
OLUR
Ölüm yaşa baxmayır,
Aclıq aşa baxmayır,
Fikir başa baxmayır,
Boş başı da tərlədir.
Gözlər gördüm badamı,
Yaman alır qadamı,
Bəzən olur adamı,
Bir naşı da çərlədir.
Yağış yağır nəm verir,
Hərdən fələk çəm verir,
İnsanoğlu dəm verir,
Sal daşı da hərlədir.
Murad səhvdi, ya çaşır?!
Səhv içində dolaşır.
Əl-ayağa yaraşır,
Xına qaşı kirlədir.
SÖZƏ QURBAN KƏSƏRƏM
Dərd boğazdan yuxarı,
Artıq keçib zülümdən.
Deyən çəkmir buxarı,
Ağrı keçib külümdən.
Yan-yörəmdə kimsə yox,
Nə gedən var, nə gələn.
Məni yoran göylərin
Səs-küyüdü mən bilən.
Fikir məni çox yorur,
Yuxum olmur yatmağa.
Gecə gözümə durur,
Tək sözdü baş qatmağa.
Günlərim sıralanır,
Aylara, ilə dönür.
Ömür ki uralanır,
Saralır, külə dönür.
Bu yolun gedişi var,
Qayıdışı yox ancaq.
Gecə, gündüz baş qatar,
Əvvəl-axır duracaq.
Söz deməyə ar edən!
Söz üstündə əsərəm!
Sözdü məni var edən,
Sözə qurban kəsərəm.
GƏRƏK GÜNAHLARI İNDİ YUYAQ BİZ
Həyat bir güzgüdü, baxma ötəri,
Ayıq ol həmişə, əksinə düz bax.
Ölüm son deyil ki, daha betəri,
Unudulmağıymış, bax, ondan qabaq.
Dümdüz yeriyən var, nəfəs alan var,
Ruhu çoxdan ölüb gözünə baxsan.
Nə qohum soruşar, nə qonşu sorar,
Yaddan çıxmısansa, deməli yoxsan.
Həyatın pozulmaz qanunları çox,
Nə varı, nə pulu vecinə almaz.
İçində “mən ölüm, sən ölümü” yox,
Dirəyər divara, sualın olmaz.
Hər gün hesabat ver özün özünə,
Dar gündə yıxılma, xar olma birdən.
Hər zaman qulaq as ağlın sözünə,
Ürək çox şey istər, bənd olma hərdən.
Azalan deyil ki, onsuz dərdimiz,
Qucağa sığınan buyruq quluyuq.
Gərək günahları indi yuyaq biz,
Nə qədər diriyik, üzü suluyuq.
QOŞMA
Sözü hörük kimi ifçin hörərdim,
Günahı danışan dilimdə deyil.
Özümə bələdəm, çox iş görərdim,
Təbimin açarı əlimdə deyil.
Mətləbi düz anlat cavana, gəncə,
Hər sözə qulp qoymaq azar, işgəncə.
Fikrin doğru- düzgün izahı məncə,
Nə başda, nə yaşda, elmdə deyil.
Nəsillər dəyişir, il təzələnir,
Elə bil bu dünya qana bələnir.
Səssiz dəyirmandı, gəlir, ələnir,
Qaydadı, səbəbi ölümdə deyil.
Ay Murad, bu dünya açıq bazardı,
Heç nə dəyişməyib, köhnə güzardı.
Ölümün kökü də dərddi, azardı,
Gördüyün möhnətdə, zülümdə deyil.
OLMUR
Yaxşılıq et,
Danan olmur.
Səni yaxşı
Sanan olmur.
Yaddısa iç,
Başından keç.
Dərdinə heç
Yanan olmur.
Çaşma darda,
Dərd var varda.
Səni orda
Qanan olmur.
Bəxtin ağsa,
Canın sağsa,
Qar da yağsa,
Donan olmur.
Hulu, çaşı,
Bir boş başı,
Boz sərt daşı
Yonan olmur.
Ürəkdə taxt
Qurmasan bax.
Səni heç vaxt
Anan olmur.
Murad, qarı,
Sevmə xarı.
Özgə yarı
Canan olmur.
BUDUR
Nə varlıyam, nə kasıb,
Danım?! Olanım budur.
Səni qaramı basıb?!
Canım, qalanım budur.
Nə dara düş, nə qınan,
Qəlbdi, şüşə tək sınan.
Nə deyirəm, gəl, inan,
Düzüm, yalanım budur.
Gündə səbir diləyən,
Ağ kəfənə bələyən,
Məni məndən eləyən,
Dərdə salanım budur.
Əlindən hara qaçım,
Yoxdu başqa əlacım,
Niyə sənə əl açım,
Ürək alanım budur.
Tez alışan, tez daşan,
İlləri bir-bir aşan,
Dərd-azarla çarpışan,
Fikrə dalanım budur.
Murad dinsə, düşər qan,
Ürək sınsa, çökər can,
Məni vurub ayıldan,
Təbil çalanım budur!
OLA
Könül istər bu yaşda da dərdə dözən canım ola,
El içində xar olmayam, babat bir imkanım ola.
Xeyir saçan əməllərə hey yol açam, yorulmayam,
Heç vaxt şərə qul olmayam, içimdə vicdanım ola.
Öz nəfsimə hakim olam, qismətimə şükür deyəm,
Xeyir güdən deməsinlər, quruca ad-sanım ola.
Allah mənə səbir verə, öz dilimdən alışmayam,
Bir kimsəni incitməyən ədəbü- ərkanım ola.
Təbiətim imkan verməz, insanlardan başda duram,
İstəmərəm mən seçiləm, çox şöhrətim-şanım ola.
Yaxşı yazsam oxuyarlar,buna mənim şübhəm yoxdu,
Murad, ruha ətir saçan sözdən gülüstanım ola.
QOŞMA
Göz açdım dünyaya, gözüm böyüdü,
Dilləndim, danışdım, sözüm böyüdü.
İçimdə qətiyyət, dözüm böyüdü,
Qıymadı yıxılam, sürünəm Allah.
Bilirəm günah var mənim dilimdə,
Nə dedim yüklədi, qaldı belimdə,
Ayırdı obamdan, doğma elimdə,
Qoymadı palaza bürünəm Allah.
Qisməti tam verdi, yarı bölmədi,
Gül açdı arzular, gözə gəlmədi,
Ay Murad güc verdi, ruhum ölmədi,
Duymadı off deyəm, ərinəm Allah.
ABIR, HƏYA, AR SANIRAM
Arzular çox, macalım dar,
Çatdırmağa azdı güman.
Karvan keçməz yollarım var,
Qışım boran, yayım duman.
Yol gedirəm dayanmadan,
Bir Tanrıya yolum bəlli.
Bu həyatda kimdi udan?!
Sağım bəlli, solum bəlli.
Kimdən aldım görən əmri?!
Bu yollarda tələsirəm.
Günə bölüb gödək ömrü
Bir ucundan hey kəsirəm.
Beynimdəki sualların
Səsi-küyü yorur məni.
Yol umduğum susur, sanki
Pula satır bir kəlməni.
Gözü bağlı savaşıram,
Gücüm, qüvvəm hara çatar.
Mən biləni dağ aşıram,
Enişinə ümidmi var?!
Ürəyimdən çox şey keçir,
Dillənməyə utanıram.
Bu yaşımda arzuları,
Abır, həya, ar sanıram.
Müəllif: Murad MƏMMƏDOV