“Ulduz”un sentyabr sayı Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır. “Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir. “Tənqid”də Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır. “Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir. “Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır. “Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir. Seyyid Əsrinin qəzəllərini də bu sayda oxuya bilərsiniz. “Debüt”də “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə…) yazısı ilə Şəhriyar Məmmədzadədir. Bu sayda Adil Quliyevin “Təpələr” essesini, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”ini, Şəlalə Camalın şeirlərini və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsini oxuya bilərsiniz. “Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (2-ci yazı) yazısını təqdim edir. “Dərgidə sərgi”də rənglər dünyasıyla Aysel Hacıyevadır.
Baltam yaman baltadı Axır ki, yontalandım. Ağac – ağac kəsildim, Meşə-meşə talandım.
Qarət etdi könlümü Bu canavar sürüsü Ah, bu talançı zümrə! Ah, bu yalançı kürsü!
Ətrafım dolu adam, Yanımda yox bir nəfər. Mənafe oynunda İnsanlıqdan yox xəbər.
Nə udum, nə uduzum, Gəlib gedən qalmadı. Göydə tale ulduzum, Yerdə Vətən qalmadı.
Mühacirim, yavaş get, Mən də gəlib yetişim. Göz calağı deyiləm Hər gövdədə bitişim.
Söz adamı Alış yan, Öz-özünlə barış yan! Ən böyük dərd budur ki, Sünbül-sünbül tarladan Bir dən sənin olmasın. Adın vətəndaş olsun, Vətən sənin olmasın…
Nəsimi (1369–1417) 1417-ci ildə Hələbdə (indiki Suriya ərazisində) edam olunmuşdu. O dövrdə Hələb Misirdə iqamətgahı olan Məmlük Sultanlığına tabe idi.
Tarixi faktlar:
-Məmlük Sultanlığının həmin dövrdə başında əl-Müəyyəd Şeyx əl-Mahmudi (1412–1421) dayanırdı.
-Hələbin idarəsi isə sultanın təyin etdiyi vali və əmirliklər vasitəsilə həyata keçirilirdi. Yəni, Nəsiminin edam hökmünü birbaşa yerli hakimiyyət – Hələbin əmiri və dini-siyasi çevrələr vermişdi.
Vaqeə:
-Vaqeə belə olmuşdu. Nəsimi təxminən indi məzarının (məqbərəsinin) olduğu ərazidə Hələbin küçələrində Allahın adlarını (99 adını) zikr edə-edə gəzirdi, bu zaman məmlük əsgərləri onu gördü və küfür etdiyini zənn edərək tutub əmirin yanına apardılar. Nəhayətdə onun edamına qərar verildi. Edam icra olunandan sonra əsl həqiqət üzə çıxdı. Başda sultan olmaqla hamı çox peşman oldu. Şairi hörmətlə dəfn etdilər. Sonradan məzarının üstündə məqbərə tikildi.
-Nəsiminin təriqətçi, hürufi dünyagörüşü ortodoksal dini dairələr üçün “təhlükəli” sayılırdı, buna görə də onun edamı həm dini, həm də siyasi motivli idi.
Deməli, Nəsimi edam ediləndə Hələbdə Məmlük Sultanlığı hakimiyyətdə idi və sultan əl-Müəyyəd Şeyx əl-Mahmudi idi.
Xüsusi istedadlar sırasından olan yazıçılıq, şairlik təkcə ilahi sevgi deyil. Bunu ilahi sevginin üstünə atmaq natamamlıq hesab olunar. Yazıçılıq həm də qeyri-adi səviyyədə yüksək təxəyyülün, təfəkkürün, elmi və bədii biliklərə sahib olmağın, ecazkar zövqün, dərin müşahidələr aparmağın nəticəsidir. Bir də arzu və istəkdən doğan məqsədinə çatmaq yolundakı iradi gücdən ibarətdir.
Yazıçı cəmiyyətə adi vaxtda deyə, çatdıra bilmədiyi fikirlərini bədii əsərlərində ifadə etməyə çalışır. Yazıçı publisistik yazılarında cəmiyyətin problemlərini işıqlandırmaqla dövlət idarəçiliyinə məsul şəxslərin nəzərinə çatdırırsa, bədii əsərlərində bu problemlərdən çıxış yollarını, böyüş zövqlə gözəl yaşayış və hərəkət təsvirlərini yaradır. Eyni zamanda cəmiyyətin özünə tərbiyəvi təsir göstərmiş olur. Yazıçı Əli bəy Azərinin əsərləri ilə tanışlıqdan sonra bir daha bu qənaətdə yanılmadığıma əmin oldum.
Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” kitabını oxudum. Povest və hekayələrdən ibarət kitab başdan-başa Azərbaycan sərhədçilərinin həyatından, onların gündəlik xidmətdə rastlaşdıqları ənənəvi çətinliklərdən, yerləşdikləri əraziyə uyğun olaraq üzləşdikləri təbiət hadisələrindən bəhs edir. Bu, yazıçının Azərbaycanın müxtəlif bölgələrdə yerləşdiyi sərhəd zolağını yaxşı tanımasının və sərhədçi həyatına yaxından bələd olmasının göstəricisidir. Əsərlərlə tanışlıqdan sonra adamda belə bir təsəvvür yaranır ki, yazıçı ömrünün bir hissəsini Azərbaycanın sərhədlərində xidmətdə keçirib. Yoxsa bu qədər yaxından tanışlıq onda haradan qaynaqlanır? Məncə, vətən sevgisinin və coğrafi biliklərin təsiri də özünü göstərməmiş deyildir.
Kitabda yazıçının hekayə adlandırdığı (mənə elə gəlir ki, bu onun təvazökarlığının göstəricisidir) əslində, onların hər biri ayrı-ayrılıqda povestdir, ən azından povest yüklü əsərlərdir. Mən onları ona görə povest adlandırmaq istəyirəm ki, onlar həm janr baxımından, həm də hadisələrin çoxluğuna, personajların sayına görə povestin tələblərinə cavab verən əsərlərdir.
Kitaba daxil edilmiş əsərlərin bədii mahiyyətini qeyd etməzdən əvvəl, məncə, yazıçının məharətinə nəzər salmaq daha düzgün olardı. Müstəqillik qazandığımız bu otuz dörd il ərzində mən doğma sərhədçilərimizin həyatından bəhs edən heç bir yazıçının bu qədər əsərinə rast gəlməmişəm. Bəlkə də yoxdur, yazılmayıb. Hər halda mənim qarşıma çıxmayıb. Əli bəy Azəri sərhədçilərə həsr etdiyi bu əsərlərində yazıçı məharətinin məziyyətlərindən maksimum bəhrələnməyə çalışıb və mənə elə gəlir ki, uğurla alınıb. O, sərhədçilərin peşə fəaliyyətini yerinə yetirərkən spesifik qaydalara riayət etməklə bərabər onların qarşılaşdığı iqlim şəraitini, coğrafi məkanı elə incəliklə təsvir edib ki, oxucu özünü əyani şəkildə sərhəd boyu tapşırıq yerinə yetirən sərhədçinin yanında təsvir edir. İstər dənizdə, istər çiskinli havada çay boyunca, istərsə də dağlıq ərazidə leysan yağışı altında olsun, ondan bir an ayrılmaq mümkün deyil. Yazıçı ustalığı sözün həqiqi mənasında istənilən əsər boyunca adamı heyrətləndirir.
Əli bəy Azəri ölkəmizin sərhədlərindəki hadisələri zamana uyğun olaraq – sülh şəraitində və 44 günlük Vətən müharibəsi dövründə ağır, keşməkeşli xidmət şəraitini bədii şəkildə təsvir edib. O, hər hansı uydurma məkan adları seçməyib, sərhədlərimizin keçdiyi əraziyə, coğrafi şəraitə uyğun adlar seçib. Çünki təsvir olunan əksər hadisələr tam dəqiqliyi ilə olmasa da uyğun şəkildə sərhədlərimizdə baş verir. Hadisələrin baş verdiyi məkanların konkret adlarla göstərilməsi və yazıçının həmin məkanlara yaxından bələd olması, keçən yolların, cığırların dəqiqliklə təsvirinin verilməsi əsərləri daha maraqlı edir və onları həyəcansız oxuyub keçmək mümkün deyil.
Əsərlərdən görünür ki, yazıçı həmin əraziləri dəqiqliklə tanıyır, dağına, dərəsinə, meşə örtüyünə, cığırına belə bələddir. Hadisələrin çoxu bədii təxəyyülün məhsulu olsa da məkanlar konkret göstərilib. Heç şübhə doğurmur ki, Əli bəy bu əsərlərin hər birini ayrı-ayrılıqda qələmə alarkən qeyd olunan əraziləri (xəyali də olsa) qarış-qarış gəzmiş, hadisələrin cərəyan etdiyi sərhəd bölgələrini dərindən öyrənmiş, sərhədçilərin həyatı ilə yaxından tanış olmuşdur.
Kitabda toplanmış əsərlərin hər biri ölkəmizin müxtəlif iqlim şəraitində yerləşən ayrı-ayrı sərhəd zastavalarında baş verən və sərhədçilərimizin taleyini, onların sərhədpozanlarla apardığı çətin və şərəfli mübarizənin fərqli bölgələrdə, müxtəlif şəraitdə əks etdirməklə, onların Vətən sevgisi ilə yanaşı bütün hiss və həyəcanı ilə şəxsi sevgilərini, valideyn, ana sevgisini də canlandırır. Bu sevgilər bir-birindən ayrılmazdır, bütövdür, hamısı Vətən sevgisi fonunda işıqlandırılıb.
Əsərlərin birində İranla sərhəddə narkotik qaçaqmalçılarla mübarizədə sərhədçilərimizin canfəşanlığı, ayıq-sayıqlığı təsvir olunursa, digərində Gürcüstan, yaxud Rusiya sərhəddində təxribatçılarla aparılan əməliyyat tətbirlərində sərhədçilərin sərvaxtlığı, iradə və dözümlülükləri, başqa birisində isə Ermənistanla sərhəddə döyüş zamanı sərhədçilərin cəsurluğu, igidliyi, qorxmazlığı; bütün hallarda sərhədçi şücaəti baş planda təsvir olunur. “Anama deyin, məni bağışlasın” əsəri bu qəbildən daha təsirlidir. Əsərin qəhrəmanı anasının onun hərbi məktəbdə oxuması, zabit pillələrində yüksələrək general olması istəyinin “əksinə” çıxaraq könüllü ərizə yazaraq hərbi məktəbdən ayrılır, döyüş bölgəsinə yollanır və ərazilərimizin düşmən tapdağından azad olunması uğrunda şərəfli müharibədə iştirak edir. Cəsurluq göstərir, vuruşur və şəhadətə yüksəlir. Son anda döyüşçü yoldaşlarına deyir ki, mən anamın istəklərini deyil, sevgili Vətənin azadlığını seçdim. Ana ilə övladın arzularından yekunda üzləşmiş faciə ustalıqla qələmə alınmışdır.
“Sərhədçi iti Buqamir” əsərində Əli bəy Azəri sərhədçilərlə birgə fəaliyyət göstərən, onlarla bərabər şəkildə düşmənlə, sərhəd pozucusu ilə mübarizə aparan, ən yaxın silahdaşları olan sərhədçi itlərini də unutmamışdır. Bu əsərdə sərhədçi iti obrazı formasında Buqamirin öz sahibinə sədaqəti sərhədçi itlərin müxtəlif situasiyalarda ayıq-sayıqlığı məharətlə işlənmişdir.
“Sevgi və borc” hekayəsi lirik-dramatik fonda yazılmış, məncə, hər bir azərbaycanlının arzuladığı hadisənin bədii formada təsviridir. Sərhəd Qoşunları Akademiyasını bitirib leytenant rütbəsində ucqar sərhəd zastavalarından birinə xidmətə yollanan Osmanov orada öz sevgilisinə qovuşur. Əsərdə cinayətkar sərhəd pozucusu Kor Müseyibin tutulmasında məktəblilərin sərhədçilərə yaxından göstərdiyi kömək təsvir olunur. Məktəbliləri “Sərhədçinin dostu” döş nişanı ilə təltif etmək üçün kənd məktəbinə gələn leytenant Osmanov orda bir vaxtlar aşiq olduğu, lakin çatdırıb ürəyini aça bilmədiyi qızla – müəllimə ilə qarşılaşır. Həmin qız universitetdə təhsil alarkən bir neçə dəfə sərhədçi kursantlarla mövzy müzakirəsində, disputlarda qarşılaşmış, yüksək savadı, mədəniyyəti və davranışı ilə onların diqqətini cəlb etmişdir. Qısa ünsiyyət zamanı Osmanovla isti münasibəti yaransa da sonralar əlaqə saxlaya bilməmişlər. Osmanov sərhədçi mərhumiyyətindən aşiq olduğu qızı axtarmağa macal tapmamışdır. Yazıçı müxtəlif maraqlı təhkiyələr qurmuş, əsəri dolğun, sevimli formada işləyib oxucuların hüzuruna çıxartmışdır.
Bir sözlə, “Mücrü” nəşriyyatı tərəfindən 2023-cü ilin dekabr ayında çap olunan, bir-birindən maraqlı süjetləri ilə seçilən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Məncə, məktəblilərin, sərhədçi ailələrinin, xüsusən də Sərhəd Qoşunları Akademiyasında təhsil alan kursant-müdavimlərin stolüstü kitabına çevriləcək gözəl bir kitabdır. Azərbaycan müstəqillik qazanandan ikinci belə bir kitab hazırlanmayıb.
Ədəbi tənqidin diqqətini çəkib-çəkməyib, dəyərləndirilib-dəyərləndirilməyib, deyə bilmərəm. Ancaq onu dəqiq bilirəm ki, Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” povest və hekayələr kitabı Azərbaycan sərhədlərini şanlı sərhədçilər qədər qoruyan kitabdır. Mən əmin olduğum kimi siz də əmin ola bilərsiniz.
ZAMANIN VƏ MÜHİTİN FÖVQÜNDƏ DAYANAN ŞƏXSİYYƏT ” Sən ona görə dünyaya gəlmisən ki, Ulu Tanrının köməyi ilə özünə xalq məhəbbəti qazanasan”. Məhəmməd peyğəmbər Daxilən gözəl, mənəvi cəhətdən zəngin olan insanlar hörmət və ehtirama layiqdirlər. Səliqə müəllimə də mənəvi cəhətdən zəngin, daxilən gözəl insanlardan biridir. Bu da onun şəxsiyyətinin, mənəvi dünyasının, işıqlı ürəyinin böyüklüyündən xəbər verir. Məhiz ona görə də Səliqə müəllimədə xeyirxahlıq, alicənablıq, mərdlik və s. kimi müsbət xüsusiyyətlər özünü tez – tez büruzə verir. Və o bir şəxsiyyət kimi ən təmiz hiss və arzularıyla, əməllərilə tanınır, əsl insan kimi sevilir. Dediyi sözləri, görəcəyi işlərlə uyğunlasdırmağı bacaran, məktəb direktorunun müavini kimi çalışan Səliqə müəllimənin adı Azərbaycan təhsilində, gənclərin təlim- tərbiyəsində xidmətləri olan şəxsiyyətlərdən söhbət düşəndə hörmətlə çəkilir. Uzun illərdir Zərdab şəhəri, Zərdabi adına bir saylı litsey məktəbdə direktor müavini, həm də Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Səliqə müəllimə Azərbaycanın qabaqcıl ziyalılarındandır. Azərbaycan Pedaqoji cəmiyyətindəki hər bir şəxs o böyük insanı, işıqlı ziyalını yaxşı tanıyır. Hətta onu tanımayanlar da, ancaq haqqında eşidənlər də onun fəaliyyətindən, nüfuzlu bir ziyalı kimi millətə, vətənə xidmət etməsindən məhəbbətlə söhbət açırlar. Kiçik bir xatırlatma: 1963- cü ildə Zərdab rayonunun Körpükənd kəndində ziyalı ailəsində anadan olub. 1971-1978- ci illərdə Xasa kənd səkkizillik məktəbində oxuyub. Atası Oruc müəllimin sənətini davam etdirmək onun ən böyük arzusu idi. O, bu arzu ilə də sənədlərini Ağdaş Pedaqoji Texnikumunun ibtidai sinif müəllimi fakültəsini verib və oranı əla qiymətlərlə bitirərək Zərdab rayonunun ən ucqar kəndi olan Sileyli kəndində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır. Səliqə müəllimə 1983- cu ildə işləyə -isləyə sənədlərini V.İ.Lenin adına APİ – nin filologiya fakültəsinin qiyabi şöbəsinə verib və instituta qəbul olub. Təhsilini başa vurandan sonra Xasa səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başlayıb. Körpülü kənd orta məktəbində və işlədiyi səkkizillik məktəbinin her ikisində Komsomol təşkilat katibi kimi də çalışıb. Mənalı və şərəfli bir ömür yolu yaşayan Səliqə müəllimə mütəmadi olaraq ” Azərbaycan gəncləri”, ” Pambıqçı”, ” Sovet kəndi” qəzetlərində məqalələrlə çıxış edirdi. 1988- ci ildə institutu bitirib ailə həyatı quran Səliqə xanım ailə vəziyyəti ilə əlaqədar olaraq 1991- ci ildə rayon mərkəzinə köçmüş, Maksim Qorki (indiki Həsən bəy Zərdabi) adına bir saylı məktəbdə işə başlamışdır. 1996- cı ildən fəal müəllim kimi ibtidai siniflər üzrə direktor müavini vəzifəsinə irəli çəkilmişlər. 2015- ci ildən bu günə qədər bu vəzifədə işləməklə yanaşı, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi də fəaliyyətini davam etdirmişdir. Üc kitab müəllifidir. Səliqə müəllimənin keçdiyi mənalı həyat yolu uğurlu, işıqlı yoldur. Hər dəfə institut müəllimlərini xatırlayanda deyir: “Bizim görkəmli müəllimlərimiz olub. İsmayıl Şıxlı, Həsən Mirzəyev, Mürsəl Həkimov, Himalay Qasımov, Hacıbaba Əzimov kimi saf, təmiz vicdanlı alimlərdən həm elmin sirlərini öyrənmişəm, həm də həyat dərsi almışam”. Səliqə müəllimə böyük nüfuz sahibi, tanınmış pedaqoq, sözün əsl mənasında xalqını, vətənini, şagirdlərini, müəllim kollektivini sevən direktor müavinidir. Haşiyə: Səliqə müəllimə deyir ki, dünya şöhrətli Nyutondan soruşurlar ki, elimdə belə nəhəng gorunməyinizin səbəbi nədir? O, tərəddüd etmədən, iftixarla demişdir. ” Mən müəllimim Dekartın çiyinləri üzərində dayanmışam”. – Nyuton sevimli müəllimi Dekartı dünyanın ən uca dağına – Comolunqa zirvəsinə bənzətmiş, özünü bu zirvədə dayanan şəxs kimi təsəvvür etmişdir. Min nəfərə yaxın şagirdi olan bir məktəbin direktor müavini kimi çalışan Səliqə müəllimə pedaqoji kollektivdə böyük nüfuz sahibidir. Müəllim adını hörmətlə yanaşır. O deyir: “Müəllim adı yüksəkdir. Müəllimlərim mənim üçün qibləgahdır. Həyatımda ilk dəfə yazı taxtasına muncuq kimi düzülən təriflər, sonsuz həyat yoluma, ömür yoluma çevrilib. Həyatda nə qazanmışamsa valideyinlərimə və müəllimlərimə borcluyam”. Şərəfli bir həyat məktəbi keçən Səliqə xanım müəllim həyatına, ziyalı işığına hörmət bəsləyir. İnsanların taleyini, şagirdlərin gələcəyini düşünən, vətənin yaralarına məlhəm olan, intellektual səviyyəyə malik olan şəxs kimi böyük nüfuz sahibidir.
O, mənim nəzərimdə hər şeydən əvvəl yer üzünün əşrəfi sayılan insanlardan,eyni zamanda,o zamanın və mühitin fövqündə dayanan, heç kimin və heç nəyin dəyişdirə bilmədiyi bir şəxsiyyətdir. Səliqə müəllimə 2024- cü il Azərbaycan Respublikası Milli Məclisinə 95 saylı Ucar-Kurdəmir – Zərdab seçki dairəsindən Yeni Azərbaycan Partiyasının fəalı kimi yeddinci çağırış deputatlığa namizəd seçilmişdir. Üç övladı var, həyat yoldaşı uzun illər polis orqanlarında çalışıb, müharibə veteranıdır! Və ən nəhayət, demək istəyirəm ki, Səliqə müəllimə qəlbinin, ürəyinin işığıyla yeniyetmə və gəncləri haqq yoluna çağırır, onların yolunu işıqlandırır, cəmiyyət üçün gərəkli və layiqli övladlar hazırlayır, onların qayğı və problemlərilə maraqlanır, bir müəllimə kimi, ziyalı kimi bilik və bacarığını millətin balalarından əsirgəmir.
Hüseyn İSAOĞLU, yazıçı – publisist, AYB-nin və AJB-nin üzvü
Bir gün sinifdə ingilis dilində şərti cümlələri izah edirdim. Aylardan dekabr idi. Taxtaya ingiliscə bir cümlə yazdım: “Bəli uşaqlar, taxtada “Əgər çox varlı olsaydım, anam üçün … alardım”, – yazılıb. Cümlədəki boşluğu xəyal gücünüzdən istifadə edərək doldurun. Aydın oldumu?” – dedim.
Elə görünürdü ki, hamı anlamışdı, çünki səssizcə payladığım balaca vərəqləri götürdülər və gözlərini tavana dikib fikirləşməyə başladılar. Beş dəqiqə sonra sinfi dolaşaraq vərəqləri yığdım və bir-bir oxudum. Kosmik gəmi, Ferrari, Mayamidə bilet, Maldivlərdə ada… Mən oxuyurdum, sinif gülürdü.
Sonuncu vərəqi isə içimdə oxudum: “If I were rich, I would buy flowers for my mom.” (Əgər varlı olsaydım, anam üçün çiçəklər alardım).
Bu cümlənin sahibi həmin il sinifə yeni gəlmiş, çəlimsiz və içinə qapanıq bir uşaq idi. “Aramızda çox duyğusal bir dostumuz var!” – dedim. – “Səlim, qalx görüm, yazdığını yoldaşlarına deyə bilərsənmi?”
“Çiçək alaram, yazmışam, müəllim”, – dedi.
Sinifdə yüngül bir gülüş qopdu. “Mən sizə çox varlı olduğunuzu düşünün, xəyal gücünüzü işlədin demişdim. Sən buna baxmayaraq “çiçək alaram” yazmısansa, deməli mühüm bir səbəbin var”, – dedim.
O bir müddət susdu, sonra asta səslə ayağa qalxaraq: “Başqa heç nə ağlıma gəlmədi, müəllim”, – dedi.
Üzündə Mona Liza tablosunu xatırladan, gülmək və ağlamaq arasında qəribə bir ifadə vardı.
“Oğlum, məni ələ salırsan?” – dedim sərt səslə. Heç cavab vermədi. Vərəqləri geri payladım. Dərs bitəndə zəng çalındı və şagirdlər arı sürüsü kimi həyətə axışdı. Çöldə narın bir yağış yağırdı.
Ertəsi gün məktəbə gələndə Səlimin atasını foyedə məni gözləyərkən gördüm. Onun qarşısındakı stolun üstündə, bir gün əvvəl sinifdə payladığım büzüşmüş vərəq dururdu. Oturub bir az söhbət etdik. Qısa bir görüşmədən sonra ayrıldı.
… Mən isə çətinliklə otağıma doğru getdim. Başım fırlanırdı. Hıçqırtıya bənzər qəribə bir şey, diafraqmamdan boğazıma qədər qalxmış, partlamağa hazır dayanmışdı.
O balaca boşluğu “çiçək”lə dolduran Səlimin həyatındakı ən böyük boşluğu da çiçəklə doldurmağa çalışdığını anladım. Onu da bildim ki, Səlim üç ay əvvəl anasını avtomobil qəzasında itirib və o gündən etibarən, atasıyla hər Cümə günü məzarlığa gedib, anasının məzarına çiçək qoyur.
Atası deyirdi ki, Səlim ötən gecə üzünü yastığa qoyaraq səhərə qədər hıçqırıb…
Mən isə bir şeyi anladım. Universitet diplomu ilə müəllim olmaq mümkün deyil.
“Müəllimlik səhər gedib günortaya qayıtdığın, şənbə, bazar, tətil, yay istirahəti etdiyin bir peşə deyil. Müəllimlik ana olmaqdır. Ata olmaqdır. Qardaş olmaqdır. Bir sözlə, insan olmaqdır.”
Əziz dostlar, Sizə riyaziyyat sahəsində Nobel mükafatına bərabər hesab edilən Filds medalına layiq görülən yeganə müsəlman qadın olan Məryəm Mirzəxani haqqında qısa məlumat vermək istəyirəm. O, 3 may 1977-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuşdur. Atası Əhməd Mirzəxani elektrik mühəndisi, anası Zəhra Mirzəxani evdar qadın idi. Ailədə üç uşaq – iki bacı, bir qardaş olublar. Məryəm ibtidai təhsilini Tehrandakı adi məktəbdə almış, orta təhsilini isə Nadir İstedadlıların İnkişafı liseyində davam etdirmiş, həmin illərdə riyaziyyat üzrə İran Milli Olimpiadasının iştirakçısı olmuşdur. O, 1994-1995-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadasında İranı təmsil etmiş, 1994-cü ildə qızıl, 1995-ci ildə isə ən yüksək bal toplayaraq yenə də qızıl medal almışdır. 1999-cu ildə İranın Şərif Texnologiya Universitetinin bakalavr pilləsini bitirmiş, sonra ABŞ-a köçmüş və təhsilini Harvard Universitetində davam etdirmişdir. 2004-cü ildə Filds Medal laureatı Curdis T. McMullenin elmi rəhbərliyi ilə “Hiperbolik səthlərdə sadə geodezik əyrilər və əyrilərin modul fəzasının həcmi” mövzusunda dissertasiya müdafiə etmişdir. Məryəm 2004-cü ildə ABŞ-ın Clay Riyaziyyat İnstitutunda tədqiqatçı və Prinston Universitetində professor olmuşdur. 2008-ci ildən fəaliyyətini Stanford Universitetində professor kimi davam etdirmişdir. 2005-ci ildə Mirzəxani Stanford Universitetində professoru Jan Vodrakla ailə həyatı qurmuşdur. Onların Anahita adında bir qız övladları olmuşdur.
Məryəmə 2013-cü ildə süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. O, 2014-cü ildə riyaziyyat sahəsində ən nüfuzlu mükafat olan Filds medalı almış ilk və yeganə müsəlmandır. 2016-cı ildə xərçəng sümük və qara ciyərinə yayılmış, 14 iyul 2017-ci ildə Kaliforniyada xəstəxanada 40 yaşında vəfat etmişdir. . Şərif Universiteti təhsil aldığı riyaziyyat fakültəsinə Mirzəxaninin adının veriləcəyini bəyan etmişdir.