəfli inkişaf etdirmək üçün xidmət edir. Kitab oxumaq mədəniyyətini inkişaf etdirmək, xüsusilə bu günlərdə aktual məsələdir. Rəqəmsal texnologiyaların inkişafı ilə kitablara elektron formatda da rast gəlinir, amma bu, ənənəvi kitab oxuma mədəniyyətinə təhdid yaratmamalıdır. Kitab oxuma mədəniyyətini qorumaq üçün kitab yarmarkaları, müzakirələr, yaradıcı gecələr kimi tədbirlər təşkil etmək, gənclər arasında kitab oxuma yarışları təşkil etmək və onları mükafatlarla stimullaşdırmaq vacibdir. Bu şəkildə cəmiyyətdə kitaba olan marağı artırmaq mümkündür. Kitabların əhəmiyyətini təbliğ etmək, kitab oxumağın faydalarını izah etmək və gəncləri oxumağa təşviq etməklə kitab oxuma mədəniyyətini inkişaf etdirmək mümkündür. Beləliklə, hər birimiz kitab oxumağı həyatımızın ayrılmaz bir hissəsinə çevirməliyik. Kitablar yalnız bir obyekt kimi mövcud deyil, onlar bizi yaşamağı öyrədir, bizə yaxşı insan olmağı təşviq edir. Kitabların əhəmiyyəti heç vaxt azalmamalıdır. Toplamaq və oxumaq – bu insanın özünü və dünyanı anlama yolundakı ən mühüm addımlardır. Kitab – bu ağıl və ruhani inkişafın əlifbasıdır. Nodira AZIZOVA, İs’hoqxon İbrat adına Namangan Dövlət Xarici Dillər İnstitutu İnformasiya-Resurs Mərkəzi işçisi
Albert Einstein və onun dilini çıxardığı məşhur fotosu. Bu şəkli görməyən, bilməyən çox az adam var. Ancaq onun tarixçəsini bilən azdır… 14 Mart dahi alimin doğum günüdür. 1951-ci ildə görkəmli fizik ad günü axşamı restorandan çıxarkən onu bezdirən mətbuat nümayəndələrindən qaçaraq arvadı və dostu ilə özünü avtomobilin içinə atır. Foto-müxbirlərin zəli kimi qır-saqqız olmalarına “That’s enough” (Yetər artıq) deyərək dilini var gücü ilə eşiyə çıxarır. Və Arthur Sasse adlı bir foto-müxbir o anı ölümsüzləşdirir. Bu kadr Arthura dünya şöhrəti gətirir…
Martın 14-ü Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın doğum günüdür.
Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib.
1991-ci ilin martında Yazıçıların IX Qurultayında Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.
1991-ci ildə müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq Anara həvalə olunub.
O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı olub.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif edib. Azərbaycanın Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Xalq yazıçısıdır (1998).
Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində çap olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” ilk mətbu hekayələridir.
Onun müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.
“Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Əlaqə”, “Dantenin yubileyi”, “Dədə Qorqud” əsərləri müxtəlif dillərdə çap olunub.
Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub. Rusiyanın “Mosfilm” kinostudiyasında “Mən, sən, o və telefon” hekayəsinin motivləri üzrə “Hər axşam 11-də” bədii filmi çəkilib.
Anar 11 bədii filmin (“Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qoqud”- ilk iki hissəli Azərbaycan filmi, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”), bir neçə sənədli və televiziya filminin (“Dəniz”, “Qobustan”, “Daş saatın səsi”, “Qədim Gəncə-Yeni Gəncə”, “Bu-Səttar Bəhlulzadədir”, “Bu-Javaddır”, “Dindirir əsr bizi”, “Evləri köndələn yar”) ssenari müəllifidir. “Dantenin yubileyi” filminin habelə iki hissəli “Üzeyir ömrü”, və “Qəm pəncərəsi” filmlərinin quruluşçu rejissoru Anar özüdür.
Anarın şeirlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyib.
O, 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türkdilli Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.
Qeyd edək ki, yazıçı 26 oktyabr 2022-ci ildə AYB-nin 13-cü Qurultayında yenidən sədr seçilib.
Anar müəllim,
Sizi təbrik edirik. Sizə uzun ömür, cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!
Azərbaycanın qələbələr dövrünü yaşadığı bir zamanda dünyaya göz açan qızım Əsma doğum günün mübarək! 18 mart Türk dünyası üçün müstəsna hadisə olan Çanaqqala zəfəri günü doğulan Əsma Vəkiloğlu bizə həmişə qələbə sevinci yaşatsın! 2 yaşın mübarək Qızım!
Atan, SƏMƏD VƏKİLOV “YAZARLAR” jurnalının kollektivi də təbriklərə qoşulur. Səməd müəllimin övladına ən xoş arzularını bildirir. Arzu edir ki, Əsma bala dinc dünyada, əmin-amanlıq şəraitində böyüsün! Açıq səma altında arzularına doğru gülərüzlə boy atsın!