
Rəssam: Sehran Allahverdi

Rəssam: Sehran Allahverdi

45 yaşımın şeiri
Gedib bu gün saçlarımı kəsdirdim,
Bu arada telefonum susmadı.
Təbriklərin kəsilmədi arası,
Yazan yazdı, yazmayan da yazmadı.
(Qoy bu dəfə kim yazıbsa sağ olsun!)
Yol boş, mən tək,
tutub yolun əlindən,
Uşaq kimi öz-özümü gəzdirdim.
(45 yaşın ağırlığı altında)
Nə ağladım, nə sısqadım, sadəcə,
Gedib bu gün saçlarımı kəsdirdim.
Sentyabr, ümid gedir min yerə,
Nə yaydandı, nə də sarı payızdan.
Sarı, dedim, görün yada nə düşdü,
Saçlarımı saraldacam bir azdan.
Gedib bu gün saçlarımı kəsdirdim,
Ad günümdü, mən də belə dəliyəm.
Kəsdirmərəm, söyləmişdim bir zaman,
Öz andına xilaf çıxan biriyəm.
Neyləmişəm, nə etmişəm, suçmu bu?
Bilmirəm ki, nə doğrudur, nədir səhv.
Gedib bu gün saçlarımı kəsdirdim,
Heç nə, heç nə hiss etmədim, maləsəf.
Müəllif: Aybəniz Əliyar

“Mixi yazılarından əvvəl türk maral buynuzu çəkib, ona “darax” deyib. Balıq çəkib, ona “balıx” deyib. Üz çəkib ona “üzğü” deyib. Bu, 8 min il bundan qabaq olubdur. Şəkilli yazı sisteminə avropalılar piktoqram deyirlər. Sonrakı 2 min ildə isə babalarımız özünün şəkilli yazılarını stilizə edərək onlardan mixi yazı sistemini yaradıblar, gil lövhələr də onların kağızları olub. Orada belə bir şeir də yazıblar:
“Əridə üdsiz kür deyə ki, arazu deyə,
Gələ edə savab, hunca deyə, barı, hunca deyə.
La bare kadramu, hecü edim u həküdə,
Kaş ki, bida nukuş üri,
Həmmədan kuku”.
Bunu 3200 il bundan əvvəl Həmədanda yaşayıb yaratmış ulu şairəmiz Bida (türkcə yeganə deməkdir) Həmmədani qazdırıb gil lövhəyə. Ona görə də tam haqlı olaraq olaraq deyə bilərik ki, mixi yazılar yarandığı gündən (6 min il öncədən) ulu türkün olub.
Tariyel Azərtürk, Amerikada yaşayan azərbaycanlı alim, türkoloq, tədqiqatçı.
Qeyd:
Dünyanın ən məşhur arxeologiya və tarix araşdırma mərkəzlərindən biri olan ANCİENT ORİGİNS’in paylaşdığı yeni bilgilərə görə Qobi çölündəki (Türküstanda-Mərkəzi Asiya) 15.000 illik petroqliflərin qədim türklər tərəfəndən çəkildiyi ortaya çıxmışdır. Bu araşdırmaya görə türklərin yayılma coğrafiyası və tarixdə var olduqları zaman daha qədim dövrlərə gedib çıxır. Araşdırmaçı elm adamlarına görə türklər var olan ən qədim millətlərdən biri, bəlkə də ən qədimidir. Bu məlumat mərkəzin rəsmi saytında yerləşdirilib.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏBƏDİ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TİBB VƏ TƏHSİLDƏ BİRGƏ İNTEQRASİYA I QƏBƏLƏ KONFRANSI
Ülkər Psixologiya Mərkəzi
2023-cü ildən fəliyyət göstərən Ülkər Psixologiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçi və rəhbəri Jalə xanım Mirsaab ( Ülkər onun yeganə övladıdır)ADPU -nin Sosial-psixoloji xidmətlər fakültəsinin məzunudur. Jalə xanım həm də tələbələrin asudə vaxtının səmərəli təşkili üçün yaratdığı Tələbə Cəmiyyətinin rəhbəri olaraq fəaliyyət göstərir. Ülkər Psixologiya Mərkəzi müasir psixologiya elminin nailiyyətlərinə əsaslanaraq, fərdlərin psixoloji sağlamlığının qorunması və inkişafı istiqamətində fəaliyyət göstərən ixtisaslaşmış mərkəzdir. Əsas fəaliyyət istiqamətləri:Psixoloji xidmətlər:-Fərdi psixoloji məsləhət, Ailə və nikah məsləhətləri,Uşaq və yeniyetmələrlə psixoloji iş, Stressin idarə olunması, fobiya və depressiyanın müalicəsi.Tədris və maarifləndirmə:- Psixoloji təlimlər, seminarlar və treninqlər, Müəllim və valideynlər üçün maarifləndirici proqramlar, Peşəkar psixoloqlar üçün ixtisasartırma kursları.Elmi-tədqiqat fəaliyyəti- Psixoloji problemlərin öyrənilməsi, Yeni metod və yanaşmaların tətbiqi, Müasir psixoloji test və diaqnostika üsullarının hazırlanması.Sosial layihələr:- Məktəblərdə və ali təhsil müəssisələrində psixoloji maarifləndirmə tədbirləri Sosial şəbəkələrdə psixoloji maarifləndirmə kampaniyaları, Aztəminatlı ailələrə və həssas qruplara pulsuz psixoloji yardım.Fərdlərin psixoloji sağlamlığını möhkəmləndirmək,cəmiyyətdə psixoloji mədəniyyəti artırmağa xidmət edir.Ülkər Psixologiya Mərkəzinin fəaliyyəti müddətində keçirdiyi tədbirlər-Maarifləndirici tədbirlər:- Məktəb və universitetlərdə psixoloji sağlamlıq mövzusunda seminarlar; -Stressin idarə olunması, İmtahan həyəcanı ilə mübarizə mövzularında mühazirələr; -Valideynlər üçün uşaq psixologiyası ilə bağlı maarifləndirici görüşlər. Mərkəzin xətti ilə keçrilən -Treninqlər və praktiki məşğələlər:-Emosional intellektin inkişafı üzrə treninqlər;
Qrup terapiyası məşğələləri;Ailə və nikah münasibətlərində ünsiyyət bacarıqlarını inkişaf etdirmə seminarları.Psixoloji dəstək layihələri-Yeniyetmələr və gənclər üçün pulsuz psixoloji məsləhət proqramları;Əlilliyi olan şəxslərə və aztəminatlı ailələrə yönəlmiş sosial psixoloji dəstək;- Müharibə iştirakçıları və onların ailələri ilə reabilitasiya görüşləri. Elmi-praktik konfranslar-Psixologiya elminin aktual problemlərinə həsr olunmuş elmi-praktik konfranslar; Beynəlxalq psixologiya mərkəzləri ilə müştərək tədbirlər;Müasir psixoterapiya metodlarının tətbiqi ilə bağlı diskussiya panelləri. Sosial kampaniyalar- Sosial şəbəkələrdə psixoloji maarifləndirmə layihələri;“Psixoloji sağlamlıq həftəsi” çərçivəsində kütləvi tədbirlər; İctimaiyyət üçün açıq psixoloji test və konsultasiya günlərihəyata kecrilir. Son illər Mərkəzin həyata keçirdiyi Layihər:-.”Uğura geden yol”,
“Bizimlə birgə addımla” , “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara pedaqoji yanaşma”, “Xərçəng mənim gülüşümü ala bilməz”, “Tələbələrin asudə vaxtının səmərəli təşkili”, Ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr edilmiş “Tibb və Təhsildə Birgə İnteqrasiya” layihəsi uğurla həyata keçrilir.
Ülkər Psixologiya Mərkəzinin “Tibb və Təhsildə Birgə İnteqrasiya” layihəsin təqdimatı 20 Sentyabr 2025 ildə Qəbələ Mədəniyyət Mərkəzində keçilmişdir.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və
Azərbaycan dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi və Ümummilli Lider Heydər Əliyevin əbədi xatirəsi sayğı ilə yad edilmişdir.
Ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən video çarx nümayiş olundu.Tədbirdə 44 günlük Vətən müharibəsinin şəhidi Baş leytenant hərbi həkim Aqşin Ənvərlinin anası Dilrubə xanım, Anterror şəhid Mayor Səmədov Xəyyamın atası Mirkazım müəllim Layihənin uğurlar icra olunmasını arzu etdilər.
“Tibb və Təhsildə Birgə İnteqrasiya”layihəsinin rəhbəri Jalə Mirsaab çıxışında Tibb və Təhsil prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə elmi təşkilatları, mərkəzləri və təhsil,tibb müəssisələri arasında əlaqələr gücləndirməyə müvəffəq olması üçün həyata keçirilir.
Konfransda çıxış edən Oksford Akademiyasının akademiki, “Alternativ Psixologiya” elminin müəllifi, Tibbi-biologiya elmləri doktoru, professor, Oksford Akademiyasının Departament rəhbəri, Beynəlxalq Ekoenergetika Akademiyasının “Tibbi biologiya və Ekologiya” Departamentinin direktoru Yaşar Saday oğlu İbadov, ADPU-nun elmi işçisi, əməkdar müəllim Zülfiyyə Vəliyeva, pedaqoqika üzrə fəlsəfə doktoru Sədaqət Rəhimova, Qəbələ şəhər Təhsil Sektorunun rəhbəri Arifə Bayramova, Qəbələnin Səsi Qəzetinin baş redaktoru Azad Məmmədov, Dünya Azərbaycanlıların Mədəniyyət, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri Təranə Alməmmədova, İkinci Nəfəs Psixologiya Mərkəzinin Psixoloqu Natiq Muradbəyli qeyd etdilər ki, Layihənin mövzusu aktualdır, zamanın tələbidr. Cəmiyyətin inkişafın uğuru sağlam, savadlı gənclərin formalaşması ilə bağlıdır. Şübhəsiz elmi mərkəzlərin, təhsil və tibb müəsissələrinın birgə fəaliyyəti problemin həllinə töhfələrini verəcəkdir.


Konfransın işində təhsil işçiləri, pedaqoq və psixoloqlar, şəhid valideynləri, təşkilat rəhbərləri iştirak etmişlər. Zamanın movcud olan problemlərinin həlli istiqamətində öz tövhəsini verə biləcək İnsana özü-özünün xilaskarı olduğunu anlatmaq, onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək, sağlam gənc nəslin formalaşdırılması, onların biliklərinin inkişaf etdirilməsinə nail olmaq üçün Ülkər Psixologiya Mərkəzinə fəaliyyətində uğurlar diləyirik.

Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar müəllimi
Azərbaycan Jurnalist Birliyinin üzvü

PAYIZ
Yenə də bu gələn payız,
saçlarımı qışa çəkir;
kirpiyimdən od götürüb,
gözlərimə maşa çəkir;
solmuş yarpaq lələk-lələk,
könlüm bir dəlicə külək;
hardasa gizlənib fələk,
ömrümüzü boşa çəkir;
bu at qançır olub, bəyəm,
əlimdə səyriyir yüyən;
ruhum havalanıb, deyən
elə dağa-daşa çəkir;
toz olum, hara çəkilim,
bir daşda itər şəkilim;
bir yarpaq gətir, bükülüm,
buludlar yağışa çəkir;
nə baxırsan, qərib-qərib,
dərd bizi yarpağa sərib;
ayrılığa sinə gərib,
o dağlar, baş-başa çəkir;
bax, sinəmdəki əziyə,
ağrıları kim gözüyə;
Tanrı qoyub tərəziyə
bizi, dərdlə qoşa çəkir.
25.09.2025.
Müəllif: NAZİM ƏHMƏDLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Seyid İmadəddin Nəsiminin qohumları Şamaxıda
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi festivalının iştirakçıları sırasında görkəmli şair İmadəddin Nəsiminin nəslinin nümayəndələri də var.
Şairin qohumları Şamaxıda Şahxəndan türbəsində olublar.


Əziz qonaqlara Şamaxının qədim tarixi,zəngin mədəniyyəti, bugünkü inkişafı və Şahi Xəndanın həyatı və fəaliyyəti barədə geniş məlumat verdik.
İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə – Şahxəndan türbəsi Azərbaycanın orta əsr abidələri sırasında memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.
Mənbə: Rəfail Tağızadə,
Şamaxı Mədəniyyət Şöbəsi

Göyçə gölünün xiffəti
(esse)
Göyçə gölü… Uzaqlardan adını eşidəndə belə insanın qəlbinə sərinlik, bir az da kədər çökür. Bu göl təkcə mavi suların əks olunduğu bir təbiət gözəli deyil, həm də bir xalqın yaddaşı, bir elin nəfəsi, bir neçə nəslin qüruru idi.
Göyçə – uşaq gülüşlərinin, çoban nəğmələrinin, sazın-sözün sədalarının qaynayıb-qarışdığı müqəddəs bir məkan idi. Burada hər daşın, hər çiçəyin öz dili vardı. Suya baxanda elə bil səmadan düşən ayın parıltısı da bu məkanın sehrinə heyran qalırdı. Amma indi o gözəl gölün xiffətini çəkirik – sanki həsrətində qaldığımız bir ana nəfəsi kimi.
Qəriblikdə yaşayan hər Göyçəlinin yuxularında o göl var. Gecənin bir aləmi qapını açıb sakitliyə qulaq asanda, elə bil uzaqdan suyun ləpiri, dalğaların pıçıltısı gəlir. Amma ayılanda bilirsən ki, bu sadəcə xəyal, sadəcə həsrətdir. Çünki Göyçə artıq bizdən uzaq salınıb, yad əllərdədir.
Göyçənin küləyi başqaydı. O külək insanın üzünə toxunanda həm sərinlik verirdi, həm də içində bir yanğı oyadırdı. Çiçəklərin ətri gölün suyuna qarışar, gölün dalğası isə dağlara salam göndərərdi. İndi bunların hamısı ürəkdə bir xiffət, gözlərdə bir xəyal olaraq yaşayır.
Göyçə gölü bir elin kitabı idi – açıb baxan hər kəs tariximizi, mədəniyyətimizi, kimliyimizi görürdü. Balıqçının qayıqla sudakı izi, çobanın dağ yamacındakı səsi, qız-gəlinlərin “Xuraman”-ın bulağı “Şölənin” bulağı adlanan bulaq başında pıçıldaşması… Bunların hamısı bir millətin ruhunu daşıyırdı. İndi isə bu yaddaş köçkün düşüb, insanların ürəyində bir qara yara kimi yaşayır.
Amma bir həqiqət var, heç bir həsrət əbədi deyil. Göyçə gölü bizim ruhumuzun gücü ilə yaşamağa davam edir. Hər dəfə Göyçə haqqında yazanda, danışanda, nəğmə qoşanda onun suları bir az da saflaşır, yaddaşda bir az da dirçəlir. Ümid edirik ki, bir gün bu xiffət yerini sevincə, qovuşmağa verəcək.
Gələcəm, gözlə, Göyçə
Bir sevinc hissi sarıb
Nə vaxtdır ürəyimi.
Ağrı-acılar didir
Bir yandan kürəyimi.
Zəfərlə yoğururam
Mən indi çörəyimi.
Daha qəm dumanında
Əvvəlkitək azmıram.
Daha qəmli şeirlər,
Qəmli sözlər yazmıram.
Daha yuxularımı
Bədbin ruhla yozmuram.
İnanıram, eşqimin
Çiçəyin üzəcəyəm.
Həsrət sona yetəcək,
Havada süzəcəyəm.
Bir gün anam Göyçənin
Qoynunda gəzəcəyəm.
Əyilməz qamətini
Bəzədim sözlə, Göyçə.
Sona yanına gəlir,
Ocaqla, közlə, Göyçə.
Gələcəm bu gün, sabah,
Gələcəm, gözlə, Göyçə.

PS NƏ XOŞBƏXTİK Kİ,BU GÖZƏLLİKDƏ DOĞULUB BOYA BAŞA ÇATDIQ. YENƏ GEDƏCƏYİK…
Müəllif: SONA ABBASƏLİQIZI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Kökü minilliklərin ötəsində tarixin ən dərin qatlarında rişələnmiş poeziya ağacımızın ən ümidverici budağından – müasir Azərbaycan ədəbiyyatında parlaq imzalardan biri, istedadlı şair, esseist, ədəbiyyatşünas və tərcüməçi Səlim Babullaoğlundan – iki yarpaq:
Həmidə xanıma iki şeir
1.
Yolunun üstündə tək ağac olub bitsəm,
kölgəmdə dincələcəksənmi?
Ya qol-budağımı qırıb oduma qızınacaqsanmı?
Yağış olub səpələnsəm
yayın qızmarında
bu səsli-küylü, tozanaqlı şəhərin küçələrinə –
torpağın ətri çıxacaq onda,
ətrimi torpaqdan alıb heyrətlənəcəksənmi?
Ya yağış qəfil haqlasa səni
evə tələsəndə,
islanıb,
peşmanlanıb,
göylərə lənət yağdırıb söylənəcəksənmi?
Cənubda qar
az tapılar,
bir qış axşamı quşbaşı qar olub yağsam,
uşaqları dövrənə alıb qartopu oynayacaqsanmı?
Ya uşaqlardan biri yıxılsa,
ya totuq barmaqları donsa,
de, gülüm, hirsələnəcəksənmi?
Bir axşam ağac olmaq, yağış olmaq, qar olmaq istəsəm,
ölümün yaxasından tutub dillənəcəksənmi?
Ya çıxıb getsəm,
yoldaş olmaqçün mənə başmaqlanacaqsanmı?
Və bir gecə
elə beləcə şeirlər yazıb,
yuxuna haram qatıb,
səni oyadıb
oxusam sənə,
düzünü de, gülüm, xoşlanacaqsanmı?
2 oktyabr, 1997
2.
İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.
Qırxı çıxdı bu ömürün, canım sevgilim,
Heç darılma, çarxı hələ, şükür, fırlanır.
Bir sabahı sual etsən: hanı sevgilim?
Görərsən ki, bir meh əsir, çöp dığırlanır.
Bir quş onu dimdiyinə alıb götürər,
Asta-asta qanad çalıb qalxar yuxarı.
O quş onu yuvasında divara hörər,
Qorumaqçün ətcəbala quş balaları.
Dövrənə al nəvələri, sən də əzizlə,
Üzlərində gözümü tap, adımı çağır.
Kədəri qov, gizlə, gülüm, sən məni gözlə,
Bu səfərdən dönər qocan o axşamçağı.
Müəllif: Səlim Babullaoğlu,
şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.

27 sentyabr həmin gündür! O gün! Bu şeir yazılanda 44 günlük müharibənin başlamasına hələ 26 gün qalırdı. Vəziyyət gərgin olsa da müharibə olacağı məlum deyildi.
VƏTƏN EŞQİNƏ
Şir ürəkli igidlər,
Durun, Vətən eşqinə.
Düşməni milçək kimi,
Qırın, Vətən eşqinə.
Düşmən çıxsa qarşına
Girəcək dondan dona,
Aman verməyin ona,
Vurun, Vətən eşqinə.
Əfv etməyin yağını,
Söndürün çırağını,
Yenə də qulağını
Burun, Vətən eşqinə.
Düşmən qorxsa da səndən,
Ayıq ol beləsindən,
Xaindir, gülləsindən
Qorun, Vətən eşqinə.
Görməsin qılınc qını,
Tökülsün düşmən qanı,
Xocalının haqqını
Sorun, Vətən eşqinə.
01.08.2020
NƏ QALDI?
Saatlarım gündə yandı,
Günlərim aya calandı,
Aylar üst-üstə qalandı,
Bir ilim də belə soldu,
Görəsən sona nə qaldı?
Ömür axır dağ seli tək,
Sürətinə dözmür ürək,
Son zamanlar olub kövrək,
Könlümə qəm yaman doldu,
Görəsən sona nə qaldı?
İnsan ömrü yüyənsiz at,
Ürküb qaçır, bacarsan çat,
Qaçhaqaçla bitir həyat,
Hamının keçdiyi yoldur,
Görəsən sona nə qaldı?
Elçin də belə qocaldı,
Bir arzusu vardı, qaldı,
“Görsün ki, peyğəmbər oldi,
İlahidən bir vəhy aldı,
Bildirdi, sona nə qaldı.”
…Zaman çox sürətlə getdi,
Ömür şam tək yandı, itgi,
Vaxtım çatdı, hər şey bitdi,
Son anımı mələk çaldı,
Məndən sonra bəs nə qaldı?
GÜNDÜZ GEDİR, GECƏ GƏLİR
Başımda qüssə dumanı
Gündüz gedir, gecə gəlir.
Dərdlə yüklü qəm karvanı
Gündüz gedir, gecə gəlir.
Bağlanıb Tanrı qapısı,
Tutmağa yoxdur əbası,
Axsayan kədər yabısı
Gündüz gedir, gecə gəlir.
Sönüb sevincin sobası,
Geyinmişəm qəm libası,
Tanrının kədər zopası
Gündüz gedir, gecə gəlir.
Ürəyimə düşən yara,
Hər gün məni çəkir dara,
Fikir adlı “bəxtiqara”
Gündüz gedir, gecə gəlir.
Hardan əsdi kədər yeli,
Əydi qəddi, bükdü beli,
Dağ çayı tək qüssə seli
Gündüz gedir, gecə gəlir.
PAYIZDA
Əvvəldən payızı sevməyirəm mən,
Artır dərdim, qəmim, qadam payızda.
Bezdim palçığından, bataqlığından,
Külək, yağış olur müdam payızda.
Gümüş göllərimdən sonalar uçur,
Bizi tərk eləyib durnalar köçür,
Torpağı yarpağın cəsədi qucur,
Necə göz yaşımı tutam payızda.
Tanrı göy üzünü buluda bükür,
Bulud gecə-gündüz göz yaşı tökür,
Təbiət ruhumu edama çəkir,
Qəmə boğuluram, atam, payızda.
Yaşadım sevinclə baharı, yayı,
Varmı gül-çiçəyin, otların tayı?
Payız divan tutdu, etdim ah-vayı,
Nə qədər kədərə batam payızda?
Fəsillər ruhumu ikiyə bölür,
Kədərdən ağlayır, sevincdən gülür,
Təbiət öləndə Elçin də ölür,
Cismimi torpağa qatam payızda.
HƏSRƏT NƏĞMƏSİ
Həsrətinlə çoxdan məni üzürsən,
Söylə, məni salırsanmı yadına?
Aybənizlim, məndən uzaq gəzirsən,
Günəş kimi yanıram eşq oduna.
Həsrət axı niyə belə uzandı,
Buz ürəklim, eşqim qaynar qazandır,
Sığın mənə, sevgimizi qızındır,
Saf eşqimiz çatsın vüsal dadına.
Dağ başımı qəm sarıbdır, dumandır,
Ayrılığın ölümdən də yamandır,
Ay təbibim, bal dodağın dərmandır,
Eşqə təşnə dodağımın çatına.
Çox güvənmə məndə olan dözümə,
Ölüm rəngi qonub artıq üzümə,
Ay mələyim, görünmürsən gözümə,
Qəm içində söz qoşuram adına.
Naz edirsən, adətindir, bilirəm,
Min əzabla sənə doğru gəlirəm,
Artıq məndə can qalmadı, ölürəm,
Burax nazı, çat Elçinin dadına.
SƏN NECƏ SEVDİRDİN ÖZÜNÜ MƏNƏ
Eşqdən uzaq durdum, sevgini dandım,
Qəlbimi alınmaz bir qala sandım,
Səni görən kimi alışdım, yandım,
Gözümdən sanki od düşdü bədənə,
Sən necə sevdirdin özünü mənə?
Mən ki, təbiəti sevirdim ancaq,
Sevdiyim uca dağ, meşə, buz bulaq,
Tez-tez yamaclara gedirdim qonaq,
Heyrətlə baxırdım gülə,çəmənə,
Sən necə sevdirdin özünü mənə?
Eşq də bir din imiş, sonradan bildim,
Qəlbimdən “xəyanət” sözünü sildim,
Peyğəmbərim oldun, mən dinə gəldim,
Bilməzdim sevgi nə, eşq, məhəbbət nə,
Sən necə sevdirdin özünü mənə?
Vüsala çatmaqla unutdum ahı,
Sevinclə açıram hər bir sabahı,
Eşq mülkü qurmuşam, olmuşam şahı,
Sən də tac olmusan, gülüm, Elçinə,
Gör necə sevdirdin özünü mənə.
BİR DƏ MƏNİ BU DÜNYAYA GƏTİRMƏ
Bu dünyaya ilk gəlişim səhv olub,
Bir də məni bu dünyaya gətirmə.
Arzularım, xəyallarım məhv olub,
Bir də məni bu dünyaya gətirmə.
Nə ömürdür, bəxtim yazıq-yazıqdır,
Dərd qazılıb, sevinc nazik cızıqdır,
Məndən sonra gələn mənlər yazıqdır,
Bir də məni bu dünyaya gətirmə.
Mən dəliyəm, yoxsa dünya dəlidir?
Gözlərimdən axan dərdin selidir,
Məni boğan taleyimin əlidir,
Bir də məni bu dünyaya gətirmə.
Ürəyimdə bundan ağır dağ olmaz,
Viran könlüm dönüb gözəl bağ olmaz,
Mən olmasam dünya mənsiz dağılmaz,
Bir də məni bu dünyaya gətirmə.
Söylə, nədir Məlhəmlinin günahı?
Hər gün aha calamışam mən ahı,
Yenə gəlsəm nə görəcəm, Ilahi?
Bir də məni bu dünyaya gətirmə.
Müəllif: ELÇİN MƏLHƏMLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Qələmində insanlıq, əsərlərində ədalət
Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyi ilə seçilən qələm sahiblərindən biri də Fərhad Əsgərovdur. Onun yaradıcılığında ədəbi sözə bağlılıq, milli dəyərlərə sədaqət və həyat həqiqətlərinə səmimi yanaşma hər zaman ön planda olub. Yazıçı olaraq qarşıya məqsəd kimi oxucunu düşündürməyi, ona həyat dərsi verməyi əsas bilir.
Onun ədəbiyyata gəlişi fikrimcə, təsadüfi olmayıb, qəlbində daşıdığı söz sevgisinin, müşahidə qabiliyyətinin və zəhmətinin nəticəsidir. Fərhad Əsgərov publisistik yazılarında da, bədii əsərlərində də cəmiyyətin müxtəlif problemlərinə toxunur. O, gündəlik həyatın ən sadə hadisələrindən belə dərin mənalar çıxarmağı bacarıb. Məhz bu onun yazılarını həm oxunaqlı, həm də düşündürücü edir.
Əsgərovun kitabları oxucular arasında xüsusi maraq doğurur. Çünki orada bədii təsvirlə yanaşı, həm də gerçəkliyin özü əks olunur. Yazıçı kimi qəhrəmanlarını həyatdan götürür, onların psixologiyasını, davranışını və düşüncələrini incəliklə açır. Əsərlərində insan xarakterlərinin rəngarəngliyi, cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzi, ən əsası isə mənəvi dəyərlərin qorunmasını hər zaman diqqət mərkəzində saxlayır. Onun qələmə aldığı mövzular arasında vətənpərvərlik, milli kimlik, gənclərin mənəvi inkişafı, ailə dəyərləri və ictimai münasibətlər geniş yer tutur. Yazıçı həm tarixi mövzulara müraciət edir, həm də müasir dövrün reallıqlarını işıqlandırır. Oxucu Fərhad Əsgərovun kitablarını vərəqlədikcə, sanki Azərbaycanın müxtəlif guşələrinə səyahət edir, xalqımızın mənəvi dünyası ilə tanış olur.
Fərhad Əsgərovun qələm məhsulları yalnız ədəbi zövq üçün yox, həm də bir məktəb kimi dəyərləndirilməlidir. Onun publisistik məqalələri də oxucuya ibrətamiz nümunələr təqdim edir, cəmiyyətin problemlərini göstərməklə yanaşı, həll yolları haqqında düşünməyə vadar edir. Bu səbəbdən də əsərləri həm ədəbi, həm də ictimai baxımdan dəyərli mənbələrdir.
Onun kitabları kitabxanalarda, oxucuların şəxsi kolleksiyalarında geniş yayılıb və müxtəlif nəsil nümayəndələri tərəfindən maraqla oxunur. Əsgərovun yazılarında dilin sadəliyi, fikrin dəqiqliyi, təsvirlərin canlılığı oxucunu ilk sətirdən özünə bağlamağı bacarır. Fərhad Əsgərov ədəbi sözə xidmət edən, öz qələmi ilə cəmiyyətə fayda verən, gələcək nəsillərə mənəvi miras qoyan yazıçılarımızdandır. Onun yaradıcılığı həm bugünkü oxucunun, həm də gələcək nəsillərin maraqla müraciət edəcəyi bir xəzinədir.
Onun yaradıcılığına keçmişdən-indiyə qədər ölkəmizin ictimai və mədəni həyatının aktual mövzularını əhatə edən zəngin düşüncə və ifadə dünyası hakimdir. Əsgərovun qələmi ədalət, dürüstlük və insanpərvərlik ideallarını yüksək tutan, oxucuda dərin həssaslıq oyadan sətirlərlə zəngindir.
Onun ilk çap olunmuş əsərləri “Tale” (1996), “Ötən günlər” (1997) və “Yurd həsrəti, Vətən sevgisi” (1997) sənədli povestlərdən başlayaraq insan talelərinə, vətən müqəddəsliyinə dair düşüncələri ifadə edir. Sonrakı illər yazıçının “Prokuror – Ümid qapısı” (1998), “Filin dərdi böyükdür” (1998), “Ömür elə qısadır ki…” (1998), “Aqibət” (1999), “El ağsaqqalı” (1999) və “Boz Pələngin yuxusu” (1999) kimi əsərlərdə özünəməxsus bir üslub formalaşdırdı .
Onun ən dolğun toplularından biri də 2014-cü ildə çap edilən “İllərin nəfəsi” yazıçının müxtəlif dövrlərdə qələmə aldığı hekayələr, alleqorik nağıl və poemalar, oçerklər, monoloqlar, novellalar və qəzetlərdə işıq üzü görən məqalələrini bir araya gətirir.
2018-ci ildə çap edilən “Vicdan və nəfs” adlı kitabda yazarın son dövrlərdə yazdığı 12 hekayə ilə yanaşı, “Təsirləndiyim məqamlar” adlı həyat düşüncələri yer alır. Kitabın rus dilində nəşri isə onun universal mesajlarının dil sərhədlərini aşdığını göstərir.
Əsgərov publisistik fəaliyyətində də özünəməxsus yer tutmağı bacarıb. O, 2005-ci ildə “Nüanslar” adlı müstəqil publisistik qəzet təsis edib. Bu mətbu orqanın hər sayı obyektivliyi, aktuallığı və oxunaqlığı ilə fərqlənərək ictimaiyyət tərəfindən müsbət qarşılanıb .
Yazıçı həmçinin alleqorik nağıl və poemalar, uşaq hekayələri, novellalar, monoloqlar, sənədli povestlər və hekayələr sahəsində zəngin yaradıcılıq irsinə malikdir. Onun “Qaranlıq meşədə gizli oyunlar”, “Boz Pələngin yuxusu” (nağıl və poemalarda), “Filin dərdi böyükdü”, “Ditdili şantaj edir” (poemalarda) məhz bu janrın incilərindəndir . Uşaq hekayələri arasında “Əkiz qardaşlar”, “Yad cücələr”, “Yalanın üstü açıldı”, “Uşaqların borcu”, “Samirin arzusu” kimi əsərlər diqqət çəkir. Onun “İki qızın anası” adlı novellası, “Desəm öldürərlər”, “Mənə tupoy deyirdilər” adlı monoloqları, “Yurd həsrəti Vətən sevgisi”, “Ürəklərdən gələn səs”, “Prokuror – ümid qapısı”, “El ağsaqqalı” və “Neslomlennıy repressiyami” kimi sənədli povestləri, eləcə də “Qız atasını tapdı”, “Əzizim, bəxti yarım”, “Tamahkar”, “Vicdan və nəfs”, “Rüşvət necə gizlədilirdi” və başqaları janr çeşidliliyi ilə seçilir .
Əsgərovun əsərlərinə Dövlət tərəfindən verilən qiymətlər də yüksəkdir. O, “Qaranlıq meşədə gizli oyunlar” kitabına görə “İti qələm” mükafatına layiq görülüb, eyni zamanda “Qızıl qələm” mükafatına da sahib olub . 1997-ci ildə Jurnalistlər Birliyinə, 2002-ci ildə Yazıçılar Birliyinə üzv seçilib, 2015-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Fərhad Əsgərovun yaradıcılığı bədii təsvirlərdən maarifçi qeydlərə, publisistikadan sanatoriya hekayələrinə qədər geniş diapazonu əhatə edir. Onun əsərləri dil sadəliyi, dəyərli mesajı və insanpərvər mövqeyi ilə oxucunu düşündürür, cəmiyyətə dərd ifadə edir. Bu həmin yazardır ki, yaradıcılığı ilə həm bugünkü, həm də gələcək nəsillərə mənəvi miras qoyur.
Müəllif: Elnurə Cəfərova
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru