SÖZÜMÜZÜN SƏSİMİZİN ÜZÜAĞLIĞI

Mənim üçün o dərəcədə maraq kəsb eləmir həmişə üzü gülər, incə yumoru dilinin ucunda, ürəyindəki saf duyğuları parlaq gözlüyünün arxasından nur kimi yağan bu cavan oğlanın neçə ili arxada qoyduğu! Onun bir vaxt yurd-yuva itkisini kiməsə nizamsız görünə biləcəyi tərzdə, adamın yeddi qatından (yaxşı mənada) keçən söz çalarları ilə nizama çəkdiyi günləri xatırlayıram və səsinin, sözünün üzüağlığında bugünki Qulu Ağsəs kimi mənə daha maraqlı və qürurverici görünür!…

65 yaşımla bağlı ötən ilin fevralında dostlarımın AYB Natəvan klubunda məni də rayondan dəvət etdikləri tədbirdə əvvəl mətbu aləmdə birgə fəaliyyətə başlamağımızın, sonradan dostluğumuzun bir qərinədən çox olduğunu ayırd edə bildiksə, deməli 35 rəqəmi düz gəlir.

İndi çoxlarının başqa adda vərəqlədiyi, o vaxt Sabir Rüstəmxanlının qəzeti kimi əldən-ələ gəzən “Azad Azərbaycan”ın başlığı da içindəki yazıların ruhuna uyğun olaraq qara yox, qapqara çıxırdı. Ancaq Əlahəzrət SÖZün üzünü ağ eləyən bir kollektiv Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan bu qəzetə gecə-gündüzünü qatmşdı. Komitəyə mərhim Xalq yazıçımız Bayram Bayramov rəhbərlik edirdi. Sədr müavini Nurəddin Mehdixanlının komitənin fəaliyyətində, o cümlədən qəzetimizin çıxmasında canfəşanlığı gözümün qabağında baş verib, bunu danmaq mümkün deyil. Baş redaktor şair Malik Fərrux ta Laçının işğalına qədər çox yaradıcı mühit formalaşdırmışdı və qəzetimiz doğrudan da  maraqla oxunurdu (o illərdə oxunaqlı qəzet çıxarmaq asan deyildi). Laçın dərdi bu vətənpərvər şairimizi hər şeydən uzaqlaşdırdı, sonda cismani varlığınıı da əlindən aldı.

 Elə mənim də, Qulu Ağsəsin də fikri-zikri böyüyüb boya-başa çatdığımız doğma yurd-yuvada qalmışdı. Ancaq qəzet durmadan çıxırdı və bu qəzetdə 2-3 nəfər bütün işləri həll edirdi. Mən yeni yaranan sərhəd qoşunlarına çağrılanda Qulu Ağsəslə bir neçə dəqiqəlik vaxt tapıb söhbət edə bildim, qəzetin maketləşməsində (məsul katib işindən çox qorxurdu) çətinlik çəkərsə, həmişə yanında olacağımı vəd etdim. Yanında oldum, ancaq həmişə yox və nə yaxşı ki belə oldu!…

  P;S: Bu gün biz yaşlılara “Ulduz” gənclərin mətbu orqanıdır, qocalar (üzümə deyib) harada olsa çap olunarlar” deyən baş redaktor haqqında söz yazmaq bir saat bundan əvvələdək ağlımdan belə keçmirdi. Çünki bir neçə gün öncə Rəşad Məcidin “Çiyələk qadın” şeirlər kitabını bir daha oxumaq istədim və Qulu Ağsəsin on söz kimi kiçik formatda cəmi 4 səhifə yarımlıq “Selfie”si o qədər maraqlı gəldi ki, onun üstündən adlamağım uzun müddət apardı. Sanki bu “Selfie”dən sonra şeirlər də adama başqa ruhda yapışırdı. Belə söz adamı barədə söz yazmağın asan olmadığını anlasam da, doğum günü təbriklərinə qoşulmaq üçün fürsətdən bəhrələnməkdən vaz keçə bilmədim: söz dünyamızda, şeir ruhumuzda üzüağ olan AĞSƏSimiz, günün mübarək!

MÜƏLLİF: MAHİR CAVADLI, şair-jurnalist 

MAHİR CAVADLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir